
Super User
“Gəlmir çiçək ətri boz misralardan” - Süleyman Abdullanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Süleyman Abdullanın şeirləri təqdim edilir.
Ağ-qara şeir
Aləm dağılar da, dünya batar da,
Başının üstündən getməz göy üzü.
Ana da ağlayar, bacı da, yar da,
Səni ağlamağa yetməz göy üzü.
Hər kəsin bir tama tamsınmağı var,
Hətta ölümün də var dadı, dostum.
Hamıdan küsməyə səbəb tapılar,
Buluddan nəm çəkmək başqadı, dostum.
Torpağa şəklini qara çək, amma
Köynək ağ çubuqlu, ya ağ damalı.
Olar da arada sevinmək, amma
Hərənin bir günü var ağlamalı.
Son gün göy üzündən yağmaz yerə zər,
Baxarsan işıq ağ, çilçıraq qara.
Qar yağar, gün doğar, açar çiçəklər,
Bir də yarpaqlamaz əksin ağ-qara.
Sıxılar, darılar axırda hər şey,
Bu dünya özünə, boyuna dar ki...
Bir səbəb qalmadı etməyə giley,
Baxmağa göy üzü həmişə var ki...
Üzü dan yerinə
yazılan şeir
Hər şey keçəridir, dost,
dünənki yas da,
bugünkü bayram da...
Yağış yağır bayırda…
Hardasa dumanlıdır hava,
çisələyir hardasa...
Kəndimizdə
sabah tezdən çıxan günəş
gizləndi - deyirlər, buludların arxasında...
Axşama
qar yağır bayram tonqallarının üstünə, -
deyirlər...
Kimsə kiməsə
atəşin salam göndərir isti ölkələrdən,
Kimsə niyəsə
aysberq şəkli qürbətin soyuğundan...
Dünyanın mərkəzi bilirdim kəndimizi, -
deyilmiş...
Bəlkə də ən ucqar yeri imiş
yolumuz keçən yoxuş, üzü göyə...
Nə istila, nə işğal...
Bizimkini
özümüzünkülərin soyuqluğu zəbt etdi
topsuz-tüfəngsiz...
Qəribliyin ən miskin şəklidir tərk edilmək,
uzaqlığın ən yazıq formasıdır şəklə baxıb
əllə göz arası məsafədə həsrət çəkmək...
İşğal olunmuşa dönmək olur nə vaxtsa,
tərk olunmuşa heç bir zaman...
Hər şey keçəridir, dost, bu ötəri həyatda...
Mən yaşaya bilmədim vətən adına səni,
torpaq adına özümü...
Bir boşluq var ömrümün sən yerində,
ürəyim sevginlə doludur, amma...
Çox uzaqsan, az yaxın...
Yaxınların dərdi öldürür adamı
yaşadıqca uzaqları...
Bir ovuc günəş işığı,
bir göz qırpımı ümid...
Bir də saralmış ağ-qara şəkil...
Bir qətrə göz yaşı boyda imiş dünya!
Sinifdə qalanların şeiri
Olmur öz canına əkməklə də sul,
Hər vaxtın özünün var imtahanı.
Bütün sualların cavabı məchul,
Bütün cavabların sualı: - hanı?..
Arada bir dayan, nəfəsini dər,
Kimdi boş xanada bayquş səkdirən?
Hər il qəlizləşir bir az biletlər,
Nə çəkən anlayar, nə də çəkdirən.
Çətindir ayırmaq xeyirdən şəri,
Gərək haqq da ola vurmağa dişə.
Məktəb testi deyil tale testləri,
Bunker müəllimi yaramaz işə.
Küsmək adəti var yol azanların,
Sayarlar düz yeri ayıb azmağa.
Soğan qələm ilə vaxt yazanların
Hələ zamanı var qayıb yazmağa.
Heç nə hasil olmaz tale vurmaqla,
Alarsan şapalaq əlin tərsindən.
Birdən unudaram, yadında saxla,
Qaçmaq mümkün deyil həyat dərsindən.
Çatmaz harayına əlinin hoyu,
Günah nə vaxtdadır, babal nə səndə.
Sinifdə qalarsan bir ömür boyu,
Kəsilsən də "iki", kəsilməsən də...
Unudulmağın şeiri
Döndüm, kölgə həmin, baxdım, səs həmin,
Yox imiş həvəsin unudulmağa.
