ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 11 Dekabr 2024 22:14

Səkkizinci günün dan yeri - XATİRƏ YAZISI

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Ədliyyə polkovnik-leytenantı Nazir Şahsuvarovun əziz xatirəsinə_ 

 

... Hacı Bədəl körpüsünün üstündə nəfəsini dərdi. Hardan gəldiyini, niyə qaçdığını bilmirdi. Amma yaman təntimişdi. Ağa çayında bir kölgə gördü. Allahım, bu Ay işığıydı, dan yerinin işartısıydı?! Yoxsa onun ruhunun əksiydi?! Gecə və gündüz rejimləri də məchulluğa qərq olmuşdu. 

Qosqoca, iri dağdağan ağacının qoğuşunda bir dəstə kənd uşağı oynaşırdı. Zahid, balaca Qulu, Tapdıq, Səxavət, Əmrah, Muradxan, Eldar... Gülzar xala çayda kilim yuyurdu. Bilal əmi samovarı qaynatmaq üçün talaşa doğrayırdı. Bu nəydi?! Özü də uşaqların arasındaydı. Axı hazırda körpünün üstündə durmuşdu. 

Çox düşünüb-daşınmağa macal tapmadı. Atasını gördü. Bağı kişi dağdağan ağacının arxasından gülümsəyirdi. Bir az aralıda ərik bağı gözə dəyirdi. 

-Gəl, - Bağı kişi sakit səslə dilləndi, xoş gəlmisən, oğlum, nəhayət ki qovuşduq. Sənin də vaxtın çatdı, gedək. Tutu anan yolunu gözləyir.

... Hövlnak oyandı. Tər- su içindəydi. 

- Nazir, yuxu görürdün, su gətirim, bir yerin ağrıyır, - Qərənfil xanım cavab gözləmədən danışırdı, - ürəyin nəsə istəyir, neçə gündür fərli-başlı yemək yemirsən, bəlkə dolma bişirim? 

Nazir başını qaldırıb kədərlə ömür -gün yoldaşına baxdı...

 

Arayış

 

Şahsuvarov Nazir Bağı oğlu 1957-ci il avqustun 8-də Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya göz açıb. O vaxtkı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Sumqayıtda- Superfosfat zavodunda hüquqşünas kimi başlayıb,

Sumqayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil - kommunal təsərrüfatı idarəsinin hüquq şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sonradan hərbi sahəni seçib. Bakı qarnizonunda, Bakı şəhər Hərbi Prokurorluğunda, Sumqayıt şəhər Hərbi Prokurorluğunda məsul vəzifə daşıyıb. Füzuli rayonunun Hərbi prokuroru olub. İşgüzarlığı, savadı, obyektivliyi ilə diqqət çəkib. Respublika Hərbi Prokurorluğu  İstintaq idarəsinə böyük müstəntiq təyin edilib. Təqaüdə çıxana qədər Respublika Hərbi Prokurorunun böyük köməkçisi vəzifəsində çalışıb. 

Ömür-gün yoldaşı Qərənfil xanım Sumqayıt Dövlət Universitetinin fizika fakültəsinin baş müəllimidir. Qızı Tünzalə Azərbaycan Dövlət Tibb Universitetini əla qiymətlərlə bitirib. Bakı şəhər,  5 nömrəli xəstəxanada terapevtdir. Oğlu Nəriman öncə Turizm Universitetini, daha sonra Belorusiya yanğınsöndürənlər məktəbini bitirib. Fövqaladə Hallar Nazirliyində işləyir.

4 nəvənin fərəhini yaşaya bildi Nazir.

Ailəsi ilə xoş günlərini keçirmək, istirahət etmək niyyətindəydi. Amma tale təqaüd istirahətlərini ona vur tut 6 il qıydı.

 

Qardaşı Qulunun göz yaşlarına bələnmiş xatirələri:

 

"Dəmirçilər" deyə-deyə getdi qardaşım. Təsəllimiz budur ki, torpaqlarımızın azad olduğu günü gördü. Amma Qubadlıya , doğma kəndimiz Dəmirçilərə getməyə, açığı, mane olduq. Qorxduq. Şuriyə dedi: Qulu, bu xəstəliklə Qubadlıya getməsi məsləhət deyil, yolda canını tapşıra bilər. Bilmirəm, bəlkə də ürəyinin bir guşəsində bizdən incikliyi vardı , özü ilə götürdü. 

Bəşirin çayxanasına gedirdi tez-tez. Kənd adamları ilə ünsiyyətə can atırdı. Sinif yoldaşlarını arayıb-axtarırdı.Xəstəliyi başlayandan hər gün Zahidlə telefonla danışırdı. Təsəvvür edin: nahar vaxtı Zahid Suriyadan zəng vururdu, axşam deyirdi, nə əcəb Zahiddən zəng gəlmədi? 

Bir də kiçik bacım Həmayılı bir gün görməsə, ürəyi partlayardı.

Həmayılla saatlarla  dərdləşir, xatirələri birlikdə çözələyirdilər.

Son 7 günü ağır keçirdi. 

Hər gün Zahidlə danışıqdan bir-iki saat sonra "nə əcəb Zahid zəng vurmadı" nigarançılığı ilə gözünü üzümə dikirdi. Bir də hər gün mənə deyirdi: Ay Qulu, sən dünyagörmüş adamsan, bilərsən, görən bu xəstəlik adamı öldürər? Cavabı da gözləmirdi, köks ötürüb kədərlə üzümə baxırdı. 

Dedi: -Qulu, ürəyimə damıb ki, son həftəmi, son günlərimi yaşayıram. Bu Nərimanı bir az ərköyün böyüymüşük. Mən Tbilisidə işləyəndə babasının yanında qaldı, baba, nənə yanında böyüyən uşaq necə olmalıdır ki?! Nərimandan muğayat ol,  Qulu.

... Sentyabrın 26-da axşam ondan ayrıldım. Evə gəldim. 27-də səhər saat 6-da Nərimanın mobil telefonundan zəng gəldi.

-Qulu əmi, atanın halı yaxşı deyil. 

Geyinib çıxmaq istəyəndə...

 

Sonuncu səhər

 

-Nazir, qurban olum, darıxma, Qulu ilə Şuriyə gəlirlər. Təcili yardıma da zəng vurdum. Gələrlər indi, özünü darıxdırma, Nazir, keçib gedər.

-Həmayılı da çağırın.

-Yaxşı, indi zəng vuraram.

-Quluynan Şuriyədən bərk incimişəm.

-Niyə, qurbanın olum, belə qardaşlardan da incimək olar? 

