Super User

Super User

2 Fevral - Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir. Fevralın 1-dən 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.

Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər təşkil ediləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları bir daha sənətsevərlərlə görüşdürəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,

Kədər vardı,

                 fərəh vardı,

                                dəvət vardı o səsdə...

Əlim qaşımın üstündə, qulağım dinşəmədə,

axşamüstü yol dəyişdim o ilahi səs səmtə.

“Az getdim-üz getdim, dərə-təpə düz getdim”,

Bir saatın tamamında ol məkana yetişdim.

Dağ döşündə bir çobandı üzü-gözü fərəhli,

Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində.

Salam verdim, salam aldım.

Dedim, qardaş,

                      nə çalır, nə oxurdun? –

         buralara

                    o ilahi

                              səsdən tutub gəlmişəm.

Dedi, “Çobanbayatı”ydı – “bizim, “Çobanbayatı” –

                                   Çobanların həyatı”...

Dedim, pəki,

               qızındırmı yamacda çiçək yığan?

Dedi, qızımdır, əmisi, çobanyastığı yığar;

Dedim, boğazım quruyub... –

Tez səslədi övladını, 

dedi, götür kuzəni,

         en bizim çobanbulağa,

              doldur gətir, yubanma...

İldırımtək çaxdı getdi,

quş ötgünü qayıtdı –

çobanqızı gətirən su –

su deyildi, elə bil ki,

                 Yerin buz damarıydı...

İçdim, sonra, elmisali alxışımı söylədim:

“Salam olsun Hüseyni-Şəhidə,

            lənət olsun Yezidi-Pəlidə”!

Çoban dedi:

-Nuş olsun!

-Sonun su tək durulsun!

-Qonaq qardaş,  

            salamına ehtiramım, şəhidlərə sayğım var, 

             amma “Yezidə lənət”i sənə yaraşdırmadım. –

             Bilirsənmi, yaddaşı var suların;

                                                   bəlkə dağın-daşın da,

             hələ desən, bu havanın, havadakı tozun da...

             niyə lənət eşitsinlər bu şər vaxtı dilindən?

             Tanrı özü yaxşı bilir, nədir kimin qazancı;

             Biz söyləyək alxışları – şəhidlərə yetişsin,

             Əleyhinə deyiləm, e... yezidlərə lənətin;

                                                 mən alxışın lehinəyəm,

                    alxışlının lehinə..!

 

Dedim, irfan çobanısan – görürəm,

Bəlkə elə ona görə

                      adam kimi danışırdı tütəyin...

Mən də yəqin öz ömrümü qara yelə vermirəm,

Tütəyində görünürdü sənin böyük ürəyin...

 

*

Qoyunların xalxal vaxtı, sağım vaxtı çatmışdı...

“Qumral” ilə “Gözüqara” qoyun da,

“Diziqara”, “Alabəzək”, “Narınc” da

imrəndilər, “anladılar” çobanı… -

Sonra çoban “Təpəl” dedi, gah da “Qaşqa” çağırdı,

Yoldaşıydı deyəsən, qoyunları sağırdı...

 

Söz sözü çəkmişdi, söhbət söhbəti,

Oğlu bizə çay gətirdi, qızı dəm-dəsgah açdı,

Kəkotu çayıydı – çaydan artıqdı –

Sanki dağdöşünün altun tamıydı...

 

Bir də gördüm, qardaş özü

                      varaq-varaq

                      çevirir

                      dünyasını çobanın...

Bir sağ söz deyən varsa,

                         qulaq vermək vicdanıdır insanın...

Deyəsən çoban məni lap şəhərli sanmışdı,

Mən maraqla dinlədikcə, o hey xırdalayırdı...

 

*

Eləki oyanır qış mürgüsündən,

bu dağlar, bu düzlər yaşıl geyinir,

Uzun aylar qışlalarda saxlanan qoyun-quzu

Bizdən qabaq can atır təbiətin qoynuna.

Hələ ot çıxmasa da,

                          qoyun-quzu ruzisini

qalın qar altındaca saxlayıbdı, saxlayan...

 

Sürümüzü görüncə, şenlik dağa qalxınca,

beli duman kəmərli, zirvəsi göy sirdaşı

      dağlarımız sevinir, çöllərimiz sevinir;

          Torpağın arzusutək açılır gül-çiçəklər;

        Yaylağa-yamaca,

             yola-arğaca

             yayılır qoyun-quzu –

                          səpələnir muncuqtək –

             yaraşıq üstünə yaraşıq gəlir…

 

Cana hopur yaylağın-yamacın yovşan ətri…

Biz bəsləyən heyvanların əti, südü, qatığı,

bulaması, dələməsi, süzməsi, şor-pendiri,

damaqlarda dad olur – hər biri bir aləmdi…

 

Saçaq-saçaq qoyun yunu – döşənir döşək olur,

                               işlənir yorğan olur;

hələ, bir də, köynək, əlcək, corab… desən,

                                 uzun qışı canımıza yoldaşdı.

