Super User

Super User

Wednesday, 03 August 2022 13:00

Ayın ən fəal oxucusu kim olacaq?

 

Kitablara sevgi oyatmaq kitabxanaçıların bir məslək borcudur həm də. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında insanlara kitabı sevdirmək və kitabxanaya cəlb etmək məqsədilə yeni layihəyə start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi “Ayın ən fəal oxucusu” adlı layihədə ay ərzində ən çox kitab oxuyan oxucuları müəyyənləşdirərək, onlara hədiyyə kitablar təqdim edəcək.

Gözəl təşəbbüsdür, deyilmi?

 

Bəli, bu şayiə deyil, həqiqətdir. Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış “Bozdağ film” kinostudiyasının Azərbaycandakı ilk işi olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar birgə rol alacaq. Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. Hazırlıq işləri tamamlanmaq üzrədir, birinci bölümün bu il təqdimatı gözlənilir.

Qeyd edək ki, “Bozdağ film” Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ “Diriliş Ertuğrul” ve “Kuruluş Osman” seriallarının rejissorudur. 

Hazırda “Bozdağ film” təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.

Şübhə yoxdur ki, serial uğurlu alınacaq. 

 

Şəkildə: Mehmet Bozdağ əmin edir ki, Azərbaycandakı iş də digərləri kimi uğurlu olacaq.

 

Avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) Bakıda “CultRural Festival 2022” adlı festival təşkil edəcək.

 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaydığı məlumata görə, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə, həmçinin onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrindəki məhsulları ilə tanış olmaq imkanı olacaq.

Qeyd edək ki, tədbiri keçirməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B formatında görüşlər də təşkil ediləcək.

 

Bildiyiniz kimi, dünən, avqustun 2-i görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin vəfatının 38-ci ildönümü idi. Bəs dünən maestro necə anıldı?

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzdülər.

Mərasim zamanı muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verildi. Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulandı. 

Niyazinin mənzil-muzeyində isə “Açıq qapı” günü təşkil olundu. 

“Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olundu. 

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə etdilər. 

Qeyd edək ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif olunub.

Ruhu şad olsun!

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən biri olan Fərrux Əliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki tərəf arasında müsabiqənin mentorluq proqamına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən danışılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə olunub.

“Yüksəliş” müsabiqəsi barədə oxucularımızı bilgiləndirək. Müsabiqə Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Görüşdə nazir və qalib həmçinin Nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işləri də müzakirə ediblər. Qeyd olunub ki, bu strategiyanın əsas məqsədi Nazirliyi bir struktur kimi daha innovativ etmək, Nazirlik əməkdaşlarının iş mühitinə yeniliklər gətirməkdir.

Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, proseslər, üstünlük və çətinlikləri, özəl sektordan fərqli olan cəhətləri müzakirə olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər də müzakirə olunub.

Sonda hər iki tərəf mentorluq proqramının bitməsinə baxmayaraq əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzində böyük şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbirdə X.Natəvanın həyat və yaradıcılığından söhbət açılıb.

Daha sonra Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Xalq teatrı”nın üzvlərinin ifasında İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşasından bir hissə tamaşaçılara təqdim olunub. Şairənin şeirləri ilə dram dərnəyinin üzvləri çıxış ediblər. X.Natəvanın qəzəlləri səsləndirilib.

Tədbirin sonunda şairəyə həsr olunan videoçarx nümayiş olunub.

 

Xanəndə, şair və qəzəlxan Hacıbaba Hüseynovun qavalı satışa çıxarılıb.

“Ədəbiyyat və incəsınət” baku.ws-ə istinadən xəbər verir ki, bu haqda "Günün sədası" proqramında bildirib. 

 

Xanəndənin qzı və nəvəsi onun qavalını 100 min AZN-ə satırlar. Buna səbəb onların maddi çətinlik çəkmələrini iddia etmələridir. 

Hacıbaba Hüseynov isə vəsiyyət edərkən qavalının muzeyə verilməsini istəyibmiş.

Tuesday, 02 August 2022 10:30

Bu gün Flora Kərimovanın məhkəməsidir

Çox təəssüf ki, musiqimizin canlı klassiki, korifeyi olan Xalq artisti Flora Kərimovanın başı daim hansısa süni yaradılmış konfliktlərə qarışır, sanki müğənninin adından kimlərsə özlərinə reklam tuturlar. Müğənni də əsəblərini cilovlaya bilmir və boyaları daha da tündləşdirir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə Flora Kərimova ilə müğənni Afət Fərmanqızının münasibətləri məhkəmə instansiyasına aparıb çıxarıb, məhkəmənin  keçiriləcəyi tarix də məhz bu gündür.

