Super User

Super User

Thursday, 20 April 2023 18:45

Ədəbiyyat adamının 75 illiyinə

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçimiz Vaqif Yusiflinin 75 illiyi münasibətilə Elman Eldaroğlunun təbrik yazısını təqdim edir. Vaqif Yusifli ədəbiyyatımız üçün olduqca gərəkli bir imzadır. Bunu yazıdan da duyacaqsınız. 

 

Deyir ki,- “”Azərbaycan jurnalı” mənim həyatımın yaradıcılıq yolunda böyük rol oynayıb. Uzun müddət Ədəbi tənqid şöbəsinin müdiri, sonra baş redaktorun müavini olmuşam. Məni bir tənqidçi kimi tanıdan məhz bu jurnal olub. “Azərbaycan jurnalı” sözün əsl mənasında Azərbaycan ədəbiyyatının - həm klassik, həm də müasir dövrün güzgüsüdür. İndi də bu missiyanı şərəflə yerinə yetirir. Və jurnalla əlaqəmi üzməmişəm, yenə orada yazılar çap etdirirəm.”

Sakit, təvazökar, mülayim adamdır. Dünyaya baxışları fərqlidir. Qalmaqaldan uzaq olmağı, qaydalara riayət etməyi xoşlayır. Qurub yaratdığı öz aləmi var. Bu aləmdə xeyirxahlıq, insanları ruhlandırmaq, heç kimi acılamamaq əsas prinsiplərdəndir…

“Mənim yaradıcılığımda “Ədəbi gənclik” mövzusu mühüm yer tutur. Bu mövzuya 80-ci illərdən müraciət etmişəm. Artıq 4 ədəbi nəslin yaradıcılığı ilə bağlı sayı-hesabı bilinməyən məqalələrin müəllifiyəm. 1997-ci ilin son oktyabr günündə ulu öndərimiz Heydər Əliyevin qarşısında “Ədəbi gənclik” haqqında məruzə etdim. Çıxışımın səhəri, Yazıçıların 10-cu qurultayında yenə həmin mövzuda çıxış etdim. “Ədəbi gənclik” ədəbiyyatın sabahıdır. Onları vaxtında qiymətləndirmək lazımdır. Son 10 ildə ədəbiyyatımıza istedadlı gənclər gəlib. Mən də çalışıram ki, onların yaradıcılığı haqqında ilk sözü deyə bilim. Qismətin, Ramil Əhmədin, Ruslan Əli Dostun, Ruzbeh Məmmədin, Günel Bağıyevanın, Günel Eyvazlının, Elşad Ərşadoğlunun, Arzu Nehrəmlinin, Cavidanın, Emin Prinin, Mahir Mehdinin, Aysel Əlizadənin, Gülnar Səmanın və b. cavanların yazıları haqqında məqalələrim dərc edilib. Həmin yazılarda cavanların qüsurları haqqında da söz açmışam. Bir sözlə, “Ədəbi gənclik” daim mənim diqqət mərkəzimdədir.”- söyləyir.

Onunla cəmi bir dəfə görüşüb söhbət etmişik. O vaxt şəxsi vəsaitim hesabına yazıçı, publisist, ssenarist Hafiz Nəzərlinin kitabını dərc etdirmişdim. Vaqif Yusiflidən xahiş etdim ki, kitab haqqında fikirlərini ictimailəşdirsin ki, bir növ müəllifə uğur arzulasın. Sağ olsun, sözümü yerə salmadı…

Akademik Nizami Cəfərov onun haqqında yazır:- “Vaqif - bilən, məlumatlı olan, dərk edən, anlayan; Yusif isə gözəl deməkdir. Təsadüfi deyil ki, Səməd Vurğun bir oğluna Yusif, o birinə Vaqif adı verib... Vaqif  Yusiflinin rəhmətlik valideynləri dahi şair-mütəfəkkirdən də  tədbirli tərpəniblər... Əsas məsələ isə odur ki, taleyin bütün obyektiv və subyektiv maneələrinə baxmayaraq, Vaqif Yusifli həm adının,  həm də soyadının  ideya-estetik mistikasını doğrulda bilib. Və bu gün də doğruldur...”

Özünü o qədər ədəbiyyata həsr edib ki, təpədən dırnağa ədəbilləşib- ƏDƏBİYYAT ADAMDIR. Ədəbiyyatçı kimi peşəkar, tənqidçi kimi mükəmməldir…

Deyir ki,- “Məni üç dəfə tənqid ediblər. Birincisi 80-ci ildə baş verib. Rəhim Əliyev “Ədəbiyyat qəzeti”ndə tənqid edib, mən də ona cavab vermişəm. İkinci dəfə məni Rafiq Tağı tənqid edib. Biz həmyerliyik, orta məktəbdə oxuyandan dostlaşmışıq. Amma Rafiq Tağı sürprizləri çox sevirdi. Mən bir yazımda Rafiq Tağını Azərbaycanın Çexovu adlandırmışdım. O da məni AYB üzvü olduğuma görə, Anarın əsərlərini təriflədiyimə görə tənqid eləmişdi. Mən də ona cavab yazdım. İllər keçdi, barışdıq…”

Bu gün- aprelin 20-si filologiya elmləri doktoru, professor, tənqidçi ədəbiyyatşünas Vaqif Yusiflinin 75 yaşı tamam olur. Ömrünün ixtiyar çağlarını yaşayır. 

Yusif Səmədoğlunun “Qətl günü” romanını Nobel mükafatına layiq bilən bu gözəl insana nə var-dövlət lazımdır, nə də səltənət. Ona ağrı-acısız günlər, sağlamlıq və uzun ömür arzulayıram.

75 yaşınız mübarək, eloğlu!

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

Son 50 ilin ən yaxşı üç romanı hansıdır? 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ednews bu barədə yazıçılarımız arasında sorğu keçirib. Cavabları təqdim edirik. 

 

Nəriman Əbdürrəhmanlı:

 

Q.Q.Markes “Yüz ilin tənhalığı”, Otar Çiladze “Uğruma çıxan adam”, 

Orxan Pamuk “Mənim adım qırmızı”.

 

Rüstəm Kamal:

 

Dino Buzatti “Tatar çölü”, 

İtalo Kalvino “Bir qış günü əgər bir yolçu”, 

Yevgeniy Vodolazkin “Lavr”, Kobe Abe “Qutu insan”.

 

Varis:

 

Qabriel Markes “Patriarxın payızı”, 

Haruki Murakami “Norveç meşəsi”, 

Orxan Pamuk “Məsumiyyət muzeyi”.

 

Alpay Azər:

 

Umberto Eko “Qızılgülün adı”, Patrik Züskind “Ətirçi “

Patrik Züslind “Fransız leytnantın sevgilisi”.

 

Mirmehdi Ağaoğlu:

 

Qabriel Qarsiya Markes "Yüz ilin tənhalığı", 

Salman Rüşdi "Gecəyarı uşaqları", 

Orxan Pamuk "Qara kitab".