Ev-eşikdə bər-bəzəkdi yun xalılar, gəbələr,

                                           kilim, cecim və palaz… –

ağlına hər nə gələr… –

Çiynlərdə heybə, xurcun

                     bu altun sürülərin yunundaca deyilmi?..

 

Nə deyirdi nənələr? –

“Qoyunlu evlər gördüm,

Qurulu yaya bənzər;

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər…”

 

Əziz qonaq,

                  nə başını

                                ağrıdım,  

Anasını,

  balasını axtaranda

                mələşər qoyun-quzu –

dağlarda, dərələrdə çiçəkləyər səsləri

bax, o vaxtda bu heybədən çıxararaq tütəyi,

“Qoyunhəngi” çalırıq;

                        qoyun-quzu səngiyir...

 

“Bu qoca dağların biri də bizik”,

Təbiət biznəndir, biz təbiətnən;

Məktəb oxumadıq, həyat oxuduq,

İndi uşaqlarım gedir məktəbə,

Onlar təbiətdən dərs alıb zatən –

Nə ev yıxmaz, nə də ki könülləri qırmazlar.

Nəğməsiylə dağa sevgi çatdıran

axarsuyun, qara sazın, tütəyin

anlatdığı – təməl dərsdi onlara…

Axarsutək yardımsevər və comərd,

Al Günəştək mərhəmətli, şəfqətli –

Belə böyütmüşəm balalarımı.

Gecətək örtərlər qüsur görüncə,

Hiddət məqamında susqun qalarlar.

Torpaq kimi, göstərişsiz, sadədil,

Dəniz kimi xoşgörülü balalarım var mənim.

Ustadlar necə söylərdi? –

“Ya olduğuntək görün ya göründüyüntək ol”! –

Bax, belədir, qonaq qardaş, belədir balalarım”… 

 

*

Bəs

    necədir sürü ilə dil tapmağın, de, necə? –

Şövqlə dedi:

                 isnişmişik, lap incədən də incə...

Dedim, çətindimi bu sənət, qardaş?

Dedi, peyğəmbərlər çoban olubsa,

         nə sən sualı ver, nə mən cavabı...

 

Dedim ki, hər yerə də adınızı qoşmusuz:

Çobankənd, Çoban talası, Çoban bulaq –

Daha da neçə-neçə sizə yaxın-uzaq ad...

 

-O adları el veribdi, biz ad verən deyilik,

Eldən gələn adları da çevirən ha deyilik...

 

Dedim, sənin mənə sözün nə ola?

Dedi, siz söz əhlisiz,

         biz hal əhliyik, qardaş,

         Gəl, gedək, bardaş quraq;

         Burda işimiz var, orda aşımız,

         burda da, orda da qara daşımız...

Bil ki ürəyimtək genişdi çadrım.

   

*

Çadırında saz da vardı, tütək də,

əlyetərdə xəncəri, divarında tüfəng də...

doluydu yeyim süfrəsi,

              deyim, könül süfrəsi...

Yedik-içdik, damağımız çağ oldu. –

Nə yoxuydu? –

                    süd, qatıq, süzmə, pendir,

                    göyərti və göbələk...

                    körpə quzu bozartması, bir də çoban salatı...

 

Söz sözü çəkirdi, söhbət-söhbət,

Üz üzü çəkirdi, diqqət diqqəti.

 

Çoban dedi:

Baxma, min bir zəhməti var –

Bitib-tükənməz… amma

yenə

öz zövqü var, səfası var bu işin

çobanlığın qardaşlıqdı düsturu:

Tanrının yaratdığı hər şeylə anlaşırıq,

     biz Tanrımız yaradanla barışığıq…

 

*

Birdən mənə elə gəldi

        bu çoban

             alaçıqdan daha artıq

            aladağ yiyəsidir…

Bir azdan da divardakı saz endi

Elə ki alaçıqda saz çalındı, saz dindi…

Dedim, əgər “Divani”dən

                     “Müxəmməs”ə kəsə keçsə,

                                              durum gedim,

amma gördüm, “Divan”ini

                         bir deməyir, iki deyir,

                                              iki demir, üç deyir.

Derdi “Məktəb görməmişəm” –

amma məktəb görən məni açıq heyran eyləyir…

Ustadlardan dedi, dedi, sonra özünə keçdi –

Orda mənə elə gəldi, bədahətən söz dedi:

 

“Yolunu azarsan yol səni səslər,

Nəsə itirərsən, ol səni səslər,

hər səsi çevirib söz etmək olmur,

qəlb kədəri gəzər, dil qəmi səslər.

 

Eyni yerdən gələr, başqadı adı,

başqadı səs dadı, başqa söz dadı;

Səslərin gözəli qara sazdadı,

Kərəmi çağırar, Dilqəmi səslər…

 

Deyir, söz ölməyir, deyir, səs ölmür.

Bəs öləndən sonra nə üçün gəlmir?

Gəlməyinə gəlir, e,

                          eşidilməyir,

yoxsa keçəmməyir kəfəni səslər”?!.

 

Dedim:

-Mənim havam “Dilqəmi”dir, can çoban.

- Mənim havam “Ruhani”dir, söylədi...

Dedim:

- Olsun, bunlar əkiz havadı...

