
Super User
“Tənhalıq tanrı taxtıdır” - Seyyidəli SÜBHİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
III YER
Seyyidəli SÜBHİ
QAYIDIŞ
Bir çörək alacaq, qayıdacaqdım
– küçə sürgün etdi yüz fikrə məni.
İslandı qarışqa qalacıqları,
Yağış güllələdi fikirlərimi.
Düşdüm bu boşluqda illər itkini,
Bulud üstümə min fikir ələdi,
Ömrü bozluqlara sürdüm, qayıtdım:
–Dayandım, dinlədim qarışqaları,
Uçdu başım üstən quş yuvaları,
İlan ağzındakı quş balaları.
İzlədim, göz önü gördüm,
qayıtdım.
Əcələ əl atmaq keçdi könüldən,
Keçdim bu bir qırıq çörək ömürdən!
Xəyalən saçları qara kömürdən
qızımın tellərin hördüm,
qayıtdım.
Qayıtdım ürəyim səksəkələrdə...
İtim hiss eləmiş daş səkilərdən,
Muştuluq istədi evdəkilərdən –
Ayaq səslərimə hürdü:
– "QAYITDI"!
MELODRAM
Divarında bir fotoluq yerin olsa,
mənə saxla.
Sevinsən, özünçün sevin,
Ağlayanda mənə ağla!
Məni ətrimdən unut, qız!
Bəs nə?!
Qoxu – xatirədi…
Mən adda gerçəyin yoxdu,
Bu yuxun xatirədi...
Tənhalıq – Tanrı taxtıdır,
Görən, Adəmə yaraşar?
Ayrıldıq....
Ömür olacaq
təkadamlıq tamaşa…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
ƏN YENİ POEZİYA: “Urmu gölünün öyküsü”, Əkbər Qoşalı
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Əkbər Qoşalı “Urmu gölünün öyküsü” söyləyəcək. Şeir dünən qələmə alınıb.
Adıma Urmu derlər
Suyum göyə çəkilib…
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəl özüməm.
Türküstan talesizi
Aralın bacısıyam;
O daha tez qurdu -
Məhşərə hazırlaşır
atamqızı elə bil…
Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın -
Min illər öncəydi - biz ayrılanda
Aral sağ əlini çəkdi başıma
Başıma gələnə bax -
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq...
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan…
Xəzərə də əl çatmır…
Araz boynuburuqdu…
Aralın da mənimtək
gəmiləri pas atır…
Tanrının işinə bax -
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur…
Elə bil dil bilirlər
Elə bil göl bilirlər…
Göl vardımı bizimtək?..
Siz, ey zalim göllərin ən zalim gəmiləri
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr
Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam
Bəlkə mən bilməyirəm
Balıqlar dəvə olub?
Bircə onu bilirəm
dəvələr balıq olmaz…
Qanadsızdı dəvələr
Dəvələr dözümlüdü
Dözəcəklər, dözəcəklər
Bizim
son qətrəmiz də quruyan gün -
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr
İnanın, düz sözümdü…
Araz boynuburuqdu…
Xəzərə əlim çatmır…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
Özümdən 3 yaş böyük qızımla Qiyaslıya-kəndimizə getmişdik...
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)
Çox qəribə bir hissdir. 6 yaşım olanda zorla, silahla kəndimizdən, evimizdən qovulduq. Yadımdadır, yolboyu nənəm yandırılan kəndimizə ağı deyirdi, ağlayırdı, babam isə əlindəki qalyana tütün basıb elə sümürürdü ki, elə bil ciyərinə hava çatmır... İllər sonra anladım ki, hər ikisinin ciyəri həsrətdən, nisgildən yanırmış...
Hər gecə kəndlə bağlı mənə əhvalat danışmasalar, yatmazdım. Yazıq kişi ilə arvad düz 13 il kəndimizi küçə-küçə, ev-ev nağıla çevirib mənə danışdılar...
İndi Ağdam yenidən qurulur. Məscidi keçid Ağdərə yoluna düzələndə qızım Qiyaslı sözünü hamıdan tez oxudu.
