Super User

Super User

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi baş tutub. 

Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı milli geyim kolleksiyası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovaya istinadən xəbər verir ki, tədbirdə  çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına Fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib. 

Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycanın, o cümlədən Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb. Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi. 

Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib.  Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə sevinc hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb. 

Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Gülnarə Xəlilovaya xatirə hədiyyəsi və təşəkkür bəlgəsi təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Thursday, 29 December 2022 09:30

Beynəlxalq Türk Akademiyasında görüş

Qazaxıstana rəsmi səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət edib və təşkilatın yeni təyin olunmuş prezidenti - azərbaycanlı Şahin Mustafayevlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fondun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə türk xalqlarının qədim tarixə söykənən dostluq və qardaşlıq bağlarından, müasir dövrdə qarşılıqlı münasibətlərindən bəhs olunub. Türk dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. 

Tərəflər türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk Əməkdaşlıq Təşkilatlarının roluna və fəaliyyətlərinə diqqət çəkərək, rəhbərlik etdikləri təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə atılacaq addımları dəyərləndiriblər.

Görüş Fond və Akademiya arasında əməkdaşlığın genişləndirilməsinin gələcək perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.

Günay Əfəndiyevanın Qazaxıstana səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

 Nüsrət Kəsəmənlinin doğum gününə

 

Həqiqətən də Nüsrət Kəsəmənli barədə saatlarca danışmaq olar. Şeirləri dillər əzbəri olub onun. Xüsusən sevgi şeirləri.

1946 -cı il dekabr ayının 29-da Qazaxda, Kəsəmən kəndində anadan olan Nüsrət Kəsəmənli bədii yaradıcılığa XX əsrin 60-cı illərində başlayıb, şeirlərinin əsas mövzusu məhəbbət olsa da, insanpərvərliyə, yеr üzərində əminamanlığa, vətənə, torpağa aid müxtəlif əsərlər yaradıb. Onun “Dəli bir ağlamaq kеçir könlümdən”, “Biri vardı, biri yox”, “Oğru olmaq istəyirəm” kimi şeirlərinin dillər əzbəri olması fenomenini isə heç kəs aça bilmir, Nüsrət Kəsəmənli Səməd Vurğundan sonra şeirlərini dillər əzbəri etmək missiyasını uğurla davam etdirib.

Nüsrət Kəsəmənlinin lirikası o qədər axıcı, gözəldir ki, hər şeiri özlüyündə bir mahnıdır sanki, təsadüfi deyil ki, “Dünya köhnə dünyadır”, “Unut kədərini”, “Allahım, ayırma bizi”, “Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, “Biri vardı, biri yox...” kimi yüzlərlə şeirinə musiqi bəstələnib.

Fəal ictimaiyyətçi olan Nüsrət Kəsəmənli 1981- 1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilib, 1985-ci ildən C.Cabbarlı adına “Azər­baycanfilm” kinostudiyasında baş redaktor kimi çalışıb, 1982-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.

Əfsuslar olsun ki, böyük şair çox az ömür yaşayıb, 2003-cü il oktyabr ayının 16-da 57 yaşında müalicə aldığı Təbriz şəhərində vəfat edib.

Nüsrət Kəsəmənli yüz minlərin yaddaşındadır, ədalətsizlik edib xalq şairi titulunu ondan əsirgəsələr də o, həqiqətən xalqın şairidir. Əminik ki, ədalət haçansa bərpa ediləcək, ona ölümündən sonra Azərbaycanın Xalq Şairi fəxri adı veriləcək. Çox inanırıq!

 

Könlünə dəydiyim, incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir,

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir.

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim,

Səndən dünyaları istəmirəm, yox,

Məni bağışlasan, bəsimdir, bəsim.

Yan desən, alışıb yana bilərəm.

Don desən, yerimdə dona bilərəm!

İndi bilmişəm ki, ömür-gün gedir,

Ən gözəl hisslərim keçir könlümdən,

Qayıt! Sən ömrümə təzəlik gətir;

Dəli bir ağlamaq keçir könlümdən.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

 

Thursday, 29 December 2022 08:30

Puç olmuş arzuların filmi

Bir əzabkeş qadının taleyindən müharibə necə keçib? “Maya” sənədli filmi bu barədədir və filmin çəkilişləri artıq yekunlaşıb.