Unutdum sayını andın, qəsəmin,
Neçənci dəfəsin unudulmağa.
Bir var yardım ola, bir də yar, elə,
Ağılı qar suyu, könlü nar elə.
Hamının unutmaq haqqı var elə,
Və bir də hər kəsin unudulmağa.
Kabuslar yuxunu qatar, bilirəm,
Bəxtin əvəzinə yatar, bilirəm.
Əlin üzülməyə çatar, bilirəm,
Yetərmi nəfəsin unudulmağa?
Boşluqların şeiri
Sevgidən o yana tənhalıqdı boş,
Qucaqlar izini duzaq kölgənin.
Dərdini daşımaq olmur xoş, naxoş,
Yaxın adamların, uzaq kölgənin.
Çoxdu başağrısı göylə getməyin,
Tanrı olmağı da tərgit sən yerdə.
Olmaz kəraməti dua etməyin
Adamın nəfəsi kəsilən yerdə.
Əvvəli bəlkə də təsəllidir yol,
Bəlkə yaxşılığa iz vardı sonda.
Baxırsan əlinə-ovcuna, boşdur,
Bir az ümid idi, qurtardı sonda.
Hamı bütövlüyə qoşur ilk gündən,
Son ah tamdan sona qalan qalıqdır.
Özünü atmağa bu yer üzündən,
Sevgidən o yana boş tənhalıqdır.
Haqdan verilmişlərin şeiri
Gün yetişdi səsimizin batdığı,
Vaxt haqsıza oy verdimi?..
Oy verdi!..
Keçdi dövran, - bəxtimizin yatdığı,
Xainlərə hoy verdimi?..
Hoy verdi!..
Haqq düsturu nə sənlikdi, nə mənlik,
Düz cavabı başqa imiş bu tənlik.
Nə fərqi var, divan olsun, ya şənlik,
Tutulası toy verdimi?...
Toy verdi!...
İndi olmur açıb demək hər şeyi,
Boyat gördük təzə şeyi, tər şeyi...
Xeyir kimi təllədilər şər şeyi,
Fərarilər soy verdimi?...
Soy verdi!...
Unutdurur çox dünəni yaradan,
Kim seçir ki, bu gün ağı qaradan?!
İllər ötdü, sular keçdi aradan,
Göbələklər boy verdimi?..
Boy verdi!..
60-ların şeiri
Çoxdandı yazmıram sevgi şeiri,
Gəlmir çiçək ətri boz misralardan.
Bənövşə vaxtıdır, nərgiz zamanı,
Novruz çiçəkləri boy vermir qardan.
Gözümdə yasəmən tumurcuqlamır,
Atlanmır ürəyim süsənlər üçün.
Dodağım çatlayıb söz uçuqlamır,
And yeri deyiləm küsənlər üçün.
Çətin ki səsimi gülxətmi duya,
Girə yuxusuna çiçək qızların.
Dolça etmədim ki, ovcumu suya,
Səpəm yuxusuna qərarsızların.
Tükətdik ən gözəl çağı savaşda,
Gəncliyin uğuru düşəndi tərsə.
(Adı sevgi olsun, ya eşq, hər nəsə)
Nahaqdan qınama daha bu yaşda,
Mənim də qəlbimdən keçir nələrsə.
İstəyim çox deyil bu yazqabağı,
Bir damla şeh olmaq durudan-duru.
Tanrıdan umduğum nədir ki, axı?! -
Bir az gün işığı, bir az ay nuru.
Eşqin qələbəsi olmaz bu yaşda,
Bütün etiraflar cılız görünər.
Sevgi uduzmaqdı Haqla savaşda,
Öləndə gözünə bir qız görünər.
Şeir haqqında şeir
Damar şeirləri... pafoslu və cır,
Sözün sığalına aldanır çoxu.
Bu gün fərari də zəfərdən yazır,
Təbin cığalına aldanır çoxu.
Qaramat doludur hikmət adına,
Gözün qarası var, şeirin ağı var.
Çoxdu zor işlədən istedadına,
Sözün saqqız kimi uzanmağı var.
Dəllal at oynadan bazar boyu şər,
Salır ayaq altda sözü çul kimi.
Tuxta şeirləri saxta şairlər,
Satır naşılara qəlp pul kimi.
Çənəsi səs dərir, qulağı darı,
Göz dağı verən yox göz oğrusuna.
Çoxalıb ölkənin riyakarları,
Tərif yağdırırlar söz oğrusuna...
