Super User
Mehriban Ələkbərzadə “Azdrama”da edəcəyi yeniliklərdən danışdı
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib.
Mehriban Ələkbərzadənin təyinatına sevinənlərlə yanaşı, sevinməyənlər də var.
O, öz dəst-xəti, yaradıcı üslubu olan, işgüzar insandır. Bəs onun gəlişi ilə teatrda hansı yeniliklər olacaq? “Azdrama”nın kollektivi ən çətin kollektiv kimi tanınır. Bu onu qorxudurmu?
Lent.az bu suallarla Mehriban xanımın özünə müraciət edib.
“Bu, mənə doğma kollektivdir. 25 il öncə teatrda ilk addımlarımı burada atmışam və uzun illər “Azdrama”da çalışmışam. Çətinliyə gəlincə, çətinlik hər yerdə, həmçinin bu teatrda da var. Əsas məsələ bütün problemlərin öhdəsindən layiqincə gəlməkdir”, - o bildirib.
“Sizin gəlişinizlə teatrda hansı yeniliklər olacaq?” sualına cavab olaraq bədii rəhbər bildirib ki, əsas məqsəd Azərbaycan teatrının inkişafına xidmət etməkdir:
“Əsas meyar teatrın inkişafına xidmətdir. Buna görə müəyyən çəki-düzən veriləcək. Hələlik tanışlıq mərhələsindəyəm, araşdırıram. Görülən işlərlə tanış olduqdan sonra müəyyən planlaşdırmalar olacaq”.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Fəsil dəyişikliyi zamanı allergik əlamətlər
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz yenə tibbə aiddir. Fəsil dəyişikliyi zamanı hansı allergik əlamətlər müşahidə olunur? Axı yazdan yaya keçməyə hazırlaşırıq?
Baharın ilıq havasını hiss etdikcə park və açıq havada gəzmək istəyi baş qaldırır. Ancaq allergiyası olanlar həmin mövsümdə narahatlıqla üzləşirlər. Çiçək açmağa başlayan ağaclarda gedən tozlanma prosesi ağız, burun və ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiya təkcə tozlanma ilə əlaqədar olmur.
Həkim-allerqoloq Ramin Nəriman həssas insanların diqqət yetirməli olduğu məqamlara toxunub: "Yaz mövsümündə məişət tozu gənələri çoxalır və onlar istənilən yaşayış sahəsində var. Allergiyası olanların yatdığı otaqda yun əşyalar yığışdırılmalı, yorğan-döşək və yastıq dəyişdirilməldir. Yaxşı olar ki, onlar küləkli havada bayıra çıxmasınlar. Bayıra çıxarkən baş örtükləri, gün eynəkləri və qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıdandan dərhal sonra duş qəbul olunmalı, üst geyimlərini yataq otağına aparmamalıdırlar".
Qidaların qəbulu zamanı kəskinləşən allergik reaksiyaların fəsil dəyişikliyi ilə bağlılığı yoxdur. Belə hal bəzi mövsümi qidaların - çiyələk, alça, böyürtkən və digər giləmeyvələrin həddindən artıq qəbulu zamanı baş verir. Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun və boğazda da üzə çıxır.
Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burundan selikli ifrazatın olması qaşınma və tələffüzün çətinləşməsi zamanı ilk olaraq cərraha yox, allerqoloqa müraciət edilməlidir: "Kimin allergiyasının nəyə olduğunu bilmək üçün xüsusi testlər var və onun aparılması allerqoloqlar tərəfindən idarə olunur. Xəstələri pandemiyadan əvvəlki və sonrakı dövrlərə bölsək, daha çox aşkarlanan udlaqda və sərt damaqda qaşınma hissi indi daha çoxdur. Şikayətlər daha da kəskinləşərsə, əsasən xəstəni burun tənəffüsünün pozulması narahat edirsə, onda xəstəyə cərrahiyyə əməliyyatı edilməsi məsləhət görülür".
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi...
“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məqalələr silsiləsi dərcini davam etdirir. Bu gün sizə filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağı qızının məqaləsi təqdim olunacaq.
Natiqlik sənəti də bir gözəllik elementidir. Biz həmişə bəlağətli danışan insanlara həsəd aparmışıq. Yazının mövzusu budur.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV V NATİQLİK SƏNƏTİ
Natiqlik həm bir sənət, həm də bir elm kimi qədim tarixə malikdir. Belə ki, hələ qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli, emosional nitqi olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, onların nitqindən təsirli vasitə kimi istifadə edilmişdir.
Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışan elm, ritorika nəzərdə tutulur. Natiq isə nitqi mövcud ədəbi normalara uyğun olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan insanlara deyilir.
Bildiyimiz kimi, natiqlik sənətinin əsl vətəni dünya mədəniyyətinin beşiyi sayılan Yunanıstan olmuşdur. Natiqlik bir elm kimi də məhz Yunanıstanda meydana gəlmiş və inkişaf etmişdir.
Bununla belə, bu sənətə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, dövrün şair və fılosoflarının əsərlərində ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir.
Azərbaycanda da əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmiş, natiqlik sənətinə xüsusi diqqət yetirilmişdir.
Ölkəmizdə natiqlik sənətinin inkişafından bəhs edərkən ilk öncə dünya şöhrətli siyasətçi, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yada düşür. Şübhəsiz ki, Heydər Əliyev öz dövrünün ən böyük natiqi idi. Ulu öndər tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməklə yanaşı, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında, inkişafında da əvəzsiz rola malikdir. Birmənalı demək mümkündür ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürü və o təfəkkürün praktikləşdirilməsində əvəzsiz rolu olan insan kimi qalmağı ilə bərabər, həm də Azərbaycan nitq mədəniyyətinin nadir nümunələrini yaratmış bir şəxsiyyət kimi qalacaqdır. İlk əvvəl onu qeyd edək ki, qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyən Ulu öndər mənsub olduğu xalqın dilini, bu dildə min illər boyu formalaşmış düşüncə təzinin inikası olan xalq fəlsəfəsini dərindən bilirdi və həmin bilgi parlaq şəxsiyyətin natiqlik məharətini stimullaşdıran başlıca keyfiyyət kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Heydər Əliyevin natiqlik məharəti, dərin məntiqli nitqi, sözləri məqamında və yerli-yerində seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, güclü hafizəsi onu dinləyən hər kəsi heyran edirdi.