 

Filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, filmin çəkilişlərinə artıq yekun vurulub: “Sənədli film hazırda montaj prosesindədir, 2023-cü ilin ilk aylarında təqdim olunacaq”.

Rejissor filmin əzablı, iztirablı qadın taleyindən bəhs etdiyini vurğulayıb: “Filmin qəhrəmanı Maya iki müharibə görüb. Uşaq yaşlarından dəhşətli faciələr yaşayıb: köçkün həyatı, erkən evlilik, ərəblə izdivac, məşəqqətli həyat, puç olmuş arzular, ümidlər... Çəkilişləri Ağdam, Bərdə və Sabirabadda gerçəkləşib”.

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montajçı Aydan Əhmədova, prodüseri Tahir Tahiroviçdir. Filmin bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir-Qasımdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Milli Kitabxana həqiqətən də son vaxtlar bir elm, bilik, mədəniyyət mərkəzi olmaqla yanaşı xalqlar arasında mədəni əlaqələrin inkişafının dəstəkçisi ampluasında da görünür. Dekabrın 28-də Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa Milli Kitabxanada olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxananın yaydığı məlumata istinadən xəbər verir ki, hər il Latviyanın Bakıdakı səfirliyinin əməkdaşları Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərən “Beynəlxalq əməkdaşlıq zalı”nda Latviyaya aid guşəni ziyarət edərək ora kitablar hədiyyə edirlər və bu, artıq ənənə halını alıb. Bu il də kitabxananın qonağı olan Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa bu ənənəni davam etdirərək, Milli Kitabxanaya Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətini və s. əks etdirən kitablar hədiyyə edib. Xanım Viya Buşa Milli Kitabxananın direktoru, professor Kərim Tahirova “Zinātniskie raksti.5” (XV), “Zinātniskie raksti.7” (XXVII), “Zinātniskie raksti.8” (XXVIII), “Grāmata Latvijai ārpus Latvijas: Kolektīvā monogrāfija”, “Latvijas teritorija agrīni modernā laikmeta politiskajā dimensijā 16.-18”. “Gadsimtā” və s. kitabları hədiyyə edib. Kitabxananın direktoru professor Kərim Tahirov da öz növbəsində qonağa Azərbaycan və ingilis dillərində nəşr olunan “Daş keşikçiləri”, “Qədim qalanın yuxuları” və “Karabakh by the roads of victory” adlı kitabları hədiyyə edib. 

Söhbət zamanı Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa ötən əsrin əvvəllərində Azərbaycanda təsis olunan və latış dilində tədris verən məktəb və onun fəaliyyəti barədə söhbət açıb və məktəb barədə lazımi məlumatların toplanmasını və Milli Kitabxana ilə birgə sərgi hazırlanmasını təklif edib.

Kitabxananın direktoru məmnuniyyətlə belə bir layihənin 2023-cü ildə reallaşmasına hərtərəfli dəstək verəcəklərini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Varisin “Həftənin təqvimi”ndən

 

 

 

Bu da 29 dekabrın təqvimi. Hər vaxtınız xeyir! Beləcə, 2021-ci ilin son üç gününə gəlib çatdıq. Yeni il ərəfəsi dünya hansı bayramları, əlamətdar günləri qeyd edəcək?

 

 

 

“Tik Tak” günü

 

Bu bayram insanları bu müddət ərzində qarşılarına qoyduqları və həll etmədikləri planları həyata keçirmək üçün zamandan maksimum istifadəyə çağırır. Atalarımız gözəl deyiblər, bu günün işini sabaha qoyma. Biz bu günün onlarca işini sabaha qoyuruq, üst-üstə qalaqlanırlar, problemlərə çevrilirlər, sonra da altında qalıb inləyirik. Odur ki, təqvim başbilənlərinin elan etdikləri bu Tik-Tak günündən tam yararlanmağa çalışaq gəlin.

 

İndi isə tik-tak sözünün mənşəyindən danışım. Tik-takı çoxunuz tik-tokla qarışdırdınız, amma elə söz olaraq tik-tok da tik-takdan əmələ gəlib. Bir yaddaşınızı qurdalayın, marketlərdə görün nə qədər “Tik-tak” adlanan məhsulla rastlaşmısınız indiyənətən. Qigiyenik vasitələr, uşaq sabunları, əl kremləri, dünyaca məşhur İtaliya qənnadı brendi Ferreronun yumru şokoladları...