Nə təzə, nə köhnə, nə çəki?!.
Dəllal
Baxır vəziyyətə, baxır imkana.
Şair, ölən sözün qisasını al,
Damar şeirləri işləyir qana...
Tutaq ki...
Tutaq ki, tutmağa yox idi sözü,
Olanı-qalanı gopdu, tutaq ki...
Adamı boş yerə topa tutmazlar,
Atəşə tutulan topdu, tutaq ki...
Tapmadı əl yeri bəlli, - batanda,
Yoxdur məsələnin həlli batanda...
Ayağı qopmadı əlli batanda,
Atanda ürəyi qopdu tutaq ki...
Bir gözü aydadır, çayda bir gözü,
Tülkü eynəyindən baxır şir gözü.
Tutmadı, görəndə su içmir gözü,
İçənin cibinə hopdu, tutaq ki...
Daha o gəmilər dönməz limana,
Bilməz kim unuda, duymaz kim ana.
Nə dinə gələsi, nə də imana,
Keşişdi, molladı, popdu tutaq ki...
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Narlı quzu mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Narlı quzu mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 159 qr
§ Qırmızı soğan – 17 qr
§ Ərinmiş kərə yağı – 20 qr
§ Nar – 30 qr
§ Yerfındığı – 25 qr
§ Müxəşşər – 15 qr
§ Alma qaxı – 15 qr
§ Armud qaxı – 15 qr
§ Möüz (üzüm qurusu) – 15 qr
§ Göyərti – 8 qr
§ Mərzə qurusu – 3 qr
§ Təzə zəncəfil – 1 qr
§ Sarıkök – 0,10 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Quzu əti 35-40 qramlıq tikələrə doğranır. Tavada yağ qızdırılır, quzu əti qızardılır. Sonra üzərinə halqa şəklində doğranmış soğan əlavə olunur, soğan qızarana yaxın üzərinə yarıbişmiş müxəşşər, yerfındığı əlavə olunur və bir yerdə tovlanır. Sonra su əlavə olunur, qarışdırılır, tavanın ağzı qapaqla bağlanır, bişirilir, suyu azaldıqda yuyulub qurudulmuş alma, armud qaxı, möüz (üzüm qurusu) əlavə edilir və ehtiyatla qarışdırılır. Sonra duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş zəncəfil, quru mərzə, darçın əlavə olunaraq yenidən qarış- dırılır. Nar suyu sıxılır, xörəyə tökülür, qarışdırılır və vam odda bişirilir. Yağa düşdükdə ocaqdan götürülür, 5 dəqiqə yer dəmi alır. Süfrəyə veriləndə üzərinə dənələnmiş nar, göyərti səpilir. Bu xörək plov və çilovlarla da yeyilə bilər.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Bu gün Türkiyənin Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri başlayacaq
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə bu gün - avqustun 29-dan 31-dək Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri keçiriləcək.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri bu gün ənənəvi olaraq Marmaris şəhərində açıq havada altı min nəfərlik qədim amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaqdır.
Konsert proqramında Azərbaycan və Türkiyə sənətçiləri birgə iştirak edəcək, hər iki ölkənin musiqiləri, rəqsləri təqdim ediləcəkdir.
Cari ilin 31 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi reallaşdırılacaqdır.
Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətiriləcək qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunacaq, habelə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaqdır.
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaqdır.
Konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdarartistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli misiqilərimizi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəklər.
Azərbaycan nümayəndə heyəti - incəsənət ustalarının Antaliya televiziya kanalının qonağı olacaq, Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaqdır.
Tədbirlər çərçivəsində Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri müzakirə olunacaq, Universitet kitabxanası, habelə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
POETİK QİRAƏTdə Taleh Mansurun “Qalmır” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə hələ də Taleh Mansurdadır. O, “Qalmır” deyəcək.
Qorxağın kəməri olsa nə fayda,
Onsuz da şalvarı belində qalmır, - söyləyir gənc şairimiz.
Xoş mütaliələr.
Qalmır
Üzürəm taleyin, bəxtin əksinə,
Xəyalım düşüncə selində qalmır.
Ahımı küləklər çəkir köksünə,
Nəfəsim dünyanın yelində qalmır.
Ömür nə haydadı, dünya nə hayda?
Özüm daxmadayam, adım sarayda.
Qorxağın kəməri olsa nə fayda,
Onsuz da şalvarı belində qalmır.