Bilirik ki, natiqlik məharəti, auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin konturlarını belə müəyyənləşdirirdilər: hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşü göstərməklə bərabər, həmin nitqin ifadə edildiyi dil elementlərini də vacib komponentlər kimi qeyd edirdilər. Məsələn, Aristotel bunun üçün stilistika və qrammatik qaydalara xüsusi diqqət yetirirdi. Bəşər tarixinin ən böyük mütəfəkkürü özünün “Ritorika”sında uğurlu nitq üçün şərt kimi “insanlıq tarixində qucaq açmağı” görürdü. O hesab edirdi ki, “natiqlik məharəti – insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər dərin səmimi bilgi tələb edən ali bir keyfiyyətdir”. Bütün bunlarla bərabər, insanlığın fikir dünyasının patriarxı natiqlik sənətində arqumentləri başlıca silah kimi təqdim edirdi.
Azərbaycanda natiqlik məharətinin göstəricisi olan nümunələr çoxdur və həmin nümunələr sırasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müxtəlif müraciətlərində, ictimai-siyasi tədbirlərdə, elm və incəsənət adamları ilə görüşlərindəki çıxışları xüsusi yer tutur. Həmin çıxışların hər birində böyük insanın hər məqamda xalqına arzu və istəkləri, gələcək haqqında təsəvvürləri ilə bərabər, narahat ürəyin döyüntülərini də hiss etmək mümkündür. Bunun ən parlaq nümunəsi olaraq 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ozamankı SSRİ siyasi rəhbərliyinin iradəsi ilə azərbaycanlılara qarşı həyata keçirilən qanlı cinayət əməlindən bir gün sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək verdiyi bəyanatdır. Həmin bəyanat heyrətamiz şəxsiyyətin öz xalqı üçün çətin məqamda göstərdiyi fədakarlıqla bərabər, hadisələrə ən gərgin məqamlarda belə verilən obyektiv qiymətin göstəricisi sayıla bilər. Şərti olaraq üç hissəyə bölünən bəyanatda Heydər Əliyev ilkin olaraq öz şəxsinin həyat yolunu xatırladır. Bəyanatın daha çox SSRİ-dən kənardakı auditoriyaya hesablandığını nəzərə alsaq, bunun nə qədər vacib olduğunu açıqlamağa belə ehtiyac olmaz. Heydər Əliyevin həmin nitqi zamanı onun üslubuna xas elementləri aydın görmək olur, dəmir məntiqlə ölkədə hərc-mərclik görüntüsü altında aydın siyasi xətt yeridildiyini və həmin xəttin Azərbaycan xalqının cəzalandırılması mexanizmlərinin işə salınması ilə müşayiət olunduğu birmənalı vurğulanır: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan Daimi Nümayəndələiyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”. O, özünəməxsus qətiyyətlə ucsuz-bucaqsız ölkədə, əslində, nə baş verdiyini göstərir və baş verənlərdə günahkarları ünvanları ilə təqdim edir: ”Azərbaycanda baş verənlərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistanda millətlərarası münaqişə gedir. Həmin münaqişəni isə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlk indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.
Ümummilli liderimizin uzun bir dövrü əhatə edən müddətdəki çıxışları qədirbilən insanların xüsusi zəhməti ilə bir yerdə toplanaraq çap edilmişdir. Vurğulamağı lazım bilirik ki, həmin kitablar ancaq geniş oxucu kütlələri üçün deyil, nitq mədəniyyəti tarixini araşdıran elm adamları üçün də əhəmiyyətini saxlayacaqdır.
Əlbəttə, hər bir nitq öz zamanının tələbləri səviyyəsində tematik müxtəlifliyə malikdir, bu bizim araşdırmaq istədiyimiz mövzu deyil, lakin onu hökmən yada salmaq istərdik ki, natiqlik sənətinin nümunəsi hesab olunan hər bir nitq əbədi öyrədici vəsait kimi qiymətini əsrlər boyu saxlaya bilir. Belə nümunələrdən biri olaraq SSRİ-nin subyektlərindən biri olduğumuz, nominal dövlətçilik dövrü yaşadığımız zamanda, 50 il əvvəl indiki Bakı Dövlət Universitetinin 50 illiyində Azərbaycanın ozamankı siyasi rəhbəri Heydər Əliyevin çıxışı xüsusi diqqət çəkir. Bu nitqin əsas diqqətçəkici məqamı ondan ibarət oldu ki, birmənalı olaraq SSRİ-nin tərkibində olan respublikalar üçün normaya çevrilmiş ənənə pozulurdu: Azərbaycanın yeni və parlaq şəxsi keyfiyyətləri ilə seçilən Heydər Əliyev respublika ziyalılarının qarşısındakı mötəbər tədbirində Azərbaycan dilində çıxış edirdi. Əlbəttə, bu gün xüsusi vurğulanan həmin məqam 50 il əvvəl açıq səmada şimşəyin çaxması kimi bir şey idi: bu onu göstərirdi ki, tabuları yaradan normalar dağıla da bilərmiş və belə bir cəsarəti ancaq Heydər Əliyev edə bilərdi. Nitqdə ikinci və ən başlıca cəhət isə ondan ibarət idi ki, söhbət Azərbaycanın dövlət müstəqilliyi dövrünün ən gözəl tarixlərindən birinin – ali elm məbədinin qurulmasının bayram edilməsindən gedirdi. Heydər Əliyevə xas qətiyyətli səslə səslənən həmin nitqdə tarixi keçmişə ehtiram notları səsləndirilirdi: “Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.G.Razumovski, Tağı Şahbazi, İ.Ş.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şahtaxtinki, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Dövlət Universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim iclasımıza toplaşmışlar. İzn verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibəti ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım”.