Afət Fərmanqızı öz sosial media hesabında yazır: 

"Bu dəfə mən onu məhkəməyə verdim. Flora Kərimova dediyi təhqirlərə cavab versin. Jurnalistlərə deyib ki, xəbərim yoxdur. Yoxdursa, bunu oxusun və xəbər tutsun".

Qeyd edək ki, F.Kərimova da Fərmanqızını məhkəməyə verib. Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

Əlavə edək ki, jurnalist Ülviyyə Alovlu da bir müddət əvvəl Flora xanımı məhkəməyə verdiyini açıqlamışdı.

 

 İstedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Rusiyanın Fyodr Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı, Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü “LiFFt” ədəbiyyat festivalının əsas simalarından biri, “SilkWay” beynəlxalq ədəbiyyat festivalının Azərbaycan üzrə həmtəsisçisi Əlibala Məhərrəmzadə ilə “Ədəbiyyat və incəsənət” portalının müsahibəsi “Şahdağ Quba -Truskavets” sanatoriyasında baş tutdu. Yazıçı bizi əmin etdi ki, necə ki, bu sanatoriya ən müşkül xəstəliklərin belə şəfasını verməyi bacarır, bax eləcə, yazıçı da ən düşkün mənəviyyatları müalicə etməyi bacarmalıdır.

 

-Xoş gördük, Əlibala müəllim. Bədii ədəbiyyat təkcə oxucusunu maraqlı bir süjet xətti ilə baş-başa buraxmır, ona həm də müəyyən bilik və informasiyalar ötürür, ona müsbət keyfiyyətlər aşılayır. Hazırkı mürəkkəb bir dövrdə bədii əsərin verdiyi mesajın dəyəri ikiqatdır, xüsusən, xalq və dövlət üçün taleyüklü məsələlərə yazıçının və əsərin biganə qalmaması vacibdir. Bu baxımdan sizin yaradıcılığınız diqqətçəkəndir. İstəyərdik ki, “Ədəbiyyat və incəsənət” portalı vasitəsi ilə yaradıcılığınız, ümumən ədəbiyyat barədə fikirlərinizi bölüşdürəsiniz. Xoş gəlmisiniz.

-Xoş gününüz olsun. Mən də portalınızın oxucularını salamlayıram.

-Ənənəvi sual şablonçuluğundan çıxaraq dərhal sizə konkret suallar vermək istəyirik. Sizi Azərbaycan oxucusu, eləcə də əcnəbi oxucu “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ adlı sənədli, eləcə də “Çovdar çörəyi” adlı bədii əsərlərlərlə tanıdı. Öncə “Ev tapşırığı”ndan başlayaq. Niyə məhz bu əsər?

-Hazırda dünyada ən çox oxunan ədəbiyyat non-fikşn ədəbiyyatıdır, yəni sənədli ədəbiyyatdır. Bu sırada da motivasiya və şəxsi inkişaf ədəbiyyatı aparıcı yer tutur. Sirr deyil ki, bu gün əksər azərbaycanlı gəncər dünyanın məşhur motivasiya spikerlərinin əsərlərini oxuyurlar. Napoleon Hill, Robin Şarma, Deyl Karnegi, Karlos Kastenada, Mömin Şekman, Robert Kiyosaki bu gün bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də çox məşhurdurlar. Amma bir şey də var, ayrı-ayrı motivasiya təlimləri mütləq şəkildə onun müəllifinin mənsub olduğu xalq və din spesifikliyinə istinad edir, buna görə də, tutalım, Amerika təlimini birəbir Azərbaycanda tətbiq etmək olmaz. Məhz bu səbəbdən də “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ kitabı ərsəyə gəlib. Kitabın bir səciyyəvi, mütəxəssisləri cəlb edən cəhəti də ondan ibarətdir ki, burda sırf azərbaycanlı mental xüsusiyyətlərinə hesablanmış motivasiya və şəxsi inkişaf təliminin təqdim edilməsi ilə yanaşı, həm də tarixin ən populyar motivasiya kitablarının da qısa rezümesi verilir. Sanki bir kitab alıb yüz kitabdan xəbərdar olursan.

