ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Təklik yaxşı şeydir, əgər bu haqda sonradan bölüşməyə insanın varsa.

 

2.Arzuları kişinin cibinə uyğun olan qadın sonda xoşbəxt olur.

 

3.Ehtiyatla söz verənə cəsarətlə inan.

 

4.Müasir insanın həyatı interneti qoyub görüşə bildiyi insanların sayı ilə ölçülür.

 

5.Başqa başlarla məsləhətləş, amma öz başının da olduğunu unutma.

 

6.Macəra dolu həyat istəyirsənsə, insanlara etibar et.

 

7.İşləyən saatın sənin də işləməli olduğuna işarədir.

 

8.İnsan tərifi dilucu, söyüşü ürəkdən deyər.

 

9.Yalan dediyinə görə səni bağışlayarlar, həqiqətə görə isə heç vaxt.

 

10.Səni yaxınlarına bağlayan ipləri uzun eləsən, qırılmaq ehtimalı azalar.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Cümə, 26 Yanvar 2024 10:30

Məhərrəm Əhmədov təltif olundu

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Bir xəbər hamımızı sevindirdi. Ötən gün 70 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının 2-ci dərəcə dövlət müşaviri, Əməkdar dövlət qulluqçusu Məhərrəm Camal oğlu Əhmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. 

 

Məhərrəm Camal oğlu Əhmədov 1954-cü il yanvarın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975–1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub. 1977–1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib. 1978–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1994–1997-ci illər Məhəmməd Füzulinin 500 illik və "Kitabi Dədə Qorqudun" 1300 illik yubileyi üzrə Dövlət Komissiyalarının işçi qruplarının rəhbəri olub.

1997–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışır. 2012-ci ildə Cənubi Koreyanın Yeosu şəhərində keçirilən Expo 2012-də (Expo 2012 Yeosu Korea) Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 

1990-cı ildə "Azərbaycan dilində birinci tərəfi ərəb mənşəli sabit feli birləşmələr (XIII–XVIII əsrlər yazılı abidələri əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi (Filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. Dilçiliyin müxtəlif sahələrinə dair 30-dan çox məqalə və tezisi çap olunub. Bir danışıq kitabçası və iki lüğətin həmmüəllifidir. Bir çox respublika və beynəlxalq əhəmiyyətli simpozium və konfranslarda iştirak edib.

Müxtəlif illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı İslam Universiteti və Qərb Universitetində Azərbaycan və ərəb dilləri fənnindən dərs deyib.

Rus və ərəb dillərini (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir.

Məhərrəm Əhmədov müxtəlif illərdə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalları, "Əməkdar dövlət qulluqçusu" fəxri adları ilə təltif olunmuşdur. Bu da 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni! 

 

Məhərrəm müəllim həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvüdür. “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Məhərrəm Əhmədovun Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə bütün işlərində ona uğurlar arzulayırlar.

İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Məhərrəm Əhmədovu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.

Qarşıda isə hələ görüləcək çox işlər var. Yorulmayasınız və missiyanızı bundan sonra da şərəflə yerinə yetirəsiniz, dəyərli Məhərrəm müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kim ki yüz il yaşamasa, günah onun özündədir. Bunu babalarımız deyiblər. O vaxt bu ifadə çox aktual idi, indisə yüz il yaşamaq demək olar, mümkünsüzdür. 1-2 nəfər taparsan, ya tapmazsan. Amma 100 illik yubileyini keçirmiş bir nəfər var. 

 

Ötən gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova 102 yaşını qeyd etdi. 

O, Azərbaycanda İkinci Dünya müharibəsinin olsun ki, sonuncu sağ iştirakçısıdır. Fotodakı da odur, 1922-ci il təvəllüdlü Fatma Səttarova. 

O, ön cəbhədə vuruşub, Leninqradın azad edilməsində fəal iştirak edib.

Dünən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yaydığı məlumatdan bəlli oldu ki, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurovun başçılıq etdiyi nümayəndə heyəti Fatma Səttarovanı doğum günü münasibətilə təbrik ediblər və sovet qoşunları tərəfindən Leninqradın faşist blokadasından tam azad edilməsinin 80-ci ildönümü ərəfəsində ona çiçək dəstələri və xatirə hədiyyələri təqdim ediblər. 

