Super User
Həştərxanda Xəzər klassik musiqi festivalı keçiriləcək
Həştərxanda “OperaFirst 2022” Xəzər klassik musiqi festivalı keçiriləcək. Tədbir sentyabrın 2-dən 11-dək davam edəcək.
“Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunacaq konsert proqramında Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan teatrlarının solistləri iştirak edəcəklər.
Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçiriləcək. Bu tədbirlərin qonaqları Xəzəryanı dövlətlərin hər birinin mədəniyyəti ilə tanış ola biləcəklər. Sentyabrın 9-u festivalda Azərbaycan Günü olacaq. Həmin gün Həştərxan Dövlət Filarmoniyasında Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov və Firəngiz Əlizadənin əsərləri səslənəcək.
Əsərləri Səidə Tağızadə (fortepiano), Rəna Rəhimova (alt), Ümidə Abbasova (skripka), Nəzrin Asanlı (skripka), Emin Hüseynov (skripka), Orxan Hüseynov (violonçel) ifa edəcəklər.
Konsertin aparıcısı Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.
Festivalın qonaqlarını dünya səhnəsinin ulduzlarının iştirakı ilə möhtəşəm qala-konsert, o cümlədən azərbaycanlı tenor, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin çıxışı gözləyir.
Qazaxda İsrafil ağa hamamı və Cümə məscidində işlər sürətlə davam edir
Qazax şəhərində tezliklə möhtəşəm tarixi abidə tarixi kvartal şəklində restavrasiya olunduqdan sonra ziyarətçilər üçün qapılarını açacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil ağa hamamında və Cümə məscidində işlər sürətlə davam edir.
Bu tarixi kvartal Qazax şəhərinin fundamental abidə kompleksi qismində şəhərin qədimliyi baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Qeyd olunan abidələrdən ibarət tarixi-memarlıq kvartalının formalaşması gələcəkdə ziyarətçi sayının artmasına töhfə verəcək.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə kürdü
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan kürdüyə həsr olunub.
Kürdü (sırınmış qolsuz köynək) – qadın üst geyimidir. Bu geyim tirmədən və məxmərdən tikilirdi. Xəzlə bəzək, sıx naxış vurulurdu. Kürdünü Şuşada, həmçinin Azərbaycanın hər yerində geyinirdilər. Kürdü indi də dəbdədir.
Bu gün Azərbaycan kinosu günüdür
Bu gün - avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq ən müxtəlif tədbirlər keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişinin təşkili nəzərdə tutulmuşdur.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi planlaşdırılır.
“Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ötən gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenari müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbirdə müsabiqə qalibləri mükafatlandırılıb.
Kino sahəsinin cəmiyyətin və mədəniyyətin inkişafında böyük rolu olmasından söhbət açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kinonun cəmiyyətə müstəsna təsirlərindən danışıb: “Biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin və kinomuz Azərbaycan mədəniyyətinin daşıyıcısı olsun. Mədəniyyət Nazirliyi olaraq kinomuzun inkişafı üçün səfərbər olmuşuq və bu istiqamətdə lazımi işlər, yeni layihələr görməyi hədəfləmişik. Bu yanaşmanın da əsas amilləri var, ilk olaraq hədəfimiz kino infrastrukturu, eləcə də sənaye baxımından investorların bu sahəyə cəlb olunmasıdır. Yalnız bu halda kino sahəsi inkişaf yolunu tuta bilər. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri kino sənayesinin inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətində rolunun gücləndirilməsidir. Tariximizin yeni səhifəsində bizim əsas mövzumuz hərb sahəsində olan zəfərimizidir. İnstitusional bazanın möhkəmləndirilməsi kimi ən böyük nailiyyətimiz Azərbaycan Kino Agentliyinin yaradılması haqqında Prezident İlham Əliyevin imzalamış olduğu müvafiq Fərmanıdır. Bizim Kino Agentliyinə ümidlərimiz çox böyükdür. İstəyirik ki, kino sahəsi bir sənaye olsun və həm peşəkarlar, həm də investorlar üçün cəlbedici olsun. Mədəniyyət Nazirliyi bu yönümün təkmilləşdirilməsi ilə bağlı da işlər aparır. Vacib məsələlərdən biri də kadr potensialının gücləndirilməsidir. Bununla bağlı da Nazirlik bu istiqamət üzrə davamlı olaraq peşəkarların təlimlərini təşkil edir", - deyə nazir müavini bildirib.
Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni loqo və veb-saytını təqdim edən kinostudiyanın mətbuat katibi Ramil Ələkbərov bildirib ki, loqonun xarakteristik xüsusiyyəti təmsil etdiyi şirkətin kimliyini, həmçinin təməlində yatan amalı ifadə etməsidir: "Loqonun stilizə edilmiş əsas elementləri kino sənayesinin ən mühüm komponentlərini ifadə edir. Yeni simvol həm də incəsənətdə istifadə olunan “Qızıl nisbət”i təmsil edir". R.Ələkbərov, həmçinin vurğulayıb ki, “Azərbaycanfilm” kinostudiyasının veb-saytı üzərində də iş aparılır: "Saytda kinostudiyanın tarixi, strukturu, göstərdiyi xidmətlərlə yanaşı geniş filmoteka nəzərdə tutulub ki, burada istehsal olunan filmlər haqqında informasiya əldə etmək və filmləri verilən link vasitəsilə izləmək mümkün olacaq. Saytın ingilis dilində versiyası üzərində iş aparılır. 2023-cü ildə “Azərbaycanfilm” kinostudiyasının 100 yaşı tamam olur. Əlbəttə, bu münasibətlə il boyu müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə R.Ələkbərov bildirib.
Xatırladaq ki, iyunun 1-dən etibarən “Azərbaycanfilm-100” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan olunmuşdu. Ümumilikdə, göndərilən 60 ssenaridən müsabiqə şərtləri ilə uyğunlaşan 53 ssenari dəyərləndirilib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan ekspert şurasının qərarı ilə “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin qalibləri açıqlanıb. Onlara xüsusi diplomlar və pul mükafatı təltif edilib.
Müsabiqədə birinci yeri "Supərisi" ssenarisi ilə Mirsadiq Ağazadə, ikinci yeri "Axırıncı palata" ssenarisi ilə Türkan Hüseyn, 3-cü yeri isə "Zirzəmi" adlı ssenarisi ilə Nicat Dadaşov tutub.
Tədbirdə, həmçinin Mədəniyyət Nazirliyi növbəti peşə bayramı münasibətilə bir qrup kinematoqrafçını və kino veteranını da mükafatlandırıb. Ümumilikdə 21 nəfər kinematoqrafçıya fəxri fərman və mükafatlar təqdim olunub.
Günün fotosu: Ukrayna taxılı ilə ilk gəmi ixrac üçün yola düzəldi
Günün fotosu: Ukrayna taxılı ilə ilk gəmi ixrac üçün yola düzəldi
Bazar ertəsi Ukrayna taxılı ilə ilk gəmi Odessa limanından çıxdı. "Ratsoni" quru gəmisi Livana səmt götürdü. Gəmi ilə 26 min ton qarğıdalı dəni aparılır.
Türkiyə tərəfinin məlumatına görə, çərşənbə axşamı günün ikinci yarısında gəmi Bosfora yaxınlaşacaq və İstanbul razılaşmasına əsasən orada ona baxış keçiriləcək.
Foto: Euronews
“Azərbaycanfilm" kinostudiyasının yeni sayt və loqosu təqdim edilib
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni sayt və loqosunun təqdimatı olub.
Milli Kino Günü münasibətilə keçirilən təqdimatda sözügedən yeni sayt və loqonun təqdimatı ilə yanaşı, bir qrup kinematoqrafçı və kino veteranı da mükafatlandırılıb.
Tədbirdə ümumilikdə 21 kinematoqrafçıya fəxri fərman və mükafatlar təqdim edilib.
Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırılıb.
Milli Yaylaq Festivalı alındı, ağızbüzmələr isə unudulub gedəcək
İyulun 29-dan 31-dək Göygöl rayonunun Hacıkənd qəsəbəsində II Milli Yaylaq Festivalı keçirildi. Dağlıq ərazidə komfort şərait, asfalt yol, cakudzili hamam axtaranların giley-güzarına fikir verməsək, deyə bilərik ki, festival alındı.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivala ümumilikdə 120 mindən artıq iştirakçı qatılmışdı.
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Turizm Agentliyi, Dünya Etnoidman Konfederasiyası, Türkiyənin Gəncədəki Baş konsulluğu, TİKA, KOBİA və bir sıra özəl şirkətlərin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edirdi.
Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Xan yurdu”, “Yaylaq süfrəsi” kimi tematik guşələr qurulmuşdu.
Milli Yaylaq festivalının bədii hissəsini təşkil edən Mədəniyyət Nazirliyi yaylaq ərazisi boyu müxtəlif guşələr yaratmişdi.
Dövlət rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai xadimlər, tanınmış sənətçilər, media nümayəndələri və qazilərin iştirakı ilə keçirilən rəsmi açılış mərasimində qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılamış, söz söyləmiş, xeyir-dua vermişdi. Sonra Gəncənin yaradıcı kollektivlərinin iştirakı ilə kompozisiya nümayiş olunmuşdu. Ardınca isə yerli və xarici incəsənət kollektivlərinin yürüşü baş tutmuşdu.
Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, səhnəciklər və teatral kompozisiyalar, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq kimi qədim xalq oyunlarına tamaşa etdilər, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış oldular, təbiət qoynunda əsl yaylaq həyatı yaşadılar.
Festival iştirakçıları qarşısında Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan 2 mindən artıq tamaşaçı tutumlu amfiteatr səhnəsində və səkkizguşəli ulduz formalı səhnədə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Rusiya, Ukrayna, Moldova, Hindistan, Pakistan, Tatarıstan, Dağıstandan dəvət olunmuş kollektivlər, Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Yazıçılar Birliyi, Aşıq Pəri Məclisi, Dədə Ələsgər ocağı, həmçinin Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivləri çıxış etdilər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılmışdı. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb etdi.
Festivalda mədəniyyət proqramı ilə yanaşı, milli yaylaq oyunları adı ilə ümumiləşdirilmiş idman tədbirləri də yer almışdı.
Festival iştirakçıları yorğa və çaparaq at yarışları, milli güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, cigitovka, atüstü milli oyunları, zorxana, ox atma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izlədilər, masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlada iştirak etdilər.
Yaylaq iştirakçıları və turistlər xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurd yerlərində öz çadırlarını quraraq gecələdilər. Bundan başqa, bölgənin məşhur yerlərinə hiking turları, atlı gəzintilər, tarixi ekskursiyalar və yamac paraşüt turları təşkil edildi.
Günün sonunda isə yaylaq həyatı tonqal başında nağıllar, musiqilər, rəqslər, interaktiv oyunlar, him-cim oyunu, səssiz kino, qiraət kimi gecə əyləncələri ilə davam etdi.
II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbiri hesab edilir, gəlin bunu diqqətdən qaçırmayaq.
Aqşin Yenisey, Rüstəm Behrudi, Şərif Ağayar, Qismət Rüstəmov, Ulucay Akif nə oxuyur, nə dinləyir və nəyə tamaşa edirlər?
Bəs Mahir Mehdi, Samirə Əşrəf, Emil Rasimoğlu, Nemət Mətin və Maha (Cavidan)?
İsti yay günlərinin, adətən, mədəniyyət menyüsü fərqli olur. Çox maraqlıdır, yazarlarımız hazırda hansı musiqiləri dinləyir, hansı filmlərə baxır, hansı kitabları oxuyurlar?
“Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasında Ümid Nəccari bu gün bu suala cavab axtarıb.