-Ata, Qiyaslıya 5 km qalıb!!! Çox həyəcanlıyam ey.
Bu səs məni yenə 31 il əvvəl apardı, maşında yox, xəyallar qoynunda yol getməyə başladım... Tez-tez qızımın və yoldaşımın: “Allah erməninin evini yıxsın, gör, evləri nə günə qoyub?” -sözləri məni diksindirir. Düşünürəm, doğrudan, ağzıdualı anların qarğışı, babaların ahı yıxdı ermənilərin evini... Budur, Qiyaslı məscidinə çatmışıq, təmir gedir, içəri buraxmırlar, Xanım isə tələsir:
-Ata, evimiz hansı tərəfdədir?
Evimizin xarabalıqlarına gedən küçənin başında saxlayıb, evimizi nişan edirəm. Qızım maşından düşüb əlimdən tutub evə sarı tələsir. Qəribədir, 9 yaşında qız 6 yaşlı atasını evlərinə aparır, əlindən də tutub ki, yıxılar birdən... Tez-tez üzümə baxır:
-Ata, evimiz düz sən deyən yerdədir ey, kəndimizi yaxşı yadında saxlamısan.
Küçənin başında, düz doqqazımızın ağzında babam, nənəm və anam görünür, bizə əl eləyirlər, hamısı gülümsəyir. Gözlərim dolur və dayanıram...
-Siz bizdən tez gəldiniz evimizə?
-Ata, kimlə danışırsan, tez gəl, nə olub sənə? Elə bil qocalmısan...
Qızımın əlindən tutub uşaqlıqda olduğu kimi, ata- bala evimizə sarı qaçırıq…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
“SEYYİDİ QƏMNAK” KİM OLUB? – Araşdırma
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Şair təbiətli bu məşhur din xadiminin adı Hacı Mir Abbas Ağadır. O, 1855-ci ildə Qərbi Azərbaycanın Yuxarı Kolanı (Hacı Əhməd Kolanısı) kəndində tanınmış din xadimlərindən Mir Ağa Əli Seyyid oğlunun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının məktəbində almışdır. Öz nəslinin mənəvi-dini missiyasını ləyaqətlə daşımışdır. 40 yaşında Həcc ziyarətində olmuşdur. Həcc mərarasimlərini başa çatdırıb mübarək Hacı titulunu alan Mir Abbas Ağa Vətənə qayıtmağa tələsməmiş, Ciddə şəhərindəki Ali Ruhani məktəbinə daxil olub orada ali dini ruhani təhsili almışdır.
Təhsilini başa vurub öz kəndinə qayıdan Mir Abbas ağa böyük coşqu ilə qarşılanmışdı. O, öz həmkəndliləri ilə görüşlərində qeyd edərmiş ki, indi bizim ən başlıca vəzifəmiz övladlarımıza təhsil verməkdən, onları elmli, bilikli, savadlı yetişdirməkdən ibarət olmalıdır. Yalnız bu yolla biz cəhalət zəncirini qıra, xaçpərəst qonşularımız kimi müasir təlim verən məktəblər yarada biləriik.
O, doğma yurduna qayıtdıqdan sonra arzularını gerçəkləşdirməyə başlamış; babasından, atası Seyyid Ağadan qalma molla məktəbini təkmilləşdirib, tədris fənlərini yenidən nəzərdən keçirərək müasirləşdirmişdi. Ağa məktəbdə uşaqlara dini elmlərlə yanaşı, tarix, coğrafiya, hesab, dil və kənd təsərrüfatına aid bilkləröyrətməklə bərabər, Azərbaycan və Şərq ədəbiyyatının görkəmli nümayəndələri və onların əsərləri haqqında da məlumatlar verirdi. Onun məktəbinə uşaqlarala yanaşı, yaşlılar da gəlir, burada “müsəlmanlar üçün lazım olanları” və yazıb-oxumağı öyrənirdilər.
