ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.


 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

43

 

O qədim kitablarda

müdriklik və təcrübə axtardı neçə insan,

kifə-toza bələndi.

Onlar unutdular ki, ən gözəl tapıntılar

İlahinin qatından,

ilk mənbədən gələndir.

 

 

44

 

Bizə, Mirzə Şəfi, söyləsənə bir,

Sənətinin gücü, sehri nədədir?

 

Hər işi ən doğru şəkildə görür,

ana təbiətə dəyər verirsən.

Həm müşküllər asan olur əlində,

Həm sözlə əməli birləşdirirsən.

 

Yerbəyer edirsən haqqı-nahaqqı,

dilində ədalət dönüb şüara.

Şövqlə cilalayıb öz almazını,

heç məhəl qoymursan çaqıl daşlara.

 

 

45

 

Hikmətli bir söz deyib,

sonra isə özünü

müdrik kimi aparmaq

çətin bir iş sayılmaz.

 

Bunun birinə dözmək,

qatlaşmaq mümkünsə də,

digəriylə barışmaq,

hesablaşmaq heç olmaz. 

 

Hikmətli söz işlərə

təkan verər, güc qatar.

Qaşqabağın əlacı...

qalar şux zarafata.

 

 

46

 

Gülü budağından üzmə...

Nə hacət?!

Onsuz da tutubdur ətri dörd yanı.

Hüsnünə, ətrinə valehsən – yetər,

vacibmi əlinə bata tikanı?!

 

 

47

 

Bir ara arifliyə can atırdım...

Axmaqlar

və cahillər zır dəli sanırdı onda məni.

 

Onların havasına gircək, “ağıllı” oldum,

çün aləmdə tək müdrik sayırlar özlərini.

 

 

48

 

Oğul deyərəm ona –

zarafatdan yayına,

gözlərini qaçırıb,

baxa tez başqa yana.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

Bazar ertəsi, 29 Aprel 2024 10:15

Şəhidlər barədə şeirlər – Zaur Kərimov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Zaur Kərimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

    

 

ZAUR SALEH OĞLU KƏRİMOV

(02.02.1996.-28.10.2020.)

 

Kürdəmir rayonunun Atakişili kəndindən  olan, Azərbaycan Ordusu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri,  Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

XÜSUSİ  TƏYİNATLI   ZAUR

 

Hələ kiçik yaşından qorxmazdı, qoçaq idi,

Hamı onu sevirdi, ağıllı uşaq idi,

Sözü bütöv, sözü düz, hiylədən uzaq idi,

Böyüyüb yaşa doldu, qazandı neçə uğur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Vaxt yetişdi, Vətənə əsgər borcunun  vaxtı,

Fəxr edirdi, gətirib, onun taleyi, baxtı,

Əsgərlik bir məktəbdir,  həm şərəf, həm sınaqdı,

Xidmət edən zamanı duydu  bir sevinc, qürur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Qurtarıb xidmətini  qayıtdı doğma elə,

Çox düşündü qəlbində: “Rahat olmaram, hələ,

Həsrət qalmışıqsa biz əgər Xarıbülbülə,

Rahat yaşamaq olmaz, bu nə fərəh, bu nə şur?”,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Yenidən o yazıldı  ordumuza xidmətə,

Yaxınlar  “Əhsən!” dedi  ondakı bu qeyrətə,

Kəşfiyyatçı igidlər layiqdirlər hörmətə,

Üz-gözündən yağırdı sanki işıq, sanki nur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Anlayırdı güc ilə məhv edərlər yamanı,

Səylə xidmət edirdi, çox sevirdi, idmanı,

Yarışlarda qazandı çoxlu “Fəxri fərman”ı

İgid güclü olanda damarda qanı coşur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Başlarkən müharibə, dedi,-bizimdir zəfər,

Hər bir əsgər- qəhrəman göstərəcəkdir hünər,

Haqq qalib gələcəkdir, məğlub olacaqdır şər,

Budur, igidlərimiz düşmən üstünə cumur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

 

Döyüşdü Cəbrayılda, Hadrutda, Zəngilanda,

Neçə-neçə düşməni məhv etdi  bircə anda,

Qubadlıda, döyüşdə keçsə də şirin candan,

Sübut etdi, el-oba, Vətən sevgisi budur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Hər zaman ləyaqətli, hər vaxt üzüağ oldu,

Düşmən kürəyinə ox, ürəyinə dağ oldu,

Ölməzliyə qovuşdu, sönməz bir çıraq oldu,

Qurbansız,  şəhidlərsiz torpaqlar azad olmur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

 

Bazar ertəsi, 29 Aprel 2024 09:30

3 gündə 3 möhtəşəm tamaşa

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir gün cümə, bir gün şənbə, bir gün bazar. Yox, təqvimi sadalamıram, Rus Dram Teatrının bu üç gündə verdiyi  tamaşalar barədə söz açmaq istəyirəm. Onlardan biri premyera idi. 

