ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Quzu ətindən tərəvəzli sac qovurmasının qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

  DÜSTUR 

§ Quzu əti – 159 qr

§ Quyruq – 20 qr

§ Ərinmiş kərə yağı – 20 qr

§ Soğan – 60 qr

§ Pomidor – 45 qr

§ Bibər – 30 qr

§ Acı bibər – 20 qr

§ Badımcan – 45 qr

§ Kartof – 45 qr

§ Təzə alça – 10 qr

§ Keşniş və ya cəfəri – 8 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ lavaş – 30 qr

 

HAZIRLANMASI:

Hazırlanma qaydası can ətindən hazırlanan sac qızartması ilə eynidir. Lakin bu xörəkdə ət kvadrat forma- da doğranır, quyruq əridilir, cızdağı çıxarılır, ərinmiş kərə yağı ilə qarış- dırılır. Qızartmada isə cüzi fərq var. Burada ət soğanla birlikdə qızardılır, sonra xırda doğranmış pomidor vuru- lur. Qalan hissəsi eyni qayda ilə hazır- lanır və süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

Yolumuz kəsişən həyatlara, iç-içə keçən duyğularadır. Bələdçimiz şeirdirsə, yoldan qorxmaqmı olar?! 

...Kral qızıydı Enheduanna. Ən gözəl şeirlərini İnannaya ithafən yazırdı. İnanna şumerlərin eşq tanrıçası idi; xatırladıram sadəcə, bilirəm, hamının öz İnannası var.  Enheduanna şeirlərindən birində İnannaya deyirdi: “Sənə itaət etməyən dağlarda bitkilər lənətlidir”. 

...Bizim çağdaşımızdır Bəsti Məmməd. Onu illər əvvəl Dünya Gənc Türk Yazarlar Birliyinin layihələrindən birində tanımışam. Şeirlərini özünə ithafən yazır; xatırladıram sadəcə, bilirəm, hamının şeirinin ünvanı ən birinci özüdür.  Bəsti şeirlərinin birində özünə deyir: “Sərçələr hönkürüb ağlaya bilsə, Ağlayar unutqan adamlar üçün...” 

Enheduannanın və Bəstinin misralarını ard-arda oxuyaraq çıxdığımız yolu qısaldaqmı, əziz oxucu?  O məşhur məsəli xatırlayaraq gülümsədiyinin fərqindəyəm. Ürəklə gülümsə, mən də gülümsəyirəm. Elə isə başlayaq bu iki qadın şairin kəsişən həyatından, iç-içə keçən duyğularından danışmağa... 

 

Qeyd:  Bozdağ silsiləsi... Ən sevdiyim, heyranı olduğum dağ silsiləsidir Azərbaycanımda. Mənimçün ölkəmin mistik hadisələri  ən birinci Bozdağdan başlayır. 

 

...Sərçələr uçuşur, bir-birinə xəbər ötürürdülər: 

-Qız, Bozdağın qumlu dumanına düşmə ha! 

-Dumandan qorxanmı var, qız?!  Ömrümüz dumanda keçir! 

-Sonra da bəşər övladı elə bilir, ona sadiqik. 

Sərçələrin xəbəri yox  idi ki, yaxınlıqdakı Oyuq mağaranın girəcəyində oturanlar onları dinləyir, təkcə dinləməklə qalmır, həm də, anlayır... Yox, onlar quş dili bilmirdilər, onlar kainatda var olan bütün duyğuları tanıyırdılar. Səs duyğunun təzahürü, söz səslərin cəmindən başqa bir şey deyil! 

-Könlümdən keçənləri mahnı eylədim, -dedi Enheduanna. 

-Şeir-şeir qocalıram, -dedi Bəsti. 

-Haradan gəlib, haraya gedirsən? 

-Sabahdan yola çıxmışam, yolum əvvələdir-ilk şeirin eşidildiyi yerə...

-Sabahdan əvvələ uzanan yolda yoldaşın ola bilməyəcəyəm, sən gəldiyin yerə gedirəm. 

-Biz dünyanın əzəlindən yoldaşıq.

İki qadın şair gülümsədi... Təbəssümlərinə qarışan incə kədəri Oyuq mağaranın divarları çoxdan tanıyırdı. Bundan əvvəl də burada həyatı kəsişən qadın şairlər olmuşdu, bundan sonra da olacaqdı. Və minilliklər keçsə belə, qadınlar eyni sevir, eyni ayrılır, eyni kədərlənirdilər. Oyuq mağaranın hərdən-hərdən, ən çox da, avqustun istisində buz kimi bir “ah” çəkməsi bundan idi. 