-Əlibala müəllim, bildiyimizə görə, “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ kitabının ingiliscə nəşri Beynəlmiləl Yazıçılar İttifaqının Nabokov, rusca nəşri isə Gilyarovski adına mükafatlarının uzun siyahılarına düşüblər, bu uğur münasibəti ilə, yeri gəlmişkən, sizi təbrik edirik.

-Çox sağ olun, minnətdaram.

-Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən necə bir nəticə əldə edə bilərik? Yəni ki, Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucularına uğur düsturunu necə şərh edə bilər?

-Uğur formulu bütün hallarda özündə 6 bəndi ehtiva edir. Bunlar: arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etməkdir.

Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.

-Bu bəndləri bir qədər xırdalayın, mümkünsə.

-Öncə arzulamaq gəlir. Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik. Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.

Sonrakı bənd Qarşıya məqsəd qoymaqdır. İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt. Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.

Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.

Üçüncü Planlaşdırmadır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Və həmişə də çalışın ki, ən azı 2-3 planınız olsun, bir istiqamətdə büdrəyəndə mütləq digər istiqamətdə hərəkət edə biləsiniz.

Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək aiddir, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq.

Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.

Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.

Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.

Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.

Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.

Növbəti – beşinci mərhələ Fəaliyyətə başlamaqdır. Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla. Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir. Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.

Ən nəhayət, sonuncu mərhələ Nəticə əldə etməkdir.

Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.

Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Vacib bir şey deyim: Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!

-Ümid edirik ki, oxucularımız qeyd etdilər uğur düsturunun bu 6 tərkib hissəsini. Bir qədər də “Çovdar çörəyi”ndən danışaq. Bədii ədəbiyyat oxumaq hər kəsin də olmasa, əksər insanın sevimli məşğuliyyətidir. Bu roman barədə ölkənin ən tanınmış ədəbiyyat və incəsənət adamları xoş sözlər deyiblər. Nizami Cəfərov, İsa Həbibbəyli, Ramiz Fətəliyev, Vaqif Yusifli, İlqar Fəhmi... Eşitdiyimizcə, hazırda bu romanın ssenarisi əsasında çoxseriyalı bədii televiziya filmi də çəkilir. “Çovdar çörəyi”nin cəmiyyətə verdiyi mesaj hansıdır? Bu roman, sizcə, niyə bu qədər sevildi?

-Bu sualın cavabı olaraq mütləq romanın qısa məzmununu söyləmək lazım gəlir. Türkiyənin Bodrum bölgəsində dincələn nazir müavini olan Ata böyük oğlunun avtoqəzada ölməsi xəbərini eşidir, dəhşət içində istirahəti yarımçıq qoyub Bakıya qayıdır. İlk eşitdiyi o olur ki, oğlu şəkər xəstəsi olan anasına çovdar çörəyi almağa gedərkən qəzaya uğrayıb. Ata Ananı uşağın ölümündə günahkar hesab edib onu yamanlayır. Amma bu müəmmalı qəzanın görünməyən tərəfləri var. Çörək almaq üçün evdən çıxan oğul evin beş addımlığındakı mağazaya yollandığı halda necə olur 10-15 kilometr kənarda, şəhərin çıxacağında qəzaya uğrayır? Oğlunu nə çəkib ora aparıbmış?

Ata daxili istintaqa başlayır, öncə oğlunun maşını ilə toqquşan yük maşınının sürücüsünün üzərinə gedir, sonra onun dostları ilə söhbətləşir, məlum olur ki, oğlu ömrünün son dönəmlərində xeyli dəyişibmiş. Ata oğlunun siqaret çəkdiyini, qumar oynadığını, nişanlısı ola-ola başqa qadınla görüşdüyünü öyrənir, qəzadan əvvəl telefonuna gələn zənglərin müəllifləri ilə bir-bir görüşüb uşağın hansı səbəbdən ölməsini müəyyənləşdirməyə çalışır.

Hər iki oğlu üçün evlər, bahalı avtomobillər alan, onları pulla təmin edən ata yaxşı ata olduğunu düşünür, halbuki ölməmişdən əvvəl oğlu bir neçə dəfə ona “ata, səninlə söhbətim var” demişdi, o isə iş-güc başını qatdığından oğlu ilə söhbət etməmişdi. Oğlunun dəfn mərasimində bu dəfə kiçik oğlu ona “ata, səninlə işim var” deyir, amma o, bu dəfə də kiçik oğluna məhəl qoymur.

