
Super User
Habil Yaşarın təqdimatında MARAQ DAİRƏMİZ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Əziz oxucular, “Maraq Dairəmiz” adlı tamamilə fərqli bir layihəylə qarşınızdayam.
Gülnarə Nasir xanım gənc şair olmaqla yanaşı, eyni zamanda dəyərli pedaqoqdur. Onunla qarşılıqlı sual-cavabı sizlərə təqdim edirəm. Buyurub oxuya bilərsiniz…
HY: Salam, Gülnarə xanım. Necəsiniz?
GN: Şükür, Habil bəy yaxşıyam. Siz necəsiniz?
HY: Şükürlər olsun ki, mən də yaxşıyam. Həmişə yaxşı olaq İnşallah! Hər zaman maraqlı fikirlərinizlə mənimlə yanaşı digərlərinin də diqqətini çəkməkdəsiniz. Bir-birimizin maraqlarını hörmətli oxuculara daha yaxından təqdim eləmək üçün dialoqumuzu qarşılıqlı sual-cavab şəklində qursaq olarmı?
GN: Əlbəttə, çox şad olaram…
HY: Təşəkkür edirəm…
GN: Buyurun…
HY: 1. Söz ya Səs?
GN: Şübhəsiz ki, Söz…
HY: Mən də əlbəttə ki, Söz…
HY: 2. Kitab ya İnternet?
GN: Kitab…
HY: Kitab…
HY: 3. Qələm ya Qılınc?
GN: Qələm…
HY: Qələm…
HY: 4. Nəzm ya Nəsr?
GN: Nəsr…
HY: Nəsr…
HY: 5. Vərəq kitab ya Elektron kitab?
GN: Vərəq kitab…
HY: Vərəq kitab…
HY: 6. İstedad ya Zəhmət?
GN: Zəhmət…
HY: Zəhmət…
HY: 7. Ədəbiyyat ya Tarix?
GN: Ədəbiyyat…
HY: Ədəbiyyat…
HY: 8. Savad ya Vicdan?
GN: Vicdan…
HY: Vicdan…
HY: 9. Şərq ya Qərb?
GN: Qərb
HY: Qərb
HY: 10. Keçmiş ya Gələcək?
GN: Gələcək…
HY: Gələcək…
HY: 11. Oxumaq ya Yazmaq?
GN: Oxumaq…
HY: Oxumaq…
HY: 12. İnsan zəkası ya Süni Zəka?
GN: İnsan zəkası…
HY: İnsan zəkası…
HY: 13. Radio ya TV?
GN: Radio…
HY: TV
HY: 14. Teatr ya Kino?
GN: Kino…
HY: Teatr…
HY: 15. Başlanğıc ya Son?
GN: Başlanğıc…
HY: Başlanğıc…
HY: 16. Mülayim ya Sərt?
GN: Mülayim…
HY: Mülayim…
HY: 17. Mənəviyyat ya Maddiyyat?
GN: Mənəviyyat…
HY: Mənəviyyat…
HY: 18. Yer ya Kosmos?
GN: Yer…
HY: Kosmos…
HY: Sizinlə bu dialoqdan çox şad oldum Gülnarə xanım…
GN: Mən də həmçinin…
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Zireh adam MİRŞAHİN AĞAYEV
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün mən ölkənin tanınmış jurnalisti barədə söz açacağam. Çünki iş görənə qiymət vermək lazımdır, yoxsa ki, bizim əksəriyyət kimi, hərəyə bir quyruq qoşmaq lazım deyil. O isə kifayət qədər vətəninə fayda verən adamdır.