 

Cəlil Cavanşir:

 

Don Delillo "Ağ gurultu", 

Milan Kundera "Ölümsüzlük", Lui de Berner "Kapitan Korellinin Mandalinası".

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

Rumıniyanın “Agerpres” milli xəbər portalında Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Nizami Gəncəvi - Azərbaycanın görkəmli şairi və mütəfəkkiri” sərlövhəli məqaləsi dərc edilib.

 

AzərTAC xəbər verir ki, məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə” haqqında ətraflı məlumat verilir. Nizami Gəncəvinin Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən, Qafqazın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olduğu yazılır. 

Bildirilir ki, Avropada XV və XVI əsrin əvvəllərində diqqəti cəlb edən dəyərlər Nizami Gəncəvi yaradıcılığının əsas mehvəri olub. Qadının cəmiyyətdə yeri, gender bərabərliyi məsələsi, ədalət, təbiətə hörmət, düşünmək azadlığı kimi dəyərlər Nizami yaradıcılığında Avropadan bir neçə əsr əvvəl yer alıb. 

Məqalədə, Nizami Gəncəvi yaradıcılığı və onun əsərlərinin Avropa ədəbi məktəbləri ilə müqayisəli təhlili təqdim olunub. Bildirilib ki, Nizami Gəncəvi humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Nizami Gəncəvi əsərləri gender bərabərliyinin, sivilizasiyanın güzgüsüdür. İnsanları cəhalətdən, bir-birinə qarşı münaqişədən çıxarıb, birliyə, barışığa çağırır.

Müəllif vurğulayır ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. 

Yazıda həmçinin diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 

Qeyd olunur ki, 1991-ci il UNESCO tərəfindən şairin 850 illik yubileyi şərəfinə Nizami ili elan edilib. Həmçinin, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli qeyd edilməsi haqqında Sərəncam imzalayıb və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şairin əsərlərini daha çox xarici dillərə tərcümə olunmuş şəkildə nəşr edib. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin dünyaya tanıdılması məqsədilə Beynəlxalq Şuranın nəzdində beynəlxalq mərkəz yaradılıb. 

Müəllif həmçinin qeyd edib ki, Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

Kanadanın Toronto şəhərində yerləşən “Meridian Arts Center” sənət mərkəzindəki Qrinvin Teatrında Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” operettası ilk dəfə təqdim olunub. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Komitənin dəstəyi və “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə müasir üslubda ərsəyə gələn tamaşanın premyerasında Azərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çox izləyici iştirak edib.

“Təbriz” ansamblının milli və rəngarəng geyimli solistlərinin, rəqqaslarının, eləcə də musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans, vokalçıların əsrarəngiz səsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Tamaşada rolları Arəş Yəhyapur (Əsgər), Kristina Rəhimova (Gülçöhrə), Rövşən Tagıyev (Süleyman), Nəsrin Əttari (Asya), Əsgər Yəhyapur (Soltan bəy), Nəcibə Fərşi (Cahan xala), Röya Şəmsazər (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı ölməz əsərin Kanadada səhnələşdirilməsi ideyasının müəllifləri “Təbriz” ansamblının prodakşn meneceri Şervin Şahadpur və musiqi rəhbəri Polad Kaşefdir. Tamaşadan sonra onlar bildiriblər ki, Üzeyir dühasının Azərbaycan musiqisinə bəxş etdiyi operettanın Toronto səhnəsində nümayişi hər bir soydaşımıza böyük qürur hissi yaşadıb. Nəzərə çatdırılıb ki, “Arşın mal alan” operettasını Kanadanın bütün böyük şəhərlərində nümayiş etdirməyə hazırlaşırlar.

Xatırladaq ki, 20 ilə yaxındır Toronto şəhərində fəaliyyət göstərən, çoxlu sayda beynəlxalq musiqi festivallarının iştirakçısı və icraçısı olan “Təbriz” ansamblı Kanadada Azərbaycanın milli mədəniyyətini və incəsənətini böyük ugurla təbliğ edir. Ansambl hazırda türk dövlətlərinin musiqi və rəqs festivalını təşkil etməyi planlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.

 

Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.

Əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.

İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etdi. 

BMT Fondu və Sony Pictures Initiative ilə birgə onun  Atrapaniblas (Duman şəbəkəsi) layihəsi Perunun paytaxtı Limada su çatışmazlığını özündə ehtiva edir.

Fotoqrafiyada nə insana uğur gətirir? Düzgün rakurs seçmək, obyekti tam aydın əks etdirmək, ətraf fonun xüsusiyyətlərini qabarda bilmək... Tək bunlar peşəkarlığa dəlalət  eləmir. Ekspertimizin fikrincə, daha önəmlisi – seçdiyin mövzunun aktuallığıdır. Və göründüyü kimi, portuqaliyalı fotoqraf quşu gözündən vura bilib.

Şəkillərdə siz Sony World Photography Awards 2023-ün mükafatçısı Aıessandro Sinkenin fotolarını görürsünüz.

Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Səidə Sübhinin köşəsini təqdim edir. 

 

Məni təəccübləndirən, ən qeyri-adi saydığım sitatlardan növbətisini gətirmək istəyirəm. Bu sitat yəhudi əsilli sovet yazıçısı Boris Pasternaka aiddir. 

Posternak yazır: “Bizimçün göndərilən bütün insanlar bizim əksimizdir. Onlar ona görə göndəriliblər ki, biz onlara baxıb da öz səhvlərimizi görək və düzəldək. Və elə ki, biz səhvlərimizi düzəltdik, o insanlar ya özləri də düzəlirlər, ya da həyatımızdan gedirlər.”

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Günün fotosu: Səmada görünən açıq mavi spiral hansı sirləri daşıyır?

 

Amerikanın Alyaska ştatı üzərində açıq mavi spirala bənzər bir görüntü peyda olub. Görünüşcə qalaktikaya bənzəyən bu cismi mütəxəssislər başqa, naməlum aləmin elçisi də adlandırıblar.

 

Fotonun müəlliflik hüququ: Christopher Hayden/AP

 Euronews və

AP

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

 

 

BU GÜN NƏSİBƏ ZEYNALOVANIN ANADAN OLMASININ 107-Cİ İLDÖNÜMÜDÜR

 

 Onun barəsində qısaca belə yazılır: Nəsibə Zeynalova – Azərbaycanın görkəmli satira ustası, Azərbaycanın xalq artisti (1967), Azərbaycan Dövlət Mükafatı Laureatı. Azərbaycanlılar arasında isə o, "qaynana" kimi sevilirdi. Bu gün görkəmli aktrisamızın anadan olmasından 107 il keçir.

 “Ədəbiyyat və incəsənət”in əməkdaşları Nəsibə xanım barədə informasiyaları, onun filmoqrafiyasını bir araya gətirərək oxucularına təqdim edir.

Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. (Daimi oxucularımız xatırlayırsa, “Ədəbiyyat və incəsənət” Cahangir Zeynalov barədə məqalə ilə çıxış edəndə bu barədə geniş yazmışdı).

Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi bu rollarının xüsusi yeri var:

 

  ◦ Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli),

 ◦ Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), 

 ◦ Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov),

 ◦ Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət),

 ◦ Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev),

 ◦ Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) 

 

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rollarının əvəzsiz ifaçısı sayılır:

 

 ◦ Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),

 ◦ Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),

 ◦ Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),

 ◦ Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),

 ◦ Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),

 ◦ Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),

 ◦ Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),

 ◦ Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),

 ◦ Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),

 ◦ Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),

 ◦ Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev),

 ◦ Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),

 ◦ Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),

 ◦ Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

 ◦ Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),

 ◦ Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),

 ◦ Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),

 ◦ Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),

 ◦ Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),

 ◦ Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),

 ◦ Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),

 ◦ Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),

 ◦ Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),

 ◦ Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),

 ◦ Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),

 ◦ Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

 ◦ Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),

 ◦ Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) 

 

 Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

 

Bu isə aktrisanın söz verdiyimiz Filmoqrafiyasıdır:

 

100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)

1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)

777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)

Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)

Aktrisanın təbəssümü (film, 1974)

Bağlı qapı (film, 1981)

Bəyin oğurlanması (film, 1986)

Bizim Cəbiş müəllim (film, 1969)

Bizim küçənin oğlanları (film, 1973)

Bizim Nəsibə xanım (film, 1991)

Böyük dayaq (film, 1962)

Böyük ömrün anları (film, 2006)

Dad (film, 1984)

Dəli Kür (film, 1969)

Fövqəladə hadisə (film, 1982)

Güllələnmə təxirə salınır!... (film, 2003)

Hədiyyə (film, 1974)

Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)

Xoşbəxtlik qayğıları (film, 1976)

Qanun naminə (film, 1968)

Qayınana (film, 1978)

"Qayınana" əməliyyatı (film, 1999)

Qeyri-Adi Görüşlər (film-tamaşa)

Qədəmlərin mübarək (film, 1976)

Qəm pəncərəsi (film, 1986)

Qorxma, mən səninləyəm (film, 1981)

Məhəllə (film, 2003)

Məhəllə 2 Moskvada (film, 2004)

Mən mahnı qoşuram (film, 1979)

Mollanın sərgüzəşti (film, 1960)

Nehrəmli qız (film, 2002)

O qızı tapın (film, 1970)

Ögey ana (film, 1958)

Səhər (veriliş, 1995)

Sehrli çıraq (film, 1987)

Sənətinin Vaqifi (film, 1996)

Tikdim ki, izim qala. III film (film, 1998)

Ulduz (film, 1964)

Yuxu (film, 2001)

 

Daha artıq filmlər ola bilərdi, onsuz da xeyli əhatəli olan filmoqrafiya bir qədər də uzana bilərdi, ancaq əcəl buna imkan vermədi. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə 88 yaşının tamamında Bakıda vəfat etdi.

Məzarı Fəxri Xiyabandadır.

Ruhu şad olsun!

 

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

 

 

 

 

Aprelin 20-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb.

 

AzərTAC xəbər verir ki, forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xaric ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.

Əvvəlcə Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışaraq deyib: “Zəngin irsə sahib olan Azərbaycan kino sənətinə həsr edilmiş bu Forum Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Cəmi 10 gün bundan əvvəl məhz bu məkanda Teatr Forumu təşkil edildi. Forum iki gün ərzində Azərbaycan və bir neçə xarici ölkələrin teatr sahəsinin dəyərli nümayəndələrini bir araya gətirərək bu sahədə mövcud olan problemlər, müasir çağırışlar və inkişaf istiqamətlərinin müzakirəsi platformasına çevrildi. Ümid edirik ki, Kino Forumu da çox maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr və Kino forumundan əlavə bu il ərzində Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək və nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”.

Qeyd edib ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxmışdır. Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistematik şəkildə inkişaf etməsi üçün geniş zəmin yaratmışdır. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Adil Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. “Kino bizim xalqımızın salnaməsidir” - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başlamışdır. 

Ümummilli Liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılımasına başlanılıb və həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edilib. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Ulu Öndərin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunmuşdur. Lakin, Ulu Öndər Heydər Əliyev tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyulmuş və 18 dekabr 2000-ci il tarixli Sərəncam ilə milli kino tarixinin başlanğıcı 1898-ci il, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlamışdır. 

Bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir. 

Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir. 

Bundan başqa, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapmışdır. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsi və eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bu baxımdan, xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilmişdir.

Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlamışdır. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq.

Bu gün Azərbaycan kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyur deyən A.Kərimli bildirib ki, bu dövr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kinomuza marağın yenidən artmasına və Azərbaycan milli kinematoqrafiyasının daha da inkişaf etdirilməsinə böyük təkan verəcək. 

Onun sözlərinə görə, bütün bu inkişaf yolu ilə yanaşı Azərbaycan kino sənətinin bir sıra problemlər də mövcuddur. Buna görə də, bu Forumun əsas məqsədi kino tariximizin zəngin irsini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etmək və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmaqdır: “Düşünürük ki, bu sahədə yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət vardır. Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi çox uğurla qurmusunuz. Sadəcə olaraq bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac vardır. 

Bu baxımdan, bu Forum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. Təbii ki, kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, bu cür dialoqların, bu cür müzakirələrin daha da geniş formatda davam etdirilməsi, bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün bu iki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözlənilir. Düşünürük ki, bundan sonra da belə dialoqlar, müzakirələr daha da geniş formatda davam etdirilməli, bu proses işlək mexanizmə çevrilməidir. 

Ümid edirik ki, bu Forum gözlənilən məqsədlərə nail olmasında uğurlu vasitə olacaq”.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq. Forum panel müzakirələrlə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Bəzən gözünü açıb görürsən ki, artıq səni 70 illik yubileyin münasibətilə təbrik edirlər. Geriyə boylananda görülən işlər, qazanılan nailiyyətlər göz oxşayır. Geridə boşluq olanda isə adam təəssüf hissi keçirir.

“Ədəbiyyat və incəsənət” portalı Güllü Eldar Tomarlının şair və publisist, alovlu vətənpərvər Fəridə Ləmanın 70 illiyinə həsr etdiyi yazısını təqdim edir.

 

 

BİR  ÖMRƏ  SIĞMAYAN  ÖMÜR

 

Bəzən təəccüb edirsən, hətta heyrətlənirsən ki, çoxdan və yaxşı tanıdığın insan ona verilən bir ömür payına bu qədər yaradıcılıq potensialını, xeyirxahlığı, insana qayğını, el-oba, torpaq, Vətən sevgisini necə sığışdıra bilir. Bəlkə yaradan ona iki ömür payı bəxş edibmiş? Belələri heç yorulmurmu? Doğmam bildiyim, həyatına, yaradıcılığına, mənəvi dünyasına az-çox bələd olduğum insanı doğrudanmı yaxşı tanımamışam?