Natiqlik sənətinin unikal nümunələrindən sayılan nitqində Heydər Əliyev salonda əyləşənlərə üzünü tutaraq, əslində,cümhuriyyətin xoş məqamlarını, xalqın azadlıq və istiqlal duyğularını yaşayan, öz keçmişi ilə qürur duyan millətinə onun gücünün qaynaqlarını göstərirdi. Onun məzmunlu, aydın, yığcam, təsirli nitqində bir xalqın keçdiyi və keçməli olduğu yollarda məşəl yandırmış insanlar ehtiramla xatırlanır və qarşıdakı uzun, dolanbac yollardan adlayacaq insanlar üçün inam formalaşdırılırdı: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi A.Bakıxanovun, realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O heç bir qeydə baxmadan saatlarca danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa, güclü hafizəyə, dərin məntiqə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. O, Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan uğurlu natiq idi. O, müdrik, taleyüklü qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran əvəzsiz rəhbər, mütəfəkkir dövlət xadimi idi. Dinləyicilər onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən yorulmurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq Ulu öndərin nitqini daha da cəlbedici edirdi. Ulu öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqi Azərbaycan dilinin imkanlarını ortaya qoymaqla bərabər, tarixi keçmiş qarşısında məsuliyyət hissinin ifadəsi kimi də cəlbedicidir. Hər bir məsuliyyət hissinin insan qarşısında qoyduğu vəzifələrdən danışan Ulu öndər həmin vəzifələrin heç də asan olmadığını və həmin “asan olmayan vəzifələr”in həyata keçirilməsi üçün yeganə yolun elmdən keçdiyini yada salırdı.
Heydər Əliyev Azərbaycan xalqının ən böyük nemətini, xalqının dilini sevir və onun qorunmasının, inkişafının qayğısına qalırdı. Dahi şəxsiyyətin “Millətin milliliyini qoruyub saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir” – fikri, əslində, müasirlərinə və onlardan sonra gələn nəsillərə dil konsepsiyasının nə qədər vacib olduğunu çatdıran proqramın qayəsidir.
Heydər Əliyevin dövlət quruculuğunda xüsusi önəm daşıyan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla qürur duymağı, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini hiss etməyi, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı tövsiyə edir.
Bu gün də minnətdarlıq hissi ilə yada salırıq ki, Ümummilli lider Azərbaycanda sovet hakimiyyəti illərində həmin qayənin qorunub saxlanılması işinə hansı töhfələr vermişdir. Həmin töhfələrin spektri onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda daha aydın göründü. 1995-ci ildə Konstitusiyamızın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən ictimai müzakirələrə onun nə qədər həssaslıqla yanaşması da çoxlarının yadındadır. O müzakirələr zamanı prezident Heydər Əliyevin xalqımızın türk xalqları ilə birgə tarixinə ehtiramını ifadə edərək Azərbaycan dilinin özəllikləri və həmin özəlliklərin qorunub inkişaf etdirilməsi zərurətinə nə qədər əhəmiyyət verdiyi də unudulmayıb. Həmin zərurətin nəticəsi olaraq dövlət dili ilə bağlı çox mühüm sənədlər tarixi fakta çevrildi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla bütün dövlət və qeyri-hökumət təşkilatlarında, o vaxta qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar edildi və latın qrafikasına keçid prosesi başa çatdırıldı.
2001-ci ilin avqustunda Prezident Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002 -ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.
Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün onun siyasi məktəbinin varisi və layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi, nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Cənab İlham Əliyevin 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizə olan xüsusi diqqət və qayğının təzahürüdür.
Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamı kimi hər bir azərbaycanlıda minnətdarlıq hissi yaradan əməllərdir.
Bu günlərdə Ulu öndər Heydər Əliyevin dünyaya gəlişinin yüzüncü ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik. Onu sadəcə doğum və ölüm günündə deyil, hər saat, hər an minnətdarlıqla anırıq. Əminliklə deyə bilərik ki, dünya durduqcaa müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız onu heç zaman unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, onu böyük sevgi və ehtiramla yad edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
15-ci dərc
Bir şey çox maraqlıdır. Təsadüfən yaxınlıqda dolaşan bir avaranı köməyə çağırmaq olar. Ancaq daha onu özünlə aparmağa nə ehtiyac var ki? Getdiyin yerdə dolabı düşürməyə kömək edəcək bir adam yoxdurmu? Bəlkə elə doğrudan da yoxdur? Onda həmin yer hara ola bilər? Bağ evi? Başqa hara? Bəlkə şəhər kənarında yeni tikili? İndi o qədər yeni yaşayış sahələri salınıb ki, tikinti aparan çox, yaşayış isə hələ tək-tükdü. Yox, bu dolab nə boydadır ki? Ən azından, onu sürücünün köməkliyi ilə düşürmək olardı. Üçüncü adam beləmi vacib idi? Bəlkə də vacib idi. Sürücü beli ağrıdığını deyib əvvəlcədən şərt kəsə bilərdi. Suallar çoxdur. İndi buna vaxt itirməyim.
Yaxşı, bəs əgər Nərminin oğurlanmasında Babaxanın əli varsa və bu avara da onun adamıdırsa, onda necə? Onda bu adamlar diletantdırlar və böyük səhv buraxıblar. Belə işlərdə bağışlanmaz sayılan səhv. Ən sadəlövh insan da başa düşməliydi qızın yoxa çıxmasından sonra axtarışların əsas subyekti onun evdən çıxaraq birbaşa gəldiyi bu ünvan olacaq.
Yaxşı, bəs onda iki diletant şəhərin ortasında bir qızı oğurlayır, iki gündən çox keçməsinə baxmayaraq hüquq-mühafizə orqanları heç bir izə düşə bilmir, bunu nə ilə izah etmək olar. Yooox, məntiq belə demir, burda nəsə başqa cürdür, indi fikirlərimi tamamlaya bilmirəm. Hələ Zabitə arvad da gözlərini mənə dikib baxır. Buradan sağollaşıb getmək, uşaqlarla yenə görüşmək lazımdır. Tərlan və Ləmanla. Mümkün qədər tez. Onlara çox vacib suallarım yaranmışdı.
Zabitə astadan öskürdü. Görünür fikrə getdiyimi düşünmüşdü.
-Hə, deyəsən fikrə getmişdim, -mən də özümü elə göstərdim. -Daha vaxtdır, gedim. Hər şeyə görə sağ olun.
Bunları deyə-deyə beynimdə məni maraqlandıran daha bir məqamı necə aydınlaşdıracağımı sürətlə fikirləşirdim. Zabitənin birinci çıxışı ilə ikincinin arasındakı vaxtı. Bunu necə soruşaydım ki, bu qazdan ayıq arvad şübhələnmədən cavab versin.
Yenə də uzaqdan başladım.
