Super User
Bu gün “Türk dünyasında ədəbiyyat” mövzusunda məruzə dinləniləcək
Azərbaycan Yazıçılarının Qurultayı öncəsi təşkil olunan növbəti konfrans bu gün təşkil ediləcək, məruzəçi şair Əkbər Qoşalı olacaq. O, “Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası" mövzusunda çıxış edəcək.
Konfrans AYB-nin Natəvan klubunda saat 14.00-də başlayacaq.
Bu gün Anna İbrahimbəyovanın “Sirlərin aynası” adlı fərdi sərgisi açılacaq
Bu gün "Qız Qalası" Qalereyasında rəssam, sənətşünas Anna İbrahimbəyovanın fərdi sərgisi açılacaq. Sərgi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və “Platforma Art”ın təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, Anna İbrahimbəyova görkəmli mədəniyyət xadimi, mərhum Rüstəm İbrahimbəyovun həyat yoldaşıdır.
Sərgidə A.İbrahimbəyovanın “Yağış”, “Əksolunma”, “Ağaclar”, “Qum”, “Kölgələr” və s. silsiləsindən 300-ə yaxın əsəri təqdim olunacaq. Onun 2020–2022-ci illəri əhatə edən fotoları əvvəllər heç yerdə nümayiş olunmayıb.
A.İbrahimbəyovanın yaradıcılığı əksər parametrləri ilə konseptual foto nümunələridir və bu konseptuallığın əsas məqamlarından biri odur ki, müəllifin yaratdığı obrazlar ətraf aləmlə, özü ilə, əbədi və nəhayətsiz kainatla dialoqa girir. Bu dialoqun dili son dərəcə rəngarəngdir - burada ənənəvi yapon vizual qrafikası tərzindən tutmuş müasir fotoqrafiya formalarına qədər abstrakt və sürrealist kompozisiyalar əks olunur. Sanki Anna İbrahimbəyova öz fotoları ilə seyrçini yalnız özünün görə bildiyi “sirlərin dünyasına” maraqlı səyahətə dəvət edir.
Sərginin “Sirlərin aynası” adlandırılması təsadüfi deyil. Burada orta əsrlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qətiyyətlə inandığı - dünyanın birliyini yalnız elm və sənət vasitəsilə dərk etmək olar. Kainatdakı qarşılıqlı əlaqələrin açarı burada gizlənir və məhz burada “çox bir olur, uyğunsuzluqlar nizama düşür” metaforasından istifadə edilib.
Qeyd edək ki, Anna İbrahimbəyova artıq 20 ilə yaxındır ki, fotoqrafiya ilə məşğul olur. 2007-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində onun ilk fərdi sərgisi açılıb. 2012-ci ildə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində növbəti sərgisi keçirilib. Müxtəlif illərdə onun fotoları bədii təqvim formatında çap olunub. “Baku” və “Nargis” jurnallarında Anna İbrahimbəyovanın yaradıcılığı və fəaliyyəti haqqında materiallar dərc edilib.
Hazırda Anna İbrahimbəyova Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə rəhbərlik edir.
Sərgiyə mayın 12-də yekun vurulacaq.
Bu gün Mstislav Rostropoviçin vəfatının 15 illiyidir
Bu gün dünyaşöhrətli musiqiçi, violenç ifaçısı və dirijor, həmvətənimiz Mstislav Rostropoviçin vəfatının 15-ci ildönümü tamam olacaq.
Bu münasibətlə maestronun doğulduğu evdə - L.və M.Rostropoviçlərin ev-muzeyində “Maestrosuz 15 il” adlı tədbir keçiriləcək.
Maestronun əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsində Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək. Həmçinin muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, İkinci Qarabağ müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək. Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq. Daha sonra 150 nömrəli tam orta məktəbin şagirdləri Maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və Zaman” adlı şeirləri səsləndirəcəklər.
Günün fotosu: BMT-nin baş katibi müharibəni dayandırmağa çağırış edib
Günün fotosu: BMT-nin baş katibi müharibəni dayandırmağa çağırış edib
BMT-nin baş katibi Antoniu Quterriş Ukraynada konflikti sülhlə tənzimləməyə və atəşi kəsməyə çağırıb. O, Moskvaya, Putinlə və Lavrovla danışıqlara öz təşəbüsü ilə gəldiyini elan edib.
