Super User
Günün fotosu: Zanbaqlar günü qeyd edilib
Günün fotosu: Zanbaqlar günü qeyd edilib
Niderland zanbaqlar ölkəsi kimi tanınır və istirahət günündə bu ölkədə Zanbaqlar Günü qeyd edilib.
Amsterdamdakı Muzey meydanında 200 000 zanbaq sərgilənib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Con Maksvell. «Uğurlu insanlar necə düşünür» - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Filarmoniyada abonement konsertlər davam edir
Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdirilir. Sözügedən konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilir.
Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxmışdı. Yanvarın 21-də isə Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirildi. Yanvarın 28-də son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək.
Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
“İnanıram” tamaşasının premyerası olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” adlı səhnə əsərinin premyerası olub. Teatrın mətbuat xidmətinin məlumatına görə, səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.
Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı görmədən şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə o ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.
Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.
Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nda nümayiş etdirilərək ikinci yerə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Rəsm qalereyası: Rəfael Əsədov, “Köhnə Bakı”
Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlir?
Deyirlər, qabaq Bakının küçələrində daha çox əcnəbiyə rast gəlinirdi. Hara baxırdın ərəb, hindus, pakistanlı, iranlı görərdin. Həqiqətənmi pandemiya ölkəmizə gələn turistlərin sayını azaldıb?
Dövlət Statistika Komitəsinin məlumatına
əsasən 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Düzdür, 2019-cu illə müqayisədə turistlərin sayı azalıb, amma ötən illə müqayisədə 2 dəfə artıbsa, demək, artım davam edəcək.
Bəs hardan daha çox turist qəbul edirik?
Gəlin baxaq. Gələnlərin:
-27,9 faizi Rusiya Federasiyası,
-19,5 faizi Türkiyə,
-10,6 faizi İran,
-6,0 faizi Səudiyyə Ərəbistanı,
-5,1 faizi Gürcüstan,
-3,8 faizi Hindistan,
-3,2 faizi Pakistan,
-2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri,
-1,9 faizi Qazaxıstan,
-1,7 faizi Ukrayna,
-1,6 faizi Özbəkistan,
-1,5 faizi İsrail,
-1,4 faizi Küveyt,
-1,2 faizi Oman,
-1,2 faizi Belarus,
-10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.
2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36,0 faiz, Gürcüstandan - 31,2 faiz artmışdır.
2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.
2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1489,5 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 faiz artıb. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,2 faizini kişilər, 35,8 faizini qadınlar təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Serenay 1.5 milyon qazandı
"Ailə" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa Serenay Sarıkaya yeni reklam təklifi alıb.
“Ədəbiyyat və incəsənət” Axşam.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şampun markalarından biri ilə 2 illik müqavilə imzalayıb.
Sarıkaya bunun müqabilində 1.5 milyon lirə qonorar alıb.
Qeyd edək ki, aktrisa 6 ildir ki "Mavi" brendinin simasi idi.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
“Dədə Qorqud”un yeni tapılmış nüsxəsinin hazırki əlifbaya uyğun nəşri hazırlanacaq
“Dədə Qorqud”un yeni tapılmış nüsxəsinin restavrasiyası davam etdirilir. Bunu APA-ya açıqlamasında professor Ersen Ersoy bildirib.
Onun sözlərinə görə, proses davam etdirilir.
“Dədə Qorqud" kitabının əlyazması Bursa Bədədiyəsinin Əlyazmalar və Quran muzeyində saxlanılır. Kitab bu dəqiqə restavrasiya mərhələsindədir. Bu mərhələdən sonra onun orjinal və günümüzün əlifbasına uyğunlaşdırılmış versiyasında nəşrlərinin hazırlanması nəzərdə tutulub”.
Qeyd edək ki, yeni nüsxə ötən ilin mart ayında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən aşkar olunmuşdu.
