Super User

Super User

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Eldəniz Zeynalovdan 02.06.1998 tarixində götürülmüş müsahibə. 

 

 

“ƏN GÖZƏL ADI MƏNƏ SƏMƏD VURĞUN VERİB”

 

Eldəniz Zeynalov 1937-ci ildə Bakıda anadan olub. Səhnəyə ilk dəfə 1950-ci ildə “Sevil” tamaşasında Gündüz rolunda çıxıb. 1961-ci ildə İncəsənət İnstitutunun Dram və Kino Akyorluğu fakültəsini bitirib. Milli Teatrın səhnəsində onlarla obraz yaradıb. “Əhməd haradadır” filmindəki Əhməd obrazı ona şöhrət qazandırıb. Sonralar “Azərbaycanfilm”in istehsal etdiyi “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Əzablı yollarla”, “O qızı tapın”, “Həyat bizi sınayır, “Mahnı belə yaranır”, “Həyatın səhifələri”, “Yol hadisəsi”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Spasibo”,  “Hər şey yaxşılığa doğru” filmlərinə uğurla çəkilib. 1974-cü ildən Respublikanın Əməkdar artistidir.

İstedadlı aktyor rola girmir, rol özü onun ruhuna daxil olur. Bəlkə, buna görə aktyor ruhən təmizlənməyə həmişə ehtiyac duyur. Ruhu isə dənizin sərinliyi, genişliyindən gözəl nə təmizləyə bilər? Yəqin buna görə aktyorları çox vaxt dəniz kənarında tapmaq olur. Məşhur gülüş ustası, Respublikanın Əməkdar artisti Eldəniz Zeynalovla da dəniz sahilində görüşdük.

 

- Eldəniz müəllim, sağ olsun əlaqədar təşkilatları, yenə fəxri adları səxavətlə payladılar. Sizə qarşı niyə səxavət göstərmədilər?

 

- Eh... nə deyim, axı?  Xalq məni istəyir, bəsimdir. Mən SSRİ Xalq artisti görmüşəm ki, onun tamaşasında zalda üç-dörd adam olub. Amma heç bir fəxri adım olmaya-olmaya mənim tamaşalarımda iynə atsan, adam əlindən yerə düşməyib. “Zvaniya” xalqın məhəbbətidir. Bütün ad alanları təbrik edirəm. Onlar bizim bacılarımız, qardaşlarımızdır.

 

- Ümumiyyətlə, fəxri adlara münasibətiniz necədir?

 

- Bu adlar sovetdənqalma bir şeydir. Mənim sənədlərim on ildən çoxdur ki, Xalq artistliyinə təqdim olunub. Yəqin  nə vaxtsa düşərəm yadlarına. Amma ömür də gözləmir, axı. Hamlet Qurbanov advermə məsələsindəki ədalətsizliyə dözməyib, dünyasını dəyişdi. Hamlet Xanızadə kimi aktyor Əməkdar artist kimi öldü. Elxan Ağahüseynoğlu hələ də Əməkdar artistdir. Telman Adıgözəlovun isə heç bir “zvaniya”sı yoxdur.

 

- Bu işlərə teatrın rəhbərliyi nə deyir?

 

- Turabov dedi ki, darıxmayın, teatrın 125 illiyində mütləq siz də ad alacaqsınız. Dedim ki, Həsənağa, mən özümü Xalq artisti hesab edirəm. Bir “zvaniya”nın ki, heç bir lqotu yoxdur, nəyə gərək? Tamaşaçı mənim yumorumu qəbul edirsə, bu, mənim adımdır. Quru kağızla talant artmır. “Prosto” bu fəxri adları bilmirəm kim fikirləşib tapıb...

 

Bu vaxt bir dəstə gənc oğlan və qız bizim oturduğumuz stola yaxınlaşdı. Oğlanlardan biri Eldəniz Zeynalova müraciətlə: “Eldəniz müəllim, etiraz etməsəydiniz, sizinlə şəkil çəkdirərdik” dedi. Şəkil çəkdirib şən ovqatla uzaqlaşdılar.

 

- Görürsən, mənim “zvaniyam” bunlardır. Bayaqdan bəri beş-altı dəfə gəlib şəkil çəkdiriblər mənimlə.

