Super User
Bu gün Gənclər Günüdür
Ramil Vəlibəyov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəmirdi. Məhz, təsadüfi deyil ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib. Bu fakt da bir daha sübut edir ki, Azərbaycanda gənclərə böyük diqqət və qayğı var, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir və bu siyasət müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
ASAN könüllüləri könül açırlar
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ASAN könüllüləri ilə növbəti görüşü keçirilib. Görüş 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gerçəkləşib.
AzərTAC Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, görüş zamanı Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb. Vurğulayıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən həmin konsepsiyanın vacib bir komponentidir. Məhz ASAN könüllüləri tərəfindən mərkəzlərdə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, o cümlədən müxtəlif sosial, hərbi vətənpərvərlik, şəxsi inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Ardınca ASAN könüllülərinin uğur hekayələri dinlənilib. Görüş sual-cavab və müzakirələrlə davam edib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə 30 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 mindən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Turizm agentliyi əməkdaşlığı genişləndirir
Növbəti tutizmlə bağlı xəbər: Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin (ATAA) sədri Göydəniz Qəhrəmanovla “LOT Polish Airlines” şirkətinin rəsmi nümayəndəsi olan "Aviareps" şirkətinin Qafqaz və Cənubu Asiya ölkələri üzrə İcraçı vitse-prezidenti Robert Obolgogiani və şirkətin Azərbaycan üzrə meneceri Ayan Zeynalova arasında tərəfdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub.
Bu barədə AzərTAC ATAA-a istinadən xəbər verir və bildirir ki, görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, reyslərin sayının artırılması, qarşılıqlı iş birliyinin yaradılması, eləcə də üzv şirkətlərlə biznes əlaqələrinin qurulması, qiymət siyasətinin tənzimlənməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin turist cəlbediciliyinin artırılması məqsədilə birgə layihələrin hazırlanması müzakirə olunub.
Qeyd edək ki, 2022-ci ilin may ayından etibarən “LOT Polish Airlines” şirkəti həftədə 4 dəfə olmaqla Varşava-Bakı-Varşava marşrutu üzrə uçuşlar həyata keçirir.Yaz aylarından etibarən reyslərin sayının 5-ə çatdırılması nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
“Avroviziya” müsabiqəsinin estafetini Turin Liverpula ötürdü
İtaliyadan Ukraynaya, əslində isə Britaniyaya. “Avroviziya” beynəlxalq mahni müsabiqəsinin estafeti Turindən Kiyevi əvəz edəcək Liverpula təhvil verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” xarici KİV-ə istinad edən xəbər verir.
Dünən Böyük Britaniyanın Liverpul şəhərindəki “Müqəddəs Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi keçirilib və bununla da, “Avroviziya” mahni müsabiqəsi rəsmi start götürüb. Səsvermənin yeni qaydalarına əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə əsasən müəyyən olunacaq. (Əvvəl isə yalnız Avropa əhalisi səs vermək hüququna malik idi). Bəs niyə Kiyev yox, Liverpul? Bir daha aydınlıq gətirək.
2022-ci ildə “Kalush Orchestra” qrupunun qələbəsinə baxmayaraq, Ukrayna Rusiyanın hərbi təcavüzü və təhlükəsizlik səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.
Püşkatmaya əsasən, Azərbaycan yarımfinalda birinci qrupunda yarışacaq. Bu qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail, Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.
Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.
“Avroviziya” mahni müsabiqəsi 1956-cı ildən başlayaraq (pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) hər il keçirilir. O, dünyada 160 milyon tamaşaçı ilə ən çox izlənən əyləncə şousudur.
Şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin yarımfinalları və finalı may ayının 9, 11 və 13-də keçiriləcək. Azərbaycandan təmsilçini müəyyənləşdirən seçim turunun martda olacağı gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Yerdə Marsda yaşayabiləcək bakteriyaların aşkarlanması
Kosta Rikada Poas vulkanını araşdıran tədqiqatçılar Laquna Kalyente krater gölündə "Acidiphilium" cinsinə aid canlı bakteriyalar tapıblar. Elm adamlarının fikrincə, tapılan mikroorqanizmlər Marsın səthində oxşar şəraitdə potensial həyatın necə mövcud ola biləcəyini göstərir.
Laquna Kalyente dəniz səviyyəsindən 2,3 km yüksəklikdə yerləşir. Onun ətraf mühiti Yer üzündəki ən sərt mühitlərdən biridir. Çox yüksək kükürd tərkibinə, həmçinin -0,87 və 1,5 arasında dəyişən turşuluğa malikdir. Gölün temperaturu 38-90 dərəcə arasındadır.
Ən inanılmaz olanı isə tədqiq olunan ərazidə mineralların tərkibinin Mars planetindəki Qusev kraterinin mühitinə bənzəməsidir.
Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov vəfat edib
Görkəmli alim, pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının yaradıcısı və direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.
Azərbaycan musiqi mədəniyyətində və təhsilində əvəzsiz yeri olan Tərlan Seyidov yaratdığı Məktəb-studiyaya 43 ildir rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.
Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Azərbaycanın görkəmli ədəbiyyatşünası vəfat edib
Görkəmli ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Azər Mustafazadə vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Maksim Qalkin Bakıya gələcək
Fevral ayı gəldi. Bu ay Bakıda gurultulu estrada proqramları ilə yadda qalacaq. O cümlədən Türkiyə Rusiya ulduzu Maksim Qalkinin çıxışları ilə.
Fevralın 21-də Bakı Konqres Mərkəzində yumorist, teleaparıcı, şoumen kimi tanıdığımız, habelə Alla Puqaçovanın həyat yoldaşı kimi tanıdığımız Maksim Qalkinin solo konserti təşkil olunacaq. Məşhur şoumen öz duzlu-məzəli yumorları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Maksim Qalkinin yumoru aktual, çevik və gülüş doğurucudur. Yumorist tamaşaçısını hiss edir və onunla səmimi münasibət yaradır. Miniatürlər, teatr eskizlərinin reprizləri, tamamilə yeni nömrələr, eləcə də tamaşaçılar tərəfindən çoxdan tanınan və sevilən tamaşalar M.Qalkinin ifasında bədii dəyərini itirmir, eyni zamanda onun yumoru nostalji təbəssüm yaradır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
“Opera və moda. Sultan Couture 20” konsert-sərgisi möhtəşəm olacaq
Yaz ətirli bir xəbəri indidən sizinlə paylaşaq. Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb.
Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək.
Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.
Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək.
İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər.
Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.
Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim olunacaq. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat veriləcək. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.
Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə edəcəklər.
Sərginin daha bir bölməsində isə həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alacaq.
Biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)