 

“Aran gözəlləməsi” oldu sonra çaldığı. –

Bu havayla aranı sanki dağa daşıdı...

Dedi: tütəkdə “Çobanbayatı”,

                      sazda bunsuz qalmarıq...

 

“Hər gün verilməmiş bir salamım var,

hər gün gördüklərim gözümdən çıxar.

Mənim bu dünyadan bir alasım var,

bir də, bir adam var sözümdən çıxar.

 

Dillər var – adımı təzə saxlayıb,

gözlər var – üstümdə nəzər saxlayıb,

Bir qəlbi sınıq qız nəzir saxlayıb,

onun da həsrəti dözümdən çıxar.

 

Dedilər, yerisən, yorulmaq qalar,

Elə oturub da qocalmaq olar.

Dəli arzularnan bacarmaq olar,

İlahi, sən məni özümdən çıxart”…

 

Mən susurdum…

                       elə bil ki

                                gerçək deyil yuxuydu –

Bu nə sazlıq, bu nə sözlük – bu belə nə görüşdü?..

Sonra “Təcnis”ə keçdi bizim o zalım çoban,

Ondaydı lətafət, ondaydı irfan:

 

“Deyirsən ki, mənli günün sualdı,

deyirsən ki, “… “yəmin” mənəm,

                           “bəlkə” – siz”.

Sənin eşqin gözlərimdən su aldı,

baxammıram sənə doğru “bəlkə”siz…

 

Sən evlisən, “günah” deyir, yasa, din.

Bizə görə ölmə, sevgi, yaşa, din!

Sevgisizdin, nigahlıydın – yaşadın,

indi isə sevgi gəlib – bəlgəsiz…

 

Yola çıxdıq, yol hayana çıxacaq?..

Qafada “din”, qəlbdə “sevgi” – “çıxacaq”…

El ağzından bircə kəlmə çıxacaq:

dindən əvvəl doğulaydız bəlkə, siz”?!.

 

Bir demədi, iki dedi yenə də,                      

Bir görəlim nələr vardı dərində:

 

“Dindən əvvəl sevgi özü din idi,

onda aşiq yardı, onda yar aşiq.

Əvvəl sözün “susma!” idi, “din!” idi,

indi isə susmaq olub yaraşıq…

 

Zaman keçdi, dedik son söz dinindi,

Eşq yolunu kəsib durub din indi.

Ağılda din, ürəkdə eşq! Din indi,

Bir addım at, bu sərhəddi yar, aşiq!

 

Şair deyir, odur bitməz qeylü-qal,

dilimdə get, ürəyimdə “qal” ki, “qal”…

Qəlb – fərmandar, mən – icraçı, qərar – qal!

nə deyirsən, həmdəm aşıq, yar, aşıq”?!.

 

Mən aramla çay içirdim,

Həm zövq alır, həm də fikir daşırdım…

Nəsə demək istəyirdim… nə deyim? –

Alaçıqda saz sehrinə dalmışdım…

 

Dedi, qardaş, bir qatar da sən söylə.

“Olsun” dedim,

                    onun sazı bəmdəydi. –

Elə ilk misradanca baxdım hava dəyişdi.

Bu, çox köhnə, undulmuş havaydı. –

 

“Yağışlar, yağışlar yağırdı nazla,

Çiçəklər, çiçəklər sığallanırdı;

Nə gözəl, nə gözəl əsirdi yellər,

Göllər beşiyində yırğalanırdı...

 

Quşlar yeni yeni cəh-cəh vururdu,

Ovlaqlar, yaylaqlar yoxuydu hələ;

Çay öz yatağıyla tanış olurdu,

Ah, dünya qalsaydı... - qalmazdı belə...

 

Dərələr-təpələr şəkillənirdi,

Yer yerə bərkiyir, göy çəkilirdi...

Hər yer təptəzəydi, hər şey yepyeni,

Buludlar, buludlar nəsə deyirdi...

 

İlk kişi - ilk qadın gəldi göz-gözə, -

Şimşəklər, şimşəklər belə yarandı...

İlk dəfə uzandı əllər əllərə,

Barmaqlar toxundu, Ay paralandı”...

 

İkimiz qalanda alçıqdaca,

       illər öncə bir belə dağ döşündə,

bir ağayaqçün yazdığım –

    “Aldanıb açılır qar çiçəkləri”

                                    qoşqusunu söylədim –

“Qar çiçəyi” deyincə kövrəldi zalım,

Məni də kövrəltdi, sazı inlətdi –

Sanki “Zəminxarə”ylə

         “Çobanbayatı”nı bir-birinə qatmışdı –

tər hava yaratmışdı:

 

“Düşmənlər ayağa, dost başa baxar” –

belə bir söz qonub el yaddaşına.

Utandım, üzünə baxa bilmədim,

gözlərim yol çəkdi ayaqlarına... –

 

Utandım deyirəm - bu, ilk görüşdü,

Düşmən də deyiləm, özün bilirsən.

Bir atalar sözü qüvvədən düşdü

bizim aramızda, - düzünü gəzsən.