Görüş əsnasında Fatma Səttarova qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi qol saatını göstərib.

Bu yerdə məndə bir sual yaranır. Bəs bizim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən, yaxud, Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsindən kimsə gəlib Fatma xanımı təbrik edibmi? Etsəydi, səsi çıxardı məncə. 

Bəs niyə?

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Azərbaycan Dövlət Musiqili Teatrı fevraldakı repertuarını açıqlaylb. Teatr maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxacaq. Həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar razı qalacaqlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın fevral repertuarını təqdim edir.

 

2 fevral- “Amerikalı kürəkən”

 

3 fevral- “Bir dayan, canavar!”, “Beş manatlıq gəlin”

 

4 fevral- “Dəcəl çəpişlər”, “Nəğməmə inan”

 

9 fevral- “Silva”

 

10 fevral- “Qırmızı papaq”, “Utancaq qız”, “Mən dəyərəm min cavana”

 

11 fevral- “Yağış göbələyinin macərası”, “Qızıl toy”

 

16 fevral- “O olmasın, bu olsun”

 

17 fevral- “Qoğalın macərası”, “Baladadaşın toy hamamı”

 

18 fevral- “Buratino”, “Paris Notr-Dama ithaf”

 

23 fevral- “Ər və arvad”

 

24 fevral- “Meşə çaqqalsız olmaz”, “Leyli və Məcnun”

 

25 fevral- “Məchul pilləkan”, “Bir nəfəs qədər”

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

 

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa ölkəmizdə keçirilən Özbəkistan Ədəbiyyatı-Mədəniyyəti Günlərinin iştirakçılarına müraciət ünvanlaylb. “Ədəbiyyat və incəsənət” portalı həmin müraciət mətnini diqqətinizə çatdırır:

 

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri zəngin ənənələrə, gözəl bugünə və ümidverici sabaha malikdir. Əlbəttə, biz qardaş xalqlarıq, deməli, ədəbiyyatımız-mədəniyyətimiz də qardaşdır, ortaq dəyərlərimiz, ortaq abidələrimiz vardır. Türküstan-Qafqaz-Anadolu axınları tariximizdə özünəməxsus yerə sahibdir. Biz burada Qafqaz yerinə Azərbaycan desək, yanlış olmaz; çün zaman-zaman Xəzərin dörd səmtində türklərin söz yiyəsi olduğu dönəmlərdə, dənizin günbatar, habelə güney səmtlərində əsasən Azərbaycan dövlətləri hökm edib. Belə olunca, Türküstan-Anadolu, ümumən Gündoğar-Günbatar axınlarında Azərbaycan qatı, Azərbaycan qatqısı olmazsa olmazdı. 

Nə Özbəkistan, nə də Azərbaycan bu axımlarda yalnız güzargah deyildi, yaradıcı münasibəti, tarixi töhfələri ilə iştirak edir, bir çox hallarda mədəni proseslərə qaynaq, ocaq - başlanğıc olurdu. Doğrudur, indiki Azərbaycan və Özbəkistan əraziləri qədimlərdə başqa adlarla tanınır, bilinirdi lakin xalq, mədəni irs, mədəniyyət iqlimi əsasən eyniydi. Bax, o dönəmlərdə qardaş xalqlar bir daha qaynayıb-qarışıb, hərbi axınlar, fəthlər kainatın ruhuyla mədəniyyət axınlarına dönüşüb… Və zaman-zaman axınların geriyədönüş məqamları da olub; bu məqamlarda Təbrizli, ümumən Azərbaycanlı yaradıcı insanlar, memarlar, nəqqaşlar, xalçaçılar və b. Türküstana getmiş olmalı ki, Səmərqənddə, Buxarada onların adı, sənəti bu gün də məhəbbətlə vurğulanmaqdadır…

Tarixə sayğılarımızı söylərkən ən çox bu günə - müstəqillik dönəmi bağlarımıza diqqət, vurğu etməyi daga doğru sayırıq. Çünki tarix istinad yeri ola bilər amma tarixdə xumarlanmaq yox, ondan güc almalıyıq və güc aldığımızı bugünkü sənət hadisələri ilə sübut etməliyik. 