-Sizə çox arxayınam. Əminəm ki, Tərlan məşğələlərdən yayınsa, mütləq bunu biləcəksiniz və mənə deyəcəksiniz. Çünki uşaqları çox sevirsiz və qardaşım oğlunun yaxşılığı üçün də mənə kömək edəcəyinizə şübhəm qalmadı.
-Uşaqları sevdiyimi hardan bildin? -Zabitə təəccüblə soruşdu.
-Bayaq nəvənizdən danışanda üzünüzün ifadəsi tamam dəyişdi. Sizi başa düşürəm. Mən də babayam, yaşıma baxmayın, qızı tez köçürmüşəm, əkiz nəvələrim var. Hə, o ki, qaldı uşağın ağlamağına, ondan narahat olmayın, haradasa oxumuşam ki, ağlamaq uşaqlara xeyirdir, ciyərləri genişlənir, -artıq özümü baba da etdim. Təki duyuq salmadan bu tərs arvaddan lazım olan son məlumatı da öyrənə bilim.
Deyəsən Zabitə arvadı bir qədər kövrəldə bildim.
-Yoxa, lap bilsəm ki, dərmanıdı, yenə də nəvəmin ağlamağına dözmərəm. Üç-dörd dəqiqə çalışdım ovundurum onu, olmadı, sonra yenə çıxdım görüm kimi tapıram.
Deməli üç-dörd dəqiqə.
-Sizə nömrəmi vermirəm. Özüm həftədə bir-iki dəfə gəlib baş çəkəcəyəm. Etiraz etmirsinizsə.
Zabitə arvad çəpəki baxışlarla mənə baxdı. Hər işdə öz mənafeyini güdməyə öyrəşmiş bu tip insanların beyni də yalnız bu mənafedən çıxış edərək belə məsələlərdə çox sürətlə işləməyə uyğunlaşmış olur. Telefon nömrəmi verərəmsə, mənə edəcəyi zənglərin ona heç bir fayda verməyəcəyini, növbəti gəlişimin isə, xalatının cibində təzahür edərək sonradan döşəyinin altındakı birinci əlliliyə qovuşacaq daha bir əllilik əskinasa sahib olmağın sevinci ilə müşayiət olunacağını Zabitənin normal standartlara uyğun olmayan beyni üç saniyəyə təhlil etdi və mənə baxan çəpəki baxışları təbəssümlə əvəz olundu.
Normalda əgər mən narahat olduğum hansısa məsələ ilə bağlı bir xahişə gəlmişdimsə, mütləq qaydada gedərkən əlaqə nömrəsi qoymalı, bir şey olarsa, dərhal mənə məlumat verməsini Zabitədən dönə-dönə xahiş etməliydim. Bunu kifayət qədər çoxbilmiş biri olan Zabitə də gözəl başa düşürdü və ilk saniyələrdə mənə çəpəki baxışlarla baxmasının səbəbi də bu idi. Lakin qısa ünsiyyətimiz zamanı xislətini tam müəyyənləşdirdiyim üçün, arada özüm gəlib dəyəcəyimi ona eşitdirmək kifayət etdi ki, bu arvad qalan şeyləri unutsun.
Və nəticədə hiyləgərliklə tamahkarlığın əbədi mübarizəsində yenə də birinci qalib gəldi.
-Nə vaxt istəsən gəl. O cüvəllağını gözümdən qoymayacağam, -Zabitə arvad sağ əlini irəli uzadıb şəhadət barmağını silkələdi.
-Sağ olun.
-Sağ ol.
Ordan çıxdım. Bir qədər getdikdən sonra taksi saxladıb evin ünvanını dedim. Maşını götürüb sonra uşaqlarla görüşməliydim. Tədris ilinin sonu idi. Görəsən uşaqlar məktəbdə olarlar ya evdə? Çox güman ki, məktəbdə.
Taksiyə oturanda Layiqədən zəng gəldi.
-Şef, məktəbdən indi çıxdım. Dərsin sonuna az qaldığı üçün müəllim sinif otağında gözləməyimi təklif etdi. Mən də dərsin son on dəqiqəsində iştirak etdim. Tənəffüsdə isə Rüfət və uşaqlarla söhbət etdim. Rüfət Nərminin “Qabusnamə”ni axtardığını təsdiqlədi. Ancaq başqa nə isə bilmir. Sinif uşaqları ilə də söhbət bir nəticə vermədi. Uşaqlardan Tahir müəllimin qonşuluğunda yaşayanı da yoxdur. Növbəti göstərişinizi gözləyirəm.
-Yaxşı ki, zəng vurdun, daha ofisə qayıtma, indi qızın itdiyi ərazinin polis bölməsinə get. Orada kapitan Rəşad Qasımlını tap. De ki, təcili hadisə baş verən gün saat 20:00-dan təxminən 20:40-dək həmin əraziyə daxil olan kabinəsi ağ olan, yük yeri göy rəngli çadırla örtülmüş kiçik həcmli yük maşınını müəyyən etsin. Mümkün olarsa, hərəkət marşrutunu da.
-Aydındır şef. Bəs sonra?
-Sonra ofisə qayıt və çalış bir qədər yuxunu alasan. Gecə yatmayacaqsan. İşlərimi bitirib ora gələcəyəm.
-Gecəki geyim forması nə olacaq, şef?
-“Gecə kəpənəyi”.
-Göstəriş aydındır.
Layiqəyə bütün hallar üçün nəzərdə tutulan geyimlərin adlarını da hələ işə başladığı ilk günlərdə başa salmışdım. Ona görə də artıq sual vermədi. Bəzi fikirlərim var idi. Bu gecə olduqca ciddi əxlaqa malik olan bu qız yüngül xasiyyətli qadın obrazında mənə lazım ola bilərdi.
Ümumiyyətlə, qadının əməliyyata cəlb olunmasının bir çox üstünlükləri var. Layiqə kimi gözəl qızınsa, ikiqat. Bəzən kişilərin keçə bilmədiyi məkanlara cazibədar qadınlar çox asanlıqla daxil olur, heç bir şübhə oyatmadan lazımi məlumatı toplayıb geri qayıdırlar. Heç kimin də ağlına gəlmir ki, işvəli-nazlı bir qadın hansısa xüsusi əməliyyata cəlb olunub.
