
Super User
“Yalqızlığımda yalqız olmayanda darıxdım…” - güneyli Arğın Paşanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Cənubi Azərbaycandan səslər” rubrikasından növbəti şairin şeirlərini təqdim edir - Arğın Paşanın. Rubrikanı “Ədəbiyyat və incəsənət” portalının
Güney Azərbyacan nümayəndəsi,
Təbrizdə yaşayan yazar Əli Çağla aparır.
Arğın Paşa
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur 1989-cu ildə Muğanda doğulub böyüyüb. Bilim yurdunda bitki uzmanlığı bitirib. Gənc çağından ana dilində şeir yazmağa marağı olub. Az sonra şeirləri qəzetələrdə görünüb.
2013-cü ildə Azərbaycan folkloru əsasında uşaqlar üçün “Cırtdan", 2016-cı ildə “Axmaq tülkü", 2017-ci ildə Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün “Duzlu çəpiş" və 2019-cu ildə “Cırtdan" kitabı ikinci dönə çapdan çıxıb. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ Arğın Paşa Muğanln ustad Şəhriyar dərnəyi ilə Füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
AVTO BİOQRAFİ
1989-am; 1368
Nisgiləm
Harayam
Bağrı qarayam;
İnsanam və özgürlüyün özü;
Yəni öz kefimin paşası!
İgid babamın adını seçdim.
"Paşa"-yam;
Yam-yaşıl Muğanda doğuldum;
Xəzəlin göbəyində.
Kiçik yaşlarımdan şeirlə boy atdım.
Əzbərlədim qəbir şeirlərini!
Atamın söylədiyi nağılları,
Anamın nisgilli bayatılarını və
Sevdim anamı; dilini daha artıq.
Onsəkkizimdə dil açdım.
Ondoqquzumda əsgərliyə getdim
Gənc qardaşımla birlikdə.
Bu anlar şeir içimi döydü.
Çəkib canımdan dağıtdım varaqlara
İçimdəki darıxma qasırğasın...
Bitirib gəldim və son günündə gəldi
əsgər qardaşım;
Amma əllərdə!..
Bu çağlar sevgi də məndə güllələndi
və dağıldım...
Bitki ozmanlığı bitirdim bilim yurdunda.
İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.
Az sonra Muğanın şeir dərnəyində,
Yazıçılar birliyində birinci səsi qazandım.
Şeir və hekayə oxudum dünya yazarlarından və yazıldım neçə ölkədə.
İyirmi üçümdən uşaqlar üçün yazdım.
Kitab etdim neçə dönə.
İyirmi səkkizimdə məzar şeirim doğuldu;
Doğum günümdə!
İyirmi doqquzumda işimdən atıldım...
Yalqızlığımda yalqız olmayanda darıxdım.
Darıxmalarımı Nəsimidə yaşadım
Füzulinin dərdli sətirlərində;
Ramizdə, Xəlil Rzada, Bəxtiyarda
O tayda, bu tayda;
Arazda yaşadım, yaşa doldum aramızda
Yəni yaşamadım yaşam boyu...
Bu an
Otuzumdayam;
Və hələ də iyirmi birimdə!..
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
ÖZÜMÜ TAPA BİLMİRƏM
Külqabı, istəkan... Boşalır tez-tez
Bir payız gecəsi, beş-altı şair.
Göz-gözü görməyir tüstüdən daha
Və dərdlər tökülür ortaya bir-bir.
Keçmişə sürüyür, sabaha çəkir,
Yenə də gülürəm bu çağımda mən.
Ucqarda görünür ayaq izlərim,
Donmuşam hələ də qucağında mən.
Bir neçə saatdır sənin dalınca -
Getmişəm, özümü tapa bilmirəm.
Çağırır dostlarım, hardasan, Paşa?!
- İtmişəm, özümü tapa bilmirəm...
Sağlıqlar düzüldü masanın üstə,
yenidən özümdə yaratdım səni.
Acı keçmişimi çəkdim başıma,
Bir qurtum şərabda unutdum səni.
BAXIRAM
Gözündə bir qorxu, min bir həyəcan,
İlahi nə duyur xəyalən görən?
Könlündə yaşıl və sıcaq bir muğan,
Sənmisən röyamda məni öldürən?