Nizami-Nəvai-Füzuli… sənət keçidləri, təsirləri akademik araşdırmalara mövzu olub, olacaq da; bəs bu gün nə kimi keçidlər, təsirlənmələr mövcuddur, gələcəyə nələrlə, kimlərlə və necə gedirik? - Bax, bu sual bizi səfərbər etməli, daha sistemli çalışmalara sövq etməlidir.

 

Çox şadıq ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bilavasitə, eləcə də, hər iki ölkənin Mədəniyyət nazirlikləri, parlamentlərimizin mədəniyyət komitələri, ictimai birliklərimiz, Dünya Gənc Türk Yazarlar Birliyi, “Kitab dünyası” qəzeti, Yazıçılar birliklərimiz, digər bir sıra qurum-quruluşlarımız, bir çox aydınlarımız… xeyli iş görüb, görür və onlar daha yeni çalışmalar əzmindədir.

 

Qardaş Özbəkistan Prezidentinin Sərəncamı əsasında 100 cildlik “Türk xalqları ədəbiyyatı” antologiyasının nəşri, o nəşrdə Azərbaycan klassiklərinə, çağdaşlarına geniş yer ayrılması minnətdarlıqla vurğulamaq istədiyim hadisələrdəndir.

Qardaş ölkənin Azərbaycanın Ermənistan işğalından azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb tikməsi də yalnız təhsil hadisəsi olmaqla qalmayıb, sözün böyük mənasında, xeyirxahllq, qardaşlıq mədəniyyətinin təntənəsidir. 

 

Milli Məclisin Mədəniyyət Komitəsinin keçmiş sədri, rəhmətlik Qənirə xanım Paşayevanın unikal “Addım-addım Özbəkistan” kitabını da bir vəfa borcu olaraq bu yazıda xatırlamalıyam. Qənirə xanımın ümumən Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətləri unudulmazdır. Ruhu şad olsun!

 

Bizlər əlaqələrimizi əməkdaşlığa çevrildikcə, dərinləşdirdikcə və yeni üfüqlər qazandıqca, gələcək nəsillərə örnək yollar açılır, əcdadımızın da ruhu şad olur.

 

Mən Azərbaycanda Özbəkistan Ədəbiyyat-Mədəniyyət Günləri keçirilməsini yuxarıda qeyd etdiklərimiz fonunda ciddi, sanballı hadisə sayıram. Özbəkistanda (Milli Məclisin Mədəniyyət Komitəsinin yaxından iştirakı, dəstəyi ilə) Azərbaycan Ədəbiyyat-Mədəniyyət Günləri bir neçə dəfə keçirilib və çox şadıq ki, artıq qarşılıqlı olaraq belə günlərin, həftələrin keçirilməsi intensivləşir. 

 

Sovet dönəmində Azərbaycanda Özbəkistan, Özbəkistanda Azərbaycan Mədəniyyət dekadaları böyük anşlaqla keçərdi - biz sovetlərin həsrətini çəkmirik lakin müstəqillik dönəmində daha yaxşı tədbirlər təşkil etməyin zəruriliyini də vurğulayırıq. 

 

İnanıram ki, yeni təqvim ilinin ilk ayında keçirilən Özbəkistan Ədəbiyyatı-Mədəniyyəti Günləri unudulmaz olacaq və bütün ilə sirayət edəcəkdir.

 

Əziz özbək qardaş-bacılarımız,

hörmətli ictimai və sənət xadimləri, mədəniyyət işçiləri, Azərbaycana xoş gəlib-səfa gətirmisiniz!

Hər birinizə yeni sənət uğurları diləyirəm!

İnanıram ki, sizin gəlişiniz, çıxışlarınız yeni əməkdaşlıqlara vəsilə olacaqdlr.

Uğurlar!

Dərin hörmətlə:

 

Dr. Fazil MUSTAFA

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Cümə axşamı, 25 Yanvar 2024 15:30

Sevgidən nifrətə, nifrətdən sevgiyə - ESSE

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Varlığını yox etmək güclü iradədirmi, yoxsa, öz iradəsini birdəfəlik susdurmaqmı?

İradəsi susmuş insanlar sağdırlarmı, yoxsa, bu dünyadan məchul aləmə köçmüşlərmi?

Düşündürücü suallardan olan bu sual hiss və idraka hakim olan sual tiplərindəndir.

