ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

ÜFÜQDƏKİ ADAM

 

2019-cu il. Bakı.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun izdihamlı zalı.

İndicə auditoriya qarşısında tarix elmləri doktoru adını qazanmaq üçün elmi işinin müdafiəsini uğurla həyata keçirmiş ispan qızı Aqueda Peres üç nəfərlik professorlar şurası önündə ayaq üstə dayanıb.

O, gənc və gözəl qızdır.

Professorlar onu uğurlu müdafiəsi ilə təbrik edirlər.

Onlardan biri Aquedanın İspaniyaya haçan dönəcəyi ilə maraqlanır.

Aqueda professora Nəsrəddin Tusinin gözlərini əbədi yumduğu zaman söylədiyi son sözlərini xatırladır. “Burla öldüyündən səkkiz əsr sonra yenidən diriləcək. Bunu dəqiq bilirəm. Ulduzlarla hesablamışam. Məni ondan soruşarsınız. O, mənim son kəşfimdir!”

Bundan sonra Aqueda Madridə deyil, İrana gedib Ələmut qalasının xarabalıqlarında Tusinin vəsiyyəti olaraq Burlanın qəbrini axtaracağını, Tusinin son sözlərinin doğru olduğuna əmin olduğunu deyir. Professorlara Burlanın qəbrini Ələmut qalasının xarabalığı ətrafında mütləq tapacağını söyləyir.

 

2019-cu il. Müasir İran.

Ələmut qalasının ətrafında salınmış müasir arxeoloji çadır.

Çadırın yaxınlığında iki gənc arxeoloq Hülakü xanın Ələmut qalasına hücumu zaman törətdiyi dağıntıların qalıqları arasında çala qazır. Onlar qalanın yerləşdiyi zirvənin ən hündür gədiyində bir zamanlar İsmaili şeyxinin Nəsrəddin Tusi üçün inşa etdirdiyi nücum elminə aid olan “görüntü hovuzu”nu artıq olduğu kimi bərpa ediblər. Hovuza su belə doldurulub ki, gecə ulduzlar həmin o “ayna hovuz”da aydın görünsünlər. Gənclərdən biri arxeoloqdur. O, azərbaycanlıdır. Adı Səməddir. İkinci gənci isə biz artıq tanıyırıq. Bu qız tarixçi arxeoloq Aquedadır. Səmədlə Aquedanın münasibətlərində flirt elementləri də sezilir. Onlar hələ evli olmasalar da, bir-birinə çox bağlıdırlar. Eyni yataqda yatır, son tikəni belə bir-biriylə bölüşürlər.

Səməd qalanın ətrafında qazılmış dərin çalanın içində qədim monqol üslubunda inşa edilmiş ovdanın gil qalıqlarını tozdan təmizləyir.

Aqueda isə rəsədxananın yerləşdiyi zirvənin coğrafi özəlliklərini əlindəki elektron cihazla aşkarlayır. Arxa fonda onların təkərləri palçıqlı hərbi Cip maşını görünür. Fonda kiçik generator səsi də eşidilməkdədir.

 

Gecə.

Çadırda yatmış Aqueda qala tərəfdən eşidilən əcaib səsə yuxudan oyanır. O, qorxa-qorxa Səmədi silkələsə də, Səməd yuxudan ayılmır. Gün ərzində bircə qurtum belə su içmədən gərgin işləmiş Səmədi bir toxunuşla oyatmağın çətin olacağını anlayan Aqueda təkbaşına çadırdan eşiyə çıxmalı olur. O qəribə səs get-gedə daha da artmaqdadır. Ay, ulduz görünməyən qaranlıq bir gecədir. Ancaq çobanaldadan ulduzu buludların arasından közərir.

Aqueda qorxa-qorxa dağ yuxarı bərpa etdikləri “nücum hovuzu”na doğru qalxır. Səs daha çox oradan gəlir. O, hovuza çatıb maraqla içinə baxır. Bayaqdan bəri eşidilən qəribə səs, sən demə, göydə sağa-sola axan ulduzların sürüşməsinin səsi imiş. Göy üzünün tutqun olmasına baxmayaraq, minlərlə işıqlı ulduz hovuz suyunda açıq-aydın görünür. Ulduzlar sarı, qırmızı kəhrəbalar kimi suyun üzündə bərq vurub adamın gözünü qamaşdırırlar. Onların suda əks olunan hərəkətləri çox əcaib səslidir. Aqueda gördüyü bu möcüzədən heyrətlənir. Ulduzlar hovuzun içində elə iri, elə aydın görünürlər ki, Aquedanın gözləri qamaşır. Zirvədə inşa edilmiş rəsədxana yerinin bu özəlliyini Aqueda ilk dəfədir ki, görür.

Aqueda Səmədi səsləyir. Səməddən səs çıxmır ki, çıxmır. Hovuzdakı ulduzların qəribə düzülüşü Aquedanın diqqətini bu dəfə başqa cür cəlb edir. Ulduzlar sanki ona “qalanın sağ səmtində yerləşən mağaraya en” işarəsini verirlər. Aqueda ulduzların nizamlı düzülüşünə itaətlə qulaq asır. Lakin mağaraya doğru enmək üçün irəli getmək istədiyi zaman ayağı boşluğa düşür. Və o, kəlləmayallaq qalanın arxasındakı dərənin içinə yumalanır.

Aquedanın başı dərənin dibində olan iri sal daşa dəyir. Və o, bir müddət huşunu itirir.

Bu kadrlardan sonra film ağ-qara görüntülü də ola bilər.

Aquedanın yıxılaraq düşdüyü dərə, sən demə, üstünü torpaq örtmüş qədim kurqan qəbirdir.

Bir neçə saniyədən sonra Aqueda özünə gəlir. Və cibindən çıxardığı fənərlə düşdüyü yerin kurqan qəbir olduğunu görür. O, sevindiyindən ağrılarını unudub ucadan Səmədi səsləyir.

Bu dəfə onun səsinə alt tuman-köynəkdə olan Səməd qaça-qaça gəlir. Səməd də Aquedanın arxasınca özünü dəlikdən içəri atır. Və Kurqan qəbri görən kimi heyrətlənir.

