ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Ramil Əhmədin “Həsrətin uğultusu” adlı yeni yazdığı şeirini təqdim edir. Sanki bir filmdir, gözümüz önündən obraz kimi gəlib keçir HƏSRƏT. Bu kədərli payız gününün ovqatına çox uyğun gəlir bu qara sevda hekayəti.
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…” - deyir şair.

Həsrətin uğultusu

Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...

Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...

Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn
it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...

Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinclə yuvalarına qayıtdılar...

Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...

Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su dammır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdən keçmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.

Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...

Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”

 

Dekabr ayının 28-də tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin 80 illiyidir. Bu yubiley münasibəti ilə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri, gözəl şairimiz Elçin İskəndərzadənin təşəbbüsü ilə xatirə kitabı işıq üzü görəcək. Şahmar Əkbərzadə barədə araşdırmalarını, məqalələrini, xatirələrini, şeirlərini kitabda görmək istəyənlər yazılarını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.

 

Almaniyada üzərində “Xarıbülbül” və Şuşa qalasının, eləcə də dahi şairimiz Nizami Gəncəvinin təsviri olan poçt markaları buraxılıb.
Bu poçt markaları dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvinin 880 illiyinə və Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə həsr olunub.

Çərşənbə, 13 Oktyabr 2021 10:00

Dünya memarlıq inciləri: Peterburq məscidi

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti foto Rusiyanın şimal paytaxtına aiddir. Peterburq məscidi. İnsan əlləri ilə ərsəyə gələn əsl möcüzə.

Çərşənbə, 13 Oktyabr 2021 09:55

Bu gün Ümumdünya zombi günüdür

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq:

 

13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü

 

Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.

 

13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü

 

Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.

 

Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...

 

13 oktyabr. Ümumdünya zombi günü

 

2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.

 

13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında Qurbanovun şeirləri ilə

 

Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanovdur. Deyilənə görə, Cavid müəllim həm də istedadlı şairdir, qoşmalar yazır, hətta bu qoşmalar ara-sıra ictimai-siyasi məzmun da kəsb edir.

 

1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından

 

 

 

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçalarının sərgisi açılıb.
AzərTAC xəbər verir ki, UNESCO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi çərçivəsində təşkil olunan sərgidə Borçalı xalçasının toxunması ilə bağlı ustad dərsi də keçirilib. Tetritsakro rayonundan olan xalça ustası Nabat Anazarova xalçaların toxunması üsullarını nümayiş etdirib, Borçalı xalçaçılıq sənətinin fərqli xüsusiyyətləri və naxışlarının mənası barədə məlumat verib. Bildirib ki, bu xalçalar zərifliyi və yalnız təbii boyalarla rənglənmiş yun saplardan toxunması ilə seçilir.
Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva iştirakçılara Azərbaycan xalçaçılığının xüsusiyyətləri, onun əsas qolu olan Borçalı məktəbinə məxsus xalçaların özəllikləri, azərbaycanlıların məişətində xalça və xalça məmulatlarına olan münasibət barədə danışıb.
Tədbirdə iştirak edən Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Yaradıcılıq prosesinin təşviqi Departamentinin rəhbəri İrine Saqanelidze Azərbaycan xalçaçılıq sənətini yüksək qiymətləndirib. O, jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan xalçaları çoxmədəniyyətli Gürcüstanın mühüm hissələrindən biridir. Gürcüstanda Borçalı xalçaçılığı kimi unikal ənənə var. Bu ənənə mədəni irs nümunəsi kimi qorunub saxlanılır və inkişaf etdirilir.
“Layihənin təşkilatçılarından olan Tbilisi Dövlət İncəsənət Akademiyasının tələbələri üçün bu ənənə ilə tanışlıq çox maraqlıdır”, – deyə Saqenalidze vurğulayıb.
Akademiyanın dekanı, professor Tinatin Kldiaşvili, ustad dərsinə qatılan Almaniyanın Halle şəhərinin İncəsənət və Dizayn Universitetinin tələbəsi Marieke Şvartz Azərbaycan xalçaları, xalçaçılıq sənəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycan xalçalarının unikallığı ilə seçildiyini vurğulayıblar.

Şair, tərcüməçi, AYB məsulu Səlim Babullaoğlunun iki şeir kitabı çap olunub.
“İlk hərfi itmiş cümlələr” adlı kitab “Parlaq imzalar”, “Oğlumla söhbətlər” isə “Qanun” nəşriyyatında işıq üzü görüb.