Foto: Euronews
“Qırmızı imperiyaya qarşı Qırmızı şaman”– Aida Eyvazlı yazır
Tarix heç nəyi unutmağa qoymur. Unutqanlıq – tarixsizliyə xasdır.
Bu gün Saxa Yakutiya xalqı Yakutiya Muxtar Respublikasının yaranmasının 100 illiyini qeyd edir. 27 aprel 1922-ci ildə Yakut xalqı özünə Muxtar Respublika qurmağa nail olmuşdu. Bu respublikanı quranlar Platon Oyunski, Maksim Ammmosov, İsidor Baraxov, Stepan Arjakov və onların silahdaşları xalqları üçün dövlət, respublika yaratdılar. Öz xalqlarının gələcəyini təmin etmək üçün öz bayraqlarını qaldırdılar. Bu dövlət xadimləri Şimalda çar Rusiyasının zülm və əzabları altında yaşayıb var olmağa çalışan xalqları üçün gələcək günün konstitusiyasını yazdılar. Dövlətçiliyin əsasını qoydular. O mücahidlərdən biri Platon Alekseyeviç Sleptsov - Oyunskinin həyatı, düşünürəm ki, “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün çox maraqlı olacaq.
Saxa (Yakut) xalqının böyük oğlu Platon Alekseyeviç Sleptsov – Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyanın Delberiybit kəndində, qut gün saydıqları Platonun doğum günündə doğulub. Buna görə də ona Platon adı veriblər. Saxalılar Olonxo və Şamanlara inanır. Onların inanclarında Yuxarı, Orta və Aşağı Aləm var. Platonunun nəsil şəcərəsi Orta Aləmin şamanlarındadır. Onların ailəsi çoxuşaqlı olub. Bir qayda olaraq şamanlar və olonxosutlar el-oba içərisində gəzir, gördüklərini, hiss etdiklərini danışır. Və bu, yaşam tərzi kimi bir çox şaman ailələrində mövcuddur. Saxa (Yakut) inanclarına görə insanın nəsli onun taleyini müəyyən edir. Ədəbiyyatda, folklorda öz imzasını təsdiq edəndən sonra Platon Sleptsov da öz nəslinin şamançılıq qayda-qanunlarını itirməmək, yaşatmaq üçün özünə “Oyunski” soyadını götürür. “Oyun” saxa dilindən “şaman” kimi tərcümə olunur. Platon Şaman həm də əfsanəvi şaman Kerekenenin nəslinin davamçısı idi. Deyilənlərə görə, Saxanın sehirli daşı Sata da onun babasında olub. (Əfsanəyə görə, Sata daşına yiyə duran saxalı, yerin-göyün dilini bilən ən güclü şaman sayılır).
Platon ədəbi aləmə 1917-ci ildə gəlir. Dövrünün tanınmış yazıçısı Maksim Ammosova yazdığı məktubunda öz qayəsini belə açır: “Bizim dilimiz dünya durduqca yaşamalıdır, çağdaş poeziyamız bu dili yaşatmalıdır. Öz tariximizi, ədəbiyyatımızı gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”.
Platon Oyunski Saxa (Yakut) ədəbiyyatının korifeyləri Aleksey Yeliseyeviç Kulakovski Eksekyulyax, Anempodist İvanoviç Sofronov Alampa, Nikolay Denisoviç Neustroyev, Vasiliy Vasilyeviç Nikiforob-Kyülyümnyüra, Qavril VasilyeviçKsenofontovanın ideyalarını yaşadır, elmi araşdırmalar aparır və klassikləri yeni nəslə daşıyırdı. Onun çağdaşları deyirdi ki, yaradıcılığın hər sahəsindən bilgili olması Sata daşının Oyunskidə olması səbəbindəndir.
Bir ziyalı ki, əlinə qələm alan gündən xalqını, elini düşündü, onun yazısını Tanrı yazır.
Daha sonra, o inqilabçı Saxa (yakut) fəhlələrinin dilində “Fəhlə Marselyozası” himnini qələmə alır. Çox sevdiyi yazıçı Lev Tolstoya “Mayak” şerini həsr edir.