Hər iki qadın şair eyni anda titrədi. 

-Ölsək, ağlayanımız sevdalar olarmı? –pıçıldadı Enheduanna. 

-Sevdalar da ümidlidir ki, arxasınca ağlayan qadın olacaq, -ərklə əlini yellədi Bəsti. 

Bu dəfə qəhqəhə çəkdilər. Ta gözləri yaşaranədək güldülər... Oyuq mağara yenə “ah” çəkdi. Bilirdi, gülüşün sonunda da olsa, o göz yaşlarının dərdin məşum övladı olduğunu. Bu dünyanın məna boxçasında “qadın fəhmi” deyilən izaholunmazlıq var və qadınlar çoxdan bilir ki, sevinc kədər qədər ölçüsüz deyil! 

-Sərçələr elə bilir ki, bizi aldada biliblər.-başını buladı Enheduanna. 

-Sərçələr dəqiq bilir ki, biz özümüz aldanmağı seçməkdə mahirik.-əlləriylə küləyə sığal çəkdi Bəsti. 

...İki qadın şair eyni anda ayağa qalxdı, əks istiqamətlərdə yola düzəldilər: Enheduanna gələcəyə, Bəsti keçmişə doğru yol başladı. Bozdağ  əyilib sehirli balasına-Oyuq mağaraya pıçıldadı: 

-Səni oyanı yaxşı tanıyıram mən. Hələ adlı-sanlı usta olmamışdan bələdiydim əməlinə. Amma şair ruhunu oyanlar var ha, onlar ilk baxışdan tanınmaz. Şairlər, ən çox da, qadın şairlər ömrünə gələn oyuqçunu gedəndən sonra tanıyır. Sözünü oyuqçuya deyə bilməyəndə də, əlac qalır şeirə... 

 

*

...Yolumuz uzundur, əziz oxucu! Yola indi başlamışıq! Hər cığır başında dayanıb şeir dərmək haqqımız var. Bəsti Məmmədin sərçələrdən bəhs edən şeirini oxuyaq, sonra yola davam edərik: 

 

Sərçələr hönkürüb ağlaya bilsə, 

Ağlayar unutqan adamlar üçün... 

Elə lap çoxdannan ölmüş, yox olmuş, 

Atalar, analar, babalar üçün... 

 

Sərçələr hönkürüb ağlaya bilsə, 

Ağlayar atılmış körpələr üçün...

Lap için çəkərək, lap hıçqıraraq

Ağlayar məhv olmuş kölgələr üçün... 

 

Axtarmaz qar üstə dən o sərçələr...

Olmaz bircə gün də şən o sərçələr... 

Səsinə bürüyər kainatı da, 

Lap çapar atını,

cüt qanadını

çırpar kainatın başqa ucuna... 

Ağlayar son dəfə atıb gəldiyi 

adamsız küçələr, həyətlər üçün...

Ağlaya bilsə... 

 

 “Ədəbiyyat və incəsənə”

(30.08.2024)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli sənətkarın yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib.

 

Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib. Müğənninin bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

 

Sonra həmin dövlət təltifləri təntənəli şəkildə sənətkara təqdim olunub.

 

Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

 

Sonda sənətkarla xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən reallaşan qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.

 

Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Adil Kərimli və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

 

Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

 

Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesi nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “BLTM” (“Business+Leisure Travel and MICE”) sərgisində ilk dəfə iştirak edir.

 

Sərginin açılış mərasiminə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də qatılıb.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, sərgidə ölkəmizi Turizm Bürosu ilə birgə “Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 9 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

 

Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irs, milli mətbəx nümunələri, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

 

Həmçinin Hindistanın turizm üzrə aparıcı şirkətləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.

