
Super User
Heydər Əliyev Sarayında Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq
Oktyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin əsərlərindən ibarət “Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək.
AzərTAC xəbər verir ki, konsertdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcəklər.
Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradıb. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazıb və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldıb.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Səudiyyə Ərəbistanının Ədəbiyyat, Nəşriyyat və Tərcümə Departamentinin baş direktoru Məhəmməd bin Həsən Əlvanın Azərbaycanın Krallıqdakı səfiri Şahin Abdullayev ilə görüşündə iki ölkənin müvafiq strukturları arasında nəşriyyat və tərcümə üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
AzərTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, görüş zamanı nəşriyyat və tərcümə sahələrində əməkdaşlığın mədəni ünsiyyət və təcrübə mübadiləsi kimi əhəmiyyəti vurğulanıb, həmçinin bununla bağlı bir sıra proqram və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər mədəni və intellektual istiqamətlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını da müzakirə ediblər. Qeyd olunub ki, Krallığın müxtəlif mədəniyyət və düşüncə məktəbləri ilə Azərbaycanın müvafiq təşkilatları, habelə iki ölkənin ziyalıları, yazıçıları və mütəfəkkirləri arasında əlaqələrin geniş potensialı mövcuddur.
Tərəflər sözügedən sahələrdə əməkdaşlıq səylərinin intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, mədəni və ədəbi tədbirlərdə iştirakın, bütün bu məsələlərə ümumi baxışların iki xalq arasında anlaşma və yaxınlaşmanın dərinləşməsinə töhfə verəcəyini vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
BİR SUAL, BİR CAVAB El Roman ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?
CAVAB
Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Missionerlik, yoxsa sağlam bədən və ruh? Yoqa nəyi təbliğ edir? - AKTUAL
Ata Atilay, “Ədəbiyyat və incəsənət” üçün
İşğal edilirik, fərqindəsiz? Bu dəfə isə hədəfdə torpaq deyil insan var. Bəli, bəli... Sən, mən, onlar, uşaqlarımız. Bir sözlə, bugün və sabahımız işğal edilir.
2014-cü il idi, hələ sosial şəbəkələr indiki kimi qüdrəti əlinə almamışdı. “Azadlıq” metrosunun yanında, dayanacaqda avtobus gözləyirdim. Bir cavan xanım və bəy mənə yaxınlaşdı. Özlərini təqdim etdilər "Yahova Şahidləri" cəmiyyətdən gəlmişdilər, qucaq-qucaq bukletdən bir neçəsini mənə uzadıb danışmağa başladılar. Onlar danışarkən əlimdəki bukleti ora-bura çevirib üstündəkiləri oxuyurdum. Əlimdəki bukleti mədəni şəkildə oğlanın qucağındakı digər bukletlərin arasına qoyub, "maraqlanmıram" dedim. Mən uzaqlaşarkən bayaqdan ətrafımıza yığılan 3-5 nəfərin onlara necə həvəslə qulaq asdıqlarını görmüşdüm amma...
Bu hadisədən 10 il keçib. Bu müddət ərzində həmişə olduğu kimi yenə içsəl bir hücumla qarşı-qarşıya durmuşuq. Bu dəfə başqa bir donla, başqa bir bəhanə ilə giriblər aramıza. Sağlam ruh və sağlam bədən... Yoqa... Uzaq şərqin ruhani rahatlığını gətiriblər bizimçün...
Qısaca izah edim ki insanlığı məhv etməyə çalışan tanrı Şivaya inanan bir topluluq bəzi hərəkətlər və meditasiyalarla təlim yaradıblar. Və insanları inandırırlar ki, bu sənin ruhani çıxış yolundu və burda heç bir dini propaqandadan söhbət belə gedə bilməz.
Dünya yaranandan bəri fiziki işğalla yanaşı ruhsal işğallar olub və olacaq. Bunun kökündə dayanan səbəbləri özümüz üçün sıralasaq:
1- Bir ölkənin ən vacib dəyəri insanlar, dolayısı ilə ailələrdi. Bu və ya digər missionerlərlik axınları ailə yapısını dağıdaraq bir yurdu gələcəksiz buraxmaq planı.
2- Nə qədər çox sözünü eşidən varsa o qədər güclüsən. Missionerliklə üzünü belə görmədiyin adamların və sənə ögey alqıların təsirinə düşərək fərqində olmadan görmədiyin bir kəsə, bir alqıya xidmət etmək.