Ən maraqlısı da odur ki, altı bacı-qardaşı olan Platon məktəbə 14 yaşında getmişdi. Elə dərslər başlanan ilk günlərdən o, özünün sualları ilə bütün müəllimlərinin heyrətini qazana bilmişdi. İnqilab illərində ədəbiyyata gələn Platon Sleptsovun ədəbiyyatda öz dəsti-xətti, öz yolu vardı. Gerçəklikdən inqilabçı ideyalarına, miflərdən olonxo və qədim dastanlara meyl etməklə, o həm də, dünənini, keçmişini, ulu simgələrini və milli inanclarını, yurd-yuva qaydalarını ədəbiyyata gətirə, yaşada bildi. Oyunski həm tərcümələr edir, həm xalq rəvayətlərini qələmə alır, həm satira və yumor yazır, həm də, xalqın şamançılıq milli adətlərini tarixləşdirirdi. Onun “Qırmızı Şaman” əsəri Xeyirlə Şərin, Yerlə Göyün, Tanrı ilə digər üç dünyanın (aləmin) arasında gedən ziddiyyətlərdən bəhs edir.
Sağlığında ürəyini xalqı üçün şam kimi, məşəl kimi yandıran bu şəxsiyyətin iki böyük arzusu vardı: Yakutiyanı muxtar respublika kimi görmək və Olonxonu yaşatmaq! Çünki saxalılar üçün Olonxo inam və mənəviyyat deməkdi. Muxtariyyət alandan sonra Saxa xalqı dünya durduqca yaşayacaq, onların milli kimliyi qorunacaqdı. Və nəhayət o, öz arzusuna çatdı: Yakutiya 1922-ci ildə Rusiyanın tərkibində Muxtar Respublika oldu.
Öz kəndindən ali təhsil dalınca çıxan Platon Sleptsov 1917-ci ilin sentyabr ayından 1918-ci ilin may ayına qədər Sibirin Tomsk şəhərində Müəllimlər İnstitutunda oxuyur. 1918-ci ilin mart ayından onu Tomsk quberniyası şurasına inspektor təyin edirlər. Elə həmin ilin iyun ayında Yakutsk şəhərinə gələrək, sovet hakimiyyətinin buradakı nümayəndəsi kimi çalışır. 1920-ci ildə saxalılar Sovet hakimiyyətini devirir. Platon Sleptsov həmin vaxt Kazanda ibtidai məktəblərdə dərs deməyə başlamışdı. Bu o vaxtlar idi ki, bütün xalqlar öz milli kimliyini təsdiq edib öz yurdlarına, vətənlərinə yiyələnmək üçün vuruşurdu. Bütün türk ellərində özünüdərketmə, milliləşmə prosesləri başlamışdı. Yakutiya və Sibir gəncləri də bu mübarizədən gendə qalmamışdı. Həmin ağır və şərəfli illərdə Sleptsov yazırdı: “Biz ana yurdumuzdan mənəvi və maddi dəstək gözləyirik, öz xalqımızın azadlıq mübarizəsini dəstəkləyirik, milli dərnəklər yaratmaq, ruhən yaxın olan insanları belə təşkilatlarda biləşdirmək bizim əsas məqsədimiz və ideyamızdır. Belə olarsa, biz öz mədəniyyətimizi insanlığın yaşamına tətbiq edə bilərik”.
Düzdür, tezliklə Sovet hakimiyyəti hər yerdə bərpa edilir, amma bu arzuların qanadında əqidə dostları 1922-ci il aprelin 27-də İnqilabi Komitənin sədri Platon Oyunskinin sədirliyi, üzvlər S.Donskoy, İ.Baraxov, Z.Erenburq, D.Brataş, G.Nikolayevin iştirakı ilə Yakutiya Muxtar Sovet Respublikasını elan edilməsi haqqında MANİFEST qəbul edirlər. Bir neçə aydan sonra Platon Oyunski Yakutiya Mərkəzi Komitəsinin sədri seçilir.
Platon Oyunski yeni yaradılan dövləti idarə etməklə yanaşı, həm də şəxsi yaradıcılığna da vaxt ayırır.
