Super User
Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.
Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Səhər məşqləri artıq çəkidən qurtulmaq üçün daha təsirlidir
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən alimlər səhər məşqlərinin artıq çəkidən qurtulmaq üçün daha təsirli olduğu qənaətinə gəliblər.
MyLondon saytı bildirir ki, siçanlar üzərində aparılan tədqiqatlar çərçivəsində alimlər onların insanlarda səhər idmanına uyğun gələn “aktiv erkən mərhələ” adlanan intensiv idmandan sonra bədən yağ nisbətini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, aktiv idman siçanların maddələr mübadiləsini sürətləndirib.
Artıq çəkinin qidalanmadan asılı olmadığını deyən İsveç Karolinska İnstitutunun professoru Juleen Zierath bildirib ki, səhər idmanı maddələr mübadiləsini sürətləndirmək və yağları yandırmaq üçün axşam məşqlərindən daha təsirlidir. Alim hesab edir ki, bu artıq çəkidən əziyyət çəkən insanlar üçün mühüm tapıntıdır.
Tədqiqatçılar bioloji saatın insan orqanizmindəki funksiyası kimi, günün müxtəlif vaxtlarında edilən məşqlərin maddələr mübadiləsinə təsirinin də müxtəlif olduğunu qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Fuad Qasımzadə, Eldar Salayev, Bəkir Nəbiyev, Polad Bülbüloğlu, Elşad Quliyev, Hacı Sabir Həsənli və digərləri
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 1-ci məqalə
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası – kulturologiya elminin nailiyyətlərindən yaradıcı istifadə, təhsil və maarifləndirmənin inkişafı ilə Azərbaycanda demokratik cəmiyyət və hüquqi dövlətin formalaşmasında dövlətə vətəndaş dəstəyi məqsədilə 1990-cı ilin aprelində Azərbaycan elmi və mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilən ilk çoxsahəli, yeni tipli qeyri-hökumət mədəniyyət təşkilatıdır.
“Simurq” AMA-nın nizamnaməsi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, respublika Dövlət planı ilə razılaşdırılıb və Azərbaycan Nazirlər Şurasının 17 avqust 1990-cı il tarixli, 374 No-li qərarı ilə qeydiyyata alınmışdır. Təsis qurultayının protokolu akademik Asəf Nadirov tərəfindən imzalanıb.
Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılmasına dair innovativ kulturoloji layihəyə onlarla nüfuzlu şəxs, elm, pedaqoji, bədii ziyalıların görkəmli nümayəndələri, elm müəssisələrinin, ali məktəblərin, dövlət strukturlarının, fondların və Azərbaycanın ictimai təşkilatlarının işçiləri tərəfindən baxılıb və təsdiq edilib. Bu təşkilatlar sırasında: Azərbaycan Elmlər Akademiyası, M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutu, Azərbaycan alimlər Şurası, Mədəniyyət Nazirliyi, Bədən tərbiyəsi və idman üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Komitəsi, Respublika “Bilik” Cəmiyyəti, Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan Sülh Fondu, “Dostluq” cəmiyyəti, “Vətən” Cəmiyyəti və digərləri olmuşdur.
Azərbaycan “Simurq” Mədəniyyət Assosiasiyasının yaradılmasını Azərbaycan Elmlər Akademiyasının prezidenti E.Y. Salayev, akademik A.M. Aslanov, əməkdar mədəniyyət işçisi A.M. Rəcəbli, respublikanın Xarici İşlər Naziri H. M. Sadıqov, Azərbaycan neft və kimya institutunun rektoru, akademik T.M. Əliyev, respublika Mədəniyyət Fondunun sədri, akademik B.A. Nəbiyev, AM Memarlıq və İncəsənət İnstitutunun direktoru akademik M.A. Hüseynov, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Elmir Abbasov, Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu, Respublika “Bilik” Cəmiyyətinin sədri Elşad Quliyev, Elmlər Akademiyasının “Bilik” Cəmiyyətinin sədri, akademik M.İ. Əliyev, İncəsənət muzeyinin direktoru, Azərbaycanın xalq rəssamı K.M. Kazımzadə, Azərbaycan İncəsənət İnstitutunun prorektoru dosent A.M. Əzizov, Şeyxülislamın müavini H.S. Həsənli və başqaları dəstəkləmişlər.
Assosiasiyanın yaradıcı fəaliyyətinin əsasında onun vitse-prezidentləri, tanınmış Azərbaycanlı alimlər – akademiklər Asəf Nadirov, Maqsud Əliyev, Fuad Qasımzadə, xalq rəssamları Kazım Kazımzadə, Arif Əziz və başqaları dayanırdılar.
