Super User
Ötən ilin 9 və 99 anı
“Şuşa İli”ndə keçirilən ən əsas mədəniyyət tədbirləri hansılar oldu?
Yola salmağa hazırlaşdığımız “Şuşa İli” beynəlxalq festivallar, sərgilər və yubileylərlə zəngin il olub. İl ərzində paytaxtımızda, bölgələrdə, eləcə də 270 yaşlı mədəniyyət paytaxtımız Şuşada bir-birindən maraqlı və yaddaqalan tədbirlər keçirilib.
1.
2022-ci dekabrında Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub. Qeyri-maddi mədəni irsi ilə bağlı Azərbaycana məxsus daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
2.
Şuşa azadlığına qovuşandan sonra bu il ikinci dəfə ənənəvi “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Ondan çox ölkədən musiqiçi və folklor kollektivləri Şuşanın Cıdır düzündə rəngarəng konsert proqramı nümayiş etdirdilər. Dünyaca məşhur şuşalı Üzeyir Hacıbəylinin adını daşıyan, bu il 14-cü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bir sıra konsertləri də dahi bəstəkarın yurdunda keçirildi.
3.
Yubiley ilində Şuşa həm də növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitab sərgisi nümayiş olundu, Vətən müharibəsinə, Qarabağa, onun tacı Şuşaya həsr edilən nəşrlərin təqdimatı keçirildi.
4.
“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə bu il həm də Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edildi. Bu münasibətlə Şuşada gerçəkləşən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri ud və qanunun müşayiəti ilə şeirlər söylədilər.
5.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il səkkizincisi dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyət paytaxtımızın yubileyinə həsr olundu. Eyni zamanda nazirlik tərəfindən “Şuşa – 270” xatirə nişanı da təsis edildi.
6.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edib. Belə ki, on bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı təşkil olunub.
7.
2022-ci il Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyat və elminin inkişafına mühüm töhfələr vermiş bir sıra şəxsiyyətlərin yubileyləri ilə əlamətdar oldu. Dövlət başçısının müvafiq sərəncamları ilə musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş SSRİ Xalq artistləri, bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin 100, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri qeyd olundu.
Dünya şöhrətli bəstəkar Fikrət Əmirovun yubiley tədbirləri UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrdə qeyd olundu. Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş təntənəli musiqi axşamı keçirildi. Bir sıra ölkələrdə konsert və tamaşa nümayişləri gerçəkləşdi. Bunların sırasında Nyu-Yorkdakı “Karnegie Hall”da keçirilən “Dostluq körpüləri” adlı konsert xüsusilə əlamətdar oldu.
2022-ci il həmçinin görkəmli bəstəkar, mədəniyyət xadimi Rauf Hacıyevin 100 illiyi ilə əlamətdar oldu.
Hər iki yubiley münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov – 100” və “Rauf Hacıyev – 100” musiqi festivalları reallaşdı, Bakıda və Gəncədə konsert və tamaşa nümayişləri oldu.
Bundan əlavə, il ərzində görkəmli xanəndələr Sara Qədimova və Şövkət Ələkbərovanın 100, ustad kamança ifaçısı Habil Əliyevin 95, bəstəkar Emin Sabitoğlunun 85, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu. Bu gün də Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən sənətkarlardan maestro, Xalq artisti Rauf Abdullayevin 85, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanın 60 illiyi qeyd olundu.
8.
Dövlət başçısının sərəncamları ilə bu il həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif və mətbuat xadimi Ömər Faiq Nemanzadənin 150, dahi şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu.
Ağdamdakı “İmarət” kompleksində Natəvanın yenidən ucaldılmış abidəsinin açılışı keçirilib.
Hüseyn Cavidin yubileyi münasibətilə Vaşinqtonda ədibin barelyefinin açılışı oldu. Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub.
Görkəmli şair, pedaqoq, ictimai xadim Əhməd Cavadın 130 illiyi də böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirləri şeirlərində böyük sevgi ilə vəsf etdiyi Türkiyədə, eləcə də Özbəkistanda da keçirildi, həyat və yaradıcılığına həsr olunan kitabların təqdimatı reallaşdı.