Diləklərini və ideyalarını, xalqının düşdüyü durumu, insanların həyat tərzini böyük yazıçı elə həmin illərdə “Qırmızı şaman” – olonxo-toyukunda, yəni dram əsərində qələmə alır; əsər 1925-ci ildə kitab şəklində gün üzü görür.
Platon Oyunskinin “Qırmızı Şaman” əsərini elə 1928-ci ildə Pyotr Çernıx Yakutskinin tərcüməsində Maksim Qorkiyə təqdim edir. Maksim Qorkinin hazırladığı milli almanaxda Oyunskinin “Qırmızı Şaman” əsəri də çap edilir. Bundan sonra Saxa (Yakut) ədəbiyyatından sovet məkanındakı insanlar da xəbər tutur.
Türksoylu xalqlara qarşı tabuların olduğu bir vaxtda, ali partiya işçisinin milli düşüncəni ehtiva edən “Qırmızı şaman” adlı kitabının işıq üzü görməsi toplumda maraq doğurmuşdu; lakin bunun qorxuları da vardı... Bununla belə, öz xalqının ruhunu, milli dəyərlərini folklorunu dastan şəklində üzə çıxarması Platon Sleptsovu çox məşhurlaşdırır. Bu məşhurluqdan qürur duyan Platon, öz soyadını da dəyişərək “Oyunski” yazdırır. “Qırmızı Oktyabr ideyaları”nın tüğyan etdiyi bir dövrdə “Qırmızı Şaman” əsəri bolşeviklərə öz ideyalarını təbliğ etmək üçün əlverişli kimi görünsə də, indiki müasir dövrümüzdə əsəri oxyanda belə nəticəyə gəlirsən ki, “Qırmızı Şaman” əsəri ilə Oyunski elə Qırmızı Oktyabra, sovet rejiminə qarşı hiddətini sətiraltı eyhamlarla yazıya köçürüb.
Çünki Oyunski elə əslində Şaman idi. Reas Alekseyeviç Kulakovskiy öz xatirələrində yazırdı ki, Platon artıq ədəbiyyatçı kimi məşhur olanda doğma ata yurduna qonaq gələn yazıçı ilə görüşə gedir. Birdən evdən kamlan oxuyan şaman səsi gəlir. Öz taleyini yandırmasın deyə, o elə həyətdən geri qayıdır. Bu faktın özü Oyunskinin böyük şaman olduğu barədə bilgi verir.
Ömrünün qalan 10 ilində isə o, “Bilgə Süleyman”, “Ulu Kudansa”, “Makedoniyalı İsgəndər” əsərlərini qələmə alır. 1926-cı ildə onun məşhurluğu başına bəla olur – Mərkəzi Komitənin qərarı ilə, milli ideyaları yaydığına görə Yakutiya Muxtar Sovet Sosialist Respublikasının İcraiyyə Komitəsinin sədri vəzifəsindən gedir. Həm rus, həm yakut dilini gözəl bilən P.Oyunskini az sonra – 1928-ci il yanvar ayının 6-da, Yakutiya MSSP-nin Təhsil və səhiyyə məsələləri üzrə Xalq komissarı təyin edirlər. Oyunski oturduğu bu yüksək kürsüdə də xalqının taleyinə biganə qala bilmir. “Qırmızı Şaman”da yazdığı ağrılar onun qəlbinin gizlin dərdləri idi. Məlum vəzifədə işlədiyi iki il ərzində təhsil və səhiyyə sahəsində böyük islahatlar aparır, mərkəzi hakimiyyətin unutdurmaq istədiyi saxa (yakut) dilini yenidən məktəblərə və dərsliklərə qaytarır. Xalq içərisində savadsızlığı aradan qaldırmaq üçün 223 nəfər həmyerlisini mərkəzi təhsil sistemlərində oxumağa göndərir. Elə həimn il, Oyunskinin cəhdlərinə görə İrkutskda daha bir pedaqoji universitetdə yakut dilində bölmə yaradılır.