-Məni Qubadlıya aparmadılar. Dəmirçilərdən ötrü burnumun ucu göynəyir. Əvvəl razıydılar, sonra aralarında nə pıçıldaşdılarsa, fikirlərini dəyişdilər. Bircə dəfə Hacı Bədəl körpüsünə çıxsaydım...

Əhd eləmişdim, o körpünün üstündən uşaqlıqda olduğu kimi qaça-qaça keçəcəkdim... Qərənfil, telefonu yaxın qoy, birdən Zahid zəng vurar. 

Suriyada gecə saat 4-idi. Amma yenə də telefonu yaxına gətirdi Qərənfil. Qəhərdən boğulurdu. Hönkürtüsü tıxanıb boğazında qalmışdı. Ağzını açıb nəsə demək istəyirdi, qorxurdu qəfil hönkürə bilər. Bu gün səkkizinci gün idi ki, səhəri dirigözlü açırdı. Həkimlərin əməliyyatdan imtina xəbərindən sonra Nazirin halı dəyişmişdi.

Hər səhər  pəncərəyə baxa-baxa qalırdı Qərənfil xanım. Amma pəncərənin o üzündə zil qaranlıqdan alayı bir şey görə bilmirdi.

Bu gün ilk dəfə dan yerinin işartısını gördü.

-Qərənfil, haqqını halal et, uşaqlardan muğayat ol...

Vəssalam. Qərənfil xanım dönüb baxdı... Nazirin donmuş təbəssümündə dan yerinin işartısını gördü...

... Və bu gün çox darıxanda da, üzüləndə də, Nazirli günlərə təşnə olanda da dan yerinin işartısına baxıb toxtaqlıq tapır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər.

 

Veteranlar  Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar.

 Veteranlar qarşısında çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin əvəzedilməz olduğunu vurğulayıb.

Daha sonra veteranlar görkəmli akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, böyük elm xadiminin məzarı önünə gül dəstələri qoyublar.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda ustad şair  Rafiq Yusifoğludur. Şeir bədxahlıq barədədir. 

Ötən ay yazılıb.

 

QU DESƏN QULAQLAR 

BATIRAN SÜKUT

 

Uğurun artdıqca, oxlov udacaq

Neçə dost sandığın batacaq qəmə.

Pambıqla baş kəsən görmüşdük, ancaq

Sükutla baş kəsən var imiş demə...

 

Güvəndiyim dağlar dalıb sükuta,

Ürək istəməsə söz demək olmur.

Hamının ümidi qalıb sükuta.

Ancaq həqiqəti gizləmək olmur...

 

Bu sükut dənizdə adaya dönüb,

Bu sükut qoynunda dağ uda bilər.

Şimşəklər bir qızıl sədaya dönüb,

Həsəd  buludunu dağıda bilər...

 

Bir yağış yağar ki, zəfər yağışı,

Qara kötükləri yuyub aparar...

Pozar bu sükutu ümid alqışı,

Bir acı həqiqət haray qoparar...

 

Yelkənə çevrilər bəyaz bir bulud,

Günəş saf qızılın əyarı imiş.

Qu desən qulaqlar batıran sükut,

Mənim kimliyimin meyarı imiş...

 

Necə simsar olsun ürəyi buzla

İnsan düşüncəsi, insan amalı?

Susun, əziz dostlar, sükutunuzla

Mənim uğurumdan intiqam alın...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə A.Kərimli Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub.

Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb.

Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

Yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Kitaba müəllifin seçilmiş hekayələri daxil edilib.

Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Çərşənbə, 11 Dekabr 2024 18:39

BİR SUAL, BİR CAVAB Rəbiqə Nazimqızı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: "Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.

-Sabah olmaz.

-Nə? – qeyri-iradi sual verdim.

-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən...

 

Dəyərli Rəbiqə xanım, bu maraqlı yazınızda həyat və mübarizə ön plana çəkilir, intihar, təbii ki, çıxış yolu deyil. Həyatın ən çıxılmaz yollarından üzüağ çıxmaq üçün nəyi bacarmaq əsas şərtdir?  

 

CAVAB:

Özünlə qürur duymağı. Özü ilə qürur duymaq hissi dünyada ən gözəl hissdir. Söhbət təkəbbürdən getmir. Söhbət ondan gedir ki, ötənlərə və eləcə də indiki vəziyyətə baxanda düşünə biləsən ki, insan kimi yaşamısan, əksər situasiyalarda məhz normal insanın davrandığı kimi davranmısan, bağışlaya bilmisən, nəyinsə üstündən keçmisən və ya əksinə, bağışlanmaz bir şeyi bağışlamamısan, söz deməli olduğun yerdə susmamısan. Və sair və ilaxır. Özünlə qürur duymaq - mən bacardım, mən bacarıram, mən bacaracağam deməkdir. Ən yaxşı stimuldur. İnsan hər situasiyada güclü ola bilmir, bəzən kontrolu itirir. Amma bu kontrol itəndə də gərək heç kəsə zərər vurmaya. Uşaqlıqdan gələn tərbiyədən asılıdı, sonra da vərdişi avtomatikləşdirirsən. İntihar etmək istəyi, yəqin, hər insanın həyatında, azı, bir dəfə olur. Heç onu həyata keçirməsə də. Özünü və başqalarını sevən, özündə başqalarını, başqalarında özünü sevən adam üçün asandı, rahatlıqla həmin çətin anı ötürmək üçün uyğun nəyisə, bəlkə, kimisə tapacaq. Pozitiv düşünən insana kainat özü kömək eləyir. Necə deyərlər, neqativdən Allah da bezardı.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. 

 

Uzun gecə, qısa səhər,

Günəş gələ, qıza səhər...

...Əgər açılmırsa səhər-

Söndür bu şamları, get...

 

-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

Get...

 

Bu Yerin  son yeri- kədər,

O yan sevinc, bəri kədər.

Biri eşqdi, biri kədər-

Götür iç camları get.

 

Getməyibsə, gələn deyil,

Ləl paylayan Lələn  deyil.

Onsuz da düzələn deyil-

Burax adamları get.

 

Yaralayıbsa yar səni,

Bu ömür də  atar səni...

...Yordu  bu axşamlar səni,

Yorma axşamları get.

 

Uzun gecə, qısa səhər,

Günəş gələ, qıza səhər...

...Əgər açılmırsa səhər-

Söndür bu şamları, get...

 

“Ədəbiyyat və incəsənət”

(11.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Məmməd İsmayılın şeirləri təqdim edilir.

 

Bu qədər şəhidi

olan ölkənin

Qocası ölümdən

qorxan deyil ki...

 

Titrək əllərində əsa umudu

Yaşamaq öyrənir ömür ağrıdan.

Yəni doğrudanmı yaşamaq budu,

Yəni doğrudanmı?

