Super User
Bu gün dar ağacına “salam” deyən böyük şairin yibiley günüdür
Elman Eldaroğlu yazır
Keşməkeşli bir həyat yaşayıb. Dəfələrlə ölüm mələyi ilə üz-üzə dayanıb, onun bənzərsiz qoxusunu ciyərlərinə çəkib. Dörd yaşı olanda ağır xəstəliyə düçar olub. Bunu görən valideynləri uşaq sağ qalsın deyə, əhd edib adını dəyişiblər. Ölməyib, yaşayıb və bir gün 43 yaşında olarkən özünü dənizə atıb...
Deyir ki,- “Biilirsinizmi, insan intihara nə vaxt qərar verir? Yaşamaq ölümdən daha qorxulu olanda. Deyə bilmərəm, bu necə baş verir, amma onu yaxşı bilirəm ki, uğursuz intiharların hamısı sonradan insanın həyatında dəyişikliklərə səbəb olur. Mən anları yaşayan adamam. Nə istəsəm, eləmişəm. Şair üçün həyatında ekstremal anları yaşamaqdan daha gözəl heç nə ola bilməz. Nəsiminin dediyi kimi:- Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm...”
Məcara dolu belə anlar onun həyatında çox olub, amma heç vaxt sonradan onlar haqda düşünməyib. Bəlkə də “dostluq” etdiyi şəkər xəstəliyilə əlaqədardır, bilmirəm, axı bu azar adamda yaddaş problemi də yaradır...
“Mən bütün həyatımı nigarançılıq içində yaşamışam, elə indi də belədir. Anları yaşamaq cəhdim də, bu nigarançılıqdan qurtulmaq üçündür. Nigarançılıq da dünyadakı ən ağır duyğudur. Bütün türk dünyası məni tanıyır, amma bu məşhurluq da məni xoşbəxt edə bilmədi. Hərənin həyatda bir missiyası var. Mənim missiyam yazmaq, türkçülüklə, milliyətçiliklə bağlıdır və bu missiyada xoşbəxt olmaq yoxdur. Belə də ki, xoşbəxtlik nisbi anlayışdır, hər kəs bir cür qələmə verir.”- söyləyir...
Haqqında söhbət açdığım Rüstəm Behrudi 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra, orta təhsilini Cəfər Cabbarlı adına Biləv kənd məktəbində başa vurub. Bir il Behruddakı kolxozda işləyib. Daha sonra Naxçıvan Dövlət Pedaqoji institutunun Tarix-ədəbiyyat fakültəsində ali təhsilə yiyələnib və oranı fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib, rayon muzeyində elmi şuranın üzvü kimi çalışıb.
1984-cü ildən Bakıda yaşayır. 1986-1990-cı illərdə "Yazıçı" nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində işləyib. Həmçinin bir müddət də Sabir Rüstəmxanlının rəhbərliyi altında nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərib. Sovet dönəmində fikir və düşüncələrinə görə təqib olunub və həbsxanada yatıb...
Deyir ki,- “Həbsxanada yatmağı heç vecimə də almadım. Düzgün yolda olduğumu yaxşı bilirdim. Mən ölümün gözünə dik baxmağı bacarıram. Doğrudur, hər adamın bir əbədiləşmək istəyi var. Şairlərin də xüsusilə. İstəyirlər bütün zamanlarda onlardan yazsınlar, onlar haqqında düşünsünlər. Ona görə, bəzi şair və yazıçılar yalandan danışırlar ki, mən ölümdən qorxmuram- filan. Ancaq mən bir neçə dəfə ölümü yaxından gördüyüm üçün həqiqətən də buna öyrəşmişəm...”
Verdiyi qərarlar çox ciddi olur. Gördüyü işlər ağıl və məntiqə söykənir. Nizam-intizamı və dürüstlüyü sevir. Otuz ilə yaxındır ki, “sehirli qutuda” verilişlərə getməkdən imtina edib. AzTv-də ümumiyyətlə heç vaxt görünməyib...