 

- Hər halda, ad almaq arzusuna da qeyri-təbii bir şey kimi baxmaq olmaz.

 

- Əvvəllər, cavan olanda ürəyimə salardım. Fikirləşərdim ki, niyə zəhmətimi vaxtında qiymətləndirmədilər? Niyə filankəs aldı, mən qaldım. Amma son illər bunlar məni o qədər də maraqlandırmır. Çünki mən öz işimlə məşğulam, istər teatrda, istərsə də kinoda...

 

- Teatrda son vaxtlar niyə görünmürdünüz?

 

- Bərk qar yağanda teatrın qapısının yanında sürüşüb qolumu sındırmışdım. Qolum iki ay gipsdə qaldı.

 

- Fəxri ad məsələsi ailə üzvlərinizə necə təsir edir?

 

- Mənə o qədər təsir eləmir, nəinki ailə üzvlərimə, başlayırlar təsəlli verməyə ki, sən onsuz da xalqın sevimli artistisən. Öz aramızdı, budəfəki adları “pravitelsvenni” konsertlərdə şeir deyənlərə verdilər ha (bərkdən gülərək), Ad alanlar saray artistləridir, mən tövlə artistiyəm.

 

- Bəs, teatrınızın kollektivi sizə qarşı belə münasibəti necə qarşıladı?

 

- Çox pis. Hətta “zvaniya” alanlar özləri də üzrxahlıq edirdilər ki, gərək bizdən qabaq siz alaydınız.

 

- Siz onların səmimiyyətinə inanırsınız? Əgər səmimi idilərsə, qoy, onlardan biri sizin xeyrinizə ona verilən addan imtina edəydi...

 

- Bilirsən... Xalq artisti əməkdardan bir “şirvan” artıq maaş alır. Bir də qəbiristanlıq fərqi var. Xalq artistini bu tərəfdə basdırırlar, əməkdarı o tərəfdə (gülür). Ən gözəl adı mənə Səməd Vurğun verib – Eldəniz...

 

- Bəyəm, sizin adınızı böyük şair qoyub?

 

- Elədir. O, mənim dayım Həsənağa Salayevlə dost olub. Bir dəfə bir məclisdə eşidir ki, Həsənağanın bacısı oğlu olub. Elə o məclisdə deyir ki, körpənin adını Eldəniz qoyuram.

 

- Sizin sənətə gəlişinizə də yəqin ki, Həsənağa Salayev səbəb olub?

- Dayım on üç yaşım olanda məni “Sevil” tamaşasında Gündüz roluna çıxardı. Sonra çoxlu uşaq rolları oynadım. İncəsənət İnstitutunu bitirəndə mən artıq teatrda çoxlu rollar oynamış Mərziyyə Davudova, Fatma Qədri, Mirzağa Əliyev, Ələsgər Ələkbərov kimi aktyorlarla tərəf müqabili olmuşdum (əlini əsəbiliklə yelləyir). Danışmaq istəmirəm onlar haqqında. Teatrın indiki halını görəndə keçmişi yada salmaq çox ağır olur.

 

- Hər halda, onlar haqqında nəsə demək borcunuzdur...

 

- Sabit Rəhmanın “Toy” komediyası diplom işimiz idi. Mən Kərəmovu oynayırdım. Tamaşa uğurla keçdi. Səhərisi məni “zavtruppa”nın otağında görən Ələsgər Ələkbərov ayağa durub, üzümdən öpdü. “Halal olsun, oğlum! Halal olsun” dedi. “Mərdəkanda bağda baxırdım tamaşaya. Qoltuğunun altı şişməsin, öz üstündə işlə, sənin böyük gələcəyin var”-dedi. Onlardan aldığım tərbiyə məndə indi də durur – işinə qarşı ciddilik, tələbkarlıq...

 

- Övladlarınız arasında yolunuzu davam etdirən varmı?

 

- İki oğlum, iki qızım var. Oğlanlarımdan Elbrus İncəsənət Universitetinin prodüsser-menecer fakültəsini bitirib. Hazırda hərbi xidmətdədir. İkinci oğlum orta məktəbi bitirib, hələ ali təhsil almaq istəmir. Qızlarımdan Aybəniz Xarici dillər Universitetini bitirib, tərcüməçi işləyir. O biri qızım Gülbəniz İqtisadiyyat Universitetində oxuyur.