Aqşin Yenisey:
Hazırda Daron Acemoğlu və Ceyms A. Robinsonun birgə yazdıqları "Millətlərin çöküşü" və Engelqardtın "Tərəqqi - qəddarlığın təkamülü kimi" kitablarını oxuyuram.
Rüstəm Behrudi:
Son aylarda 2 ağır əməliyyat keçirmişəm. Buna baxmayaraq, dostlarımla 2 yeni kitabımı çapa hazırlayıram. Kitabları dostlarım Tural Turan və Emil Rasimoğlu tərtib edib, "Məzarlıqda bitən yovşan" kitabının tərtibçisi və redaktoru Emil bəy, ön sözün müəllifi Tural Turandır. Buradan onlara təşəkkürümü bildirirəm!
İndi oxuduğum kitabsa Donald Valşın "Tanrı ilə söhbət" kitabıdır. Motsarta bütün fəsillərdə qulaq asıram.
Şərif Ağayar:
Həsən Quliyevin "Arxetip azərbaycanlılar" kitabını oxuyuram. Əla kitabdır və bir ilkdir. Bizi bu yöndən araşdıran olmayıb. Hərçənd, çox vacib məsələdir. Bütün ağlı başında olan soydaşlarıma məsləhət görürəm. Bir gün bizdən nəsə çıxsa orda bu kitabın rolu mütləq olacaq. Baxmaq isə... Bu günlərdə Cem Yılmazın Netflixdəki "Erşan Koneri" layihəsinə baxdım, bir daha əmin oldum ki, bu adama film çəkməyi qadağan eləmək lazımdır. Çox avantüristdir. Düzdür, baxdıqca əylənirsən, amma belə sənət olmur. Yaxşı ki, Ezgi Mola və Zafer Algöz vardı, yoxsa davam edə bilməyəcəkdim. Çağlar Çorumlu da yaxşı performans göstərir. Başqa audio kitablar və ədəbi verilişlər dinləyirəm. Gündəlik kompüterdə işləyirəm deyə, film izləməyi bir müddət dayandırmışam. Amma davam edəcəyəm. Kinosuz olmaz. Cem Yılmazın ümidinə qalmaq dəhşətlidir.
Qismət Rüstəmov:
Bu aralar Alice Mertonun mahnılarına ilişmişəm. Bundan əlavə, artıq yarım ildir ki, günün çox hissəsini audio kitab dinləyirəm, daha çox skandinav detektivlərini. Kitab kimi almadığım, almayacağım populyar ədəbiyyatın audio versiyasını dinləmək həm rahatdır, həm də trendləri, meyilləri anlamaq üçün yaxşıdır.
Filmlərlə bağlı uzun bir siyahı yazmaq olar. Birini seçək. Son vaxtlar baxdıqlarım içində yadımda qalan Culiya Dükornaunun Kannda qalib gələn provakativ "Titan" filmidir. Film hədsiz estetizə edilmiş avtomobil mühərrikinin, motorun təsviri ilə başlayır. Bu proloq artıq texnika-insan münasibətləri ilə bağlı hazırlıqdır. Sonra yolda bir maşın gedir, balaca qızcığaz arxa oturacaqdan atasını-sürücünü-tanrını təpikləyir ki, kəmərini tax və qəza... Bu qəzada balaca qızın başında titan parçası qalır, ondan sonra o, avtomobilləri sevməyə başlayır. Yetkinlik yaşında sözün bütün mənalarında maşınların dünyasına daxil olur, kadillakların dünyasında seksual şou göstərir. İki döşünün arasında Bukovskinin “Love a dog from hell” (Sevgi cəhənnnəmdən gəlmə bir köpəkdir) kitabının adını tatu etdirən bu qız Dükornaunun provakativ, şərti dünyasında bir avtomobildən hamilə qalır, cinayətlər törədir, kimliyini dəyişdirmək üçün özünü oğlan kimi təqdim edir. Kimliyin statik yox, dəyişkən, performativ olduğuna vurğu edən rejissor, şübhəsiz ki, çağdaş dünyanın feminist və post-humanist nəzəriyyətlərindən bəhrələnir. Filmin əsas personajı olan qız oğlan kimi kobud görünmək üçün özünü döyür, burnunu sındırır. Dükornau həmişə qadın kişinin yarımçıq formasıdır deyən ənənəvi görüşü tərsinə çevirir: kişi qadının burnu sındırılmış, qadınlıqdan mühacirət etmiş forması ola bilərmi? Bu sərt film başdan-ayağacan bu cür provakativ suallar qoyur.