Azərbaycan Respublikası dünyanın balaca dövlətlərindən biridir. Doğrudur, ondan da xırdaları var, amma bu ölkə böyüklərin arasında öz düzgün xarici siyasəti ilə duruş gətirə bilir. Kim nə deyir özü bilər, əgər bu gün ölkənin suverenliyi bərpa olunubsa, əminamanlıq hökm sürürsə, demək dövlətçiliyimizin ana sütunları möhkəmdir, etibarlı təməl üzərində qurulub…
Hər bir ölkənin toxunulmaz sərhədləri olduğu kimi, canlı zirehləri də olur. Onlar dövlətin siyasətini satqınların xəyanətindən, nankorların məkirli həmlələrindən qorumaqdan ötrü, bir növ qalxan rolunu oynayırlar. Bu döyüşdə vurulan zərbələrin böyük əksəriyyəti də həmin zirehlərə, qalxanlara dəyir…
Bəli, Mir Şahin Ağayev bu dövlətin zirehlərindən, qalxanlarından biridir. Bəlkə də o, özünü siyasət aləminin adamı hesab etmir, lakin rəhbərlik etdiyi televiziya ilə birlikdə bu ölkənin ideoloji sütunlarından biri olduğunu bilənlər bilir. Onun kiçik bir kollektivi ilə gördüyü iş böyük bir qurumun gördüyü işə bərabərdir…
Dövrümüzdə yeni bir ifadə- “rusbaşlar” kəlməsi dövriyəyə buraxılıb. Yeri gəldi-gəlmədi bu sözü hər kəsə yapışdırmağa çalışanlar da az deyil. Bəziləri elə düşünürlər ki, yüz illər əsarətində olduğumuz bir imperiyadan tez bir zamanda qopmaq, ona qarşı savaş açmaq çox asan işdir. Əsla! Əlbəttə ki, dədə-babalarımızın qoyub getdikləri problemləri qısa bir vaxtda həll etmək bizdən dərin siyasət, ağıl, səbir və təmkin tələb edir. Tələsmək, kəmhövsələ olmaq ölkəni təlatümə sürükləməyə bərabərdir. Mir Şahin Ağayev ölkə rəhbərinin bu istiqamətə yönələn siyasətini də doğru-düzgün təbliğ edir…
Bəlkə də boyu bir metr səksən santimetr olar, ya olmaz. Fəqət Mir Şahin Ağayev Azərbaycan üçün hündürlüyü on səkkiz min metr olan bir zireh, böyük bir dağdır. Onu gələcəkdə daha çox qiymətləndirəcəklər. Allah Azərbaycanımızı hifz etsin! Allah Mir Şahin Ağayev kimi zirehləri qorusun!
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
“İnsandır oxunacaq ən böyük kitab...” - Hacı Bəktaş Vəlinin kəlamları
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmaqdadır. Növbə Hacı Bəktaş Vəlinindir.
Sığındım sən Tanrıya....
***
Alimlərə atadan və anadan daha çox hörmət edün.
***
Elmdən keçməyən yolun sonu qaranlıqdır.
***
"Fatihə" surəsi endigü vaxt İblis əleyhillane yas tuddı, riqqət edüp ziyadə ağladı.
***
Həq sübhanəhu və təala münacatı Musa peyğəmbərə Tur dağında, İbrahim peyğəmbərə məscidlər içində, Yunus peyğəmbərə balığın qarnında, Yusif peyğəmbərə quyu içində və iki cahan fəxri Mühəmməd Mustafaya göylər içrə verdi.
***
Həq-təala Tövhiddə, İncildə və Zəburda hər nə zikr etdisə, məcmusu Qurandur.
***
Həqq əhlini heyvanlar dəxi sevərlər.
***
Hər kim nemətə şükr eləməsə, ol nemət ondan alınur.
***
İnsandır oxunacaq ən böyük kitab...
***
Kitablarun bünyadı Qurandur və Quranun bünyadı Fatihədür.
***
Könül ilə Çələb arasında hicab yoxdur.
***
Möminlərin könlü Kəbəyə bənzər.
***
Mərifət ağacının başı Tövhiddir.
***
Mərifətlü könüllərün nurı ərşdən yucadur.
***
Mərifətün əvvəl məqamı ədəbdür; ikinci məqamı qorxudur.
***
Rəhman əsli imandur və şeytan əsli gümandur.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Üşüyür” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Üşüyür”deyir şair. Şeir türk sevdalısı şair Rüstəm Behrudiyə ithaf edilib.
Xoş mütaliələr.
Üşüyür
Əziz Rüstəm Behrudiyə
Ağaclar öz yarpağından.
Gül nəfəsindən üşüyür.
Payız çatıb quşlara da-
Dimdiyində dən üşüyür...
Gəldi bu qəm boyu bəstə,
Mən qəfəsdə, o ahəstə...
Yaşamaq istəyən xəstə
Öz həvəsindən üşüyür.
Azıb qaldım naşı kimi,
Kor adamın daşı kimi.
Adam da çöl quşu kimi
Bir gün səsindən üşüyür...
Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb.
Tərcümə Mərkəzinin yaydığı məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi Martin Remanedir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Türkiyənin Antalya şəhərində “Azerbaycan güzel sanatları” adlı sərginin açılışı olub
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 31 avqust tarixində Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, bu məqsədlə Antalya şəhərində Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi Antalyalılar tərəfindən maraqla qarşılanıb. Sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair guşələr təşkil edilmiş, Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətirilən qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunub.
Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayılarımız qardaş ölkədə maraqla qarşılanıb.
Qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ölkəmizdə ipəkçiliyin inkişafına səbəb olmuş, ipəkdən hazırlanan kəlağayılar, milli geyimlər, xalça sənəti daim inkişaf edərək, milli sənətimizin inciləri siyahısına daxil edilib.