 

Tik-tak sözü saatın işlədikcə çıxardığı səsdir, bügünkü bayramın da əsil adı “vaxtın, zamanın qədrini bilin!”dir, əziz dostlar.

 

 

 

Monqolustanın müstəqilliyi günü

 

Sovetlərdən üzübəri gələn ənənə ilə kimlərəsə “tupoy manqol” deyib keylikdə qınayırıq, aşağılayırıq, əlbəttə ki bu, yanlış bir hərəkətdir, heç bir xalqı aşağılamaq olmaz. Və üstəlik, bu “tupoy manqol” dediklərimiz əsrlərlə dünyanın ən böyük imperiyalarına sahib olan, ən güclü dövlətləri belə çökdürüb öz itaəti altında saxlayan monqol-tatarların varisləridir. Monqol sərkərdəsi Çingiz xan dünya tarixinə ən böyük imperiyanın qurucusu kimi düşüb, o, 25 ildə Roma İnperiyasının 400 ildə qazandığından çox torpaq sahələri qazanıb.

 

Milliyyətcə monqol olan yazıçı dostum, “Minilliyin şairi” titulunu daşıyan  Xaada Sendonu bu bayram münasibəti ilə təbrik edərək ondan monqollar və Monqolustan barədə o qədər maraqlı bilgilər aldım ki. Məsələn, Çingizxanın harda dəfn olunması bilinmir. Kitabələrin yazdığına görə, onu həddən artıq çox sevən əsgərləri dünyaya qan uddurması səbəbindən öləndən sonra qəbrinin açılacağı, murdarlanacağı qorxusu yaşayıblar, bu səbəbdən dəfnə gələn adamların hamısını Çingizxanın harada basdırıldığı sirrini açmasınlar deyə öldürüblər, sonra isə özləri də bu sirri açmasınlar deyə intihar ediblər. Maraqlıdır, deyilmi?

 

Keçək digərlərinə. İndiki monqolların əcdadları Monqolustanda eradan 85 min il əvvəl məskunlaşıblar; Dünyaca məşhur Orxon abidələri də bu ərazidə yerləşir;

 

Sahəsinə görə dünyanın ən böyük 16-cı dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı cəmi 2,8  milyon nəfərdir, Monqolustan dünyada ən az əhali sıxlığı olan lider dövlətdir; Dənizə çıxışı olmayan dövlətlər arasında sahəsinə görə Monqolustan Qazaxıstandan sonra ikinci ən böyük dövlətdir; Dini baxımdan əhali buddistdir, monqollar induslardan sonra heç bir dinə etiqad etməyən ikinci ən böyük xalqdır; Dünyanın sahəsinə görə ən isti 3-cü səhrası Qobi Monqolustanda yerləşir; Ulan-Bator dünyanın ən soyuq paytaxt şəhəridir; Dünyada ən böyük abidə də Monqolustanda, patyaxtdan 54 kilometr aralıda qərarlaşıb. Bu, atını şahə qaldıran Çingizxanın abidəsidir. Postament 10 metr, abidənin hündürlüyü isə 40 metr olmaqla bu əllimetrlik abidənin ən yüksək hissəsində - atın başında seyrangah yaradılıb, insanlar həmin hündürlükdən ətrafa açılan gözəl panoramı seyr edirlər.

 

Hələ davamı da var. Monqolustanda insanların daimi qeydiyyatı aparılmır, belə ki, insanlar indinin özündə də köçəri həyat keçirir, paytaxt Ulan-Bator istisna olunmaqla digər yerlərdəkilər öz mal-qaralarını otara-otara tez-tez yerlərini dəyişirlər; Monqolustan adambaşına düşən mal-qara sayına görə dünyanın lider dövlətidir, burada 45 milyon mal-qara var; Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində SSRİ-nin təsir dairəsində olan sosialist Monqolustanında kişilərinin böyük qismini spirtli içkilərə aludə etməklə sanki ruslar onlardan tarix boyu yaşanan işğal olaylarına görə qisas alıblar, kişilər xroniki alkoqolizmdən əziyyət çəkiblər, sürətlə sayları azalıb. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir, Monqolustanda başlıq üçün mal-qara verilir.

