![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Nazir müşaviri Azərbaycan-Özbəkistan dostluğunu əbədi və sarsılmaz adlandırdı
“Bu mədəniyyət bayramı səbirsizliklə gözlənilirdi, çünki Özbəkistanın mədəniyyəti Azərbaycanda çox sevilir. Biz çoxdandır ki, belə geniş palitrada, heyətdə özbək həmkarlarımızı bu cür qarşılamırdıq. Ona görə də bu, Azərbaycan, həmçinin Özbəkistan mədəniyyət xadimləri, üçün böyük təntənə və bayramdır.”
Bu sözləri mediaya açıqlamasında “Özbəkistan mədəniyyəti günləri”nin açılış mərasiminə həsr olunmuş konsertdə iştirak edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Yayın bu cür istisində çox insanların istirahətdə olduğuna baxmayaraq qısa zamanda bilet və dəvətnamələr bitdi. Burada uzun illərdir fəaliyyətlərini izlədiyimiz, tanıdığımız sənət ustaları ilə yanaşı, gənc nəslin musiqiçiləri, rəqs xadimləri də öz sənətlərini göstərəcəklər. Bu proqrama, eyni zamanda teatr tamaşaları da daxildir. Milli Kitabxanada Özbəkistandan gətirilən kitabların təqdimatı da olacaq. Bizi bu isti yay günlərində maraqlı proqram gözləyir. Xatırlatmaq istərdim ki, yaxın günlərdə ölkəmizdə "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən müsabiqədə müxtəlif nominasiyalarda bir Qran-Pri mükafatını, həmçinin 1-ci yeri özbək musiqiçiləri qazanıblar. Özbək musiqiçiləri hər zaman Azərbaycanda çıxış etməyi və sevilməyi özlərinə şərəf biliblər. Xüsusilə qeyd etmək olar ki, Azərbaycan musiqiçiləri də Özbəkistanda yüksək səviyyədə qarşılanır. Bu iki qardaş ölkə arasında olan dostluq əbədidir və sarsılmazdır”, - deyə C.Səlimxanov qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
"Cığır bitdi, Azərbaycan yola çıxdı” – Yunus Oğuzun “Çığır”ı barədə Vaqif Yusiflinin yazısı
“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Vaqif Yusiflinin yazıçı, tarixi romanlar ustadı Yunus Oğuzun yeni çapdan çıxmış “Çığır” romanı barədə “Xalq romanı – “Çığır” başlıqlı qeydlərini oxucularının diqqətinə çatdırır.
ƏNƏNƏ YAŞAYIR
Azərbaycan tarixi romanlarından söz açanda deyə bilərik ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz Balzakın dediyi kimi katiblik missiyasını yerinə yetirirlər. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır.
Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər Y.Səmədoğlu, İstər Elçin, istər F.Kərimzadə, istər Ə.Nicat və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu romançılar sırasında son iyirmi ildə ən çox məhsuldar işləyən bir yazıçını - Yunus Oğuzu artıq bu janrın müməsili (təmsilçisi) kimi tanıyırıq, yəni, o, ancaq tarixi romanlar yazır. "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum" tarixi romanları, həmçinin bir neçə tarixi pyeslər onun qələmindən çıxıb.
Yunus Oğuzu tarixi roman və pyeslər yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm. Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik. Mətləbi uzatmaq istəmirəm və Yunus Oğuzun lap bu yaxınlarda çapdan çıxan "Cığır" romanı haqqında söz açmaq istəyirəm.
SÖHBƏTƏ CIĞIRDAN BAŞLAYAQ.
Romana niyə "Cığır" adı qoyulub? Bunun iki mənası var. Birincisi: Məlumdur ki, Şuşa 1752-ci ildə Qarabağın ilk hakimi Pənahəlli xanın qurduğu, yaratdığı bir şəhərdir. Təbii ki, ilk dönəmdə şəhərin qurğusunda bir sıra çətinliklər meydana çıxdı, bunu biz yeddi "Qarabağnamə"də də izləyə bilərik. Amma Yunus Oğuz belə bir versiya irəli sürür: gələcəkdə düşmən Şuşaya hücum edərsə, şəhər mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən qurtulmaq olar- xalqın nümayəndəsi-çoban olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin kişi onu heç kimin tanımadığı, bilmədiyi bir cığıra gətirir. "Bu yolu heç kim bilmir, dağ keçilərindən başqa...Bu sirri yalnız bir neçə nəfər bilməlidir, yoxsa gələcəkdə tikəcəyin şəhər çox keçməz, bərbad olar"-deyir Nəsrəddin kişi. Əlbəttə, bunu real bir versiya hesab etmək olar. Çünki Şuşa bu 270 il ərzində dəfələrlə hücuma, mühasirəyə məruz qalıb, amma onu təkcə cəsur və qəhrəman Şuşa sakinləri deyil, həm də yenilməz dağlar, qayalar, cığırlar müdafiə edib.
İkincisi: CIĞIR həm də simvolik məna daşıyır.Cığırın lüğəti mənası kiçik yol və yaxud dar, balaca yol deməkdir, amma yolun özü deyil. Elə cığır var ki, yola çevrilmir, amma yola gedib çıxan və yola çevrilən, yolun tərkibinə qatılan cığırlar olur. Bu prosesi təbiət özü tənzimləyir. Lakin Yunus Oğuz buna simvolik məna verir. Deyək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, cığırlar (ayrı-ayrı dəstələr, döyüşən qüvvələr) birləşə bilmədi, Yola çevrilmədi. Ancaq İkinci Qarabağ müharibəsində bütün cığırlar VAHİD YOLA çevrildi.
Romanın son səhifələrinə boylanaq: "Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini dünyaya tanıdan Böyük YOLa. Müharibənin nəticəsi olaraq 10 noyabrda Ermənistan təslimçilik aktını imzaladı". "Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Şuşa bütöv ruhumuzu özümüzə qaytardı, çünki parçalanmış ruh torpağı da, xalqı da parçalayır. Şuşa CIĞIRI Zəfər yoluna çevirdi. CIĞIRın Zəfər yolu isə davam edir".