“Məni müxalifətçi bilirdilər deyə, dəvət etmirdilər. İndi də, elə bilirlər. Keçən dəfə “Mədəniyyət” kanalından çağırmışdılar, orada təqdimatımı yazanda dedim, sadəcə adımı yazın, heç bir mükafat- filan qeyd etməyin, xalq məni tanıyacaqsa, elə adımla tanısın. Mənim üçün adlar, mükafatlar dəyərli deyil. Məsələn, bu gün “xalq şairi” adının mənim aləmimdə heç bir dəyəri yoxdur. Hər gün efirə çıxan xalq şairləri məndən daha məşhurdurlar, ya məndən daha çox sevilirlər? Mənim kitabım daha çox satılır, ya onların? Xeyr, istəmirəm. Versələr də qəbul etmərəm. Mənim öz ölçülərim var. Arxasında yaradıcılıq olmayan ad, mükafat kimə lazımdır? Bir də ki, Azərbaycan ədəbiyyatında nümunələr var da. Məsələn, Əkrəm Əylisli nümunəsi. Deməli, verilən bir şeyi səndən geri də ala bilərlər. Ona görə də belə şeylərə can atmaq axmaqlıqdan başqa bir şey deyil.”- söyləyir...
Cavanlığından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, sonradan bu qurumu mənasız saydığından, dörd-beş ildir ki, oradan uzaqlaşıb. Bunu Anara, ya da orada çalışan digərlərinə görə etməyib, heç bir qərəzi də yoxdur. Sadəcə, Azərbaycan Yazıçılar Birliyinin heç vaxt Azərbaycanın taleyüklü məsələlərində öz sözünü demədiyini əsas gətirir və orada olub, onların günahlarına şərik olmaq istəmir...
Deyir ki,- “Ümumiyyətlə, bu təşkilatın mahiyyətini anlamıram. Dünyanın heç bir yerində Yazıçılar Birliyi yoxdur. Daha çox keçmiş sovet ölkələrində ideologiyanın təbliği üçün lazım olan bir qurumdur. Avropa ölkələrindəki birliklər tamam fərqlidir. Onlar yazıçıların özlərinin müstəqil şəkildə yaratdıqları birliklərdir...”
Bəli, bütün ömrünü ədəbiyyata həsr etmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə ötən əsrin yetmişinci illərində başlayıb. Əlli ildən çoxdur ki, bu yoldadır. İlk şeirini orta məktəbdə yazıb. Sonradan şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edib. O, öz yaradıcılığında həmişə türkçülük və dərviş fəlsəfəsinə üstünlük verib. "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi", “Qızıl alma", "Məzarlıqda bitən yovşan" şeir kitablarının və "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. "Şaman duası" kitabındakı şeirlər türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Beliçkada, Türkiyədə, İranda, Avstriyada, Almaniyada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazdığı "Salam, dar ağacı" şeiri isə müstəqillik ərəfəsində, Azərbaycanda vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir...
Sentyabrın 12-də - yəni ki, bu gün xalqın sevimli şairi, xalqının şairi Rüstəm Behrudinin 65 yaşı tamam olur.
Düşündüm ki, bu münasibətlə onu duyduğum, anladığım qədər vəsf edim, ömür yoluna işıq tutum. Nə qədər bacardımsa bilmirəm.
Söhbətimi şairin “Mən qəm yolçusuyam” adlı şeirindən bir parçayla bitirrmək istəyirəm və ona möhkəm cansağlığı, firəvan həyat arzulayıram:
“Məni anlayan yox, məni duyan yox,
Başını itirmiş bu yer üzündə.
Bu cür təkliyimdə, tənhalığımda,
Mənəm bu dünyanın sonu, əvvəli.
Nə axır bilinir, nə də ki əzəl,
Oturub bir qərib çölün düzündə.
Elə bu təkliyə, bu tənhalığa
Ürəkdən qurd kimi ulamaq gözəl...”
“Yogev Şetrit” triosu Bakıda konsert verəcək
Bir neçə gündən sonra XVII Bakı Beynəlxalq Caz Festivalı başlayır. Builki festivala dünyaca məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Yogev Şetrit” triosu da var.
Sentyabrın 29-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas), Devid Şitrit (fortepiano) ilə “Madrid Restobar”da çıxış edəcək.
Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. “Yerusəlim İvrit Universiteti”ndə Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.
Növbəti Milli Kitab Sərgisinin vaxtı bəlli oldu
Növbəti Milli Kitab Sərgisi ilə bağlı tarix bəllidir. 24 sentyabr -1 oktyabr. Ünvan dəyişməz qalır, yenə Bakı İdman Sarayı.
Bu dəfə təşkilatçı - “Qanun” nəşriyyatı bizi daha möhtəşəm bir sərgi görəcəyimizə əmin edir. “Ədəbiyyat və incəsənət” portalı nəşriyyatın rəhbəri Şahbaz Xuduoğluya istinadən xəbər verir ki, sərgidə izləyiciləri bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, kitab imzaları, kitab oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları gözləyəcək.
Şahbaz Xuduoğlu deyir: “Əziz dostlar,
Bilirəm, Sərgi və Sərgidəki mühit üçün, kitab ətrafında olan söhbətlər üçün darıxmısınız. Kitab sərgiləri məhz bu cəhətinə görə digər sərgilərdən fərqlənir. Bu sərgidə çox böyük endirimlər olacaq. 30%-dən başlayaraq. Bütün axtardığınız kitabları məhz Milli Kitab Sərgisində tapacaqsınız; köhnə, yeni, hər növ janrda və hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə...
Milli Kitab Sərgisinə hazırlıq başladı. Milli Kitab Sərgisi Azərbaycan kitabının hərəkətverici qüvvəsi, mədəniyyətimizin qovşağıdır. Milli Kitab Sərgisinə dəstək verək, təbliğ edək, kitabımız hər yerdə oxunsun!”
Venesiya kinofestivalı amerikalı rejissor Lora Poytrasın qalibiyyəti ilə başa çatdı
İtaliyanın Venesiya şəhərində keçirilən dünyanın ən nüfuzlu kino festivallarından biri - 79-cu dəfə təqdim edilən Venesiya Kinofestivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı İnterfax agentliyinə istinadən xəbər verir ki, festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun ən yeni əsərləri ictimaiyyətə təqdim olunub. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.
Lido adasında keçirilən mükafatlandırma mərasimində Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb. İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.
Məşhur iranlı rejissor Cəfər Pənahi bu dəfə də əliboş qalmayıb. Dahi rejissorun “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilər, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlar arasında “Volpi” kubokunu qazanıb.
Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.
Qeyd edək ki, Ukrayna təcavüzünə görə Rusiyanın cəzalandırılması səbəbindən rus kinematoqrafiyası festivala buraxılmamışdı.
Xatırladaq ki, festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.
Film uğur qazanmasa da, iştirak özü diqqətçəkən idi.
Sevindirici haldır ki, heç nə insanları klassik kitabdan soyutmur
İnternet həyatın bütün sahələrinə hakim kəsilməsinə baxmayaraq, kitablara hələ də qalib gələ bilmir. 2021-ci ildə qlobal kitab bazarının həcmi 138,35 milyard dollar olub. Hər il bazarın həcmi təxminən 1.9% artır və bu trendin ən azı 2030-cu ilədək davam edəcəyi proqnozlaşdırılır.
Sevindirici haldır ki, nə elektron formatların, nə də audiokitabların geniş yayılması insanları klassik kağız kitablardan soyutmur və uzaqlaşdırmır.
Qardaş ölkə Türkiyədə 2020-ci ildə 433 milyondan çox kitab istehsal edilib. Bu, adambaşına təxminən 5-6 kitab deməkdir. Müqayisə üçün belə bir rəqəm gətirim: Rusiyada həmin il təxminən 260 milyon kitab nəşr olunmuşdu.
Ümumiyyətlə, hazırda dünyada kitab bazarının tənəzzüldə olduğu yerlərdən biri Rusiyadır. Bu il orada kitab satışının ötən illə müqayisədə 6%, pandemiyadan əvvəlki vəziyyətlə (2019-cu il ilə) müqayisədə isə 12% azalacağı gözlənilir. Bunun iki əsas səbəbi var. Sanksiyalar üzündən əhalinin gəlirlərinin azalması və mətbəələrdə kağız, rəng, yapışqan və s. materialların qıtlığının yaranması. Nəticədə Rusiyada kitabların qiyməti durmadan bahalaşır ki, bu, əhalinin sosial vəziyyətinin pisləşməsi fonunda kitab satışının azalmasına gətirib çıxarır.