Həmçinin dramaturgiyamızın banisi Mirzə Fətəli Axunzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin 180, böyük maarifçi və realist şair Mirzə Ələkbər Sabirin 160, yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 100, Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illiyi və bir sıra mədəniyyət, elm və ədəbiyyat xadiminin yubileyləri qeyd olundu.
9.
Bu il həm də Azərbaycan mədəniyyətində, elmində özünəməxsus yeri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının və İrəvan Müəllimlər Seminariyasının 140 illiyi idi. Hər iki yubileylə əlaqədar dövlət başçısı tərəfindən sərəncamlar imzalanmışdı.
Beləcə, biz sizə 9 bölümdə 2022-ci ilin 99 əsas mədəniyyət hadisəsi barədə məlumat verdik.
Şəkildə: “Xarıbülbül” festivalından görüntü
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
“Şuşa İli”nə kitabxanalarımız nə kimi töhfə verdilər?
İndi ən müxtəlif sahələrdə sona çatmaqda olan “Şuşa İli”nə yekun vurulur. Bəs bu ili ölkəmizin aparıcı kitabxanaları necə başa vururlar? Bəri başdan deyək ki, kitabxanalarımız tərəfindən il boyu müxtəlif layihələr, tədbir və təqdimatlar həyata keçirilib.
İl ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin mərkəzi kitabxanaları və filialları, həmçinin regional mədəniyyət idarələrinin əhatə etdiyi kitabxanalarda da müxtəlif tədbirlər keçirilib, sərgilər açılıb.
1.
Başlayaq əsas kitabxanamızdan.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası çoxsaylı tədbir və layihələri ilə bərabər, ötən ildən Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kitab toplama kampaniyasını da davam etdirib. Layihə çərçivəsində müvafiq qurumlar və ayrı-ayrı şəxslər tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün ümumilikdə 110 min nüsxədən çox ədəbiyyat hədiyyə edilib.
Milli Kitabxana “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya”, “Xan Şuşinski. Biblioqrafiya”, “Xurşidbanu Natəvan. Biblioqrafiya” kitablarını nəşr etdirib. Bundan əlavə, “Zəfərimizin təntənəsi 2022-ci il “Şuşa İli”dir” adlı elektron metodik vəsait hazırlanıb, “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827–1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitab nəşr olunub, “Şuşa”, “Şuşa əl işləri”, “Şuşa zərgərlik məmulatları”, “Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül”, “Şuşa məişət əşyaları”, “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgilər, “Qarabağın incisi Şuşa” və “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” adlı elektron məlumat bazaları hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, il ərzində Milli Kitabxanada müxtəlif kitab təqdimatları keçirilib. Görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar günlərə həsr edilən bir neçə adda elektron məlumat bazası, eləcə də onlarla virtual sərgi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib.
Bu il həmçinin Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri daha da genişlənib. Seçeni adına Macarıstan Milli Kitabxanası, İsrail Milli Kitabxanası və Albaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum, eləcə də Koreya Respublikasının Xalq Tədris Mərkəzi arasında kitab mübadiləsi haqqında protokol imzalanıb.
2.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində “Şuşa İli”, Zəfər Günü və digər əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər həyata keçirib, kitablar nəşr etdirib. Kitabxananın nəşrə hazırladığı “Sən azadsan!” kitabda gənc yazarların Vətən müharibəsində şanlı Zəfərə həsr olunan şeir, esse və hekayələri toplanıb. VIII Bakı Beynəlxalq Kitab Sərgisində nəşrin təqdimatı olub.
Kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, müəlliflərlə görüşlər, imza günləri təşkil edilib. Həmçinin Cəfər Cabbarlının ev-muzeyi ilə birgə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə “Çırpınırdın, Qara dəniz” adlı tədbir və “Əhməd Cavad – 130” adlı elektron məlumat bazasının təqdimat mərasimi, digər tədbirlər gerçəkləşib.
3.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 2022-ci ili müxtəlif tədbir və layihələrlə, virtual təqdimatlarla başa vurub. Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində Bakı Avropa liseyində “Novruz – milli-mənəvi dəyərlərimiz” adlı virtual görüş təşkil edilib.
Kitabxana “Şuşa İli” ilə bağlı tədbirlər, Vətən müharibəsinin ikinci ildönümü münasibətilə vətənpərvərlik mövzulu layihələr həyata keçirib, o cümlədən şair-publisist Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı olub.