KEÇMİŞLƏ MÜASİRLİYİN VƏHDƏTİ
Yunus Oğuzun "Uçurum" romanında olduğu kimi "Cığır"da da hadisələrin əksəriyyəti yaşadığımız illərdə baş verir. "Uçurum" haqqında yazdığım bir məqalədə qeyd etmişdim ki, Yunus Oğuz hər hansı bir romanında tarixlə müasirliyi vəhdətdə götürür, yəni "tarixdə bu gün, bu gündə tarix" (Nizami Cəfərov) prinsipinə əməl edir. "Üçurum"da o, XVI əsrdə-Şah Təhmasibin hakimiyyəti dövründə baş verən hadisələrlə XXI əsrin narkobizneslə bağlı olaylar arasında kommunikasiya-əlaqə bağları yaradır. "Cığır"da isə XVIII əsr-Qarabağ xanlığının ilk illəri-Pənahəli xanın Şuşanı inşa etməsi və burada baş verən ilk Cığır axtarışları ilə XXI əsdə Birinci və İkinci Qarabağ müharibələri dövrünün hadisələri paralelləşir. Hər iki əsərdə bəzi oxucular etiraz edib deyə bilərlər ki, "tarixi roman" istilahı nəyə lazımmış? Amma Yunus Oğuz "tarixdə bu gün, bu gündə tarix" prinsipini əsas götürür. "Tarix təkrar olunur" -xüsusilə Azərbaycan tarixinin elə dövrləri və mərhələləri var ki, hadisələrin gedişatı və inkişafı bir-birilə səsləşir. Məgər XVI əsrdəki erməni xisləti dəyişibmi? Məgər Azərbaycanın parçalana-parçalana belə vahidliyə, bütövlüyə can atması (xanlıqlardan üzü bəri) əsrlərdən bəri milli düşüncəyə təkan verməmişdimi? Yəni tarix spiralvari xətt üzrə inkişaf edir-xəttin əvvəli ilə sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur. "Cığır"da da Məhəmmədhəsən Qacarın Şuşaya uğursuz hücumu təsvir olunur, eyni zamanda Şuşa uğrunda döyüşlərdən və şəhərin işğaldan azad olunmasından söhbət gedir.Əslində, müəllifin mövqeyi məlumdur: Azərbaycanın müstəqilliyi, Cığırı Yola çevirmək idealı... Və sonda: "Qarabağ-Azərbaycandır-nida!"
REALLIQLAR VƏ BİR DƏ BƏDİİ TƏXƏYYÜLÜN ROLU
Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır. O arqumentlər sırasında yazıçının müraciət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi... Yunus Oğuz da "Cığır"da təsvir etdiyi hadisələri və real obrazları dərindən müşahidə edib, əslində, bütün bu hadisələr onun gözləri qarşısında baş verib və o, özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq iddiasında olmayıb və onün digər romanlarında da sənədlilik üslubi mahiyyət daşımır. Lakin məlum hadisələrin təsviri bədii informasiya vasitəsilə oxucuya çatdırılır. Bəzi məqamlarda tarixi faktlar da qısaca nəzərə çatdırılır və bu da vacibdir.
Romanda təsvir olunan reallıqlar (məlum hadisələr və insan obrazları) üç xətt üzrə diqqəti cəlb edir.
Birinci xətt- siyasi hadisələr və bu hadisələrin mərkəzində qərarlaşan real obrazlar. İlk növbədə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev.
"Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının iclasına hələ on beş-iyirmi dəqiqə qalırdı...İçində bir qalxınma vardı. O özü də Azərbaycan üçün yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi".Bütün roman boyu -xüsusilə, İkinci Qarabağ müharibəsi ilə bağlı hər səhifədə biz Ali Baş Komandanın qüdrətini və ağıllı, son dərəcə tədbirli və son dərəcə diplomatik dəst-xəttini hiss edirik. Ali Baş Komandanın Tovuz döyüşləri zamanı əsl sərkərdəlik məharəti üzə çıxdı və Yunus Oğuz təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra bilir.
Romanda Ermənistan rəhbərliyinin- Baş nazir Paşinyanın, müdafiə naziri Tonoyanın, keçmiş prezidentlər-Sarkisyanın, Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və bunlara dəstək olan xarici qüvvələrin obrazları da yaradılıb və Yunus Oğuz fəhmlə (həm də məlum informasiyalarla) onların söz-söhbətlərini, Azərbaycanla bağlı açıq və gizli niyyətlərini nəzərə çatdırır. Yunus Oğuz üçün erməni xislətini bütün mahiyyəti ilə əks etdirmək o qədər də problem deyil. Paşinyanın siyasi aləmdə uğursuz gedişləri, Moskvadan və Parisdən onu müdafiə edənlərlə nökərcəsinə yardım diləməsi, dünya erməni lobbisi ilə münasibətləri, Ermənistanın öz daxilində müxalifətlə "düşmənçiliyi" hamıya məlumdur, amma bütün bunlarla bir sırada antitürk mövqeyi hər bir düşmən erməni kimi onun da qanına hopub. İstər o, istərsə də məlum düşmən qüvvələri Azərbaycanın 44 gün ərzində qələbəsini heç gözləmirdilər. Yunus Oğuz gah ciddi ironiya, gah da açıq bir tövrlə, heç bir lağa qoymadan paşinyanların bütöv ERMƏNİ xtslətini canlandırır. Əsrlər boyu bu ERMƏNİ XİSLƏTİ dəyişmir. Ancaq 44 günlük Qarabağ zəfəri "Dənizdən dənizə böyük Ermənistan" xəyallarını puç elədi.