Tikanlı söz demə, batır kağıza.
Ürəyin hər sözü çatır kağıza.
Gec, ya tez özünü atır kağıza,
Yaxşı söz şairin dilində qalmır.
Gedənlər Tanrının özüylə gedir.
Bir kəlmə "Gəl mənə" sözüylə gedir.
Ocaq da qoşulub közüylə gedir,
İstisi, tüstüsü külündə qalmır.
Uduzur axırda söz udan adam.
Kor olur gözünü unudan adam.
Neynəsin gül tutan, əl tutan adam? -
Əl ətri, gül ətri əlində qalmır.
Dənizin, torpağın tanış damlası,
Məhəbbət damlası, barış damlası.
Tanrıdan gəlsə də yağış damlası,
Süzülür, bəndənin telində qalmır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
GÜLÜŞ KLUBUnda dialoqlar
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Dialoqlar monoloqlardan daha gülməli olur, çünki kollektiv əməyin məhsuludur. Beləliklə, Gülüş klubunda dialoqlar!
1.
Psixiatr:
-Siz başınızda səslər eşitmirsiniz?
Mən:
-Əlbəttə yox.
İkinci mən:
-Demək məni başqalarına göstərməkdən utnırsan? Eybi yox, evdə danışarıq!
2.
-Bütün ömrüm boyu supermen olmağı arzulamışam. İdmanla məşğul olmuşam, onun kimi uçmağa cəhdlər etmişəm. Nəhayət ki, arzuma çatdım.
-Uçmağı öyrəndin?
-Yox. Supermenin kostyumunu aldım.
3
-Görəsən indiki cavanların axırı necə olacaq?
-Necə olasıdır ki? Qocalacaqlar və deyəcəklər ki, indiki cavanların axırı necə olacaq.
4.
-Sən yenə də çirkli niyyətlərlə mənə yaxınlaşırsan?
-Yox, mən onları yumuşam.
5.
-Əhməd qardaş, bizim ütü zamıkaniya edib işləmir, onu düzəldə bilərsən?
-Gülsənəm bacı, ərinə nə gəlib ki, özü düzəltsin də.
-Sən nə danışırsan? Tok vurar birdən onu.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
“Məncə, xəyal qura bilmək çox gözəldir” - Hande Kayacan
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Budəfəki qonağım qardaş Türkiyənin dəyərli yazarlarından biri olan Hande Kayacan xanımdır.
-Salam Hande Kayacan xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqda məlumat verərdiniz.
-Salam Habil bəy. İlk öncə sizinlə tanış olmaqdan çox şad olduğumu bildirmək istərdim. İzmirdə doğulmuşam, həyat yoldaşım və qızımla hələ də İzmirdə yaşayıram. Oxumaq mənim üçün həyat tərzidir, həmçinin yazmaq da. Yazı səyahətim əslində gənc yaşlarımda yaşadığımız məhəllə üçün jurnal nəşr etmək ideyası ilə başladı. Sonralar məktəb kompozisiyalarına çevrildi. Nəhayət yarımçıq qalan layihələrimi həyata keçirə bildim. İbtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Davetsiz Misafir” kitabım rəflərdə öz yerini tutdu. İndi isə böyüklər üçün üzərində işlədiyim bir hekayə və romanım var. Uşaqlar üçün dərc edilməyi gözləyən dörd-beş hekayə kitabım var. Bu il çox istədiyim Jurnalistika fakültəsinə oxumağa başlamağım da bir təsadüfdür. Tələbə olmaq məni həyəcanlandırır.
-Əsərləriniz haqqında məlumat almaq istərdik.
-Luna nəşrləri tərəfindən nəşr olunan uşaq kitabımı qismən də qızımın xəyal dünyasından ilhamlanaraq yazdığımı deyə bilərəm. Yəni bu, qızımla birgə layihədir. İnanc və təbiət sevgisi haqqında. Digər qaralama uşaq kitablarımda təhsildən çox gülüş və əyləncəyə, xəyal qurmağın əhəmiyyətinə diqqət yetirdiyimi vurğulamaq istədim. Məncə, xəyal qura bilmək çox gözəl və inkişaf edən bir fenomendir. Böyüklər üçün yazmaqda olduğum romanımda əhalinin mübadilə zamanı, o dövrün məhəllə mədəniyyəti və müxtəlif mədəniyyətlərdən olan insanların birgə yaşayışı danışılır. Bir az keçmişə, bir az da indiyə toxunaraq birlikdə vaxtı müzakirə etmək istədim. Deyək ki, bir az mistik ab-hava var.
