Super User
Günün fotosu: Rusiyanın Xarkov qətliamı
Günün fotosu: Rusiyanın Xarkov qətliamı
Rus işğalçı ordusunun Ukraynanın Xarkov şəhərini bombalaması nəticəsində dinc sakinlərdən ölənlərin sayı 21 nəfərə çatıb.
Foto: Euronews
Mədəniyyət Nazirliyinin nəzdindəki dövlət xidməti Cenevrədə ölkəmizi təmsil edib
Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən interaktiv dialoq zamanı Komitə üzvləri tərəfindən ünvanlanan sualları cavablandırıb.
Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.
“Yayın son filmləri” festivalı keçiriləcək
“CinemaPlus” kinoteatrlar şəbəkəsində avqustun 22-dən 31-dək “Yayın son filmləri” festivalı keçiriləcək.
Filmlər xüsusi endirimli qiymətə təqdim olunacaq.
“ATV” telekanalında yayımlanan "Kardeşlerim" serialına yeni aktyorlar daxil olub.
Portalımız axşam.az-a istinadən xəbər verir ki, ekran işində Kaan Çakırla Nihan Büyükağaç rol alacaq.
Çakır "Ömər"in atası "Ahmet" obrazına həyat verəcək. Aktrisa isə onun həyat yoldaşı "Şevval"ı canlandıracaq.
Bu gün Federiko Fellini yaradıcılığından həzz ala biləcəksiniz
Bu gün - avqustun 20-də “YARAT film klubu” çərçivəsində “Artım” layihə məkanında dünyaşöhrətli italiyalı rejissor Federiko Fellininin psevdosənədli film üslubunda lentə aldığı "Orkestrin məşqi" filmini təqdim edəcək.
Ekran əsərinin nümayişindən sonra Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə "Kino və psixoanaliz" mövzusunda açıq müzakirə olacaq.
Film nədən bəhs edir? Simfonik orkestrin məşqindən əvvəl musiqiçilər qəfil gələn televiziya çəkiliş qrupuna müsahibə verirlər. Dirijor zala daxil olur və məşq başlayır. Dirijorun tələbkarlığı, iradları musiqiçilərin narazılığına səbəb olur və bayaq ruh yüksəkliyi ilə musiqi haqqında ürək sözlərini deyən insanlar bir anda məhvedici qüvvəyə, coşqun üsyançılara çevrilirlər...
Nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçiriləcək.
Şəkillərdə: Dahi Fellini; Filmdən fraqment
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkədəki Kinematoqrafiyanın İnkişaf Mərkəzinin direktoru Cavlon Kamalov arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Özbəkkino Mill Agentliyi, Kinematoqrafiyanın İnkişaf Mərkəzi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq, layihələrin reallaşdırılması, Özbəkistanın televiziya kanalları, telelayihələrdə Azərbaycan incəsənət xadimlərinin çıxışları, habelə bu il Daşkənddə keçiriləcək beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin keçirilməsi müzakirə edilib.
Tərəflər sentyabrın 14-dən 18-dək Özbəkistanda keçiriləcək “İpək yolunun incisi” adlı Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günü” tədbirinin keçirilməsi ilə bağlı fikir və təkliflərini bölüşmüşlər.
Qeyd edək ki, Beynəlxalq kino günləri çərçivəsində “Azərbaycan kinosu günləri”nin rəsmi açılış mərasimi Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşdırılacaq və eyni zamanda Buxara şəhərində də Azərbaycan filmlərinin nümayişi təşkil ediləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə müvafiq iş aparıldığını qeyd edərək, Özbəkistandakı keçiriləcək beynəlxalq kino festivalında yeni Azərbaycan filmlərinin nümayiş etdiriləcəyini, tanınmış kino xadimlərinin, kinematoqrafçıların, incəsənət xadimlərinin iştirak edəcəyini bildirib.
Bundan başqa Özbəkistanın regionlarında “Kino günləri”nin keçirilməsini nəzərə alaraq, sentyabrın 17-də Buxara şəhərində də Azərbaycan filmlərinin təqdimatı keçiriləcəkdir.
Tərəflər birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rejissor Şamil Əliyevin üç filmi beynəlxalq festivallarda müxtəlif mükafatlar qazanıb
Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”), “Xalı” (Carpet) və “Qız qalası” (Maiden tower) film layihələri Hindistan, Sinqapur, ABŞ və Niderlandda bir çox festivallarda “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film ssenarisi” və “Ən yaxşı rejissor” nominasiyaları üzrə müxtəlif mükafatlara layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov, eləcə də Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, həmçinin əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.
Filmdə həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onlara olan qayğısından danışılır.
“Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
“Xalı” kinolayihəsi unikal Azərbaycan xalçasının film boyu toxunub işlənməsi, bir növ xalını filmin metaforik baş qəhrəmanına çevirir. Filmin sonunda isə onun bir əsər kimi tamamlanıb ortaya qoyulması xalqımızın mədəni irsinin ölməzliyinə, daim yaşarlığına bir işarədir.
“Qız qalası” bədii film layihəsinin süjet xəttində Mariya ilə Rəfael arasında baş verən sevgi, adət və ənənələrə bağlı zehniyyətin fövqündə durur. Onların hər ikisi özgə mədəniyyət və sivilizasiyaya sağlam anlayışla yaxınlaşırlar. Rəfaelin böyük qardaşı olan Kamil konservativ düşüncənin əsiri olub, eqoizmin, daha sonra isə qorxunun toruna asanlıqla düşə bilir. Bu an əxlaq, mədəniyyət, hətta dini anlayışlara yad olan şər (Oliqarx) meydana çıxıb öz şərtlərini diktə etməyə başlayır. Müxtəlif sivilizasiyaların, o cümlədən, xristianlıq və müsəlmanlıq arasındakı bir-birinə olan qarşıdurmanı aradan qaldırıb, fikir ayrı-seçkiliklərinin ləğv olunması və dialoqa gəlməsi bu dar keçiddən sıyrılmanın başlıca yoludur.
“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində
Sentyabrın 24-də yeni teatr mövsümündə Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.
Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.
Marionetləri Nazim Hüseynov, Əli Allahverdiyev, Həsən Yaqubov, Hikmət Aydınoğlu, Fikrət Hacıyev, Aytən Qurbanova idarə edəcəklər.
Xatirələri redaktə etmək olmaz - 5 gün dalbadal yəhudi şeiri
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.
Nurit Zarxi
Nurit Zarxi (1941)- tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Tel-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. “Yediot axronot” qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.
Kişilər
Onlar niyə xoşbəxt olmadım deyə məndən hesab sorurlar,
hər dəfə də məni söz ehtiyatları ilə sarsıdırlar.
Onlar dilimdən iltizam almaq istəyirlər taleyimlə bağlı,
və fikrimi yönəldirlər ki,
sən demə, o şəhərdə yaşamamağımızın səbəbi
mənim pişiyimmiş.
Beynəlxalq konfliktlər zamanı
onlar məni anamgilə sürgün edirlər,
sanki mənim “ana”lığım boş şeymiş.
Onların bəziləri öz bişirdiyim peçenyeni uzadırlar mənə,
“sağ ol” gözləyirlər elektrikin kəşfinə,
qışa və mürəbbələrə görə. Mürəbbə sevməməyim isə
heç nəyi dəyişmir, onsuz da xatirələrimi redaktə edirlər onlar.
Gizlində inanırlar ki, səhmlərim var mənim,
amma bölüşmürəm heç kimlə,
gündəlik istifadə üçün nələrisə almaq istəyəndə onlarla birgə
ya yorğun olurlar, ya da ölçülərimdən narazı qalırlar.
“Narsiszm” sözünü gözlərini qıyaraq tələffüz edirlər,
sanki qəlyan çəkib acıqla donquldanırlar
pəncərələri yelçəkəndən və miçəklərdən qoruyanlar kimi.
Qorxularından azad olan kimi isə
hava ehtiyacımı qısqanır, hirslənirlər.
Çıxıb gedəndə fincan boşluğu buraxırlar arxalarında,
əvəzində mənim leksikonumu götürürülər,
sonra isə öz ömürlərinə dalırlar –
dənizə baş vuran Hollandiya kimi,
bir də ağrının mühərrikini işə salmaq üçün
heç bir sintaksis saxlamırlar mənim üçün.
Barbarlar
Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq. Ola bilməz ki, həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı, yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu və nə qədər ki o qocalmayıb
gündüzü gizlədən sevgi dolu gecələri olan həyatım.
Üstündə uşaqların şəkli, yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar? Dəyəsən zaman ciblərini boşaldıb.
Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız, birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki, elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.
Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa, tapdanmasaydı-
görəsən hardaydı, necə olardı onlar...
Akademik Rus Dram Teatrı sentyabr repertuarını açıqlayıb
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
Teatrın repertuarını təqdim edir:
16 sentyabr - “Və qadın gəlirdi...”,
17 sentyabr – “Evlilik”,
18 sentyabr – “Maskarad”,
23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”,
24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”,
25 sentyabr – “Sürprizlər günü”,
30 sentyabr - “Qürur və qərəz”.
Uşaqlar üçün:
17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”,
18 sentyabr – “Düyməcik”,
24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”,
25 sentyabr – “Nağılı tap–5”.
Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.