 

- Onda varlı olarsınız...

 

- (bərkdən gülür) Yaman!.. Acından günorta dururuq.

 

- Maşallah, həmişə nazir kimi geyinirsiniz...

 

- Neynəyək, day deyirsən onu da eləməyək, geyinib-kecinməyək? Məcburuq, aktyor adamıq, xalq bizi tanıyır.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

- “Motorolla” götürərdim (gülərək) evə zəng etməyə.

 

Görkəmli aktyorla xudahafizləşib Gənc tamaşaçılar teatrına gəldim. Bu teatrın aktyorlarından Rafiq Əliyev söhbət əsnasında Eldəniz Zeynalov haqqında oxucular üçün də maraqlı ola biləcək bir məlumat verdi: “Vaqif Mustafayevin Almaniyada Beynəlxalq kinofestivalda dörd priz alan “Hər şey yaxşılığa doğru” filminə dördüncü prizi – Katolik Kilsəsinin prizini Eldəniz Zeynalovun oyununa görə veriblər. Bu prizi ancaq xristian ölkələrində çəkilən filmlərə verirlər. Eldənizin oyunu onlara o qədər xoş gəlib ki, heyranlıqla “bu ki canlı Fernandeldir, böyük aktyordur” deyiblər və öz prinsiplərini pozaraq, prizi qeyri-xristian ölkənin filiminə veriblər. Bəlkə də, heç Eldənizin bundan xəbəri yoxdur”… “Xəbəri yoxdursa da, indi yəqin ki, olacaq”, deyərək ondan ayrıldım.

 

 “Ədəbiyyat və incəsənət”

(23.01.2023)

 

 

 

 

Bolqarıstanın 15-ci “MENAR” Beynəlxalq Film Festivalında Azərbaycanın Zəfər rəmzi olan xarıbülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Olimpiya” bədii filmi nümayiş etdirilib.

 

Sözügedən filmlərin təqdimatı Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiya şəhərinin “Kino Evi”ndə keçirilən “Azərbaycan kinosu gecəsi”ndə təşkil olunub. Və bu barədə səfirlikdən mediaya məlumat verilib. 

Filmlərin nümayişindən əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və “MENAR” Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov təqdimat mərasimində iştirak edən çoxsaylı izləyicilərə Azərbaycan mədəniyyəti və kino incəsənəti haqqında məlumat veriblər. 

“Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışan səfir Hüseyn Hüseynov xarıbülbül gülünün Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsində zəfər simvoluna çevrildiyini və bu gülün Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olduğunu diqqətə çatdırıb. Səfir görkəmli elm və mədəniyyət xadimlərinin Azərbaycanın Qarabağ bölgəsi və ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında fikirlərinin, bu şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, eləcə də Azərbaycan ədəbiyyatı və milli musiqi inciləri ilə bağlı düşüncələrinin ekran əsərinin əsas xəttini təşkil etdiyini vurğulayıb.

Sonradan “Xarıbülbül əfsanəsi” sənədli filmi və “Olimpiya” bədii filmi tamaşaçıların diqqətinə təqdim olunub. 

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, ölkə parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak ediblər. 

Qeyd edək ki, yanvarın 29-dək davam edəcək “MENAR” Beynəlxalq Film Festivalında 14 ölkədən 40 yaxın film nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikası çox sevilir. Burda dərc edilən şeirlərin müəllifləri həmin şeirlərin əksəriyyətini İranda dərc edə bilmirlər. Təbii ki, hakim fars rejimi türklərin bu azadlıq hayqırtılarından qorxur. 

Portalımızın əslən Təbrizdən olan Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sürəyya Xəliq Xiyavinin şeirlərini təqdim edir. 

Qeyd edək ki, yazıların orfoqrafiyasına toxunulmur. 