Bir olay sındırıb yenə vüqarı,
Keçmişi büsbütün itirdim daha.
Qaldırıb içimdə yetim divarı,
Çəkilir kimliyim bu gün, sabaha.
Gəlib gözlərimin önündə durub,
Baxıram könlünün pəncərəsindən.
Gəlişin sevinci beynimə vurub,
Qopardın tənimi yer kürəsindən.
Gözlərin gözümə zillənən çağı,
Elə bil köksümdən güllə sovuşdu.
Dodağın bir anlıq güllənən çağı,
Sürəkli qışımdan çillə sovuşdu.
İNQİLAB QOXUSU
İnqilab qoxusu gəlir;
İntihar edir dodaqlarım
Yaxınlaş mənə.
Eheeeey gözləri poeziya xiyabanı,
Muğanda qora pişirən ay;
Təbrizdə titrəyən ərk
Şuşada həsrət...
Gözlərin ıslaq son baharın
öpülməmiş dodağı;
Gözlərin alça bağı.
Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,
Yaxınlaş mənə biraz.
Gözlərin yazarlar birliyinin sədri.
Kamaləddin Kamyunun "qürbət" şeiri
Şuta Yataşuylinin "daranmış saçları"
Nəzar Qəbbaninin "yüz sevgi məktubu"-dur gözlərin.
Mayakovskinin "şalvarlı bulud"-u,
Gözlərin Nəsimi,
Nazim Hikmətin asılma xəbəri;
Nüsrət Kəsəmənlinin şah əsəri:
"Məndən əsirgəmə o gözlərini..."
Gözlərin Müşfiqin tutqun tarıdır,
Arzularıdır Əhməd Cavadın.
Sökük Oxtaydır,
Oxa tay;
Toxtayıram tikiləndə dənizinə...
Gözlərin sürgün Sahirin azadlıq şeiri,
İlahiləşən Nadir
Qarşında çalınan darıxma sazlar
Qəzəllərə sığmayan darıxmalar...
Nisgilli bayatılar...
Qoşmalar...
Sərbəst çiçək toplusu.
Gözlərin uduzma qorxusu!
Baxırsan;
Dili tutulur gözlərimin,
Ağzı bağlanır dilimin!
Düşünmür düşüncəm
Helen Kelerlənirəm...
Gözlərin şeir ocağıdır;
Yandırırsan,
Yaxırsan,
Baxırsan, şair oluram.
Gözlərin, dilimdə yazılan bütün divanlar.
Gözlərində ədəbi yatıram,
ədəbiyyat öyrənirəm
Baxışın kölgəsində.
Dağıdırsan qalibləri
Sərhədlər itir
İt olur Hitler
Səddam itilir
Gözlərin Əbdülmalikin Pakistan torpağında
Qurşun çağıdır;
Sükut çəkir içimə!..
Bas gözlərinin bağrına məni
Gözlərin candır
Güneydə susuz Urmu gölündən küsən durnalar...
Quzeydə sürgün düşən torpaqlar;
Gözlərin ölkəmdəki dağlar.
Gəl!
Gəlişini düşünürəm;
Sinəm su səpir baxışlarına
bağlanan küçələrə.
Baxırsan;
72 hava gəlir başıma
"Ayaq cəlili" gəlirsən açıq kökdə;
Baş kökdə "baş müxəmməs"
"Paşa köçür" gözlərində...
Gözlərində bitir yaşam
Yaşam gözlərində
Buraxma məni.
Gözəllərini qısqanıram
Eheeeeey... Qız, qan!
Qısqanıram şeirimdə gözlərini.
Gözlərinlə şirindir yaşam
Şirinəm;
Bahar baxışlım,
Fəsillərə son qoymuş yaz;
Yaxınlat
Yaxınlat dodaqlarıma gözlərini biraz...
Azərbaycan Rəngkarlıq Muzeyində “Mövcudluqda ünsiyyət” adlı sərgi açılacaq
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin ilk genişmiqyaslı muzey sərgisi təqdim edilir.
YARAT-dan AzərTAC-a bildirilib ki, mayın 26-da açılacaq sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 300-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.
“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir.