Görək bu gecə Layiqənin bu qabiliyyətlərinə ehtiyacımız olacaqmı?…
Açarlar cibimdə idi. Məni evə gətirən taksi sürücüsü ilə hesablaşıb, öz maşınıma oturdum. Məhəllədə heç kim gözə dəymirdi. Təkcə Səmədağa küçə qapısının qarşısında çömbəltmə oturub siqaret tüstülədirdi. Qanının qara olması uzaqdan sezilirdi. Mənə tərəf heç baxmadı da.
Tələssəm də, ona yaxınlaşdım.
-Salam, Səmədağa.
Məni görən Səmədağa ayağa qalxdı.
-Salam, Bəxtiyar.
-Niyə belə fikirlisən, bəlkə bir köməyim dəyər?
-Heç, elə-belə.
-Yenə də, çəkinmə, de.
-Əşşi, evə girə bilmirəm, nəvəm səhərdən, ququ-ququ deyib, ağlayır. Xoruza yaman öyrəşmişdi. Gedib başqa xoruz alarame. Ancaq nə bilim onu bəyənər, ya yox.
Səmədağa məndən beş yaş böyük idi. Üç yaşında da nəvəsi var idi.
Həəə, bu pis oldu. Qonaqlıq verərək, özlüyümdə Səmədağanın qarşısında “günah”ımı yuduğumu düşünmüşdüm. Məsələ başqa cür imiş. Bu heç yaxşı olmadı.
-Yaxşı, mən gedim. İndi tələsirəm. Sənin nəvəni ovundurmağın bir yolunu taparıq, darıxma.
-Sağ ol, Bəxtiyar.
Məni bezdirmiş o xoruzu kəsəndə işin bu tərəfini bilə bilməzdim. Uşağın ağlamağı heç yaxşı olmadı. Nə yaxşı ki, Səmədağaya yaxınlaşdım və bunu mənə dedi. Bütün dünya bir uşağın bir damla göz yaşına dəyməz. Bu işi bitirəndən sonra gərək bir şey fikirləşim ki, uşaq ovunsun. Görüm ağlıma nə gələr…
Maşınla dövrə vurub həyətdən çıxdım və Tərlanla Ləmanın oxuduqları məktəbə istiqamət aldım.
İdman dərsi olduğu üçün uşaqları elə məktəbin həyətindəki idman meydançasında gördüm. Son dərs günləri olduğundan əyinlərini dəyişməsələr də, sinfin oğlanları meydançadakı turnikdə yarışır, kimin daha çox dartınacağını bir-birlərinə sübut etməyə çalışırdılar. Qızlar isə bir qədər aralıdan onların bu yarışmasını izləyirdilər. Ləman da onların arasında idi.
Əlindəki davamiyyət kitabında nəsə qeyd edən idman müəlliminə yaxınlaşıb Tərlana və Ləmana bir neçə dəqiqəlik icazə verməsini xahiş etdim.
Bir qədər kənara çəkildikdən sonra uşaqlarla hal-əhval etdim.
-Salam uşaqlar, necəsiniz?
-Salam Bəxtiyar müəllim, yaxşıyıq, Siz necəsiniz?
-Mən də yaxşıyam. İndi isə mənə deyin görüm, Tahir müəllimin həyətində paltar dolabı olduğunu xatırlayırsınızmı?
Uşaqlar fikrə getdilər. Birinci Ləman dilləndi.
-Bəli, ancaq o dolab əvvəldən orada yox idi. Sonradan kimsə gətirib qoyub.
Nərmin itəndən sonrakı günlərdə Tahir müəllim məşğələləri müvəqqəti olaraq dayandırdığı üçün Ləman dolabın həyətdən götürüldüyünü bilə bilməzdi. Ona görə də məhz kimsə qoyub dedi, qoymuşdu yox.
-Yaxşı bəs, neçə gün əvvəl, xatırlamırsınız ki?
-Bir ay, bəlkə bir qədər az olar, -Ləman gözlərini qıydı.
-Hə, təxminən elə olar, -Tərlan da söhbətə qoşuldu.
-Həyətin harasına qoyulmuşdu?
Ləman başını aşağı saldı. Tərlan utana-utana, -Həyətdəki ayaqyolunun lap yaxınlığında, divarın dibində, -deyə cavab verdi.
Aha, deməli belə. Tahir müəllimin həyətinin quruluşunu yadıma saldım. Ensiz uzunsov həyətə girərkən bir qədər irəlidə - sağ tərəfdə ayaqyolu, ondan təxminən iki-üç metr sonra isə çoxdan budanmamış, kifayət qədər hündür iki qızılgül kolu var idi.
Deməli, dolab ayaqyolu ilə qızılgül kollarının arasındakı boş yerdə qoyulubmuş.
Qoyulduğu yeri və təxmini vaxtını öyrəndikdən sonra dolabın ora nə məqsədlə qoyulmasını, qısa müddətdən sonra niyə aparılmasını öyrənməliydim. İlk baxışdan burada qeyri-adi bir şey yox idi. Bir qardaş digər qardaşın həyətinə özünə lazım olan bir dolabı müvəqqəti olaraq qoyur, sonra da imkan düşən kimi maşın tutaraq dolabı aparır. Ancaq adi adam üçün bu belə idi. Mənsə artıq kələfin ucunu tapdığımı düşünürdüm və indi yavaş - yavaş bu kələfi yığmalıydım görüm, o biri ucu məni hara aparıb çıxaracaq.
Yenə də Tahir müəllim. Artıq ikinci dəfə idi ki, araşdırmanın gedişatında şübhələr ona yönəlir, ancaq mənim məntiqim bununla razılaşmırdı.
Hər şeyə rəğmən Tahir müəllimlə bir də danışmalı idim. Nərmin itən gün uşaqların məşğələdən çıxan vaxtı ilə demək olar ki, eyni vaxtda həmin həyətdən yük maşını ilə dolabın aparılması təsadüf idimi?
-Tərlan, yadınıza salın, son məşğələdə fasilə zamanı nə etmisiniz. Evdəmi oturdunuz, ya həyətə çıxdınız?
Sualı hər ikisinə ünvanlasam da, qəsdən Tərlanın adını çəkdim ki, yenə nəsə ayaqyolu ilə bağlı olarsa, Ləman utanaraq cavab verməyə bilərdi.
-Evdə oturduq.