 

Həyatın "qara yollarından" "ağ yollarına" addım atmaq, "ağ yola" sağ çıxmaq cəsarət tələb edir.

Bəs sevgi necə, nifrət körpüsünə addımlamağa sövq edirmi?

Əlbəttə, nifrət adlı alov qəlbimizdə yer aldısa, öz odu ilə böyük məhvetmə gücünə malik olacaq.

Bu odu söndürməyə göz yaşı da kömək etməyəcək, çünki odun istisi çoxdan gözdəki bulağı buxarlandırmışdı.

Nifrət südəmər dövrümüzdən bizə sarılır.

Necə? 

- Yox, gülümsəmə. İndi o hissin "ilkin yaranma tarixini" xatırladacağam.  Doğulduqdan sonra bətnin istiliyindən çıxıb anamızın sinəsində qızınırıq. Ruhumuz anamızın sevgisi, qarnımız isə südü ilə doyur. O isti sinədən dodaqlarımıza həmin ilahi möcüzə ilə dolu ağ maye - ana südü gəlmədikdə ağlayıb-çırpınırıq. Bax o vaxtdan nifrət də yaranmağa başlayır. Psixoanalitik yanaşmaya görə eyni anda eyni obyektə həm sevgi, həm də nifrətimiz yaranır. 

Elə həyatda da sevgi və nifrətin növbələşməsinə bu nöqteyi-nəzərdən baxa bilərik. Daha sonra uşaqlıq dövründə uşağın sevimli oyuncağının əlindən alınması, ona kobudluq və bu kimi neqativlik gələcəkdə nifrətin yaranması üçün zəmin yaradır.

Düzdür, ailədəki sevgi və mərhəmət süfrəsi bol olarsa, bu neqativi yox etmək olar.  Əks halda körpəlikdən neqativ kodlanan hisslər yeniyetməlikdə üzə çıxacaq. Ən ağrılı nifrət isə özünənifrətdir, bu isə intihara da yol aça bilər.

Bu onu göstərir ki, şəfqət, məhəbbət bizi böyük bəlalardan xilas edir.

Özümüzü sevək, dünyanı sevək. Sevgi ilə nifrəti şah damarından baltalayaq, gəlin  birlikdə "nifrətin qatili" olaq!

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist, Azərbaycanın dostu Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunmuşdu: Ədəbiyyat ocağında - Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda. 

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular, Özbəkistandan gəlmiş qonaqlar  qatılmışdı. 
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açdı. 
AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğuladı. 
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırdı. Ədibin yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söylədi. Eləcə də çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. 
Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixindən, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışdı. O, bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatına aid olduğunu bildirdi. 
Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etdi. 
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik etdi. 
Daha sonra çıxış edən Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs etdilər. 
Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın "Şöhrət" medalı laureatı, "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verildi. O, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğuladı,  şeirlərindən nümunələr səsləndirdi. 
Tədbirin sonunda Xasiyyət Rüstəm tərəfindən tədbirin moderatoru Səlim Babullaoğluna "Kitab dünyası" qəzetinin diplomu təqdim olundu. 
Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin daha da inkişaf edəcəyinə müjdəçi olan tədbir beləcə sona çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov AzərTAC-a müsahibə verib. Daycest bölümündə müsahibədən fraqmentləri diqqətinizə çatdırırıq. 

“Pandemiya dövründə ən çox ziyan çəkən sahələrdən biri turizm sektoru oldu. Demək olar ki, həmin dövrdə bizim sahənin fəaliyyəti tamamilə dayandı. Postpandemiya dövründə ən uğurlu il 2023-cü il kimi qeydə alınıb. Ötən il Azərbaycana iki milyon turist gəlib. Düşünürəm ki, bu çox uğurlu bir rəqəmdir. Çünki, yaxşı dinamika var. Həmçinin bizim yerli vətəndaşların da regionlara səfərlərində artım müşahidə olunur. Bu il qarşımızda duran əsas hədəflərdən biri Azərbaycana gələn turistlərin sayını 20 faiz artırmaqdır.