Səhər Aqueda gecə öz gözləri ilə gördüyü kəhkəşan möcüzəsini Səmədlə müzakirə edir. O, aşkar etdiyi Kurqan qəbrin üst hissəsində olan daş kitabənin ərəbcə yazısını oxumağa çalışır. Nəhayət, Aqueda daş kitabəni oxuya bilir. Və daş kitabənin üstündə miniatür üslubda çəkilmiş şəklin də qəbir sahibinə aid olduğunu anlayır. Bu qəbir Nəsrəddin Tusinin sevgilisi Burlanın qəbridir. Səmədlə Aqueda Kurqan qəbrin üstündəki daş kitabəni çətinliklə olsa da yerindən tərpətdikdə gözlərinə inanmırlar. Kurqan qəbirdə Ələmut qalasının sahibi, İsmaili şeyxi Bahəddinin qızı Burlanın yaxşı qorunmuş nəşi aşkar olunur. Burla sanki səkkiz əsr bundan qabaq ölməyib. Sadəcə yatıb. Nəsrəddin Tusinin “Səkkiz əsrdən sonra Burla danışacaq. Məni ondan soruşun!” vəsiyyətinin çin olduğunu görən Aqueda elmi açılışın bircə addımlığında olduğunu anladığından Səmədi bağrına basıb öpür. Onlar tapıntılarına əməlli-başlı sevinirlər. Və qəribəsi də budur ki, Aqueda eynən Burlaya oxşayır. Onlar elə bil əkiz bacıdırlar. Burla ilə Aquedanı bir-birindən ayırmaq mümkün deyil. Burlanın sinəsi üstə çarpazladığı əllərinin içində bir məktub da var. Aqueda papirus kağızına ərəbin nəstəliq xətti ilə yazılmış həmin məktubu açıb oxuyur. Məktubda Tusinin bir çox dünyəvi kəşfi ilə bərabər “ölməzlik eliksiri formulu”nu kəşf etdiyi qeyd olunub. Burlanın səkkiz əsr diri kimi qalan bədəni də həmin bu kəşfin sübutudur.

 

Paris.

Arxeologiya muzeyində Səmədlə Aquedanın dünya arxeoloqları ilə görüşü keçirilir. Burlanın kurqan qəbirdən tapılmış möcüzə “nəşi” də dünya alimlərinə nümayiş olunmaq üçün Parisə gətirilib. Tədbir ən yüksək elmi dairələrin iştirakı ilə təntənə ilə keçirilir.

Səhər Burlanın şəkli bütün dünya dərgilərində dərc olunur.

Almaniyanın kiçik Bayden şəhərində Burlanın bədəni xüsusi avadanlıqlara qoşulub. Bu avadanlıqların köməyi ilə alimlər Burlanın “yaxşı qorunmuş” beyin toxumalarını yenidən dirildib onun tarixi yaddaşını görüntülərlə bərpa etmək istəyirlər. Onlar bu üsulla Tusinin formullarının sirrini də anlamağa çalışırlar. Burlanın xatirələrinin və əqli görüntülərinin vizual dirilməsi otağın içindəki iri ekranda dəvət olunmuş alimlərə də vizual olaraq göstərilir. Eksperiment bir neçə gün davam etdikdən sonra, nəhayət, Burla yaşadıqlarını bir-bir xatırlamağa başlayır. Burla artıq ilk görüntülü məlumatları da alimlərə ötürür.

 

Ələmut qalasının 1250-ci ildəki görüntüsü.

Hülakü xanın qalaya hücumu. Nəsrəddin Tusi ilə Burlanın gizli eşq macərasının başlanğıcı. İsmaili şeyxinin Tusi üçün rəsədxana tikdirməsi. Tusinin ölümsüzlük eliksirini kəşf etməsi. Hülakü xanın Burlanı edam etdirməsi. Nəsrəddin Tusinin onun cansız bədəninə icad etdiyi ölümsüzlük məlhəmini sürtməsi və digər görüntülər o dövrü olduğu kimi tarixçilər və alimlər üçün görüntülü şəkildə bərpa edir. Elə ilk seansdan bəlli olur ki, Nəsrəddin Tusi monqolların İran işğalı dövründə Hülakü xanın hakimiyyəti zamanı Marağa rəsədxanasını qurarkən Aristotelin bütün hərəkətlərin xətti və dairəvi olması fikrinə qarşı çıxıb. Alimlər bu kəşfdən heyrətə gəlirlər. Tusinin Darvindən bir neçə əsr öncə insanın bir canlı növ olaraq evolyusiyası haqqındakı inqilabi fikirlərini Burladan öyrənən dünya alimləri bir daha heyrətlənirlər.

Nəhayət, alimlər Burlanın beyin toxumasından bir tikə götürüb laboratoriyada daha dəqiq araşdırmaq üçün xüsusi şüşə kolbaya köçürürlər. Və bu toxumalardan keçmişə səyahət etməyə cəsarəti çatacaq Burlanın prototipini yaratmaq qərarına gəlirlər. Bir neçə gündən sonra alimlər Burlanın beyin toxumasından aldıqları genetik toxumalardan hazırlanmış, zamanı və düşüncəni adlaya biləcək xüsusi eliksirli kiçik ampulanı Aquedaya nümayiş edirlər. Və ona başa salırlar ki, bu ampulanın köməyi ilə o, əgər istəsə, elmi maraq naminə Burlanın yaşadığı dövrə Nəsrəddin Tusi ilə görüşə gedə bilər. Aqueda düşünmədən bu ampulanı damarına vurdurmağa razı olur. Və alimlər icad etdikləri yeni eliksiri iynə vasitəsilə Aquedanın damarına vururlar. Və Aquedadan Burlanın cismində və yaddaşında yaşayıb onun xatirələri ilə baş vermiş hadisələri bir-bir xatırlamasını xahiş edirlər. Əsl Burla canlı olmadığı üçün bir daha heç vaxt dirilib geri dönə bilməz. Aquedanın sağlam bədəni ilə isə bu iş mümkün olur. Həm də Aqueda ilə Burlanı bir-birindən ayırmaq görüntü olaraq çox çətin olduğu üçün keçmişin insanları da ondan şübhələnməyəcəkdilər. Həqiqətən də, Aquedanı Burla kimi görən Nəsrəddin Tusi belə onu ayıra bilmir.