İkinci xətt- "Cığır"ı həm də müharibə romanı adlandırmaq olarmı? Axı, müharibə romanlarında döyüş səhnələri olur, ya da müharibə gedən illərdə arxa cəbhə təsvir olunur ki, bu da az əhəmiyyətli deyil. "Cığır"da genişliyilə olmasa da, bir neçə döyüş səhnəsi təqdim edilir. "Erməni əsgərləri arasında vahimə yarandı. "Kölgə əsgərlər" sözü onları elə qorxuya salmışdı ki, hara gəldi, gülləni atırdılar..Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyitlərlə dolmuşdu. Səhərə yaxın Şuşa yolunda daha heç kim qalmamışdı". Ümumən roman bütünlüklə müharibədən danışır, müharibənin bütün gedişatından xəbərdar oluruq, biz müharibənin insan talelərinə necə ağır zərbələr vurduğunu da izləyirik.
Üçüncü xətt- "Cığır" həm də Xalq romanıdır. Əsərdə- əksər səhifələrdə Xalqın iradəsi, otuz illik həsrətə son qoymaq, doğma torpaqlara qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi ki, elə bir yer yox idi ki, bu barədə danışılmasın, arzu-istək bildirilmıəsin. Xüsusən, xeyir-şər məclislərində bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə qalmasın". Yunus Oğuz romanda Xalqla hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə nəzərə çatdırır və doğrudan da, Lələtəpə və Tovuz döyüşlərində bu vəhdət daha artıq hiss edildi. "Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi".Azərbaycan ordusu isə artıq dünyanın ən güclü, ən müasir bir ordusuna çevrilmişdi və 44 günlük müharibədə qazanılan qələbələr də bunu sübut etdi" Müəllif Tovuza tələsən, orduya yazılmaq istəyən minlərlə azərbaycanlının intiqam hissini qələmə alır, əslində, bütün bunlar bizə tanışdır, amma bədii əsər bu təsirli səhnələrdən yan keçə bilməz. "Baxın: bir atanın dilindən nə eşidirik: "Üç oğlumdan biri dövlətə, Vətənə qurban olsun!- Yanındakılara baxıb fəxrlə əlavə etdi.- Amma demişəm: Kürəyindən güllə dəyib ölsən, heç qəbrinin üstünə də gəlməyəcəm. Belə ölümlə rayonda biabır olaram. Qonum-qonşu deyər ki, ə, sən niyə kişi olursan? Oğlun erməninin qabağından qaçanda ölüb də. Ətrafdan səslər gəldi:
-Halal olsun!
-Afərin!"
Yunus Oğuz milli dəyərlərə bağlı yazıçıdır və "Cıjğır"da da bu dəyərlər, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə vəsf olunur. General Polad Həşimovun simasında təkcə sərkərdə obrazını deyil, həm də milli -ailəsinə, əsgərlərinə və ən başlıcası Vətəninə bağlı milli-mənəvi dəyər meyarı ilə qarşılaşırıq. Müharibə-xalqın taleyini, ölüm-dirim savaşını həll edən psixoloji bir məqamdır. Müharibə insanları sınaqlardan keçirən məhək daşı deyilmi? Əgər su satan balaca bir uşaq satdığı suyun pulunu almırsa, bu da milli-mənəvi dəyərin kiçik də olsa, bir detalıdır. "Əmi, ağzında deyirsən, kişi oğluyam. Bu pulu ala bilmərəm". Beşinci sinif şagirdi Aybənizin əsgərə məktubu da o detallardan biridir. Romanda Əzizənin (onlarla Azərbaycan qadınlarından biri) əri Farizin ölümündən sonra keçirdiyi hisslər, mağazadan aldıqlarının pulu ödəniləndə etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi keyfiyyətdir. Ancaq müharibə dövrü qadınları içərisində Nargül kimiləri də var ki, şəhid ərinin ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə yollanır. Qəbələnin Tüntül kəndində yaşayan Gülbala kişinin üç oğlu-Elgün, Elkin, Turan Vətən müharibəsində iştirak edirlər, belə ailələr Azərbaycanda az deyildi. Ədliyyə işçisi olan Kamran birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə yollansın, o, Suqovuşanda böyük hünər göstərir.Bəs Cəbrayıl Dövlətzadə necə( Əslən Zəngilandan olan Cəbrayıl Sumqayıtda-Corat qəsəbəsində doğulmuşdu. O, əliyalın olsa da, bir erməni polkovnikini bıçaqla, bir generalını isə əliylə boğub öldürür, özü də həlak olur. "Cığır"da belə misallar az deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi qüdrətini əks etdirir. Qarabağ müharibəsi də təklərin, fərdlərin böyük axında - Orduda, "torpaq uğrunda ölən varsa, Vətəndir" məramında birləşməsi, cığırların böyük Yola çevrilməsini əks etdirdi.
"Cığır" romanı son otuz ilin ictimai-siyasi mənzərəsini canlandırmaq, bədii-publisistik yolla bu mənzərəni əks etdirmək, "Qarabağ-Azərbaycandır!" nidasının Qələbə, Zəfər ahənginə çevrilməsini, Azərbaycan tarixinin misli görünməmiş səhifələrini yaratmaq, böyük Azərbaycan və Azərbaycanlı obrazlarını dünyaya tanıtmaq baxımından Yunus Oğuzun uğurlu əsəridir.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
“AGERPRES” agentliyi dahi Azərbaycan şairi Molla Pənah Vaqif barədə məqalə yayıb
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vaqif – Azərbaycanın XVIII əsr şairi, siyasi və ictimai xadimi” sərlövhəli məqaləsini dərc edib.
AzərTAC xəbər verir ki, məqalədə görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur. Şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixinə, ədəbiyyatda bədii obrazına və Azərbaycan ədəbi dilinin formalaşmasındakı roluna da toxunulur.
Vaqifin bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verdiyini qeyd edən səfir Azərbaycan şeirinin Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Diplomat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə, bütövlükdə dövlət səviyyəsində Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin və qiymətin bariz nümunəsi, parlaq ifadəsidir.
Yazıda Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də təntənəli açılışı olan Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin şəhər işğal olunduqdan sonra erməni silahlıları tərəfindən vandalizmə məruz qaldığı və dağıdıldığı diqqətə çatdırılır.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirildiyi vurğulanır.
Qeyd olunub ki, müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən məqbərə bərpa olunub.