Azərbaycan beynəlxalq arenada siyasi baxımdan bir nömrədir. Çünki dövlətdə stabillik, təhlükəsizlik məsələləri yoxdursa, deməli, həmin ölkələrə turist getməyəcək. Əgər turistlər bizim ölkəyə üz tuturlarsa deməli bizə inanırlar. Burada təhlükəsizlik məsələsi çox vacib amildir. Yeri gəlmişkən deməliyəm ki, son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər sayəsində xarici ölkələrdə böyük təbliğatımız gedib.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

 

Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.

Rəssamın nəticəsi Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb. O, sərginin belə yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Qeyd edilib ki, boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə bir neçə xüsusi məqamları qonaqların diqqətinə çatdırıb: "Sərgidə nümayiş olunan əsərlər məhz Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir. Biz bu sərginin açılması üzərində uzun müddətdir çalışırıq. Burada fırça ustasının seçilmiş rəsmləri çəkdiyi janrlar üzrə fərqləndirilib. Sərgidə, həmçinin Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən müxtəlif əsərlər toplusu yer almaqdadır".

F.Novruzov sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətlərinin olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni əlaqələri xüsusi qeyd etmək istərdim".

Səfir bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının təməli qoyulub. "Bu yaxınlarda Gəncə şəhərində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb. Həmçinin Qax rayonunun Əlibəyli kəndinin Gürcü Dövlət Dram Teatrına görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin adı verilib", - deyə Z.Pataradze əlavə edib.

Diplomat sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: "Lado Qudiaşvilinin əsərlərində məhz gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb". Zurab Pataradze sərginin təşkilində Lado Qudiaşvili Fonduna, Gürcüstanın Dövlət Muzeyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Lado Qudiaşvilinin yaradıcılığından söhbət açaraq deyib ki, Lado çox kiçik yaşlardan rəsm çəkməyə başlayıb, onun sənəti indiyədək hamını heyran edir.

Lado Qudiaşvili Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə və bu sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bakı Xoreoqrafiya Akademiyasının məzunları qonaqlara gürcü rəqsini təqdim ediblər.

Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır. Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə açılıb və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında rol alıb.

Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin rəğbətini qazanıb.

Lado Qudiaşvilinin dünyaşöhrətli incəsənət xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoyub. Lado özünü reallığı fərdi yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq edir.

Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii dünyagörüşü və seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılır.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.

 

“Ədəbiyyat və incəsənət”

 

(25.01.2024)

Cümə axşamı, 25 Yanvar 2024 12:45

İntihar etmiş kəlmələr - ESSE

Turunc Baxışlı, "Ədəbiyyat və İncəsənət".

 

 

Yenə qaranlıq gecə, sükuta qərq olmuş fikirlər və sonsuz olan ümidlər…

Hər gerçək bir xəyalla başlar deyib, elə başladıq arzular qurmağa, qurduqca bir az daha ümidləndik gələcəyə.

Beyində qurulan hər fikir, qarşıya qoyulan hər plan bir az daha möhkəmləndirdi bizi arzuların izində getməyə. Getdik getməyinə amma, zamanla yaralar da aldıq, öz savaşdığımız müharibənin əsiri olduq çarəsizcə.

Bunu da özümüz yaratdıq, əziz dostum.

Bilirsənmi, bizi tam edən də, tamlığımızı məhv edən də içimizdəki ümiddir əslində.

Qorxuruq addımlamaqdan, bacara bilməməkdən, uduzmaqdan, amma anlamırıq ki, uduzmasaq qazandığımızın qədrini necə biləcəyik, səhvlər etmədən doğrunun izini necə öyrənəcəyik ki?

Zədə almadan düz yerimək çox çətindi, gözəl insan.

Yaşayırıqsa bu həyatın asanları ilə bərabər çətinliklərinə də tab gətirməyi bacarmalıyıq. İstəsək də, İstəməsək də.

Ümidsiz olub da özünü incitmə, çünki bu ağrını səndən qeyrisi heç zaman hiss etməyəcək, əzizim.

Sən bir az daha geri çəkildikcə ümidlərin, o ümidin içində sayrışan kəlmələrində səndən xəbərsizcə intihar edəcək.

"Bəlkə də kəpənəklər bu dünyanı gördüklərində, ömürləri ilə birlikdə ümidləri də ölür", deyib, öz yolundan ayrılma. Kim bilir, bəlkə onların da intihar etmiş kəlmələri üzündən, qəlblərində boy atan kimsəsiz bir ümidsizlik qəbiristanlığı var…

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.