-Yaxşı, indi isə ondan əvvəlki məşğələnin fasiləsində nə etdiyinizi yadınıza salın. Tələsməyin, bir neçə gün keçdiyinə görə nəyisə xatırlamaya bilərsiniz. Ona görə də tələsməyin, fikirləşib sonra cavab verin.
-Həyətə çıxmışdıq, -Tərlan dərhal cavab verdi. -Anam deyib ki, fasilələrdə təmiz havaya çıxım ki, beynim oksigenlə dolsun və qavrama qabiliyyətim artsın. Ancaq soyuq havalarda yox. Həmin günsə hava xoş idi. Mən çıxdım və bunu görən qızlar da bir azdan mənə qoşuldular. Sonuncu məşğələdə isə, Tahir müəllim fasilə versə də, Ləman dərsdən kənar bir məsələ ilə bağlı ondan məsləhət istədi, bizə aidiyyəti olmasa da, müəllim danışarkən durub otaqdan çıxmağı düzgün hesab etmədiymizə görə biz də otaqda qaldıq.
-Yaxşı bəs, çıxandan sonra harada dayandınız?
-Qızlar çıxanda mən həyətdəki qızılgüllərin üstündəki təzə açılmağa başlayan tumurcuqları iyləməkçün ora yaxınlaşmışdım. Onlar da yanıma gəldilər.
-Utanmadan bu sualıma da cavab verin, ayaqyolundan istifadə edən oldumu?
Ləman yenə utanıb başını aşağı saldı.
-Xeyr, -Tərlan da bir qədər qızardı.
-Dəqiq yadındadır, Tərlan?
-Hə, dəqiq. Əvvəlcə Ləmangil də qızılgülləri iyləmək istədilər. Kol hündür olduğu üçün mən əlimlə budağını əyib iyləyirdim gülü. Onlarsa tikanlarından qorxduqları üçün fikirlərini dəyişdilər. Bir qədər orada durub söhbət etdik və fasiləyə verilən on dəqiqə bitdiyi üçün birlikdə evə keçdik.
Mənim üçün cavabları son dərəcə maraqlı olan sualları uşaqlara verdikcə artıq çox şeyi başa düşməyə başlayırdım.
-On dəqiqə az vaxt deyil. Bu qədər vaxta xeyli söhbət etmək olar. Siz nədən danışdınız?
-Əsasən instituta qəbul üçün tələb olunan sənədlərdən. Sənəd qəbulu buraxılış imtahanlarından sonra başlayır. Bu il isə paytaxtda keçirləcək mühüm dövlət tədbiri ilə bağlı sənəd qəbulu tez başlayacaq. Çünki buraxılış və qəbul imtahanlarının vaxtı irəli çəkilib. Sənədləri qəbul komissiyasına təqdim edərək qeydiyyatdan keçmək üçün az vaxtımız olacaq. Ona görə də məsləhətləşib yaşayış yerindən arayışı, tibbi arayışı indidən hazırlamağı qərara almışdıq. Qızların arayışları hazır idi. Mənsə sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya gedəndə həkimlərdən biri icazəli olduğundan arayış sonraya qalmışdı. Qərara aldıq ki, arayışı səhərisi gün alım. Növbəti məşğələdən sonrakı gün isə qəbul komissiyasının qarşısında görüşüb bəzi şeyləri dəqiqləşdirməliydik.
-Yəni Nərmin itən gün, son məşğələnin səhəri görüşməliydiniz?
-Bəli.
-Söhbətin detallarını olduğu kimi xatırlayın uşaqlar. Hər bir sözünüzü, nöqtə-vergülünə qədər. Bu çox vacibdir.
Hiss edirdim ki, araşdırdığım cinayətin ümumi mənzərəsi artıq yerini alır.
Bayaqdan susan Ləman söhbətə qarışdı.
-Bəxtiyar müəllim, elə əhəmiyyətli bir şey danışmadıq. Tərlan dediyi kimi, daha hansı sənədlərin lazım olacağını müzakirə etdik və bunu öyrənmək üçün qəbul komissiyasına getməyi qərarlaşdırdıq. Elə sənədlər var ki, onları da buraxılış imtahanlarından əvvəl toplamaq olar. Bizsə, hazırladığımız iki arayışdan başqa daha hansı belə sənədlərin olmasını öyrənmək və vaxt itirməməkçün hazırlamaq istəyirdik. Həm də yolüstü sənəd üçün şəkil çəkdirəcəkdik. İnanmıram ki, bizim o günki söhbətimizin məzmununun Nərminin tapılmasına nəsə köməyi dəysin. Adi söhbət idi. Mən dedim ki, labarator analizlərin cavablarını oxuyan həkim qanımda hemoqlobinin normadan bir qədər aşağı olduğunu bildirib mənə yaxşı qidalanmağı məsləhət gördü. Nərmin isə bildirdi ki, onun sağlamlığı ilə bağlı heç bir problemi çıxmayıb yoxlanılarkən. Hə, bir də ki, Nərmin dedi, arayışı hara qoyduğunu xatırlamır. Biz də dedik ki, arayış evdədirsə mütləq tapılacaq, hara yox olsun ki. Hələ vaxta da var. Yəqin yadına düşər yeri. Bu qədər.
-Yox, bu qədər yox. Sonda mən zarafatca Nərminə dedim ki, maşallah balta kimisən. Heç bir problemin yoxdur. Bircə bu “Qabusnamə”ni tapıb oxuya bilsəydin, daha dərdin qalmazdı. Hələ bu sözümə Ləman da güldü.
Aha… Sakit yaz səmasında yenə də ildırım çaxdı.
-Davam elə Tərlan. Nərmin sənə nə cavab verdi.
-Ah çəkdi. Dedi bilsəz o kitabı niyə bu qədər axtarıram, zarafata salmazsınız.
-Mən də dedim ki, xətrinə dəydimsə bağışla, ancaq bir kitabı tapa bilmədiyinə görə bu qədər narahat olmağının səbəbini başa düşə bilmirəm. Nə vaxtsa tapıb oxuyarsan da.
-Nərmin kitabı axtarmağının səbəbini sizə dedimi?
-Dedi, -Tərlan başını aşağı saldı.
-Çəkinmə, danış.