3- Müharibələrin soyuduğu bir dövrdə güclənən ölkələri sapgın fikirlərlə bölmək, cəmiyyəti bir olmağa qoymamaq.
4- Sizi inandırdıqları yalanlarla geyiminizdən tutmuş evinizdəki əşyalara qədər onlar qərar verirlər. Bununla da sizin maddi varlığınızı heç bir əhəmiyyət kəsb etməyən şeylərə xərcləyirlər.
Sual yaranır təbii ki, Yoqa dediyimiz şey bizə bir az hərəkət etdirir, bir az da rahatlıq verir, bu yuxarıda qeyd edilənləri necə həyata keçirə bilər ?
Gəlin bir az Yoqa dediyimiz missionerlərliyin daxilinə səfər edək...
Yoginin məqsədi həyatın təkrarından qaçmaq, yəni xilas olmaqdır. Gurunun ardıcıl tapşırıqlarını həll etməklə insan “samadhi”yə nail ola bilər, yəni maddi buxovlardan azad olub şəxsiyyətsizlik dövrünə, yəni özünü hər şeyə qarışmış bir dövrünə keçə bilər, bu da hinduizm nöqteyi-nəzərindən yoqanın əsas mənbəyidir. Mahiyyət etibarı ilə bu, bütün psixi həyatın dayanması, fərdi şüurun ölümüdür.
İlk mərhələlərdə bizi bədənimizə hakim olmaq, onu idarə etməyi öyrənmək və istəklərini ruha tabe etmək gözləyir. Bu isə bizi gözləyən tələbin birinci pilləsidir deyə bilərik. Əslində, bu mərhələdə yoqa yalnız bir sıra nəfəsalma, fiziki məşqlər və pəhriz məhdudiyyətlərini (adətən vegetarianizm) əhatə edir, bu da həqiqətən bədən üzərində müəyyən bir nəzarət hissi əldə etməyə imkan verir. Artıq bu mərhələdən sonra yoqanın ezoterik və hətta dini xarakterini görə bilirik. Yoqa dərslərində, çox güman ki, bu barədə sizə məlumat verməyəcəklər, çünki araşdırmadan qucağına düşdüyümüz bu ruhani oyunun sirlərini pozmağı heç bir missioner istəməz.
Daha sonra yoginin inkişaf mərhələlərindən biri olaraq kundalini enerjisinin oyanmasını görürük. Bu daha çətin bir işdir, lakin bildiyimiz yoqa məhz bu mərhələdə başa çatır. Yəni orta statistik azərbaycanlının çox sevdiyi şərq uşaq nağılları tükənmək üzrədir. Kundalini, onurğanın aşağı hissəsində yüngül yanma hissi şəklində yaranan və onun tərəfdarlarının təsvir etdiyi kimi, bəzən güclü cinsi əlaqə ilə yaşanan bir enerjidir. Tədricən yüksələn bu enerji bütün çakraları tutur, hər şey fiziki və yogilərin inandığı kimi insanın bütün mənəvi varlığını əhatə edir. Bu enerjinin həm oyanması, həm də idarə olunması insanın nəzarətindən kənardadır.
İndi isə insanlara məsumca bir ruhani rahatlıq təlimi kimi görünən Yoqa tamaşasının necə başladığını gözdən keçirək...
Siz sosial şəbəkələrdə hansısa influincerin profilində Yoqa, meditasiya kimi paylaşımlara rast gəlirsiz. Bu adam özü də missionerlərlik oyunun bilərək, ya da bilməyərək bir parçasıdır. Çünki onlara oyunlarını yaxşı qurmaq üçün yerli əhalidən bir maska lazımdı. Hər gün, hər gün qarşınıza fərqli-fərqli adamların dilindən yoqa, meditasiya kimi şeylər barədə qəribə və cəlbedici məlumatlar çıxır. Hələ bir az duz, istiot olaraq stressin necə azaldığından, pul gəlirlərinin necə artmasından da danışandan sonra bir də gözünü açırsan ki, bir az ordan, bir az burdan borc xərc düzəldib bir ayı 200-300 manat olan təlimə yazılmısan. Tamaşanın birinci pərdəsi beləliklə tamamlanır, ov tələyə düşüb.