 

Monqolların qəribə adət-ənənləri də var. Bir adamın ayağını taptalayanda onun əlini sıxmaq ənənəsi də dünyaya monqollardan gəlib. Qədim monqol inancına görə, sən ayağını taptadığın adamın əlini sıxıb onunla dostlaşmasan mütləq düşməninə çevriləcəksən; Monqollar fit çalmırlar, çünki miflərə görə fit çalınanda qəddar ruhlar gəlirlər; Hər yerdə qonağı duz-çörəklə qarşılayırlar, amma monqollar qonağı isti südlü çayla və duzla qarşılayırlar; Hər il Monqolustanda Min dəvə festivalı keçirilir. Məqsəd dünyaya sübut etməkdir ki, əsl dəvə ikihürgüclü olmalıdır. Halbuki indi dünyada yalnız birhürcüclü dəvələr yayılmaqdadır.

 

Monqolustanda ən populyar idman növü Bex adlanan güləş növüdür. Güləşçilər xüsusi kostyumlarda xalça üzərinə çıxıb güləşirlər, sinələri də açıq olur. Bunu ona görə ediblər ki, qabaqlar monqol qadınlarının Bex yarışmalarına qatılıb kişilərə qalib gəldiyi də olub, bu isə kişilik adına bir utancdır, ona görə də qadınlar yarışmalara qatılmasınlar deyə onların qadınlığını izhar edəcək sinəsiaçıq libas tətbiq olunur.

 

Və ən önəmlisi və təəccüblüsü: dünyada təhsilə ən çox diqqət yetirən monqol xalqı hesab edilir, belə ki, əhalisi köçəri həyat sürsə belə hakimiyyət köçəri təhsil proqramı yeridərək köçəri məktəblər və müəllimlər praktikasından istifadə etməklə uşaqların savadlanması qayğısına qalır, savadlıların sayına görə (98 faiz) Monqolustan dünya liderləri sırasında qərarlaşıb. Bu da sizin üçün “tupoy manqol”.

 

 

 

Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günü

 

İcazənizlə, Əzizə xanım barəsində nisbətən geniş danışacağıq. Amma növbəti yazıda. Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan, 1989-cu ildə mənə də Bakı Dövlət Universitetində dərs demiş Əzizə Cəfərzadə ayrıca bəhs edilməyə layiqdir.

 

 

 

Xalq şairi Nüsrət Kəsəmənlinin doğum günü

 

Mənim yeniyetməlik illərimin sevgi şairi, şeirlərini əzbərlədiyimiz, o şeirlərdən  saf sevgi duyğuları aşıladığımız Nüsrət Kəsəmənli barədə necə qısa danışasan? Onun barəsində də ayrıca yazı olacaq.

 

 

 

Makintoş günü

 

29 dekabrda ukrainlərdə ordunun informasiya-media strukturları, İrlandiyada Konstitusiya, ABŞ-da isə Milli ətlə və tərəvəzlərlə ədvalı şorba günü qeyd olunacaq.

 

1891-ci ildə Tomas Edison Radionu ixtira edərək patentləşdirib. 1845-ci ildə Texas Meksikadan müstəqillik alaraq ABŞ-a ştat kimi birləşib. 1791-ci ildə Rusiya imperiyası Krımı işğal edib. 1775-ci ildə indiki Sankt-Peterburqdakı ən gözəl binaları tikmiş italiyalı memar Karl Rossi doğulub. 1766-cı ildə hazırkı makintoş adıyla məşhur parçanı kəşf edən şotland kimyaçısı Çarlz Makintoş dünyaya gəlib. Bu yerdə ölməz aktyorlarımız Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin ifasındakı məşhur səhnəcik yadıma düşdü. Kabibetinin yanmasından təşviş keçirən Əliağa Ağayev soruşur ki, bəs yanğın zamanı mənim təzə makintoş plaşım nə oldu? Bəşir Səfəroğulu da cavab verir ki, hamısı yavaş-yavaş yandı, amma sənin makintoş plaşın birdən yandı.

 

1709-cu ildə isə 1-ci Pyotrun qızı, rus impetatritsası Yelizaveta doğulub.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(29.12.2022)

 

 

 

 

 

 

Miraslan Bəkirli yazır

 

“İndi “Ermənistan” adlandırılan Qərbi Azərbaycan ərazisində yüz illər boyu həyata keçirilən soyqırımı siyasətində təkcə insanlar vəhşiliklə öldürülməyib, qovulmayıb, ədalətsiz sürgünlərə, deportasiyalara, repressiyalara məruz qalmayıb, yüz, min illərlə babalarımızın o torpaqlarda yaratdıqları tarixi abidələr, adət-ənənələr, urf adətlər də vandalizmə məruz qalıb. 