1927-ci il Yakutiya xalqı üçün ölüm-qalım mübarizəsi ili olur. Bu illərdə o “Böyük 100 illiyin planı” adlı əsər yazır. Fikirləşmək olar ki, Yeni Olonxo olan bu əsərdə gələcəkdən, arzulardan, xalqın görə biləcəyi işlərdən bəhs edilir: “Böyük 100 illiyin planı” yeni dünya, yeni respublika planıdır. Bu günümüzdən baxanda, həmin əsəri oxuyarkən bir daha Oyunskinin 100 il sonranı gördüyünü, hədəflərini necə uzaqlara tutduğunu anlamış olursan.
1935-ci ildə onun təşəbbüsü ilə Yakutiya MSSR-də Elmi Tədqiqat Milli Dil İnstitutu yaradılır.
***
...1937-ci ilin sərt yelləri Sibirdə də əsirdi. Artıq yavaş-yavaş Platon Oyunskinin silahdaşları və əqidədaşları bir-bir xalq düşməni elan olunur, sorğusuz-sualsız edama və ya sürgünə göndərilirdi. Kökdən şaman olan Platon Oyunski bilirdi ki, bu aqibət onu da gözləyir. NKVD-nin müstəntiqləri 1938-ci ildə “Böyük 100 illiyin planı” adlı ədəbi məqalədə burjua-milli təfəkkürünə xidmət edən fikirlər “tapır” və belə qərara gəlirlər ki, əsər Sovet sisteminə qarşı ən müxalif əsərdir. Dövrünün acı həqiqətlərini bilən, onu əsərlərində həkk edib tarixə və xalqına yadigar qoyan Oyunski yazırdı: “Həqiqətləri öncədən bilmək mənim fəlakətimdir...”
Ruhən şaman olan Platon Oyunski əslində “Ulu Kudansa” və digər əsərlərində zalım və qaniçən qəhrəmanların obrazını yaratmaqla Stalinin obrazının cizgilərini çəkirdi. Ona görə də, onun qəhrəmanları gələcəyə inanır, onları daha gözəl gün gözlədiyini deyirdi.
O çox gözəl bilirdi ki, Stalinin dar ağacından asılacağı gün uzaqda deyil.
3 fevral 1938-ci il, İrkutsk şəhəri. Şəhərin mərkəzindəki mehmanxanada qonaq olan Oyunski artıq hiss etmişdi ki, bu gün, NKVD-nin adamları onun da arxasınca gələcək. Həqiqətən də, həmin gün, axşam saat 5 radələrində onun arxasınca qara eynəkli çekistlər gəlir. Platon Oyunskinin həbsi SSRİ Ali Sovetinin və Baş Prokurorluğunun sanksiyası olmadan həyata keçirilir. 3 iyun 1938-ci ildə isə Oyunskinin ailəsi belə bir məktub alır: “Platon Oyunski xalq düşmənidir”.
1 il Moskvadakı Lubyanka həbsxanasında saxlanılandan sonra onu Yakutiyaya etap edirlər. Platon Oyunski ilə həmin illərdə təmasda olan çağdaşı Nikolay Suburuskoy sonralar yazacaqdı: “Platon deyirdi ki, mənimlə aparılan sual-cavab və dindirmələrin necə olduğunu ancaq başına gəlnlər bilər”. Onu Moskvadan Yakutiyaya təkadamlıq kamerada ay yarıma gətirib çıxarırlar. Deyilənlərə görə, Platon Oyunski Yakutiyadakı həbsxanada 18 martdan 13 dekabra qədər saxlanılır. Burada ağır xəstəlik keçirir. Sonradan onu görən olmur. Oyunskinin hansı şəraitdə öldüyü və ya öldürüldüyü bu gün də saxa (yakut) xalqı üçün sirr olaraq qalıb...
Oyunski “Qırmızı Şaman” əsərini “Qırmızı Oktyabr”ın “çiçəkləndiyi” illərdə yazmışdı. O, “Qırmızı” sözü ilə sovet hakimiyyətinin ideoloqlarını aldada bilmişdi; lakin bir neçə il keçəndən sonra Oyunskinin öz xalqının ağrı-acılarını qələmə aldığını, insanlığa çağırış etdiyini – “Qırmızı Şaman”ın əslində “Qırmızı Oktyabr”a, sovet adlı quruluşa etiraz aktı olaraq yazıldığını anladılar. Və böyük Oyunski xalqını sevdiyinə, yakutları azadlığa səslədiyinə görə canını qurban verdi. – Sovet ideologiyası qırmızı rəngi sevsə də, qırmızı sözü sevmirdi...