Çox keçmir Aqueda Burlaya çevrilir. Onu qəribə bir yuxu halı alır. O, özünü kurqan qəbrin içində daş kitabə altında görür. Elə bil indicə yuxuya gedib. Sən demə, əsl Burla iki gündür Ələmut qalası içində itkin düşüb. Qalanın keşikçiləri ilə birlikdə Nəsrəddin Tusi də onu əllərində məşəl axtarırlar. Burla onu xəncərlə öldürüb çala gədiyə atan adamın üzünü də görür. Amma onun kim olduğunu blimir. Çox keçmir keşikçilər Burla olmuş Aquedanın cansız bədənini tapırlar. Onun öldüyünü düşünüb kurqan qəbrə qoymaq istəyəndə Aqueda ayılır. O, Ələmut qalasında onunla birgə yaşayan adamlardan heç birini tanımasa da, hamı onu Burla kimi qəbul edir. Əsl Burla Nəsrəddin Tusinin sevdiyi qızdır. Aralarında yaş fərqinin olmasına baxmayaraq, o da Tusini dəlicəsinə sevir. O, Ələmut qalasına sığınmış Nəsrəddin Tusini və digər elm adamlarını Hülakü xanın zülmündən qoruyan İsmaili şeyxinin yeganə qızıdır. Gözəl ox atıcısı, mahir at minicisdir. Film boyu o, bu məharətini dəfələrlə göstərəcək. Aqueda Ələmut qalasının üç aylıq mühasirəsi zamanı Burla sifətində qalada yaşayıb İsmaili döyüşçüləri ilə çiyin-çiyinə monqollara qarşı döyüşəcək də. Bu hadisə 1256-cı ilə təsadüf edəcək. Noyabr ayının sonuna.

 

Qaranlıq bir gecə.

Soyuq iliyə işləyir. Ələmut qalası İranın şimal-şərqində yerləşir. Dağ başında ucaldılmış qalanın önündə qurulmuş hərbi çadırlarda monqol əsgərləri tonqal ətrafında dincəlirlər. Onlar səhər açılan kimi növbəti hücuma keçəcəklər. Hülakü xanın monqol və uyğur döyüşçülərindən topladığı çoxsaylı ordusu artıq bir neçə aydır ki, qalanı mühasirədə saxlayır. Amma İsmaili şeyxləri və ətrafı təslim olmaq fikrində deyillər.

Hülakü xanın qızılı çadırı içində qızğın mübahisə gedir. Monqol sərkərdələrindən biri artıq neçə aydır çəkdikləri əziyyətə dözməyib qalanı yandırmağı təklif edir. Hülakü xana İsmaili şeyxlərinin nazı ilə çox oynamamağı tövsiyə edir. Onların, xüsusilə də Burlanın soyuqqanlı və qorxulu qatil olduğunu deyir. Hülakü xanın önünə əsir kimi qolları bağlı gətirilmiş, Ələmut qalasını və Nəsrəddin Tusini yaxından tanıyan Əhməd Marağayi adında fikir alimindən Ələmut qalasının sirrinin nə olduğunu soruşan Hülakü xan qəribə bir cavab alır. “Qalanın sirri Tusinin özüdür, Hülakü xan. O, Ələmut qalasını ulduzların köməyi ilə göydən idarə edir!” Bu cavaba əvvəlcə gülməklə münasibət bildirən Hülakü xan sonda sinirlənir. Və qalanı tamamilə yandırıb xarabazara çevirdikdən sonra Nəsrəddin Tusinin ona diri-diri gətirilməsini tələb edir.

 

Ələmut qalasının iç görüntüsü.

Dağ zirvəsində inşa olunmuş rəsədxana uzaqdan görünür. Ələmut qalasını igidcəsinə qoruyan İsmaili təriqətinin imamı və Nəsrəddin Tusi rəsədxana içində inşa edilmiş kiçik səlcuqlu hovuzunda görünən ay və ulduzların nizamlı düzümü fonunda gələcəkdən söhbət edirlər. Tusi qala başçısına ulduzların düzülüşünə görə gələcəyin necə olacağını deyir.

Qala yaxşı təşkil olunmuş müdafiə sistemi ilə, bir neçə mədrəsə, rəsədxana və məscidə malik olan elmi mərkəzi xatırladır. Hülakü xanın basqısına baxmayaraq, qalada həyat öz axarı ilə davam edir. Tusinin tövsiyələri ilə qazılmış dərin su quyularından əhali su çəkir. Daş gədiklərdə düzəldilmiş ərzaq anbarlarında saxlanılan ərzaq icma nümayəndələri arasında ədalətlə bölünür. Gənc və orta yaşlı döyüşçülərin döyüş qabiliyyəti hər an yoxlanılır. Uşaqlar gecə-gündüz elmlə, ibadətlə məşğul olurlar. Qadınlar yemək və təmizlik tədarükündə qulluqdadırlar. Nəsrəddin Tusinin şagirdi olan gənc İmran Təbrizi də filmin əsas qəhrəmanlarından biridir. O, ibranidir. Müsəlmanlığı Tusiyə görə qəbul edib. Onun ensiklopedik bilgisi qarşısında səcdə edir. Və Tusidən nücum elminin sirlərini öyrənməklə öz qəbiləsinə elmi baxımdan gün ağlamaq istəyir. Yeni Burlaya bütün film boyu baş vermiş əhvalatı da olduğu kimi təfsilatı ilə danışan əslində odur. O, Burlanın yaddaşını dirildir. Onu bir-bir gördüyü adamlarla yenidən tanış edir. İmranın dimdiyində məktub daşıyan bir göyərçini də var. Tusinin digər dünyəvi alimlərlə yazışmasını da film boyu həmin quş təmin edir. Aqueda yavaş-yavaş düşdüyü vəziyyətə alışır, uyğunlaşır. Həm alim marağı onu geri qayıtmağa qoymur. Həm də Tusinin ona olan sevgisi qızı ruhən qanadlandırır. O, artıq reallıqla irreallığın sərhədində qalıb. Nə edəcəyini bilmir. Vəziyyət elə sürətlə dəyişir ki, Aqueda sadəcə düşdüyü vəziyyətə uyğun olaraq yaşayır. Daha heç nə düşünə bilmir. Heç nəyi dəyişmək istəmir. Və qəfil özünün də Tusini dəlicəsinə sevdiyini anlayır. Eyni zamanda, ondan öyrəndiklərini bir-bir yaddaşı vasitəsilə iyirmi birinci əsrə, alman Baydeninə də ötürür. Tusini bir alim kimi kəşf etdikcə dünya alimləri onun ensiklopedik bilgiləri qarşısında səcdə etməyə hazırdırlar. Bir gün Aqueda əsl Burlanın son dəfə harada qeyb olduğunu araşdırmaq üçün yenidən kurqan qəbrə enir. Və burada Burlaya zəhər verib öldürən çuğul Yaqubla bir daha rastlaşıb onu tanıyır. Və çuğul Yaqub ifşa olunmasın deyə Aquedanı bir daha zəhərləyib bayıldır. Və elə huşsuz vəziyyətdəcə Hülakü xanın hüzuruna gətirir. Hülakü xan Burlanı göpən kimi ona vurulur. Və onu öz kənizi etmək istəyir. Burla buna razı olmur. Və itaət etmədiyinə görə onu edam gözləyir. Hülakü xan ondan ölüm ayağında son arzusunun olub-olmadığını soruşur. Burla Hülakü xanla döyüşmək istədiyini deyir.