Hekayə kitabım üçün Türkiyədən bir çox bacılarımdan aldığım rəylərlə yaratdığım hekayələrim var. Maarifləndirmə məqsədi daşıyan, qadın olmağın çətinliyi və gözəlliyinin birlikdə izah edildiyi bir layihədir. Yeni ildə kitab mağazalarında yer almasına çalışıram.
-Yazmaq sizin üçün nə ifadə edir?
-Əvvəla, yazmağı oxumaqdan ayrı tuta bilmərəm. Yazmaq və oxumaq başqa ölkələrə açılan qapılar kimidir. Bir gün kasıb məhəllədə yaşayıb, ertəsi gün özünü qalada şahzadə kimi hiss edə bilərsən. Ya da bir gün işçi uşaq, bir gün qatil ola bilərsiniz. Hekayələrdə normal həyatınızda edə bilməyəcəyiniz utopik və ya qeyri-etik davranışları yaşaya, hətta romandakı personaj kimi hiss edə bilərsiniz. Mənim üçün bu həyəcanvericidir və ruhumu qidalandırdığını düşünürəm.
-Müasir Türkiyə ədəbiyyatından kimləri oxuyursunuz və oxucu marağı sizi qane edirmi?
-Uşaq ədəbiyyatında elə müəlliflər var ki, qızım üçün həmçinin özüm üçün də oxuyuram, onlardan ilham alıram, amma onların sayı kifayət qədər çoxdur. İndi düşünəndə ağlıma Şermin Yaşar və Anıl Basalı gəlir. Dünyadan da Culiya Donaldsonu deyə bilərəm. İpek Ongunu gənc yaşlarımdan sevirəm.
Böyüklər üçün ədəbiyyatda isə Elif Şafak, Serkan Karaismailoğlu, İclal Aydın, Şermin Yaşar, İskəndər Pala zövqlə oxuduğum yazarlardandır.
Oxucu marağı bizdə yazıçıları qane edəcək səviyyədə deyil deyə düşünürəm. Özümü inkişaf etməmiş yazıçı namizədi hesab etsəm, oxucu marağı mənim üçün qənaətbəxş səviyyədə deyil. Kaş oxumağı daha çox sevən bir cəmiyyətimiz olaydı.
-Azərbaycan ədəbiyyatından kimləri tanıyırsınız?
-Bu suala görə utanıram. Deyək ki, Azərbaycan ədəbiyyatı ilə bu müsahibədən sonra tanış olacam.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Əbədi məhəbbət nağılı - FİLM KİMİ HEKAYƏ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bölüm 1: Sözlərin Gücü
Narin gənc bir şairə idi. Qəlbi incə, ruhu isə dərin hisslərlə dolu olan bu qadın hər bir yazdığı misrada həyatın gözəlliklərini, itkilərini və arzularını əks etdirirdi. O, müasir dövrdə yaşasa da, onun ruhu qədim zamanlara, qəhrəmanlıq və böyük sevgi dolu dövrlərə bağlı idi.
Bir gün Narin şəhərin qədim kitabxanasında köhnə bir əlyazma ilə qarşılaşdı. Bu əlyazma Səlcuq imperiyasının qüdrətli hökmdarı Sultan Alparslanın həyatı və dövrü haqqında idi. Narin həmin əlyazmanı oxuduqca Sultan Alparslan haqqında daha çox şey öyrənməyə başladı. Onun ədaləti, xalqa sevgisi, Türk adını yüksəklərdə daşıma qayəsi Narinin qəlbində adsız bir qığılcıma çevrildi.
Narin bu əlyazma ilə hər gün daha çox vaxt keçirdikcə özünü sanki o dövrlərdə yaşayırmış kimi hiss edirdi. Kitabın səhifələri arasında Sultan Alparslanın igidliyi, ədaləti və böyük ürəyi onu heyran etmişdi. Hər dəfə əlyazmanı oxuduqca sanki onunla danışır, onun həyatını birbaşa izləyirdi.