Ucalın daxili aləmindən bəhs edən ekspozisiya, rəssamın şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onun daim yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılıq yolunu başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları/eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, Şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəst-xəti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.
O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdir. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlamışdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
“Eurovision” mahnı müsabiqəsinin tam yekun cədvəli - Azərbaycan Ermənistanı 4 pillə qabaqlayıb
Bildiyiniz kimi, Turin şəhərinin evsahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən, şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olan, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən 66-cı “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib, səsvermənin nəticəsinə əsasən,“Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush Orchestra” qrupu 631 xalla birinci olub.
Ukraynalılar ikinci olan britaniyalıları 165 xallıq böyük fərqlə üstələyiblər. Ukraynaya bu cür hədsiz simpatiya təbii ki, Rusiyanın silahlı təcavüzü səbəbindən olub. İlk üçlüyü isə ispanlar qapadıblar, 459 xalla.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirərək 16-cı olub, düşmən ölkənin iştirakçısını 4 pillə qabaqlamağımız da bir təsəlli ola bilər.
Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib.
“Ədəbiyyat və incəsənət” portalı statistika sevənlər üçün müsabiqənin tam yekun cədvəlini təqdim edir:
1. Ukrayna 631
2. B.Briyaniya 466
3. İspaniya 459
4. İsveç 438
5. Serbiya 312
6. İtaliya 268
7. Moldova 253
8. Yunanıstan 215
9. Portuqaliya 207
10. Norveç 182
11. Niderland 171
12. Polşa 151
13. Estoniya 141
14. Litva 128
15. Avstraliya 125
16. Azərbaycan 106
17. İsveçrə 78
18. Rumıniya 65
19. Belçika 64
20. Ermənistan 61
21. Finlandiya 38
22. Çexiya 38
23. İslandiya 20
24. Fransa 17
25. Almaniya 6.
Şəkillərdə: Qapaq şəklində Ukrayna qrupu, iç şəkildə Azərbaycan təmsilçisi.
Dilarə Rüstəmin “Məni göylərdə axtarın” kitabının təqdimatı olub
Əli Kərim adına Sumqayıt Poeziya klubunda yazıçı publisist Dilarə Rüstəmin 44 günlük savaşımızın 40 qəhrəmanından bəhs edən “Məni göylərdə axtarın” kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Himni səsləndikdən sonra Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Məni göylərdə axtarın” kitabında vətən uğrunda şəhid olmuş 40 şəhidin həyat hekayəti 408 səhifədə canlandırılıb, kitabda vətənimizin müxtəlif bölgələrində doğulub boya-başa çatmış qəhrəman oğullarımızın döyüşdə göstərdikləri şücaətlər, onların qısa, lakin şərəfli ömür yolundan söhbət açılır.
Çıxışçılardan Milli Məclisinin deputatı Nizami Səfərov Azərbaycan torpağının azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın xatirəsinin hər zaman uca tutulduğunu, qəhrəmanlarımızın döyüş yolu haqqında artıq bir neçə kitabın yazıldığını söyləyib. Şəhid qəhrəmanlarımıza həsr olunan kitabların təqdimat mərasimini ən böyük hadisə adlandırıb. Dilarə Rüstəmin müzəffər qələbəmizdən sonra ərsəyə gətirdiyi kitabın şəhidlərin adına ən gözəl abidə olduğunu deyib.
Təqdimat mərasimində iştirak edən şəhidlərimizin valideynləri çıxış edərək, vətən uğrunda canından keçən övladlarının adına yazılmış kitabın onlara təsəlli olduğunu deyiblər.
Sumqayıtdakı 11 nömrəli məktəbin şəhid Kamil Şirinov adına 1-ci “a” sinfinin şagirdləri ədəbi kompozisiya ilə çıxış ediblər.
Vətən müharibəsi qazisi Fədai Allahverdiyev müharibə xatirələrini, döyüşçü şair Elvin İntiqam isə “Məni göylərdə axtarın” kitabında adı keçən komandiri olmuş Emin Əsədov haqqında xatirələrini və komandirinə həsr etdiyi şerini söyləyib.
Əməkdar jurnalist Faiq Hüsiyev, yazıçı Varis, tədqiqatçı jurnalist Aida Eyvazlı, kitabın redaktoru Xəyalə Həmzəliyeva Dilarə Rüstəmin şəhidlərimizin həyatına həsr etdiyi kitabının məziyyətlərindən danışıblar.