İkinci pərdədə sizi çox mülayim görünüşlü, şərq havasıyla gəzən, uzaq ellərdən ruhani elmlərlə dolub-doşan biri qarşılayır. Sizin necə bir ruhani basqıda olduğunuzdan, necə çətin günlərdən keçdiyinizdən, ananızdan, atanızdan gələn travmalarınızın olduğundan danışır və bunların aylıq 200-300 manat verdiyiniz təlimlə sonlanacağını vəd edir. Onsuzda özündən uşaq düşən adamlar üçün hər vədin inandırıcı olduğunu nəzərə alsaq, tamaşa uzaqdan onu yazan əlin istədiyi kimi oynanılır. İlk başlarda nəfəs al, nəfəs verlə başlayan təlim sonra bədəninizi fərqli pozalarda statik yüklənməyə salaraq işinə davam edir. 1 ay artıq geridə qalarkən sizi inandırırlar ki, ətraf dünyada hər şey boşdu, hər kəs təhlükədi və dünyada tək şey mənəvi rahatlıqdır, onun da yolu burdan, Şivanın tələbələrindən keçir. Beləliklə, inamınızı qazanandan sonra ikinci pərdə də bağlanır. Növbədə ən canalıcı pərdə var...
Üçüncü səhnədə bizi artıq daha azğın və daha təhlükəli oyunlar gözləyir. Sizin inamınızı tam ələ keçirdikdən sonra yavaş-yavaş sizin nə yeyəcəyinizə, nə geyinəcəyinizə qərar verirlər. Bu yolla artıq ətdən uzaq durur, onların gətirib satdığı geyimləri, aksessuarları alırsız. Tam ruhani bir azadlığı qovuşduğunuzu düşündüyünüz bu tamaşada fərqində olmursuz, amma azadlıqdan söz belə gedə bilməz, çünki yediyinizdən tutmuş geyindiyinizə qədər onlar qərar verirlər. Evinizdəki əşyaları neqativ enerji , pozitiv enerji adıyla bölüb, ehtiyacınız olmayan şeyləri sizə satırlar. Görmürsüz, amma bu yolla əlinizdəki maddi gücü də öz istədikləri yönə çəkirlər. Üçüncü pərdə bitərkən, dördüncü pərdədə sizi missionerlərliyin zəfəri gözləyir.
Dördüncü pərdədə siz artıq tamamilə onların oyuncağına çevrilirsiz, başlarda bütün dini propaqandadan uzaq görünən, təkcə təmizlənmə və rahatlıq vəd edən təlimin oyuncağısız artıq. Əvvəlki pərdələrdə öyrədilən kimi, artıq qıraqdakı bütün insanlar sizə çirkablı görünür, ailə üzvləriniz, doğmalarınız, illərlə bir evi, bir iş yerini bölüşdüyünüz adamlar. Onların sizin üçün travmadan başqa bir şey olmadığına inandan sonra onların da sizinlə işi bitir. Dörd pərdəli bir tamaşayla ruhani təmizlik üçün çıxdığınız yolda mənəvi boşluğa düşür və sizə travma kimi göstərilsə belə əslində həyatınızın özəyi olan adamlardan uzaq çöküşə tərk edilirsiz.
İndi bir neçə sualı təkrarlayıb, sizi bu kiçik yazı ilə baş-başa buraxıram...
Ruhani rahatlığı harda axtarıb tapmadız ki, belə oyunlara ehtiyacınız oldu?
Sağlamlığa yaxşı təsir göstərən bir təlimdirsə, lisenziyası hanı?
Əgər doğrudan da ruhani azadlıq maddi resurslardan xilas olmaqla olursa, sizdən niyə pul alırlar təlim üçün?
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
STATUS YAĞIŞI - Aygün Həsənoğlu ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Aygün Həsənoğlu üçün açır. Buyurun.
Nəsiminin qaşlarını nə məqsədlə bu günə qoyublar, bilmirəm. Amma biabırçı görüntüdür. Onsuz da şairin rəsmləri fantaziya məhsuludur. Bəs fantaziyanız Azərbaycan kişisinin üz, xüsusilə də qaş şəklini daha uyğun təsəvvür edə bilmirmi, hörmətli rəssamlar?
Məncə bu rəsm artıq yığışdırılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Oxçu qalası
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Belə deyirlər ki, dədə-babalarımız qədim zamanlardanat belində gəzərmişlər. Əksər hissəsi cavanlardan olanbu igidlər vətəni düşmənlərdən qoruyar, lazım gələndəöz eli üçün canlarından da keçərmişlər. Belə igidlərharada olurmuşsa öz şücaətləri ilə ad qazanırmış .Onlardan biri atdığı oxları ilə düşmən gözü çıxarırdı. O “oxçu” adını qazanmışdı.