Artıq XX əsrin əvvəllərindən Hacı Mir Abbas Ağa dövrünün tanınmış din xadimi, müasirləri tərəfindən İslam alimi kimi qəbul edilirdi. O, bütün İrəvan Quberniyasının tanınmış, məsləhət verən və sözü keçən şəxslərindən biri olmuşdur. Dövrünün tanınmış din xadimləri ilə şəxsi münasibəti olub. Çoxları onunla məsləhətləşmək üçün evinə gəlir, ağanı ziyarət edirdi. Talin mahalınınbaşında duran – Peterburqda kadet hərbi məktəbini bitirmiş və zabit rütbəsi olan Hüseyn xan və digərləri dəfələrlə ağanın evində olmuşdular.
1918-1920-ci illərdə deportasiyaya məruz qalaraq doğma yurd-yuvasından ayrılan Hacı Mir Abbas Ağa bir müddət Naxçıvanda (Nehrəm kəndində), Gəncədə, Qəbələdə (Bılıx kəndində), Yevlaxda (Xanabad kəndində), Oğuzda (Yaqublu kəndində) yaşamışdır. 1936-cı ildən Şəkinin Aydınbulaq kəndində məskunlaşmış və1957-ci ildə burada vəfat etmişdir.
102 il ağrılı-acılı ömür sürmüş Hacı Mir Abbas Ağa ağsaqqallığını, möminliyini heç kəsə zorla qəbul etdirməmiş, lakin harda yaşamasından asılı olmayaraq, həmişə sözü ilə əməli bir bütöv şəxsiyyət; böyük hörmət, izzət və nüfuz sahibi olmuşdur. Həmişə elmi, maarifi təbliğ etmiş, həmişə haqq və ədalətin, düzlüyün, mərdliyin, insanlığın tərəfində olmuşdur.Ağanın nurlu həyatı bütün ömrü-boyu insanlara yaxşılıqda keçmişdir. Məhz buna görədir ki, onun Şəki rayonunun Aydınbulaq kəndindəki məzarı müqəddəs ziyarətgaha çevrilmişdir.
Tanınmış din xadimi Hacı Mir Abbas Ağa həm dəböyük istedada, incə zövqə, poetik duyuma, bədii duyğulara və rəvan təbə malik bir şəxs olmuşdur. O, öz dövrününtanınmış söz ustalarından idi. Ərəb-fars dillərini və əruzu yaxşı bilirdi. Söz qoşumunda fitri istedada malik olub. Şeirlərini Seyyidi Qəmnak təxəllüsü ilə yazmışdır.
Tanınmış yazarlardan P.Qurbanzadə “Hacı Mir Abbas Ağanın həyat yazısı” əsərində göstərir ki, Ağa bəzən oxuduğu mərsiyələrin də sözlərini özü yazar və muğam üstə oxuyarmış.
O, Azərbaycan və digər Şərq ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış idi. Xəqanini, Nizamini, Füzulini, Nəvaini, Sədini, Firdovsini, demək olar ki, əzbər bilirdi.Yaxın dostu və qohumu M.Məmmədov qeyd edirdi ki, Ağa böyük şairimiz M.Füzulini daha çox sevirmiş, onun müxtəlif janrlarda yazdığı əsərləri mənalandırmaqda çox mahir olub.Fəlsəfi məzmunlu əsərləri çox aydın bir şəkildə şərh edərmiş.
Ötən əsrin 40-50-ci illərində Hacı Mir Abbas Ağanın şeirləri Seyyidi Qəmnak təxəllüsü ilə o vaxtkı “Nuxa fəhləsi” qəzetində tez-tez görünərdi.
Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev bu sətrlərin müəllifinə söyləyirdi ki, atasının külli miqdarda şeirləri olub. Onun yaradıcılığında qəzəl, qəsidə,(hətta həcvlər) məsnəvi, rübai, qoşma və s. kimi janrlar əsas yer tutmuşdur. Ağanın vəfatından sonra onun əlyazmaları başqa əllərə keçmişdir. Kitab halında çap etdirəcəklərini vəd edənlər, təəssüf ki, öz vədlərinə xilaf çıxaraq həmin əlyazmaları it-bata salmışlar. Həm də Ağa çox vaxt şeirlərini bədahətən söyləmiş, onların çoxunu yazıya almamışdır.