Respublika Uşaq Kitabxanası da VIII Bakı Beynəlxalq Kitab Sərgisində yeni nəşrlərin – “Təhsil” nəşriyyatı ilə birgə ərsəyə gələn Raziyyə Rəhimzadənin “Qədim Bakı haqqında əfsanələr” və Tural Axundovun “Şuşa tarixin obyektivində” kitablarının təqdimatını keçirib.
Bir sözlə, kitabxanalarımız “Şuşa ili”nə layiqli töhfələr veriblər.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
“Qaldırdım bütün ağ bayraqları eşq cəbhəsində” – Ramil Əhmədin şeirləri
Son günlərini yaşadığımız 2022-ci ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Ramil Əhməd
1 yanvar 1994-cü ildə anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. 2015-ci ildə “Zaman tuneli” adlı şeirlər, 2018-ci ildə “İki şəhərin yazıları”, 2021-ci ildə “Orxan Pamukun evində” kitabları nəşr olunub.
2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”nı qazanıb. “Zaman tuneli” kitabı 2020-ci ildə Türkiyədə də nəşr olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətlərinə görə 2013-cü ildə Prezident təqaüdünə, 2021-ci ildə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır.
Ramil Əhməd, ekspertlərin fikrincə, ilk öncə gözəl lövhə ustasıdır. Rəssam kimi molbertini açır, rəng palitrasından lazımınca istifadə edib gördüyünü kətana köçürür.
Pişik kölgəsindən başladı gecə...
Sakit kimsəsiz küçə,
Bir pişik kölgəsindən başladı gecə...
Çatmadı köməyə
Çözülmədi bu əlifba bilməcəsi...
Uçub getdi
dilimin ucundakı qışdan
Unudulmağın isti qoynuna
qaranquş sözlər...
Hanı söz?
Hansı söz?
Necə tapım o sözü?
Necə deyim həsrətimi?
Necə deyim səni sevdiyimi,
sənə öldüyümü?
Gözlədiyimi – bu ömrə gələsən deyə
Gizlədiyimi – özüm belə bilməyim deyə...
Necə, necə, necə?
Pişik kölgəsindən başladı gecə...
Susdu köksüz piano səsi,
Su qatılmış pivələrlə keçən yay da bitdi,
Sentyabrla gəldi payız
Bir halımı düşün –
oktyabrsız, noyabrsız, yalqız...
Sənsiz bir saat keçməzkən,
gün necə keçir, həftə, ay necə?
Keçir bir-birini təkrarlayan addımlar,
Keçir küçəmizdən qərib adamlar...
Bəlkə sən də gəldin,
Gəldin bəlkə, bu gecə...
Bəlkə, bəlkə, bəlkə də....
Pişik kölgəsindən başladı gecə...
Həsrətin uğultusu
Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...
Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...
Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...
Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinciylə yuvalarına qayıtdılar...
Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
“Sən”in yaxınlığı, “siz”in uzaqığı
Və “sənsiz”in Sibir sürgünündən
Dərviş səbriylə keçirəm,
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...
Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su damır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdə əsmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.
Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...
Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”
Söykənmişəm səsinə
Gözlərin azanımdır –
Gündə min yol məni sevgiyə çağıran...
Könlüm sənə səcdədə,
Qəlbim qəlbinə sonsuz bir rüku...
Bu sevda nə sevdadır belə? –
Sultanlığı olmayan bir quyu...
Adın dodağımda dua kimi səsləndi,
Yaxşı olmağıma bəsdir bir “necəsən”in,
Gül qoxudu gülməyin.
Gəmiləri torpaqdan keçirən
Fatehin inadkarlığıyla
istədim səni!
Səndən məcburi köçkün bədənimi harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni.
Qaldırdım bütün ağ bayraqları
Eşq cəbhəsində,
Təslim, təslim,
Təslim bu sevdaya!
Söykəndim səsinə,
Quşlara dedim şükranlığımı
Çatdırsın səni mənə verənə
aləmlərin rəbbinə...