Yeni nüsxə “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinə daha çox bənzəyir və 12 boy var.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Musa Yaqubun qızı: “Həmin şeirin bəxti gətirdiyi qədər övladlarının bəxti gətirmədi”
Böyük şair Musa Yaqubun İsmayıllıdakı evində qızları Səhər və Yaqut şair Fərid Hüseynə müsahibə veriblər, müsahibə “Kaspi” qəzetində dərc edilib. Daycest bölümündə həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Yaqut xanım, Musa müəllimin otağındayıq. Bu otaq bizə “nə deyir?”
Yaqut xanım: - Musa Yaqubun otağına baxanda onun ruhunu anlamaq olur. Atam heç vaxt görünüşə fikir verən adam olmayıb. Məsələn, çilçırağın iki lampası işləmirdi, yaxud əyilirdi, deyirdik, onu düzəltdirmək lazımdır. Deyirdi, neynirsiniz, biri yanırsa, bəsimizdir. Görünüşə, maddi nemətlərə meyilli deyildi. Onu daha çox mənəvi dünya maraqlandırırdı. Burada onun yazı masası, şeir dəftərləri, yatağı, sevdiyi şairlərin şəkilləri, yazı makinası, ən əsası, nəfəsi, sadə həyatının izləri, unudulmaz xatirələrimiz var.
- Musa müəllimi xatırladan əşyalardan biri də onun əl çantasıdır...
Səhər xanım: -Bəli, atamın sevdiyi əşyalarından biri də çantası idi. Hərdən baxırdıq ki, görəsən içində pul varmı. İçəndə həmişə bizə pul verirdi, səhər ayılanda da geri istəyirdi (gülürük). Bəzən pulunu itirirdi, ya harasa qoyduğunu unudurdu. Ona görə çalışırdı eyni yerə qoysun ki, sonra yadından çıxmasın. Ondan pul istəyəndə deyirdi ki, pulum Ramizdədir. Sonra bildik ki, pulunu Ramiz Rövşənin kitabının arasına qoyur, ona görə elə deyir (gülürük).
- Musa müəllimin ilk sevgisinə yazdığı bir kitab var. “O insafa gəlmədi” adlı həmin kitab daim sizin evinizdə olub, oxumusunuz, saxlamısınız, bu gün də həmin nüsxə qalır. Oxucular üçün deyim ki, həmin kitabdan cəmi bir nüsxədir. M.Yaqubun dostları həmin kitabı bir nüsxədə hazırlatdırıblar ki, o qıza yazdığı şeirlər itib-batmasın. Bəlkə də, ananız Zöhrə xanım anlayışlı, nəcib olmasaydı, həmin kitabı ya cırar, ya da tapşırardı ki, ən azı göz qabağında olmasın.
Yaqut xanım: -Anam atamın şeirləri qədər onun sevgisinə də hörmət edirdi. Əlbəttə, o kitab həmişə əlimizdə olurdu, amma anam heç vaxt söz-söhbət yaratmazdı. Atam daha çox gecələr işləyirdi. Həmişə deyirdi ki, şeirlərimin elə ilk şahidi Zöhrədir..
- Musa Yaqubu ən çox xatırladan əşyalardan biri də onun yazı makinasıdır...
Səhər xanım: -Bax, bu mənim atamın yazı makinasıdır. Əlifbası da dəyişib. Atamın ən gözəl şeirləri o əlifbada, o səsdə yazılıb. Bakıda birotaqlı, kirayə evimizdə o səsin içində oynamışam, ağlamışam, gülmüşəm. Atam elə gözəl yazırdı ki, elə bilirdim piano çalır. Gecələri də makinasının səsi ilə nanə yarpağı kimi kövrək duyğularını taleyimizə yazırdı, elə bil... Gör neçə ildir Avstriyada yaşayıram, nə olsun, dünyanın hansı tərəfi olursa olsun, heç nə bu makinada yazılan şeirlər qədər böyütmədi məni.