Çıxış edənlər kitabda toplanan həyat hekayətlərində hər bir şəhid oğlumuzun qəhrəmanlığının və adi həyat tərzinin ustalıqla qələmə alındığını qeyd ediblər.
Kitabın müəllifi Dilarə Rüstəm deyib ki, 9 aya ərsəyə gətirdiyi 40 igidin həyatını yazmaq onun üçün nə qədər ağır olsa da, bu, onların qəhrəmanlığı qarşısında çox azdır.
Tədbir zamanı tanınmış vokal ifaçısı, Əməkdar artist Zemfira İsmayılova və müğənni Rəhilə Quliyeva şəhidlərimizi və qələbəmizi tərənnüm edən mahnılar oxuyublar.
Sonda xatirə şəkilləri çəkilib, Dilarə Rüstəm hədiyyə kitabları imzalayıb.
Bu gün “Qafqazlı qardaşqızı” nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.
Teatrın rus bölməsi tərəfindən hazırlanan tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, mayın 14-də göstəriləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Ən çox oxunan: bütün şəhər əhalisi ət qızartmasına qonaq edilib
Dünyanın ən böyük berbekyüsü - ət qızartması Braziliyanın Parauarebas şəhərində (Para ştatı) - şəhərin 34 illiyininin qeyd edilməsi zamanı hazırlanıb və bu xəbər ötən günün ən çox oxunan xəbəri olub.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, sözügedən bayram şəhər meriyası tərəfindən təşkil edilib. Şəhər Administrasiyasının məlumatına görə, churrasco (braziliyalılar ət qızartmasını bu cür adlandırırlar) üçün 20 min kiloqram ət istifadə ediblər. Parauapebasda 140 min nəfər yaşayır. Hesablanıb ki, təxminən hər adama 142 qram ət düşür, bu da potensial olaraq hər bir sakinin doyması üçün kifayət edir.
Acgözlər isə əlavə porsiya da yeyə biliblər, çünki hesablamada südəmər körpələr də nəzərdə tutulub, onların porsiyalarına da məhz qızartma ətin ləzzətindən doymayanlar sahib olublar.
Əlbəttə ki, rəhbərlər üçün əhaliyə bayram sevinci yaşatmaq böyük hünərdir.
Əkbər Qoşalıdan Şuşa etüdləri
Beynəlxalq “Xarıbülbül” folklor festivalında iştirak etmək üçün Şuşaya getmiş şair Əkbər Qoşalı kamerasını işə salaraq bir neçə gözəl etüd lentə almışdır. Dağ, yamyaşıl meşə, mavi səma birləşərək rəng palitrası kombinasiyasının mükəmməl həllini yaratmışlar.
Baxın və zövq alın.
Günün fotosu: Kiyevdə Rusiyanın hərbi cinayətləri ilə bağlı ilk proses başlayıb
Günün fotosu: Kiyevdə Rusiyanın hərbi cinayətləri ilə bağlı ilk proses başlayıb
Ukrayna qarşısında müttəhim kimi dayanan ilk rus əsgəri 21 yaşlı Vadim Şişimarin olub.
O, Sumı vilayətində 62 yaşlı dinc sakini başından güllələyib. Və bunu belə əmr alması ilə izah edib.
Foto: Euronews
Rəssam Arif Məhərrəmovun yeni kataloqu nəşr edilib
Əməkdar rəssam Arif Məhərrəmovun əsərlərindən ibarət nəfis tərtibatlı kataloq Azərbaycan və ingilis dillərində “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi tərəfindən nəşr edilib.
Rəssam Eldar Ağamalovun layihə rəhbəri olduğu kataloqun dizaynı Mərkəzin baş direktoru Rafael Gülməmmədliyə məxsusdur. Kataloqun məsul katibi Nuriyə Mirzəzadə, “Ön söz” müəllifi Məlahət İsmayılqızıdır.
Rəssam Arif Məhərrəmovun yaradıcılığı barədə sənətsevərlərə geniş məlumat çatdıran kataloqda sənətkarın Bakı, İstanbul və Riqada çəkdiyi bir sıra maraqlı tablolarının, yağlı boya və qrafika əsərlərinin reproduksiyası əksini tapıb.