 

Ağmı görməmişik ya yaraşıqmı?.. –

yox, sənin ayağın başqadı, başqa...

bir bax, öz ürəyin sinəndə vurur,

ayrı bir ürək də ayaqlarında...

 

Sən yerə basırsan, ayaqdı, deyib,

məncə, bu ayaqlar uçmaq üçündü...

Belə ayaqların eşqinə qalxıb,

aldanıb açılır qar çiçəkləri”...  

 

Başınızı ağrıtmayım, uzun sözün qısası,

O qədər şeir dedik, o qədər saz eşitdik,

Nə sözdən, nə sazdan doymadıq ki doymadıq,

“Bugünün sabahı var” dedik, qalxdıq, yatışdıq…

 

*

O günədək alaçıqda yatmamışdım, doğrusu,

Təbiətdən, dağdan-daşdan uzaq düşən dağoğlu –

O gecəni necə yatdım – bilmədim –

sağ böyrümün üstəcə düşmüş idim daş kimi…

yarpaq xışıltısı, su səsi, it hürüşü –

sanki ahəng yaradıb,

                    yuxuya vermiş məni…

 

Günəş üzünüzə xeyirə doğsun,

Lap o başdan təbiətin özü kimi oyandım,

   Alaçıq yiyələri artıq çoxdan qalxmışdı.

   Mal-heyvan örüşə yollanan vaxtdı.

Günəş qalın ağacların arasındaydı

Hələ istiliyi çox uzaqdaydı…

Amma isti samovar, isti çay hazır idi…

Pendir, yağ, südlə qaymaq,

isti xamralı və bal varıydı süfrədə,

könül vardı, inam vardı, iman vardı süfrədə…

 

“Sabahın xeyir, qonaq qardaş” –

xan çobanın səsiydi –

“oyanmısan, deyəsən, 

  Yoxsa, səs-küy qoymadımı yatasan?

              Dincələrdin bir hoyru…

Həncəridi buraların yuxusu”?  

 

“Günaydınlar, əziz insan!

Alaçığın şen olsun!

Hər şey, hər şey gözəldi –

Gözəl ürəyin kimi!

Artıq iznin gərəkdi, şəhərə çıxmalıyam,

Mən sizin ellərin qonağı idim,

artıq üç gün dolur, daha getsəm yaxşıdır.

Amma inan bu üç günün zirvəsini sizin ilə yaşadım!

Və mən sizdən doymadım”!

 

Çoban dedi, əziz qonaq, elə mən də qonağam –

Neçə ildir bu dağlara meyl salmış, lap buralı olmuşam –

Uşaqların anasını mənə vermirdi qayınatam,

Biz də verdik əl-ələ, qoşulduq qaçdıq, neynək…

Sonra bizim el-oba işğal oldu, geri dönə bilmədik,

Uşaqlar da buralarda böyüdü –

Buralar da bizim üçün əzizdir –

Hərdən qalxıb dağ başına - lap o üzə baxıram,

Darıxıram, əziz qardaş, it kimi darıxıram.

Acığımı gah tütəkdən, gah da sazdan çıxıram”…

 

Mənə aydın oldu artıq

                   o tütəkdə, o sazdakı kədər də,

amma yenə nəsə vardı, onu çözə bilmirdim…

 

Tanrı verən nə vardısa səhər-səhər nuş etdik,

Qucaqlaşdıq çoban ilə, “bir də, qismət” söylədik.

Yoldaşı da bir balaca bağlama yollamışdı –

“yol azığı, çoban arması” deyirdilər,

                                        götürməyə bilməzdim…

 

Sonra mənə elə gəldi, su atdılar dalımca…

 

Xeyli getdim, o naxışlı, o ətirli bağlamanı yoxladım,

ətim üyüşdü elə bil – içində məktub vardı:

“Şair, məni tanımadın?..

Amma sağ ol, o şeiri ki oxudun…

Bir də bir söz yazım,

                       biləsən ki, adın bizdə doğmadı,

Heç demədin oğlumuzun adı niyə Murazdı”?..

Aman, Tanrım! Ola bilməz!

Yox, yox!..

      Amma

       amma olmuşdu:

Gəncliyimin ağayaqlı, Günəşüzlü gözəli,

illər sonra, unamadan qarşımaca çıxmışdı…

 

Mən onlardan ayrılarkən

çoban sazmı çalırdı? –

sanki

sanki qara çoban qara sazla

                                    “Xan Çoban” çağırırdı…

 

Bəli, bəli, arxamca da su atılmış –

                                       doğruydu…

 

“Sərt yoxuş”dan sərt də endim,  

“Kor güney”dən kor kirimişcə dolandım,

“Quş yuvası” – quş ötgünü yol oldu,

“Yeddi bulaq”, “Keçid” və “Çay talası”,

“Ağamir”in addamacı, “Qozluq”, “Nənə bulağı”…

yola rəvan olmuşdum… -

                         sanki mən yox, yol özüydü yeriyən…

 

Gedən başı güzərgahım başqa yoldan olmuşdu:

“Dar dərə”ydi, “Kor bulaq”dı, “Nazik su” və “Qalaça”...