- Musa müəllimin əlinizdə tutduğunuz şəklinin də qəribə tarixçəsi var, Səhər xanım…
Səhər xanım: -Elədir, bir neçə il əvvəl, 10 günə yaxın İzmirdə oldum. Atamla görüşmək istəyirdim, onun da taleyinin daş tərəfinə tuş gəldi, gələ bilmədi. Onun qismətində bacımla, bir də qardaşımın qızı Çiçəklə görüşdüm. Həm İzmiri gəzdik, həm də bir-birimizi. İzmir ömrümdə özü boyda iz buraxdı. O yerindən danışım sənə. İzmirdə yaşayıb-yaradan məşhur musiqiçi Enriko Makiasın yaşadığı binanın lifti belə məşhurdur. Yerlilər, turistlər o liftlə binanın yuxarı, üstü açıq mərtəbəsinə qalxır, oradan İzmirə baxırlar. Yuxarıdan aşağı baxmağı sevməsəm də, o gün biz də İzmirə elə oradan baxdıq. Küçələrini gəzdik. Küçədə gəlib-gedənlərin dincəlməsi üçün yığcam kafelər, müxtəlif rəngli butiklər var. Butiklərin birində İzmirə xas suvenirlər, bir də aydınların, şair və yazıçıların şəkilləri ilə birgə aforizmlərinin köçürüldüyü müxtəlif ölçülü taxta parçaları satırdılar ki, arxasındakı yapışqanla divara istədiyin yerdən asanlıqla yapışdıra bilərsən. Biz də könlümüzə yaxın olanlardan aldıq. Satıcı qadından xahiş etdik ki, bizim də atamız məşhurdur, onun şəkli ilə bir-iki misrasını versək, bu cür hazırlaya bilərsiniz? Dedi ki, məmnuniyyətlə hazırlayarıq, siz şəkli ilə misralarını göndərin. Biz də göndərdik. Yazdı ki, sabah saat 18:00-da gəlib götürün. Səhəri gün bacımla getdik. Küçənin adını bilmirdik, baxıb görürük adı nə olsa yaxşıdır: “Karataş sokağı“. İkimiz də o adın yanında xeyli dayandıq, kövrəldik. Dədə demişkən, “Yaman qəribədir dünyanın işi” dedik. Sonra gedib qadınla görüşüb, sifarişimizi aldıq. Dədənin şəklini görəndə ikimiz də özümüzdən asılı olmadan, qara daşın yaşını tökdük. Qadın elə bildi ki, onu itirmişik, dedik yox, yaşayır, amma yaman xəstələnib. 5-10 dəqiqə söhbət etdik, sonra da razılaşdıq ki, mən pulunu ödəyim, o da nə qədər lazımdırsa, düzəldib elə o küçədə satsın. Qəribədir, heç atamın övladlarının o şeirin bəxti gətirdiyi qədər bəxti gətirmədi. O hadisədən iki gün keçəndən sonra satıcı qadın yazdı ki, atanızın rəsmlərindən birini aldılar. Duyğulandım. İstədim soruşum ki, kim aldı? Soruşmadım... İzmirə yolunuz düşsə, “Karataş” küçəsinə gedin. Musa Yaqubun qara daşı da olmasa, o küçədə Məmməd Araz ruhunda “karandaşı göyərsin”.
– Musa müəllimin otağında Atatürk ilə bərabər Sergey Yeseninin də şəklini görürəm. Çox güman ki, bu, bir böyük şairin başqa bir böyük şairin yaradıcılığına olan vurğunluğunun təzahürüdür…
Yaqut xanım: -Bəli, dədə Sergey Yeseninin yaradıcılığını çox sevirdi. Bizə onun Azərbaycana gəlməyindən danışırdı. Yeseninin “Heç kəs mənim kimi kövrələ bilməz” misrasına ayrıca bir şeir həsr etmişdi. Həmin şeirdən bir parçası yadımdadır:
Salam, kəndçi oğlu Sergey Yesenin,
Bax elə bu saat, elə bu saat
Mənim tək kim olar duyanın sənin?!
Gedək, birgə gedək doğma yerlərə
Gedək kövrəlməyə, gedək dolmağa,
Bir çinar, bir vələs, bir cökə olub
Bir də açılmağa, bir də solmağa.
Bir kəndçi qızını sevindirməyə,
Gedək bir anaya oğul olmağa.
Köhnə darvazanı açmağa gedək.
Həmin o cığırla, həmin o yolla
Bir də uşaq olub qaçmağa gedək.
