
Super User
UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində üzv ölkələrin bəyanatları səsləndirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən məlumat verir.
İcraiyyə Şurasının 219-cu sessiyasının bugünkü plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını təqdim edib.
Bəyanatda Azərbaycan tərəfindən təşkilatın gender bərabərliyi, Prioritet Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) istiqamətlərinə böyük əhəmiyyət verdiyi bildirilib. Ölkəmizin Afrikanın mədəni irsinin qorunmasına verdiyi töhfələr, eləcə də bu qitədə həyata keçirilən uğurlu layihələrdən söz açılıb. Ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoq və İpək yolları proqramını, eləcə də irqi ayrı-seçkiliyə qarşı mübarizədə həyata keçirdiyi layihələri dəstəklədiyi diqqətə çatdırılıb.
Daimi nümayəndə Azərbaycanın Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə namizədliyi haqda da məlumat verib. “Mədəni irs bəşər tarixinin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır”, - deyən E.Abdullayev mədəni irs abidələri ətrafında minaların yerləşdirilməsinin milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradığını vurğulayıb.
İqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusuna toxunan E.Abdullayev ölkəmizin beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliyinə qarşı mübarizəyə fəal töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirib. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə dərin hörmət və etimadının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığı, arxeoloji abidələrin, muzeylərin və kitabxanaların talanaraq tamamilə dağıdıldığı, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokoluna, eləcə də 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və onların kobud şəkildə pozulduğu qeyd edilib.
E.Abdullayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan söz açıb, 2000-dən artıq təhsil müəssisəsinin dağıdıldığını vurğulayıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldığını deyən daimi nümayəndə Ermənistan tərəfindən bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin tamamilə dağıdılması prosesinin davam etdiyini bildirib. Qeyd edilib ki, Ermənistanda bütün Azərbaycan toponimləri dəyişdirilib, ölkəmizin tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən məhv edilib. Bu vandalizmin əsas məqsədi əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlıların izlərini o ərazilərdən tamamilə silməkdir. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyi vurğulanıb, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəldi
Dünya Azərbaycanlıları Konqresinin başqanı Dr. Asif Kurbanın təşkilatçılığı ilə İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ictimai fəal Elnur Eltürk məlumat verib.
Dr. Asif Kurban ilk öncə qonaqları salamladıqdan sonra iki qardaş ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu kimi tədbirlərin münasibətlərimizin inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən qonaqlar qarşılıqlı əlaqələrin davamlı olması üçün belə tədbirlərin önəmini bildiriblər.
Qeyd edək ki, tədbirdə İzmir valisinin müavini Fatih Kızıltoprak, Ege Universiteti Prof. Dr. Mehmet Ersan, Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu SES kafeterya müdiri Prof. Dr. Vəfa Kurban, Ege Universiteti Prof. Dr. Afiq Bərdəli, Yaşar Universiteti Prof. Dr. Şahlar Məhərrəm, Dokuz Eylül Universitetindən Prof. Dr. Əfəndi, Prof. Dr. Ülviyyə Sanılı, Türk Ocakları İzmir şöbəsinin rəhbəri Alper Erdem, Karabağlar bələdiyyə sədrinin müavini və Konyalılar Fondunun rəhbəri Mehmet Ərdoğan, Krım Dərnəyi rəhbəri Nuran Çağatay, Sivaslılar dərnəyi başçısının müavini Faysal Çaygöz, Əhdə Vəfa Dərnəyinin rəhbəri Ali Manav, Birlik Təhsil Birliyinin İzmir şöbə müdiri, İzmir Milli Təhsil Müdirliyinin şöbə müdiri Ramazan Türk, İzmir Univertetlərində çalışan azərbaycanlı müəllimlər, həkimlər, tələbələr iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Azərbaycan Ədəbiyyat Fondu İsmayıl Şıxlının 105 illiyi münasibətilə tədbir keçirib
Könül, “Ədəbiyyat və incəsənət”
Martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olacaq. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi möhtəşəm romanlar bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, fəal ictimai-siyasi xadim olmuşdur.