P.Qurbanov yuxarıda adı çəkilən əsərində AYB-nin və Jurnalistlər İttifaqının üzvü, “İncəsənət” qəzetinin redaktoru, bir sıra hekayə, povest və romanların müəllifi, tanınmış publisist mərhum Ə.İbrahimova istinadən qeyd edirdi ki, Hacı Mir Abbas Ağanın şeirləri ilə tanış olan görkəmli yazıçılarımız Anar, Elçin və digərləri bu şeirləri yüksək qiymətləndirmişlər.
Hacı Mir Abbas Ağanın əldə olan bir neçə şeirini hörmətli oxucuların nəzərinə çatdırmamışdan əvvəl onların barəsində bəzi qeydlər etməyi lazım bilirik.
Təqdim olunan ilk şeirin (“Qocalıq”) Ağanın yaşının 80-90-cı illərində yazıldığı güman olunur. Çünki bu şeirə qədər onun dilindən qocalığa aid giley-güzar eşitmirik. Şeirin məzmunundan o da məlum olur ki, elə bu yaşında da o öz fəhmini itirməmiş, təbinin rəvanlığını qoruyub saxlamışdır.
Seyyidi Qəmnakın təqdim olunan ikinci şeiri Gəncədə (o vaxtkı Kirovabadda) N.Gəncəvinin 800 illik yubileyində bədahətən söylədiyi şeirdir. Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev söyləyirdi ki, II Dünya Müharibəsi dövründə Nizaminin yubileyində iştirak etmək üçün Nuxa (Şəki) rayonundan Gəncəyə göndərilən nümayəndə heyətinin tərkibində atam da olub. Tədbirdə çıxış etmək üçün söz veriləndə o, bir neçə şeir söyləmişdir. Təəssüf ki, həmin şeirlərdən təkcədahi şairimizin böyüklüyündən söz açan “Nizami ilə görüş” şeiri əldə qalmışdır. Mərasimdə atamın cibindən saatını da oğurlamışlar. O, şeirdə “Saatı bəxş elədim, heykəlinə bağmağıma” misrasında zarafatyana bu hadisəyə işarə etmişdir.
Sonuncu, “Var” rədifli şeir isə Ağanın ən çox sevdiyi M.Füzuliyə həsr olunub. Bu şeir həm də özünü dahi Füzuliyə tay tutan, onu təqlid edənlərə- epiqonçulara tutarlı cavabdır.
İndi isə şeirləri diqqətinizə təqdim edirik:
QOCALIQ
Qəflətən eylədi bu halı, pərişanlıq qocalıq,
Zövqü-səfamı aldı əldən, tamam qocalıq.
Üzüldü canım evi, qoymadı heç can qocalıq,
Oldu haram mənə eşq, həm də canan qocalıq.
Ömrümə tezcə əsdi, qocalığın yelləri çox,
Sovurdu qəlb evimi, dəstə açan gülləri yox.
Yazımı qarə çatıb, daşdırdı o, selləri çox,
Bu cavan ömrü tez etdi, zimistan qocalıq.
Bədənim düşdü zəif, sanki xəstə bir insanam,
Bu qocalıqmı, əzizim, gərək ki, mən inanam.
Buna xəstəliyin nə dəxli, bir söylə, anam,
Yalnız sadədil könlümü, eylədi şan-şan qocalıq.
Gözlərim görmür əsla, dizlərimdə yox taqət,
N səbrim, nə hövsələm var, nə də ki, canda qüvvət,
Əqlim də zay olub dəxi, nə var hünər, nədə qüdrət,
Çox yaman dərddir ki, bu, yox sana dərman, qocalıq.