Onlar qılıncla və monqol əmuduyla təkbətək döyüşürlər. Burla Hülakü xanı təkbətək döyüşdə yenir. Və qılıncı onun boğazına dirəyərək Ələmut qalasından çəkilməsini tələb edir. Elə bu anda Ələmut qalasının qapıları taybatay açılır. Bütün İsmaili təriqəti başda Nəsrəddin Tusi olmaqla, Burlanın öldürülməməsi şərti ilə, Hülakü xana təslim olduqlarını demək üçün qızılı çadıra doğru gəlirlər. Ələmut qalasının açarlarını da çuğul Yaqub Hülakü xana təhvil vermək üçün gətirir.

Bu təslimçiliyə Burla mane olur. O, Hülakü xanı əsir götürüb Nəsrəddin Tusi və İsmaili camaatı ilə birlikdə qalaya qayıdır. Ancaq qalanın dəmir qapıları bağlandıqdan sonra Hülakü xanı Burla azad edib öz çadırına doğru göndərir.

 

Ələmut qalasının önü.

Hülakü xan qızılı çadırında başına topladığı astroloqları və astronomları ilə birlikdə Tusinin elmi bilgilərini, kəşf və riyazi hesablamalarını dərk etdikdən sonra fikrində yanılmadığını anlayır. Ələmutu fəth etdikdən sonra mütləq Tusini öz yanında, hakimiyyətini möhkəmlətmək, onun adını tarixə həkk etmək üçün işlədəcəyini qət edir. O öz əmirlərindən və məsləhətçilərindən Tusinin zəif damarının, incə yerinin nə ola biləcəyini soruşur. Monqol astroloqlarından biri Tusinin ən böyük arzusunun düzgün seçilmiş yerdə tikilə biləcək rəsədxana ola biləcəyini deyir. Bu fikir Hülakü xanın ağlına batır.

Bir gün monqol döyüşçülərindən biri İmranın məktubdaşıyan poçtalyon quşunu oxla vurub yerə salır. Quşun dimdiyindən yerə düşmüş məktubu Hülakü xana gətirirlər. Hülakü xan məktubu oxutdurur. Məktubda Nəsrəddin Tusi Tusda yaşayan dostu alim Dədə Xətibə Aristotelə aid olan elmi açılışları inkar edən öz yeni fikirlərini göndəribmiş. Hülakü xan Tusiyə əziz olan Dədə Xətibi tapdırıb hüzuruna gətizdirir. Onu ordusunun qabağına çılpaq görkəmdə qatıb qalaya doğru göndərir. Bunu görən Nəsrəddin Tusi qala qapılarından əlində ağ bayraq çölə çıxır. Tusini görən Hülakü xan əlinin işarəsi ilə döyüşçülərini saxlayıb onun qarşısına tək özü gedir. Və onunla danışmaq istədiyini söyləyir.

Hülakü xanla Tusi qızılı çadırda söhbət edirlər. Burla da buradadır. Bir kənarda oturub. Hülakü xan Nəsrəddin Tusiyə onun hansı mərtəbəyə, mənsəbə layiq olduğunu bildiyini deyir. İsmaili camiəsinin yetirməsi olan Tusinin İbn Sina və Biruni elminin davamçısı olaraq Hülakü xana bir söykənəcək kimi gərək olduğunu söyləyir. Hülakü xanla yaxınlıq Nəsrəddin Tusiyə də gərəkdir. O, Abbasilərin onu həbs edib zindana saldırdığını unutmayıb. Hələ də intiqam hissi ilə alışıb-yanır. Hülakü xan həm də Tusinin elmi fəaliyyətinə dəstək ola biləcək yeganə fövqəlgücdür. Və onlar razılaşırlar. Tusi Hülakü xanın əliylə İslam xəlifəsini qətlə yetirib ondan intiqam alır. Şərqdə böyük güc və nüfuz sahibi olur. Bu razılaşmadan dərhal sonra Tusinin özünün seçdiyi coğrafi baxımdan ulduzlar üçün uyğun olan en və uzunluq ölçülərinin düzgün uzlaşdığı bir yerdə Hülakü xanın paytaxt elan etdiyi Təbriz yaxınlığındakı Marağa ucalığında yeni rəsədxana da tikilir. Və Tusi müxtəlif sahələrdə etdiyi elmi açılışları ilə özü ilə bərabər Hülakü xanın adını da tarixdə əbədiləşdirir.

Bu rəsədxanaya dünyanın hər yerindən – Cindən və Bizansdan belə alimlər elm dalınca gəlirlər. Və bu alimlər o zaman üçün, elə indinin özündə də yeni olan bir sıra elmi açılışlar və elmi hesablamalar edirlər. Burla olmuş Aqueda ilə Nəsrəddin Tusi yaratdıqları həmin bu “elmi oazis”də çox xoşbəxtdirlər və onlar bir gün Marağada evlənirlər. Toya dəvət olunmuş Hülakü xan Burla olmuş Aquedanın onun əlinə baxan Nəsrəddin Tusiyə ərə getdiyini görəndə çox sinirlənir.

Bir gün isə çuğul Yaqub Hülakü xanın könlünə yenə Burlanın sevgisini salır. Və Hülakü xan Tusidən ona yaratdığı elmi mərkəzə əvəz kimi kənizi olan Burlanı istəyir. Ona istədiklərini vermiş Hülakünün bu həyasız istəyi Tusini çox qəzəbləndirsə də, xana cavab vermir. Nə hə deyir, nə də yox. Və Tusi günlərin bir günü sarayı tərk edərək Burlanı Alban kilsəsində gizlətmək qərarına gəlir. Onlar Burla ilə birlikdə Marağadan gecə vaxtı qaçırlar. Bunu eşidən Hülakü xan onları iri dəvələrlə təqib edir. Və Şamaxı yaxınlığında, nəhayət ki, haqlayıb tutur. Hülakü xan Tusiyə toxunmur. Burlanı isə Tusinin gözləri qarşısında öldürtdürür. Tusi bu qətlə də mane olmur. Eləcə ikili yanaşma ilə qətli uzaqdan sakitcə izləyir. Bu məqamda onun sevdiyi insanı belə elminə görə qurban vermə reallığını yaşaması qabardılmalıdır. Ancaq bundan sonra Hülakü xan Tusini əli-qolu zəncirli halda Marağaya gətizdirir. Tusi Burla ilə son dəfə vidalaşanda onun bədəninə kəşf etdiyi ölməzlik eliksirini sürtür. Və bundan sonra bir daha heç zaman elmlə məşğul olmayacağını deyib təkkəyə çəkilir.