Eyni zamanda, qeyd olunub ki, 2021-ci il avqustun 30-da məqbərənin önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə kimi yadda qalıb.
Həmçinin 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd edilməsi və onun adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na salınması bu qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü olduğu vurğulanıb.
Yazıda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bu il iyulun 14-15-də Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilib.
Sonda diplomat qeyd edir ki, işğal illərində xarabalığa çevrilən Şuşa şəhəri indi ikinci baharını yaşayır. Şəhərin infrastrukturu, tarixi mərkəzi, tikililər, küçələr, milli və dini əhəmiyyətli obyektlər bərpa olunur, bütün bunlar böyük şair Vaqifin ruhunu şad edir.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Xırda uğurlar böyük uğurların təməlidir
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Biz, kitab boyu, əsasən, həyat, yaşam məqsədi olan böyük uğurlardan bəhs edirik. Amma gəlin unutmayaq ki, böyük uğurlara gedən yol mütləq kiçik uğurlardan başlayır. Hər xırda epizodun uğurlu nəticəsində maraqlı olmalıyıq, zərrələr tamı əmələ gətirir axı.
Bu yaxınlarda bir iş adamı ilə söhbət edirdik. Məlum oldu ki, bazara yeni çeşidli qənnadı məhsulları çıxararkən KİV-də, xüsusən qəzetlərdə geniş reklam kampaniyası təşkil etdirib, di gəl, effekt ala bilməyib. Mən ondan reklam üçün qəzetləri hansı parametrlərə görə seçdiyini soruşdum. Dedi, bu barədə anlayışı yoxdur, bu işlə məşğul olmağa xüsusi pr menecer ayırıbmış, seçimi həmin adam edib. Mən tənbəllik etmədən həmin pr menecerlə calaşdım, məlum oldu ki, bu şəxs üçüncü dərəcəli bir qəzetdə isləyən tanışına çıxıb, həmin tanışının verdiyi siyahı ilə qəzetlərə reklam paylayıb. Mən qəzetlərin siyahısı ilə tanış oldum. Həm seçilən qəzetlər populyar deyildilər, həm reklama ayrılan güşələr uğursuz idi, həm reklam mətni özü qüsurlu idi.
Bu cür işəyanaşmanın da sonunun elə o cür fiaskoyla nəticələnməsi, əlbəttə ki, qanunauyğun idi.
Uğursuz reklam kampaniyası mənim haqqında bəhs etdiyim iş adamına çox ciddi ziyan vurmuşdu, o, kifayət qədər keyfiyyətli olan yeni məhsullarını bazara çıxara bilməmiş, xeyli ziyana duşmuşdu. Xırda bir qüsur böyük bir işi uçuruma sürükləmişdi (Qeyd edim ki, istehlakçılar uğurlu reklamı olan yerli ərzaq məhsuluna heç vaxt biganə qalmırlar. Xüsusən ulduz müğənnilərlə, aktyorlarla hazırlanan reklam çarxları və cəlbedici rəngbərəng media mətnləri böyük effekt verir).
Görürsünüzmü? Danışdığım bu epizod sübut etdi ki, xırda uğurlar böyük uğurların təməlidir. Halbuki, həmin iş adamı reklam işinə daha ciddi yanaşsaydı, bu cür acı sonluğa da tuş gəlməyəcəkdi.
Mən əminəm ki, oxucularım arasında gördüyü işlə, çalışdığı sahə ilə bağlı reklama tələbat duyanlar az deyil. Bəs effektiv və uğurlu reklam kampaniyasına necə nail olmaq mümkündür?
Söhbət qəzet reklamından getdisə, gəlin elə qəzet reklamının üzərində dayanaq.
Məhdud vəsaitlə müəssisənin reklamı necə təşkil edilməlidir? Reklam elanını qəzetdə yerləşdirərkən nəyi bilmək lazımdır?
Amerika mutəxəssislərinin bəzi məsləhətlərinə gəlin diqqət edək:
· Təklifinizi başlıqda səsləndirin;
· Təklifinizi yarımbaşlıqda bir daha formalaşdırın;
· Çalışın «Pulsuz» sözünü vurğulayasınız və onu mümkün olan dərəcədə təkrar edin;
· Sizin məhsulu və ya xidmətinizi fəaliyyətdə təsvir edən şəkil yerləşdirin;
· Sizin qəzetdə digər reklam yerləşdirənlərdən fərqli cəhətinizi göstərmək üçün nə isə edin. Təkcə bilavasitə rəqibləriniz deyil, bütün digərləri nəzərdə tutulur;
· Reklamınız kiçikdirsə, onu çərçivəyə alın və çərçivəyə orijinallıq verin;
· Reklamda mütləq iri şriftlə yazılmış söz və ya ifadə olmalıdır. Əgər siz bunu etsəniz, hətta kiçik reklam böyük kimi təsirli ola bilər;
· Mütləq ünvanınızı, telefon nömrənizi daxil edin. Elə edin ki, oxucular sizi həmişə asanlıqla tapıb danışa bilsinlər;
· Reklamın görünüşünü elə edin ki, həm əmtəənin, həm də bu və ya digər xidmətin reklamına növbəti tələbat zamanı da onu saxlaya biləsiniz. Bununla siz öz mahiyyətinizi aydın etmiş olar, alıcıların sizinlə tanışlığını asanlaşdırarsınız;
· Reklam üçün müxtəlif ölçü, forma, dərcetmə günündən, müxtəlif qəzet səhifəsindən istifadə edin;
· Qəzetin içinə qoyulmuş pulsuz əlavələr, məsələn, bukletlər haqqında düşünün. Onlar populyardır və düşündüyünüzdən ucuz başa gəlir, amma çox effektivdir;
· Reklamı rəngli edin. Qırmızı, göy və qəhvəyi rənglər yararlıdır. Reklam çox kiçikdirsə, onu rəngli verməyə dəyməz. Çünki qarmaqarışıq bir şey yaranacaq. Yox, əgər ölçüsü münasibdirsə, onda rəngli reklama cəhd etmək olar;