Yəni doğrudan!

 

Sona nə yazıbmış kor olası baxt

Uzaq yaxın olmur, yaxın uzaqmı?

Taleyin sözünə baxmırdı bir vaxt

İndi də ayağın sözünə baxmır.

 

Gəlib gəlmədiyin bəlli deyil ki

Nə torpaq sevinər, nə ayaqların.

Burdan başlamışdı hər şeyin ilki

Və... uşaq çağların - uzaq çağların.

 

Yüz il yaşasa da ömrün gözü ac;

Yəqin, gəncliyimi gətirib yada.

Halıma nəfəsi təngiyən yamac

Dərədən təpəyə ayaq açmada...

 

Batır qocalığın çıxardığı səs

Ürəyin yamacda mələyən quzu

Neyləsin yerinə utanan həvəs,

İçində qönçəsi qan olan arzu?

 

İstəsən haqqını istə ki, haqdan

Güc verən tək olan Allahdır, təkə.

Axsaq ayağına baxıb uzaqdan

Çıxdığın zirvələr xəcalət çəkər.

 

Qocalan gözlərin düşüb çuxura

Ay batır, gün doğub gününü sayır.

Özünü bənzətmə axsaq Teymura

Tək sən axsamırsan dövran axsayır.

 

Kim yola qaytarsın yoldan sapanı

Canından keçmədə ruhun ağrıdan.

Yəni doğrudanmı çevrə qapanır

Yəni doğrudanmı?

Yəni doğrudan!

 

Heyrətə salmaz ki halın bir kəsi

Arı da çiçəkdən bal tapmır bəzən

Ey gücü tükənən çəkim mərkəzi,

Ən yaxın dostların ən uzaq gəzən.

 

Amma qocalığa çatmaz hövsələn

Cismin üşürgənər bu son çağrıdan.

Yəni doğrudanmı ölümdü gələn

Yəni doğrudanmı?

Yəni doğrudan!

 

Bəlkəmi? Bir sonu varmı bəlkənin,

Borc desək, borcumuz bir can deyil ki?!

Bu qədər şəhidi olan ölkənin

Qocası ölümdən qorxan deyil ki?!

 

Tovuz-Əsrik,

6-7 avqust 2022

 

Bir adam yol gedir 

bizdən qabaqda

 

Hərdən üz çevirib taleyə, baxta,

Çıxdığı səfərdən qorxub qaçan var.

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var.

 

Bizi səsləyirdi verdiyi vaxtda,

Biz hələ dünyaya gələnə kimi.

Bir adam yol gedir bizdən qabaqda,

Anadan olandan ölənə kimi.

 

İnanma, qəm qəmə yovuşar çətin,

Düzlüyün eləsi, beləsi yoxdu.

Kərəm sevgisinə qovuşar çətin,

Kimin ki, qarşıda Lələsi yoxdu.

 

Talanar sevdalar, bulanar sular

Yağanda hicranın kəpənək qarı.

Ürəklər qırılar, yollar ayrılar,

Olmasa qabaqda bir İpək qarı.

 

Yaz da Yer üzünə boşuna gəlmir,

Boşuna sovuşmur ağır xatalar.

Qabaqda gedənin xoşuna gəlmir

Qabağa düşəndə harın atalar.

 

Gedir qədəmindən nur yağa-yağa,

Yolları ölümdü-itimdi, bilmir.

Qəlbinə yatanı çəkir qabağa,

Arxalı, arxasız, yetimdi, bilmir.

 

Yolundan döndərməz duman da, çən də,

Kiminsə sözünü deməyə gedir.

Yerin bu üzündən duyuq düşəndə

Yerin o üzünə köməyə gedir.

 

Kələfin ucunu axtar özündə,

Hazır ol qəfildən gələn qəmə də.

Ağ atlı oğlan var bu yer üzündə,

Çıxar qabağına hər məhkəmədə.

 

Nədir anaların dilində muraz,

Görən gələcəyi gözündən öncə?..

Maşın işığına bənzəyir bir az

İnsanın əməli özündən öncə.

 

Bir nurlu sahil var hələ sabahda

Qaranlıq sulara yol açar avar.

Bir adam yol gedir bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var!

 

Hələ yaşamağa 

dəyər bir az da

 

Meşə cığırları dönüb bir çaya,

Torpaq yağışlardan bəhrələnibdir,

Necə gözəl olub təbiət, Allah -

Quru kötüklər də pöhrələnibdir!

Gəzmək istəyirəm dünyanı yazda

Hardasa, hardasa məni duyan var,

Hələ yaşamağa dəyər bir az da.

 

Təkliyi keçmişə ötürməliydim,

Ömrümə bir yoldaş götürməliydim.

Bacım arzudaydı,

anam murazda

Hardasa, hardasa məni sevən var,

Hələ yaşamağa dəyər bir az da.

 

Yollar eniş-yoxuş,

bələn-bələndi.

Yollar

min ildir ki, gedib gələndi.

Təzəydi,

köhnəydi,

nəydi, bilmədim,

Talada cığırlar qafiyələndi...

Dünən Bethoveni çaldılar sazda,

Hardasa, hardasa bizi duyan var,

Hələ yaşamağa dəyər bir az da.

 

Mənim bir gecikmiş məhəbbətim var,

Dönüb nağıllaşan həqiqətim var.

Səni səsləyirəm, ay ev yiyəsi,

Səsimə səs versin o tayda kim var.

Dodaqlarda donan bir busə kimi

Harda görünüb ki, sönə arzular.

Qıvrıla-qıvrıla bir gürzə kimi

Əsrin ovsununa yatıb Araz da.

Dünyanın işini nə bilmək olar

Hələ yaşamağa dəyər bir az da,

Hələ yaşamağa dəyər bir az da.

 

Təzədən mən sənə 

qayıdacağam

 

Düşüb aralığa həftələr, aylar,

Qalmısan ömrümün ötən ilində.

Bir həsrət sinəmdən səni haraylar,

Məhəbbət, sədaqət, sevgi dilində.

Bir eşqin uğursuz qədəmi kimi

Demə, aramızı soyudacağam.

Limana qayıdan bir gəmi kimi -

Təzədən mən sənə qayıdacağam.

 

Şöhrətdən gözümə gur işıq düşüb,

Elə bilmişəm ki, yenilməz dağam.

Bircə xəyalına gətir sən məni,

Fikrim də, yolum da dolaşıq düşüb, -

Həmişə narahat edirsən məni.

Kimi oyatmamış de, həsrət, kimi -

Anadan olduğum doğma kənd kimi,

Təzədən mən sənə qayıdacağam.

 

Yolundan, qəlbindən, yadından çıxıb,

Haçansa mən səndən buxarlanmışam.

