Super User

Super User

Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında açılan “Dərman arardım dərdimə” adlı sərgi davam edir. 

Rəssamlar Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəlizadənin əsərlərinin yer aldığı sərgi mayın 4-dək ziyarətçilər üçün açıqdır. 

 

İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır. 

Sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Tuesday, 02 May 2023 14:00

Hacıqabul avtomobili sürəcəyik!

“Mayın 1-də Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan istehsal müəssisəsində avtomobillərin boyaq, qaynaq və yığım mərhələsi həyata keçiriləcək.

Bu layihəyə 88 milyon manat vəsait qoyulub. Layihəyə 2025-ci ilin mayında start veriləcək. 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil istehsal olunacaq. Layihə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, istehsalın lokallaşdırılmasına və məşğulluğun təminatına təkan verəcək”.

 

Bu sitatı jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. 

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina partlayışlarının sayının artması ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

 

Müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Müasir köləlik halları etnik mənsubiyyətindən, mədəniyyətindən və dinindən asılı olmayaraq, dünyanın demək olar ki, hər bir ölkəsində baş verir. 

 

AzərTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, faktiki olaraq bütün məcburi əməyin yarıdan çoxu (52 faiz) və məcburi nikahların dörddə biri yuxarı orta gəlirli və ya yüksək gəlirli ölkələrdə mövcuddur. Xüsusən, son bir neçə ildə müasir köləlikdə olan insanların sayı xeyli artıb. 

Təşkilatın hesabatında deyilir ki, 2016-cı ilin qlobal hesablamaları ilə müqayisədə 2021-ci ildə 10 milyon daha çox insan müasir köləlik şəraitində yaşayıb. Həmin ildə 50 milyon insan müasir köləlikdə, o cümlədən 28 milyon məcburi əmək və 22 milyon məcburi nikah şəraitində yaşayırdı. ILO bildirir ki, məcburi əməyə ən çox (86 faiz) özəl sektorda rast gəlinir. Kommersiya xarakterli obyektlərdə məcburi əməyin 63 faizini cinsi istismar təşkil edir. Məcburi kommersiya cinsi istismarına məruz qalan hər beş nəfərdən təxminən dördü qadın və qızlardır. 

ILO-nun məlumatına görə, dövlət tərəfindən tətbiq edilən məcburi əmək ümumi məcburi əməyə cəlb olunanların 14 faizini təşkil edir. Məcburi əməyə cəlb olunanların təxminən səkkizdə biri isə uşaqlardır (3,3 milyon).

Müasir köləlik əleyhinə mübarizə aparan ictimai xadimlərdən biri – “Etik liderlik: təzyiq altında əxlaqi qərar vermə” kitabının müəllifi Aidan MakQuayd bildirib ki, bu artım iqtisadi siyasət, köhnəlmiş qanunlar və adətlər ilə bağlıdır. Onun sözlərinə görə, insanların istismar və əsarət altına alına biləcəyi mühitin yaradılmasında bir neçə amil mühüm rol oynayıb. Bunların arasında viza qaydalarının çətinliyini göstərmək olar ki, bu, miqrant işçilərin işəgötürənlər tərəfindən istismarına əlverişli şərait yaradır. 

Məcburi əməyə cəlb edildiyi təxmin edilən 28 milyon insanın böyük küçələrdə və dəbdə olan alış-veriş bölgələrində fəaliyyət göstərən bir çox özəl müəssisələrin tədarük zəncirləri və əməliyyatları çərçivəsində əsarət altında olduğu bildirilir. Məsələn, Cənubi və Cənub-Şərqi Asiyada geyim biznesinin demək olar ki, hər mərhələsində köləlik də daxil olmaqla, dəhşətli insan hüquqları pozuntuları var.

Cənub-Şərqi və Mərkəzi Asiyadakı bəzi elektronika emalatxanalarında insanlar, o cümlədən uşaqlar əhəmiyyətli dərəcədə istismar edilir, bir çox kompüter və mobil telefonların əslində müasir kölələr tərəfindən istehsal edildiyi məlumdur. Bundan başqa, balıqçı qayıqlarında ən qəddar şəraitdə əsarət altına alınmış insanlar işləyir. Eyni zamanda, dəniz nəqliyyatı sənayesində də əhəmiyyətli istismar və məcburi əmək halları çoxdur.

MakQuayd sonda bildirib ki, bütün məcburi əmək sistemi yoxsulluqdan qurtulmağa çalışan insanların çarəsizliyi üzərində qurulub.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasının əməkdaşları Beynəlxalq Rəqs Günü ilə əlaqədar olaraq xoreoqraf Elşən Həsənli və onun illərlə rəhbərlik etdiyi "Abşeron" rəqs ansamblının üzvləri ilə görüşüblər.

 

Görüş iştirakçıları rəqs sənətinin incəliklərini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Görüş zamanı illər sonra yenidən E.Həsənlinin rəhbərliyi altında "Abşeron" rəqs ansamblının rəqsləri izlənilib. Qrupun davamçıları "İgidlər" rəqsi və bir neçə rəqs nümunələri ilə çıxış ediblər. Sonda kitabxana əməkdaşı Səbinə Məmmədovanın təqdimatında "Azərbaycan cəngi rəqsləri" adlı kitab sərgisi nümayiş olunub.