 Düşüncələrimin bir səbəbkarı var – şair, jurnalist, publisist, Vətənin qaynar ictimai mühitində öz yeri, mövqeyi ilə seçilən və sevilən Fəridə Ləman. 50 ildən çoxdur ki, sinəsində yanar ürək, əlində qələmlə Vətənin söz əsgəridir, elə söz generalı da desək, səhv eləmərik. Qəlbindəki Vətənə, elə, torpağa sevgi azalmır, əksinə, hər gün çoxalır, mərhəmət hissləri daha da artır, Vətənin ab-havası ilə nəfəs alır, Vətənə atılan daşlar onun ürəyinə dəyir. Möhsün Yazıçıoğlunun fikridir: “Qan tökməyi sevən millət deyilik, ancaq söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik.” Fəridə xanım bu millətin qızıdır, o da belə əqidə sahibidir. 

 Fəridə Ləman 70 illik ömür müddətinə nələri sığışdırıb, daha nələri sığışdırmaq niyyətindədir. 1996-cı ildə “Müasir Azərbaycan bədii əsərlərinin dilində epitetlər” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun baş elmi işçisidir. AYB və AJB-nin üzvüdür. 60-a yaxın  kitabın müəllifidir. 1997-ci ildə “Sevil” Qadınlar Məclisi Poeziya Klubunun, 1998-ci ildə “Xatun” ədəbi məclisinin rəhbəri olmuşdur. 2001-ci ildə “Məhsəti” Şairlər Məclisini yaradıb, 2003-cü ildə “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur. Müxtəlif vaxtlarda “Gənclik”, “Azərbaycan qadını”, “Xatun” jurnallarında, “Azad Azərbaycan”, “Azərbaycan”, “Respublika”, “Dəli Kür” qəzetlərində korrektorluqdan baş redaktor vəzifələrinə qədər uzun yol keçmişdir. 

 1998-ci ildən 2013-cü ilə qədər keçirilən Müstəqil Azərbaycanın Qadınlar qurultaylarında, 1999-cu ildə Türk Dünyası Qadınlarının qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında  (Ankara) nümayəndə olub. 2007-2017-ci illərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü və Qadınlar Şurasına sədr seçilib. 

 “Araz”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı” mükafatlarına, “General Həzi Aslanov”, “Xan qızı Natəvan”, “Əliağa Şıxlinski”, “Səməd Vurğun”, “Qopuz”, “Milli Heysiyyat” diplomlarına, “General Əliağa Şıxlinski” yubiley medalına, “Vətən naminə” medalına layiq görülmüşdür. 

 Fəridə xanım Azərbaycanın diaspor himninin və “Türk marşı”nın (hər ikisi 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında Xalq artisti Lütfiyar İmanovun ifasında səsləndirilmişdir) və İctimai Televiziyanın himninin sözlərinin müəllifidir.

 Fəridə Ləmanın “Tale adlı yazı varmış” şeirlər kitabı Türkiyədə doğulan, müxtəlif universitetlərin professoru, Oğuz-Türk əsilli Ali Kafkasyalı tərəfindən Ərzurumda, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizim bir dünya” kitabı  Türkiyədə professor Tamella Abbasxanlının maddi köməyi ilə, “Oxu, bülbül” kitabı Özbəkistanda Dilbar banu Heydərovanın dəstəyi iə nəşr edilmişdir.

Ulu Öndərin xatirəsinə yazdığı “Onu zaman seçib” poeması bir çox ali məktəblərdə və YAP-ın təşkilatlarında oxuculara təqdim edilmişdir. Poema ingilis dilinə çevrilərək Heydər Əliyevin 85 illiyinə kitab kimi çap olunaraq Kanadanın Toronto şəhərində büstün açılışına göndərilmişdir.

 Onun 300-dən çox Qazax-Ağstafa şəhidlərinin döyüş yolundan yazdığı ”Qazax mahalının şəhidləri” kitabı nəhəng Vətən epopeyasıdır, ölkəmizin indiki və gələcək nəsillərinin vətənpərvərlik tərbiyəsi üçün qiymətli mənbədir.

 Fəridə Ləman haqqında “Çalı quşu” və “Bizim Fəridə” kitabları yazılmış, bir çox kitablarda yazıları verilmişdir.

 2010-cu ildə o, Türkiyədə, Osman Qazi Universitetində keçirilən 2-ci Ulusal simpoziumda və IV Uluslararasi Kıprız simpoziumunda iştirak etmişdir.

 2012-ci ildə Azərbaycanin Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətinə həsr olumuş “Mübariz Vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş, teatrın özündə və müxtəlif bölgələrdə göstərilmişdir. Azərbaycanın Mllli Qəhrəmanı Çingiz Mustafayev haqqında yazılan “Varis” kitabı da Fəridə xanımın ürəyinin və qələminin məhsuludur. 

 2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatını almışdır.

2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Bunlar Fəridə xanımın fəaliyyətinin, təltiflərinin bir hissəsidir. 

 

 *

 Fəridə xanımın poetik dünyası elə Azərbaycanın özü kimidir – çiçəkli-tikanlı, dağlı-dərəli, həsrətli-vüsallı bayramlı-qanlı qadalı . Bu lirik duyğularda Qarabağ, ona söykənən, onunla həmdərd olan, əsir taleyi yaşamağa məhkum edilmiş vətən torpaqları bu günün reallıqlarıdır, bu poeziya bəzən sevincdən yazanda da Qarabağ və ətraf ərazilər yada düşür, notlar kədərə köklənir:

 

 Gözümdə yaş Qarabağ, 

 Düşmənə daş Qarabağ,

 Öz oğlun edər səni,

 Əyilməz baş, Qarabağ.

 

 Çanaqqala şəhidlərinə dərin ehtiramla yazdığı elegiyada da Qarabağ unudulmur:

 

 Fəridə yurd qurbanı,

 Qarabağtək dərdim var.

 Vətən üçün canından,

 Keçən igid, mərdim var!..

 

Söz ən etibarlı, kəsərli silahdı. Şairlərin üç silahi var – ürək, söz və sözü yaşadan qələm. Fəridə Ləman düşmənə tuşlanmış qələmi ilə düşmənin gözlərini oyur, sözü ilə onu qanına qəltan edir, dosta, doğmaya ünvanlanan sözü isə məlhəmdir, mərhəmətdir. O, yarım əsrdən çoxdur ki, bütün milli dəyərlərin – ruhumuzun, təfəkkürümüzün, soy-kökümüzün, qeyrətimizin, ismətimizin keşiyindədir. Döyüş meydanında  xain düşmənə qan udduran qəhrəman oğullara, “hər qarışı tutya olan Vətənə canını qurban verməyə hazır” olan Fəridə xanım torpağın şirinliyinin dadını heç bir qidadan tapmayıb. Onun müqəddəs qidası, qüruru Vətəndi, eldi:

 

 Vətən oğulları – şəhid balalar,

 Halal torpağında rahat uyuyun.

 Qəhrəman oğullar qisas alarlar,

 Bitər nəhayət ki, bu vaxtsız oyun!

 

 Bircə qarışına göz dikənlərin

 Gözünü əbədi oymağa gəldim.

 Türk oğlu Türk kimdir bilsinlər bir də,

 Düşmənə car çəkib yaymağa gəldim.