Mən kiməm qınayam öz taleyimi,
Mən kiməm Tanrıdan inciyib, küsüm?!
Dünyaya gələndən Günəşi sevdim,
Dünyadan köçəndə ölüm qismətim.
Köçərəm dünyadan – külüm də qalmaz,
Bir yaşıl çəməndə ota dönərəm.
Məndən nəğmələrim yadigar qalar,
Yüz illər ötsə də xalqım unutmaz.
Platon Oyunski əsərlərində yazdığı kimi etibarlı xalqı onu unutmadı. Bu gün Saxada Platon Oyunskinin adını daşıyan küçə və meydanlar, mədəniyyət və təhsil idarələri var. 1993-cü ildə isə Saxa (Yakutiya) Dövlət başçısının Sərəncamı ilə Ədəbiyyat, incəsənət, memarlıq sahəsində uğur qazananlara Platon Oyunskinin adına dövlət ödülü təsis edilib.
Saxa Yakutiya Respublikasının paytaxtı Yakutsk şəhərindəki Hava limanı da Platon Oyunskinin adını daşıyır.
Bütün bunlardan sonra kim deyə bilər ki, xalqın yaddaşını silmək olar? Tarix xalqla, xalq tarixi ilə yaşayır!
Aida Eyvazlı
P.S: Platon Oyunskinin “Qırmızı şaman” əsərini ilk dəfə Azərbaycan dilinə mən uyğunlaşdırmışam. Bu, Saxa Yakutiya Respublikasında böyük hadisə kimi qeyd olunub.
Görkəmli bəstəkar Tofiq Quliyevin 105 illiyi ilə əlaqədar konsertlər keçirilir
Görkəmli bəstəkar, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin 105 illiyi ilə əlaqədar, adını daşıdığı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 12 nömrəli onbirillik musiqi məktəbi aprel ayında silsilə konsertlərlə çıxış edib.
Baş İdarədən bildirilib ki, ilk konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Respublikasının Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçib. Konsertdə fortepiano, violin, tar, vokal ixtisasları üzrə təhsil alan şagirdlər Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan zalında dirijor Orxan Haşımovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin əsasən kiçik sinif şagirdlərinin, eyni zamanda, kiçik xor kollektivinin iştirakı ilə növbəti konsert keçirilib.
Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib, məktəbin kollektivini gözəl musiqi gecəsinin keçirilməsi münasibətilə təbrik edib. O, həmçinin məktəbin direktoru Gülnarə Səfərovanı yubileyi münasibətilə təbrik edərək ona fəxri fərman verib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev təşkilat adından məktəbin direktoru Gülnarə Səfərovanı fəxri fərmanla təltif edib.
“Kağız gəmilərdə batan uşaqlığım...” (Ruslan Dost Əli) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi artıq başa çatıb.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda 32 finalçının adları açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ruslan Dost Əli (Cahangirli)
1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub.
2015-ci ildə Türk ədəbiyyatında uğurlu addımlarına görə Şahmar Əkbərzadə adına "Beynəlxalaq Ədəbiyyat Mükafatı"na layiq görülüb.
2016-2018-ci illər arası Azərbaycan Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş təqaüdünə layiq görülüb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri ilə bağlı Qazaxıstanda nəşr edilmiş "28 May" qəzetinin ideya müəllifi və baş redaktorudur.
2020-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin gənci" mükafatına layiq görülüb.
2016-cı ildə "Ruslan dostumun kitabı" adlı kitabı nəşr olunub.
Bir sıra ədəbi müsabiqələrdə l-ci yerə layiq görülüb.
Ruslanın şeirləri maraqla oxunur və qədərincə də bəyənilir. “Sənə bir şeir yazmışam, incimə, səndən qəşəngdi...” misralarının gözəlliyinə sözmü demək olar? Yaxud da, “O buz otaqda az üşü, göndərdiyim məktubları yığ, topla, alışdır, getsin...” misralarının hərarətinə hərarətmi çatar?