“Abşeron” rəqs ansamblı 2012-2018-ci illər ərzində yerli tədbirlərlə yanaşı, Türkiyə, İran və Gürcüstanda bir çox beynəlxalq tədbirlərdə iştirak ediblər. Respublika üzrə keçirilən müsabiqədə üçüncü yerə layiq görülən ansambl Türkiyənin Bursa şəhərində Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimində çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

ƏDƏBİYYAT FORUMU BÖYÜK MARAQLA GÖZLƏNİLİR

 

5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets sanatoriyasının ev sahibliyi edəcəyi Forumda ölkənin ədəbi elitası bir araya gələcək. 

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.

Forumda olacaq çıxışların bir qismini nəzərinizə çatdırırıq:

 

Anar, Xalq yazıçısı, AYB-nin sədri -  “Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk iri həcmli əsər: “Unudulmaz görüşlər”im barədə”

 

İsa Həbibbəyli, AMEA-nın prezidenti - “Heydər Əliyev dühası və Azərbaycan ədəbiyyatı”

 

Çingiz Abdullayev, Xalq yazıçısı, AYB-nin Baş katibi - “Bir azərbaycanlı yazıçının dünya arenasına çıxmasına Ümummilli liderin dəstəyi”

 

Sabir Rüstəmxanlı, Xalq yazıçısı - “Heydər Əliyev barədə xatirələrim”

 

Jalə Əliyeva, Milli Məclisin deputatı - “Heydər Əliyev və Ana dilimiz”

 

Elmira Axundova, Xalq yazıçısı - 

“Əbədiyaşar məhəbbət” Zərifə və Heydər Əliyevlər barədə” kitabım necə yarandı”

 

Fuad Məmmədov, Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq Assosiasiyasının prezidenti - “Heydər Əliyev  və yeni mədəniyyət konsepsiyası” 

 

Vahid Əziz, Xalq şairi - “Heydər Əliyevin kadrı olaraq ondan öyrəndiklərim”

 

Hüseynbala Mirələmov, yazıçı - “Rusiyanın məşhur “JZL” seriyasından Heydər Əliyev barədə yazdığım kitabın rezonansı”

 

Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik - “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”

 

Azər Turan “Ədəbiyyat qəzeti”nin baş redaktoru - “Heydər Əliyev obrazı ilk dəfə ədəbi müstəvidə; Cavid Turandan Heydər Əliyev barədə eşitdiklərim”

 

Əkbər Qoşalı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti - “Heydər Əliyev və türk dünyası”

 

Elnarə Akimova, Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, YAP İdarə Heyətinin üzvü - “Heydər Əliyevlə yaddaşlaşan ədəbiyyat: sovet epoxasından müstəqillik təntənəsinə”

 

Elçin Hüseynbəyli, AYB katibi - “AYB-nin 100 illiyə töhfəsi: Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi”

 

Qəşəm Nəcəfzadə, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin rəhbəri - “Heydər Əliyevin uşaq ədəbiyyatına qayğısı”

 

Sayman Aruz, AYB sədrinin müşaviri - “Heydər Əliyev və Cənubi Azərbaycan ədəbiyyatı”

 

İbrahim İlyaslı, AYB Poeziya bölməsinin  müdiri - “Heydər Əliyev obrazının Azərbaycan poeziyasında təcəssümü”

 

İntiqam Yaşar, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı - “Heydər Əliyevin ədəbi gəncliyə qayğısı”

 

İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Tibb, Musiqi və Texniki kolleclərinin, Sumqayıt Gənclər Klubunun və Bookland Cafe & shop-un təşkilatçılığı ilə Sumqayıtda, Bookland məkanında yazıçı Varislə tələbələrin görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dörd saata yaxın davam edən görüşdə Varis ədəbiyyata gəlişi, necə məşhurlaşması, beynəlxalq reputasiya qazanması barədə danışmış, sualları cavablandırmışdır. 

Daha sonra yazıçı gənclərə Uğura gedən yol, hədəfi necə seçmək, bir neçə planla necə hərəkət etmək barədə söhbət açmış, “Arzuların gerçəkləşməsi” metafizika qanununu izah etmişdir. 

Sonra kitab imzalama mərasimi baş tutmuş, xatirə şəkilləri çəkdirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şeir müsabiqəsi təşkil edilib.

 

Baş İdarədən verilən məlumata görə, əvvəlcə tədbirin əhəmiyyətindən danışılıb. Şeir müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə edilməsi olduğu vurğulanıb.

Müsabiqədə 107, 169, 252 nömrəli tam orta məktəblərin şagirdləri Ümummilli Lider Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. İştirakçıların söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və birinci mərhələnin qalibləri müəyyən olunub.

Qeyd edək ki, müsabiqənin növbəti ikinci mərhələsi mayın 10-da keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

 Azərbaycanlı yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB Məsləhət Şurasının üzvləri – “MİMAR” İB başqanı Yılmaz Okuklu, telejurnalist Səlim Yuhay bugünlərdə qardaş Qazaxıstanda səfərdə olublar.