 

Sürəyya xanım Xəliq Xiyavi 1974-cü ildə Xiyox şəhərində dünyaya göz açmışdır. Xiyov, Təbriz, Ərdəbil şəhərlərində təhsil etmiş və Ədəbiyyat fakültəsini Yüksək maqistra qədər oxumuş və ədəbiyyat öyrətməni kimi çalışmışdır. Sürəyyanın iki kitabı nəşr edilmiş, birinin adı isə “Şəhər yeri qızı” adında olmuşdur. 2018-ci ildə Pərvin Etisami adına qurulan ədəbi beynəlxalq festivalında birinci ödülü qazanmışdır. O, İndi isə Ərdəbil şəhərində yaşayır.

 

 

 

BİR TİKƏ ŞEİR

 

Ürəyimə bir tikə düşüb

Ağrısı yox

Sadəcə radiolojist doktor çəkən şəkildə;

Bir günəş görünür.

 

Bu gün şeir oxuyanda

O qədər tamsındım

Sözcüklər yapışdı bir-birinə

Dadlı bir tikə oldu

Həyəcandan, düşdü ürəyimə.

 

Bu tikələrə alışmışam

Hərdən, dağ şəkilindədir

Hərdən ağac

Hərdən günəş, quş, ulduz, ay...

 

Xəstə deyiləm

Bunu nədən qəbul etmisiniz doktor?!

Lütfən etiraf edin...

Günəşə bənzər şeir tikəsi haqqında,

Şəkildən şəkilə düşən tikələr haqqında

Heç bir şey bilmirsiniz!

 

Çörək verirsiniz getmir

Su içirdirsiniz getmir

Dava-dərmanla ərimir.

 

Hərdən işıq səsi gəlir gözlərimdən

Hərdən günəş qanad çalır çiyinlərimdə

Bu tikə nə gedər,

Nə əriyər

Öldürməz

İncitməz

Siz, məni incidirsiniz!

 

Bir tikə şeir düşüb ürəyimə

Min günəş, vücudumu sarır.

 

 

ŞEİR DƏSMALI

 

Mikrofonların ürəyi

Çirkinləşir

Çırpınır yalanlarla...

 

Ah!

Mikrofonların dalında gizlənən qaranlıq!

Qan tər içində çalışan canların

Əllərinin cığırlarından;

Yol çəkilməz cənnətə!

 

Kim asfalt tökəcək

Çapıq əllərin, caddələrinə?!

 

Can verdikcə bu caddələr

Niyə çörəyə yetişmirlər?

 

Açıqla!

Ac insanların

Ürəklərinin cığırlarında nə var?

Qan

Dilək

Od

Öfkə?

 

Ah! Mən kiminlə danışıram!

Qaranlıq, qanların çiyinlərində oynayır.

 

Qanı yaşadan səsdir

Mikrofonları,

Şeir dəsmalı ilə

Silmək gərək

Silmək

Gərək...

 

 

İKİ ZİRVƏ

 

Barmaqlarının hər biri, bir ölkə

Əllərimi tutduğun zaman

On ölkənin kraliçəsi oluram.

 

Baxırsan gözlərimə!

Qəhvə ilə zeytunun

Qovuşmaq anı, şeir olur...

 

Savalan ürəyi ilə

Bizdən şəkil çəkir

Daş qartalın,

Uçmağını hiss edirsənmi?

 

Məncə Savalanın qan qrupu O+dir

Görüşünə gələn bütün sevgilərlə;

Həyat verir

Bu qan

Gerçək sevgilərin damarlarında

Laxtalanmaz.

 

Bir,

Dağda nəfəs çəkirik

Yoxsa o bizdəmi nəfəs çəkir?

Bu gün iki dağ;

Əl bir olubsunuz

Saçlarım,

İki zirvənin çiyinlərində yaşayır.

 

Şeirin;

Əlləri göydə;

Bir ovuc üzərlik tutub

Ay işığına!

 

 

HALAY ÇƏKƏN QAYALAR

 

Guruldayır hüzün

Qolumdakı saatı yerə ataraq

Qaçıram qarğalıqdan

Pillə-pillə enirəm içimə!

Qapını iki əlli bütün gücümlə bağlayıram;

Gözümün içinə baxır qapı

Anlayır məni!

 

İçim;

Qorunmuş, əl çatmayan bölgə

Ətrafı hörülüb halay çəkən qayalarla...