 

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 min 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151 faiz artım təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Avqustun 23-dən 28-dək Rusiya Federasiyasının Yaradıcı Sənayelər Agentliyi tərəfindən Moskva Kino Həftəsi təşkil edilib. Tədbirin iştirakçı ölkələri arasında Azərbaycan, ABŞ, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, BƏƏ və digər ölkələr yer alıblar.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Moskva Kino Həftəsində təmsil edən Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov tədbir çərçivəsində “Yaradıcı iqtisadiyyat” mövzusunda keçirilən panel müzakirələrə qatılıb, çıxışında Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin (MYS) qrantlar və təhsil proqramları vasitəsilə strateji olaraq inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti, ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə mövqeyini yüksəltmək öhdəliyini daşıyır. R.Əzizov həmçinin tədbir çərçivəsində müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlər keçirib.

 

İlk dəfə keçirilən Moskva Kino Həftəsi çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı da əldə ediblər. Tədbirdə 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edib.

 

Qeyd edək ki, bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Türk dünyası ilə (o cümlədən, türkologiya, mədəni irs, bədii ədəbiyyat və s.) bağlı kitablar bağışlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nəşrlər arasında Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə nəşr olunan, o cümlədən Əkbər Qoşalının redaksiya heyətində olduğu kitablar da var.

 

Bağışlanan kitablarda türk xalqının ortaq dəyərləri, gələnəkləri, bir sözlə, mədəniyyəti haqqında dəyərli bilgilər yer alıb. 

MEK-in fondlarında saxlanılan bu nəşrlər Türk mədəni irsini araşdıran alim, mütəxəssis və öyrəncilərə yararlı olacaqdır.

 

Onu da vurğulayaq ki, Əkbər Qoşalı bundan öncəki illərdə də MEK-ə çoxsaylı kitab bağışında bulunub.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

Cümə axşamı, 29 Avqust 2024 18:13

23 yaşın möcüzəsi - GİOVABNİ BERNİNİ

Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu əsəri yaradanda o, 23 yaşında idi, cəmi 23.

Söhbət heykəltəraş Giovanni Lorenzo Berninidən və onun bu möhtəşəm "Proserpinanın qaçırılması" heykəlindən gedir. 23 yaşında bunun üzərində işləməyə başlamış Giovanni 1622-ci ildə 24 yaşında işini tamamlamışdı. 

Onun haqqında belə deyirdilər: "Şekspir dramaturgiya üçün nədirsə, Bernini heykəltəraşlıq üçün odu."

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Atası onu hərbçi, anası isə həkim görmək istəyirdi. O isə Azərbaycanın ilk DJ-i kimi tanındı. Həkim olsa da, qanitirmədən dünyasını dəyişdi döyüş meydanında. Bax, eləcə əlində kamerayla. 

 

20 Yanvar hadisələrini  lentə alan yeganə operator kimi qaldı yaddaşlarda. Qarabağ haqqında 18 sənədli film çəkən Çingiz Mustafayev təkcə reportyor yox, həm də əsgər idi. Xocalı faciəsi haqqında ilk filmi çəkdi. 4 il nişanlı qalsa da, yarım qalmış tale yolu, bəlkə də, görünürdü deyə atdı nişanını. Adına zirvə verildi və 2000-ci ildə fəth olundu Şahdağdakı 4062 metrlik “Çingiz zirvəsi”.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. 

Laçın dəhlizindəki emosional çıxışı ilə qaldı xatirələrimizdə. O, Xocalıda qar üstündə donub qalmış qız uşağını qucağına qaldırıb dünyaya göstərdi. İnsanlığın ölmüş heykəlini bütün dünyaya göstərən Çingiz Mustafayev indi sağ olsaydı minlərlə ölən günahsız insanların qanı ilə ağarıb ağ günə çıxan Qarabağı azad görərdi. Xarıbülbülün əsarət rəmzindən qurtulub cəsarət rəmzinə çevrildiyini görərdi. 

İndi vurulduğun torpaqda necə də şirin yuxuya getmisən Çingiz. Rahat uyu, səssiz uyu, sakit uyu, Qarabağ azaddır!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

Xatırlayırsınızsa, ötən il görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.

İlk olaraq “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 3-cü olmuş Nurlanə Şirinovanın “Bir həyatın xülasəsi” hekayəsini təqdim edəcək.

 

 

Nurlanə ŞİRİNOVA

 

BİR HƏYATIN XÜLASƏSİ

 

Gözləri yumulu idi. Ətrafında ağlaşma səslərini eşidirdi, lakin reaksiya verə bilmirdi.

Qollarını qaldırmaq  istədi, amma tərpənə bilmədi.

Səslər getdikcə daha da qarışırdı. İndi eşitdiyi, sadəcə, uğultu idi.

