Super User
Yeni Changan krossoveri Çin avtomobillərinə baxışları tam dəyişəcək
“Ədəbiyyat və incəsəət” portalının Avto rubrikasını Nihat Alimoğlu aparır. Bu dəfə o, Jin / Tags: Changan, Auto - ya istinadən Changan avtomobilinin yeni modelinin gözəllikləri və özəllikləri barədə məlumat verəcək.
Bu yaxınlarda - daha dəqiqi, 4 sentyabrda Çinin Changan avtomobilinin yeni - Changan CD701 modeli - 3-cü avtomobil elmləri və texnologiyaları konfransında təqdim ediləcək. Bu yeni nəsil elektrikli krossoverlər Çin avtomobilinə baxışı tam dəyişəcək.
Tutacaqlar, yan güzgülər və alət paneli yoxdur, lakin bu, çox müasir avtomobildir.
Changan SDA arxitekturasına əsaslanan avtomobil ölçüləri 5000 x 1970 x 1630 mm və təkər bazası 3100 mm olan bir gövdəyə malikdir, 5 nəfərlik bir salonu var.
Xarici güzgülər kameralarla əvəz olunur. Kameralara əlavə olaraq, qabaqcıl sürücülük yardım sistemini idarə etmək üçün lidarlar, millimetr dalğa radarları və ultrasəs radarları da olacaqdır.
İnteryerə gəldikdə, salonda tablo yoxdur. Bunun əvəzinə baş üstü ekran var. Torpedonun mərkəzində böyük bir mərkəzi idarəetmə ekranı var.
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)
Bişkekdə “44 günlük müharibənin xronologiyası” nəşr olundu
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın üçüncü cildi işıq üzü görüb.
Olduqca yüksək poliqrafik üslubda işıq üzü görən 520 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Siyasətinə Dəstək Fondu (TDSDF) tərəfindən hazırlanaraq çap edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TDSDF-nin sədri Nüsrət Məmmədov məlumat verib.
Nüsrət Məmmədov bildirib ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun ərsəyə gətirdiyi kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib.
Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi.
Biz, bunu 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanını ziyarət edərkən dövlətimizin başçısı orada Azərbaycan xalqına müraciətində dediyi sözlərdən də görürük: -“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ona görə də “44 günlük müqəddəs müharibənin xronologiyası” üçcildliyini Ulu Öndərimiz Heydər Əliyev ilinə ərməğan olunub.
Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən kitabda yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.
Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir.
Fond öz ənənəsinə sadiq qalaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr etdirdiyi bu, 153-cü kitabı da pulsuz yayacaq.
Xatırladaq ki, kitabın ilk təqdimatı Fondun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitablarla birlikdə Şuşada rusiyalı tanınmış kinorejissor Qriqoriy Naxapetovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)
Hüseynbala müəllimin 78 yaşına tələsən SÖHBƏT...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Haqqında söhbət açmaq istədiyim Hüseynbala Mirələmov ikinci dünya müharibəsində zəfər çalan sovet hökumətinin ilk dəfə qeyd etdiyi 9 may Qələbə bayramından qırx yeddi gün sonra dünyaya gəlib. Ucqar Lerik rayonunun Nuravud kəndində zəhmətkeş ailəsində, halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Bütün kənd uşaqları kimi meşədən odun da gətirib, mal-heyvan da otarıb. Amma heç vaxt kitab əlindən düşməyib, mütaliə etməkdən yorulmayıb. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutuna iki “5”-lə qəbul olunub və əla qiymətlərlə də başa vurub. Altı il "Azərbaycan pioneri" qəzeti redaksiyasında baş ədəbi işçi vəzifəsində çalışsa da, 1971-ci ildən öz ixtisası üzrə işləməyə başlayıb. Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. İşgüzarlığını, bacarığını nəzərə alıb, 35 yaşı olanda, onu həmin idarəyə rəis təyin ediblər.
İndi təsadüfi adamlara verilsə də, sovet dönəmində vəzifədə olanların orden alması elə də asan məsələ deyildi. O vaxt onun təltif olunduğu “Qırmızı Əmək Bayrağı” ordeni “Lenin” ordenindən sonra ən nüfuzlu ordenlərdən biri sayılırdı…
Şübhəsiz ki, insanın uğur qazanmasında onun bacarıq və əzmkarlığından başqa İlahinin uğuru vacib məsələdir. Bu uğur qismətində olmadıqda insanın bacarıq və əzmkarlığı da nəticəsiz qalır. Yəqin ki, hansısa əməllərinə görə Yaradan bu uğuru ondan əsirgəməyib və onun vəzifə pillələrində irəliləməsinə yol açıb. Bəli, Tanrının izni olmasaydı ucqar dağ rayonunda, əlçatmaz, ünyetməz kənddə kasıb bir kişinin ailəsində doğulub böyüyən bir insan "Azərqaztəmirtikinti" trestinin rəisi vəzifəsindən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini, Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrinədək yüksələ bilməzdi…
Deyir ki,- “İnstitutun birinci kursunda oxuyanda yazılarımı “Azərbaycan pioneri” qəzetinə aparırdım. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım...”