Martın 18-də İsmayıl Şıxlının anadan olmasınln 105 illiyi münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil edib. Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri, eləcə də İsmayıl Şıxlının ailə üzvləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirin aparıcısı - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan nəsrində İsmayıl Şıxlının müstəsna rolundan bəhs edib, öz timsalında böyük ədibin gənclərin ədəbiyyata gəlişinə göstərdiyi dəstəyindən bəhs edib.
Xalq yazıçısı Anar İsmayıl Şıxlı yaradıcılığının bədii və ictimai əhəmiyyətindən danışıb, yazıçının “Ölən dünyam” romanı barədə ilk resenziyanı necə yazması, romanda haqqında bəhs edilən ana babası Xudadat bəy Rəfibəyov barədə arxiv sənədlərinin əldə edilməsində necə köməklik göstərdiyini yada salıb.
“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Qazax mahalından çıxan böyük ədiblər pleadasından söz açaraq burada İsmayıl Şıxlı zirvəsini ayrıca qeyd edib, hər il martın 21-də ictimai birliyin təşkilatçılığı ilə Səməd Vurğunun, İsmayıl Şıxlının, Mehdi Hüseynin və digər görkəmli söz ustalarının Fəxri Xiyabanda anım mərasiminin keçirildiyini diqqətə çatdırıb.
İsmayıl Şıxlının tələbəsi olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı öz çıxışında böyük ədibin həm də böyük pedaqoq olduğunu, tələbələrə necə həssaslıqla, qayğıyla yanaşdığını qeyd edib.
Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid İsmayıl Şıxlının ədəbiyyatda qoyduğu ənənələrdən, eləcə də onun sərgilədiyi vətəndaş mövqeyindən danışıb.
“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, jurnalda birgə çalışdıqları dönəmdə onun necə tələbkar olduğunu, boz ədəbiyyatın dərc edilməməsi naminə kimlərlə üz-göz qaldığını dilə gətirib.
Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı İsmayıl Şıxlının əsərlərinin türk dünyası ədəbiyyatında əks-sədasından bəhs edib, onun nəsrini vətəndaş və vətənpərvər nəsrin ən gözəl nümunəsi adlandırlb.
İsmayıl Şıxlının tədqiqatçıları - professorlar Təyyar Salamoğlu və Mahmud Alamanlı, eləcə də ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu ədibin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açaraq onun ədəbiyyat tariximizdəki xüsusi rolunu qeyd ediblər.
Xalq artisti Həmidə Ömərova “Dəli Kür” romanının yeni nəslə düzlük, comərdlik, mübarizlik kimi xüsusiyyətləri aşılamasından danışıb, professor Qulu Məhərrəmli “Ölən dünyam” romanını İsmayıl Şıxlı yaradıcılığının kulminasiyası hesab edib.
İsmayıl Şıxlı yadigarı - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ailələri adından tədbirin təşkilatçılarına və gələn qonaqlara minnətdarlıq bildirib, atasının ömür yolundan, ömrünün son günlərindən danışıb, onun çox ağır xəstə olmasına rəğmən “Ölən dünyam” romanını necə bitirməsini və son nöqtəni qoyduqdan sonra “indi rahat ölə bilərəm” kəlmələrini söyləməsini kövrək notlarla dilə gətirib.
Tədbirdə həm də böyük yazara həsr edilmiş şeirlər səsləndirilib, 105 illik münasibətilə elan edilmiş ən yaxşı esse müsabiqəsinin qalibi Nurəddin Ədiloğlu mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
“Ulduz” jurnalının yanvar sayı işıq üzü görüb
Uzun gözləntidən sonra, nəhayət ki, “Ulduz” jurnalının yanvar sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz” jurnalının yanvar sayı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət mətn” yazısıyla açılır.
İlham Abbasov “Nobel mükafatı laureatları” rubrikasında ingilis ədəbiyyatının amerikalı nümayəndəsi Tomas Eliotun həyat və yaradıcılığını incələyir.
“Yeni nəsil: tənqid” rubrikasında filologiya üzrə fələsfə doktoru Gülnar Səma Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”ini təhlil edir.
“Tribuna”da Mirzə Fətəli Axundovun “Nəzm və nəsr haqqında” yazısı yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik”dən yazır.