Bir gecə Narinin yuxusu büsbütün qəribəliklərlə doldu. O, özünü Sultan Alparslanın sarayında tapdı. Gözəl bir bağda, sarayın divarları arasında yeriməkdə idi. Hər tərəf yaşıllıqla, çiçəklərlə və qədim dövrün möhtəşəmliyi ilə dolu idi. Anidən o, uzaqdan bir adamın yaxınlaşdığını gördü. Üzərində qızıl işləməli zireh, başında tac və gözlərində qəhrəmanlığa layiq bir parıltı vardı. Bu, Sultan Alparslan idi.
Bir gün kitabın səhifələrində gizli bir sətir tapdı. Bu sətir digər mətnlərdən fərqli idi – sanki qədim bir sehrli söz kimi parlayırdı. Marağını cilovlaya bilməyən Narin həmin sözləri səsləndirdi: “Əbədiyyətin qapılarını aç, keçmişin sirlərini mənə göstər.”
O an sanki bütün dünya ətrafında dönməyə başladı. Otaq fırlandı, kitablar rəflərdən düşdü, ətrafında hər şey qaranlığa büründü. Narin bir anda özünü başqa bir yerdə tapdı. Gözlərini açanda o, bir vaxtlar sadəcə oxuduğu və xəyal etdiyi yerlərin içində idi.
Özünü Sultan Alparslanın dövründə, onun sarayında tapdı. O, qədim dövrün incə libasları ilə bəzənmişdi və qarşısında sarayın möhtəşəm həyatı canlanırdı. Bu, sadəcə bir xəyalmı, yoxsa reallıqmı idi, Narin anlaya bilmirdi. Amma bir şey dəqiq idi: o, artıq müasir dövrdə deyildi.
Narin çaşqınlıq içində olarkən sarayın keşikçiləri onu gördü və onun kim olduğunu soruşmağa başladılar. O, hara gəldiyini izah etməyə çalışsa da, sözləri kifayət etmirdi. Keşikçilər onu sarayın içinə apardılar və o an Narin həqiqətən də keçmişdə, Sultan Alparslanın dövründə olduğunu anladı.
Beləcə, onun qədim dünyadakı macərası başladı.
Bölüm 2: Qədim Dünyaya Gəliş
Aparıldığı yerdə Narin yuxuya dalmışdı. Narin gözlərini açdıqda əvvəlki yuxusunda gördüyü bağın içində olduğunu anladı. Onun müasir dünyadakı paltarı yoxa çıxmış, əvəzinə qədim dövrə uyğun zərif bir libas geymişdi. Bu an onun üçün inanılmazdı, çünki əslində keçmişə səyahət etdiyini anlamışdı.
Sarayın içərisində dolaşarkən o, hər şeyi heyranlıqla izləyirdi. Narin bu qədim dünyada öz yerini tapmağa çalışırdı. Lakin o, yalnız deyildi. Onun gəlməsi ətrafındakı insanları heyrətləndirmişdi. Hər kəs onu təvazökar bir ziyarətçi kimi qəbul etdi, çünki Narinin zərifliyi və səviyyəli davranışları hamınıt əsirləndirmişdi.
Bir gün, Narin saray bağçasında öz düşüncələrinə dalmışkən, Sultan Alparslanla üz-üzə gəldi. Onların baxışları ilk dəfə burada kəsişdi. Sultan onun qəribəliyini dərhal sezdi və ona yaxınlaşaraq, kim olduğunu soruşdu.
Bölüm 3: İlahi Tanışlıq
Narin, əsl kimliyini və buraya necə gəldiyini izah etməyə çalışsa da, bu hadisənin qəribəliyi onu çətin vəziyyətə salmışdı. Ancaq Sultan Alparslan onun qəribəliyini və fərqliliyini bir çox başqa insanlardan daha tez qəbul etdi. Onun sakit və dərin baxışlarında Narini özünə çəkən bir şey vardı.
Alparslan Narinlə hər görüşündə onun sözlərindən, şeirlərindən və hikmətindən təsirlənirdi. Narin keçmişin bu dünyasında tapdığı qələm ilə yenə də şeirlər yazmağa davam edirdi. Onun şeirləri sanki ruhların bir-birinə toxunduğu bir körpü idi. Narin Sultan Alparslanın ruhuna toxunmuşdu.
Sultan isə, Narinlə keçirdiyi hər anın onun üçün dəyərli olduğunu hiss edirdi. O, özündən əvvəl heç kimə açmadığı düşüncələrini və arzularını Narinə danışmağa başlamışdı. Hər dəfə onu gördükcə ürəyində bir sevgi böyüyürdü.