Belimdə qulunc dayanır, gözlərimdən yaş tökülür,
Bağrımın başı yanır, elə vird et can sökülür.
Gün-gündən qədd əyilir, yaş ağac tək bel bükülür,
Gülməyən taleyimi, hey eyləyir qan qocalıq.
Allah eyləməsin, nə ola dava qurasan,
Göz görmür, taqətin yox ki, ixtilat vurasan.
Əl ağacına söykən, nə yaxşı ki, şax durasan,
Həsrət ilə baxar, hər işə heyran qocalıq.
Qulaqlar kar olubdur, mümkün yox ki, söhbət ola,
Ayə, bir söz də eşitmir, ya xeyir, qeybət ola.
Demə ki, yazıq Seyyidi Qəmnak, ağzında bir ləzzət ola,
Çarə yox vallah buna, gəlsə də, loğman, qocalıq
NİZAMİ İLƏ GÖRÜŞ
Ey Nizami! Əşarının nə əcəb siqləti var,
Kimyadır mən deyərəm, həddən aşan qiyməti var.
Dünya-aləmdə vardır, sənin çox-çox hünərin,
Şerinə baxan deyər, dağdan ağır qüdrəti var.
Külli-bəşər yığıla, görə bir qiyamətin sözün,
Kimya kəlmələrin safı qızıl, tələti var.
Yeddi yüz il dolanıb, səkkizi dövr etdi tamam,
Ölməyibsən, dirisən, söhbətimin ləzzəti var.
Gəncə şəhəri yenə fəxr eyləsin bu ölkələrə,
Yetirib sən tək şair, gör nə gözəl nisbəti var.
Çox böyük qiymət qoydu, sənə xalqın da əcəb,
Surəti-heykəlin gördüm, anın da çox şöhrəti var.
Saatı “bəxş eylədim”, heykəlinə baxmağıma,
Bilmədim başının quldur dəstəsi, qarəti var.
Bir neçə tövsif yazıb Seyyidi Qəmnak Sana,
Gör nə cəsarətlə yazıb, necə bir xidməti var.
VAR
Baqi deyil Füzuli, Şeyximiz tək əcdadı var,
Yazıbdır neçə əşar, gör necə təbi-mənası var.
Yüzü yüz misi söylər, yaxar ustad invanına,
Yapışmaz, əzizim, saiti, nabi-nəfəsi var.
Gör neçə sənə keçmiş, nəzmi yenə kimyadır,
O, bir tacdadır nəzmdə, təşviqinə gümanı var.
Tazə-tər bahardır, xəzandidiyə nə hacət ki,
Təftiş eyləsin ustadı, mistəki dəvası var.
Seyyidi Qəmnak həvaxah misrasına ustadın,
Çün təkamüldür misrası, rəbbinin rüsxəti var.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
AKTUAL - Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı nə deməkdir?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafını təmin etmək üçün neynəmək lazımdır? Əlbəttə ki maraqlı və aktual sualdır. Bu üzdən, xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı tətbiq edir. Nədir bu proqram?
Gəlin aydınlıq gətirək.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə yer alan məsələlərdən biri MYS sahəsində kadr potensialının inkişaf etdirilməsidir.
Tədbirlər planında sözügedən fəaliyyət istiqaməti üzrə öz əksini tapan “Müasir və rəqabətli MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması” tədbiri ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.
“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq olunub.
Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.
MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alması, 1000 nəfər sahə üzrə mütəxəssisin sertifikatlaşdırılması, eləcə də tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlb edilməsi, sahə üzrə tədris olunan ixtisasların sayının 10 faiz artırılması və məzmununun yaxşılaşdırılması nəzərdə tutulur.
Təqaüd proqramı audiovizual (musiqi, kino, o cümlədən animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans və yaradıcı texnologiyalar sahələri üzrə ixtisaslaşma istiqamətlərini əhatə edir.
Proqrama yaradıcı potensialını inkişaf etdirmək istəyən yaşı 15-dən yuxarı şəxslər müraciət edə bilərlər.