 

Prezident İlham Əliyev Qərbi Azərbaycanın bir qrup ziyalıları ilə görüşündə vurğulayıb: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər”. Bəli, ermənilər tarixi Azərbaycan torpağına köçürüləndən sonra yerləşdikləri ərazilərdə tarixi abidələrimizi ya yerlə yeksan ediliblər, ya da həyasızcasına dəyişdirib, erməniləşdirməyə çalışıblar. Tarixi və tarixi abidələri saxtalaşdırmaqla dünya ictimaiyyətini inandırmağa çalışıblar ki, bura “qədim Ermənistan” torpağıdır. Amma gerçəkliyi tarixin səhifələrindən silmək mümkün deyil. Tarix səhnəsində saxtakarlıq bir qərinə, əlli, yüz il durum gətirə bilər, necə ki, daşnakar sovet təbliğat maşını vasitəsilə yüz ildən çoxdur, erməni yalanları ilə “Böyük Ermənistan” xülyası yaratmışdılar. Amma heç vaxt yalanın sonu olmur.

Əsrlərin sınağından keçən millətlərin, xalqların tarixi pasportu onların zaman-zaman yaratdıqları abidələr, yer-yurd adlarıdır. Təsadüfi deyil, ermənilər də Azərbaycan torpaqlarına köçürüləndən sonra aborogen əhalinin mədəniyyət abidələrini dağıtmağa başlayıblar ki, sabahkı yalanlarının üstü açılmasın. Toponimləri, oykonimləri, hidronimləri ya ermənicəyə tərcümə etdilər, ya da erməniləşdirdilər. Bu proses Ağbabadan Zəngəzura, İrəvandan Göyçəyə qədər – bütün “ermənistan” adlandırılan bizim dədə-baba torpaqlarımızda həyata keçirilib. 

Qərbi Azərbaycanın şimalında ucqar dağ kəndi Cücəkənddə (Sovet dönəmində Qızıl Şəfəq adlandırılıb), bizim evimizin arxasındakı Bala Təpə deyilən yerdə qədim bir tikili vardı – alban abidəsi. Kənd ziyalıları İrəvana məktub yazdılar ki, bu tarixi abidəni araşdırsınlar. Az sonra bir qrup erməni tədqiqatçıları gəlib şəkillər çəkdilər, ölçüb-biçdilər və getdilər. Az sonra həmin tarixi abidəni söküb daşlarını yeni tikilən kolxoz tövlələrinin divarlarına hördülər. Ötən əsrin 80-ci illərində o divarlarda olan qədim yazılardan birini və daşüstü bir rəsmi AMEA-ya göndərdim. Az sonra akademiyadan mütəxəssis gəldi, o əraziləri gəzib-dolandıq, başqa belə abidə tapa bilmədik. Qonşu Soyuqbulaq kəndinin yaxınlığında kəndin müəllimləri təsadüfən qayaüstü rəsmləri aşkar edib şəklini çəkmişdilər. Bu qayaüstü rəsmlər Orxon-Yenisey, Gəmiqaya abidələrinin əkiz qardaşlarıdı. Şahnəzər, İmir, Qurdqala, Qızqala, Sarıyal, Qaraisə, Qaraqala kəndlərinin ərazisində, həmçinin Loru-Pəmbək ərazisində onlarla belə daşüstü yazılara rast gəlinirdi. Dərələyəzdə, İrəvanda və İrəvan ətrafında, Zəngəzurda – Qərbi Azərbaycanın bütün bölgələrində minlərlə belə qayaüstü rəsmlər, alban kilsələri, zaviyələr, ziyarətgahlar, qədim Oğuz qəbirləri, at, qoç heykəlləri vardı. 

Mən uzun müddət AzTV-də o bölgələrlə bağlı verilişlər hazırlayırdım. Bir dəfə tarixçi mərhum Məşədixanım Nemətovanı danışdırdım. O, Zəngəzur və Dərələyəz bölgələrindəki tarixi abidələri öz gözləri ilə görmüş, erməni-rus təzyiqlərinə məruz qalsa da, tarixi həqiqətləri ortaya qoymağa çalışmışdı. Dərələyəzdəki Əxi-Təvəkkül zaviyəsi abidəsinin ilkin variantını göstərdi, sonra ermənilərin ora xaç çəkdikləri variantını göstərmişdi. Yəni, onlar bizim baba əmanəti olan yurdlarımızı yox, həm də tarixi abidələrimizi viran qoydular. 