İsinmiş zəhər – Nemət Tahirin detektiv hekayəsi
Nemət Tahir pedaqoqdur, Ağdam rayonunda yaşayır. Ara-sıra qələmini də sınayır, hekayələr yazır. Bu dəfə o, psixoloji-detektiv janrında yazdığı hekayəsini redaksiyamıza göndərib. Düşünürük ki, maraqlı hekayədir, oxumağa dəyər.
Yeri gəlmişkən, Nemət Tahir bu günlərdə ADA Universitetində magistr təhsilinə yiyələnəcəyi ilə bağlı şad xəbər almışdır, onu “Ədəbiyyat və incəsənət” portalı adından təbrik edirik.
Lalə xanım kimsəsiz qadın idi.10 il olardı ki, Kəngərli ailəsində həm qulluqçu, həm də dayə kimi çalışırdı. Artıq Lalə bu ailənin bir üzvünə çevrilmişdi (Ailənin başçısı Gəray Kəngərli, onun həyat yoldaşı Taclı Kəngərli, övladları Oğuz və Aybəniz idi).
Oğuz və Aybəniz valideynlərinin işləri ilə bağlı vaxtlarının çoxunu «Şirin ana» dedikləri Lalə xanımla olurdular. Lalə də bu iki uşağı doğma bilirdi, bu ailəyə xidmətə gəldiyi gündən özünün birotaqlı evini kirayə verib burada yaşayrdı. O, ailədən, ailə isə ondan çox razı idi.
Bir gün kirayə haqqını almağa gedən Lalə axşamçağı evə zəng etdi. Dəstəyi Taclı götürdü:
– Ay Lalə, hardasan, bacı? Axşam oldu, hələ gəlib çıxmamısan.
Lalə dedi:
– Taclı xanım, bir az işlərim var, əgər icazə versəniz, mən sabah gələrəm, həm də ki sizə bir sürprizim var ey!
– Xeyir ola, inşallah, ay Lalə?
– Xeyirdi, xanım.
Lalə sevincək halda cavab verdi.
– Təki xeyir olsun. Nəsə, səhər tezdən gəl. Uşaqlar da, özümüz də sənsiz çox darıxırıq doğrusu.
– Taclı xanım, hər şeyi hazırlayıb soyuducuya yığmışam, axşam və səhər yeməyiniz var. Sabah da özüm gələcəm.
Lalə və Taclı sağollaşıb telefonlarını qapatdılar.
Axşam ailə şam etdikdən sonra uşaqlar öz otaqlarına dərs çalışmağa getdilər. Gəray və Taclı isə televizora baxdılar, keçən günlərini müzakirə etdilər, sabahkı planlarından danışdılar. Lalənin evdə olmamasının bir boşluq yaratdığını da diqqətə aldılar.
Səhər tezdən yuxudan oyanan Taclı isə gecikdiyini nəzərə alaraq (o, universitetdə biologiya müəllimi idi) özü nahar etmədən süfrəni hazırlayıb, həyat yoldaşını oyatmağa getdi.
– Sabahın xeyir, Gəray! Əzizim, hər şeyi süfrəyə düzmüşəm. Mən işə gecikirəm, uşaqları da oyat, yemək yeyin. Sizə qoşula bilmədiyim üçün məni bağışla.
Taclı tələskənliklə evdən çıxıb özünü universitetə çatdırdı. Auditoriyaya girəndə azacıq da olsa gecikmişdi. Mühazirəsini oxumağa başladı.
Az sonra telefonuna zəng gəldi. Zəng edən uşaqlarının sinif rəhbəri idi.
– Taclı xanım, bağışlayın, narahat edirəm, amma bunu deməliyəm. Dərs zamanı Oğuz və Aydəniz öyüdülər, tez təcili yardım çağırdıq, indi xəstəxanaya aparırıq.
Özünü itirmiş Taclı uşaqlardan üzr istəyib, çantasanı götürməyi belə unudaraq auditoriyadan çıxdı.