· Optimal reklam təklif və ölçü ilə müəyyənləşənə qədər müxtəlif nəşrlərdə bir neçə reklam növünü yerləşdirin;
· Yeni qəzetlərlə ehtiyatlı olun. Onlar özlərini göstərənə qədər gözləyin;
· Reklamınızı qəzetin əsas hissəsində, qatlama yerindən yuxarıda, sağ tərəfdə yerləşdirmək üçün mümkün hər şeyi edin. Sadəcə, xahiş kifayət etməz. Ola bilsin ki, şəxsən gedib xahiş etməli olasınız. Təslim olmayın, təkid edin;
· Çap üçün çox uzun mətn materialından istifadə etməyə qorxmayın. O, jurnal üçün daha yararlı olsa da, bir çox qəzet reklam nəşrləri də ondan istifadə edir;
· Əgər reklamınız biznes adamları üçün nəzərdə tutulubsa, onu maliyyəyə həsr edilmiş qəzetlərdə yerləşdirin. Əgər siz evdar qadınlar üçün xidmətlər və ərzaq reklamı edirsinizsə, onda onu qadınlar üçün olan səhifələrdə yerləşdirmək daha yaxşı olar. Ərzaq və qidanın reklamı üçün xüsusi səhifələr var. Astrologiya səhifəsi, adətən, əksər insanlar tərəfindən oxunur. Lakin, ümumiyyətlə, reklam üçün xəbərlər bölməsi daha yaxşıdır;
· Rəqiblərinizin reklamını, xüsusilə də təkliflərini öyrənin. Sizin reklamınız daha inandırıcı, qısa, xoş, seçilən, ən yaxşı olmalıdır;
· Reklametmənin nəticələrini diqqətlə qeyd edin. Reklamdan sonra sizin mal və xidmətinizə tələbat nə kimi artıb, bunu mütləq bilməlisiniz. Qeydiyyat aparmasanız, sınamaların heç bir əhəmiyyəti olmayacaq;
· Sizin reklam mütləq sizin ehtimal edilən bazarınıza müvafiq olmalıdır;
· Sizin reklam sizin əmtəə və ya xidmətə mütləq müvafiq gəlməlidir;
· Sizin reklam onu dərc etdirdiyiniz qəzetə mütləq müvafiq olmalıdır;
· Qısa sözlərdən, qısa cümlələrədən, qısa abzaslardan istifadə etməyə çalışın;
· Ünvanınızı təkcə kupon üzərində yerləşdirməyin. Əgər siz kupondan istifadə edirsinizsə, ünvanınız həm kuponun üzərində, həm də yenə haradasa olmalıdır ki, kupon kəsilib götürüldükdə ünvan qalsın.
· Qəzetdə yaxşı əks olunacaq fotoşəkil və illüstrasiyalardan istifadə edin;
· Kompaniyanızın adını həmişə reklamın hansısa aşağı hissəsində yerləşdirin. Gözləməyin ki, alıcılar kompaniyanın adına materialın özündə, sərlövhəsində məhsulun və ya mağazanın şəklində fikir verəcəklər. Hərçənd ki, kompaniyanın adını çox vaxt başlığa və ya, ən azı, yarımbaşlığa yerləşdirmək pis deyil;
· Reklamda hər hansı müasirbir şeyi xatırladın. Unutmayın ki, qəzetlər xəbərlərə görə oxunur. Ona görə, əsas ideya yeniliklərlə bağlı olmalıdır, əgər bu mümkündürsə;
· Bütün müştərilərinizdən sizin haqqınızda haradan eşitdiklərini soruşun. Əgər qəzetin adı çəkilmirsə, birbaşa soruşun: «Qəzetdə reklamımızı görmüsünzmü?» Müştərinin reaksiyası sizin üçün çox vacib olacaq.
***
Və əgər reklamdan söz açdıqsa, mütləq bu bölmədə ümumən reklam işindən də danışmağımız məqbul olar. Nəzərdən qaçırmayın ki, hər hansı sahədə uğur qazanmaqçün mütləq yaxşı reklam olunmaq lazımdır. İri kompaniyalar hər il imic reklamına milyonları hədər yerə xərcləmirlər ki. İri kompaniyaları bir kənara qoyaq. Hər bir sahədə çalışan sənətkarın, istər dərzi, modelyer olsun, istər aşpaz, qənnadıçı olsun, istər bənna, dülgər olsun, fərqi yoxdur, müştəri qazanmaqçün reklama ehtiyac var. Daha çox pasiyent arzulayan həkim, daha çox öyrənci axtaran repetitor-müəllim, daha çox kitab satmaq istəyən yazıçı, daha çox populyarlıq əldə etməyə can atan müğənni, daha güclü kluba keçmək istəyən futbolçu, seçkilərdə qalib gəlmək istəyən siyasətçi, bir sözlə, hamı-hamı yaxşı reklam olunmaqda maraqlıdır.
Reklam sözü «rechama» latın feilindən yaranıb, qışqırmaq kimi tərcümə olunur. Doğrudan da, sənin reklamın sənin barəndə qışqırmalı, diqqətləri cəlb etməlidir. Reklama ümumiləşdirilmiş bir tərif versək isə belə bir cümlə alarıq: Reklam – informasiyanın yayılmasına xidmət edən bir marketinq – kommunikasiya istiqamətidir.
Reklamın ən geniş yayılmış növləri aşağıdakılardır:
- istehlak reklamı;
(məhsulun, brendin istehlakçı üçün dəqiq obrazını yaratmağa xidmət edir)
- ünvan-məlumat reklamı;
(istehlakçı hansısa məhsulu haradan almağı, hansısa xidmətlərin harada göstərildiyini öyrənir)
- imic reklamı;
(ictimaiyyətin daim diqqətində olmaq, cəmiyyət tərəfindən tam tanınmaq)
- ictimai reklam;
(hər hansı aparıcı, pozitiv cəhətin reklamına yönəlmiş mesaj)
- biznes reklam;
(istehlakçıya deyil, distribüterlərə, sənaye alıcılarına, peşəkarlara yönəlmiş, bazarın bütün iştirakçılarının maksimum məlumatlandırılmasına xidmət edən mesaj)
- siyasi reklam;
(bu və ya digər siyasi cərəyana səs vermək üçün elektoratın cəlb edilməsi).