Bölüm 4: Sevgiyə Qurbanlıq
Zamanla Sultan Alparslan və Narin arasında dərin bir bağ yarandı. Onların sevgisi yalnız iki insanın bir-birinə olan sevgisi deyildi; busevgi iki dövrün və iki dünyanın qovuşması idi. Ancaq Narin bu qədim dünyada uzun müddət qala bilməzdi. Keçmiş və gələcək arasında sıxışıb qalmışdı.
Bir gün Narin Sultan Alparslana həqiqəti açdı. Və bu dünyaya təsadüfən gəldiyini, amma hər an geri qayıda biləcəyini izah etdi. Bu xəbər Sultanı dərin düşüncələrə qərq etdi. O, Narini itirmək istəmirdi, amma onun mənbəyi olduğu gələcəyi də dəyişdirmək olmazdı.
Sultan Alparslan və Narin bir gecə saray bağında son dəfə birlikdə oturub, gələcək haqqında danışdılar. Sultan Narinə dərin sevgisini etiraf etdi və ona söz verdi ki, əgər ayrılmaq məcburiyyətində qalsalar belə, onu hər zaman xatırlayacaq. Narin isə Sultan Alparslanın ürəyində hər zaman yaşayacağını bildirdi.
Bölüm 5: Ayrılıq və Xatirələr
Sonunda Narinin geri qayıtma zamanı gəldi. Qədim sehrli güclər onu öz dövrünə geri çəkirdi. Sultan Alparslan onu əbədi olaraq sarayında saxlaya bilməsə də, onu sevgi dolu bir baxışla yola saldı. Narin Sultan Alparslanla vidalaşdı və göz yaşları içində öz dünyasına geri döndü.
Geri qayıtdıqdan sonra Narin hər gün Sultan Alparslanın xatirəsini qəlbində yaşatdı. O, bu sevginin təsiri ilə yazdığı şeirləri ilə tarixdə iz qoymağa davam etdi. Hər bir misra onunla Sultan Alparslan arasındakı dərin sevgini əks etdirirdi.
Sultan Alparslan isə Narinlə olan anları heç vaxt unutmadı. O, həyatı boyunca bu sevgi ilə yaşadı, onu heç kimə açmadığı qəlbinin dərinliklərində saxladı. Onların sevgisi zamanın və məkanın sərhədlərini aşan bir hekayə olaraq əbədi qaldı.
Son
Narin və Sultan Alparslan, müxtəlif dövrlərdə yaşasalar da, sevgiləri zamanın sınaqlarını dəf edərək əbədi olaraq yaşadı. Onların hekayəsi iki dünyanın və iki ürəyin qovuşmasının necə möcüzəvi olduğunu göstərir.
Bir sıra rəvayətlərdə deyilir ki, Sultan Alparslanın məzarı üzərində Narinin ayrılıqdan öncə dediyi son sözlər yazılıb:
“Bu dünyada bilmirəm
olarmı vüsal?!
Görüşərik məşhərdə,
Cisimlər alışanda.
Elə bir ayrılıq
düşüb ki bəxtə,
Görüşərik,
O gün, bəlkə, görüşərik
dalğalar buludlara qovuşanda.”
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Ağız ədəbiyyatından gəlmə folklor nümunələri –nəfəsçəkmələr
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan bölməsi
Araşdırmalarımız nəticəsində Azərbaycanın başqa bölgələrində olduğu kimi Beyləqanda da nəfəsçəkmələrdən geniş istifadə olunduğu öz təsdiqini tapır.
Səmədxan Beyləqanlının “Beyləqanım oğuz yurdum” kitabından nəfəsçəkmələr haqqında məlumat alıb tədqiqatlarımızı bu yöndə istiqamətləndiririk. Əvvəlcə bir neçə yerli sakinlərin nəfəsçəkmə haqqında fikirlərini öyrənməyə çalışsaq da, bu ifadəni əsasən qarğış kimi anlayıb təhlil etdilər. Adıçəkilən kitabda isə nəfəsçəkmə bu anlamı daşımır. Əgər nəzərə alsaq ki, qarğış sözündə mənaca biri haqqında xoşagəlməz arzu, bəddua nəzərdə tutulur, nəfəsçəkmə isə tamam başqa məna daşıyır. Belə ki, tədqiqat obyektimiz olan nəfəsçəkmələr isə sözləri deyib bitirənəcən nəfəsin gedib gec gəlməsi kimi başa düşülür. İnsan bu zaman müəyyən çətinliklə üzləşir. Bir növ, nəfəs çəkilmiş, daralmış olur. Deyilən şeir nümunəsində pauza olmadığı üçün birnəfəsə deyiliş kimi də izah etmək mümkündür.