Hər birindən o da keçib, hər birində o da var…

 

Bu yolların gedişində mənəm bu gün,

                  Gəlişində bir də ollam? – Kim bilir?

Lap olsam da, mən onlara bir də, bir də gedəmmi?..

O mərd çoban elə sanar, mən oyun oynayıram…

Haşa, haşa! Haşa haşa! Heç elə şey olurmu?

 

Amma illa bir hikmət var,

           illa da bir qovuşduran qüvvət var…

“Lə tucəd sadfətə fil aləm,

hunəkə təvafuq” – deyir ərəb –

deyir ki,

“Heç təsadüf-filan yoxdur aləmdə,

   nə olsa, nə olsa təvafüqlükdür”… 

 

*

Yox, yox, belə tez keçməyim üstündən,

Qoy, bir az da söhbət açım

Dağ döşündən, çobandan

Onsuz da qalıb orda,

                        orda qalıbdır ağlım:

 

Çırtaçırt yanır ocaq,

Torpaq üstə qara daşlar,

Üstündə qaynayan su,

Havaya qalxan tüstü... –

İlahi, nə yaman yadırğamışdım –

Yaddaşım özümə qayıdır sanki,

Su, torpaq, od və hava,

Yox, yox, bir az başqa cür:

  torpaq, su, hava və od –

Hamsının yaddaşı var,

havanın yaddaşı var,

ocaq özü yaddaşdır,

yaddaşı var suyun da,

yaddaşsız bir daş görsəm,

deyərəm ki, yad daşdır...

 

Görən, çoban bilirmi

Ona ötkəmlik verən,

       ona comərtlik verən

o dağlardı, o düzlərdi,

ocaq, hava, su, torpaq –

torpaqdakı, sudakı,

havadakı, ocaqdakı yaddaşdır!..

Mən özüm, mən özüm inanıram ki,

Çay dağa türkü deyir –

Həm ondan uzaqlaşır,

həm onu haraylayır...

O nəğməni duya bilsən

Şair olmağa nə var?..

 

Su...

Dəli su, ağıllı su, kürəyən su, sakit su...

Qarşısına nələr çıxar, nələr çıxar,

O, usanmaz, o dalaşmaz, illa da bir axar tapar,

tapmazsa da, hər daşı damcıyla dələr keçər...

 

Sudan ilham alan sufilər söylər:

“Səninlə uğraşan bir kimsəylə uğraşma,

uğraşdınsa onunla eyni yerdə qalarsan,

Oysa, sular kimi ol – ətrafından dolanıb,

Öz yoluna davam et”…

Sudur bu, su... Çoban bilir, çoban görür...

Ətrafından dolana bilmədiyi dağ-daşın

Dolub-dolub lap üstündən də aşar –

axmadığı yerdə qalmaz...

Sular kimi səbrlidir çobanlar...

Tikan içində gülü, gecə içrə gündüzü

gözləyənlərdi onlar...

Su axar təmizlənər,

Çobanlar suya baxar,

Aya baxa çobanlar,

Günə “salavat” çəkər…

Suyu su kimi görər,

Suyu buz kimi görər,

Buxartək görər suyu,

Hər halıyla sevər onu,

Atar gedənin ardınca…

 

Deyər biz də su kimiyik –

Hara getsək oralara uyğunlaşar,

orda həyat qurarıq, amma lakin

harda olsaq, özümüz olluq yenə,

Fəsillər dəyişər biz alışarıq

Lap həyatın dibində,

                   lap zirvənin belində

Yenə insan qalarıq…

Aza qane olarıq,

çoxu talan etmərik…

 

Sonra odundan-oddan,

Sonra dəli küləkdən və də sərin havadan,

Sonra, bizim çoban qardaş

          ağüzlü qara torpaqdan

danışdı hey danışdı...

                    gah büküldü, gah güldü.

Həyat kimi adamdır, adam kimi həyatdır...

Bəlkə bütün peşələr, bəlkə bütün sənətlər

Elə belədir, nə bilim... Amma şenlikdən uzaq,

amma dağlar qoynunda, təbiətlə baş-başa

həyat yalın gözəldir...

 

*

O çobandan cavab ilə, o dağdan yüz sualla

ayrıldım və evə döndüm. Qızım çıxdı qarşıma:

“Ata, ata, hardaydın bəs, gözüm qaldı yollarda”…

Ah, dağdakı Günəşüzlü hardan, hardan bilsin ki,

Onun adı bizim evdə lap ilk gündən çağrılır –

Deyirlər ki, “atasına oxşayan qız xoşbəxtdi”,

Deyirlər ki, çox oxşayır qızım mənə, nə bilim…

 

*

Aşıq dili yüyrək olar – mən aşıq olmasam da,

Yüyrək olsun dilim deyim, sonrasını gətirim.

Ay dolandı, illər keçdi, qızım kamala doldu.

Tələbəydi, dedi, ata, Kəlbəcərə gedəcəm –

Orda “Elat bayramı” var – qardaş ellər gələcək,

Biz də orda könüllüyük, gərək ki iznin ola…

 

O torpaqlar uzun illər işğal altda qalmışdı,

Azad olduğu ilk gündən dirilirdi, qurulurdu – bilirdim;

İndi orda bayram varsa, mən qızıma nə deyim? –

Duyğuluydum, çox danışsam, ağlardım,

Bircə kəlmə “Get” söylədim – təki günü ağ olsun!