Azadlığım
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
Bütün şəhərlər
Binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Bizim şou-biznes əhlini küsdürən xəbər
Azərbaycanda şou-biznes əhli üçün Yeni il şənlikləri pul qazanmaq üçün ən böyük fürsətdir. Baxın, saytlar müğənnilərimizin Yeni ildə aparacaqları şou proqramlardan qazancları cədvəlini təqdim edirlər. Ən yüksək göstərici hardasa 5-6 min manatdan o yana keçmir.
Müğənnilərimizin illik qazancı isə əksərən 50 min manat civarına çatmır. Bu qiymətlər çoxmu yüksəkdir? Yox ki yox! La skaladan, Böyük Teatrdan, Vyana opera studiyaaından dəm vurmayacağıq, sadəcə qonşu Türkiyəni müqayisəyə gətirəcəyik. Heç Türkiyənin musiqi kralları Tarkanla, Sezen Aksuyla və digərləri ilə də işimiz yoxdur. Ortabab bir müğənnidən bəhs edəcəyik.
Türkiyəli müğənni Simge Sağının illik konsertlərinin sayı və qazancına diqqət yetirək. Bu 41 yaşlı müğənni bu il 138 dəfə konsert verərək 15 milyon lirə qazanıb.
İndi özünüz müqayisə edin. Biziç şou-biznes əhli həqiqətənmi yağ-bal içindədir?
Şəkildə: Simge Sağın
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - 8 yaşlı əfqan məktəblisinin kədəri
Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
Kabul, Əfqanıstan. 8 yaşlı Məhtab öz məktəb sinfində. Bir neçə gün öncə burda terakt həyata keçirilib.
Foto: Ebrahim Noroozi/AP
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik!”
Əməkdar jurnalist Flora Xəlilzadənin “Böyük qayıdışın ikinci mərhələsi” yazısını təadim edirik. Qərbi Azərbaycan mövzusu bu gün çox aktualdır. Ona görə də əslən o bölgədən olan dəyərli qələm sahibinin mesajları çox diqqətəlayiqdir.
“İlan ulduz görməyincə ölməz” deyirlər. Bu sözlərdə nə qədər gerçəklik var, bilmirəm, amma atalar sözü kimi formalaşaraq, dilimizdə yaşayırsa, deməli həqiqətdir. Xəstə təxəyyüllü daşnakpərəst qüvvələrin əməlləri haqqında fikirləşdikcə, düşünürsən ki, nə dərəcədə ilan xislətli millətin mövcudluğu mümkünmüş. “Böyük Ermənistan” xəstəliyinə tutulmuş daşnakların sabun köpüyünə bənzəyən niyyətlərinin puçluğunu göstərmək üçün tarixin çox dərin qatlarına baş vurmaq tələb olunmur. Əlimizdə olan tarixi sənədlərin, fakt və dəlillərin işığında, eləcədə erməni tarixçilərinin öz sözləri ilə məsələləri bir daha təkrar etmək lazımdır.
Diqqətə çəkirəm, erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi “Qafqaz xalqları” kitabında yazırdı: “Antik dövrdə ermənilərin əsl vətəni olan “böyük Ermənistan” Kiçik Asiyadan kənarda yerləşirdi”. Tarixçilərin qeydinə görə, Fərat çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar çox sonralar Ağbaba, Çuxur Səd, Şərur mahallarına gəliblər. Van gölündən başlayaraq Urmiya, Göyçə gölünə qədər olan məsafəni işğal ediblər.
Başqa bir erməni tarixçisi K. Patkanyan isə “Yaxın Asiya tarixində Van yazıçılarının rolu” kitabında belə yazırdı: “Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdır. “Böyük Ermənistan” ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır”.
Bir daha tarixi faktlardan aydın olur ki, daşnakların törətdiyi toqquşmalar zamanı 1905-1907 və 1914-1920-ci illərdə təxminən yarım milyon azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bu acı və dəhşətli faktı da təkrar etmək lazımdır ki, 1918-ci ilin martın son 3 günü ərzində ermənilər Bakıda 15 min azərbaycanlını qətlə yetirmişdir.