Qədimdə buna oxşar bir oyun növünün olması haqda da məlumat var. Balaca hazırlanmış əl çubuğu ilə üçbucaq xanalara endirilən zərbənin nəticəsində arada yaranmış zamanda nəfəsalmadan sözlər deyilməli olduğu üçün bu oyunda da insan fiziki olaraq bir qədər çətinliklə üzləşmiş olur. Bu, uşaqların həm zamanının səmərəli keçməsi, həm də sağlamlığı üçün düşünülmüş oyun, idman növlərindən biri olmuşdur. Əsasən kənd yerlərində oynanılan bu oyunlar uşaqların söz ehtiyatlarının zənginləşməsi, eyni zamanda nitqinin inkişafında da rol oynayan bir vasitə olmuşdur desək yanılmarıq. Nəfəsçəkmələrlə bağlı tədqiqatımızı yazılı mənbələrlə əsaslandırmışıq. Bununla bağlı daha bir ədəbiyyat nümunəsi professor Abbasqulu Nəcəfzadənin əlyazmasıdır ki, hazırda nəşrə verilən “Azərbaycan aşıq havaları: “A”-dan “Z”-yə” adlı kitabında da bu mövzuya toxunulmuşdur. Nümunələr arasında “Nəfəsalmaz Koroğlu” (“Nəfəsçəkmə Koroğlu”), “Nəfəsçəkmə Təcnis” və s. kimi havalar da yer alır. Alim həmin havalar haqqında məlumat vermiş, nümunələrin notlaşdırmasından, ölçü və tempi barəsində ətraflı bilgi vermişdir. Bildiyimiz kimi, nəfəsçəkmə təcnis – aşıq poeziyasında təcnis şeirinin növlərindən biridir. Bu, eyni zamanda təcnisin ən çətin növü hesab olunur. İnsan iradəsindən asılı olan bu forma əsasən ifaçının səriştəsi ilə əlaqədar olur. Əsasən Aşıq Ələsgərin (1821–1926) yaradıcılığında rast gəlinən nəfəsçəkmə təcnis, bir növ, nəfəsin geri çəkilməsi ilə yaranır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Azərbaycan ilə Serbiya arasında ikitərəfli turizm əlaqələri müzakirə olunub
İki ölkə arasında turizm sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində aparılan işlərin genişləndirilməsi, eləcə də turizm təhsili üzrə vacib olan məlumatların qarşılıqlı mübadiləsi məsələləri Belqradda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Serbiya Respublikasının turizm və gənclər naziri Hüseyn Memiç ilə görüşündə müzakirə olunub.
Agentlikdən AzərTAC-a bildirilib ki, görüş çərçivəsində Fuad Nağıyev Hüseyn Memiçə noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tematik proqramına ilk dəfə turizm mövzusunun inteqrasiya edilməsi haqqında məlumat verib.
Fuad Nağıyev həmkarını “Turizm günü” çərçivəsində keçiriləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”ndə iştirak etməyə dəvət edib.
Azərbaycan və Serbiya Turizm Bürolarının rəhbərlərinin də iştirakı ilə baş tutmuş görüşün sonunda “Azərbaycan Turizm Bürosu ilə Serbiyanın Milli Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Həmçinin Fuad Nağıyevlə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri – mədəniyyət naziri Nikola Selakoviç arasında görüş keçirilib.
Görüşdə mədəniyyət və turizm sahələrinin bir-biri ilə sıx bağlı olduğu, bu sahələr üzrə iki ölkə arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı turist axınına müsbət təsir göstərəcəyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanın Serbiyadaki səfiri Kamil Xasiyev də iştirak edib.
Nümayəndə heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin Belqradın “Taşmaydan” parkında yerləşən abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi ehtiramla yad edilib. Eləcə də 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə həsr edilmiş abidə və Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti avqustun 23-dən 25-dək Çinin paytaxtı Pekində nümayiş olunub. Dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.
Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər. Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər, qonaqlar olub.
Tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.
Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar. Eləcə də tarda solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış ediblər.
Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Bəstəkar əsərdə Azərbaycanın milli aləti - tarı orkestrə daxil etmiş və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, naqara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)