Yarım saatdan sonra Taclı xəstəxanaya çatanda uşaqları təzəcə gətirib mədələrini yumaq üçün xüsusi şöbəyə aparmışdılar. Taclı sinif rəhbərinin telefonda dediklərindən başqa onu öyrənə bildi ki, sinif rəhbəri Gəraya nə gədər zəng etsə də, Gəray cavab verməyib. Təlaş içində, göz yaşları axa-axa Taclı da Gərayın mobil telefonuna, sonra isə ev telefonlarına zəng etdi. Cavab verən olmadı.
Həm həyat yoldaşının qarasınca söylənir, həm də içərisində bir qorxu təlaş hiss edirdi. Nə baş verirdi axı?!
Bir saatdan sonra həkim göründü. Onun üzündə elə bir ifadə var idi ki, söz deməsə belə hər şey aydın olurdu. Baxışını yayındırmağı isə Taclını lap qaldırıb yerə çırpdı. Taclının ayaqları əsməyə başladı, titrəyən əllərini bir-birinə sıxaraq çətinliklə söylədi:
– Qadanızı alım, həkim, balalarıma nə olub?
Həkim təəssüf qarışıq qəhərli səslə dedi:
– Çox çalışdıq, Allah bilir ki, əlimizdən gələni etdik, lakin zəhərlənmədən çox vaxt keçdiyi üçün onları xilas edə bilmədik.
Bu sözlər Taclının eşitdiyi son söz oldu. Fəryadı göylərə qalxdı, bütün xəstəxana başına yığıldı. Ananı saxlaya bilməyən tibb işçiləri və sinif rəhbəri nə edəcəklərini bilmirdilər…
O bayıldı, birtəhər ayıltdılar.
– Taclı xanım, baxın, həyat yoldaşınız zəng edir.
İkinci zəngdən sonra sinif rəhbəri telefonu açıb Taclının qulağına tutdu. Taclı ağlaya-ağlaya: -Gəray, evimiz yıxıldı, – dedi.
Yox, telefondakı Gəray deyildi.
– Taclı xanım, mənəm Lalədir.
Lalə də hönkürüb ağlayırdı.
Taclı xanım qıyya çəkdi:
– Lalə, sənin də artıq xəbərin var başıma gələnlərdən?! Evim yıxıldı. Yıxıldı evim. Hanı Gəray? Gəray yoldadır? Telefonunu evdə qoyub? Can, ay Gəray, necə dözəcək bu dərdə???
Lalə key-key soruşdu:
– Taclı xanım, siz nədən danışırsınız? Mən demək istəyirdim ki...
Ağlamaq imkan vermirdi ki, Lalə danışsın. Onun susmasını görüb Taclı zarıyaraq soruşdu:
– Lalə, uşaqların başına gələni sizə kim xəbər verib?
Lalə tam caşqınlıq içində nə baş verdiyini soruşdu, Taclı nəfəsi kəsilə-kəsilə baş verənləri söyləyəndə Lalə:– Nəəə?! Aman Allah, belə də zülüm olar? – deyib səsini lap ucaltdı. Sonra da Taclını daha bir dəhşətli xəbərdən agah etdi:
– Taclı xanım, mən evə girəndə evdə heç kəs yox idi. Evləri yığışdırmaq üçün sizin otağa keçəndə ağzından gan gəlmiş şəkildə Gəray bəyi gördüm. Xanım, Gəray bəy ölüb.
Əlindən telefon sürüşüb düşən Taclı ruhən və mənən öldü, təkcə nəfəsi arada gəlib gedirdi…
***
Sabahı gün palatada üzünə gün işığı düşən Taclı ayılanda yanında tibb bacısını və ağlamadan gözləri şişmiş Laləni gördü. Xanımın ayıldığını görən Lalə özünü saxlaya bilməyib ağlayaraq onun boynunu qucaqladı:
– Allah başımıza daş saldı.
Lalə nə gədər ağlasa da, gözləri bir nöqtəyə dikilmiş Taclı ağlamadı. Tibb bacısı Laləni birtəhər Taclıdan qoparıb çölə çıxardı.
Xəstəxanaya gəlib Taclıdan izahat almaq istəyən polis işçilərinə həkimlər xəstənin psixoloji vəziyyəinin pis olduğunu söylədilər.