Burlanı kurqan qəbirdə dəfn edirlər. Və qəribə axıcı bir duman içində Burla gözlərini zorla olsa da açır. Və nə qədər qəribə olsa da, özünü filmin əvvəlindən xatırladığımız Ələmut qalasının ayağında qurulmuş arxeoloji çadırda görür.

Bu kadrdan ağ-qara görüntü rəngli kadrlarla əvəz edilir.

Burla yenə Aquedaya çevrilib. Aquedanın, nəhayət ki, ayıldığını görən Səməd gözləri yaşlı halda onu qucaqlayır. “Axı sən təkbaşına çadırdan niyə çölə çıxırsan? Əməlli-başlı qorxutmuşdun məni. Beş gündür ki, özündə deyildin. Sayıqlayırdın”, – deyə pıçıldayır.

Filmin finalında bizə bəlli olur ki, sən demə, kəhkəşanlı gecə ayağı büdrəyib Ələmut qalasının dibindəki dərəyə yuvarlanmış Aquedaya film boyu görünənlər sadəcə bir qarabasma görüntü kimi görünürmüş.

Səhər yenə Aquedanın qulağına ulduz səsləri gəlir. Və o, ayağa qalxıb ulduzların ona göstərdiyi yolla yenə dərəyə tərəf enir. Və Aqueda finalda Səmədlə birlikdə, həqiqətən də, Burlanın dərədəki kurqan qəbrini aşkar edirlər. Və daş kitabənin üstündə açıq-aydın Burlanın adını oxuyurlar. Bəlkə Aquedanın gözünə görünənlər elə həqiqət idi? Tusi, həqiqətən də, ölümsüzlük eliksirinin formulunu düşünüb tapmışd?! Bunu artıq biz görməyəcəyik.

Ona görə ki filmin son titrləri elə bu kadrların üstündə yazılır.

 

 “Ədəbiyyat və incəsənət”

(12.06.2024)

 

 

 

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

 

Sabah davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

 

 

Çərşənbə, 12 İyun 2024 14:04

100 manata çobanyastığı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Bu gün ilk dəfə taksisürənə 5 ulduz qoydum.

-Komfort, rahat idarə, mənzil başına tez çatmaq? 

-Yox əşi. Samokatsürənə bir qoydu ki. 

 

2.

Gül dükanında çobanyastığı çiçəkləri 100 manatdan satılır və uçur. Çünki gülsatan qaqaş yazıb vurub ki, “bunların ləçəklərini “sevir, sevmir” deyib qoparanda “sevir” alınır. 

 

3.

Apple Nyutonun başına düşən almadan bir dişdəm vurub özünə emblem düzəldib. Şükür ki, hamısını yeməyib.

 

4.

Topoqrafik kretinizm - səhər tezdən evdən çörək dalınca çıxırsan, bir aydan sonra səni Çindən deportasiya edirlər.

 

5.

Qadın - təsadüfi fikirlərin generatorudur. 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Yapma baliğın (təndirdə) hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Balıq – 183 qr

§ İstiot – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI

30-40 sm uzunluqda olan balıqlar təmizlənir, tam olmamaq şərtilə qarnı yarılır. Balığın başını da, üstünü də saxlamaq şərtilə çənənin altından, tən ortadan kəsilir, bir qədər yastıla- nır. Duzlanıb, istiotlanıb, dərisi çöl tərəfə olmaq şərtilə ətli hissəsi tən- dirə yapışdırılır. Ağzı kip örtülmüş təndirdə 10 dəqiqə ərzində hər iki üzü qızarmış vəziyyətdə hazır olur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Ermənilər ancaq mənim meytimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir-getsin, mən Ağdamda qalacağam." 

 

Qüdrət və hökmlülük deyəndə ağlıma ilk o, gəlir. Çünki 1003 xocalı vətəndaşının əsirlikdən azad edilərək geri qaytarılmasını biz məhz onun hökmlü xarakterinə borcluyuq.

Bu gün milli qəhrəmanımız Allahverdi Bağırovun şəhadət günüdür. 

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-sində Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alıb. Uşaqlıqdan futbol, voleybol və yüngül atletika ilə məşğil olan qəhrəmanımız  bir neçə il Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyur. 1976-cı ildən isə kamandanın baş məşqçisi seçilir. Qarabağ hadisələrinin ilk günlərindən qardaşı Eldar Bağırovla birlikdə ön sırada dayanır Ağdamdakı müdafiə dəstələrinin yaradılmasına və təşkilinə rəhbərlik edir. Rayon ərazisində gedən bütün  döyüşlərdə iştrak edir. Vətən oğulları adlandırılan 760 nəfərlik batalyona rəhbərlik edən, eyni zamanda Azərbaycan Ali sovetinin deputatı olan qardaşı Eldar Bağırov 1991-ci ildə yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Qardaşının ölümündən sonra Allahverdi ömrünün sonuna qədər saqqal saxlıyır və Eldarın batalyonuna rəhbərlik edir. 1992- ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Xocalının Naxçıvanlı kəndində ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edir. Əskəran qalasına qədər irəliləyib Pircamal kəndindəki böyük yüksəklikləri tutur erməni bayraqlarının yerinə üçrəngli Azərbaycan bayrağını sancır. Xocalı soyqrımı zamanı həlak olanların cəsədlərinin döyüş meydanından çıxarılması və Ağdam məscidində yuyularaq torpağa tapşırılması da Allahverdinin səyi nəticəsində baş verir. 1003 xocalı vətəndaşını əsirlikdən azad edib ailələrinə təhvil verir. 1992-ci il iyunun 12-si Aranzəmin döyüşündə Bağırovun dəstəsi 100 erməni əskərini məhv edir 10 nəfəri əsir götürür. Həmin gün təcili iş üçün Ağdama çağırılır onların maşını yolda minaya düşür maşındakı 3 nəfər sağ qalsa da Allahverdi sürücü və Nizami adlı həkim yerindəcə dünyasını dəyişir. Bağırovun nəşi Ağdamdakı şəhidlər xiyabanında qardaşı Eldarın yanında dəfn olunur.  O, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına laiq görülür.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Sərdar Fərəcov bəstəkarın həyat və yaradıcılığı haqqında tamaşaçılara geniş məlumat verib.