Son vaxtlar Xavier Serkas, Valeriya Luiselli və Dog Solstadın kitablarını oxudum. Hər üçünü bəyəndim, xüsusilə Valeriya Luisellinin “İtmiş uşaqlar arxivi” romanını. İndi isə sırada İşiquronun külliyatı var...
Ulucay Akif:
Hazırda işimin başındayam və böyük iştahla məzuniyyəti gözləyirəm. Sonuncu oxuduğum kitab Lyosanın "Yaramaz qızın sərgüzəştləri" oldu. Təxminən 2-3 həftə əvvəl oxumuşam. Çox əla roman idi. Yeniyetməlik dövrümü, o illərdə yaşadığım sevgiləri yadıma saldı. İndi çox yorğunam, heç nə oxuya bilmirəm, heç film də izləmək olmur. Onsuz da mənim işim elə oxumaqla bağlıdır, amma redaktor kimi oxumaqla oxucu kimi oxumaq arasında çox böyük fərq var. Ən əsası, oxucu kimi oxuyanda daha çox zövq ala bilirsən, yorulmursan. Yaxşıca istirahətə ehtiyacım var. 3-4 gün sonra məzuniyyətim başlayır, çantamı belimə vurub rayonlarımızı gəzmək istəyirəm. Mümkün olduğu qədər telefon və sosial şəbəkələrdən uzaq durmağa çalışacağam. Məzuniyyət planlarım arasında kitab oxumaq, film izləmək yoxdur. Yatmaq, gəzmək, axşam pivə içə-içə futbola baxmaq istəyirəm.
İstirahət üçün xaricə getməyimizə böyük əngəl olan AZAL-a da atəşli salamlarımı çatdırıram.
Mahir Mehdi:
Son vaxtlar daha çox Sevda Ələkbərzadəni dinləyirəm, bir də sözsüz musiqiləri... Axırıncı Pyer Pazolinin bir neçə filminə baxmışam, Zamyatinin "Biz" romanını və yerli müəlliflərin hekayələrini oxumuşam... Məndə mədəniyyət menyüsü fərqli deyil, burda yay da, qış da eynidir.
Samirə Əşrəf:
Açığı elə çox musiqiyə qulaq asan biri deyiləm. Qarşıma hansı musiqi çıxsa, dinləyirəm. Amma bu yay Köfn qrupunu kəşf etdim. Yaxşı musiqilər düzüb, qoşurlar. Arada müğənni Dilarə Kazımovanın mahnıları qarşıma çıxır. Qulaq asıram. Fərqli səs və üslubu var.
Filmlərə çox baxa bilmirəm. Daha çox sənət filmləri izləyirəm. Çünki vaxt azdı, xüsusi siyahım var ki, imkan düşdükcə, o siyahıdan seçib baxıram. Ümumiyyətlə, təsadüfi filmə baxdığımı xatırlamıram. İndi İran, italiyan və ispan filmləri cəlb edir. Onlara imkan olsa, baxacam.
Bu yaxınlarda gürcü ədəbiyyatının nümayındəsi, müasirimiz olan Şota İataşvilinin ”Həvəskar” romanını bitirdim. Xoşuma gəldi. İndi Pamukun “Masumiyyət muzesi”nə başlamışam. Pamuku oxumaq zərrəbin tələb edir. Amma buna dəyər.