***
Mərhumları məsciddə yuduqdan sonra dəfn etdilər. Yas yerinə o gədər adam gəlmişdi ki, yas mərasiminin üçüncü gününə kimi hər gün mağar ən azından 5-6 dəfə dolub-boşalırdı. Qohum-gonşu, tanışlarla yanaşı Gərayın çalışdığı şirkətin, Taclının dərs dediyi universitetin kollektivi də gəlmişdi.
Üç mərasimini artıq yola vermişdilər. Bu üç gündə Taclı ortalıqda ruh kimi dolaşır, elə hey nəsə fikirləşirdi.
Axşam saat 9 olardı. Qapının zəngi çalındı. Qapını açan Lalə Taclıya polislərin gəldiyini söylədi.
– Qoy, gəlsinlər, – dedi Taclı.
İki polis nəfəri idi. Nisbətən yaşlı olanı (rəis idi) dilləndi:
– Taclı xanım, axşamınız xeyir. Bəlkə də vaxtsız gəlmişik, ancaq imkan varsa, sizinlə danışmalıyıq. Səhər süfrənizdən gütürdüyümüz nümunələr laboratoriyaya göndərilib. Ancaq tort atıldığı, boşqablar krantın altına yığıldığı üçün götürülən nümunələr kifayət etməyə bilər.
Lalə söhbətə qoşuldu:
– Allah mənim boynumu qırsın, bilsəydim lazım olacaq, tortu atmazdım, pişik kremini yediyi üçün atdım, – dedi.
Polis rəisi üzünü Taclıya tutub: – Kimdən şübhələnirsiz, sizinlə düşmənçilik edən elə bir adamınız varmı? – deyə soruşdu.
Taclı: – Yox, indiyə kimi heç kəslə işimiz olmayıb. Evimizə gəlib-gedənimiz də olmayıb. Lalə də artıq 10 ildir bizimlə yaşayır, -cavabını verdi.
Polislər bir neçə gün gəlib hər iki qadını sorğuya çəkdikdən sonra gəldikləri nəticəni – fərziyyəni Taclı xanıma təklikdə söyləməyi gərara aldılar.
– Taclı xanım, əlimizdəki bütün dəlillər Lalə xanımdan şübhələnməyə əsas verir.
– Yox, ola bilməz. Mən Lalədən heç vaxt şübhələnmərəm.
– Bilirsiz, xanım, şübhələnməyə əsas verən odur ki, Lalə xanım zəng edib sizə demişdi ki, kirayə haqqını almağa gedib. Birincisi, həmin gün Lalə xanım evinə getməyib. İkincisi, kirayə haqqının vaxtına hələ bir həftə varmış – bunu bizə kirayənişin dedi. Daha bir şübhəli məqam – Lalə telefonda deyib ki, sizə sabah sürprizim var. Bu sürpriz hələ də ortalığa çıxmadığı üçün onun səhər yeyilən torta qatılan zəhər ola bilməsi ehtimalı yüksəkdir. Qalmış tortun atılması bunu bir daha sübut edir.
Taclı dəhşət içində soruşdu:
-Siz nə danışırsız? Lalə bunu edə bilməz. Nə məqsədlə bunu etsin axı?
Polis rəisi aramla cavab verdi:
-Məqsədinin nə olduğunu bilmirik. Məqsəd sizin var-dövlətinizə yiyələnmək ola bilərdi, məsələn. Unutmayın ki, sizin işə gecikdiyiniz üçün tortdan yemədən evdən çıxmağınız təsadüfən sağ qalmağınıza səbəb olub. Hamı ölərdi, o da evə gəlib, məsələn, əgər varınızdırsa, yerini bildiyi gizli saxlançığınızdan pullarınızı, qır-qızılınzı aparardı. Bütün faktlar Lalənin əleyhinə işləyir, biləsiniz.
Rəis bir qədər də danışdı. Bu həqiqətə oxşar dəlillər Taclını da inandırmağa başladı. Səhəri gün Laləni şübhəli şəxs kimi gözaltına aldılar.
Bir həftə ərzində sübutları, araşdırmadan çıxan nəticələri Lalənin qarşısına qoyub cavab istədilər. Lalənin isə dediyi bir söz var idi, deyib üstündə də dururdu:
– Mən qatil deyiləm, yediyim çörəyə xəyanət etmərəm.