Eşqin alovundan, odundan çıxıb,

Dolan bulud kimi qübarlanmışam.

Bir çılğın şimşəyə bəndəm ki, yağam, -

Quraqlıqda yağan yağışlar kimi,

Nifrəti soyumuş baxışlar kimi,

Təzədən mən sənə qayıdacağam.

 

Demə ki, ay aydan, il ildən keçib;

Hicranın görüşlə bağrını yarıb,

Döyüb könülləri, ünvan axtarıb,

Neçə gözdən keçib, könüldən keçib,

Hələ xoş duyğular oyadacağam.

Duyub gileyini, duyub ərkini,

Ünvanı səhv düşən bir məktub kimi

Təzədən mən sənə qayıdacağam.

 

Surətin - gözümdən çəkilən yuxu,

Bulud kirpiklərin yağışla dolu.

Mənim bu gecikmiş peşimanlığım

Həyat yollarımda bələdçim olub.

Bu yeni fərəhlə, fikirlə, hisslə

Elə bilirəm ki, körpə uşağam.

Ayların, illərin uzaqlığından

Sinəmə saldığın cığırla, izlə

Təzədən mən sənə qayıdacağam.

Təzədən mən sənə qayıdacağam!

 

Ağacdələn, döy qapımı

 

Yol azmısan bu payızın çənində

Ağacdələn, ağlın azıb sənin də,

Dən gəzirsən saçlarımın dənində

Atamoğlu, az qapımı döy görüm.

 

Bu cığırı bu qara kim bürüyüb?

Burda kimin yanan qəlbi kiriyib?

Həyətini qara yellər kürüyüb

Başımıza nələr gəlir qoy görüm.

 

Haçanacan gözləməyə gəlmisən?

Yoxsa mənə söz deməyə gəlmisən?

Ya borcunu istəməyə gəlmisən? -

Öz dilində ünvanımı söy görüm.

 

Mən dünyaya ata, ana borcluyam,

Ünvanım var, bu ünvana borcluyam.

Bir canım var, bircə cana borcluyam,

Özgə nəyə, taraq-taraq say görüm.

 

Bulaq kimi batan bəxti açılmaz,

Hər igidin atam, bəxti açılmaz...

Hələ yatır, yatan bəxtim açılmaz,

Yatmışların yuxusuna qıy görüm.

 

Eldən ayrı ömür olmaz, gün olmaz,

Eli sevən ürəklərdə kin olmaz.

Nədən Araz arzularım çin olmaz

Haçanacan yuxularda çay görüm?

 

Avand işim nəhsə düşüb, deyəsən,

Vaxt mənimlə bəhsə düşüb, deyəsən.

Qulaqlarım səsə düşüb, deyəsən,

Şimşək çaxsın, guruldasın göy görüm.

 

Yavaş-yavaş çürümədə taxda, bax.

O taxtada ovxam olan vaxda bax.

İnad olub nə döyürsən baxda-baxt, -

Açılmayan düyünləri duy görüm.

 

Elə yanır döyüşlərin yanğısı

Nə təsəlli söndürəcək, nə də su.

Mənim qapım Yer üzünün qapısı

Ağacdələn, döy qapımı, döy görüm,

Başımıza nələr gəlir goy görüm..

 

Qoymayın dünyanı adiləşməyə...

 

Elə, ürəklər də zirvələr kimi

Qalsın o əvvəlki parlaqlığında.

Böyük sevgilərin çəkin yükünü

Araya tikanlı sözlər girməsin.

İşıqlı arzular solmasın deyə

Evlənən günün sabahı günü -

Qoymayın dünyanı adiləşməyə!

 

İşıqda kölgə var, kölgədə işıq,

Dağ düzdən ucadır, sevinc kədərdən.

Ay günün nuruyla tapar yaraşıq,

Şafaqla ayrılar axşam səhərdən.

İki sevən qəlbin yaxınlığından,

Sevinc sıxlığından, işıqlığından

Qəm macal tapmasın yada düşməyə, -

Qoymayın dünyanı adiləşməyə!

 

Əriyər buzları məhəbbətin də

Tutaş kirpiklərin sıx ormanları

Dönər öpülməmiş bir cüt çeşməyə.

Yaşayın arzular səltənətində

Qaldırın məhəbbət həyəcanları

Qoymayın dünyanı adiləşməyə!

 

Çöldə barmağıma 

tikan batanda...

 

Çöldə barmağıma tikan batanda

Üstünə qaçardım əlləri qanlı.

Bir çarpan ürəkdik biz iki canda -

Sən oğul canlıydın, mən ana canlı...

 

Yaş olub axardı yetim qürurum

Atam da yox idi fərqinə varsın.

Deyərdin ağlama gözümün nuru

Gətir barmağını öpüm qurtarsın.

 

İndi o ilahi sevgilər hanı

Bir candan keçəydi başqa bir cana.

Öpərdin, kəsərdi əlimin qanı,

Sənin nəfəsində nə varmış, ana?

 

Yerlərin göylərə diləyi səndin

Baxtına vaxtımın günəşi doğdu.

Dünyaya gəldiyim ana vətəndin

Sən yoxsan, bəlkə heç vətən də yoxdu...

 

Bəs niyə üstümdən kölgəni çəkdin

Döndərib könlümü neylərə, getdin.

Bəlkə də göylərdən enən məlkədin,

Qayıdıb yenidən göylərə getdin.

 

İnsanın mənzili ağrılarcadı

Uzanar vətəndən qürbətə acım.

Qan olan ürəyim paramparçadı

Sən yoxsan, mən kimin üstünə qaçım?

 

Bütün sualların 

cavabı birdi

 

Ölümə gedərsən yol yora-yora,

Gedərsən, peşinə yüz fikir düşər.

Atsan, balıq düşməz atdığın tora,

Tutduğun zərə də iki-bir düşər...

 

Nə səbr gərəkmiş, nə də tək səbir,

Sən gedən yolları gedər ilan da...

Əlidolu da bir, əliboş da bir,

Aldadan da birdi, aldadılan da.

 

Bütün sualların cavabı birdi,

Yatmaq istəsən də yuxuna girməz.

Bəlkə söz sarıdan bəxtin gətirdi,

Varsan, var sarıdan əlin gətirməz...

 

Yoxsa bəxt verənin dəlikmiş cibi.

Sənə dərd verilib, filankəsə var?

Baxarsan, nə əl var, nə əl sahibi,

Amma ki, gözünü tutan nəsə var.

 

Tələsmə, təndirə düşər tələsən,

Qəlbi qaraların üzü ağ olmaz.

Başın açılmır ki, dərddən, biləsən

Dünyanın işindən baş açmaq olmaz.