 

Fəridə xanımın “Qaldı”, “İncəm” şeirləri böyük məqamlara işıq salır. Bu dastan qəhrəmanlıq dastanı deyil, utanc yerimizi unutmağa qoymayan qəmli hekayətdir. “Qaldı” şeirinin birinci misrası başlayınca şair xanım haray salır, həyəcan təbili çalır: “Aman Allahım, meşələrimiz, bulaqlarımız, palıq ağaclarımız, məzar yerlərimiz ermənilərə qaldı.”

Çox da uzaq olmayan tarixin bəzi səhifələrini varaqlayaq. 1984-cü ildə ermənilər Qazax rayonunun Kəmərli kəndi ilə Noemberyan rayonunun Dovex kəndi arasında yerləşən Kəmərli kəndinin ərazisindəki 1675 hektar sahəyə göz dikmişdilər. Məkrli planlarına Moskvadan dəstək də almışdılar. Həmin il oktyabrın 24-də Azərbaycan rəhbərliyinin yuxarı təbəqəsini təmsil edənlərdən bir neçə nəfər vəzifə düşgünü və Qazax rayonunun rəhbərləri Bataqli bulaq deyilən əraziyə - meşə massivinə baxmağa gələndə Kəmərli əhalisi hiddətlənir, gələnləri daşa basır, Nazirlər Sovetinin sədr müavininin maşınını aşırırlar. Hətta sədr müavini etiraz edən əhalini “dikiy narod” adlandırır. Bu olaydan 15-20 gün keçməmiş MK-dakılar Moskvadan göstəriş verildiyini etiraf edirlər, Ermənistanın əsassız iddiasını təmin edirlər, əlavə ətraf kəndlərdən yüksək məhsuldarlıqlı münbit torpaqları da pay verirlər. Bu planı da artıqlaması ilə yerinə yetirib kreslosunu qoruyurlar. Elə o vaxtdan Kəmərli cammatı Daş, Almalı, Fındıqlı, Hayvalı bulaqlarının suyundan, Tutlu dərədən, Qara qayadan, Xanım yurdundan məhrum olurlar. Buna etiraz edən kəndin məsul vəzifəliləri məsuliyyətə cəlb olunur. Hələ üstəlik Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazağa birləşdirən strateji yüksəkliklər də ermənilərə peşkəş edildi. 200 il əvvəldən başlamış ermənilərə torpaq bağışlamaq prosesi 1992-ci ildə də davam etdi. Qazax rayonunun 7 kəndi hələ də doğmalarının nəfəsinə, ayaq səsinə həsrət qalıb.

 Fəridə Ləman “əyilib gözündən su içdiyi bulaqdan, Ay işıqlı xatirələrdən, qaynar uşaqlıq və gəncliyindən”, Qılnckəndi meşəsinin zümrüd gözəlliyindən, quşların cəhcəhindən, bulaqların zümzüməsindən ötrü bu gün də darıxır:

 

 Halay qurduğumuz qızıl tonqallar,

 O şaqraq gülüşlər, haylar, haraylar,

 Hər gecə nənəmdən gələn nağılllar,

 Həsrət torpağımtək uzaqda qaldı.

 

 Hələ “neçə yelləncəklər ağacda qaldı, qaymaqlı nehrələr dirəkdə qaldı, dərdin şələsini qoya bilmədik, ömürlük ar oldu, kürəkdə qaldı”, Fəridə bacım. Mən də kövrəldim. İncə dərəsinin, Kəmərlinin qızı kimi yaddaşımdadır ki, o yaşıl ormanlarda şirin və kövrək xatirələr, utancaq baxışlar, saf sevgilər, çiyni səhəngli qızlardan su istəyib sevgi təşnəliyini sərinlədən oğulların əhdi, ilqarı qaldı:

 

 Bir baxış sancıldı bulaq başında,

 Ürəkdə od tutan atəşi qaldı.

 Indi xatırlamaq nə qədər ağır,

 Ürəyin yerində çay daşı qaldı.

 

 “Incəm” şeiri də bir elin dərdini, sevincini, keçmişini,, indisini vəsf edən 16 bəndlik vətənsevərlik dastanıdır. İncə dərəsindəki qədim Türk elatlarının sinəsi 40 ildir ki, yaralıdı. Qılınckəndi meşəsi hələ də bizim ona sahib çıxmağımızı, hər ağacın qanamış, qaysaqlamamış yaralı köksünə sığal çəkməyimizi, bulaqların başında baş əyib, dizimizi torpağa dirəyib gözündən öpməyimizi, dədə palıdların kölgəsində dincəlməyimizi gözləyir. Bizsə hər gün bir az biganələşirik, düşmən caynağında olan sərvətlərimizin ah-naləsini eşitmək istəmirik. 

 Fəridə xanımı da o yerlərə ancaq xəyal qanadları aparır, başımıza gələn “oyunun, fəndin” burulğanında əl-qol atır, “ömrünü, gününü əsirgəmədən, öləm sənin üçün, öləm, ay İncəm!” fəryadı qoparır:

 

 Həsrət göz yaşları süzülür gözdən,

 Ah necə məluldu Qılınckəndimiz.

 Şeytan törəməsi satdı torpağı,

 Könüldə məskəni saldı dərdimiz!

 

 Yurd yeri satarmı, de kişi olan?!

 Inamım töküldü, dinim töküldü.

 Kəsildi şah damar, əyildi qəddim,

 Dərdin şələsindən belim büküldü!

 

 Uşaqlığını, gəncliyini, dincliyini, yurd yeri qürurunu Fəridə xanımın və onunla eyni taleyi yaşayanların əlindən alanlar – torpağı biznes obyekti bilənlər vicdanını satanlardır, əgər vicdanları varsa, varsa da, belə üfunətli vicdan heç kimə lazım deyil. Fəridə xanım kimilərin ümidi işıqlıdır:

 

 Dərd daşır içimdən yatmıram, heyhat,

 Nə vaxtdı düşmüşəm atımdan, İncəm!

 

 ...Qismət olsun mənə xalını salım,

 Açıq bir ürəklə qoynuna gəlim,

 Boylanım şahlığın taxtından, İncəm!

 

 Şair xanımın “İncəm” şeirinə sözardı kimi verdiyi bir tarixi qeydinə biganə qala bilmədim: “Qılınckəndi meşəmiz lənətə gəlmiş ermənilərə bağışlananda (1984) Tomris qızı Şayəstə xala onların qarşısına çıxan ilk qadın qəhrəman idi. Allah rəhmət eləsin. Əfsuslar olsun. Erməni kimdir ki?! Əgər bir kənd qadını onların qarşısına çıxa bilirdisə?”

 

 Yanıb, yaxılıram Şayəstə xala,

 Insafmı dərdlərim qarıyıb qala?

 Gözlərim yol çəkir, yol çəkir hələ,

 Küsürəm yenə də bəxtimdən, İncəm!