Oğlunun ölüm səbəbini araşdırmağa başı qarışmış, hər dəfə onun barəsində daha bərbad xəbərlər eşidən ata bir gün kiçik oğlunun gec saatlarda evə gəlmədiyini görüb onu arayır, eşidəndə ki, gələcək qaynanası üçün çovdar çörəyi almağa gedib və hələ qayıtmayıb, telefonu da bağlıdır, Atanı qorxu alır ki, bu oğlu da deyəsən çovdar çörəyinin qurbanı olacaq.

Məhz həmin anda Ata başa düşür ki, oğullarını pul-para ilə təmin etsə də heç vaxt onların həyatları ilə maraqlanmayıb, onlarla dost olmayıb, problemləri barədə heç nə bilməyib. Xoşbəxtlikdən kiçik oğlunun başına bir hadisə gəlmir. Amma həmin an Ata tam durulur, oğlunun əsas qatilinin məhz öz biganəliyinin olduğunu başa düşür.

-Çox gözəl. Demək, “Çovdar çörəyi” cəmiyyətimizdə olduqca aktual olan valideyin –övlad münasibətlərindəki anlaşılmazlıqları araşdırıb çözür, ataları oğullarını dinləməyə çağırır, onlara mesaj ötürür ki, övladı maddiyyatla təmin etməklə iş bitmir, onlarla dostlaşmaq da zəruridir. Olduqca lazımlı bir romandır, uğur qazanması sirri də elə məhz bundadır. Və bir sualımız da sizin sonuncu işıq üzü görən romanınız barədədir. “Kənar adamın söylədikləri” romanında bu dəfə siz artıq fərqli ampluadasınız. Tarixi mövzu, tariximizin ağ qalan ləkələrinin üzə çıxarılması. Bir neçə kəlmə də bu roman barədə danışardınız.

- “Kənar adamın söylədikləri” romanını yazarkən qarşıma iki məqsəd qoymuşdum – həm oxunaqlı təhkiyə ilə oxucu diqqətini cəlb etməyi, həm də azərbaycanlı-erməni münaqişəsinin dərin köklərinə varmaqla yerli və əcnəbi oxucuya nəyin nə olmasını isbat etməyi. İlkin rəylərdən belə çıxır ki, məqsədlərimə qismən nail ola bilmişəm, bu da məni çox sevindirir.

Romanın süjeti olduqca maraqlı, dramatikdir, təhkiyəsi də sadədir, cəlbedicidir. Baş qəhrəman fransalı yazar Mişel Leqrandır. Parisdə yaşayan Mişel həyatda öz yerini tapa bilmir, yarımçıq velosipedçi, yarımçıq sosioloq, yarımçıq müxbirdir. Evlərində fransızların qürur rəmzi olan Aleksandr Dümanın portreti asılıb, bu portret isə ona yarımçıq yazıçılıq gətirib. Yeganə arzusu bir roman yazıb tanınmaq, Fransada nömrə bir olmaqdır. Təsadüfən işlədiyi “Ailes” qəzeti redaksiyası onu Bakıya – 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zamanı nümayəndə heyəti ilə ora yollanır, orada vətənpərvər azərbaycanlı professor Kərimzadə ilə tanış olur. Əslən Quba rayonundan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Mişel biləndə ki, Düma Qubanın Çuxur hamamında çimib, hamamı vəsf edib, Qubanı görməyə səbirsizlənir. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel bu ideyanın gerçəkləşəcəyi hissiyyatı ilə Parisə qayıtmaq əvəzinə Qubaya gedəsi olur. Amma Çuxur hamamda eşidir ki, 1918-ci ildə ermənilər qubalıları bu hamama doldurub buxarda boğub öldürüblər. Paklıq yerində törədilən belə bir ağlasığmaz cinayət Mişeli tam sarsıdır, o, erməni-müsəlman probleminin daha da dərinliklərinə varmaq istəyir. Professor onu Qubadakı 1918-ci il soyqırımı abidəsi ilə tanış etdikdə, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə danışdıqda, üstəlik ermənilərin fransızlara vurduqları yaralardan da onu xəbərdar etdikdə Mişel mövzusunu dəyişəsi olur.