“Tribuna”da akademik Kamal Talıbzadə “Firudin bəy Köçərlinin Abdulla Şaiqə məktubları”ndan söz açır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılova ““Bir qış gecəsi əgər bir yolçu” və postmodernizm” yazısını təqdim edir.
Cəlil Nağıyev ““Paris üçbucağı” romanı haqqında düşüncələr”ini oxucularla bölüşür.
Filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy “Yenis nəsil: tənqid”də “Alma”dan yazır.
“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi olan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”ndə “Əsərmi, mətnmi?” dərsiylə Məti Osmanoğludur.
Fəridə Rəhimli “Sevgisini, kədərini şeirə çevirən...” Əbülfət Mədətoğlu yaradıcılığından söhbət açır.
“Dərgidə kitab”da “Lirik şeirlər”lə Mirzə Şəfi Vazehdir.
Bunlar hamısı deyil, “Ulduz” jurnalının bu sayında azruladığınız xeyli maraqlı müsahibələr, yazılar var.
Xatırladaq ki, “Ulduz” jurnalının yanvar sayı “Yeni nəsil: tənqid” “”Ulduz” jurnalıyla C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsidir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
"KİNOTƏHLİL"də "Səssiz haray" filmi
Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Mənə görə, insanlar dünya ilə olan mübarizələrini cisimləri ilə deyil, ruhlarıyla verirlər. Həddindən artıq fiziki ağrı cana, həddini aşmış mənəvi ağrı isə ruha əzab verər. İnsanlar üzümüzdəki göy qurşağını görüb, içimizdəki yağışlardan xəbərsiz qalar. Biz isə, bu hala özümüzü unudacaq dərəcədə öyrəşərik.
İnsana nəyisə qəbul etdirmək üçün, onu ilk öncə həmən şeyə öyrəşdirməlisən. Öyrəşən, qəlbi zülmətə məhkum olmuş biri üçün gündüz və ya gecə olduğunun bir önəmi qalmaz.
Uşaq ikən biz öz etirazımızı ağlayaraq göstərərdik. Böyüdükcə, dəfələrlə həyatımız qaraldı, bizim isə ağaran saçlarımız oldu. Yaşımız artdıqca, həyat bizə "səssiz haray"ı öyrətdi.
Həyatın acı gerçəklərini üzümüzə şillətək vuran, adı ilə izləməyə sövq edən "Səssiz haray" filmindən bəhs edək.
Sədaqət Kərimova bu filmin ssenari müəllifi və quruluşçu rejissorudur. Həmçinin "Soyuq Günəş" və "İtən gündəlik" filmlərinin də yaradıcısı odur.
Quruluşçu operatoru Elxan Rüstəmov, Sevda Məmmədova isə filmin rəssamıdır. Baş rollarda Fariz İlyas, Ədalət Abdulsəməd, Qəmər Məmmədova, Elçin Əfəndi, İlhamə Əhmədova, Elşən Rüstəmov, Mirzə Ağabəyli, Aygün Fətullayeva, Zemfira Abdulsəmə, Dilarə Fərəcullayeva, Zümrüd Qasımova və digərləri çəkilmişdir. Çəkilişlərin əksəriyyəti Qusar Peşə liseyində həyata keçirilmişdir.
Filmdə dərdin yaşı olmadığını, hər yaşın bizi üzləşdirdiyi çətinliklər tam şəffaflığı ilə izləyicilərə çatdırılmışdır.
-Ağıllı qız ol, burada otur, məni gözlə, mən də gəlim.
-Yaxşı, bax, gecikmə ha, söz verirsənmi?
Anasının başını təsdiqləyərək:
-"Darıxma, tez gələcəyəm" deyib, bir daha heç gəlməməsi ilə filmin baş rollarından biri olan Sənubərin elə uşaq ikən yaşadığı və bundan sonrakı həyatına təsir edəcəyi pisliyi anası tərəfindən görmüş, bununla da film bizə həyatda doğma dediyimiz insanların, bəzən ən böyük sağalmaz yaralara yol açacağını öyrədir.