Burada heç çeşid bağlantı mümkün deyil

Yalnız şeir ulaşımı var

Burada əskidən bir dizə çəkəndə

Dünya işıqlanardı

Burası tanrı tar çalan yer.

 

Bir şeir alışdırıram

Uzaqlaşıram saxta salxım söyüdlərdən

Yaxınlaşıram ən güvəndiyim sənə

Sən,

Şeirlərin dayanmayan ürəyi...

 

Oyağam və yuxuda

Yuxudayam və oyaq

Tar çal ayılım dostum!

 

Tanıyım tanımayanları

Qara quyuları

Daşıl vicdanları.

 

Tar, tanrı, sən

Sən, tanrı, tar.

 

Qapını açmam gərək;

Güvən nəfəs, nəfəs, nəfəs... Yayılmalı

Sən varsan

Sürəyyanın güvən tanrısı.

 

Bir pillə, iki pillə, üç...

Gözlərimi yumuram

Qollarımı açıram

Günəşə sarılıram

Taaaaar çaaaaal...

 

 

ZAMİNİ ÇƏKİLMİŞ ÜRƏKLƏR

 

Saçlarımla beynimin arasındakı

Məsafəyə baxıram

Saçlarımın kökü beynimdən su içir

Nədən saçlarımı gizlədim?

Nədən beynimdən utanım?

 

Beynimə inanmırlar

Və mən zamini çəkilmiş ürəyimə fikirləşirəm.

 

Hər gün külək

Tellərimlə məktublaşır; həsrət bərzəxində

Mən küləyə inanıram.

 

“Suç saçındır”

Dağların ağırlığını canıma yıxır

Yaxamdan yapışır

Ağrıdır

Ağırladır

Ağladır...

 

Heç darağın dişlərindən qan axmayıb

Göz yaşlarını saçlarıyla silən qadınlar 

kor olmayıblar

Saçlar uçanda,

Hava yaralanmayın.

Mən saçlara inanıram.

 

Əllərimdə iki varlıq var

Bir şeirim, bir də saçlarım

İkisi də sensor...

 

Və mən yəni bu gün

“Doxsan doqquzuncu ilin 

quyruq doğan ayının on beşi”

Zamini çəkilmiş ürəklərə fikirləşirəm

Zamini çəkilmiş şeirlərə...

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Monday, 23 January 2023 10:15

Orqan musiqisi axşamına gəlin

Mədəniyyət Nazirliyi klassik, simfonik musiqinin təbliğinə xüsusi diqqət ayırır. Yanvarın 27-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Orqan musiqisi axşamı” adlı konsert proqramı təşkil ediləcək. 

 

Dirijor Üzeyir Məmmədovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin (solistlər Natəvan Quliyeva və Şəfəq Abdullayeva) ifasında dünya klassik musiqi nümunələri təqdim olunacaq. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert keçiriləcək.

 

Konsertdə Əməkdar artist Vaxtanq İmanovun rəhbərliyi altında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı çıxış edəcək. Konsertdə bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər. 

 

Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək, onların xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Onu hamımız gülərüz, xoş ovqat yaradan Toppuşbacı kimi xatırlayırıq. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi, yenə də üzündən təbəssüm əskik olmazdı. Amma çox dözə bilmədi. Amansız xərçəngə məğlub oldu. Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat etdi. 

 

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Daha sonra Gəncə Televiziyasında, Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. T.Əliyeva Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyli, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. O, sonradan öz fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib.

Allah rəhmət eləsin! 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.

 

5 oktyabr 2022-ci ildə Kubadakı Uan qasırğasından sonrakı mənzərə: məktəb müəllimi yaş kitabları qurumaq üçün yerə düzüb. 

Foto: Raman Espinosa/AP

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Yanvarın üç günü 20-si, 21-i və 22-si qeyri iş günü idi, birincisi Ümumxalq matəm günü, digərləri istirahət günləri. Və bu 3 gündə dalbadal Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş edildi.

Belə günlərdə hamı kədərli olur, üstəlik, qisascıllıq motivasiyası da yüksək olur. 

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.

Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Rəsm qalereyası: Rasim Mayılov, “Natürmort”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.