 

Kəlbəcərdən üç gün sonra qayıtdı.

Anasıyla pıçıldaşdı, uzun-uzun danışdı.

Gördüm qızım nəsə sözlü-sovludur…

Elə bil ki Kəlbəcərdə yenidən doğulmuşdu…

 

Kim deyər ki, qəhrəmanım o çoban

Sürüsünü Kəlbəcərə sürmüşdür…

Artıq qazi olan oğlu – adaşım,

Doğma yurdda

                     anasının adaşına

                                               vurulmuşdur…

 

Əlim üzümdə qaldı – nə möcüzdü, İlahi?

Uşaqlara ad verəndə - bu günü düşünsəydik…

Yoldaşım deyəndə ki onlar elçi gələcək,

Heç bilmirəm nə hikmətsə, ilk kəlmədən “Yox!” dedim…

 

 (21.06.2020 – 14.01.2023 ,

                 Abşeron - Bakı)

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il fevralın 17-də saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) əsasən Şəki şəhəri, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

 

“Ədəbiyyat və incəsənət” nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar fevralın 13-dək nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Söhbət Macarıstanın “Arcanum” firmasının icraçı direktorundan gedir

 

 

Macarıstanın “Arcanum” rəqəmsal nəşriyyat qurumunun rəhbərliyini ölkəmizə səfər edib. Qurum bir sıra görüşlər və birgə layihələr həyata keçirmək məqsədilə Azərbaycana təşrif buyurub, rəsmi dəvəti isə ADA Universitetindən alıblar. 

 

Ötən gün “Arcanum”un icraçı direktoru Elöd Biszak Milli Kitabxanada olub. Görüş zamanı kitabxananın direktoru Tahir Kərimov qonağa Milli Kitabxana və kitabxanada həyata keçirilən digitallaşdırma işi haqqında ətraflı məlumat verilib. 

Qeyd edilib ki, kitabxanada 2008-ci ildən etibarən müstəqil şəkildə 1 milyondan artıq resurs digitallaşdırılıb. 2020-ci ildə Milli Kitabxana “Azərbaycanda milli elektron kitabxana” layihəsini irəli sürüb, lakin müəllif hüquqlarının qorunmasına səbəbindən bu layihə həyata keçirilməyib. 

Görüşün sonunda bildirildi ki, əgər “Azərbaycanda milli elektron kitabxana” yaratmaq layihəsi baş tutarsa, o zaman Macarıstanın “Arcanum” müəssisəsi kimi şirkətlərə müraciət edə bilərik. 

Daha sonra qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

 

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

 Dünyanın ən qədim əlifba yazısının deşifrəsi

 

Əlifba eramızdan əvvəl 1800-cü ildə yaranıb və kənanlılar tərəfindən, sonra isə dünyanın əksər dilləri tərəfindən istifadə edilib. Yaxın vaxtlara qədər İsraildə heç bir mənalı kənan yazısı tapılmayıb (müxtəlif artefaktlar üzərində iki-üç söz istisna olmaqla).

Lakin cari ilin noyabr ayında vəziyyət dəyişdi: elm adamları kənan dilində (Canaanite dialects) təxminən eramızdan əvvəl 1700-cü ilə aid bütöv bir cümlə tapıblar. Fil sümüyündən hazırlanan kiçik darağa həkk olunan yazı bitlərə qarşı ovsundur.

Əslində daraq qədim Təl-Laxişdə 2017-ci ildə tapılıb. Yazının hərfləri çox kiçik həkk olunub, ona görə də onları yalnız 2022-ci ildə - artefaktın sonrakı işlənməsi zamanı müəyyən etmək mümkün olub.

Darağın üzərində 17 kənan hərfi var. Əlifba yazısının ixtirasının ilk mərhələsində olan formaca arxaik hərflərlə kənan dilində yeddi söz yazılıb: "Bu köpək dişləri saç və saqqaldakı bitləri kökündən məhv etsin".

Qeyd edək ki, minlərlə il əvvəl kənanlılar indiki İsrail, Fələstin, Livan, Suriya və İordaniya ərazilərində yaşayıblar.

 

“Ədəbiyyat və incəsənət”

 

(30.01.2023)

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" layihəsi çərçivəsində Bakı şəhəri "Azərkitab" kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib.  İntiqam Yaşar iştirakçılara kitab haqqında  məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

"Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.  Və kitabda yazıları yer alan türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri 26-29 yanvar 2023-cü il tarixlərində Azərbaycana səfər edib, Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak edib.  Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının "Manas" teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas,  yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası "Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı Erkinbek Serikbay olub.  Onlar çıxışları zamanı Azərbaycanın İrandakı səfirliyinə edilən hücum səbəbindən Azərbaycan xalqına və şəhidin ailəsinə  başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.

Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hərkəsə və İntiqam Yaşara dərin minnətdarlıqlarını bildiriblər.  Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır. 

Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim  və s. layihə haqqında öz fikirlərini səsləndiriblər.  Tədbirdə Kənan Hacı,  Ümid Nəccari, Tural Turan , Qabil Ədalət, Emil Rəhimov , İradə Əlili və başqaları da iştirak edib. 

Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunub. Eyni zamanda iştirakçılara "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı hədiyyə edilib. 

Xatırladaq ki, bundan əvvəl kitabın Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Monday, 30 January 2023 13:45

Daşma plov

Hazırda Qərbi Azərbaycan mövzusu çox aktualdır, onun mətbəxini də xatırlatmağa dəyər. İrəvanda yetişən əvəlikdən bir çox yeməklər hazırlanırdı. Bunlardan biri də əvəlikli İrəvan aşı da adlanan daşma plovdur. Bu plovun reseptini təqdim edirik.

 

Lazım olan inqrediyentlər:

* 1 dəstə əvəlik

* 1 stəkan isti su

* zövqə görə duz və istiot

* 8 dilim antrikot

* 2 ədəd soğan

* 1 xörək qaşığı kərə yağı

* 1 çay qaşığı duz

* 1/2 çay qaşığı sarıkök

* 1 stəkan bişmiş maş lobya

* 2 stəkan düyü

* 1 litr isti su

 

Hazırlanma qaydası: 

Əvbəlcə əvəliyi 2-3 hissəyə bölüb bir qaba qoyun. Üzərinə 1 stəkan isti su töküb yumşalması üçün kənara qoyun. Antrikot dilimlərinə duz istiot vurub tavada iki tərəfli bişirin. Daha sonra ətləri götürüb tavaya kərə yağı əlavə edin. Soğanı yarımhalqa doğrayıb yağda qovurun. Üzərinə zövqə görə duz, istiot və sarıkök əlavə edib qarışdırın. Yumşalan əvəliyi sudan çıxarıb doğrayın. Doğranmış əvəliyi soğanın üzərinə əlavə edib qovurmağa davam edin. Bişən ət dilimlərini də qazana əlavə edib qarışdırın. Bişmiş maş lobyanı da əlavə edin. Üzərinə 1 litr isti su və yuyulmuş düyü əlavə edin. Ocağı azaldıb 30 dəqiqə bişirin.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Monday, 30 January 2023 12:15

“Buğlama”sevərlərə xoş xəbər

Nə illah eləsək də hamının zövqünü eyniləşdirə bilmərik, əksərən kütləvi sevginin ünvanı ciddi mədəniyyət nümunəsinin ünvanı ilə tuş gəlmir. 

 

Mətləbə keçək. Ötən ilin yayında final edən "Buğlama" teleşousu yenidən ekrana qayıdır. Bu şounu sevən yüz minlərlə izləyicilər yəqin çox sevinəcəklər. Xüsusən araqsevər Hamletin obrazı axı

çox populyardır. 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, bu barədə aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə məlumat verib.

O, "Bozbash pictures" komandasının yer aldığı teleşounun bazar günləri Xəzər TV-də yayımlanacağını bildirib.

Qeyd edək ki, "Buğlama" ilk vaxtlar ATV kanalında nümayiş olunub və daha sonra "Space TV"də davam edib. Ekran işində aktyorlar Nicat Rəhimov, İlkin Miskərli çəkilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

Rəsm qalereyası: Rəfael Əsədov, “Köhnə Bakı”

“Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin...” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir.

 

-Fa’nın insanlaşması məni niyə qorxudurdu?

Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də  məni özümə gətirə bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı tanrısayağı sevə bilərdimi?

Eşqi bir neçə yerə bölmüşdüm o zamanlar. Ancaq həmin əlyazmada təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə bu cür sevmək bacarığını Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs kitabda bu hisləri dərinliyinə qədər təsvir etmişdi.

-Mən onu bir qəpiksizkən də, dünyanın maddi zənginliyinin içində boğularkən də eyni hislərlə sevirdim. Mən onu görən kimi tanımışdım. Gözləntim  sadəcə məni anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan böyük bir sevgi, tutqu ikimizi də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də necə bağlamışdı. Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum fiziki mənliyimi... Ruhum uçurdu tanımadığım məkanlara...

Hər zaman deyilən o idi ki, insan ki, bir-birinə toxunur, sevişir, artıq bu eşq davam etmir. Hər şey adiləşir... Bəlkə də, insani sevgilərdə elə bu cür də olur. Ancaq bizdə elə deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha da gücləndirirdi. Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini... Çək silahı vur ürəyimdən, zəhərlə məntiqimi uydurma konsepsiyalarınla. Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm. Bu sadəcə bədənlərin görüşməsi deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.

Mənə heç kim o cür toxunmağı bacarmadı. Heç kimin baxışları ağlımı başımdan o cür almadı. Heç kimin gülümsəməsi ruhumu o cür sığallamadı, ağrılarıma antidepresant olmadı.