-Açığı, Nərmin səbəbini deyəndən sonra, mən çox utandım və ondan zarafatıma görə bir daha üzr istədim. Nərmin dedi ki, dörd yaşı olanda valideynləri avtomobil qəzasında həlak olub, onları heç xatırlamır və nənəsi ilə babasının himayəsində böyüyüb. Bir neçə müddət əvvəl isə təsadüfən onların bir söhbətini eşidib. Nərminin babası nənəsinə deyirmiş ki, kaş oğlumuz sağ olaydı. Onun bir arzusu heç yadımdan çıxmır. Bir dəfə dedi ki, Nərmini dünyada hamıdan çox istəyirəm. Qız uşağı olsa da, onu oğlan kimi tərbiyə edəcəyəm. Qoy güclü olsun, həyatda rastlaşacağı çətinliklərə sinə gərməyi, bir də gözəl insan olmağı öyrənsin. Ona görə də, onu “Qabusnamə”dəki nəsihətlərlə böyüdərək tərbiyə verəcəyəm. Nərmin bu söhbəti eşitdiyini onlara bildirməsə də, həmin gündən ona verilən cibxərcliklərini yığaraq “Qabusnamə”ni axtarmağa başlamış, heç xatırlamadığı atasının bu arzusunu həyata keçirməyə, o kitabı oxuyaraq oradakı nəsihətlərə əməl etməyə qərar verib. Bax buna görə o bu kitabı belə ciddi-cəhdlə axtarırmış, Bəxtiyar müəllim.
Araya bir sükut çökdü
Davamı var
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Telman Adıgözəlov: “Vallaһ, o şәraitdә ki biz işlәyirik, bәlkә Xәtainin özü dә bizim dözümümüzə һeyran qalardı...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Telman Adıgözəlov ilə müsahibə 20.08.1998 tarixində götürülüb.
“BİZDƏ İSTEDADA VAXTINDA QİYMƏT VERİLMİR”
Müsahibimiz Milli Teatrın aktyoru, populyar sənətçi Telman Adıgözəlovdur.
- Telman bәy, çoxdandır ki, sizdən müsahibə almaq arzusunda idik. Lakin işlәrinizin çoxluğu buna imkan vermirdi. Amma, görünür, yanlış da bir naxışdır vә çox şadıq ki, sizinlә yubileyinizdә görüşürük.
-
- Çox sağ olun. Ayın 17-dә 45 yaşım tamam oldu. Sağ olsun dostlarımı, bu әziz gündә mәni tәk qoymadılar.
-
- Maraqlıdır, sәnәtçi dostlarınızdan kimlәr sizinlә birlikdә idi?
-
- Hәsәnağa Turabov, Yaşar Nuri, İlһam Rәһimli, Zemfira Nәrimanova, Elçin Hәmidov... (Fikrә gedir)
-
- Birini dә mәn yadınıza salım: Naibә Allaһverdiyeva. Sizin ad gününüzü qeyd etmәyinizi dә mәnә o xәbәr verdi.
-
- O... Naibә çox nәһәng istedada malik bir qızdır. Hәtta mәn deyәrdim ki, o, dünya sәviyyәsindә şöһrәt qazana bilәcək bir aktrisadır. Mәn onu Hollivud aktrisaları ilә müqayisә edәrdim.
-
- Amma tәәssüf ki, bizdә istedadlara vaxtında qiymәt verilmir. 10 ildir sәһnәdә olmasına baxmayaraq, belә aktrisanın mövcudluğundan һәlә indi xәbәr tuturuq. Yaxşı ki, Şәrif Qurbanәliyev onu “Yarımştat” tamaşasında Tomka roluna dәvәt etdi. Elә sizin özünüz, neçә ildir sәһnәdәsiniz, amma fәxri adlar paylananda yada düşmәdiniz.
-
- Nə olar, qardaş, vaxt gəlәr bizim dә küçәdә bayram olar. Bu gün ad alanları ürәkdәn tәbrik edirәm vә buna qәtiyyәn darılmıram. Onlar öz adlarını alıblar. Bu yaxınlarda Elçinin “Mәnim sevimli dәlim" tamaşası ilә rayonlara qastrola getmişdik. Orada uşaqlar, gәnclәr һamısı mәnimlә şәkil çәkdirmәk istәyirdilәr. Ramiz Novruzov zarafatla deyirdi ki, görürsәn, Telman, ad almaqla deyil ki, mәn Xalq artisti olsam da, xalq sәni mәndәn çox istәyir. Amma xaһiş edirәm, dediklәrimi necә var, elә dә yazın. Jurnalistlәr onun dediklәrini tәһrif etdiklәrindәn Amaliya Pәnahova onları məhkəməyə vermişdi.
-
- Özünüz bilirsiniz ki, Amaliya Pәnaһovanın bu һәrәkәti siyasi amillә bağlı idi. Amma Allaһa şükür, biz sizinlә siyasәtdәn söz açmaq fikrindә deyilik. Keçirik sırf sənәt mәsәlәlәrinә. Deyirlәr ki, Şalyapin һәr dәfә Mefistofel rolunu oynayandan sonra oruc tutar, dua edәrmiş ki, ruһuna һopmuş şeytanilikdәn tәmizlәnsin. Hәmişә komik rollar oynayan aktyor kimi siz dә belә bir katarsisә eһtiyac duymursunuz ki? Axı, gülüş bəzən şeytanla bağlıdır.
-
- Mәnim ciddi rollarım da olub. Mәsәlәn, Anarın “Şәһәrin yay günlәri" tamaşasında Namiq. Dua etmәyә gәlincә isә, Stanislavskinin bu barәdә xüsusi tәlimi var vә biz rol oynayarkәn һeç vaxt unutmuruq ki, aktyoruq. İkinçi plan bizdә həmişә oyaq olur.
-
- Siz xәrçәng bürcü altında doğulmusunuz. Özü dә Şaһ İsmayıl Xәtayi ilә bir gündә. Xarakterinizdә cәngavәrlik varmı?
-
- Vallaһ, o şәraitdә ki biz işlәyirik, bәlkә Xәtainin özü dә bizim qәһrәmanlığımıza, dözümümüzə һeyran qalardı. İndiki şәraitdә sәnәtkar olmaq әn böyük qәһrәmanlıqdır.
-
- Xәrçәnglәr axirәt dünyasına bağlı adamlar olurlar.
-
- Mәncә, nә namaz, nә oruc, nә dә Həcc ziyarәti һәlә һәqiqi Allaһ adamı olmaq demək deyil. Әsas məsələ qəlbən Allaha bağlı olmaqdır.