Romanın Alber Kamyunun “Əsrimizin bəlası bilirsiniz nədir? Əvvəllər axmaq hərəkətlərə görə insanlar özlərini doğrultmağa çalışırdı, indisə bu cür doğrultma cəhdləri nəcib hərəkətlərə görə də lazım olur” epiqrafı ilə başlaması da boşuna deyil, həqiqətən də Fransa ictimaiyyəti, əsasən, erməni məsələsində liberallıq nümayiş etdirir, din qardaşlarına təəssübkeşlik etmək amacından qurtula bilmir. Məsələnin kökünə obyektiv yanaşan isə ən azı tənbehə tuş gəlir. Halbuki, elə fransızların özlərinə ermənilər kifayət qədər zərbə vurmuşlar. Ötən əsrin 70-80-ci illərində Paris, Marsel və Lion şəhərlərində erməni terrorçularının həyata keçirdikləri silsilə terror aktlarının Fransanı necə sarsıtmasını isə unutmaq günahdır.

-Bizcə, bu romanın tezliklə dünya, xüsusən fransız oxucusuna çatdırılması çox vacibdir. Axı, ədəbiyyatdan güclü silah yoxdur.  Romanda indiyə qədər tariximizdə bizə rast gəlinməyən, ya da çox az rast gəlinən məqamların da olduğunun şahidiyik.

-Bəli. Romanda Azərbaycan tarixinin qaranlıq qalmış məqamlarına işıq saçılması mənim digər bir missiyam idi. Çünki bu mövzular ədəbiyyatımızdan həmişə yan keçib, halbuki həm ədəbiyyatımız, həm elmimiz, həm də ümumən cəmiyyətimiz, xalqımız buna həmişə ehtiyac duyub. Qubanın Rusiya imperiyası tərəfindən işğalını, çarizm əleyhinə xalq üsyanlarını qələmə almışam, Qubada xalq üsyanlarına rəhbərlik edən tarixi obrazları - Yarəli və Molla Nur obrazlarını yaratmışam. Obrazlar qalereyasında kimə rast gəlməzsən: Bastujev-Marlinski, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Mir Cəfər Bağırov, Qəzənfər Musabəyov, Hüsü Hacıyev, Nəriman Nərimanov... Bir sözlə, böyük bir tarixi dövr və başgicəlləndirici tarixi hadisələr bir romanda cəmləşib.

-Çox sağ olun, Əlibala müəllim, dəvətimizə qəbul edib portalımızın qonağı oldunuz, oxucularımız üçün bir-birindən maraqlı faktlar qalereyası yaratdınız. Sizə daha böyük yaradıcılıq uğurları arzu edurik.

-Mən də yeni yol açan “Ədəbiyyat və incəsənət”ə tezliklə zirvəyə ucalmağı və  daim zirvədə qalmağı diləyir, oxuculara isə uğur düsturunu düzgün mənimsəyib həyatda böyük hədəflər vurmağı arzulayıram.

Tuesday, 02 August 2022 13:00

Xalq romanı – “Çığır”

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Vaqif Yusiflinin yazıçı, tarixi romanlar ustadı Yunus Oğuzun yeni çapdan çıxmış “Çığır” romanı barədə qeydlərini oxucularının diqqətinə çatdırır

 

 

ƏNƏNƏ YAŞAYIR

Azərbaycan tarixi romanlarından söz açanda  deyə bilərik ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz Balzakın dediyi kimi katiblik missiyasını yerinə yetirirlər. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır.

Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər Y.Səmədoğlu, İstər Elçin, istər F.Kərimzadə, istər Ə.Nicat və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu romançılar sırasında son iyirmi ildə ən çox məhsuldar işləyən bir yazıçını - Yunus Oğuzu artıq bu janrın müməsili (təmsilçisi) kimi tanıyırıq, yəni, o, ancaq tarixi romanlar yazır. "Nadir şah", "Təhmasib şah",  "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum" tarixi romanları, həmçinin bir neçə tarixi pyeslər onun qələmindən çıxıb.

Yunus Oğuzu tarixi roman  və pyeslər yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm. Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də  tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir".

İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik.  Mətləbi uzatmaq istəmirəm və Yunus Oğuzun lap bu yaxınlarda çapdan çıxan "Cığır" romanı haqqında söz açmaq istəyirəm.

 

SÖHBƏTƏ CIĞIRDAN BAŞLAYAQ.

