ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“İrs/Erbe” jurnalının alman dilində çap edilmiş yeni nömrəsi bu dəfə də bir çox mühüm və maraqlı mövzuları əhatə edir, bununla belə Qarabağ bu buraxılışın əsas mövzusudur.

AzərTAC xəbər verir ki, baş redaktor Musa Mərcanlı “Təcavüz hüquqi vəzifə kimi” adlı giriş məqaləsində SSRİ-nin dağılma ərəfəsində başlanan yeni Qarabağ münaqişəsi zamanı erməni təcavüzkarlığı nəticəsində təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) deyil, həmçinin onun ətrafındakı yeddi bölgənin, ümumilikdə Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini bir daha alman oxucularının nəzərinə çatdırır. Mərcanlı qeyd edir ki, Azərbaycanın 30 ilə yaxın davam etmiş işğala son qoyan qələbəsindən sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladıqları razılaşma münaqişəyə son qoyulacağını, bölgədə bərpa işlərinin aparılacağını və uzunmüddətli sülhün bərqərar olacağını vəd edir. Buna baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanla sərhəddə və Qarabağda silahlı təxribatlar hələ də davam etməkdədir. Bunun səbəbini izah etmək istərkən Mərcanlı həm də moskvalı politoloq, professor Oleg Kuznetsovun jurnalın bu buraxılışında çap edilmiş bir məqaləsinə istinad edir. Bu məqalədə Kuznetsov belə bir fikri əsaslandırır ki, Ermənistanın Azərbaycana qarşı olan təcavüzü Ermənistanın hələ sovet dövrünün sonunda qəbul etmiş olduğu bir sıra hüquq sənədləri ilə bağlıdır. İlk növbədə, söhbət 1989-cu ildə Ermənistan və keçmiş DQMV Ali Sovetlərinin Ermənistanla keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin birləşməsi haqqında bütün beynəlxalq hüquq və öhdəliklərə zidd olaraq birlikdə qəbul etmiş olduqları qətnamədən gedir. Bu iddia həm də Ermənistanın 1990-cı ildə elan etdiyi müstəqillik haqqında bəyannaməsində yer almış və sonradan hətta konstitusiyaya daxil edilmişdir. Nə qədər ki, Ermənistan konstitusiyasını dəyişməyib, müstəqillik bəyannaməsindəki həmin bəndi ləğv etməyib, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edəcəkdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azad edilməsi Azərbaycan mədəniyyətini yenidən birləşdirir” başlıqlı məqaləsində Qarabağın keçmişindən, buradakı qədim alban xristian mədəniyyətinə aid abidələrdən bəhs etdikdən sonra diyarın yeni tarixindən söz açır: Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının, saldırmış olduğu Şuşa şəhərinin, Qarabağda həmin dövrdə tikilmiş tarixi abidələrin, burada yaranmış mədəniyyət, ədəbiyyat və musiqi nümunələrinin Azərbaycan mədəniyyətində tutduqları yerin əhəmiyyətini qeyd edir. 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpası, xüsusilə də bu ilin may ayında azad edilmiş Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər şeydən əvvəl bunu göstərir: Qarabağın azad edilməsi ilə Azərbaycanın bu qədim diyarına mədəniyyət yenidən qayıdır, Azərbaycanın ərazisi kimi mədəniyyəti də birləşir, bütövləşir. Bunun sayəsində də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq dünyaya öz mədəniyyətini bütövlükdə təqdim etmək imkanı qazanır.

Potsdam universitetinin professoru Fuhrmanın mərhum akademik Çingiz Qacar ilə birgə yazmış olduğu Nizami Gəncəviyə həsr edilmiş “880 ildən bəri canlıdır” məqaləsi bir daha böyük Azərbaycan şairi və mütəfəkkirinin həyatı, əsərləri və ölməz ideyaları haqqında məlumatları alman dilində oxucuların diqqətinə çatdırır.

“İrs/Erbe” jurnalının sonuncu buraxılışındakı digər məqalələr 44 günlük müharibə zamanı Azərbaycan şəhərlərinin dinc əhalisinin, yaşayış binalarının ermənilər tərəfindən raket zərbələrinə məruz qalmasına, azad edilmiş Qarabağda və ətraf bölgələrdə minaların təmizlənməsinə, aparılan quruculuq işlərinə, Füzulidə yeni hava limanının, Ağdam ətrafında “ağıllı kəndlərin” tikilməsinə həsr olunmuşdur.