Qeyd edək ki, təqaüd proqramı üzrə müsabiqəyə müraciət qaydası, proqram iştirakçılarının seçimi ilə bağlı meyar və prosedurlar haqqında ətraflı məlumat yaxın vaxtlarda nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
Biz də sizi məlumatlandıracağıq.
Şəkildə: Yaradıcı sənaye deyəndə Azərbaycanda əsas önəm audiovizual sahəyə ayrılır.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Qoşundaş abidələri
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Qədim zamanlarda Zəngəzur mahalında Zülqədər adlıçox zəngin bir xan yaşayırdı. Onun min başdan çoxqoyun sürüsü, at ilxısı vardı. Xanın yeddi oğlu və birqızı vardı. Oğlanları at belində ox atar, ov edər, qılıncçalmaqda mahir idilər. Xanın qızı da qardaşlarındanigidlikdə geri qalmazdı. Gözəlliyi ilə ad çıxarmışdı. Xan çox lovğa və təkəbbürlü idi. Baxmayaraq ki, övladlarının qayğısına qalır, amma onları digərlərindənhəmişə üstün tutardı. Odur ki, gələcək kürəkəninin dəxan nəslindən olmasını arzu edirdi.
Bu diyarda gözəl səsli, igid bir cavan da yaşarıdı. Gəncöz səsi ilə ovladığı heyvanları ram edirdi. O hər cürsənətkarlığı da bacarırdı. Tut ağacından qopuz düzəldibgözəl mahnılar ifa edirdi. Məlahətli, həzin musiqinieşidən quşlar uçmayıb onu dinləyərdilər. Şahtərəfindən keçirilən at çapma, ox atma, qılınc oynatmayarışlarında gənc də iştirak edir, çox vaxt birinciolurdu. Həmin vaxt şahın üzü dönür, əlləri ilə bu gənciboğmaq istəyirdi. Belə yarışların birində Cavidanqəsrdən ona tamaşa edən gözəl bir qız gördü, birkönüldən min könülə ona aşiq oldu. Qız da gəncinhisslərinə biganə qalmadı. O da dəmir qüssəli gəncisevdi. Ancaq sevgililər başa düşdülər ki, təkəbbürlüxan heç vaxt qızının zavallı bir aşiq ilə sevdasının baştutmasına razı olmayacaq. Odur ki, gənclər öz taleləriniseçmək üçün birlikdə qaçmağa qərar verdilər.
Aşiqlər bir dağın ətəyinə çatdılar və burada qaldılar. Gənc gümüş gölün sahilində daxma tikdi. Yemək üçünbalıq tutdu və ov ovladı. Beləcə aşiqlər gözəl təbiətinqoynunda xoşbəxt yaşamağa başladılar. O, sevgilisiüçün hər gün qopuzda mahnılar çalıb, təbiətin onlarabəxş etdiyi bu gözəl mənzərədən həzz alır, xoş ömürsürürdülər. Unanırdılar ki, artıq xoşbəxtlik onlarladır.
Xan qızının bir kasıb gənclə qaçdığını biləndə çoxhirsləndi. Oğullarını çağırdı. Onların hər birinə birdəstə döyüşçü verdi ki, qaçanları tapana qədəraxtarsınlar. O, gəncin öldürülməsini, qızının isəlayiqincə cəzalandırılması üçün evə qayıtmasını əmretdi.
Qardaşlar qaçanları axtarmaq üçün bütün çöllərigəzdilər. Nəhayət, dəstələrdən biri aşiqlərin yaşadığıyerə çatdı. Qaçanların üzərinə oxatanlar ox yağışıyağdırdı. Döyüşçülərin atdığı oxlardan biri gəncinsinəsinə sapıldı və ürəyini deşdi. Gənc gölə düşdü vətəmiz su onun qanına bulaşdı.