Bəlkə də mən demiseksual idim... Amma yox, bu başqa bir şey idi. Bu haqda düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram hər şeyi, küllərindən yenidən doğulur yaşadıqlarım. Bu çox ağrılı prosesdir. Dözmək mümkün deyil... Yaşamaq da olmur, ölmək də... Başqası ilə deyib gülmək də... Ona duyduğum eşq digər bu tərz münasibətlərə qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi...

Nəfəsim kəsilirdi ona doğru atdığım hər addımda. Əlləri saçlarımı hər sığallayanda, ruhumu könüllü təslim etmək keçirdi içimdən... Saatlarca susurduq. Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər... Qızıldır deyirlər... Fikrimcə susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur...

Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq ağlamaqdır. Susmaq onun adını qeyri-iradi bağırmaqdır, boşluğa baxıb onu səsləməkdir. Susmaq ağlını getdikcə qaçırmaqdır... dəli olmaqdır... Boşluğa təslimiyyətdir...

-Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür, o ölünü tabutda daşımaq ürküdücü deyil. Nə qədər ki, o, tabutdadır mühafizə olunur, qorunur... Düzü də budur bəlkə də... Ancaq bunu hədəflənən nöqtəyə çatdırmaq üçün güvənilən çiyinlər, qeyri-toksik münasibətlər gərəkdir. Çiynin biri xəfif büdrərsə tabut yerə dəyib parçalanar, bu isə ürküdücü olar... Bütün  hislər muncuq ədası ilə laqeyidcə çıxmazlara səpələnər...

-Hər dəfə çiynin büdrəyir sənin. Bilirsən axı, mən hər dəfə yaralanıram. Hər şeyi hər kəslə rahatlıqla müzakirə etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər anlayarmı? Anlamaz, əlbəttə anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları ilə zəncirləyəcəkdilər əzizim... Bundan qorxmuram əlbəttə, sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma  hər gün sıxılan qurşundur. Ancaq o zəncirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə bir uydurmaya təslimiyyətdir... Susmaq əzizim, imitasiya olunmuş cəmiyyətin nəzəriyyəsinə əlimdən axıb gedərkən əllərin danışmamaqdır...Qürurundan ürəyini, mənliyini mühafizə edərək ruhunu deşik-deşik etmək, lezvalamaqdır... Hiss edirəm  axan qanın istiliyini... Tükəndiyimi...

Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O bir tərəf digər tərəfdə unutmurmuş bütün mənliyini. Ara-ara yox, elə tez-tez oyanırmış bu “qəflət” uyqusundan. Sorğulamırmış belə bu oyanışını... Fiziki dünyaya daha çox aludəçiliklə də əlaqələndirmirmiş...

Digər yarısını yuxulu-yuxulu uçurum kənarında unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.

-Bəli, əlbəttə haqlısan, əziz oxucum... Yuxulu olan, oyanmaq istəməyən, mənim kimi yuxularında qalmağı seçən düşürmüş uçurumun dibinə... Yaralanırmış, məhv olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş... Bir müddət sonra qartalların zirvələri sevdiyi kimi sevirmiş uçurumun ən dibini... Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər. O ruhunu bu dərinlikdə sakitləşdirir, ovundururmuş. Qayıtmaq istəmirmiş insani sevginin hegemaniyasına, qeyri-səmimiliyinə... Onu  artıq maraqlandırmırmış zirvələr, o uçurumun dərinliklərinə məhkum edirmiş könlünü... İnanırmış ki, bu, əslində ikisini də qorumağın ən gözəl yoludur.

Çoxları eşqi daddığını iddia edir. Ancaq uçurumun dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları sevir, bəli, ancaq onlar uçurumun kənarlarından baxır diblərə, dərinliklərə... Tanrısal sevgidə hər şey başqa cür olur... Fiziki dünyada qazanılan bütün kimliklərindən soyunur insan, ruhu səmalaşır. İnsanı Tanrıya duyulan eşqlə sevir... Tanrı da Liliti elə sevməmişdimi? Tanrısal eşq həm də yaşayarkən ölmək deyilmi?

Bəli tanrısal eşqdə belə bir tərəf daha məntiqli olur... Öncəlikləri fərqli olur... Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir... Gəlsə belə, gəlmir... Gəldiyini düşünsə belə gəlmir...

Gəlmirsən, əzizim, çoxdandır gəlmirsən... Hiss edə bilmirəm səni... Harda qoymusan ruhunu... Bu fani vücud mənə gərək deyil... Soyuqsan... Ölüm soyuqluğu sığınıb barmaqlarına,..

Tanrısal eşqdə belə bir tərəf daha qəddar olurmuş...

Düşünməzmiş bəs o nə haldadır? Necədir?

- Axı bütün yollarımı əzbər bilirsən...Məni ən çox sən tanıyırsan. Özüm kimi olduğum yeganə yer də, ev də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?

Sənə duyduğum  hislər məni aşıb, okeanlaşıb... səmalaşıb...

-Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi... Mən o keçidlərdə hər gün gözləyirəm səni... Ruhunun zindanlarına qapatmışam ruhumu...

 Ölüm də diləmək olmur.

-Ölüm ruhun gedişi deyilmi?  Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?

-Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi...

Gəlsən gələrdin, əzizim, gəlsən gələrdin, əzizim...

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.