Həmçinin onun 18 il sonra böyüyüb boya-başa çatdığı yetimxanaya gələrək, öz otağına keçməsi və onunla eyni taleyi paylaşan Teymuru görməsi bizə, həqiqətən bu dünyada fərqli insanların, eyni çətinliklərdən keçə, bir çox yüzlərlə ruhun, eyni bədbəxtliklə mübarizə apardığını görmək imkanı yaradır, tək olsaq da, tale dostlarımızın olduğunu göstərir.
Sənubərin qayğı görməməsinə rəğmən, illər sonra qayğı göstərən biri olmasını işlədiyi qocalar evində olan yaşlılara göstərdiyi qayğıdan, "yaşadıqlarım məni pis biri edib" cümləsinin sadəcə zəiflik olduğunu görə bilərik.
Filmin bu hissəsinə qədər tənqidimiz, övladından uşaqlığı əsirgəyən valideynlər idi. Filmin növbəti hissələri, həyatın digər üzlərini göstərir. Gəlin, indi də vəfa ilə böyüdülüb, vəfasız övladlardan danışaq. Bəzi cavanların rahat yaşamaq üçün, cavanlıqlarını qurban edən varlığa, ana-ata deyilir.
Sarıyad içdən içə övladlarına ehtiyac duymasına rəğmən, onların rahatlığını, öz narahatlığı ilə əvəzləyirdi.
Məgər dünyadakı ən böyük rahatlıq, sənə rahatlığı bəxş edənin rahat olduğunu görmək deyildi?!
Sarıyadın xəstələnib, yaş alıb gücdən düşməsi və övladlarını narahat etməmək üçün xəbər verməməsi həssas ana ürəyinin göstəricisi idi.
"Övlad qayğısına həsrət bəzi ahıl adamlar, ömürlərinin qalan illərini qocalar evində keçirməyə məhkumdurlar".
Bəli, artıq çarəsiz qalan Sarıyad bu cümlənin mənasını bütün ruhu ilə dərk edir və qocalar evinə yerləşir. Həyat iki yaralı insanı - ana qayğısından məhrum qalan Sənubəri və övlad qayğısına möhtac olan Sarıyadın yollarını kəsişdirir.
Daha bir təsirli dialoq, Sarıyadın qocalar evində yaşlı kişi ilə etdiyi söhbətdə, qocanın işlətdiyi həmin o cümlələr idi.
-Həyat yoldaşım 10 il bundan qabaq vəfat edib. Çox gözəl xasiyyəti var idi. Amma gəl ki, onu incitməkdən həzz alırdım. Deyirdi ki, mənim qədrimi öləndən sonra bilərsən. Sözlərini zarafata alardım, elə bilərdim ona heçnə olmaz. Bir gün quş kimi uçub getdi. Həmən gün başa düşdüm ki, arxamda dağ dayanmışdı. Onun getməsilə dağıldı.
Təəssüf ki insanoğlu nankordur. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" onun qiymətini anlayır.
-Ömürlük getmirəm ki, birdə gördün, müharibə qurtardı, mən də qayıdıb gəldim.
Müharibə qurtardı, amma Sarıyadın yarı gəlmədi.
Daha bir təsirli dialoq anası olmayan Teymur ilə müdirin dialoqu idi.
-And iç.
-Anamın canı üçün...
Anasız biri üçün bu cümlə, həyatının ən ağrılı, ən yaralayıcı cümləsi ola bilərdi bəlkə də. Axı bu andı anası olanlar işlədir və Teymurun anası yox idi?! Var idimi? Bəlkə də, hə. Hə, hə, var idi. Anası Teymurun yanında deyil, qəlbində idi. Teymur anası var imiş kimi, bu andı içmişdi...
Sarıyad obrazının qocalar evindəki zibilliyi bostan yeri etməsi, həmçinin ona atılan şər-böhtanlara rəğmən təmiz qalması, inci daşının palçıqda belə parlayacağı gerçəyi ilə üst-üstə düşür.
Qocalar evində illər sonra Sənubərin yazdığı mahnının səslənmə səhnəsi, insanın bir-başa ruhuna işləyirdi...
-Nə mən Zübeydəni, nə də sən İbrahimi əvəz edəcəksən.
Bu cümlə isə bizə, əsl sevginin insanın qəlb qapısını bir dəfə döydüyünü, ondan sonrakıların sadəcə qonaq kimi, gəlib getdiyini göstərir...