O vaxtdan bu vaxta bədii yaradıcılıqla da məşğul olur. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb. Bir sıra əsərləri müxtəlif dram teatrlarında səhnələşdirilərək tamaşaçılara təqdim olunub. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatıdır…
Bir siyasətçi kimi də qismətinə İlahi uğurdan pay düşüb, uzun illər Milli Məclisin deputatı olub. Bədxahları da ki, az olmayıb. Sanki pusquda durub, onun səhvə yol verməsini gözləyiblər. İllər öncə adi bir hərəkətini əsas tutub onu aşağılamaq istəyənlər də tapıldı. Və nəhayət savadsız, dünyagörüşü zəif olan toplumun arasında onu gözdən sala bildilər. Ruslar demişkən, “padumayeş”, böyük bir hadisə baş verib, kiminləsə zarafatlaşıb. Yadıma bir rəvayət düşdü: Bir hakimə şikayət edirlər ki, bəs filankəs filan qadınla olub, onu cəzalandırmaq lazımdır. Hakim şikayətçiyə qadını da özüylə götürüb onun yanına gəlməsini xahiş edir. Növbəti dəfə görüş zamanı əlinə bir iynə alıb, sapı qadına verir. Deyir ki, bu iynəni sapla. Qadın sapı iynəyə yaxın gətirdikcə hakim iynəni geriyə çəkir. Qadın ha çalışırsa iynəni saplaya bilmir. Cavabında hakim gözəl bir söz deyir:- Təsəvvür edin ki, iynə qadın, sap isə kişidir. İynə istəməsə sap heç zaman iynədən keçməz...
O gün “Təzadlar” qəzetinin 30 illiyi şərəfinə verilən ziyafətdə onu da gördüm. Bir az sınıxsa da şuxluğunu hələ də itirməyib. Həmişəki kimi şən, zarafatcıl, mehriban görünür. Bəli, Hüseynbala müəllim nə el-obası, nə də dostları arasında pis adam olmayıb. Çox adama əl tutub, problemini həll edib. Necə deyərlər, Allahın da, elə bəndələrinin də qarşısında alnı açıq, üzü ağdır. Onun növbəti ad günü oldu. Nə az, nə çox 78 yaşını qeyd etdi. 78 yaşlı insana nə arzulamaq olar- möhkəm cansağlığı, firəvan həyat, ağrı-acısız günlər.
Yaşa, yaz-yarad, Hüseynbala müəllim!..
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)
Gürcüstanda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı sərgi açılıb
Gürcüstanın Bolnisi rayonunda “Qafqaz” Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.
Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.
AzərTAC xəbər verir ki, eyniadlı sərgi elə həmin gün Marneuli rayonunda da açılıb. Buradakı sərgi Marneulidəki “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə reallaşıb.
Sərgiləri ziyarət edən gənclər arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış açıqcalar paylanılıb.
Qeyd edək ki, UYD İctimai Birliyi “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı beynəlxalq fotoqrafiya layihəsini həyata keçirib.
Gənclər Fondunun “Şuşa İli” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi, mədəni irsi, erməni vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın fotolar vasitəsilə artırılaraq həyata keçirilməsi ideyasına xidmət edir.
Məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.
Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əks etdirən fotolardan ibarət 9 sərginin açılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)
Habil Yaşarın romanı müzakirə olunub
İyulun 7-də Sabunçu rayon MKS-nin 12 kitabxana filialı Ə. Paşayev adına Mədəniyyət evi ilə birgə Prezident təqaüdçüsü, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvü, gənc yazar Habil Yaşarın “Yeddinci ayın yeddisi” romanının müzakirəsini təşkil etdi.
Tədbirdə kitabın müəllifi və kitabxananın bir qrup oxucusu da iştirak edirdi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Habil Yaşar məlumat verib.
“Yedinci ayın yeddisi” müəllifin ilk romanıdır. Əsərin süjet xəttini əbədiyaşar məhəbbət mövzusu təşkil edir.