 

 Tarixin bu rüsvayçı olaylarını əks etdirən “Torpağın yaddaşı” kitabını Fəridə Ləman 1995-ci yazdı, 2011-ci ildə “Torpağın yaddaşı”nı əlavə rəy və mənbələrlə genişləndirib “Qılınkəndi dastanı”na çevirdi. Bu kitabdakı tarixi sənədlər Vətən tarixinin qara səhifəsi kimi yadda qalacaq. “İsti yuvasından perik düşən quşlara dönən” İncə dərəsinin sakinləri indi “xatirələrə borcludurlar – dünən odunda-ocağında hənirləndiyimiz, yaylaqlarında gəzdiyimiz, buz bulaqlarından su içdiyimiz, xəzəzini, qulançarını yediyimiz dədə-baba yurdumuz Qılınckəndinə.”

 Ilk qadın Xalq şairimiz Mirvarid Dilbazi 1998-ci ildə “Torpağın yaddaşı” kitabının dəyərindən yazırdı: “O zamankı üzdəniraq rəhbərlərimizin dəyanətsizliyi, vəzifəpərəstlikləri üzündən Kəmərli torpaqlarını asan alan ermənilərin dişləri qana batdığı üçün, sonrakı yürüşlərə başladılar.” Mirvarid xanım əlavə edir ki, Kəmərlinin 22 meşə zolağı, gil, gəc, kobalt, mis və qızılla zəngin 14 dağı, 28 adda suyu loğman bulaqları, 5 qədim qalası və daha nələri... təmənnasız ermənilərə verildi, erməni torpaqlarına ilhaq olundu.

 Mirvarid xanım 29 mart 1998-ci ildə “Azərbaycan” qəzetində  yazırdı:

 “Od var onu su söndürür, od da var onu heç nə söndürə bilmir.

 Bu fikir publisist, filologiya elmləri namizədi Fəridə Ləmanın “Torpağın yaddaşı” kitabını oxuyarkən gəldiyim qənaətdir. Bu torpaq yangısı, qeyrət yangısıdır.” 

 Mirvarid Dilbazi Fəridə  Ləmana ana-bala münasibəti bəsləyib, gediş-gəlişləri olub. Fəridə xanım onun haqqında neçə-neçə yazı yazıb, səs yazıları var. Mirvarid xanım Fəridə Ləmandan söhbət düşəndə deyirdi: 

 “Mənim ruhuma yaxın olan dağlar qızıdı, Qazağın Kəmərlisindəndi. Fəridə Ləmanı ilk dəfə görəndə, qara, işıqlı gözlərinə baxanda bir el aşığının İncə dərəsi haqqında yazdığı bu misralar yadıma düşür:

 

 O yanı çiçək Kəmərli,

 Bu yanı çiçək Kəmərli,

 Qızları göyçək Kəmərli.” 

 

 Mərhum şair Davud Nəsib “Torpağın yaddaşı” kitabı haqqındakı düşüncələrində Fəridə xanımın cəsarətini, zəhmətini önə çəkirdi: “Bu kitabı əslində kişilər yazmalı idi, bu zəhmətə, bu əziyyətə kişilər qatlaşmalıydı, amma Fəridə xanım da kişilərdən geri qalan deyil.”

 Fəridə xanımın şeirləri sevilir, yadda qalır, düşündürür, geniş yaradıcılıq diapozonu və zəngin təxəyyülü onu müxtəlif mövzularda uğurlu şeir və publisitika nümunələri yazmağına dəstək olur. “Ey Türküm”, “Birliyin mübarək olsun, Türküm!”, “Türkün daşı ağır”, “Türkün ürəyi”, “Qarsın dağları qardır” (Sarıqamış şəhidlərinin xatirəsinə), “Türkiyə, Azərbaycan”, “Gəl, Vətən torpağı”, “Çanaqqala”, “Türk anası ağlayırsa...”, “Birliyin mübarək olsun”, “Təbrizim”, “Vətəni zəfərə harayla”, “Sevdiyim Vətən”, “Bu torpağın türküləri”, “Vətən haqqı”, “Dalğalan, bayrağım” və bu səpkidə digər şeirlər az qala dünyanın yarısını Vətən edən böyük və ulu Türkün qəhrəmanlığını özündə yaşadan salnamələrdir. Bu salnamələrdə ağrı-acı da var, qürurverici anlar da. 

 Turan ellərinin ucsuz-bucaqsız torpaqlarından bütöv Vətənin sinəsini parçalayan günahsız “Arazlar axan” gündən Türkün torpaqlarını bölə bilsələr də, ruhunu, cəngavərliyini öldürə bilmədilər. Nə yaxşı ki, Türkün ruhu daim onunladır. Türk titrəyib özünə gələndə düşmən onun qarşısında heç vaxt dayana bilməyib. Bu gün Türkün birlıyinin sarsılmazlığı öz bəhrəsini verməkdədir. Artıq Turan ellərinin bir millət, yeddi dövlət formulu Türkü sevməyənlərin kabusuna çevrilib.

 Fəridə xanımın “Türkiyə, Azərbaycan” şeiri bir millət , iki dövlətin qardaşlıq himnidir:

 

 Bayrağınla zirvədə 

 Keşikçinəm, ey Vətən.

 Yurda uğur diləyin,

 Cığırdan, yoldan ötən.

 Küləklərin səsi də ,

 Oxuyur nəğməsini –

 Var ol, Türkiyəm, yaşa,

 Canımız fəda olan

 Azərbaycanımla qoşa! 

 

Fəridə xanım Sarıqamış şəhidlərinin əziz xatirəsinə yazdığı “Qarsın dağları qardır...” şeirlər silsiləsindəki bəzi şeirlərdən əvvəl tarixi sənədlərə istinad etməsi uğurlu ədəbi priyomdur. 1915-ci ilin yanvarının qandonduran qışında 90 min Vətən sevdalısı düşmənə təslim olmaqdansa, 60 min nəfəri döyüş meydanında şərəfli ölümü seçdi. Sarıqamış dağlarında “soyuqdan bir-birinə sarılan, şaxtalı çöllərdə buz adamlara çevrilən 30 min Türk əsgəri isə elə bu vəziyyətdə də ölmüşdülər. Şərəfli ölümdür! Onların içərisində yüzlərlə könüllü həmvətənlərimiz də olub. Qanı bir, canı bir qardaşlarına köməyə gəlmişdilər:

 

 Azərbaycan elindən Turan deyib gəlmişik,

 Zəfər üçün canları qurban deyib gəlmişik.

 Kəfənləri öncədən geyinərək əyninə,

 Vətən üçün canları urvan deyib gəlmişik. 

 

 Fəridə xanım vurğulayır ki, tarixi sənədlərə görə, Sarıqamışdakı rus ordusunun generalı Petroviç Moskvaya göndərdiyi teleqramda yazıb: “Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular.”