Romana niyə  "Cığır" adı qoyulub? Bunun iki mənası var. Birincisi: Məlumdur ki, Şuşa 1752-ci ildə Qarabağın ilk hakimi Pənahəlli xanın qurduğu, yaratdığı bir şəhərdir. Təbii ki, ilk dönəmdə şəhərin qurğusunda bir sıra çətinliklər meydana çıxdı, bunu biz yeddi "Qarabağnamə"də də izləyə bilərik. Amma Yunus Oğuz belə bir versiya irəli sürür: gələcəkdə düşmən Şuşaya hücum edərsə, şəhər mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən qurtulmaq olar- xalqın nümayəndəsi-çoban olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin kişi onu heç kimin tanımadığı, bilmədiyi bir cığıra gətirir. "Bu yolu heç kim bilmir, dağ keçilərindən başqa...Bu sirri yalnız  bir neçə nəfər bilməlidir, yoxsa gələcəkdə  tikəcəyin şəhər  çox keçməz, bərbad olar" - deyir Nəsrəddin kişi. Əlbəttə, bunu real bir versiya hesab etmək olar. Çünki Şuşa bu 270 il ərzində dəfələrlə hücuma, mühasirəyə məruz qalıb, amma onu təkcə cəsur və qəhrəman Şuşa sakinləri deyil, həm də yenilməz dağlar, qayalar, cığırlar müdafiə edib.

İkincisi: CIĞIR həm də simvolik məna daşıyır.Cığırın lüğəti mənası kiçik yol və yaxud dar, balaca yol deməkdir, amma yolun özü deyil. Elə cığır var ki, yola çevrilmir, amma yola gedib çıxan və yola çevrilən, yolun tərkibinə qatılan cığırlar olur. Bu prosesi təbiət özü tənzimləyir. Lakin Yunus Oğuz buna simvolik məna verir. Deyək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, cığırlar (ayrı-ayrı dəstələr, döyüşən qüvvələr) birləşə bilmədi, Yola çevrilmədi. Ancaq İkinci Qarabağ müharibəsində bütün cığırlar VAHİD YOLA çevrildi.

Romanın son səhifələrinə boylanaq: "Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini dünyaya tanıdan Böyük YOLa. Müharibənin nəticəsi olaraq 10 noyabrda  Ermənistan  təslimçilik aktını imzaladı".  "Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Şuşa bütöv ruhumuzu özümüzə qaytardı, çünki parçalanmış ruh  torpağı da, xalqı da parçalayır. Şuşa CIĞIRI Zəfər yoluna çevirdi. CIĞIRın Zəfər yolu isə davam edir".

 

KEÇMİŞLƏ  MÜASİRLİYİN VƏHDƏTİ

Yunus Oğuzun "Uçurum" romanında olduğu kimi "Cığır"da da hadisələrin əksəriyyəti yaşadığımız illərdə baş verir. "Uçurum" haqqında yazdığım bir məqalədə qeyd etmişdim ki, Yunus Oğuz hər hansı bir romanında tarixlə  müasirliyi vəhdətdə götürür, yəni "tarixdə bu gün, bu gündə tarix" (Nizami Cəfərov) prinsipinə əməl edir. "Üçurum"da  o, XVI əsrdə-Şah Təhmasibin hakimiyyəti dövründə baş verən hadisələrlə XXI əsrin narkobizneslə bağlı olaylar arasında kommunikasiya-əlaqə bağları yaradır.  "Cığır"da isə XVIII əsr-Qarabağ xanlığının ilk illəri-Pənahəli xanın Şuşanı inşa etməsi və burada baş verən ilk Cığır axtarışları ilə XXI əsdə Birinci və İkinci Qarabağ müharibələri dövrünün hadisələri paralelləşir. Hər iki əsərdə bəzi oxucular etiraz edib deyə bilərlər ki, "tarixi roman" istilahı nəyə lazımmış? Amma Yunus Oğuz "tarixdə bu gün, bu gündə tarix" prinsipini əsas götürür. "Tarix təkrar olunur" -xüsusilə Azərbaycan tarixinin elə dövrləri və mərhələləri var ki, hadisələrin gedişatı və inkişafı bir-birilə səsləşir. Məgər XVI əsrdəki erməni xisləti dəyişibmi? Məgər Azərbaycanın parçalana-parçalana belə vahidliyə, bütövlüyə can atması (xanlıqlardan üzü bəri) əsrlərdən bəri milli düşüncəyə təkan verməmişdimi?  Yəni tarix spiralvari xətt üzrə inkişaf edir-xəttin əvvəli ilə sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur. "Cığır"da da Məhəmmədhəsən Qacarın Şuşaya uğursuz hücumu təsvir olunur, eyni zamanda Şuşa uğrunda döyüşlərdən və şəhərin işğaldan azad olunmasından söhbət gedir.Əslində, müəllifin mövqeyi məlumdur: Azərbaycanın müstəqilliyi, Cığırı Yola çevirmək idealı... Və sonda: "Qarabağ-Azərbaycandır-nida!"