Sevgilisinin öldüyünü görən qız onsuz yaşayabilməyəcəyini anladı və üzünü Tanrıya tutub yalvardıki, onu təqib edənlərin əlinə düşməmək üçündöyüşçüləri daşa çevirsin. Allah hər şeyi gördü və qızarəhm etdi. Qoşun daş heykəllərə döndü. Xanın qızı isəgölün kənarında daşlaşmış bir qaya oldu. Bu qayasaçları dağılmış qıza bənzəyir.
Qoşundaş abidəsi. Zəngəzurun qədim tarixindən vəmədəniyyətindən xəbər verən dəyərli abidələrdən biridə Qoşundaş abidə-məzar kompleksidir. Qoşundaş abidəsi eramızdan öncə ikinci minilliyə aid olub Qarakilsə rayonunda, köhnə Qarakilsə kəndi ilə Qızılağac kəndinin arasındakı yastı təpəlikdə yerləşir.
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)
“İnnovasiyalar Mərkəzi” “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.
Əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “iLab” startapı tərəfindən istehsal olunan “Charge Box” elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.
Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər.
O qeyd edib ki, sözügedən stansiyalar artıq bir çox “ASAN xidmət” mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.
Sonra “Gələcəyin İnnovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar” və “COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel müzakirələr start götürüb.
Festival 10 innovasiya və texnologiya şirkəti, 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP29-a həsr olunur və “Yaşıl texnologiya yaşıl dünya naminə” şüarı ilə keçirilir.
"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir. Həmçinin gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə yer alan məsələlərdən biri MYS sahəsində kadr potensialının inkişaf etdirilməsidir.
Tədbirlər planında sözügedən fəaliyyət istiqaməti üzrə öz əksini tapan “Müasir və rəqabətli MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması” tədbiri ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq olunub.
Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.
MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alması, 1000 nəfər sahə üzrə mütəxəssisin sertifikatlaşdırılması, eləcə də tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlb edilməsi, sahə üzrə tədris olunan ixtisasların sayının 10 faiz artırılması və məzmununun yaxşılaşdırılması nəzərdə tutulur.
Təqaüd proqramı audiovizual (musiqi, kino, o cümlədən animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans və yaradıcı texnologiyalar sahələri üzrə ixtisaslaşma istiqamətlərini əhatə edir.
Proqrama yaradıcı potensialını inkişaf etdirmək istəyən yaşı 15-dən yuxarı şəxslər müraciət edə bilərlər.
Qeyd edək ki, təqaüd proqramı üzrə müsabiqəyə müraciət qaydası, proqram iştirakçılarının seçimi ilə bağlı meyar və prosedurlar haqqında ətraflı məlumat yaxın vaxtlarda nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.
Qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi kino sənayesində institusional islahatlara dair layihələri əhatə edir. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.
Müsabiqəyə avqustun 2-dək grants.culture.az resursu üzərindən elektron formada müraciət etmək olar.
Qrant müsabiqəsi ilə bağlı suallarla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin Qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Hüznlə süslənib səhər”
Könül, “Ədəbiyyat və incəsənət”
Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə.
Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi.
Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər.
balaca bir mətbəx şəkli çəkir
səhər erkən pəncərədən süzülən işıq
əşyaların çizgiləri aydınlığa qovuşur
seylon çayı dəm alır darçın qarışıq
bu mətbəxdə mavi bəyaz bir hüzn var
hüznlə süslənib səhər
süfrədə isti çörək radioda boyat xəbərlər
ətirşah qoxusutək islaq bir kədər
dənizin üstündən duman çəkilir
sübh namazına durub dua eləyir
umudları boşa çıxmış br qadın
bu balaca mətbəxi bu islaq ətirşah qoxusunu
bu qadının gözlərini bu qadının yuxusunu
və pəncərədən süzülən işığı sevirəm mən
bu sevda mənimlə məzara girər
uçun quşlar uçun, uçun dünya gözəldi bu gün
mən də bu gün qanad açıb uçardım
ürəyimdə ağır yük olmasaydı
gecə səhərə qədər ağlayan tut ağacı
gün doğunca gülümsədi üzümə
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)