 

Qazancı kül olar ocaq yerinin,

Könlü ocaqların gözü yaş olar.

Bəxti yüyrək olar niyə birinin,

Başqa birisinin bəxti daş olar?

 

Göylərin gözündə hansı şanslıdı, -

Tökülən yarpaqmı, qalan budaqmı?

Yaşayan hansıdı, ölən hansıdı, -

Yaşayan insanmı, yaşanan vaxtmı?

 

Ha dadın ağzında qalmadı dadı,

Çəkilməz dərdləri çəkən bədən - biz.

Bu dünya yerində qalan dünyadı,

Qoynundan əliboş keçib gedən - biz.

 

Doxsan yox, səksənə 

çatmazdı bəlkə

 

Dünən bayatıymış, sabah tapmaca,

Bu gün tərəddüddən çaşıb deyinir.

Gününü gəzməklə keçirir qoca,

Heç özü də bilmir nə gəzdiyini.

 

Bu sirri soruşasan hansı alimdən

Durub deməzmi ki, açılan solar.

Yolunu gözləyən qəfil ölümdən

Qorxmasan nə olar, qorxsan nə olar?

 

Nə deyir ruhuna bu ögey bədən? -

Bacarsan səksəni doxsana yetir.

Dəyib budağından düşən meyvədən

Axtarsan yerin də zəhləsi gedir.

 

Demək ki, bu imiş əvvəlin sonu,

Kiminlə istəsən mərcə gir daha.

Bir vaxt göy çəkərdi təzə ruhunu

Köhnə ətəyindən yer çəkir daha.

 

Dünən bayatıymış, sabah tapmaca,

Bu gün tərəddüddən çaşıb deyinir.

Gününü gəzməklə keçirir qoca,

Heç özü də bilmir nə gəzdiyini.

 

Bu, mənəm...

 

Bu mənəm, a kəndim,

tanımadınmı?!

Bu həmin Məmməddi,

bir az sınıxıb,

bir az sıxıb onu şəhər havası,

Dərmanı dağların səhər havası.

Məni tanımayır təzə cavanlar,

Özümmü çıxmışım yaddan, adımmı?!

Sənin qucağında arzuladığım,

Günlərdən qayıdıb gəlmişəm sənə,

Bu mənəm, ay kəndim, tanımadınmı?!

 

Unutduğun yerdəyəm

 

- Bahar, hardan gəlirsən?

- Haqqı bulduğum yerdən.

- Yaz, hayandan gəlirsən?

- Yaşa dolduğum yerdən.

 

- Güz, hayandan gəlirsən?

- Xəzan olduğum yerdən.

- Qış, hayandan gəlirsən?

- Unudulduğum yerdən.

 

Ötən ömrün yasında,

Quzey yaxasında mən.

Gün bulud arxasında

Qürbət arxasında mən.

 

Varmı verən bir soraq

Nerdəyəm mən, nerdəyəm?

Yaddaşına yaxşı bax,

Unutduğun yerdəyəm.

 

Bir dəfə

 

Bir dəfə toprağa toxum səpilir,

Bir dəfə saralır, zəmi, bir dəfə.

Bir dəfə dünyaya gələn nə bilir

Bir dəfə sevəcək, cəmi bir dəfə.

 

İkinci sevgidən etmə gileyi

Atılan ox kimi uçma hədəfə.

İnsana dünyanın ən əziz şeyi

Bir dəfə qismətdir, cəmi bir dəfə.

 

Sən ay iki başlı məna axtaran,

Günün günortası gül olma kefə.

Bir dəfə səhv edir minaaxtaran,

Ömründə bir dəfə, cəmi bir dəfə.

 

Çalış çaldığını çal sarı simdə

Bu kibrit günlər ki, düzülüb səfə;

Yüz dəfə can vermə, gələn ölüm də

Bir dəfə gələcək, cəmi bir dəfə.

 

Mən sənin yadına 

düşən deyiləm...

 

Bulud var, əlində bir bəhanə var,

Bahar buxarlanar baxdığın yerdə...

Neynim, ürək adlı bir viranə var,

Sən mənim yadımdan çıxdığın yerdə...

 

Yağmura dönəcək buludlar yəqin,

Könlümün gözündən yağıb gedərsən.

Getməyə bir ayrı yerin var yəqin,

Sən mənim yadımdan çıxıb gedərsən...

 

Ərəfə yeriyimiş qərib ürəyin,

Gözləyə-gözləyə oldu gün axşam.

Mən sənin yadından çıxırdım yəqin,

Sən mənim yadıma düşdüyün axşam...

 

Çöküb dərələrin canına nisgil

Dağların başına duman olub qəm.

Onsuz da yaddaşın yurd yeri deyil,

Mən sənin yadına düşən deyiləm...

 

Gedərsən, məchula 

yol gedər gedən

 

Gedərsən, məchula yol gedər gedən,

Qürbət, bir açılmaz sirdən başlıyar.

Burnunun ucunu göynədən vətən

Yadından çıxdığı yerdən başlıyar.

 

Gedərsən, vətənin qalar vətəndə,

İçinin içində köz vətən olar.

Dərdinə, sərinə vətənsən sən də,

Qürbətdə sənə də söz vətən olar.

 

Özü heç, sözünü unutma, vətən,

Hələlik könlünün bir yerinə yaz:

Onu sənin kimi atıb tərk edən,

Səni onun kimi sevən tapılmaz...

 

Gizli məhəbbət

 

Dağların başına düşən qardımı,

Dumandan xəbərsiz, çəndən xəbərsiz?!

Sinəmi göynədən intizardımı

Qəlbimdən xəbərsiz, məndən xəbərsiz.

 

Qırdım öz əhdimi mən bilə-bilə,

Haqqın var yanımdan keç gülə-gülə.

Əriyim oduna qoy gilə-gilə

Mən səni sevmişəm, səndən xəbərsiz.

 

Gör mənim qismətim nələr-nələrmiş,

Sən uzaq sandığın yaxın gələrmiş.

Sən demə, dağlara qar ələnərmiş

Dumandan xəbərsiz, çəndən xəbərsiz,

Mən səni sevmişəm səndən xəbərsiz...

 

Sən mənə dünyanı 

bağışlamışdın

 

Bu yaşda günəşin qürub halıydım,

Kölgənin nə işi gün olan yerdə?!

Sən olan yerlərdə mən olmalıydım,

Necə ki, sən vardın mən olan yerdə...

 

Ayrıydıq, biz elə yazda da qışdıq,

Birləşdik... qoynunda qarın, yağışın.

Səninlə birlikdə hesablamışdıq

Bircə günü varmış üç aylıq qışın...