Azərbaycan hökumətinin kitab idxalını ƏDV-dən azad etməsi gözəl və müdrik addım idi. Amma Rusiyanın kitab sənayesində qıtlıq və bahalaşma qiymətlərə elə təsir göstərir ki, bizim bazarda da bahalaşma qaçılmaz olacaq. Çünki ölkəmizin kitab idxal etdiyi yerlərdən biri məhz Rusiyadır. Azərbaycanın kitab bazarında idxalın payı çox böyükdür. Buna əmin olmaq üçün heç bir statistikaya ehtiyac yoxdur – sadəcə istənilən kitab mağazasına girin və ətrafa boylanın. Xüsusilə də Türkiyənin kitab bazarındakı trendlər Azərbaycana ciddi təsir göstərir.
Amma bizdə başqa bir məqam da var: kitab piratçılığı. Xırda mağazaların əksəriyyətində məşhur kitabları sadəcə götürüb vərəqləmək kifayət edir ki, keyfiyyətindən onların kontrafakt olduğunu anlayasan. Qeyri-leqal kitab məhsulları həm birbaşa ölkədə nəşr olunur, həm də Gürcüstan və Türkiyədən gətirilir. Ona görə də, bazarın real vəziyyətini tam olaraq anlamaq mümkün deyil. Gürcüstandan gətirilən ingilis dilindəki kitablar orijinallarından bir neçə dəfə ucuz olurlar.
Hazırda həm qlobal, həm də lokal kitab bazarlarında vəziyyət belədir ki, rəsmi satış azalır, amma ümumi dövriyyə artır. Çünki bütün məhsullar kimi kitabların da qiyməti bahalaşır. Sənayenin ümumilikdə hansı istiqamətdə gedəcəyi dünya iqtisadiyyatı sabitləşəndən sonra daha aydın olacaq. Amma geniş mənada vəziyyət aydındır: Kitab biznesinin gələcəyi var! O, mətbuatdan fərqli olaraq, internetə uduzmayıb, əksinə, çox uğurlu konvergensiya yaradıb: Bütün dünyada “yutub”, “instagram”, “TikTok” ulduzları, məşhur blogerlər kitablar yazır, öz onlayn nüfuzlarından real kitablarını satdırmaq üçün istifadə edirlər. Üstəlik, onlayn mağazalar kağız kitabların satışına əlavə yardım edirlər.
Bu vəziyyət kitabın fundamentallığını bir daha təsdiqləyir. Texnologiyanın hansı həddə inkişafından asılı olmayaraq, kitab var və olacaq. Bu, hər şeydən əlavə, bir kitabsevər və müəllif kimi məni də çox sevindirir.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru
Rejissor Hilal Baydarov uğurları sıralamaqdadır
“Balıqlara xütbə” filmi Cənubi Koreyada nümayiş olunacaq
İstedadlı Azərbaycan rejissoru Hilal Baydarovun “Balıqlara xütbə” filmi “Busan” Beynəlxalq Film Festivalının "Asiya Kinosuna Pəncərə" bölümündə nümayiş olunacaq.
Sözügedən festival oktyabrın 5-dən 14-dək Cənubi Koreyanın eyniadlı şəhərində keçiriləcək.
Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Asiyanın ən əhəmiyyətli film festivallarından biridir.
(Daha ətraflı növbəti buraxılışlarımızda)
Bu gün Bakıda “Kids Festival”ının açılışı olacaq
Sentyabrın 10-11-də Bakıda Uşaq musiqi və incəsənət məktəblərinin Xalq çalğı alətləri şöbəsində ifa edən şagirdlərin iştirakı ilə “Kids Festival”ı keçiriləcək. Festival “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən “Ustad dərsləri” layihəsi əsasında reallaşacaq.