 

REALLIQLAR VƏ BİR DƏ BƏDİİ TƏXƏYYÜLÜN ROLU

Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır.  O arqumentlər sırasında yazıçının müraciət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi... Yunus Oğuz da "Cığır"da təsvir etdiyi hadisələri və real obrazları dərindən müşahidə edib, əslində, bütün bu hadisələr onun gözləri qarşısında baş verib və o, özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq iddiasında olmayıb və onün digər romanlarında da sənədlilik üslubi mahiyyət daşımır. Lakin məlum hadisələrin təsviri bədii informasiya vasitəsilə oxucuya çatdırılır. Bəzi məqamlarda tarixi faktlar da qısaca nəzərə çatdırılır və bu da vacibdir.

Romanda təsvir olunan reallıqlar  (məlum hadisələr və insan obrazları) üç xətt üzrə diqqəti cəlb edir.

Birinci xətt- siyasi hadisələr və bu hadisələrin mərkəzində qərarlaşan real obrazlar. İlk növbədə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev.

"Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının  iclasına hələ on beş-iyirmi   dəqiqə qalırdı...İçində  bir qalxınma vardı. O özü də  Azərbaycan üçün  yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi".Bütün roman boyu -xüsusilə, İkinci Qarabağ müharibəsi ilə bağlı hər səhifədə biz Ali Baş Komandanın qüdrətini və ağıllı, son dərəcə tədbirli və son dərəcə diplomatik dəst-xəttini hiss edirik. Ali Baş Komandanın Tovuz döyüşləri zamanı əsl  sərkərdəlik məharəti üzə çıxdı və Yunus Oğuz təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra bilir.

Romanda Ermənistan rəhbərliyinin-  Baş nazir  Paşinyanın, müdafiə naziri Tonoyanın, keçmiş prezidentlər-Sarkisyanın, Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və bunlara dəstək olan xarici qüvvələrin obrazları da yaradılıb və Yunus Oğuz  fəhmlə  (həm də məlum informasiyalarla)  onların söz-söhbətlərini, Azərbaycanla bağlı açıq və gizli niyyətlərini nəzərə çatdırır. Yunus Oğuz üçün erməni xislətini bütün mahiyyəti ilə əks etdirmək o qədər də problem deyil. Paşinyanın siyasi aləmdə uğursuz gedişləri, Moskvadan və Parisdən onu müdafiə edənlərlə nökərcəsinə yardım diləməsi, dünya erməni lobbisi ilə münasibətləri, Ermənistanın öz daxilində müxalifətlə "düşmənçiliyi" hamıya məlumdur, amma bütün bunlarla bir sırada antitürk mövqeyi hər bir düşmən erməni kimi onun da qanına hopub. İstər o, istərsə də məlum düşmən qüvvələri Azərbaycanın 44 gün ərzində qələbəsini heç gözləmirdilər. Yunus Oğuz gah  ciddi ironiya, gah da açıq bir tövrlə, heç bir lağa qoymadan paşinyanların bütöv ERMƏNİ xtslətini canlandırır. Əsrlər boyu bu ERMƏNİ XİSLƏTİ dəyişmir. Ancaq 44 günlük Qarabağ zəfəri "Dənizdən dənizə böyük Ermənistan" xəyallarını puç elədi.

İkinci xətt- "Cığır"ı həm də müharibə romanı adlandırmaq olarmı? Axı,  müharibə  romanlarında döyüş səhnələri olur, ya da  müharibə gedən illərdə arxa cəbhə təsvir olunur ki, bu da az əhəmiyyətli deyil.  "Cığır"da  genişliyilə olmasa da, bir neçə döyüş səhnəsi təqdim edilir. "Erməni əsgərləri arasında  vahimə yarandı. "Kölgə əsgərlər"  sözü  onları  elə qorxuya salmışdı ki, hara gəldi, gülləni atırdılar..Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə  qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə  atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyitlərlə dolmuşdu. Səhərə yaxın  Şuşa yolunda  daha heç kim qalmamışdı". Ümumən roman bütünlüklə müharibədən danışır, müharibənin bütün gedişatından xəbərdar oluruq, biz müharibənin insan talelərinə necə ağır zərbələr vurduğunu da izləyirik.

