Super User
Güneydən səslər: Əkbər İsmayilidən “Sevəcəm yenə”
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır.
O, bu dəfə “Sevəcəm yenə” söyləyəcək.
YAZMADINKİ!..
Sahildə,
İki dalğanın ömrü qədər
Qum dəftərinə
Yazsaydın kaşkı
Adımı;
Ömür boyu
Ürəyimə döydürməyə
Bəhanə kimi yetərdi
Sənin adini.
Yazmadınkı!..
SEVƏCƏM YENƏ
Sevəcəm yenə
Yalançı baxışların
Anlasam belə!
Səni
Hər zaman
Sevəcəm yenə...
ŞİMDİ GÖRÜŞƏK
Dolubdur ürəyim, qaçmaq istirəm,
Könlümün gizlərin açmaq istirəm,
Rozalar telinə saçmaq istirəm,
Yarına dözəməm, şimdi görüşək.
Qoyma bu sevgimiz acıyla dolsun,
Çiçək tək açılıb qoyma ki, solsun,
Qoyma kötü yellər əl atıb yolsun,
Qaçırt dodaqlarn bir də görüşək.
Qoy yenə ilişsin könül-könülə,
Alışan eşqimiz qoyma sönülə,
Qoyma ki, sağ yollar sola dönülə,
Bəri gəl barışıb bir də öpüşək.
Ədəbiyyat və incəsənət”
(07.07.2023)
“Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur” – Lüdviq Vitgenşteyn
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Lüdviq Vitgenşteynin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Allaha inanmaq – həyatın mənası olduğunu anlamaq deməkdir... Allaha inanmaq o deməkdir ki, həyatın anlamı var.
***
Nəyə isə inanan kəs nədən buna inandığı sualına cavab vermək məcburiyyətində deyil.
***
Əsl mömin olan kəs üçün faciəvi heç nə yoxdur.
***
Yeganə fəlsəfə professoruyam ki, Aristoteldən heç vaxt bircə kəlmə belə oxumamışam.
***
İnsan tez-tez sözün sehrinə düşür. Məsələn, “bilmək” sözünün...
***
Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur.
***
Məntiqdə təsadüfi heç nə yoxdur.
***
Xoşbəxt bir insan qorxmamalıdır. Ölüm qarşısında belə...
***
İnan! Bundan ziyan gəlməz.
***
Bilmirəm niyə burdayıq, amma əyləncə üçün olmadığına əminəm.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Həm əla qiymətlər qazan, həm böyük məbləğ!
Bəzi gənclərimiz o qədər layiqli ömür sürür, elə inamla hədəfə doğru gəlirlərsə, onları mütləq hamıya örnək kimi göstərmək lazım olur. Onlardan biri - Azərbaycan Universitetləri üzrə 2023-cü ilin ən yaxşı tələbələrindən biri - Arzu Alxanova!
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Universitetləri sosial media səhifəsinə istinadən xəbər verir ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla bitirib. Özü də tədrisi ingilis dilində alıb.
Arzu BMU-ya yüksək 611 balla daxil olmuşdu.
Bəziləri anlamaq istəmir ki, yaxşı oxumaq, əla qiymətlər almaq gələcəyinə qoyduğun ən böyük kapitaldır. Və bu kapital hətta elə tədris dövründə də ikiqat gəlirə çevrilə bilər.
Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. Həm də illik 55.000 ABŞ dolları məbləğində tam təqaüdlə.
Təbrik edirik! Qürur duyuruq!
Və hamıya örnək gətiririk!
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Tarixdə ilk dəfə robot orkestrə dirijorluq edib
Günün ən çox oxunan mədəniyyət xəbəri: Ölmədik, bu günü də gördük, Cənubi Koreyanın Seul şəhərində keçirilən konsertdə orkestri EveR-6 adlı android robot idarə edib.
“Ədəbiyyat və incəsənət” Weekly-yə istinadən xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanmış insanabənzər android robotun Koreya Milli Teatrında orkestrə dirijorluq etməsi dünya mədəniyyəti tarixinə ilk belə hadisə kimi düşüb. Bəli, yavaş-yavaş “bir azdan mədəniyyəti də süni intellektlər yaradacaq” fikri özünü doğrultmağa başlayır.
Qeyd edək ki, robot dirijor maneralarını gözəl mənimsəyib. Onun çıxışdan əvvəl tamaşaçılara baş əyərək, konsertdə dirijor kimi dəqiqliklə çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.
Konservatorlar yəqin ki, bu xəbəri oxuduqdan sonra belə deyəcəklər: Allah, sən saxla!
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Maddiyat onun üçün bir vasitədir, mənəviyyat isə həyat kredosudur
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sadə, mehriban, qayğıkeş insandır. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Məntiqli və məzmunlu danışmağı bacarır. Ağayanə hərəkətləri, məğrurluğu, insanpərvərliyi onu tanıyanların gözündə daha da ucaldır...
Haqqında söhbət açmaq isdədiyim İlham Nəcəfov 1963-cü ildə Bakıda dünyaya gəlib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət və M.Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını klarnet və ney ixtisasları üzrə bitirərək, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısı olub və milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atıb...
İlham Nəcəfov sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin qardaşıdır.