Azərbaycan öz ərazilərini 30 illik Ermənistan işğalından azad etdi və 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan rəhbərləri tərəfindən üçtərəfli Bəyannamənin imzalanması ilə Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma sona çatdı. Ermənistan işğal etdiyi ərazilərdə, eləcə də Ermənistanda Azərbaycanın mədəni irsini məhv etmək, qarət etmək və mənimsəmək üçün sistemli siyasət yürüdüb. Ermənistan abidələri dağıtmaq, memarlıq xüsusiyyətlərini dəyişmək və "arxeoloji" qazıntılar aparmaqla Azərbaycan mənşəli olduğunu bildirən bütün əlamətləri ortadan qaldırmaq kimi hədəflərə çatmaq məqsədi güdüb.
AzərTAC xəbər verir ki, bu fikirlər UNESCO-dakı daimi nümayəndəmiz, səfir Elman Abdullayevin qurumun İcraiyyə Şurasının 212-ci sessiyasında səsləndirdiyi milli bəyanatda yer alıb.
Bildirilib ki, bu kimi fəaliyyəti ilə Ermənistan UNESCO-nun sənədləri də daxil olmaqla, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, habelə “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri haqqında” Konvensiyanı, beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.
“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açıb. İndi sülhün qorunması, reabilitasiya və yenidənqurma işləri, məcburi köçkünlərin geri qaytarılması mütləq prioritet olmalıdır. Bunu nəzərə alaraq, Azərbaycan Hökuməti münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyub. Hökumət artıq onilliklərdir davam edən ərazilərin işğalının nəticələrini aradan qaldırmaq, o cümlədən tarixi, mədəni və dini irs abidələrimizin bərpası məqsədilə praktiki addımlar atmağa başlayıb”, - deyə E.Abdullayev vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq ən yüksək səviyyədə, lazımi qaydada saxlanılacağına, bərpa ediləcəyinə qərar verib. Azərbaycanın mədəni paytaxtı Şuşa da daxil olmaqla, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dini məkanlar, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa olunur. Bu bərpa və yenidənqurma işləri beynəlxalq mütəxəssislərin iştirakı ilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək üçün orijinal memarlıq üslubuna uyğun olaraq aparılır.
Daimi nümayəndə əlavə edib ki, münaqişə bitdikdən sonra mədəni irsə çıxış bərpa olunub. Bu da Azərbaycanın mədəni irsinə vurulan ziyanı qiymətləndirməyə imkan yaradıb. Bu amil UNESCO-nun fəal rolunu tələb edir.
“Bununla əlaqədar olaraq, məlumat vermək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar davam edir. Əslində, Azərbaycan Hökuməti belə bir missiyanın göndərilməsinin zəruriliyini istədi və son 30 illik işğal dövründə çoxsaylı platformalarda bunu UNESCO -nun diqqətinə çatdırdı. Lakin bu missiyaya hər dəfə Ermənistan tərəfindən maneə yaradılması və qarşısının alınması 2005-ci ilin hesabatında aydın göstərilib. Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir və konstruktiv dialoqa hər zaman açıqdır. İnanırıq ki, çoxdan gözlənilən bu missiyanın dərhal həyata keçirilməsi işğal zamanı zədələnmiş, talan edilmiş və ya dəyişdirilmiş mədəni irsin bərpasına və yenidənqurulmasına mühüm töhfə olacaq”, - deyə E.Abdullayev qeyd edib.
Vurğulanıb ki, bu ərazilərdə həyat yenidən canlandıqca, 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın simvolu Cıdır düzündə iki günlük musiqi bayramı, "Azərbaycan musiqisində multikulturalizm" devizi altında ölkədə yaşayan müxtəlif etnik azlıqların musiqi yaradıcılığını əks etdirən mədəni tədbir keçirildi. Tədbir çərçivəsində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Bülbül və Xan Şuşinski daxil olmaqla, Azərbaycanın görkəmli bəstəkar və müğənnilərinin şah əsərləri səsləndirilib. Müsəlman dünyasında ilk operanın müəllifi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 Sentyabr - Milli Musiqi Günü bu il ilk dəfə Şuşada qeyd edilib. Doğulduğu Şuşa şəhərində Üzeyir Hacıbəylinin abidəsinin açılışı olub.
Daimi nümayəndə deyib ki, 2021-ci ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi qeyd edilir. Prezidentin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan olunub. Azərbaycanın təşəbbüsü ilə sentyabrın 24-də UNESCO-nun görkəmli nümayəndələrinin fəal iştirak etdiyi “Nizami fəlsəfəsi prizmasından bərabər təhsil və gender bərabərliyi” adlı veb-seminar təşkil edilib.
Oktyabrın 4-də Azərbaycan Hökuməti və UNESCO-nun təşkilatın mənzil-qərargahında Nizami Gəncəviyə həsr olunmuş mədəni tədbir keçirdiyini qeyd edən E.Abdullayev tədbirə dəyərli dəstəyinə görə Baş direktora və üzv dövlətlərə dərin təşəkkürünü bildirərək deyib: “Azərbaycanın UNESCO-dakı fəaliyyətinə gəldikdə, hamınız bilirsiniz ki, mənim ölkəm UNESCO-nun müxtəlif fəaliyyətlərinin tərəfdarı olub və bundan sonra da belə olacaq”.

Prezident İlham Əliyev xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
“2021-ci ildə Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”

Çərşənbə axşamı, 12 Oktyabr 2021 15:11

Yeni mövsüm “Qıpcaq rəqsləri” baleti ilə açılıb

Pandemiya ilə əlaqədar uzunmüddətli məcburi fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə premyera ilə başlayıb. Kollektiv rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletini təqdim edib.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, tamaşanı mədəniyyət naziri Anar Kərimov, nazirlik aparatının məsul əməkdaşları, digər qonaqlar və sənətsevərlər izləyib.
Səhnə əsərinin quruluşunu Mixail Fokinin xoreoqrafiyası əsasında Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov həyata keçirib. Musiqi rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olan tamaşada əsas rolları balet truppasının aparıcı solistləri – Əməkdar artist Nigar İbrahimova,  Xalq artisti Gülağası Mirzəyev, gənc solistlər Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa ediblər.
Pandemiya qaydalarına əməl olunmaqla keçirilən tamaşa baletsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bəstəkar A.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında ərsəyə gətirib. Bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdıra bilməyib. Onun ölümündən sonra musiqi materialları əsasında A.Qlazunov operanı tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski Teatrında baş tutub. Xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyatmışdı. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.