1988-ci ilin noyabr və dekabr aylarında isə ermənilər azərbaycanlıları- oğuz türklərini kütləvi surətdə çox amansızlıqla ata-baba yurdlarından qovdular. Payızla qışın qovuşduğu şaxtalı günlərdə soydaşlarımızın sırf yaşadığı 170, qarışıq yaşadığı 94 yaşayış məntəqəsindən azərbaycanlılar zorla çıxarılıb. Bu qovhaqov əməliyyatının özü də çox dəhşətli tərzdə həyata keçirildi. Dörd rayondan olan 229 azərbaycanlı min bir əzabla qətlə yetirildi. Kirovakanda 12 azərbaycanlı diri-diri yandırıldı. Quqarkda körpələri boruya dolduraraq ağzını qapadılar.
O qovulanlar arasında mənim də doğmalarım, əzizlərim var idi. Biz çox yaxşı bilirdik ki, bütün düyünlərin açarı Qarabağdadır. Biz Zəngəzurun həsrətini çəkirdik, amma birinci olaraq Şuşa, eləcədə Şərqi Zəngəzur daşnaklardan təmizlənməli idi. Bir qərinə bu nisgillə yaşadıq. Nəhayət millətimiz “Dəmir yumruq” sahibinin – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, düşmənin üstünə yeriməyi bacardı. Qarabağımız daşnaklardan təmizləndi.
Kitablardan oxumuşduq, arxiv sənədlərindən xəbərdar olmuşduq, filmlərdə, tamaşalarda aktyorların rolunda görmüşdük qəhrəman sərkərdələri. Nə qədər xoşbəxtik ki, bizə qismət oldu, qalib Ali Baş Komandanı həyatda görmək, onunla bir tədbirdə iştirak etmək... Allahın bu gününə şükür!
Dekabrın 24-ü, öz ad günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qurub ziyalı ilə görüşdü. Bu görüşün elə böyük rəmzi mənası var ki...
Əslində bu sadəcə bir görüş deyildi, böyük qayıdışın ikinci mərhələsinin bəzi tezisləri üzərində tanınmış ziyalılarla fikir mübadiləsi aparmaq, təkliflərini dinləmək və bəzi tapşırıqlarını vermək idi. Ali Baş Komandan qürur və vüqarla bildirdi: “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətdir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq...” Üçüncüsü də Ali Baş Komandana inanan, onun bir tapşırığına canla-başla hazır olan biz Qərbi azərbaycanlılar ürəkdən söyləyirik: “Sizin sayənizdə, biz mütləq Göyçəyə, Dərələyəzə, ən başlıcası Qərbi Zəngəzura... qədim dədə-baba yurdlarımıza qayıdacağıq”.
Qərbi Azərbaycan İcmasının yerləşdiyi bina Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib. Prezident ikinci dəfə idi ki, burada iştirak edirdi. Birinci dəfə on iki il bundan əvvəl binanın açılışında iştirak edən Ali Baş Komandan uzaqgörənliklə onu Qarabağdan olan məcburi köçkünlərə bağışladı. Zəfərimizdən sonra soydaşlarımız vətənə-Qarabağa qayıtdı. Artıq burada Qərbi Azərbaycan İcması yerləşdirildi. Mətləb aydındır. Mənim ancaq bir sözüm var: Gözün aydın Vətən övladları! Böyük qayıdışın ikinci mərhələsi başladı.
Möhtərəm Prezidentimizin dediyi bir fikir- “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar” sözləri Silva Kapuitkyanı mənim yadıma saldı. Ermənilər özlərinin anası adlandırdıqları bu bədnam “şairə” görün öz dığalarına nə deyirdi: “Daha nəyi gözləyir və qorxursunuz? Əliyev siyasi bürodan getdi, qalxın ayağa, türklərdən, azərbaycanlılardan torpaqlarınızı alın. Hər kim ömründə bir türk öldürməsə bizdən deyil”. Bu da erməni qadını... atalar sözüdü “İlanın ağına da lənət, qarasına da...” Erməni ermənidir, ona rəhm etməyə dəyməz.
Bu möhtəşəm görüşdə İlham Əliyev biz Qərbi azərbaycanlıların qarşısına mühüm vəzifələr qoydu. “Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik”. Bəli, yazmalıyıq. Təkcə özümüz üçün deyil. Dünya ictimaiyyətinə bir daha müxtəlif dillər də çatdırmalıyıq ki, ermənilər son 200 il ərzində millətimizin başına hansı zülmləri, fəlakətləri gətirib. Daha susmaq, nəyi isə gözləmək zamanı deyil.