Sərgidə Azərbaycan incəsənətinin mühüm sahəsi olan rəssamlıq və bu məktəbin qadın nümayəndələrinin əsərləri də nümayiş olunub. “Azərbaycan qadın rəssamları Nailə Əhmədova, Aygün Mustafayeva, Ayan Məmmədova-Əzizova, Şəhla Baxşəliyeva Şendal, Kamilla Eldarova, Xanım Məmmədova, Ülkər Behbudova, Raida Musatafayeva, Leyla İsayeva və Türkiyədə yaşayıb, yaradan rəssamlarımız Mətanət Hüseynova, Nüşabə Küçükün əsərləri Nazim Hikmət Konqres Mərkəzində nümayiş etdirilib.
Sərgidə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan mədəniyyətinin inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti, rəssamlarımız yaratdığı əsərlərlə xalqımız haqlı olaraq fəxr edə bilər. Çıxış edənlər rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edilib.
Sərgi ilə Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, çoxsaylı dövlət nümayəndələri, Antalyada akreditə olunmuş diplomatik təmsilçilər, yerli ictimaiyyət nümayəndələri tanış olmuşlar.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Ələkbər Salahzadənin xatirə gününə
Dünən - sentyabrın 1-i Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair Ələkbər Salahzadənin xatirə günü idi. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” onun bir şeirini sizlərlə paylaşır.
Bir də gördün
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı
Bir də gördün oğuldu adın,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu
Bir də gördün oddu adam
Bir də gördün ot
Birdə gördün adamdı adam,
Bir də gördün ad...
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
«Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi təşkil olunur
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Tərəvəzlə quzu ətinin buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Tərəvəzlə quzu ətinin buğlamasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti (sümüklü) – 300 qr
§ Quyruq – 20 qr
§ Kartof – 80 qr
§ Yaşıl bibər – 30 qr
§ Soğan – 32 qr
§ Pomidor – 50 qr
§ Acı bibər – 10 qr
§ Təzə və ya quru alça – 10 qr
§ Göyərti (cəfəri, keşniş, şüyüd) – 8 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaqlı qatıq – 50 qr, sumaq
– 3 qr, nar məti – 20 qr, nar – 15 qr, nanə – 20 qr, mərzə – 3 qr, reyhan qurusu – 3 qr
HAZIRLANMASI:
Quzu əti səliqə ilə 100 qramlıq tikələrə doğranır, yuyulur. Xırda sümüklərdən təmizlənir. Tərəvəzlər yuyulur, təmizlənir, dairəvi qalın doğranır. Tasa (ləyən, çölmək, saxsı qaba) lay-lay döşənir. Alça, duz, istiot, sarı- kök, göyərti vurulur və su əlavə olu- nur. Qazanın ağzı bağlanır və 1,5-2,0 saat müddətində vam odda bişirilir. Üzərinə göyərti səpilir, yanında sarımsaqlı qatıq, sumaq, nar məti, nar, nanə, mərzə, reyhan qurusu verilir.
Ədəbiyyat və incəsənət”
(02.09.2024)
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri – Fidan Barçın (1-ci yer)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 1-ci olmuş Fidan Barçının “Məşhurluq qayğıları” hekayəsini təqdim edəcək.
Fidan BARÇIN (HÜSEYNOVA)
MƏŞHURLUQ QAYĞILARI
Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırdı. Saatın əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağrıyırdı insanlara, bu gün səssiz-səssiz, ağır-ağır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxmaqla, şəhər camaatı beləcə dincini alırdı. Amma bu şənbə adi günlərdən fərqlənəcək və bir gəncin xatirə təqvimini yamyaşıl rəngə boyayacaqdı...
Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Şənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyndən başqa. Hüseynin həftəiçi də, həftəsonu da yuxusu olmazdı.
Ata-anası qorxu və təşvişlə soruşdu:
– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?
Gündəlik həyatda alçaq səsli danışığı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığıra-çığıra danışırdı:
– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...
Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarıyuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağıllarına hər şey gəlirdi. Nəhayət, sükutu ata pozdu. Əsəblə:
– Turan, nə baş verib?! – dedi.
Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıtdı.
– Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıyım deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimimdən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim “Cəlil Məmmədquluzadə və Meterlink” başlıqlı araşdırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünki yazını qəzetin elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalısının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...
Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzetdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındakı köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafı gəzib son qəpiklərini qəzetə vermişdi. Tez qəzetlərdən birini babasının əlinə sıxdı. Çünki ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.
Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxaracaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılaya bilmədilər. Qızın həvəsini qırmamağa, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çoxdan dolan qız onlar pis olmasın deyə, “oyun”u qaydasınca oynamağa davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.
– Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək, hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...
– Afərin, qızım! Qələmin qüvvətli olsun!
Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...
Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünki bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzetdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə – 32-yə çatmayıblar. Axı qəzetin bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...
Bəlkə də, hələ dostları bu münasibətlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yazan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sıxılmırlar ki? Nə isə, bunlar hələ sonranın işləridir.
Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çırtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzetlərinə büküb soyuducuya yerləşdirir...
“Ədəbiyyat və incəsənət”
(02.09.2023)