Azərbaycan aşiqidir. Bu millətin övladı olduğundan qürur duyur. Hara getdisə ölkəmizi yorulmadan təbliğ edir. O, həm də el-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil...
Bəli, bütün ömrü boyu Azərbaycan mədəniyyətini təbliğ edib. Xeyli xarici səfərlərdə olub. İndiyədək Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına dövlət kamera orkestrinin müşayiətilə üç dəfə solo konserti baş tutub. Dövlət Akademik Opera və Balet Teatrında isə "Koroğlu", "Qız Qalası", "Vaqif", "Gəlin Qayası" və "İntizar" operalаrının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına nail ola bilib. Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, onun Dövlət Teleradio Şirkətinin fonotekasında "Qızıl fond" üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. Arif Məlikov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Emin Sabitoğlu, Rauf Babayev, Ramiz Mirişli, Siyavuş Kərimi, Firəngiz Əlizadə, Eldar Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərə yazdıqları musiqilər məxsusi olaraq оnun ifa etdiyi ney aləti üçün nəzərdə tutulub. Aqşin Əlizadənin "5-ci Simfoniya"sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, Firəngiz Əlizadənin məşhur violençel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi "Dərviş" əsərinin tütək, ney ifaçısı olaraq "İpək yolu" transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm edib. "YUNESKO" xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə iştirak edib. Eləcə də 2018-ci ildə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında "Nəsimiyə ithaf" musiqili tamaşanın iştirakçısı olub. Heydər Əliyev Fondunun layihəsi üzrə "Azərbaycan Muğаmı" ("Humayun", "Bayatı Şiraz", "Bayatı kürd"-2009) və "Balaban" adlı kоmpakt disk toplularında və "Аvroviziyа mahnı müsabiqəsilə bağlı "Bizimkilər" layihəsində tələbələrlə birgə ("Yeni Nəfəs" qrupu) fəallıq göstərib. Və 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professorudur...
Maddiyat onun üçün bir vasitədir, mənəviyyat isə həyat kredosudur. Strategiyası təminatı düşünmədən yaşamaq və dərinliyinə vardığı hər bir ehtiyacı könüllü olaraq, bir kənara qoyub, yaşamağa davam etməkdir. Ruhən çox azaddır. Coşğunluq, nikbinlik ona enerji verən əsas mənbələrdir. Düşdüyü mühitə dərhal uyğunlaşa bilir, çətinlikləri asanlıqla dəf etməyi bacarır...
Ötən gün İlham Nəcəfovun 60 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
TÜRKSOY-un Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə töhfəsi
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Aşıq Avdının doğum gününə
“Ədəbiyyat və incəsənət” portalı “Qazax Xeyriyyə” İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifin Aşıq Avdı Musayevin doğum gününə həsr etdiyi yazısını təqdim edir.
Bu gün hamımızın əzizimiz, mahalımızın sevilən Aşığı Avdı Musayevin doğum günüdür.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, Qazax mahalının ziyalıları doğum günü münasibətilə Aşıq Avdını təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Aşıq Avdı 49 yaşını tamamladı. Gələn il onun 50 yaşı tamam olacaq. "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlər planına əsasən noyabr ayında yazıçı-publisist, uzun illər "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin redaktoru olmuş Fəridə Ləmanın 70 illik yubileyi, gələn il Rafail İncəyurdun 70 illik və Aşıq Avdı Musayevin 50 illik yubileyləri keçiriləcək.
"Qazax" Xeyriyyə İctimai Birliyinin və Qazax RİH-nin birgə tədbirlər planına əsasən Fəridə Ləmanın, Rafail İncəyurdun, Avdı Musayevin yubileyləri həm də Qazax rayonunda keçiriləcəkdir.
Var olsunlar elimizi, obamızı ucaldanlar.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Yunus Oğuzun yeni kitabı işıq üzü görüb
Yazıçı - publisist, tarixi romanlar yazarı Yunus Oğuzun yeni kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəllifin müxtəlif illərdə yazdığı felyetonları “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir" bölümü, esseləri isə "Mən Şuşada yazıram" adı ilə nəşr edilib.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu davam edir
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.
Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Sumqayıtlı Səbinə Feyzullayeva İlin Tələbəsi oldu
Növbəti 2022-2023-cü təhsil ili arxada qaldı və Azərbaycan Universitetləri üzrə 2023-CÜ İLİN TƏLƏBƏSİ elan edildi. Bu, həmişə hər işdə öndə getməsinə alışdığımız Sumqayıt şəhərinin sakini Səbinə Feyzullayevadır.
“Ədəbiyyat və incəsənət” portalı “Azərbaycan Universitetləri” sosial şəbələ səhifəsinə istinadən xəbər verir ki, 4 yaşında səlis oxumağı və yazmağı bacaran, 5 yaşında ingilis dilini öyrənməyə başlayan vunderkind Səbinə Feyzullayeva Azərbaycan Tibb Universitetini 98,21 balla bitirib.
O, 6 il öncə Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla ATU-nu seçib. Prezident təqaüdçüsü olub və 6 il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdü statusunu özündə saxlamağı bacarıb.
Səbinə Feyzullayeva iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.
Təbrik edirik! Qürur duyuruq!
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)