Filmin sonlarında əslində doğmaları varkən yetim qalan Sarıyad, Sənubər və Teymur birlikdə yaşamağa qərar verirlər. Bu isə bizə onu göstərir ki, insanın həyatdakı yaxınları, qan bağı olanlar deyil, can bağı olanlardır. Əsas məsələ könül, qəlb, ruh yaxınlığı imiş...
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaşı az olmasa da ölkədə təzə-təzə tanınır. 1957-ci ildə indiki Şirvan şəhərində anadan olub. Necə deyərlər, zahirən vahiməli görünsə də, daxilən çox həssas adamdır…
Son illərin müxtəlif filim və seriallarında ona tez-tez rast gəlmək olar. Yaratdığı rəngarəng obrazlar bir-birindən çox fərqlənir. O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy rollarını ifa edir…
Az müddətdə pərəstişkarlarının sayı xeyli artıb. Şöhrəti yavaş-yavaş ölkəyə yayılır. Necə deyərlər, deyib gülən, sanki ətrafına şəfəq saçan adamlardandır. O olan yerdə isə darıxmaqdan söhbət gedə bilməz...
Deyirəm, adımın çox yox, bir nəfər belə bir dostu ola, Vallah dünyanın xoşbəxti olar. Xoşbəxtlikdən söhbət düşmüşkən, onu da deyim ki, bahar ətirli insandır. Novruz bayramında dünyaya gəlib...
Bəli, sabah - martın 20-si aktyor Midhəd Aydının doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(19.03.2023)
“Bir həsrət üşüyür….” - Təranə Dəmirin yeni şeiri
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Təranə Dəmir bu dəfə sizlərin qarşınızda öz yeni yazdığı şeiri ilə dayanır.
Dünyanı bürüyüb od, ocaq iyi,
Deyəsən ürəklər şişə çəkilib.
Maraqlı poetik ifadədir. Şairin dünyamızın bu günündən nigarançılığı başadüşüləndir.
Bir həsrət üşüyür indi hardasa,
Əsir yarpaq -yarpaq sazağın altda.
Bir çiçək bahara açır gözünü,
Bir çiçək can verir torpağın altda.
Bir arzu aldanır payız yelinə,
Bir arzu köz olur odsuz, oçaqsız.
Bir ümid asılır dar ağacından,
Bir ümid doğulur əlsiz, ayaqsız.
Bir sevgi yol gedir sabaha sarı,
Bir sevgi asılıb gümanda qalıb.
Bir öpüş qovuşub azadlığına,
Bir öpüş hələ də damanda qalıb.
Bu gedən sevdalar, gələn sevdalar,
Görən hansı yoldan, bərədən keçir?
Görən neçə qeybət, qal bazarından,
Neçə cür qanundan, törədən keçir?
Hardasa ağlayır bir qız ləpiri,
Baxırsan üstündə göz yaşı donub.
Bir yarpaq üzülüb öz budağından
Uçub bu ləpirin üstünə qonub.
Kimsə ulduz-ulduz sayır saatı,
Kimsə kirpiyiylə döyür gecəni.
Bir sürü yalavaç küçə itləri
Söhbətə tuturlar yoldan keçəni.
Bir səhər taxtından yıxılır indi,
Bir səhər taxtına çıxır hardasa.
Kiminsə könlündən keçən məhəbbət
Kiminsə baxtına çıxır hardasa.
Bir qadın saçını darayır bəlkə,
Paltarı səadət, sinəsi həsrət.
Açılıb örtülür dərdə, sevincə,
Bir qapı işıqdı, bir qapı zülmət.
Bir yuxu tökülür göyün üzündən,
Bir yuxu nə vaxtdı ərşə çəkilib.
Dünyanı bürüyüb od, ocaq iyi,
Deyəsən ürəklər şişə çəkilib.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
POETİK QİRAƏTdə Yusif Nəğməkarın “Bitər-bitməz”i
Poetik Qiraətdə bu gün sizlərlə yenidən şair Yusif Nəğməkar görüşür. “Bitər-bitməz” adlanan şeiri şair bəxtinə müraciətlə yazıb. Giley-güzar motivləri olsa da, sonda hər şey nikbin notlarla bitir:
Üz-üzə dayandım gülər üzünlə,
Bəxtəvər elədin bəxtimi, bəxtim!...