 

Sevgi sahilinə yanaşdı qayıq

Duyduq ürəklərin bəhsəbəhsini.

Bəlkə bir ömürlük yaşatmalıyıq

Cəmi bircə günün xatirəsini...

 

Sən idin qürbətin canatımları,

Yoluma dikilən bir cüt baxışdın.

Mənə gətirmişdin qışda baharı

Sən mənə dünyanı bağışlamışdın...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram..

Qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram...

 

Həyata gəlməkdə, bizə verilən bu ömrü yaşamaqda vəzifəmiz, öhtəliyimiz bir-birimizdən fərqlidir. Həyat amalımızın, düşüncələrimizin, hislərimizin də fərqli olduğu kimi. 

 

Sizin həyat amalınız nədir? 

Mənimki azadlıq. 

Necə bir azadlıq deyə soruşsanız bənzətmə edib tərif edə bilmərəm. Çünki mənim təsəvvürümdə azadlıq hansısa sərhədlərlə təsvir edilə bilməz. 

Kiçik yaşlardan etibarən dinindən, dilindən asılı olmayaraq hər bir insan müəyyən qanunlarla böyüdülür. Bunların bəziləri mənəvi, bəziləri əxlaqi, bəziləri isə keyfi dəyərlər əsasında müəyyənləşdirilir. Bəs yaxşı, sizcə həqiqətən əxlaqın, mənəviyyatın bir norması var? 

Düşünürəm ki, bu sualın cavabları sualı verilən məkana, milliyyyətə, cinsiyyətə görə dəyişəcək. Nəinki milliyyət, eyni evdə böyüyən bacı ilə qardaşın belə cavabı fərqlənə bilər.

Yenilikcə bir serial çıxmışdı, "Vətəndaş A". Cəfər Cabbarlının Almaz əsəri əsasında çəkilən bu serialın son cümləsi də məhz "Azad olun!" İdi. Çünki azadlıqdan məhrum qalan xalqlar arasında elə bizim də xalqımız ilk sıralardadır. Məsələ milli azadlıqdan getmir. Mənəvi azadlıqdan gedir. Azadlıq sizə görə nədir? Mənə görə azadlıq "filankəs nə deyər?" demədən, ürəyindəki arzunun doğrusunu-səhvini düşünərək sadəcə özünə uyğun qərar verə bilməkdir. Bəs yaxşı, onda bizim neçəmiz tam azadıq? Çətin sual oldu biraz...

Düzdür, müasir dövrdə azadlıqla bağlı çox fərqli fikirlər var. Bir cümlə oxumuşdum, deyirdi ki, "azadlıq istədiyin hər şeyi etmək deyil, istəmədiyin heç nəyi etməməkdir". Əvvəlcə çox məntiqli gəlsə də, sonra düşündükcə əslində bunun da tam mənada azadlıq olmadığını gördüm. 

Yaxşı, belə izah edim. Ailəniz sizə deyir ki, filankəslə ailə qur, siz isə öz hüquqlarınızdan istifadə edərək, deyirsiniz ki, bu qərar mənimdir və mən bunu istəmirəm. Bu azadlıqdır? Yoxsa sizin haqqınız? Bildiyim qədəri ilə, kimisə nəyəsə məcbur etmək (söhbət təbii ki, xırda-xuruş məsələlərdən getmir) cinayət işinə qədər gedib çıxa bilir. Yəni bu tam olaraq sizin azadlığınız deyil, daha çox olmalı olandır. 

Bir də var ki, məsələn, universitet kodlaşdırması edəcəksiniz

və siz aktyor olmaq istəyirsiniz. Kənardan reaaksiyalar mənfidir, amma siz nə istədiyinizi bilirsiniz. Və seçim sizindir. Bəli, azas olmaq budur. Təhsil hüquqlarıyla yanaşı, öz qərarınızı özünüzün verməsidir azadlıq. İstər təhsil olshn, istər ailə olsjn, istər geyim olsun. Bir insanın daxili dünyasıdır onu azad edən. Və siz özünüzü "nə deyərlər?" Düşüncələrindən azad etmədikcə azad deyilsiniz. Sizin düşüncəniz bilirsiz nə olmalıdır? "Bu məni həqiqətən xoşbəxt edəcək?" , ya da "Bunun yararı və zərəri nələrdir?" Və beləcə siz özünüzlə barışacaq, özünüzə uyğun həyat qurmağa addım addım daha da yaxınlaşacaqsınız.

Mənim azadlığım nədir deyə soruşsanız, deyərəm ki, seçimlərimdir. Çünki mən seçə bildiyim qədər azadam. Və sizə bir sirr verim? Həyatımın demək olar 90% qərarını özüm seçmişəm. Hə, aralarında peşman olduqlarım da olub, xoşbəxt olduqlarım da. Amma mən geriyə dönüb baxdıqda deyə bilirəm ki, hə, mənim də şəxsi fikirlərim var. 

Yaşadığımız mentalitet buna uyğun olmaya bilər, sizi nəyəsə məcbur da edə bilərlər. Siz azad olmaq üçün bilirsiz nə etməlisiz? Öz haqlarınızı bilməlisiz. Məsələ təhsil deyil. Təhsili olan, olmayan hər kəs bir şəxsiyyət kimi öz hüquqlarını bilməli, gərəkdiyi yerdə, əgər hüquqları pozulursa lazımi qurumlara şikayət etməkdən çəkinməməli, cəmiyyət fikirlərini deyil, öz gələcəyini ön planda tutmağı bacarmalıdır. 

Sizin üçün arzum - unutmayın ki, siz bir şəxsiyyətsiniz və bu cəmiyyətdə hər kəs qədər sizin də söz və qərar hüququnuz var. Öz hüquqlarınızı bildiyiniz və onları qoruduğunuz qədər azadsınız.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Çərşənbə, 11 Dekabr 2024 13:36

Poeziyamızın Nəbi Xəzri zirvəsi

                                                                                        “Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göyüşün 100 illiyini qeyd etdiyimiz Xalq şairi Nəbi Xəzri yaradıcılığına həsr edilmiş “Poeziyamızın Nəbi Xəzri zirvəsi” məqaləsini təqdim edir. 

 

                                                                                                Ədəbiyyatımızı zirvələrı ilə sıralanan Sıra Dağlara bənzətsək, bu sırada bir -birindən möhtəşəm dağ zirvələri tək sıralanan ədəbi dühaları görəcəksən. Həmin zirvələrdən biri də, heç şübhəsiz, adını Azərbaycanın poeziya tarixinə əbədi həkk etmiş, ədəbi xəzinəmizə misilsiz töhfələr vermiş, öz parlaq poeziya nümunələri, epik, dram və nəsr əsərləri, tərcümələri, publisistikası, ssenariləri ilə zənginləşdirmiş Nəbi Xəzri zirvəsidir. Həmin zirvəni Nəbi Xəzri özü belə tərənnüm edirdi:

                                             

Nəbiyəm bir dağam başı qarlıyam,

Demə zirvəndəki o duman nədir?