Qərbi Azərbaycanla bağlı bütün sahələrdə uzun müddət tədqiqat işləri aparıb. Təsadüfi deyil ki, indi də Qərbi Azərbaycan İcmasına rəhbərlik edən alim Əziz Ələkbərli Qərbi Azərbaycanda olan tarixi abidələr haqqında çox dəyərli tədqiqat əsərləri ərsəyə gətirib. Onlardan biri də “Qərbi Azərbaycan abidələri”dir və bu əsər müxtəlif dillərə tərcümə edilib. 

Bu gün hər bir ziyalımız məlum Qərbi Azərbaycan, İrəvan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməlidirlər. XX əsrdə erməni lobbisi və diasporu sözün əsl mənasında tüğyan elədi – bütün dünyaya erməni yalanlarını “sırıdı”. İndi bizim, biz ziyalıların və əlində səlahiyyət, imkanı olan vətəndaşların ümdə vəzifəsi tarixi gerçəklikləri ortaya qoyub, erməni yalanlarını ifşa etməkdir. XX əsr Qafqaz türkləri və onların maddi-mənəvi irsi üçün faciələr əsri olsa da, XXI əsr itirdiklərimizi qaytarmaq və özümüzə, yurdlarımıza qayıtmaq əsridir. Bu gün Qərbi Azərbaycan ərazilərdəki qəbirlərimiz, ziyarətgahlarımız və tarixi abidələrimiz fəryad edir ki, qurtarın bizi bu vandalların əlindən. Ermənilər yerüstü abidələri məhv etsələr də, ora dönəndən sonra özümüz, öz alimlərimiz yeraltı abidələri araşdıracaq, o baba əmanətlərinə yeni həyat verəcəklər. Şuşadan sonra bizim növbəti dönüş yurdlarımız Göyçədir, Dərələyəzdir, İrəvandır.

 

Şəkildə: tarixin yaddaşına köçürülmüş İrəvan Göy Məscidi

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

“The Witcher” (“Cadugər”) serialının prikveli “Netflix” tarixindəki ən pis serial sayılıb.

Bu “Rotten Tomatoes”da izləyicilərin reytinqindən məlum olub.

 

Belə ki, “Watch The Witcher: Blood Origin” serialı izləyicilərdən yalnız 8 faiz müsbət rəy alıb. Bu barədə “Ədəbiyyat və incəsənət”

Lenta.ru-ya istinadən xəbər verir. 

Şərhçilər serialın darıxdırıcı süjetini, zəif dialoqu və keyfiyyətsiz xüsusi effektləri qeyd ediblər. İstifadəçilər həmçinin aktyorluğu aşağı qiymətləndirib və şounun yaradıcılarını bacarıqsızlıqda ittiham ediblər. Onların fikrincə, prikvel baş rolda Henry Kavilllə olan “The Witcher” teleserialından əhəmiyyətli dərəcədə geri qalır.

“The Witcher” prikveli Mişel Yeo, Nathaniel Certis, Lenni Henry, Dilan Moran, Ceykob Kollins-Levi və başqalarının rol aldığı mini serialdır. Filmin premyerası dekabrın 25-də baş tutub. Yeni layihə orijinal seriyada təsvir olunan hadisələrdən 1,2 min il əvvəl baş verənlərdən bəhs edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Təbiəti qorumaq hər kəsin borcudur, bu bir mədəniyyətdir. Amma çox təəssüf ki, bəzən  bu mədəniyyəti gödəniyyətə qurban verənlər də tapılır. 

 

Kriminal xronikada brokonyerlik fəaliyyəti də ara-sıra yer almaqdadır. Ötən gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Və araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Hünər Salamov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Sabirabad rayon sakinləri Səlvər Mirəliyev, Yaşar Əsədov, Cəlilabad rayon sakinləri Samir Əsgərov və Dadaş Kazımov da saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ana təbiətə qəsd davam edir. Amma qanun qarşısında cavab vermək reallığı da mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər Nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.