BİTƏR - BİTMƏZ?!.
Ən dərin yoxsulluqdur sənsizlik,
Ən böyük haqsızlıqdır sənsizlik...
(Y. Nəğməkar)
Qanadlanıb uçdim "bitdi" sözünlə,
Sağ ol, uca tutdun təxtimi, bəxtim!
Ulaşdı üzülən üzüm üzünlə,
Bəxtəvər elədin bəxtimi, bəxtim!..
Çağdaş ümid şaxələndi hər çağa;
Nələr vəd etmədi çəkdiklərimiz?!.
Qoşa toxum səpdik qara torpağa,
"Bitdi" yox, bitibdir əkdiklərimiz!..
Haqdan muştuluqdur, müjdədir mənə
Dilinin "bitdi"ylə dinib - ötməsi...
Oyadıb ruhumu, yetirdi şənə
Uzun bir həsrətin belə bitməsi...
Sinəmiz dağ yeri, qoy o dağların
Vaxtsız qara çəni, göy sisi bitsin.
Düyünü açılsın müşkül bağların;
Dünyanın inciyi, küsüsü bitsin...
Eşq ilə isinib, boy vermək-rəhmət,
"Bitdi", behişt oldu sevgi ormanı...
Könül zəmisini becərmək-zəhmət,
Bitişi, məhsulu-büsat xırmanı.
Bitən butan batən batan deyil ki?!.
Can cəhrə, qəlp iyi iplik əyirməz...
Bitənəkli bitən bu tən deyil ki,
Bitməz "bitən", bitməyənlər göyərməz...
Nə vaxt qəlb yuvada çatıldı ocaq-
Bilmədik, o günün rəqəmi yoxdur.
Hər şeyi bitirə bilərik, ancaq
Sevginin bitəcək məqamı yoxdur.
Bir var, günün, ayın yaddaşı sola-
O da illər sona yetsin ki, bitsin.
Bir də var, aşiqlik "limit"i dola,
Gərək xatirələr bitsin ki, bitsin!..
Qanadlanıb uçdum "bitdi" sözünlə,
Sağ ol, uca tutdun təxtimi, bəxtim!
Üz-üzə dayandım gülər üzünlə,
Bəxtəvər elədin bəxtimi, bəxtim!...
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
Uçuşan göyərçinlərin əhatəsində
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Adətim üzrə tanınmış şəxsiyyətlərin ad günləri olanda məqalələr yazır, sosial şəbəkə dostlarımın ad günlərini təbrik edirəm. Hər gün hər iki zümrədən bir neçə nəfərin ad günü olur. Və ötən günlərin birində facebook dostlarımdan cəmi bir nəfərin- Leyla Həsənlinin doğum günü olanda, düzü, təəccübləndim. Cəmi bir?
Səhifəsinə daxil olub araşdırıram, deyəsən, xaricdə yaşayır. Gəncdir. Şəkillərindən görürəm ki, şən və gülərüz xanımdır. Yaxşı fəlsəfəsi var. Yazır ki,- "Sevgi müharibə kimidir, başlamaq asan, bitirmək çətin, unutmaq isə mümkünsüzdür..."
Daha sonra- "Bir nəğmə var xəyal qurmağıma kömək edir, bir nəğmə var məni xəyallarımdan uzaqlaşdırır. Bir şeir var orda özümü tapıram, bir şer də var orda özümü itirirəm. Bir hekayə var mən yazıram, bir hekayə də var orda məndən yazırlar. Bir həyat var orda gerçəklər danışır..."- yazır...
Şəkillərindən boylanan gözlərində məna axtarıram. Xəyallarımda təmiz, aydın bir səma canlanır. Uzaqda, lap uzaqda, səmanın ənginliklərində sülh göyərçinləri uçuşur, sanki rəqs edirlər. Bu, əminamanlığın nişanəsidir, nikbinliyin təzahürüdür. Əhvalınız həmin səmada rəqs edən göyərçinlər kimi həmişə nikbin olsun, Leyla xanım! Ad gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)
“Sayğac” - Yeqzar Cəfərlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc yazar Yeqzar Cəfərlinin “Sayğac” hekayəsini təqdim edirik.