Gedək, kəndçi oğlu Sergey Yesenin
Heç kəs mənim kimi kövrələ bilməz.
- Musa müəllimin xırda kağızlarda sizə – övladlarına yazdığı şeir parçaları, yaxud şeirləri də var. İstədim onların yazıldığı günlərə qayıdasınız...
Səhər xanım: -Fərid, biz heç vaxt onun əlyazmalarına, şeirlərinə biganə olmamışıq. Həmişə yazdıqlarını sevərək oxumuşuq, toplamışıq. Dəftərləri, əlyazmaları həmişə səliqə-sahmanda olub. Bəzən elə şeirləri olub ki, yazıb, sonra isə unudub, sonralar biz onun yadına salmışıq, həmin şeiri xatırlatmışıq, tapıb özünə vermişik.
Yaqut xanım: -Bir dəfə biz Bakıda tələbə olanda atam yanımıza gəldi. Onda qohumumuz Mələk də bizimlə qalırdı. Mən Bakı Dövlət Universitetində, Səhər isə Xarici Dillər Universitetində oxuyurdu. Gəlib gördü ki, toyuğu çox yağlı bişirmişəm, işıq pulu gəlib, amma ödəniş etməmişik. Səhəri gün universitetə gedib gördüm ki, hərbi dərsdir, oturmadım, qayıtdım evə ki, gedib dədə ilə söhbət edim. Qapını açıb gördüm dədə gedib, masamızın üstünə də mənim qələmimlə bu şeiri yazıb qoyub..
Mən getdim, Yaqut bala,
hər işi düz tut bala.
Yumşaqlığı tərk elə,
Səhərin başı üstə
Mələyin başı üstə
yumruğunu bərk elə.
Səhər səni tovlayıb
xoş dilə bağlamasın.
Qab-qacağı yumağı
sonraya saxlamasın.
O yusun qaşıqları
səndə ki qoyma yansın
boş yerə işıqları.
Qənaətcil ol bir az
İsrif elə yağ, bala,
bir çolpaya bir kilo
yağ işlətməzlər, bala.
O sən deyən il deyil,
Görürsən yağ sel deyil,
Ha ev pulu verirəm,
Vermirsiz ev pulunu,
Deməmişəm dədənin
Bu qədər sev pulunu?
Üç olun, tərs olmayın,
Unutmayın da dərsi.
Tək oxumaq üstündə
Eyləyin bəhsəbəhsi.
Yaman şeydir ingilis
Qoymayın çox bilmişi,
Sizə gördürsün işi.
Özü yaxşı qızcığaz
Səliqəsindən olmaz.
Çayım qaldı yarımçıq,
ora-bura çapmadım
Nə evdir saxlayırsız,
bir dişdəm qənd tapmadım.
Bu şeirimə mat qalın,
Getdim, salamat qalın.
Şeiri oxuyub kövrəldim. O günü heç unutmuram. Ümumiyyətlə, Səhər bilir, çox gözəl günlər yaşamışıq. İndi o günləri yada salanda, keçmişimizlə xoşbəxt oluruq.
Fərid Hüseyn: Darvazadan çıxana yaxın həyətdə təmiri yeni başa çatan talvar diqqətimi çəkir. Xatirimdədir ki, bir il öncə mən İsmayıllıya – Musa müəllimin ziyarətinə gələndə burada təmir işləri hələ yekunlaşmamışdı. Ustalara yaxın bir yerdə əyləşib çəkic-mismar səsinin müşayiəti ilə Musa Yaqubla söhbət edirdik, Xaqanidən, Nəsimidən, Robert Frostdan danışırdıq. Səhər xanım xatırlayır o məqamı, deyir ki, mənimlə telefonda danışanda deyirdi ki, tez gəl, qırmızı lent bağlayıb talvarın açılışını edəcəyəm. Amma qismət olmadı, orada dədənin yas mərasimini verdik… Kövrəlirik…
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq
Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq. Bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, vida mərasimi bu gün saat 11.00-da Heydər məscidində təşkil olunacaq:
“Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.
Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva dünən səhər saatlarında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)