Əminəm ki, teatrsevərlər gərgin iş həftəsindən sonra bu gözəl məkana gedib bu 3 gözəl tamaşanı seyr ediblər. 

 

 

26 aprel - “Kişi, qadın, pəncərə... məşuq”

 

Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.

Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.

 

27 aprel - “Qürur və qərəz”

 

Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

 

28 aprel – PREMYERA – “Voytsek”

 

Tamaşa XIX əsr alman dramaturqu, alim və şairi Qeorq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanıb.

Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.

Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.

“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.

 

Qapaq şəklində: “Voytsek” tamaşasının afişası

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olundu. 

Səhnə əsəri yazıçı gənc istedad Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.

Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

Tamaşa sevilir, hər dəfə zal dolu olur. Bu, yaradıcı heyətin uğurudur. 

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Aprelin 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Bəla” adlı səhnə əsərinin premyerası olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa yazıçı Asif Kəngərlinin 70 illik yubileyinə həsr edilib. 

Narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemləri əhatə edən əsərdə gənclərin zərərli vərdişlərdən uzaq durmağının zəruriliyi və onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılır.

Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada rolları Xalq artisti Şükufə Musayeva, aktyorlar Orxan Abışov, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev, Cavidan Kəsəmənli, Rasəf Mehdiyev, Nihad Heybətov, Sevinc Ağayeva, Vüsal Məmmədov və Sahib İbrahimov ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Tanınmış yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçının mediaya verdiyi açıqlamaya görə, bu əsər onun sayca altı, həcmcə isə (568 səhifə) ən iri romanıdır. Təxminən beş ildən artıq müddətə ərsəyə gələn əsər Nadir şah haqqında indiyədək nəşr olunan romanlardan tarixiliyi ilə fərqlənir. Romanda Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fəthlərini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqəli hadisələr xüsusi ilə seçilir. 

Belə ki, Nadir şah tarixdə dinə, təriqətlərə münasibəti ilə fərqlənib və dini islahatlar keçirən başçı kimi yaddaşlara həkk olunub.

Əsərdəki bəzi hadisələr tarixə sadiqliyini qoruyaraq, həm də yazıçının təxəyyülünün məhsuludur.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Xəbər verdiyimiz kimi, 1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.

Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

 

Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. 

Dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb. 

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

Eyni zamanda bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Görüş zamanı Qırğız Respublikası ilə “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair qərar qəbul edilib.

 

Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

ASAN könüllüləri tərəfindən 7 saylı Bakı "ASAN xidmət" mərkəzində  “Qarabağ” mədəniyyət sərgisi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.

 

Sərgi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə reallaşdırılıb.

 

Tədbirdə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik guşələrinin nümayişi baş tutub.  O cümlədən ASAN könüllülərinin Qarabağ, böyük qayıdış, zəfər mövzularındakı rəsmləri və əl işləri təqdim olunub.

 

 

Müxtəlif musiqi nömrələrinin və kompozisiyaların yer aldığı sərgi rəsm əsərlərinin müəlliflərinin və guşələrdə  təqdim olunan əl işlərinin mükafatlandırılması ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Ziyarətə çevrilmiş ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib.

Virtual sərgidə Mir Cəlalın müəllifi olduğu və görkəmli ədib haqqında qələmə alınan “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın poetikası” kimi kitabların qısa annotasiyası, əsərlərinin motivləri əsasında çəkilən “Bir ailə”, “Nazik mətləb” filmləri haqqında məlumat verilir, ekran əsərlərindən fraqmentlər təqdim edilir.

Materialda Mir Cəlal Paşayev haqqında dövri mətbuatda işıqlandırılan “Bədii sadəlik və mənəvi alilik”, “Ədəbiyyat tarixçiliyimizi yaradanlar – Mir Cəlal”, “Mir Cəlal Paşayev-yazıçı, alim, pedaqoq” kimi məqalələr də sərgilənməkdədir.

Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mir-celal-pasayev-116 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.