Bütün varlılardan daha varlıyam, 

Dövlətim məhəbbət, varım sevgidir...

 

Çoxşaxəli, rəngarəng, maraqlı və  bir-birindən fərql mövzularla zəngin əsərləri ilə səciyyələnən  Nəbi Xəzri yaradıcılığı hələ gənc yaşlarından istər oxucuların, istərsə də ədəbi ictimaiyyətin diqqətini  özünə cəlb etmişdi. Yaradıcılığa başladıqları ilk illərdən, o dövrdə poeziyaya yenicə qədəm qoyan gənc istedadlar- Əlağa Kürçaylı, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və onlarca digər gənc istedad kimi Nəbi Xəzrinin şeirləri  də gənc istedadların ən böyük himayəçisi Səməd Vurğunun diqqətindən yayınmamışdır. Nəbi Xəzri də Böyük şairin qayğısı ilə əhatə olunmuş, onun təkidi ilə həmin dövr üçün az təsadüf edilən, 20 yaşlı gənc ölkədə böyük nüfuza malik Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdi.

83 il ömür sürmüş, 65 ildən şox yradıcılıqü yolu keçmiş, öz istedadı, zəhməti, bacarığı və yüksək intellekti sayəsində  Azərbaycan Dövlət Televiziya Verilişləri Komitəsinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinə sədri, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti kimi yüksək dövləti və ictimai vəzifələr tutsa da, Respublika Lenin Komsomolu mükafatı,  SSRİ Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, "Qırmızı əmək bayrağı" ordeni, “Lenin" ordeni, "Şöhrət" ordeni,"İstiqlal" ordeni kimi yüksək mükafatlar, "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycanın Xalq şairi" kimi fəxri adlar alsa da, bu şöhrət onun gözünü qamaşdırmamış, yaradıcılıq onun stixiyyası olmuş, yazıb yaratmaqdan usanmamış, Azərbaycan ədəbiyyatı 65 il ərzində onun ədəbi yaradıcılığı ilə müşayət olunmuş, ömrünün sonunadək böyük həvəs və çoşqu ilə yazıb yaratmışdır. 

Ömrünün erkən çağlarında 3 qardaşını və atasın  itirməsinə, çətin həyat şəraitinə, ailə-məişət problemlərinə baxmayaraq, Nəbi Xəzri yaradıcılığında bədbin notla köklənmiş nümunələr demək olar ki, yox dərəcəsindədir. Məhz Nəbi Xəzri yardıcılığını səciyyələndirən xüsusiyyətlərindən biri də onun əsərlərinin  pozitiv nota, şən əhval-ruhiyyəyə köklənməsidir.

Onun yaradıcılığı insanı məhəbbətə , sevgiyə, yaşamağa, yaratmağa səsləyir.

                                   

İstəsən yanına gələrəm sənin,

gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm sənin,

səpərəm dəniz kim.

İstəsən üzündən öpərəm sənin, 

öpərəm dəniz kim.

Adını qəlbimin sahillərinə,

yazaram dəniz kimi,

Sevmirəm söyləsən bir axşam mənə,

susaram dəniz kimi.

 

Vətən Sevgisi, Vətənə məhəbbət Nəbi Xəzri poeziyasının baş mövzusudur. O,Vətənimizin təbiətinə, gözəlliklərinə dağına- dərəsinə, dənizinə-çayına, baharına yayına, gülünə-çiçəyinə  çoxsaylı şeirlər həsr etmişdir. Bununla yanaşı Nəbi Xəzri də sənət ustadı Səməd Vurğun kimi ən gözəl şeirlərini anamız Azərbaycana həsr edib. Azərbaycan mövzusu Səməd Vurğundan sonra poeziyaya gəlmiş bütün şairlərin baş mövzusu olmuşdir və bu mənada  (Əslində hər kəsə məlumdur ki, “Azərbaycan” mözusunu ədəbiyyatımıza səməd Vurğun gətirmişdir və hələlik onun şeirindən güclü şeir yaranmamışdır.) Nəbi Xəzrinin “Azərbaycan”ı da bu mövzuya həsr edilmiş ən gözəl poeziya nümunələrindən biridir. Şeir musiqisiz nəğmə kimi səslənir və elə buna görə də həmin şeirə yazılan  və məşhur müğənnimiz, Xalq artisti Şövkət Ələkbərovanın ifasında belə gözəl səslənir.

 

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə Göy-Gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə həmişə sənsən gümanım

Canım, gözüm mənim Azərbaycanım.

 

Sən günəş, mən isə bir zərrə kimi,

Diriykən oğlunam, ölsəm torpağın.

Sən ki, döyündürdün mənim qəlbimi,

Sən uca çinarsan mənsə yarpağın.

Mənəm sənin özün, ey eşqim, canım,

Sənsən özüm mənim Azərbaycanım! 

 

Bu yazının girişində nümunə gərirdiyim bircə bənd şeir əslində Nəbi Xəzri yaradıcılığını bütünlüklə ifadə edir desəm düşünürəm ki, səhv etmiş olmaram.  Nəbi Xəzri çoxşaxəli yaradıcılığında nə yaratmışsa sevgi ilə, məhəbbətlə yaratmışdır. Elə buna görə də onun bütün yaradıcılığı lirika ilə müşayət olunur. Onun, həm poeziyasında,  həm nəsrində, həm də digər janrlarında bir lirizm vardır. 

 

Başımız üstündə zərli qanadlar,

Kəhraba çinarlar, qızıl palıdlar,

Belə yer dünyada deyin varmıdır,

Meşə pıçıldayır, bulaq danışır?

 

Günəşdən süzülən ulduzlarmıdır,

Ya kəhraba yanır, qızıl sayrışır,

Sirli bir qələmlə, söz yaza-yaza, 

Ağaclar zər səpir yollarımıza...

 

Elə ona görə də onun şeirləri həm də bəstəkarlarımızın diqqətini cəlb etmiş, şeirlərinə onlarca mahnı yazılmış və bu mahnıları ən məşhur müğənnilərimiz Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova , “Qaya” qrupu, Gülağa Məmmədov, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, Briliant Dadaşova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilmiş və həmin mahnılar musiqi xəzinəmizin qızıl fondunda saxlanılır. Və onlardan bircə nümunə;

 

İstəsən sükuta bürünsün cahan

heç nə yox,

Al məndən ömrümlə

əbədi qalan

o ani,

o ani

Görüşlərini...

