Sentyabrın 10-11-də Bakıda Uşaq musiqi və incəsənət məktəblərinin Xalq çalğı alətləri şöbəsində ifa edən şagirdlərin iştirakı ilə “Kids Festival”ı keçiriləcək. Festival “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən “Ustad dərsləri” layihəsi əsasında reallaşacaq.
Bu festivalda, eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin “Nağara” ansamblı, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin “Saz” Ansamblı, Şüvəlan qəsəbə Mədəniyyət Evinin və Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Səma” rəqs ansamblı iştirak edəcəklər.
Bundan əlavə, animasiya şousu, teatr tamaşaları, nağıl saatı, uşaqlar və böyüklər üçün ustad dərsləri də festival proqramına daxildir.