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:12

Nyu-York

ABŞ-ın keçmiş prezidenti Tramp elan edib ki, Çin dünyanı koronavirus bəlasına düçar etdiyi üçün təzminat ödəməlidir.

Foto: Euronews

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:10

Talesiz rəssamın və bəxtsiz şairin elegiyası

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. 

Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

Və biz sizə Adil Mirseyidin bu rəsmlərini də ərməğan edirik.

Azərbaycanın Xalq yazıçısı Elçinin yeni yazdığı “Stalin” pyesinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyerası göstərilib.

AzərTAC xəbər verir ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Stalin kimi ziddiyyətli, mürəkkəb xarakterli şəxsiyyətin otuz il nəhəng Sovet imperiyasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi repressiyalar zamanı milyonlarla insan məhv edilmiş, sürgünə, işgəncələrə məruz qalmışdır. Kim idi “yoldaş Stalin?”. Qaniçən bir zalım, yoxsa ölkənin inkişafı və gələcəyi naminə çalışan böyük dövlət xadimi? Bu suallara birmənalı cavab vermək mümkün deyil. “Stalin” pyesi də bu sualları qarşıya qoyur və onlara yüksək bədiiliklə cavab axtarır.

Əsərə Rusiyanın tanınmış rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rəssam Tatyana Melnikova, bəstəkar Andrey Şoşkindir (Rusiya). Baş rolları Yaqub Zeynalov (Stalin), Marina Litvinenko (Olqa Aleksandrovskaya), Rüstəm Kərimov (Partiya kuratoru), Zaur İsgəndərov (Nazirlər kuratoru), Oleq Əmirbəyov (Təlükəsizlik kuratoru), Zaur Terequlov (Ticarət kuratoru) ifa ediblər.

Xalq yazıçısı Elçinin dram əsərləri artıq çoxdan ölkəmizin sərhədlərini aşmışdır. Onun “Mənim sevimli dəlim”, “Şekspir”, “Qatil”, “Teleskop”, “Sənətkarın taleyi” və s. kimi pyesləri müxtəlif dillərə tərcümə edilərək, dünyanın Ankara və İstanbul, Nyu-York və London, Moskva və Sankt-Peterburq, Roma və Seul və digər böyük şəhərlərinin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların rəğbətini qazanmışdır.

Qeyd edilməlidir ki, böyük uğurla keçən “Stalin” tamaşası, Elçinin S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan doqquzuncu pyesidir.

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:08

Sonuncu mogikanın getməkliyi

Kris Normanın başçılıq etdiyi İngiltərənin əfsanəvi “Smokie” rok qrupunun sonuncu üzvü Terri Uttli 70 yaşında dünyasını dəyişib.

 TASS agentliyinin bildirdiyinə görə, bu barədə məlumat qrupun rəsmi səhifəsində yerləşdirilib. Məlumatda qeyd olunur ki, ifaçı uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, bas gitaraçı və vokalçı Terri Uttli qrupun yaradıcılarından biri olub. “Smokie”nin 1976-cı ildə buraxdığı “Living Next Door to Alice” sinqlı vaxtilə dövrün ən məşhur hitinə çevrilmişdi. Bu ilin dekabrında “Crocus City Hall”da qrupun buraxdığı ilk diskinin 45-ci ildönümünə həsr olunmuş tədbir keçirilməli idi, lakin pansemiya səbəbindən tədbir 2022-ci ilin mart ayına təxirə salınmışdı.

Gələn il tədbir sonuncu mogikansız keçiriləcək.

“Azərkitab” kitab mərkəzi növbəti kitab təqdimatına qucaq açıb. Bu dəfə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: Misir” kitabının təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən tədbiri MM Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı aparıb. Əkbər Qoşalı Azərbaycan və Misir arasındakı ədəbi-mədəni, tarixi əlaqələrdən, Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, Qənirə Paşayevanın yeni kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandırıb. 

Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanıni salamlayıb, eyni zamanda digər tədbir iştirakçılarına - Azərbaycan parlamentinin üzvlərinə, ədəbiyyatşünaslara, tarixçilərə, şərqşünaslara, yazarlara, QHT və KİV  nümayəndələrinə gəldikləri üçün minnətdarlıq bildirib. 

Qənirə Paşayeva Misir Ərəb Respublikasına sevgisini məşhur şəqrqşünas alim, əmisi Qəzənfər Paşayevdən əxz elədiyini bildirib, Misirə səfərlərindən, orada beynəlxalq konqreslərdə, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb.