Keçmiş zamanlarda şan-şöhrətli bir şah, onun dagözünün ağı-qarası bircə qızı varmış. Qızın gözəlliyinin sorağı hər yana yayılıbmış. Çox yerdənqıza elçi düşür. Şah onların içində özünə kürəkən olabiləcək varlı-dövlətli aşiqlər görsə də, qız heç kiməkönül vermir. Ata qızını nə qədər dilə tutursa, heç kimqızı yola gətirə bilmir. Sən demə qız mahalın ən güclüoğulu - oxçunu sevirmiş. Onlar xəlvəti görüşübdərdləşir, vüsala çatmaq üçün yollar axtarırmışlar. Oxçu kasıb olsa da mərd və cəsur idi. Bir gün şahbundan xəbər tutur. Bərk qəzəblənir. Əmr edir ki, oğlanı tapıb onun hüzuruna gətirsinlər. Şah ona əmredir ki, bir gecədə bir qala tiksə ona qızını verəcək.Oxçu qayanın başına yeddi karvan yükü yumurtagətizdirdi, yumurta sarısı ilə külü, gili bir-birinə qatıbpalçıq düzəltdi, barısının qalınlığı iki addım olandaşdan bir qala hörməyə başladı. Oxçu qalanı tikir. Şah öz əhdinə dönük çıxır. Qalaya oğlan ilə birgəqalxır, sonra əmr edir ki, onu qaladan atsınlar. Oxçunuqalanın başından aşağı atırlar. Həmin dərədə sevgilisi o qədər ağlayır ki, göz yaşları çaya dönür. O vaxtdanhəmin çayı Oxçu çayı, qalanı isə Oxçu qalasıadlandırırlar.
VI-VII yüzilliyə aid olan Qxçu qalası Zəngəzur mahalının Qafan rayonunun, Oxçu və Çığı çaylarının qovuşuğunda, Novruzyurd adlı hündür təpəliyin üstündə yerləşən qədim türk qalasıdır.
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dua” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Dua” şeiri ilə.
Ağrılıdır, ürəkgöynədəndir bu şeir.
“İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.”
Xoş mütaliələr!
Dua
Dostum Ceyhun Alışlıya
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?-
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər?-
Yolun yarısında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya-qərib bir şəhər kimidi
Mən də bu ,,şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım adından həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı, dilim var dua etməyə!
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı göyün yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovla görüşüb.
Fonddan AzərTAC-a bildirilib ki, Aktotı Raimkulova səfiri təbrik edib, işlərində uğurlar arzulayıb.
Görüşdə Fondun prezidenti Türk dünyasının zəngin irsinin və qədim tarixinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Qırğızıstan arasında sıx tərəfdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Fondun prezidenti Bişkekdə yerləşən dahi qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev–muzeyində təşkilat tərəfindən aparılan bərpa işlərindən danışıb.
Səfir Maksat Mamıtkanov Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının maddi-mənəvi irsinin öyrənilməsi və qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Qırğızıstan ilə Fond arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Fondun həyata keçirdiyi gələcək layihələrə Qırğızıstan tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib.
Görüş Fondla Qırğızıstan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Mədəniyyət nazirinin Gədəbəydə vətəndaş qəbulunun vaxtı müəyyən olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli iyulun 29-da saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Mayk Omerdən növbəti bestseller
Kitabsevərlər üçün xoş töhfə: “Amazon bestsellerleri” buraxılışından Rusiyada – Eksmo nəşriyytatında dərc edilən növbəti kitab Azərbaycanın satış şəbəkəsinə daxil olub. Söhbət tanınmış yazıçı Mayk Omerin “Qatilin daxilində” adlanan romanından gedir.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, roman triller janrındadır. Profaylerdən – kriminal psixoloqdan bəhs edir roman. Bu şəxs hətta olduqca mənasiz görünən ən xırda detallardan ən hiyləgər caninin, qatilin belə obrazını yarada bilən peşəkardır.
Profaylerlər kənardan hər şeyə qadir superqəhrəmanlar kimi görünürlər. Xüsusən də, onlar qadındırlarsa. Başgicəlləndirici süjet, sonadək gərginlik və intriqa ilə səciyyələnir “Qatilin daxilində” romanı.
Xatırladaq ki, romanın ilk ABŞ nəşri 2018-ci ilə təsadüf edir.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)