 

 Mən həmişə bu qənaətdə olmuşam və yazılarımda bir neçə dəfə qeyd etmişəm ki, sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının  qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə biər. Əksinə bir tikanlı söz, bir bənd kəsərli şeir insanı öldürə bilər. Nizamidən, Füzulidən üzü bəri çağdaş poeziyamıza qədər az-az şair tapılar ki, bu hikməti  öz yaradıcılıqlarında əks etdirməmiş olar. Bu mənada Nəbi Xəzri də istisna deyil və onun “söz”ün qüdrətinə həsr etdiyi şeirdən aşağıdakı nümunəni gətirmək istədim: 

 

       Əzəl başdan açarıdır sirrlərin,

        Öz gücünü ürəklərdən alar söz.

        Ümid verər, sevinc verər, qəm verər,

        Müşkül olan dərdə çarə qılar söz...

 

         Söz ucaldar bu cahanda insanı,

          Əzizləyər bu cahanda insanı.

          Vaxt olar ki, bircə anda insanı,

           Əlli ilin hörmətindən salar söz...

 

Anamız Azərbaycanın qeyri-adi bir bölgəsi olan Abşeron yarımadasının təbii landşaftı son dərəcə əsrarəngiz olduğu kimi, onun yaradıcılıq landşaftı da çox zəngindir. Nəbi Xəzrinin yaradıcılığı ilə tanış olduqca əmin olursan ki, Abşeronun əsrarəngiz təbii landşaftı sanki onun yaradıcılığına köçüb. Nəbi Xəzri həm şairdir, həm dramaturqdur, həm nasirdir, həm tərcüməçidir, həm publisistdir, həm ssenaristdir, həm də Abşeron üçün çox xarakterik yaradıcılıq sahəsi olan rəssam. Sadəcə  o, rəsmlərini sözlə çəkir.

 

                Su mavi,

                Göy mavi,

 

                Hava da səssiz.

                Gəmi maviliyə ağ inci düzür.

                Üfüqlə o qədər qovuşub dəniz,

                Gəmi sanırsan ki, göylərdə üzür.

 

Nəbi Xəzriyə görə Azərbaycan təkcə insanları ilə deyil, həm də Tanrının bu məmləkətə verdiyi əvəzsiz töhfələri ilə -göyləri, yerləri, havası, suyu, dənizi, küləyi, dağları, dərələri, meşələri, çinarları, qovaqları ilə gözəldir və o, əsərlərində bu gözəllikləri insanla vəhdətdə təqdim edir. O, öz sevgi və məhəbbətini də təbiətin varlıqları ilə üzvi surətdə birləşdirir. Bu baxımdan onun “Dəniz, göy, məhəbbət” şeiri son dərəcə maraqlı və cəlbedicidir. Dörd hissədən ibarət olan bu poeziya nümunəsində o qədər güclü bir harmoniya var ki, şairin poetik ustalığı qarşısında heyran qalmaya bilmirsən:

 

-Dənizi hədiyyə  verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin,

Göylərin şəfəqi düşdü üzünə,

-Mən isə göyləri verirəm – dedin.

 

 Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyin sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm-deyə,

Mənimlə danışıb,  güləsən bir də.

 

Düşündüm,  ayrılıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?:

 

Nəbi Xəzri poeziyasından söhbət açarkən onun çox sevdiyim “Söylə bəs hardaydın” şeirindən söz açmaya bilməzdim. Həmin şeirdən nümunələr gətirməmişdən öncə vurğulamaq istəyirəm ki, klassiklərimizdən üzü bəri, indiki dövrümüzə qədər əksər şairlər ən gözəl şeirlərini həm də geçikmiş məhəbbətlərinə həsr etmişlər. Dediklərimə misal olaraq bir neçə görkəmli şairimizin Hüseyn Arifin (“Ləzgi qızı”), Bəxtiyar Vahabzadənin (“Sən hardan biləsən”), Cabir Novruzun (“ Sən elə bir vaxtda rast gəldin mənə”), Tofiq Bayramın (“Ay gecikən məhəbbətim”), Nəriman Həsənzadənin (Nərdivan), Nüsrət Kəsəmənlinin (Sən demə təzədən sevmək olarmış”)  adlarını çəkməyi məqsədə uyğün saydım.  Bu şeirlərin hər bir fərdi olmaqla, həm də, ümumidir, məhəbbətin əbədiliyinin ifadəsidir. Hər birinin müəllifi görkəmli poeziya bahadırları olmaqla , yaratdıqları əsərlər də şedevrdir. Nəbi Xəzrinin yuxarıda adını çəkdiyim şeir kimi:

 

        Sən gəldin,

        Zülmətdən gün çıxdı birdən,

        Nə qədər ecazkar göründü cahan?

        Səni gözləmişdim ömrüm boyu mən,

        Söylə, bəs hardaydın sən bu vaxtacan?

        Keçib göy dərəni,

        yaşıl çəməni,

        Elə yaxın gəldin, elə uzaqdan!

         Bəlkə min il əvvəl görmüşdüm səni,

        Sərin su içəndə sən buz bulaqdan!

        Elə bil üzləşdim

        ilahi sirlə,

        Bu nə möcüzədir, bu nə heyrətdir?!

        Məhəbbət ölçülmür illə, əsrlə,

        Məhəbbət ölçüsü əbədiyyətdir...

 

Nəbi Xəzrinin yaradıcılığı haqqında böyük ədəbiyyat adamları-şairlər, tənqidçilər, tədqiqatçılar, müasirləri çeşidli məqalələr, yazılar, kitablar yazmışlar. Və təbii ki, bir kiçik yazı ilə Nəbi Xəzri yaradıcılığını, onun miqysını əhatə etmək mümkün deyildir. Bununla belə mənim təsəvvürümdə yaratdığı assosiasiya barədə fikirlərimi oxucularla bölüşmək iistədim. Heç şübhəsiz, öz yaradıcılığı,  ictimai fəaliyyəti və fərdi xüsusiyyətləri ilə xalqını tanıdan, ona şərəf və şöhrət gətirən yaradıcı ziyalılarımızdan və ictimai xadimlərimizdən biri də Nəbi Xəzridir. Mənim qənaətimcə Nəbi Xəzrinin çoxşaxəli yardıcılığı və geniş miqyaslı dövləti və ictimai fəaliyyəti nə qədər çox cəhətli olmasına baxmayaraq O, Azərbaycan Xalqının yaddaşında daha şox şair kimi qalacaqdır. Mən də bu yazıda onu bir şair kimi səciyyələndirməyə çalışdım. 

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.