Assosiasiyanın missiyası – respublikada və bütün dünyada hər bir ölkənin milli sərvəti olan və insan kapitalının nüvəsini, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafın əsas məqsədini və strateji bərpaolunan resursunu təşkil edən yüksək mədəniyyətli, layiqli insanların “istehsalına” dəstək verməkdir.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
“Prokurorun söhbəti”- Xeyrəddin Qocanın satirik hekayəsi
Yazıçı Xeyrəddin Qocanın növbəti satirik hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?". Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".
Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:
- Kişi, şikayətin nədir?
Nə cavab versə yaxşıdır?
- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?
- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim yəqin, üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:
- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.
Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Bu gün “Mərmər soyuğu” filmi YARAT-da nümayiş olunacaq
YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi nümayiş olunacaq. Bu gün göstəriləcək ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.
Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.
Filimdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı ifa edirlər.
Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə göstəriləcək.
(22.02.2023)
“Kod adı V.X.A” tamaşası yenidən nümayiş olunacaq
Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.
Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Azərbaycan-Özbəkistan Dostluq Muzeyi yaradılacaq
Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanın Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır. Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Universitetlə daim əməkdaşlıq edir.
Mərkəzin məlumatına görə, mərkəzin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayevlə görüşüb.
Rektor Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolu və fəaliyyətini yüksək qiymətləndirib.
A.Qırğızbayev 25 minə yaxın tələbənin oxuduğu Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. Bildirib ki, universitetdə Azərbaycan mədəniyyəti və ədəbiyyat mərkəzi açılıb, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfranslar, görüşlər keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla hər bir sahədə olduğu kimi humanitar, elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığa önəm verdiyini, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin əlaqələrimizdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, universitetin dünya poeziyasının zirvəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və bu təhsil ocağının bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərməsini xüsusi dəyərləndirib.
S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda, dövlətimizin başçısının iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair tapşırıqlar verdiyini diqqətə çatdırıb.
O, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Daşkənd Dövlət Pedaqoji Universitetinin də yaxından iştirakını arzu etdiyini bildirib.
Diplomat “Heydər Əliyev İli” münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın, ölkələrimizin ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.
Sonra tərəflər qarşılıqlı olaraq xatirə hədiyyələrini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilində tərcümə və nəşr edilmiş şeirlər kitabı və Şuşa şəhərini simvolizə edən suvenir-tablo rektor Abduqaffar Qırğızbayevə hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Oğul üçün ata dağı
Xalq artisti Ramiz Novruz dəfn edilib
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Medianın kamerasına mərasim zamanı Xalq artistinin aktyor oğlu Cavidan Novruz tuş gəlib.
Cavidan göz yaşı içində atasını son mənzilə yola salıb. Bir anlıq Cavidan özünü pis hiss edib. Ailə üzvləri ona yaxınlaşaraq, sakitləşdirməyə çalışıblar.
Qeyd edək ki, teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. R.Novruzun yaradıcılığında teatrla yanaşı, kino fəaliyyəti də mühüm yer tutur. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Şabranda London, yaxud Nyu-York mövzusu
Təbii ki, bu xəbər sahibkarlar üçün maraqlı olacaq. Martın 10-da Şabran şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mərkəzi Bank, Bakı Fond Birjası və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunacaq.
KOBİA-nın məlumatına görə, Şabran Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçiriləcək. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçiriləcək, onların maliyyələşmə imkanları dəyərləndiriləcək.
Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl layihə çərçivəsində tədbirlər Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən “investisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdı.
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)
Fuad Poladov o dünyaya inanıb inanmamağı barədə
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Fuad Poladovdur.
FUAD POLADOV
(1948-2018)
***
Bu yaxınlarda Aliyə adlı bir jurnalistə müsahibə verirdim. Məndən:
– Fuad müəllim, dinə inanırsızmı? – xəbər aldı.
– O qədər də yox!
– O biri dünyanın oduğuna inanmırsız? – sualı başqa şəkildə təkar etdi.
– İnanmıram. Amma bilirsiniz necədir? Deyəsən, Volterin sözüdür, deyir, Allah olmasaydı belə onu uydurmaq lazım gələrdi. İnsan nəyəsə inanmalıdır. Şüurum məndən görmədiyim şeyə inanmamağı tələb edir, amma hiss edirəm ki, bu tələbi edən şüuru da bizə Allah verib…
“Ədəbiyyat və incəsənət”
(22.02.2023)