Üçüncü xətt-  "Cığır" həm də Xalq romanıdır. Əsərdə- əksər səhifələrdə Xalqın iradəsi, otuz illik həsrətə son qoymaq, doğma torpaqlara qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi ki, elə bir yer  yox idi ki, bu barədə danışılmasın, arzu-istək bildirilmıəsin. Xüsusən, xeyir-şər məclislərində bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə qalmasın". Yunus Oğuz romanda Xalqla hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə nəzərə çatdırır və doğrudan da, Lələtəpə və Tovuz döyüşlərində bu vəhdət daha artıq hiss edildi. "Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan  böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi".Azərbaycan ordusu isə artıq dünyanın ən güclü, ən müasir bir ordusuna çevrilmişdi və 44 günlük müharibədə qazanılan qələbələr də bunu sübut etdi" Müəllif Tovuza tələsən, orduya yazılmaq istəyən minlərlə azərbaycanlının intiqam hissini qələmə alır, əslində, bütün bunlar bizə tanışdır, amma bədii əsər bu təsirli səhnələrdən yan keçə bilməz. "Baxın: bir atanın dilindən nə eşidirik: "Üç oğlumdan biri  dövlətə, Vətənə qurban olsun!- Yanındakılara baxıb  fəxrlə əlavə etdi.- Amma demişəm: Kürəyindən güllə dəyib ölsən, heç qəbrinin üstünə də gəlməyəcəm.  Belə ölümlə rayonda biabır olaram. Qonum-qonşu deyər ki, ə, sən niyə kişi olursan? Oğlun erməninin qabağından qaçanda ölüb də. Ətrafdan səslər gəldi:

-Halal olsun!

-Afərin!"

Yunus Oğuz milli dəyərlərə bağlı yazıçıdır və "Cıjğır"da da bu dəyərlər, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə vəsf olunur. General Polad Həşimovun simasında təkcə sərkərdə obrazını deyil, həm də milli -ailəsinə, əsgərlərinə və ən başlıcası Vətəninə bağlı milli-mənəvi dəyər meyarı ilə qarşılaşırıq.  Müharibə-xalqın taleyini, ölüm-dirim savaşını həll edən psixoloji bir məqamdır. Müharibə insanları sınaqlardan keçirən məhək daşı deyilmi?  Əgər su satan balaca bir uşaq  satdığı suyun pulunu almırsa, bu da milli-mənəvi dəyərin kiçik də olsa, bir detalıdır. "Əmi, ağzında deyirsən, kişi oğluyam. Bu pulu ala bilmərəm". Beşinci sinif şagirdi Aybənizin əsgərə məktubu da o detallardan biridir. Romanda Əzizənin (onlarla Azərbaycan qadınlarından biri) əri Farizin ölümündən sonra keçirdiyi hisslər, mağazadan aldıqlarının pulu ödəniləndə etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi keyfiyyətdir. Ancaq müharibə dövrü qadınları içərisində Nargül kimiləri də var ki, şəhid ərinin ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə yollanır. Qəbələnin  Tüntül  kəndində yaşayan  Gülbala kişinin üç oğlu-Elgün, Elkin, Turan Vətən müharibəsində iştirak edirlər, belə ailələr Azərbaycanda az deyildi. Ədliyyə işçisi olan Kamran birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə yollansın, o, Suqovuşanda böyük hünər göstərir.Bəs Cəbrayıl Dövlətzadə necə( Əslən Zəngilandan olan Cəbrayıl Sumqayıtda-Corat qəsəbəsində doğulmuşdu. O, əliyalın olsa da, bir erməni polkovnikini  bıçaqla, bir generalını isə əliylə boğub öldürür, özü də həlak olur. "Cığır"da belə misallar az deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi qüdrətini əks etdirir. Qarabağ müharibəsi də təklərin, fərdlərin böyük axında - Orduda, "torpaq uğrunda ölən varsa, Vətəndir" məramında birləşməsi, cığırların böyük Yola çevrilməsini əks etdirdi.

"Cığır" romanı son otuz ilin ictimai-siyasi mənzərəsini canlandırmaq, bədii-publisistik yolla bu mənzərəni əks etdirmək, "Qarabağ-Azərbaycandır!" nidasının Qələbə, Zəfər ahənginə çevrilməsini, Azərbaycan tarixinin misli görünməmiş səhifələrini yaratmaq, böyük Azərbaycan və Azərbaycanlı obrazlarını dünyaya tanıtmaq baxımından Yunus Oğuzun uğurlu əsəridir.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.