***
Bu payız vaxtın eşqinə,
qaş-qabağınla yer süpür,
alnını qırışdır, getsin...
O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin...
Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin...
Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi... yığışdır, getsin...
* * *
Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq!
Fikri satışa qoymuşam,
alınsa yaxşı olacaq...
* * *
Səni mən tək sevməyənlər,
bilirəm, mənnən qəşəngdi.
Adam var, adamdan qəşəng,
gün var ki, günnən qəşəngdi...
İslandıqca baxışlar da,
aram dəyir yağışlarnan.
Alnım, üzüm qırışlarnan,
saçlarım dənnən qəşəngdi...
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim - sevgi.
Kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səni sözə oxşatmışam,
nə cür görmüşəm, yozmuşam;
Sənə bir şeir yazmışam,
incimə, səndən qəşəngdi...
* * *
Hərə bir zümzümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır...
Məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır...
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı - onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə...
“Klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə...
Deyimmi, xəlvətcə, ağac başına
çıxıb yuvaları yoxlamağımı;
Körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı...
Sonradan səngərdə döyüşən gördüm,
taxta avtomatla “atdıqlarım”ı...
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimatı olub
Aprelin 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu kitab münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı tarixi Qələbənin təfərrüatlarını xronoloji ardıcıllıqla əks etdirir.
Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov professor Aygün Attarın biblioqrafiyasına müraciət edərək, müəllifin müxtəlif illərdə tutduğu vəzifələri, layiq görüldüyü təltif və mükafatları diqqətə çatdırıb. On kitab, 100-dən çox məqalənin müəllifi olan A.Attarın aprelin 15-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iki qardaş xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini söyləyib.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının Azərbaycan Zəfər tarixini əks etdirən fundamental bir əsər olduğunu, Aygün Attarın qəlbində “Bütöv bir Azərbaycan daşıdığını”, xalqına, millətinə, tarixinə sonsuz bağlılığını dilə gətirib.
Təqdimat mərasimində çıxış edən “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz kitabda Qarabağ problemi zəminində xalqımızın son otuz ildə çəkdiyi iztirabların, Qarabağ mövzusu ətrafında oynanılan məkrli beynəlxalq oyunların işıqlandırılmasından danışıblar. Aygün Attarın Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıblar.
Tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu çıxışında Aygün Attarın gənclik illərindən belə təşəbbüskar, vətənpərvər, ədalətpərəst olduğunu söyləyib. Bu gün isə müəllifin Türkiyədə Azərbaycan həqiqətlərinin carçısı qismində çıxış etdiyini, Azərbaycanın ictimai, mədəni, ədəbiyyat mühitinin ən fəal təbliğatçısı olduğunu söyləyib.
Azərbaycan-Amerika Tibb Cəmiyyətinin təsisçisi Rauf Şahbazov Aygün Attarın iki qardaş ölkə arasında dostluq, birlik simvolu olduğunu deyib.
Tədbirdə digər çıxışçılar Aygün Attarın əsərini yetişməkdə olan gənclik üçün əvəzsiz, tarixi gerçəklikləri özündə əks etdirən fundamental əsər olduğunu bildiriblər.
Müəllif Aygün Attar belə bir görüşün məhz mədəniyyət ocağında, gənclər qarşısında təşkil olunmasına görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib. Kitabının ərsəyə gəlməsindən, məziyyətlərindən və mahiyyətindən söhbət açıb.
Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap olunan kitabın türk dilindən tərcümə müəllifləri - Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru Etimad Başkeçiddir.
Dünyaşöhrətli musiqi xadiminin Bakıda ustad dərsi keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında "Barokko günləri" Beynəlxalq musiqi festivalı çərçivəsində dünyaşöhrətli musiqi xadimi, professor Vincenzo De Vivonun ustad dərsi keçirilib.
AzərTAC xəbər verir ki, ustad dərsində Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın, Xalq artisti Gülnaz İsmayılovanın, Əməkdar artist İlham Nəzərovun tələbələri - Öztürk Adelin, Sübhan Rüstəmov, Leyla Baxışova, Emin İsmayıl, həmçinin Bakı Musiqi Akademiyasını müxtəlif illərdə bitirən məzunlar da iştirak ediblər.