O deyib:

-Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına və dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi və ictimai tədbirlərdə iştirak imkanım oldu və nəhayət Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etmək üçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özüm üçün müşahidələr aparır, qeydlər edirdim. Nəhayət dostlarla birgə o müşahidə və qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir, yaxud mənim gözümdən görünən Misiri anladır. Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldiyiniz üçün təşəkkür edirəm.

Misirin Azərbaycandakı səfiri Adel İbrahim kitaba və təqdimata görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki tarixi Zəfər münasibətilə bir daha təbrik edib. 

Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ceyhun Məmmədov, işçi qrupunun üzvü İlham Məmmədov, deputatlar Aydın Hüseynov, Bəhruz Məhərrəmov, professor Qəzənfər Paşayev, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova tədbirdə çıxış edib, ürək sözlərini bölüşüblər. Çıxışçılar “Sirlər dünyasına səyahət: Misir” kitabını bələdçi və elmi-publisistik janrlı əsər kimi xarakterizə ediblər. 

Daha sonra çay süfrəsi arxasında qonaqlar - media mütəxəssisi Qulu Məhərrəmli, şairlər Elçin İsgəndərzadə və Elxan Zal, yazıçı Varis Yolçiyev, aktyor Ruslan Sabirli, “Çölçü” hərəkatının rəhbəri Eltən Qədimbəyli və digərləri Qənirə Paşayevaya ərsəyə gətirdiyi yeni kitaba görə xoş sözlərini çatdırıblar. 

Qeyd edək ki, kitab “CBS” mətbəəsində rəngli və nəfis tərtibatla çap olunub. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayevdir. Kitabın redaktorları – şairlər Elman Tovuz, Əkbər Qoşalı və İbrahim İlyaslıdır.

Paris Sena çayında Seqən adasında (İle de Segun) yerləşən “Musiqili Sena” konsert zalında keçirilən 19-cu “Junior Eurovision-2021” mahnı müsabiqəsi başa çatıb. Bildiyiniz kimi, müsabiqədə ölkəmizi 11 yaşlı Sona Əzizova təmsil edirdi. O, “Günlərin birində” (One of those days) mahnısını təqdim etmişdi. Müsabiqədə 19 ölkədən təmsilçilər qatılmışdı. 

Bu, Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı

idi. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etmiş və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılmağa başlamışdı. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak etmiş, 2013-cü ildə ən yüksək - 7-ci yerdə qərarlaşmışdı.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat veriri ki, bu dəfə təmsilçimizin nəticəni xeyli yaxşılaşdırıb, o, 151 xalla beşinci yeri tutub.

Ermənistan 224 balla birinci, Polşa 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.

(Şəkildə: təmsilçimiz Sona Əzizova)

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:04

Sezai Aydın vəfat edib

Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.

CNN "Türk” ün yaydığı xəbərə görə, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.

Sezai Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib.

Bundan başqa o, Al Paçino və Robert de Niro kimi məşhur aktyorların canlandırdığı obrazları türk dilində dublyajını həyata keçirib.

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:02

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

Mədəniyyət və incəsənət xadimlərinin, tanınmı aşıqların və ictimaiyyət nümayəndələrinin iştirak ilə keçirilən mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının aşıq sənətinə təsirindən söz açıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür".

Nazirin sözlərinə görə, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpagından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir".

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib ki, bu gün saz-söz bayramıdır: "Aylardır ki, biz hamımız bu bayramın içərisindəyik. Aşıq Ələsgər ustadlar ustadıdır. Onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layıqdir. Biz hər yerdə onun şeirlərindəki mükəmməlliyə, poetik gözəlliyə baxdığımız zaman belə qərara gəldik. Bu mənada Aşıq Ələsgər özünün ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Aşıq Ələsgərin şeirlərinə baxdığımız zaman bu şeirlərin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.

Tədbirin bədii hissəsində ustad sənətkarın sözlərinin aşıqlar, müğənnilər və qiraət ustaları tərəfindən təqdimatı olub. Tovuz, Qazax, Kəlbəcər və Laçından olan aşıqlar ustad sənətkarın yaradıcılığına müraciət ediblər.

Çərşənbə axşamı, 21 Dekabr 2021 01:01

Krossvord, Türkmənbaşı və Parkinson xəstəliyi

Bu günə təsadüf edən əsasə tarixi hadisələri diqqətinizə çatdırırıq:

21 dekabr

İlin ən qısa günü

Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.

Krossvordun yaranışı günü

1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?

Fənər günü

Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.

Və digər əlamətdar hadisələr

Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.

2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb. 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.