F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti və solistlərdən Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, Anar Şuşalı və Taleh Yəhyayev, Ramazan Şərifzadə, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Vəfa Vəzirova, Zabitə Alıyeva, Sərxan Bünyadzadə bəstəkarın sevilən əsərlərini ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Qırğızıstanda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "Alına yazılanlar, kağıza yazılanlar" adlı hekayələr kitabının təqdimatı olub.

 

525.az xəbər verir ki, kitabın qırğız dilinə tərcüməçisi, tərtibçisi və naşiri “Yanqi Ovoz”  Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, tanınmış qırğız yazıçısı Joldaşbek Monoldarovdur.

Təqdimat İssıkkulda (Çolpan Ata şəhəri) keçirilən Doqquzuncu Çukurova Uluslararası Türk Dünyası Ədəbiyyatı və Musiqisi festivalı, eyni zamanda, Qara Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 iliyi çərçivəsində baş tutub. Tədbirdə türk respublikalarından olan yazıçılar, şairlər, musiqiçilər, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

İspaniya Krallığının Barselona şəhərində BMT Turizmin İcraiyyə Şurasının 121-ci sessiyası keçirilib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə təşkil edilən sessiyada təşkilata üzv olan 30-dan çox dövlətin nümayəndələri iştirak edib.

Sessiya çərçivəsində çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov, öz növbəsində cari ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm mövzusunun daha geniş təmsil olunması ilə bağlı hazırda BMT Turizm ilə aparılan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

COP29-un iqlim dəyişikliyi siyasətində turizmin rolunun gücləndirilməsinin əhəmiyyətli təsirə malik olduğunu vurğulayan Kənan Qasımov İcraiyyə Şurasının üzvlərini COP29 təşkilatçılığında BMT Turizm ilə birgə irəli sürülən təşəbbüslərə dəstək olmağa çağırıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun vəfatının 35-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

 

AzərTAC xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri iştirak edib.

Sənətkarın ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, dünyaşöhrətli müğənninin özündən sonra iz qoyduğu Mahnı Teatrı hər il anım günündə sənətkarı yad edir, Rəşid sənətini sevənlər onun məzarı önünə toplaşırlar.

Doğma vətənini hədsiz dərəcədə çox sevən müğənni 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.

Məlahətli səsi ilə könülləri fəth edən Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün t.ü.f.d., Millət vəkili Məlahət İBRAHİMQIZININ “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri” məqaləsi təqdim edilir.

 

 

 

Ermənistanda Azərbaycan türklərinin "silinməz izləri" və ya Qafqazda erməni məsələsinin tarixi kökü qədim dövrlərdən deyil, I Pyoturun Xəzəryanı yürüşündən sonrakı dövrdən başlayır. Bu haqda Çar Rusiyasının Qafqaz siyasətindəki "erməni məsələsi" hətta böyük dövlətlərin monarxlarının yazışmalarında da əks olunmuşdur. 

Çar Rusiyasının Qafqazda söz sahibi olmaq və imperiya marağının həyata keçirilməsi siyasətinin əsası I Pyoturun zamanında qoyulmuşdur. Qafqazın aftoxton əhalisinin əksəriyyəti islam inancına malik olduğundan Çar Rusiyasının bu bölgədə yürüdəcəyi siyasətin təməli, eyni zamanda əsas hədəfi və məqsədi bölgənin müsəlman əhalisinin tərkibinin xristian əhali hesabına dəyişdirilməsi idi. Ötən üç yüz il ərzində  bölgədə baş vermiş bütün tarixi proseslər də bu deyilənləri sübut etmişdi. Ümumiyyətlə, Çar Rusiyasının Qafqaz  siyasəti bir neçə mərhələdə həyata keçirilmişdir. İlk mərhələdə məqsəd əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan Şimali Qafqazın müsəlman əhalisinin tərkibini xristian inanclı əhali hesabına dəyişdirmək idi. Daha dəqiq desək, erməni məsələsindən istifadə edərək bu bölgədə erməni əhalisinin sayını artırmaq idi. sonrakı mərhələdə hədəf Cənubi Qafqaz idi. Çar Rusiyası süquta uğradıqdan sonra bu siyasət Sovet dönəmində zahirən dəyişsə də, mahiyyət etibarı ilə davam etdirildi. Azərbaycan xalqının tarixi yurd yerləri olan Qərbi Azərbaycan torpaqlarının erməniləşməsi Sovet dövründə daha açıq və acımasız həyata keçirilirdi. Bütün beynəlxalq hüquq və normalara zidd olaraq həyata keçirilən deportasiya və etnik təmizləmə isə XX əsrdə insanlığa qarşı törədilən ən ağır cinayətlər sırasındadır. Qeyd etmək lazımdır ki, SSRİ Nazirlər Şurasının azərbaycanlıların deportasiyası ilə bağlı qərarından əlavə, Ermənistan Sosialist Respublikası ardıcıl olaraq, 1956-57, 1965, 1967, 1968-ci illərdə də buna bənzər qərarlar qəbul etmiş və bu qərarları qısa müddət ərzində icra etmişlər. Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyasına dair oxucular kitaba daxil edilmiş Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi (CİA-MKİ) tərəfindən hazırlanmış Stalinin 23 dekabr 1947-ci il tarixli bu qərarı və onun icrası ilə bağlı xüsusi hesabatda əldə edəcəklər. ABŞ MKİ-nin bu hesabatı 1946-1952-ci illərdə Ermənistanın bütün bölgələrindən azərbaycanlıların deportasiya edilməsi və boşaldılmış bu torpaqlara İran, Bolqarıstan, Suriya, İraq, Misir, Livan, Yunanıstan və Rumıniya kimi ölkələrdən gətirilmiş 120 mindən çox erməninin yerləşdirilməsi faktlarla təsvir edilir.Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son iki yüz ildə "Böyük Ermənistan" xəyalı ilə yaşayan ermənilər müxtəlif dövlətlərin və terrorçu qrupların dəstəyi ilə Türkiyə və Azərbaycana qarşı çoxsaylı cinayət, qətliam və terror aktları da törətmişlər. Bu məlumatlar dünyanın bəzi mötəbər təşkilatları, xüsusilə də ABŞ MKİ (CİA) tərəfindən hazırlanmış bir sıra  hesabatlarda konkret faktlarla göstərilmişdir. MKİ-nin 1975-1983-cü illəri əhatə edən "Erməni Terrroru: ASALA davam edən beynəlxalq təhlükə" adlı  hesabatında adı keçən "ASALA", "Erməni Soyqırımına Ədalət Komandosu", "Erməni Fədailəri", "Məhkum  Nijde Qaragin  Qrupu", "Yanikyan", "Orli Qrup", "Yeni Erməni müqavimət hərəkatı", "Qara Aprel" kimi  onlarla  erməni terrorçu qrupları ABŞ və bəzi dövlətlər tərəfindən rəsmi olaraq terror təşkilatları kimi tanınır. Erməni terror təşkilatları haqda  daha ətraflı məlumatlar ABŞ-nin MKİ (CİA) Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) hesabatında tanış olmaqolar.