Bu festivalda, eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin “Nağara” ansamblı, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin “Saz” Ansamblı, Şüvəlan qəsəbə Mədəniyyət Evinin və Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Səma” rəqs ansamblı iştirak edəcəklər.
Bundan əlavə, animasiya şousu, teatr tamaşaları, nağıl saatı, uşaqlar və böyüklər üçün ustad dərsləri də festival proqramına daxildir.
Günün fotosu: Britaniya matəm içindədir
Günün fotosu: Britaniya matəm içindədir
Böyük Britaniyada Kraliça II Yelizavetanın vəfatı ilə bağlı matəm davam edir.
Foto: Euronews
Mən heç müğənni olmaq istəmirdim".
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Özəl" verilişinə qonaq olarkən deyib.
İfaçının əsl istəyi başqa imiş:
“Diktor olmaq, xəbərlər oxumaq istəyirdim. "Sən gəlməz oldun" klipimdə televiziya aparıcısını canlandırıb, içimdəki o arzunu az da olsa, yaşamış oldum", - deyə, F. Ağayev bildirib.
Anam həyatın ağır zərbələrinə dözüb
“Ədəbiyyat və incəsənət” moderator.az saytına müsahibə verən Cahangir Novruzovun bəzi cavablarını oxucularına təqdim edir. Xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov anası haqda xatirələrini də bölüşüb.
“Anam həmişə deyirdi ki, "sənət bir dənizdir, dəniz ölü balıq saxlamaz". Əgər sən sənətdə heç bir şey etməsən, ölü sənətkar olsan sənətin dalğası səni bir tərəfə atacaq. Anam mənə uşaqlıqdan işimdə tələbkar olmağı öyrədib.”
“Türkiyəyə əslində gedib qayıdacaqdım. Fikirləşirdim ki, 4-5 il gedib qalım, sonra geri qayıdım. Qoymadılar geri dönüm, mənə burada yuva tikdilər. Burada pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrim məni çox istəyirlər, universitet kollektivim mənə dəyər verir. Türkiyədə teatr sənətinin inkişafına, tədrisinə çalışıram. Həqiqətən də vətəni qardaş ölkədə təmsil etmək qürurvericidir"
"Mən evin tək övladıyam. Anam evdə hər zaman ciddi olub. Düzgünlüyü və dürüstülü var idi. Etdiyim səhvə görə ondan üzr də istəyirdim, bəzən heç gözümün yaşına da baxmazdı. Anamla bir neçə tamaşada tərəf müqabili də olmuşam. Bəzən söz yadımdan çıxırdı. Nəsibə xanım deyirdi ki, söz yadından çıxmamalıdır! "Qaynana" tamaşasında söz yadımdan çıxmışdı, amma vəziyyətdən yaxşı çıxdım. O vəziyyəti bir anam bildi, bir də ki, mən.”
“Nəsibə xanım mənim həyatımda böyük rol oynayıb. O mənə həm ana, həm də müəllim olub. Atam rəhmətə gedəndə 40, anam rəhmətə gedəndə isə 50 yaşım var idi. Hər dəfə keçmişdən danışanda gözləri dolardı. Ona görə də söhbəti tez kəsirdim. Anam həyatın ağır zərbələrinə dözüb"
"Bizim Cəbiş müəllim" filmində deməzdim ki, çəkilmişəm, sadəcə görünmüşəm. Anamla birlikdə ekran işində sadəcə iştirak etmişəm. Meyxana epizodunda və bir neçə səhnədə dostlarımla birlikdə görünürəm. Həmin meyxana səhnəsində mənə bir dəftər verdilər. Dəftərin içərisində 7-8 meyxana var idi. Həsən müəllim dəftəri açıb baxdı, dedi ki, filan meyxananı oxuyarsız. İlk dəfə idi ki, Həsən Seyidbəyli meyxana janrını filmdə istifadə etdi. Həsən Seyidbəylini mən həqiqətən də çox istəyirdim. Allah onun ruhunu şad etsin. Bu film Azərbaycan kinematoqrafiyasının şah əsərlərindəndir. Üstündən 50 il keçsə də film baxılır və baxılacaq"