1988-ci ildə Qərbi Azərbaycandan 300 min azərbaycanlı soydaşımız didərgin edildi, amma bu orada qeydiyyatda olan insanların siyahısıdır. Əslində o 300 minin 300 mindən də çox qohum-qardaşı, oğlu-qızı ayrı-ayrı yerlərdə, ölkələrdə, şəhərlərdə müvəqqəti yaşayırdılar, təhsil alırdılar. Bəs onların talehi ? Bu barədə də fikirləşmək, dəqiq siyahı tutmaq lazımdır ki, heç kim yaddan çıxmasın. Elə bu görüşdə də Prezidentimiz tapşırdı ki: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün önəmlidir”.
Ermənilərin uzaq keçmişini araşdıranda dəhşətə gəlirsən. Əslində Hindistandan gəlmiş qaraçı tayfalarından ibarət olan törəmələrdir. Talehsizliyə bax ki, rus imperiyasının məqsədyönlü siyasəti nəticəsində bu soyköküsüz millət Qafqazda dövlət yarada bilmişdir. Qamarladıqları ərazilər onlara bəs etmirdi. Qanlı caynaqlarını Qarabağa da uzatdılar. “Dəmir yumruğ”un sayəsində bizim qəhrəman oğullar Qarabağımızı onların murdar caynaqlarından azad etdi.
Hərdən tarixi keçmişə qayıdarkən Andronik Ozanyanı tayqulaq edən türk paşasının ruhuna dualar oxumaqla bərabər, qınaqlı duyğular da yaşayırıq. Gərək cəngavər paşamız bir quldurun qulağını yox, bütövlükdə erməni dığalarının kökünü kəsəydi. Çünki bununla da bəşəriyyət bəla törədən, münaqişə yaradan, insanlıq adına ləkə gətirən “Yer üzünün düşməni” adlanan (“Qabusnamə”) bu soysuz, köksüz, quldur xislətli qrupdan əbədilik can qurtarardı. Amma başqa bir fəxrli duyğu bizi sevindirir ki, Andronikin tayqulaqlığı onu əzizləyən, sevən hayların əbədi olaraq göz dağıdır. Onlar illərdir ki, bu kinin, küdurətin ağrısından xilas ola bilmirlər. Bu gün türk adı gələndə hər bir erməni dığasının qulağı göynəyir.
Ali Baş Komandan haqlı olaraq deyirdi: “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim qarşımızda duran əsas məsələ budur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik”. Bəs biz nə etməliyik? Hər birimiz yurd yerlərimizi yaxşı tanıyırıq. Ermənilər bizi yurdumuzdan didərgin salsa da, heç də hamısında ermənilər məskunlaşa bilməyiblər. Buna heç sayları da çatmaz. Yurd yerlərimizi xarabazara çeviriblər. Prezidentin sözləri ürəyimizdən xəbər verdi: “Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır”. Əlbəttə, yubanmadan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu vacib vəzifədə biz Qərbi azərbaycanlıların görməli işləri çoxdur. Hər birimiz öz sahəmizdə bu müqəddəs işə öz töhfəmizi verməliyik. Səylərimizi birləşdirərək təkliflərimizi hazırlamalı, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəalara uyğun şəkildə öz hüquqlarımızı tələb etməklə yanaşı, bir yumruq kimi birləşərək doğma yurdumuza qayıtmaq üçün fasilə vermədən özümüz çalışmalı, Prezidentimizin bütün göstəriş və tövsiyələrini yerinə yetirməliyik. İnamımızı itirtmədən birgə addımlamalı, İlham Əliyevin dediyi kimi ədaləti bərpa etməyə, dünya miqyasında fövqəladə bir nümunə göstərməyi yenidən nümayiş etdirməliyik.
Prezident İlham Əliyevin yekun nitqinin sonunda dediyi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə bir gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq” sözləri hər birimizin qəlbində elə bir inam, ümid məşəli yandırdı ki, gözlərimizin önündə Vətənə dönən yolların sıxlığı canlandı. Əgər bu gün biz Şuşaya dönə bilmişiksə, Laçında abadlıq işlərini aparırıqsa, Kəlbəcərdə çiçəklərdən şirə çəkən arılarımızın balından dadırıqsa, Zəngilan rayonunun Ağalı kəndində uşaqlar məktəbə gedirsə, Cəbrayılda, Qubadlıda, Füzulidə, Ağdamda... gəzə biliriksə, deməli Qərbi Azərbaycana da dönəcəyimiz gün uzaqda deyil!