Payızda yarpaqlar saralır, solur, ağacdan düşür, ömürdən gedən saatlar, günlər, aylar kimi. Payızın xoş sədaları ağac qıtlığı olan yerlərdə öz qoxusunu divarlardakı nəmişlikdə göstərir. Bunun başqa bir səbəbi də Bakının əksər ərazilərində kürəbənd sisteminin olmamasıdır.
Evə yaxınlaşar-yaxınlaşmaz hasarımız gözümə qəribə görünür. İlk olaraq hasardakı nəm qoxusundan təəccübləndiyimi zənn edirəm, yanılıram. Hasarın yola tərəf olan hissəsində yeni qoyulmuş sayğacı görəndə dodaqlarım bir-birini qucaqlayır.
Həyətimizin yanında köməkçi bir yol da var. Görünür, kimsə həyəti bölüb satanda arxa tərəfdə yaşayacaq adamlar üçün açıb həmin cığırı. Məndən bir neçə il əvvəl bura köçən arxa qonşum, yəqin ki, sözügedən yol sənədsiz olduğuna görə sayğacı yapışdırıb bizim hasara.
Evin arxa hissəsində tikdiyim hində bir neçə toyuq-cücə saxlayıram. Evin aşağı hissəsi zirzəmi kimi nəzərdə tutulsa da, hündürlüyü onu gələcəkdə ev kimi istifadə etməyə imkan verir. Qonaq otağının altındakı yeri qaraj etməyi düşünürəm. Toyuqları yemləyib, hində olan yumurtaları götürürəm.
Oğluma "toyuqlar sənə hədiyyə göndərib, bax" deyən kimi gözləri işıqlanır, beləcə, bayaqkı hadisəni də unuduram.
Bir neçə gün də eləcə, beləcə keçir. Bir də görürəm ki, qonşunun həyət qapısını taqqıldadıram. Qonşunun ikimərtəbəli evi sahəsi təxminən sot yarım olan həyətin içindədir. Köhnə bir dəmir parçasını da kiçik darvaza əvəzinə istifadə edirlər.
Bir neçə saniyə çağırandan, qapını taqqıldadandan sonra cırıltı səsi gəlir, qapı açılır.
- Salam, qonşu, bu sayğacı siz qoymusuz qapıma?
Qadın üzünü turşudur, sifəti rəng alıb, rəng verir. Elə bil yaxın bir qohumunun ölüm xəbərini gətirmişəm.
Bir neçə saniyə də səssizliklə keçir.
Sükutun söyüş və ya təhqirlə nəticələnəcəyini gözləsəm də, qadın "üz verməmək" modunu dəyişdirmədən nitqinə davam edir.
- Hə, şoçciki biz qoşmuşux, nolub ki?
- Mənim hasarıma yapışdırmısız...
Bu sözü deyən kimi özümü elə qəribə hiss edirəm ki... Özümdən asılı olmadan gülmək tutur məni.
- Kişiyə demişiy evdə.
- Hansı kişiyə demisiz? Bizim evdə bir dənə kişi var, o da mənəm...
Qadın bir anlıq gülümsəmək istəyir. Bunun mənə hədiyyə olacağından ehtiyatlanır hər halda, sifətinin qırışını açmağa lüzum görmür.
Yaşadığım qəsəbədə o qədər adam yaşayır ki, tıxaca öyrəncəli olmuşuq. Düzdür, şəhərə çıxış rahatdır, bir manata Koroğluya, Qarayevə, Neftçilərə filan getmək olur. Yağış, qar olanda sürücülərin bir çoxu qiyməti qaldırsa da, avtobuslarda basabas olduğundan adamlar çarəsizlikdən bu nəqliyyata üstünlük verirlər. Sübh vaxtı raflarla yanaşı, adətən, içində istixanalarda işləyən fəhlələrin olduğu iri ekaruslar da gözə dəyir. Hər dəfə sovetdən qalma bu avtobusların səsini uzaqdan eşidən kimi dayanacaqda toplanmış adamların gözləri parıldamağa başlayır.
Qonşumuzdakı qadın da gülə-gülə bir dəstə adamla istixanaya gedən avtobusu gözləməkdədir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)