1987-ci ildə Qafqazda erməni separatizmi yenidən baş qaldıranda Sovet İttifaqının nüfuzlu qəzeti olan "Komsomolskaya Pravda" yazırdı: "...erməni xalqı "Böyük Ermənistan" psixozu durumundadır. Onlara yalnız və yalnız doğruları, yəni əslində, kim olduqlarını və heç bir zaman böyük dövlətə sahib olmadıqlarını söyləmək vacibdir". Məqalədə qeyd edilirdi ki, əgər onların iddia etdiyi kimi,"Böyük Ermənistan" dövləti olmuş olsaydı, dövlətin ən vacib şərtlərindən biri kimi pul sikkələri olardı. Tarix çoxdan sübut etmişdir ki, böyük dövlətlərdə bu dövlətin hakim millətinin və xalqının burada yaşayan etnik azlıqların dilinə, mədəniyyətinə, kulinariyasına, incəsənətinə, adət və ənənələrinə təsir etməsi  qaçılmaz gerçəklikdir. Ermənilərə gəldikdə, onların Qafqaz xalqlarına təsirində heç bir iz görünmür, hətta onların tarixinin, mədəniyyətinin, musiqisinin və incəsənətinin heç bir kiçik məqamında belə yer almamışdır. Əksinə, türk-Azərbaycan xalqlarının erməni xalqının dilində, mədəniyyətində, adət və ənənələrində, hətta ad və soyadlarında əks olunmuş yüzlərlə nümunələr vardır. Erməni dilində  4000-dən çox Azərbaycan-türk kəlmələri var və onların yüzlərlə ad və soyad türk kökənlidir. Musiqi alətlərinin çoxu Azərbaycan və türk alətləri, yeməklərinin çoxunun adı ya Azərbaycan türkcəsi, ya da Türkiyə türkcəsindədir. Hətta erməni nağılları və folklorunu təhlil etsək, bir daha Azərbaycan, Türkiyə və gürcü kökənli olduğu görünür. Aparılmış araşdırmalar göstərir ki, erməni dilində olan sözlərin 35 faizi qədim fars dilindən keçmə sözlərdir. Bu gün dilşünaslar və dil tarixi və nəzəriyyəçiləri  tərəfindən erməni dilində olan sözlərin çox az qisminin onlara xas olduğu bildirilir.

XIX əsrin əvvəllərində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər məqsədli olaraq, uzun illər ərzində azərbaycanlıların yaşadıqları indiki Ermənistan ərazisinə, xüsusən İrəvan və Qarabağ bölgələrinə köçürülmüşdür. Bu ərazilərdə baş verən bütün proseslər şovinist erməni millətçilərinin və ideoloqlarının saxtalaşdırdıqları uydurma tarix və Azərbaycan-türk xalqlarının mədəni və qeyri-maddi  irsinin inkarı və məhv edilməsi ilə müşayiət edilirdi. Bu məkrli ideologiyanın və əsassız ərazi iddialarının nəticəsində bu gün indiki Ermənistanda azərbaycanlıların dədə-baba yurd yerlərində onlara məxsus bütün dini abidələr, məscidlər və minillər yaşı olan məzarlıqlar, əsrlər öncə yaradılmış binalar, körpülər dağıdılaraq yox edilmişdir. Erməni millətçilərinin  azərbaycanlılara qarşı törətdikləri bu cinayət və vandalizm ümumdünya mədəni irsinin qorunması nöqteyi-nəzərindən də dözülməz və qəbuledilməzdir. Çünki bu irs ümumtürk, islam və nəhayət, dünya mirasının tərkib hissəsidir.

törətdilmiş bu cinayətlər ümumbəşəri irsin qorunması haqqında beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bütün prinsiplərinin pozulması və  dünya mirasına qarşı soyqırım kimi də  dəyərləndirilməlidir.

1995-ci ildə britaniyalı arxeoloq Filip Kol və bir qrup müəllif tərəfindən yazılmış  "Milliətçilik, arxeologiya siyasəti və təcrübəsi" əsərində Ermənistanda mövcud olan islam abidələrinin azlığı vurğulanır. Əsərdə Türkmənçay müqaviləsi imzalanmazdan öncə azərbaycanlıların tarixən yaşadıqları  indiki  Ermənistan ərazisində, müsəlman əhalisinin üstünlük təşkil etməsi haqqında da bəhs edilir. Bununla bağlı müəlliflər  belə yazırlar: "Hansı demoqrafik statistikaya müraciət etsək, şübhəsiz ki, bu regionda islam dininə aid əhəmiyyətli qeyri-maddi abidələrin mövcudluğunu görərik. Bu gün  onların Ermənistan ərazisində demək olar ki, tam itirilməsini isə heç cürə  təsadüf hesab etmək olmaz".