Hər hansı sahədə uğur qazanmaqçün reklama müraciət edən şəxs mütləq reklamın əlifbasını bilməlidir ki, həm az xərci çıxsın, həm də çox fayda qazansın.
Hazırda dünyada ən geniş yayılmış reklam növü kütləvi infonrmasiya vasitələrində reklamdır.
- Televiziya reklamı (bura hər hansı proqram zamanı reklam fasiləsində gedən reklam blokuna daxil edilmiş videoçarx, gəzən sətir reklamı, eləcə də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Radio reklamı (bura həm audioçarxlar, həm də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Çap reklamı (bura mətbuatda gedən reklam materialları, müxtəlif broşürlar, vərəqələr, vizitkalar və s. aiddir)
İnternet-reklam (sayt və bloq reklamları, sosial-şəbəkə reklamları, videoreklamlar, bannerlər, piksel reklamı və s. aiddir).
Digər reklam növləri bayır (autdoor-reklam) və iç (indoor-reklam) reklamlarıdır ki, bunlardan da birinciyə açıq havada yerləşdirilmiş daimi, yaxud stasionar konstruksiyalardakı, binaların, nəqliyyat vasitələrinin üzərindəki reklamlar, ikinciyə isə qapalı yerdə, xüsusən ticarət mərkəzlərində, biznes mərkəzlərdə və vağzallarda, mədəniyyət, idman müəssisələrində yerləşdirilmiş reklam lövhələri aiddir.
Mogna Global kompaniyasının Avropanın reklam bazarının 2016-cı il reytinqinə diqqət etsək, bu sahədə astronomik həddə pulların dolaşdığından xəbər tutarıq.
5. İspaniya 6,03 milyard dollar
4. İtaliya 8,74 milyard dollar
3. Fransa 11,82 milyard dollar
2. Almaniya 22,29 milyard dollar
1. B.Britaniya 23,66 milyarjd dollar
Dünya üzrə isə liderlər aşağıdakı ölkələrdir:
3. Yaponiya 37,68 milyard dollar
2. Çin 80,24 milyard dollar
1. ABŞ 190,83 milyard dollar
Ümumən dünya reklam bazarının hazırkı həcmi təqribən 600 milyard dollara bərabərdir. Razılaşın ki, bu, olduqca böyük rəqəmdir.
Əgər siz öz fəaliyyətinizi reklam etdirməyə ehtiyac duyursunuzsa, onda mütləq nəzərdən qaçırmayın ki, dünya İnformasiya Telekommunikasiya Texnologiyalarının inkişafı xəttinə yönəlib, odur ki, brendlə, məhsulla, xidmətlə istehlakçı arasında hazırda əsas innovasiya drayveri rəqəmsal (digital) hesab olunur. Bu sahə, artıq əsas media sahəsi olaraq reklam investisiyasının həcminə görə televiziyanı üstələməkdədir. Saytlar, sosial şəbəkələr, bütün onlayn-video daşıyıcıları – bunlar sizin reklamınız üçün ən ideal vasitələrdir.
Unutmayın, reklama xərclənən hər bir manatınız sizə azı iki manat xeyir gətirməlidir.
Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir:
- nəzərdə tutulan auditoriya;
- reklam mətninin özü;
- reklam kanalı.
Siz biznesiniz üçün lazım olan auditoriyanı düzgün seçməli, reklam mətnini qüsursuz hazırlamalı, ən nəhayət, ən effektiv reklam növü seçməlisiniz.
İlk baxışda, lazımi auditoriyanı seçə biləcəyinə hər kəs özündə bir əminlik hiss edir. Amma, məsələ düşünülən qədər asan deyil. Sizə bir sual verim. Tutalım, avtomobil almaq istəyirsiniz, özü də məlum bir kompaniyanın avtomobilini. Sizə hansı məlumat-reklam guşəsi cəlbedici gələcək: bütün avtomobillərin satılmasından bəhs edən, yoxsa konkret siz arzuladığınız kompaniyanın avtomobillərindən bəhs edən? Əlbəttə sizi ikinci cəlb edəcək.
Hər hansı xəstəlikdən, məsələn, ostraxondrozdan əziyyət çəkən xəstə ümumi terapevt həkimin reklamını görub onun yanına təşrif buyurar, yoxsa məhz ostraxondroz üzrə mütəxəssisin? Təbii ki, ikincinin.
Unutmayın. Reklamda maksimal effekt əldə etmək üçün çalışın onu konkret auditoriyaya ünvanlayasınız. Auditoriya kiçildikcə reklam effektivliyi artacaq. Hətta siz, maksimum effekt qazanmaq üçün reklam ünvanladığınız auditoriyanı süni şəkildə kiçildə də bilərsiniz. Məlum bir şirkət istehsal etdiyi kondisionerə «Yalnız VİP müştərilər üçün!» yarlığını yapışdırıb kifayət qədər uğur qazanırsa, yaxud bir başqa şirkət avtomobillərinə «İndi hətta yoxsullar da avtomobil sürəcək» tipli reklam kampaniyası apararaq inanılmaz satış həcmi əldə edirsə, demək, bu dediyimiz müddəa sınanılmış müddəadır.
Reklam mətnini hazırlayanda da bir neçə vacib şərtə əməl etməyiniz zəruridir. İstehlakçı sizin təklif etdiyiniz məhsulla razılaşanda, unutmayın ki, özü-özünə suallar verir. Bax reklam mətninizdə o, bu suallara
cavab tapmalıdır.
1. Sual: Mən niyə bu məhsulu almalıyam?
Cavab: Çünki bu məhsul münasib qiymətədir, daha keyfiyyətlidir və s.
2. Sual: Mən niyə bu şirkətin məhsulunu almalıyam?
Cavab: Bu şirkət illərdir ki, bazardadır, müsbət imici, mükafatları var və s.