İfaçılar G.F.Hendelin "Alcina" operasından Ruqqiyeronun ariyası, G.F.Hendelin "Yuli Sezar" operasından Sestonun ariyası, V.A.Mosart "Fiqaronun toyu" operasından Contessanın ariyası, F.Durante "Danza, danza fanciulla gentile..." əsərlərini ifa ediblər.
Üç saatdan çox davam edən ustad dərsində V.Vivo gənc musiqiçilərə barokko dövrünün musiqi əsərlərini ifa edərkən, həmin dövrün bədii üslubunun xüsusiyyətlərini, bəstəkarların yaradıcılığını yaxından öyrənməyi, ifa zamanı düzgün nəfəs texnikası, sözlərin tələffüzünə diqqətlə fikir verməyi, eyni zamanda, hər bir ifaçıya fərdi yanaşaraq öz tövsiyələrini verib.
Böyük Britaniyanın pavilyonu Venesiya ART-Biennalesinin "Qızıl şir"ini qazandı
Müasir incəsənətin ən parlaq nümayişi məkanı illərdir ki Venesiya Biennalesi hesab olunur. Hətta bu koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi dünyanın düzənini pozsa beləVenesiya Biennalesinin düzənini poza bilməyib. Yekun vurduğumuz həftədə 59-cu Venesiya Biennalesi ilk mükafatlarını təqdim edib, dünyanın əsas ART-hadisəsində Böyük Britaniyanın pavilyonu ən yaxşı pavilyon kimi tanınıb. O, "Qızıl şir" mükafatına – Biennalenin baş mükafatına layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
Britaniya pavilyonunda Afrika-Karib mənşəli xanım rəssam Sonya Boys videoinstalyasiyalardan ibarət cığır yaradıb. “Feeling Her Way ekspozisiyası mozaik divar kağızlarından ibarətdir, eləcə də geometrik strukturlardan və rəngbərəng hərəkətdə olan görüntülərdən ibarətdir. Hansılar ki, azadlıq, güc və zəiflik hisslərini təcəssüm etdirən qaradərili britaniyalı vokalçıların səslərinin bərqərar olmasına yer verir. Mərkəzi iş müğənnilərin ilk dəfə necə görüşdüyünü, improvizə etdiklərini və kapellanın oxuduğunu göstərir, bununla da birgə oyunun innovasiyalara yolu potensialını nümayiş etdirir, bu da Sonya Boysun artistik praktikasının Mərkəzi Prinsipidir", - deyə Venesiya Biennalesinin saytındakı britanların pavilyonunun təsvirində qeyd olunub.
İndi isə digər nominasiyalara keçid alaq.
Ən yaxşı rəssam "Suverenlik" işi ilə ABŞ-dan afroamerikalı Simon Li olub. Münsiflər heyətinin fikrincə, bu iş ciddiyyətlə işlənib və virtuozluqla realizə olunub. Ümumən, münsiflər Fransa və Uqandadan olan ustaların işlərinə xüsusi qiymət veriblər.
Noyabrın 27-dək davam edəcək Biennale kurator Çeçeliya Alemaninin dediyi kimi – o, bu postu tutan ilk qadındır - yazıçı Leonora Carrinqtonun “Xəyalların südü” adlı nağıllar kitabından ad alaraq "xəyalların südü" adlanır. Sərgi, o cümlədən insanlar və texnologiyalar arasında münasibətlərə, həmçinin "cisimlərlə Yer arasında sıx birləşən" əlaqələrə həsr olunub.
Biennaledə 213 ölkədən 58 rəssam iştirak edir. Sərgi meydançaları ənənəvi olaraq qalmaqdadır - Arsenal (tarixi Venesiya tərsanəsi) və Cardini (əfsanəvi bağçalar) - istər milli pavilyonların, istərsə də ayrı-ayrı instalyasiyaların yerləşdiyi məkanlardır.
Yeri gəlmişkən, təşkilatçılar Ukraynada baş verən hadisələr fonunda Rusiyanın rəsmi nümayəndə heyətini qəbul etməyəcəklərini bildiriblər.