 Fəridə Ləmanın Sarıqamış dastanını vərəqləyəndə elə müdhiş anlara rast gəlmək olur ki, qanımız bəzən damarlarda donur, bəzən də qisas hissi ilə qaynayır. Onun Sarıqamış şəhidlərinə sayğısında bir duyğulu Tük qızının kövrəkliyi də var, sərtliyi də,fəryadı da. Bununla belə Fəridə xanım mübarizdir, ancaq ilahi ölümə baş əyə bilər:

 

 Siz ey şəhidlərim, siz ey Ölməzlər,

 Mən qurban demərəm, qurbanam Özüm!..

  

 Fəridə xanım, yazırsınız ki, ölümüzün, dirimizin yiyəsi bu torpaqdır, hələ ki, bu torpaq qəhrəmanlardan xali deyil. Bəli, əziz el qızım, bunu Vətən müharibəsinndə igidlərimiz qanı, canı, Vətən sevgisi ilə sübut etdilər. 

 “Hər qapı üstündə şəkli asılan, hər qapı adına geniş açılan, hər açıq qapıya nuru saçılan” Mübarizləri - Azərbaycan analarının, atalarının igid oğlunu, ər oğullarının, qızlarının cəsarətli qardaşını “Vətən bayraq kimi göylərə qaldırdı.” Bir cümlədəki qürurun ölçüsü misilsizdir.

 

 Yurdumu yaşadır səntək oğullar,

 Ölə biliriksə bu torpaq üçün.

 O bizi hər zaman göyərdəcəkdir,

 Düşmən önümüzdə baş əyəcəkdir!

 

 Mübariz ruhuyla Vətənin zəfərinə stimul olan mübariz oğullar 2016-cı il apel döyüşlərində və 44 günlük Vətən müharibəsində Mübarizin cəsarətini ürəyində təpər, əllərində üçrəngli bayraq kimi tutaraq “dəmir yumruq”la bədxah düşmənin başını əzdilər. Mübariz oğulların cəsarəti, düşmənə nifrəti gələcək nəsillərin hünər salnaməsinə yeni çalarlar əlavə edəcək. Zəfər bayrağımız etibarlı əllərdədir.

 Fəridə Ləmanın “Cəbhədən cəbhəyə” döyüş bölgəsindən reportajlar kitabı qarış-qarış gəzdiyi ön cəbhə yollarında gördükləri, duyduqlarıdır. Fəridə xanım səngər həyatı görmüş azsaylı xanım jurnalistlərdəndir. Ona görə də səngərdən, ölümlü-itimli savaş meydanından yazdığı reportajlarda sünilik, pafos yoxdur.

 2016-cı il aprel döyüşlərinində şəhid olmuş Elvin Namazovun döyüş yolunu işıqlandıran “Donmuş təbəsüm” poemasında Fəridə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulan, “nişanı bəysiz keçən” igidə həzin-həzin laylay deyir:

 

 Laylay Vətən keşiyim,

 Laylay evim-eşiyim.

 Qazaxda doğulmusan,

 Qarabağdı beşiyin! 

 

 Qarabağ ağrı yerim,

 Ağrıdan ağrı yerim.

 Cismim Azərbaycandı,

 Qarabağ ağrı yerim.

 

 Gözlərim tordu sənsiz,

 Ürəyim qordu sənsiz.

 Dərdim bir qara zəli,

 Qanımı sordu sənsiz.

 

 Şair xanım şəhid atasının dərdini, qürurunu ürəyindən,  üzündən, gözündən oxuyub göz yaşları ilə islatdığı ağ vərəqə köçürür:

 

 Ölüm, sən heç sevinmə,

 Bax şəhidin adına.

 Ucalardan ucadı!

 Səninsə adın üstə,

 Hey bayquşlar uladı!..

 

 O, həm də aprel şəhidləri Mühüd Orucovun döyüş yolunu əks etdirən “Mühüdüm – şəhidim”, Orxan Əliyev igidliyindən yazılan  “Cənnətdən məktublar” kitablarının müəllifidir.

 Fəridə Ləman insanların uğurlarını dəyərləndirən, lazım gələndə məsləhət verməyi bacaran, yol göstərən mənəviyyat sahibidir. Bunu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda hiss elədim, gördüm. Məclisin yaranmasına xeyir-dua verənlərin birincilərindəndir el qızımız. İlk dəfədən tədbirlərdə iştirak edib, dəstəkləyib. Eləcə də “Kələğayı Muzeyi”ni yaradanda. Uğurlarımı izləyən, sevinən, yeni-yeni uğurlara ruhlandıran Fəridə xanım mənə ünvanladığı “Borçalıda bitən İncə çiçəyi” epitetini ən qiymətli mükafat hesab edirəm. Fəridə xanım yazır:

 “...Bu bədii yolların cığırında, izində qarşı gəldiyim Günəş üzlü, əlində qələmi və söz çələngi olan bir xanımla qarşılaşmışam. Bu qələm adamı İncə dərəmizin incə çiçəyi Güllü xanım Tomarlıdı. Güllü əslən İncə dərəsindən olsa da, Borçalı mahalında boya-başa çatıb. Əlinə qələm götürüb. Sözün sehri onu çox insanlarla görüşdürüb.”

 “Mən kökü İncədə, budaqları Borçalıda olan Vətən qızıyam”, - deyəndə Fəridə xanım lirik diliylə məni daha mükəmməl təqdim edir:

 

 Bu Güllünün ətridi,

 Incədən gətiribdi.

 Ruhundakı gülləri,

 Incəçay bitiribdi.

 

 Fəridə də çox sevir, 

 Bu allı, güllü qızı.

 Gözləri işıq selli,

 Qızılı telli qızı.

 

 Fəridə dəyər verəndi,

 Yaxşısı, pisi görəndi.

 

 Sözündən nurlar ələndi –

 Ürəyi gözəl, a Güllü!

 

 Mən də qürurlu, saf ürəkli, saf diləkli bacıma – “soyu-kökü İncədən boy verən kökü dərində İncəli qızı”na söz verirəm: “nə qədər varamsa, səninlə varam, əhdinə, vəfana sadiq yaşaram.”

 

 Həm alimsən, həm şairsən, həm insan,

 Sevənlər içində ən şirin bir can.

 Adın qürurumdur, Fəridə Ləman,

 Dadın nurundadı, İncəli qızı.

 

 Fəridə xanımda o qədər enerji, yaşam gücü, pozitivlik var ki, Vətən, torpaq, el-oba qayğıları, ağrı-acıları ilə yüklənəndə bir hovur dincini almaq üçün yenidən qələmə sarılır. Həmkarları – şair xanımlardan üzr istəyərək özünü yazmaq istəyir. O, təkcə özünü yox, mənim ürəyimdən gələnləri oxuyub Vətən oğullarını xəbərdar edir: “Şair qadın almayın!” Ancaq özünü də sığortalayır - “Zarafat sayağı” ayaması qoyur “ciddi” şeirinə. Onun “gözü buludda qalıb, şeh görüb şehdən, meh görüb mehdən yazan, qarla, yağışla danışan, gah küsüb, gah barışan, Günəşlə qurulanan, gah zildə, gah bəmdə, gah kədərdə, gah qəmdə, halı dəmbədəmdə, qazanı odda yanan, daşın, yaşın dilini bilən, sözlə gözünü silən “şair qadın almayın” məsləhətində zarafat da var, gerçəklik də. Axı şair özünəməxsus Allah bəndəsidi, yaradan ona sözə aşıqlik istedadı verib. Ona görə də “şair qadınlar sözün gəlinidi.”