Emil Rasimoğlu:
Öncə onu deyim ki, mənim üçün zaman məfhumu sadəcə insan münasibətlərində öz aktuallığını saxlayır. Fəsillərə gəldikdə isə yaradıcılıq prosesində fəsillərin birinin digərindən fərqlənmə məsələsi mənə yaddır. Çünki yer üzündə hər nə varsa enerjidir, eləcə də fəsillər. Bütün fəsillərin ötürdüyü bir enerji var. Sadəcə həmin enerjinin ötürüldüyü ünvanı doğru tapmaq lazımdır. Mən dörd fəsilin dördündə də həyat tərzi kağız, qələm, şeir, sənət, Tanrı adamam. Hal-hazırda da mütəmadi olaraq mütaliə edir, yaradıcılıqla məşğul oluram. Ən çox xarici kitablardan, mətbuatdan tərcümələr oxuyuram. Buraya tək ədəbiyyatı əks etdirən kitablar deyil, fəlsəfi, psixoloji mətnlər də daxildir. Eyni zamanda hazırkı yerli ədəbi prosesi də diqqətlə izləyir, çoxların içindən azsaylı əsərləri, nümunələri oxuyuram.
Bilirsiniz, mütaliədə də gərək fərdilik xüsusiyyətini qoruyasan, kütləviləşməyəsən. Musiqiyə gəldikdə isə elə hal-hazırda sorğunuza Bethoveni dinləyə-dinləyə cavab verirəm. Ən çox xarici filmlərə baxır, musiqilər dinləyirəm.
Nemət Mətin:
Bu istidə kondisionerin köləsinə çevrilməyi düzgün bilmədiyim üçün kitab oxuya bilmirəm. Arabir qısa hekayələr, 60-80 səhifəlik kitablara göz gəzdirirəm. Sərinlik gətirən musiqilər var. Onları dinləyirəm- “Tufan var”, “Bakı gecələri”, “Ay sonatası” və s.
Filmə gəldikdə, həssas zövqümə güvənərək nadir filmlərə baxıram. Hansılar ki, şişirdilmiş film siyahılarında yoxdur.
Maha (Cavidan):
İyul ayının istisi məcbur edir ki, enerji balansını tənzimləyəsən. Bu halda, məncə özüm üçün ən doğru olanı seçmişəm: elə yay havasının özü kimi qaynar ritml
i, amma həm də sərinkeş quraşdırılıbmış kimi rahatlıq gətirə bilən nümunələri. İndi Latın Amerikası musiqisi daha çox səslənir evdə, çünki o ritmlərdən əlavə enerji almaq mümkündür. Axşamlar isə həzin piano ifası fonunda yağış səsi dinləyirəm. Baxdığım film və seriallar da eyni ovqatdadır. Dinamik detektiv qarışığı olan melodramlar. Məsələn, bu dəqiqə "Qrand Otel" adlı İspan serialına baxıram, primitiv tərəfləri olsa da, beynimi yükləmir və "mən bu epizodu belə, ya elə edərdim" kimi fikirlərə də yer saxlamır. Yay üçün əladır. Söz yox ki, keçən yay baxdığım "Xatırla, sevgili" türk serialının yerini vermir. Hərçənd, onu da sırf beyin dincəlməsi üçün seçib izləmişdim, lakin həm ssenarisi, həm rejissor işi ruhumu silkələmişdi.
Kitaba gəldikdə isə, hazırda C. D. Roulinqin "Təsadüfi vakansiya" romanını oxuyuram.
Günün fotosu: Kəlbəcərdə tornado hadisəsi baş verib
Günün fotosu: Kəlbəcərdə tornado hadisəsi baş verib
Kəlbəcərdə tornado hadisəsi baş verib və hadisəyə şərh verən Coğrafiya İnstitutunun direktoru Səid Səfərov bildirib ki, tornadonun Azərbaycanda baş verməsi gözlənilməz haldır, bu təbiət hadisəsi Azərbaycan üçün xarakterik deyil.
Qeyd edək ki, Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir.
Foto: Day.az