Fotoda: Azərbaycanlıların deportasiyası
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
2023-cü ilin yanvar ayında Prezident Administrasiyasında qəbul cədvəli
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin yanvar ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Ələsgərov Fuad Murtuz oğlu
5 və 18 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Məmmədəliyev Yusuf Ülfət oğlu
6 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu
9 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd qızı
10 yanvar
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasımov Azər Məhəmməd oğlu
11 yanvar
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi
Həsənov Altay Tofiq oğlu
12,19 və 27 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Nağdəliyev Zeynal Səfər oğlu
12 yanvar
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu
13 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu
16 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu
17 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
İsmayılov Süleyman Abbas oğlu
19 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hacıyev Hikmət Fərhad oğlu
23 yanvar
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu
24 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru
25 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi
25 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu
26 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu
26 yanvar
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti Kərimov Gündüz Hacı oğlu
27 yanvar
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu
27 yanvar
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Kərimov Aydın Zöhrab oğlu
30 yanvar
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası - Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi
Usubov Ramil İdris oğlu
30 yanvar
Qeyd edək ki, vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev, 79.
Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.
Qəbul saat 14:00-dan başlayır.
Əlaqə üçün: Çağrı Mərkəzi - 1111.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Detektivsevərlər üçün “Heroqliflərin sirri”
Ölkəmizdə detektiv janrı ən çox oxunan janr hesab olunur. Çingiz Abdullayev və Elxan Elatlının kitabları ən çox satılanlar cərgəsindədir. Bu sıraya gənc yazarlar da qoşulmaq niyyətindədirlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə şair və yazıçılar, tələbələr iştirak ediblər.
O ki qaldı kitaba və müəllifə, bu barədə gəlin kitabxananın direktoru Aslan Cəfərovu dinləyək:
“Elbrus Kəlbiyev kimi gənc yazarlar öz istedadları, mahir qələmləri sayəsində geniş oxucu kütləsi arasında tanınır və oxucu rəğbətini qazanır. İndiyə kimi altı romanı çap olunan E.Kəlbiyevin kitablarının bir çoxu Respublika Gənclər Kitabxanasının fondunda saxlanılır və oxucular arasında bu kitablara tələbat da çoxdur. Müəllifin kriminal və psixoloji detektiv sahəsində mahir qələm sahibidir”.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına bağışlayıb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
SSRİ, Əbülfət Əliyev və Səddam Hüseynin edamı
30 dekabrın təqvimini təqdim edirik
SSRİ-nin yaranması günü
Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirik, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Məşhur xanəndə Əbülfət Əliyevin ad günü
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb. 1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.
Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.
Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.
Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
70 illik yubiley tədbiri Bakı Musiqi Akademiyasında qeyd edilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Akademiyanın “Fortepiano, Orqan və Klavesin” kafedrasının fəaliyyətinin 70 illiyinə həsr olunmuş təntənəli konsert təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı BMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, konsertin bədii rəhbəri “Fortepiano, Orqan və Klavesin” kafedrasının müdiri, professor Afaq Rüstəmovadır. Rəngarəng konsert proqramında yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.
Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə tədbir barədə məlumat verərək, kafedranın 70 illiyi ilə əlaqədar bütün kollektivi təbrik ediblər.
Konsertdə BMA-nın professor-müəllim heyəti, Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova və Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Könül Hüseynova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist, baş müəllim Nigar Məlikova, Lalə Atakişiyeva, müəllim Gülnar Mirqasım, tədbirin qonaq ifaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi Babək Şuşalı, eyni zamanda BMA-nın tələbələri Gülbacı Muradova, Erol Rzayev, Leyla Baxışova, həmçinin BMA-nın Tələbə kamera orkestrinin bədii rəhbəri və dirijoru Üzeyir Məmmədov əsrarəngiz çıxışlarını tamaşaçılara təqdim ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)