3. Sual: Mən niyə bu məhsulu məhz indi almalıyam?
Cavab: Endirim kampaniyası keçirilir, stimullaşdırıcı lotereya keçirilir, indi alsanız bir il pulsuz servis təklif olunur, məhsullar məhdud saydadır və s.
Reklam mətnində şəklin effekti çox böyükdür. İllüstrasiyalar daha çox diqqət cəlb edir və reklama inamı daha çox artırır. Maraqlı bir fakt deyim. Sosial şəbəkələrdə yazılan adi statusla şəkilaltı statusun oxunma sayı arasında azı 3-4 dəfə fərq var, bilirsinizmi?
Və ən nəhayət, potensial istehlakçını cəlb etməkçün yazılı reklamın başlığı uğurlu olmalıdır. Başlıq çox şeyi həll edir. Bir neçə variant düşünüb onun ən yaxşısını seçməlisiniz. Eləsini seçməlisiniz ki, istehlakçının yaxasından yapışıb onu özünə çəksin.
Video reklamda isə başlanğıc uğurlu olmalıdır. Elə bir başlanğıc düşünməlisiniz ki, cəmi 3-4 saniyəyə diqqəti cəlb etməyi bacarsın.
Və ən nəhayət, «hansı reklam növünə üstünlük verim» sualı ilə baş-başa qalarkən də ötəri qərar verməməlisiniz, xeyli düşünməli, saf-çürük etməlisiniz. Sizin potensial müştərilər daha çox hansı saatda asudə vaxt əldə edə bilir? Onlar nəyə baxır, nəyi dinləyir, nəyi oxuyurlar? Hansı portallara, sosial şəbəkələrə daha çox vaxt ayırırlar? Bu sualların hər birinin cavabı sizin reklam kampaniyanızı daha da uğurlu məcraya yönəldəcək.
Bəs hansı reklam növü məhz sizin profil üçün daha effektlidir? Küçə reklamımı, televiziyamı, internetmi?
Məsələn, «Hamıya yaxşı şərtlərlə kredit verilir» reklamını verib heç bir fayda əldə edə bilməyən bir tanıdığım bank yayda məzuniyyətə getmək istəyənlərə, payızda toy etmək istəyənlərə, qışda ev əşyaları almaq istəyənlərə , yazda evini təmir etmək istəyənlərə ayrıca kredit təklifi verməklə dördqat fayda ala bildi.
Kitab satışı ilə məşğul olan şəbəkə «ən yaxşı kitablar bizdə» formasında reklam kampaniyası aparsa, sizcə nəyəsə nail ola bilərmi? Amma, tutalım, sevgi romanı arzulayanlara ayrıca Nikolas Sparksı, Frederik Beqbederi, yaxud Mark Levini, detektivsevənlərə Fillis Doroti Ceymsi, Keyt Atkinsonu, yaxud Çingiz Abdullayevi təklif etsələr faydasını dərhal hiss edərlər.
İndi isə düzgün reklam taktikası qurmağın və effektiv nəticə əldə etməyin qabaqcıl təcrübəyə əsaslanmış yollarına diqqət yetirin:
- çalışın reklamınızda cəmi bir aspektə diqqət yönəltməyin, reklam olunan tam obraz kimi auditoriyanın qarşısında dayansın;
- reklam ideyanız çox sadə və asan anlaşılan olsun;
- istehlakçının etibarını qazanmaq üçün mütləq öz reklam etdiyiniz məhsulun, xidmətin rəqiblərin təklif etdikləri məhsul və xidmətdən üstünlüyünü göstərməyi bacarmalısınız.
Sizə uğurlar!
“Ədəbiyyatvə incəsənət”
(02.08.2023)
Qəbələ Beynəlxalq Musiqi Festivalının gözəl anları
Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçildi. Festival çərçivəsində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində növbəti ifa kamera musiqisi və “Clarte” klarnet kvartetinin konsert proqramı oldu. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak edirdilər.
Kamera musiqisi axşamında beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova (soprano), Elmina Həsənova (mezzo-soprano), Məryəm Yusifova (piano), Eldəniz Ələkbərzadə (piano), Nərgiz Kəngərli (piano), Şəms Ağazadə (violin), Vaqif Qurbanov (violençel) və Gülnaz Eldarlı (piano) maraqlı konsert proqramı ilə çıxış etdilər.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verildi.
Konsertdə A.Məlikovun “Ötəri anlar”, Q.Qarayevin “Səs və piano üçün romans”, V.Məmmədzadənin “Trio”, R.Mirişlinin “Səadət”, P.Bülbüloğlunun “Mənim Bakı şəhərim”, R.Hacıyevin “Saçlarına gül düzüm”, “Leyla”, həmçinin Avropa bəstəkarlarından A.Berg, V.Gervasi, E.Doqa, F.List, R.Ştraus, G.Faure və F.Şubertin əsərləri səsləndirildi.
Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət edirdilər.
Qeyd edək ki, “Clarte” klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Şərif Bağırov, Məhəmmədəli Paşazadə, Emil Bağırov və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Daha sonra Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunmuşdu.
Konsertin birinci hissəsində orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İohan Sebastyan Baxın “Simlilər üçün 1 nömrəli rəqs süitası”nı təqdim etdi.
Konsertin ikinci hissəsində Dmitri Sitkovetski violində Aleksandr Raskatovun violin, simlilər və zərb aləti üçün “V.A.Motsartın həyatından beş dəqiqə”, Arvo Pyartın violin, simlilər və zərb aləti üçün “Qardaşlar”, Bella Bartokun violin və simlilər üçün “Rumın xalq rəqsləri”, Sergey Raxmaninovun simlilər üçün “Vokaliz”, Fikrət Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, Firəngiz Əlizadənin simlilər üçün “Rəqs”, Leonit Desyatnikovun simlilər üçün “Bukovina mahnıları” əsərlərini ifa edildi.
Xatırladaq ki, Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.
Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Dünən gec saatlarda isə tamaşaçılara “Bramsı sevirsiniz?” adlı kamera musiqisi axşamı təqdim olundu.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Üzü cənnətə doğru yolu hələ uzundur...