Sonra içində olduğu qaranlıq birdən aydınlandı. Qabağında bir işıq gördü, sürətlə o işığa tərəf çəkilirdi. İşıq onun ətrafına yayıldı və hər yer ağappaq oldu.

 

***

 

“Uşaqlar, Novruz bayramı ilə bağlı qiraət yarışı keçiriləcək. Qoşulmaq istəyənlər adını yazdırsınlar”- Müəllim bunu deyib dərsə başladı.

Cəlal o vaxt gənc idi, 14-15 yaşı olardı. Bu xəbəri eşidən kimi yerindən dikəldi.

“Qiraət yarışı...” – deyə düşündü. Novruz bayramı, baharın gəlişi, təbiətin oyanışı insanların həyatına yenilik, canlanma gətirir. Novruzda küsülülər barışır, insanlar bir masanın ətrafına toplaşaraq bayram sevincini bölüşürlər.

Cəlal bunları düşünərkən dostunun səsi onu xəyallarından ayırdı:

– Qoşulacaqsan?

– Necə?

– Deyirəm, qoşulacaqsan yarışa?

– Əlbəttə. Məncə, sən də qoşul.

– Yox, hara qoşuluram?! O sənsən e, yazasan, pozasan, yaradasan...

Ağlına gələn ilk xatirə bu olmuşdu. Məktəb illəri... Necə şirin vaxtlar idi. Cəlal elə uşaqlıqdan yaşıdları arasında seçilirdi. Kim bilərdi ki, Gəncənin bir tərəfində boy atan istedad gələcəkdə milyonların qəlbinə yol tapacaq.

 

***

 

1928. Darülmüəllimi bitirməsini, son dərs gününü xatırladı. Cəlal həmin ildən sonra bədii yaradıcılığa başlamışdı. O həm də şeirlər yazırdı. Yazdıqları müəllimləri, yoldaşları tərəfindən rəğbətlə qarşılanırdı.

 

***

 

1940. Yaş 32. Çap evinin qarşısında durub gülümsəyir. O indi xoşbəxtdir, çünki “Bir gəncin manifesti” romanı ilk dəfə çapdan çıxıb.

“Gəl, ey gözlədiyim xilaskarım, gəl!

Ey azad həyatım, ilk baharım, gəl!”

Ürəyindən bu misraları keçirir, romandakı obrazları xəyalında canlandırırdı. Mir Cəlal bu romanı yazarkən çox müşahidə aparmış, dövrün qüvvətli, iradəli, mübariz gənclərinin timsalında Mərdan obrazını yaratmışdı. Sarsılmaz Sona... Zəhmətkeş Azərbaycan qadını...

Xatirələr gözünün önünə gəldikcə qəlbi fəxarətlə dolurdu.

– İtə ataram, yada satmaram!

– Oxudun? – Cəlal sevinc dolu təəccüblə dostuna çevrildi. Çapdan bir həftə keçmişdi.

– Doğrusu, lap əntiqə yazmısan! Sənin bacaracağını bilirdim, amma bu qədər də gözləmirdim.

Sonralar bir çox ədiblər bu əsər haqqında fikirlərini bildirmiş, roman oxucular tərəfindən bəyənilmişdi.

“Bədii təfəkkürlə elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüvvət vermiş, onun hər iki sahədəki böyük uğurlarının əsası olmuşdur”.

Mir Cəlal romanları, povestləri, hekayələriylə neçə-neçə insana ilham oldu, yol göstərdi.

Sonra Püstə ilə olan xatirələri yadına düşdü. “Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı”, – deyirdi Mir Cəlal.

“Püstə... Sən mənim dünyam idin. Amma heyif, artıq həyatda deyiləm... Kim bilir, bəlkə, bir gün dünyanın bir ucunda kitablarımı oxuyanda məni, səni xatırlayarlar, Sonanı anlayar, Baharı unutmazlar...”

Başını yuxarı qaldırdı. Xatirələr zehnində canlandıqca onu düşüncələrə qərq edirdi. Sonra qabağına bir az əvvəl gördüyü işıq çıxdı. İşığın o tərəfindən nəğmə səsi gəlirdi. Diqqətlə qulaq asdıqda bunun anasının laylası olduğunu xatırladı.

İşığa bir az da yaxınlaşdı.

Birdən hər yer bəmbəyaz oldu...

 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.