Bundan əlavə müəllifin 3 kitabı nəşr olunub.
Əsəri oxuyan oxucular müəllifə suallar verdilər və əsərdən parçaları səsləndirdilər.
Müzakirə yeni romanın bütün səciyyəvi cəhətlərini və üstünlüklərini ortaya qoymuş oldu.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Azərbaycan Respublikası Kino Agentliyi film layihələri müsabiqəsi elan edir
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək.
Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.
Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.
Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
“Zerkalo” XVII Beynəlxalq Film Festivalının qalibləri bəlli olub
Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına “Zerkalo” XVII Beynəlxalq Film Festivalı başa çatıb.
AzərTAC xəbər verir ki, iyunun 30-dan iyulun 5-dək davam edən festivalda 12 ölkədən 8 film iştirak edib.
Beynəlxalq münsiflər heyətinin Qran-Pri mükafatı hindistanlı rejissor Caişankar Aryarın çəkdiyi “Şivamma” filminə verilib. “Ən yaxşı rejissor” mükafatına ABŞ ekran əsəri “Fremont”a görə iranlı rejissor Babək Cəlali layiq görülüb. Münsiflər heyətinin xüsusi mükafatı Levan Koquaşvilinin gürcü filmi “Brayton 4”ə verilib.
Qeyd edək ki, festivalda münsiflər heyətində azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov da təmsil olunub.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Yenidən təşkil edilən mədəniyyət idarələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib. Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, nazirliyin 13 regional mədəniyyət idarəsi yaradılıb. İyulun 5-də mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələrinin rəisləri iştirak ediblər.
Mədəniyyət naziri müşavirədə bildirilib ki, dövlət başçısının Mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların yerlərdə icrası ilə bağlı, mədəniyyət xidmətlərinin müasir dövrün tələblərinə uyğun qurulması, şəffaf və səmərəli idarəetmə mexanizminin yerlərdə tətbiqi, mədəniyyət sahəsində insan kapitalının inkişafı, istedadlı şəxslərə dəstək göstərilməsi idarələrin qarşısında duran mühüm məsələlərdir.
Müşavirədə mədəniyyət müəssisələrinin cari vəziyyətinin, maddi-texniki bazasının təhlil edilməsi, mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin yerində müəyyənləşdirilməsi məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, əsaslı təmirə ehtiyacı olan müəssisələrlə bağlı təkliflərin hazırlanması, mədəniyyət sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, bacarıqlı, təcrübəli mütəxəssislərin mədəniyyət sahəsində fəaliyyətə cəlb edilməsinin diqqətdə saxlanılması, uşaq incəsənət, musiqi, rəssamlıq, aşıq, muğam məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərlə işin səmərəli təşkili və digər məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib.
Bununla yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanların və sair neqativ halların vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində işin gücləndirilməsi tələb edilib.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Hacı Şahinin yoxluğundakı mövlud gününə
HACI ŞAHİN: “BİZ BUNA İMKAN VERMƏLİ DEYİLİK Kİ, İSTƏNİLƏN İNSAN RUHUMUZA ÖZ NEQATİVİNİ TÖKƏ BİLSİN”.
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun ölümü ölkədə böyük əks-səda yaratdı. Minlərlə adam dəfninə tələsib, onu son mənzilə yola saldılar. Əməlləri, islami dəyərlərə düzgün yanaşması, xeyirxahlığı ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı...
Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, mən görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitab təqdimatını da keçirmişdik. Hazırda başqa yazalarını, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da...”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda anadan olub. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü.
Bakı şəhəri, Səbail rayonu 189 saylı məktəbin rus bölməsində orta təhsilini başa vurub. Ali təhsilə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində yiyələnib. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi...
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünyagörüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi.
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban adam idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanlarn rəğbətini qazanmışdı. Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi- vur-tut 48. Neçə-neçə arzu və istəkləri ilə yanaşı, görəsi işləri də yarımçıq qaldı. Yaşasaydı bu gün, iyulun 7-də Hacı Şahinin 49 yaşı tamam olacaqdı. Onu, mövlud günündə hörmətlə xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Başında quş yuvası gəzdirən şair-müğənni-bəstəkar
BU GÜN ELZA SEYİDCAHANIN 55 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Doğrudur, bu yaxınlarda onun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına əks reaksiya verənlərdən biri də mən oldum. Amma sonra dərindən düşünüb təhlil edəndə, bunun bizim cəmiyyət üçün adi bir hal olduğunu başa düşdüm. Bu gün o qədər adamlar var ki, aidiyyəti olmadığı təşkilatların üzvüdürlər. Odur ki, bu mövzuda uzun-uzadı danışmaq istəmirəm. Necə deyərlər, özləri bilərlər- o AYB, o da o...