Britaniyalı tədqiqatçı-jurnalist Tomas de Vaala müraciət edək. "Qarabağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında" kitabında o yazır: "Müasir Ermənistanda bu sadə faktları bilən azdır. Belə ki, əslində,  indiki Ermənistanın bir çox türkdilli müsəlmanların vətəni olması faktı erməni xalqının milli qəhrəmanı, XVIII əsrin böyük şairi olan Sayat Novanı təəccübləndirməzdi. Onun bizə qədər gəlib çatmış, demək olar ki, əksər balladaları həmin dövrdə Qafqazda "lingua franka", yəni əsas dil  rolunu oynayan Azərbaycan türkcəsində yazılmışdır". Müəllif kitabında əsrlər boyu indiki Ermənistanda yaşamış azərbaycanlıların XX yüzillikdə də tədricən ayrı-seçkiliyə məruz qalmalarını, ictimai həyatdan tam marginallaşdırılması kimi tarixi gerçəklikləri əks etdirən faktlara geniş yer vermişdir. Britaniyalı tədqiqatçı qeyd edir ki, azərbaycanlıların tarixən yaşadıqları bu ərazilərdə erməni əhalisinin nisbəti  havadarlarının dəstəyilə dəyişdirilərək, erməni xalqı üçün vətən hüququ statusu yaradılmışdır. Təssüf ki, süni və saxta yollarla qazandırılmış bu hüquqdan istifadə edərək erməni millətçiləri son iki yüz ildə azərbaycanlılardan kifayət qədər ərazi zəbt edə bilmişlər. 1918-1920-ci illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovulmuş və indiki Ermənistan ərazisində 1940-cı illərdə xaricdən gətirilmiş erməniləri yerləşdirmək üçün daha on minlərlə insan Azərbaycana deportasiya olunmuşdu. Tomas de Vaalun sözləri ilə desək, Ermənistan 1988-1989-cu illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi sonuncu etnik təmizləmə ilə  yerdə qalan azərbaycanlılardan da  "qurtuldu".

Tarixboyu erməni xalqının ideoloqları Azərbaycan xalqına, türk xalqına qarşı ədavət, düşmənçilik və qəsbkarlıq  nümayiş etdiriblər. Erməni millətçilərinə görə,"harada erməni olubsa, ora erməni torpağıdır" və bu düşüncə, əqidə,  məqsəd və prinsip erməni xalqı üçün dəyişməzdir.

Belə ki, Gülüstan müqaviləsindən sonra Çar Rusiyası dönəmində  Gürcüstanın Bolnisi bölgəsindən köçürülmüş ermənilərin Azərbaycanın qədim yaşayış məskəni olan Ağcakənd kəndində yerləşdirilməsinə ermənilər, hətta Ermənistanın Baş Naziri Paşinyan utanmadan bir neçə il bundan öncə Münhen Təhlükəsizlik Konfransında bu kəndin erməni kəndi və onun ermənilərə məxsus olduğunu iddia edirdi. Halbuki, Çar Rusiyasının Cənubi Qafqaz üzrə canişini Yermolovun rəhbərliyi ilə 1823-cü ildə Qarabağ əhalisinin siyahıyaalınması üzrə hazırlanmış təsvirdə bu inzibati ərazi Ağcakənd adlanır. Bu təsviri sənəddə Ağcakəndin yerləşdiyi inzibati-ərazi bölgə isə Talış mahalı adlanır. 1886-cı ildə Cənubi Qafqaz üzrə Statistika Komitəsinin və Cənubi Qafqaz canişinliyinin nəzarəti ilə dərc olunmuş "Qafqaz təqvimi"ndə Yelizavetpol (Gəncə) quberniyası üzrə Kontratenkonun məlumatlarında, eləcə də Sovet dövründə 1926-cı ildə aparılan siyahıyaalma sənədlərində də bu kəndin adı Ağcakənd kimi qeyd edilir. 1938-ci ildə tarixən Azərbaycan türklərinin yaşadıqları Ağcakənd kəndinin adı azərbaycanlıların deportasiyası və repressiyasına imza atan Stepan Şaumyanın soy ismilə Şaumyan adlandırılmışdır. (Hərçənd ki, 1923-cü ildə qədim Azərbaycan şəhəri Xankəndinin adı dəyişdirilərək Stepanakert adlandırılmışdır).

Akademik B.Piotrovski 1989-cu ildə İrəvanda keçirilmiş  simpoziumdakı çıxışında çəkinmədən səsləndirmişdir ki, erməni ideoloqları məqsədlərinə çatmaları üçün müxtəlif imperialist güclərin əlində alət olmağa üstünlük vermişlər. O, çıxışında Cənubi Qafqaz əhalisinin böyük əksəriyyətinin məhz müsəlmanlar, onların isə mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu dəlillərlə sübut etmişdir. Eyni zamanda alim qeyd etmişdir ki, Qafqazda azərbaycanlı əhali üstünlük təşkil etdiyindən bu bölgədə Azərbaycan türkcəsi hakim dildir.

Akademik fikirlərini tarixi qaynaqlarla bərabər, 1858-ci ildə Qafqaza, Şimali Azərbaycana səfər etmiş tanınmış fransız yazıçısı Aleksandr Dümanın "Qafqaza səyahət" əsərinə istinad edərək də əsaslandırmışdır. Aleksandr Dümanın bu əsərində qeyd edilir ki, Qafqazın qərb hissəsində (indiki Gürcüstan ərazisində) əhalinin çox hissəsi türkdilli olduğundan bu bölgədə türk dili hakim dildir. Aleksandr Düma yazırdı ki, bu dili bilən hər kəs bu bölgədə sərbəst dolaşa bilər.

Erməni xislətinin mahiyyətinin və onun yaratmış olduğu problem və  faciələrin  tarixi  kökü, əslində,  bir daha dərindən araşdırılmalıdır. Məhz bu xislət erməni millətçi və ideoloqlarının tarix boyu ayrı-ayrı xalqlara, xüsusilə yaşadıqları ölkələrin əhalisinə qarşı müxtəlif cinayət əməlləri törətməyə sövq etdirmişdir.

Dədə Qorqud kitabələrində də öz əksini tapmış tarixi yurd yerlərimiz üzərində hüquqlarımızın bərpası üçün belə fundamental araşdırmalara ehtiyac var. Qərbi azərbaycan İcmasının yaranması və onun Qayıdış Konsepsiyası 1987-91-ci illərdə indiki Ermənistandan didərgin salınmış üç yüz minə yaxın Qərbi azərbaycanlının hüquqlarının bərpası, sülh yolu ilə, təhlükəsizlik şəraitində və beynəlxalq hüquq çərçivəsində ləyaqətli şəkildə qayıdışında mühüm və tarixi rol oynayacaqdır. Hesab edirəm ki, bu, tarixi missiyanın və ədalətin bərqərar olunmasında hər bir Qərbi azərbaycanlının məsuliyyətli və müqəddəs borcudur. Bu yolda hər kəsə uğurlar.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.