-
- Xәrçәnglәrin bir xüsusiyyәti dә musiqini, poeziyanı vә lәziz xörәklәri sevmәkdir. Hәtta deyirlәr ki, qәliz fәlsәfi nәzәriyyәlәr xәrçәngi nә qәdәr maraqlandırırsa, zәngin mәtbәx dә bir o qәdәr maraqlandırır.
-
- Musiqini çox sevirәm. Әn çox sevdiyim Bax, Betһovenin әsәrlәri vә muğamlarımızdır. Yemәyә gәlincә isә, mәnim üçün fәrqi yoxdur, bu yemәk belә yağlıdır, o yemәk elә duzsuzdur demirəm.
-
- Onda həyat yoldaşınızın bәxti gәtirib ki...
-
- Yox, o, yaxşı yemәklәr bişirmәyinә bişirir. Sadәcә olaraq, mәn xırdaçılığa gedәn deyilәm.
-
- Bәlkә ailәniz һaqqında bir az geniş mәlumat verәsiniz.
-
- Mәn bu barәdә danışmağı һeç vaxt sevmәmişәm, Ailәliyәm. Bir oğlum, bir qızım var: Tural vә Aysel.
-
- Aktyor olmağınıza peşiman deyilsiniz?
- Qәtiyyәn!
-
- Siz Balakәndә doğulmusunuz, o vaxt rayonlarımızda teatr yox idi. Televiziya һәlә ortalığa çıxmamışdı. Aktyorluğu seçmәyinizә sәbәb nә oldu?
-
- 1964-cü ildәn biz Bakıya köçmüşük. Mәnim sənətə gəlişimә belә bir һadisә sәbәb oldu. Bir dәfә “Vәtәn” kinoteatrının qabağından keçәrkәn televiziyanın әmәkdaşı olan Nazim Zeynalov mәni gördü vә televiziyaya uşaq verilişlәrinә dəvət etdi. Sonra İnçәsənət İnstitutunu bitirdim. Bir müddәt Tәdris Teatrında işlәdim, 1980-ci ildәn Milli Teatrın aktyoruyam.
-
- Gәlәcәk planlarınız barәdә nә deyә bilәrsiniz?
-
- Bizim işimiz rejissorlardan asılıdır.
-
- Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa bir alәmә gedirsiniz. Bir daһa geri dönmәyәcәksiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-
- Uşaqlarımın şәkillәrini...
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)
Özbəkistan mediasında Heydər Əliyevlə bağlı məqalə dərc olunub
Türk Ağsaqqalları İctimai Biriyi İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Azərbaycan-Özbəkistan münsibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məqaləsi Özbəkistanın “aniq.uz”, “fikr.uz” saytlarında yayımlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verie ki, adıçəkilən ölkənin özbək və rus dillərində fəaliyyət götərən iki media orqanında işıq üzü görəm məqalədə Özbəkistanın türk dünyasındakı yerindən və Ümummilli Lider Heydər Əliyevin ölkələrimiz arasındakı münasibələrin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilir.
Məqalədə eyni zamanda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilir. Bildirilir ki, Prezidentin uğuru diplomatik fəliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib.
Yazıda həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələr ilə əlaqələrinin inkişafında oynadığı rol əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşündən və digər addımlarından bəhs edilir.
Həmçinin, yazıda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fəaliyyəti öz əksini tapır.
Özbək və rus dillərində yayımlanan məqaləyə bu linklər vasitəsilə daxil olmaq mümkündür:
https://aniq.uz/yangiliklar/ozarbayjon-uzbekiston-munosabatlarining-mustahkamlanishida-haydar-alievning-roli-qanday?fbclid=IwAR2LtjWr-zLc9N7j4Oj1u-g0kNJV2rAyoqtF2uylgJlQJ1tTZintdTecxSU
https://fikr.uz/blog/ziyonet_simpozium/rol-gejdara-alieva-v-razvitii-azerbajdzhano-uzbekskih-otnoshenij.html?fbclid=IwAR0McmVwnnnG-M_t4aSLiZHTAwCm4XceILW0fjnb-tagKz40RxGG6YM6nF4
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Rəsm qalereyası: Helqa Stentsel (Britaniya), sürrealist portretlər silsiləsi
Günün fotosu: Türkiyədəki seçkilər bitmədi
Günün fotosu: Türkiyədəki seçkilər bitmədi
Türkiyədəki prezident seçkilərində nə Ərdoğan, nə Kılıcdaroğlu 50 faizlik səddi keçə bilməmələri səbəbindən mayın 28-də seçkilərin ikinci turu keçiriləcək. Və çox təəssüf ki, Ərdoğanın cəmi yarım faiz səsi çatmadı ki, nəticələri birinci turda həll etsin.
Şəkildə: Ərdoğanın tərəfdarları Almaniyada.
Fotonun müəlliflik hüquqları:
Christoph Reichwein/(c) Copyright 2023, dpa (www.dpa.de). Alle Rechte vorbehalten
Euronews•
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
“Ağlı olan heç vaxt tək olmur”
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Başa düşməyə çalışmasan, yaşamaq o qədər də çətin iş deyil.
2.Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.
3. Öz fikri olanların fikri heç kimə maraqlı deyil.
4. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.
5. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.
6. Ağlı olan heç vaxt tək olmur.
7. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.
8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.
9. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.
10. Kiminləsə münasibətə təəssüflənirsənsə, bunun qarşılıqlı olduğunu bil.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)
Tərcümə Agentliyinin yenilikləri
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilir ki, Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlarla yanaşı, müxtəlif çeşidli tərcümə, tərtib, ən müasir tələblərə cavab verən poliqrafiya, dizayn, veb-dizayn və s. sahələr üzrə peşəkar xidmətlərdən istifadəni asanlaşdıran sayt rəsmi-hüquqi sənədlərin, spesifik terminoloji mətn və materialların (tibbi, hüquqi, texniki, elmi, bədii və s.), veb-sayt və vikipediya səhifələrinin ingilis, Azərbaycan, alman, rus, ərəb, ispan, türk, portuqal, yunan, ukrain, ivrit, italyan, gürcü və s. dillərə keyfiyyətli tərcüməsinə, eləcə də keyfiyyətli nəşrinə geniş imkanlar yaradır.
“Ədəbiyyat və incəsənət”
(16.05.2023)