Deyir ki:- “Əməkdar artist, bəstəkar, səhnənin ən ekstravaqant müğənnisi adlarını qazanmışam. Bunlar hər biri eyni anda kimdə var? Biri var, o birisi yoxdur. Mən səhnəyə gələndə hit mahnılarla efirə çıxmışam. "Bağlar" mahnısı ilə tarixə düşmüşəm. "Gözəllik", "Qəlbin üsyanı", "Həsrət nəğməsi", "Hisslər" və bu kimi mahnılarla yaddaşlarda həkk olunmuşam. Ara mahnıları oxuyan müğənni deyiləm. Nə də ayda 3 dənə mahnı yazanlar sırasına daxiləm. Elə müğənni ola da bilmərəm. Çünki elə mahnılar bu qulaqdan girib, o birisindən çıxır. Hər zaman özümü olduğum kimi qoruyub saxlamışam. İndi Elza Seyidcahan, elə Elza Seyidcahandır. Mən onun üçün nə deyim daha? Şərhə ehtiyacım yoxdur.”
Bəli, bu dəfə sizə Elza Seyidcahandan danışmaq istəyirəm. Axı bu gün onun üçün əlamətdar bir gündür, 55 yaşı tamam olur. Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı məktəbə daxil olsa da, orta təhsilini Sumqayıt şəhər 17 saylı məktəbdə başa vurub. Sonra S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. 2001-ci ildən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.
Bir sıra bədii filmlərin musiqilərini o, bəstələyib. Müxtəlif musiqi festivallarının, eləcə də müsabiqələrin qalibidir. Konsertləri Azərbaycanda və xeyli xarici ölkələrdə də baş tutub. Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür. Eyni zamanda, 2023-cü ilin iyulundan Azərbaycan Yazıçılar Birliyinə də üzv olub...
“Bəstəkarlıq etmək hər adamın işi deyil. Məni ifaçı kimi qəbul etmək istəməyənlərin ifaçılıqdan və bəstəkarlıqdan xəbəri yoxdur. Adi bəstəkar deyiləm. Tutaq ki, bir konsertdə on nəfər müğənni oxuyur və hamısı bir-birinə bənzəyir. Bilinmir ki, bu mahnıları kim yazıb. Bu sözü müğənni kimi yox, bəstəkar kimi deyirəm. Heç kəsə də paxıllıq etmək fikrim yoxdur. Çoxlarından fərqlənirəm. Mənim ifamda rəngarənglik var. Dırnaqarası müğənnilərə oxşamaq istəmirəm.”- söyləyir.
Haradasa sözlərində həqiqət var. O, öz işinə yaradıcı yanaşdığı üçün fərqli mahnılar bəstələyə və onları fərqli bir üslubda ifa etməyi bacarır. Ümumiyyətlə, qeyri-adi istedadlı adamlar cəmiyyətdə ləng qəbul olunurlar. Bəlkə də on il bundan qabaq onun bəstələrini heç bir müğənni ifa etməyə tələsmirdi, amma bu gün həmin mahnıları bir sıra müğənnilər də oxuyurlar…
Deyir ki:- “Həyatda heç nədən narazı deyiləm. Mən bu vaxta qədər nədənsə narazı olmamışam. Hər şey ürəyimcədir. Bilirsiniz ki, sənətə kiçik-kiçik addımlarla gəlmişəm. Toyda da oxuyuram. Sənətə bəzi gələnlər elə bilirlər ki, toyda oxuyandan sonra adam əsl sənətkar olur. Əslində mən heç kimə fikir vermirəm. Paxıllığımı çəkənlər çoxdur. Sanki məni parçalamaq istəyirlər.”
Hə, az qala yadımdan çıxmışdı. Onun yazıçılar birliyinə qəbulunu birmənalı qarşılamayan adamlara xalq yazıçısı Anar belə münasibət bildirib:- “O, heç də o birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik...”
Xalq yazıçısının nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Çünki şairlərə əsl dəyəri Zaman verir. Amma etiraf edirəm ki, Elza Seyidcahan musiqiyə özünəməxsus yenilik gətirən bəstəkar, məlahətli səsi olan, istedadlı müğənnidir...
Bəli, iyulun 7-də onun 55 yaşı tamam olur. Ömrünün bu əlamətdar günündə ölkəmizin əməkdar artistini təbrik edir, fəaliyyətində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)