 

 Baxışının yükü söz,

 Libası söz, kürkü söz.

 Heç nəyi yox, mülkü söz,

 Şair qadın almayın!

 

 Uşaq çıxar yadından,

 Bıçaq çıxar yadından.

 Ocaq çıxar yadından,

 Şair qadın almayın!

 

 Gecə ulduz, Ay olar,

 Oxu uçan yay olur.

 Mələklərə tay olur,

 Şair qadın almayın!

 

 Bir azca zarafatla nəfəs dərib özünün və bizim könlümüzü güldürəndən, içindəki gərginliyi sözlə oxşayıb özündən aralayandan sonra Fəridə xanım, teatrşünaslar demişkən, öz ampluasına qayıdır: “şair evin yox, elin yaraşığıdır.”

 

 Qarışqa dən daşıyır,

 Şairlər qəm daşıyır.

 Dünyanın ağrısıyla,

 Gözləri nəm yaşayır.

 

 Axtarmaz dünya varı,

 Dünyadır onun varı.

 

 Şairin dövlətidir,

 Yazıb yaratdıqları.

 

 Hər kəs özünün ləyaqətini, nüfuzunu, fiziki və mənəvi varlığını qoruyub saxlamaq üçün milli mənəvi dəyərlərə həssas yanaşmalıdır. Əxlaq normaları, dünyagörüş, inanclar, məqsəd və s. Türkün ali milli dəyərlərindəndir. Fəridə xanım milli dəyərlərin daşıyıcısı və qoruyuçusudur. Onun şeirlərinin, publisistik yazılarının təməlində milli dəyərlər durur. Xanım-xatın qadınlarımızın nənələrin yadigarı qədim baş örtüyü kələğayıya Fəridə xanımın xüsusi önəm verməsi bunu təsdiqləyir:

 Fəridənin gül çələngi,

 Başında qeyrət tacısan.

 Min illərin sirri səndə,

 Zamanın heyrət tacısan – 

 Xal örpəyim, kələğayım!

 

 Fəridə Ləmanın şəxsiyyətinə, Vətən sevgisinə, zəkasına, mənəvi dünyasına, yaratmaq eşqinə, sözünə, qələminə bələd olan tanınmışların baxış bucağından Fəridə xanım daha aydın görünür:

 Davud Nəsib:  

 “Torpaq sığındığımız yerdir, hər şey gəldi-gedərdi, qalan isə torpaqdır, xalqdır, torpağını, xalqını acı həqiqətlərdə, heç olmasa bir kəlmə sözündə yaşadanlardı. Fəridə Ləman bu savabı artıq qazanıb.”

 Sabir Rüstəmxanlı:

 “İnsan dünyaya hansı işıqla gəlirsə, o işıqla da gedir. Fəridə xanım işıqlı qadındır. O, epitetlər haqqında bir kitab yazmışdı. Orada mənim də şeirlərimdə ən çox işlənən rəng haqqında yazmışdı. Bu, ağ rəng idi. Fəridə xanımın həyat yolu ağ rəng kimi təmiz və ləkəsizdir. O, yaradıcılığı ilə qadın poeziyasına öz möhürünü vurmuşdur. Fəridə xanım xoşbəxtdir ki, insanların sevgisini qazana bilib.”

 Nizami Cəfərov:

 “Fəridə xanım həm də insan kimi istedadlıdır. O, Türk dünyası miqyasında düşünən insandır.”

 Eldar İsmayıl:

 Gəncəyə, Təbrizə gülüstan deyər,

 Gah bayatı deyər, gah dastan deyər.

 O, Qazax deyəndə Türküstan deyər...

 Soyuna həmdəmdi Fəridə Ləman.

 Dürlü bir aləmdi Fəridə Ləman.

 

   “Ömrüm torpaq ömrüdü” inamına söykənən Fəridə Ləman ömrünün zaman-zaman göyərəcəyinə, Vətən öz sevimli qızını unutmayacağına inanır. Bu inamdır onu yaşadan, axı ömrünü şam kimi yandıranların zəkasının işığı neçə-neçə əsrlər Vətənin övladlarının yollarını nurlandırır. Ömrünün yeddi onilliyini üzüağ yola salmağa hazırlaşan Fəridə xanım şərəfli işlə məşğuldur. Sözünə sadiq qalıb, sevimli peşəsinə, sözə, Vətənin bütövlüyünə, azadlığına könül verənlər üçün yaşamaq, yaratmaq ilahi işdir. “Yazmaq istədiyin ümidlərə qovuşmaqdır, ruhun boşalmasıdır.” Budur, onin həyat manifesti! Fəridə Ləman üçün “yorulmaq rahat olmaqdır”. İnanmıram ki, o, yorulur, çünki hər an narahatdı, nigarandı – Vətəndən, Vətənin torpağından, göylərindən, şəhid ruhlarından, qazi oğullarından vətəndaşlarından. Axı Vətənin başının üstündə dolaşan qara buludları tamamilə dağıtmamışıq...

 Vətəni canından çox sevənlər ömrün 70-dən sonrakı fəsillərində də sağlam, uzun və mənalı ömür yaşasın ki, Vətən yaşasın. Vətən Vətəni sevərlərindir, göz bəbəyi kimi qoruyanlarındır.

 Fəridə xanım kimlərəsə - bədəməllilərə, tamah və nəfs qullarına, Vətənin hər qarış torpağına alver gözüylə baxanlara məğlub olan, döyüş meydanından çəkilən el qızı deyil. İnanır ki, söz ömrü qədər yaşayacaq, el, torpaq yolunda elədikləri, yazdıqları qədirbilənlərin yaddaşında qalacaq, onu da yaşadacaqlar. Bunu Fəridə xanımın təsəllisi kimi qəbul etməyin, inancıdır - “Vətən haqqı, torpaq haqqı!”

 Vətən yanğılı Fəridə xanımın elə, obaya, yurda Vətənə bağlılığı bir örnəkdir. Hara getsə də, hara dönəcəyi yeri dəqiq bilir – “göbəyinin kəsildiyi yeri. Orada onu gözləyən ruhlar və ana torpaq var.”

 70 yaşınızı təbrik edirəm İncənin incə Fəridə Ləmanı. “Nəğmələrinizlə həmişə Vətən olun”. Siz öz borcunuzu yaxşı anlayırsınız – Vətənə azadlıq, bütövlük borcunuzu. Bu borc elinə, obasına, torpağına bağlı olanların alnına yazılıb.

 Gününüz ağ olsun, Fəridə Ləman! Qazax mahalımızda qızlarımıza edilən bu dua- alqışın ən mötəbəri Sizə düşür...

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.