 

Əkbər Qoşalı “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, onlar “Qaraqanda Yazı – 2023” Poeziya Festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak ediblər.

DGTYB Məsləhət Şurası təmsilçiləri Poeziya festivalının açılışında və yeni nəsil qazax yazarları ilə görüşdə çıxış ediblər.

Qazaxıstan Yazıçılar Birliyi, TÜRKSOY Yazarlar Birliyi və Qaraqanda Hakimatının ortaq düzənlədiyi Festivalın iştirakçıları “KarLaq”ı - Sovet repressiya illərinin acı izlərini yaşadan “Qaraqanda İslah-Əmək Düşərgəsi” əsasında taradılmış muzeydə və Akd. Bukenov adına Dövlət Universitetində olublar.

Astanada keçirilən nüfuzlu Kitab Sərg-Yarmarkasında isə Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla gün üzü görmüş şeirlər toplusu – “Turanın bir qom yovşanı” kitabının geniş təqdimatı olub. Qazaxıstan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət xadimi Devletkerey Kapulının aparıcısı olduğu təqdimatda Qazaxıstanın İnformasiya və Sosial işlər naziri Akd. Darxan Kıdırali, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, tanınmış şair-tərcüməçi Tanagöz Tolkınqızı, Saxa-Yakutiyalı şair-tərcüməçi Arılı Duydax,

qazax şair-yazıçıları çıxış edib. Ə.Qoşalıya Qazaxıstanın İnformasiya və Sosial işlər Nazirliyinin, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin “Fəxri Fərmanı” təqdim olunub. İstedadlı qazax məktəblisi Abdulxadi Sərsenbek Azərbaycanlı yazarın ağ-qara rənglə işlədiyi pirtretini ona bağışlayıb.

Ə.Qoşalı Astanada çıxan kitabını qazax oxucuları üçün imzalayıb.

Səfər müddətində Qazaxıstanın İnformasiya və Sosial işlər naziri Akd. Darxan Kıdırali, Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Prezident yanında Kommunikasiyalar Departamentinin direktoru Askar Umarov, “Xəbər” ASC – Dövlət tele-radio kompaniyasının direktoru Beqali Ueli,  Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov,  “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, Qazaxıstan Yazıçılar Birliyinin başqanı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Uluğbek Esdevlet, Yazıçılar Birliyinin Qaraqanda filialının başqanı Janat Jankaşulı və b. ilə ayrıca görüşlər olub, maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstanın çoxtirajlı, ən köklü milli qəzeti “Egemen Qazaqstan” redaksiyasında, habelə Qazaxıstan Yazıçılar Birliyinin Astana filialı – Astana Yazarlar Evində Azərbaycanlı yazarla görüş təşkil olunub, yeni nəsil qazax aydınları, şair-yazıçıları ilə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Onu da vurğulayaq ki, 30-a yaxın qazax yazarına Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə DGTYB adından “Fəxri Fərman” təqdim edilib.

Ə.Qoşalı, Y.Okulu və S.Yuhay D.Kapulının müşayiəti L.Qumilyov adına Avrasiya Milli Universitetində “Heydər Əliyev Auditoriyası”nı ziyarət edib, orada bir qrup tələbə ilə görüşüb, habelə “Qələmkar Bağı”nda olub, “Xəbər TV”nin canlı efirində çıxış ediblər.

Görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, ölkələrimiz arasında günü-gündən güclənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

HƏRRAC EVİNİN EKSPERTİ BENEDİKT KARTER KİTABI DÜNYA ƏHƏMİYYƏTLİ ŞEDEVR ADLANDIRIR

 

 

Böyük Britaniyanın məşhur “Sothebys” hərracında Şah Təhmasibin “Şahnamə”sinin əlyazmasının illüstrasiyalı vərəqi 7 milyon dollara satılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS.ru-ya istinadən xəbər verir. 

 

Hərracın İslam və Hindistan incəsənəti departamentinin direktoru Benedikt Karter məlumat verib. O qeyd edib ki, İran-Turan müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alanlar sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Bu unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyə edilib. 

Qeyd edək ki, hərracda həmçinin XVII-XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb. B.Karter bildirib ki, ümumilikdə 135 əsər kolleksiyaçıları tərəfindən alınıb. Onların arasında Osmanlı imperiyası zamanında – XVII-XIX-əsrlərdə məşhur müsəlman xəttatları tərəfindən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanlarının XVII əsrə aid qızıl naxışlı xəncəri isə 254 min funt sterlinqə satılıb. Həmi əsrdə hazırlanan “Qızıl buynuz” vazasının satışından 126 min dollar, müxtəlif geyim, keramika, metal əşyalar və rəsm əsərlərindən isə “Sotheby” hərracı 15,7 milyon dollar əldə edib. 

Ekspert vurğulayıb ki, son illər hərracda İslam əsərləri və irs nümunələrinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiyyət verirlər. Ən çox tələbat isə Qurani-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələrinədir. Hətta bu nümunələr 2-3 milyon dollara kimi qiymət alır.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.