BU GÜN XALQ ARTİSTİ FƏXRƏDDİN MANAFOVUN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır...
Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu guşəsində izi qalacaq...
Məzmunlu insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcək ki, kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər...
Ucalığın zirvəsində onu görsəniz heç də məətəl qalmayın, o, öz yerindədir...
Tez əsəbləşir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir...
Gözəl təşkilatçılıq qabiliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar...
Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, iyirmi beş adamdan irəlidədir. Amma nədənsə özündə güc tapıb bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır...
Bəzən adamda tənbəl birisi təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır...
Məğrur yerişi var, amma sakit təbiətli, mənən çox sadədir. Zəngin dünya görüşünə, iti zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur...
Açıq danışmağı bacarır, nəsə xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərif edəndə onu utandıra biləcək səviyyədə şişirdə bilir...
Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla ram edə bilir...
Deyir ki,- “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim. Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı- ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, bəyəm səhəri gözləyə bilməzdilər?”- deyə düşündüm və yatmağa getdim.
Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi. Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola salırdılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsini qəbul edən bir insana çevrilmişdim.
Yaxşı yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır!”
Eşitdiyimə görə dostluqda sədaqətli, yoldaşlıqda səxavətlidir...
Bilmirəm, kim necə düşünür, mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram.
Biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun çəkildiyi filmlər Azərbaycan qədər əbədi olacaq...
Avqustun 2-si Onun doğum günüdür, 68 yaşı tamam olur. Amma qəti qorxusu yoxdur. Üzü CƏNNƏTƏ doğru yolu hələ uzundur...
Yeni yaşı mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Vaqif Aslanın şeirləri Avstriya portalında yayımlanıb
Avstriyanın məşhur ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərini yayınlayıb.
Tərcümə Mərkəzinin məlumatına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
1950-ci ildə Şəkinin Kiş kəndində anadan olan tanınmış Azərbaycan şairi və tərcüməçi Vaqif Aslan 1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsində təhsil alıb: Onun ilk şeiri 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunub. O, eyni zamanda “Ruhlarla söhbət”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir. V.Aslan məşhur fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şardən və Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifidir.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Bu gün Kino işçilərinin peşə bayramıdır
Bayram hansı tədbirlərlə yadda qalacaq?
Bu gün kino işçilərinin peşə bayramı – Milli Kino Günüdür. Hər ikin 2 avqustu rəngarəng tədbir və təqdimatlarla yadda qalır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun yaranmasının 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur. Bu il eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətə başlamasının 60 illiyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino işçilərinin peşə bayramı münasibətilə avqustun 1-də ömrünü ekran işinə həsr etmiş bir qrup insanı mükafatlandırıb.
AKİ-dən bildirilib ki, ənənəvi olaraq bu il də ssenari, kinoşünaslıq, prodüser fəaliyyətinə görə uğur əldə etmiş bir neçə şəxs üçün mükafatlar nəzərdə tutulmuşdu. Əlamətdar günlə bağlı keçirilən tədbirdə mükafatlar sahiblərinə təqdim olunyb. Mükafatın məqsədi milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdən ibarətdir. Mükafat üçün namizədlərin seçimi aparılarkən ittifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesləri nəzərdən keçirmiş, təhlil etmiş, kinematoqrafiyanın müxtəlif sahələri üzrə fəaliyyət göstərən insanların xidmətlərini nəzərə almiş və açıq səsvermə yolu ilə laureatları seçmişdir.
Həmçinin avqustun 1-dən etibarən İctimai Televiziyada son illərdə “Azərbaycanfilm”də istehsal olunan qısametrajlı filmlərin nümayişinə başlanılıb.
Bu gün saat 17.00-də “Nizami” kino mərkəzində “Azərbaycan kinosu-125” adlı tədbir keçiriləcək.
Sabah - avqustun 3-dən 10-dək “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə “Azərbaycanfilm” kinostudiyası birlikdə klassik filmlərin nümayişini təşkil edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər
Avqustun 1-də Özbəkistan Respublikasının ölkəmizə təyin olunmuş səfiri Bahrom Aşrafxanov, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov, “Özbəkistan ədəbiyyatı və incəsənəti” qəzetinin baş redaktoru Salim Aşurov, yazıçı Xondamir Qadiri, Özbəkistan Yazıçılar İttifaqının üzvü Bahadur Kerimov və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni fəaliyyətin inkişafı şöbəsinin müdiri Camşidbek Niyazbekov Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər.
Milli Kitabxananın yaydığı məlumata görə, görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları kitabxanada görməkdən məmnunluğunu bildirərək, onlara Azərbaycan Milli Kitabxanası haqqında məlumat verib.
K.Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb.
Səfir Bahrom Aşrafxanov Azərbaycan Milli Kitabxanasında ilk dəfə olduğunu qeyd edərək, burada olmağından xoş hisslər keçirdiyini dilə gətirib. O, eyni zamanda 2 qardaş ölkə arasında dostluq münasibətlərinin mədəniyyət və ədəbiyyat sahəsində də davam etdiyini bildirib.
Səfir Azərbaycan yazıçılarının əsərlərinin özbək dilinə tərcümə olunaraq, Özbəkistanda “Azərbaycan mədəniyyəti günləri” adlı tədbir təşkil ediləcəyini qeyd edib. B.Aşrafxanov AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, BDU, ADU və bir sıra təşkilatlarla birlikdə layihələrin mövcud olduğunu, özbək ədəbiyyatı klassiklərinin, müasir özbək ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunduğunu vurğulayaraq, qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutacaq layihələr əsasında iki ölkənin mədəniyyətinin tanınması ilə bağlı fikirlərini dilə gətirib.
Sonda qonaqlar kitabxanada yerləşən “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı” ilə tanış olaraq, kitabxananın fondu haqqında məlumatlandırılıblar.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Ölkə üzrə bütün mədəniyyət müəssisələrinin monitorinqi aparılır
Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 fevral tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub.
Monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır.
Prosesin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)