Ekspertizaya göndərilən qidanın hamısı təmiz çıxsa da, qalmış az qism tort nümunəsini daha dəqiq nəticə üçün xaricə ölkəyə göndərdilər (elə polislərin də şübhələndikləri tort idi).
***
Yuxudan qalxan Taclı xanımın axşamdan ağladığı və gec yatdığı üçün başı ağrıyırdı. Yataqdan qalxıb çırağını söndürən Laləyə qarğışlar yağdıra-yağdıra neçə gündür səliqəyə salmadığı mətbəxə keçdi. Evin hər yerində əzizlərinin xatirəsi dolaşırdı. Hıçqıra-hıçqıra «Tefal» çaydanı əlinə gütürdü, istədi şəbəkəyə taxsın, suyun az olduğunu görüb doldurmağı qərara aldı. Su kranının qarşısında çaydanın qapağını açıb içərisinə baxanda, gördüyünə inanmadı, donub qaldı. Çaydanı yerə atıb zala qaçdı, bilmirdi nə etsin, ağlayırdı.
– Bilirdim, bunu Lalə etməyib, – deyə bir neçə dəfə təkrarladı.
Telefonun dəstəyini götürüb şöbəyə zəng etməyə çalışdı, əlləri əsirdi. Nömrəni yığana kimi qapının zəngi çalındı. Telefonu yerə qoyub qapıya qaçdı.
Gələn polis rəisi idi.
– Sabahınız xeyir, bağışlayın, sizi narahat edirəm, ancaq sizinlə vacib işim var.
– Yox, narahat etmirsiz. Elə mən də sizə zəng etmək istəyirdim.
Polis rəisi səsində peşmançılıq çalarlarını gizləyə bilməyərək söylədi:
– Bilirsiz, Taclı xanım, biz yanılmışıq. Lalə xanımın bu işdə heç bir günahı yox imiş.
– Mən artıq bilirəm.
– Sizə şöbədən xəbər veriblər?
– Nəyi?
– Xaricə gündərdiyimiz tort qalığı nümunəsinin təmiz çıxmasını.
– Xeyr, mən ailəmin ölüm səbəbini tapmışam.
Bir anda polis rəisini maraq götürdü. Yeganə şübhələndikləri şəxs – Lalə bəraət alırdısa, ölüm hallarının qida zəhərlənməsindən baş vermədiyi aşkar olunurdusa, onda cinayətkarı tapmaq tam bir müşkülə çevrilirdi. Buna nə qədər güc, enerji və vaxt gedəcəkdi. İndisə ev sahibəsi deyirdi ki, ölüm səbəbini tapıb.
– Necə tapmısız?
– Gəlin mənimlə mətbəxə keçək.
Taclı elektrik çaydanını gütürüb içərisindəki «spiral»ın altında ölmüş kərtənkələni göstərdi.
-Baxın, budur mənim ailəmin məhvinə səbəb.
– Necə yəni, Taclı xanım?
Polis rəisi hələ də bir şey anlamadı, xırda kərtənkələ üç insanı necə öldürə bilərdi axı?
Taclı göz yaşlarını birtəhər boğaraq söylədi:
– Mən biologiya müəllimiyəm. Bilirəm ki, zəhərli sürünənlər, eləcə də kərtənkələ isti suya salınarkən zəhərini buraxır. O gün axşamdan yazıq Gərayla (Taclı xanımın gözləri doldu) çay dəmləyib içdik. Hava bürküydü, istiləndiyimz üçün mətbəxin nəfəsliyini açdıq, yadımızdan çıxıb örtmədən yatmışıq. Səhər oyananda isə, Allah mənim canımı alsın, işə tələsdiyim üçün çaydanda qalmış suyu isitdim, çaydanın içinə baxmadım. Çox güman, kərtənkələ axşam nəfəslikdən keçib çaydanın lüləyindən içinə girib.
Bu yerdə Taclı hönkürtüsünü saxlaya bilmədi.
-Artıq mənə olan olub, Lalə yox, ailəmin ölümünə mən səbəbkaram. Gedək, azad edək Laləni, səhv etdiyimi deyim, ayağına düşüb yalvarım, məni bağışlasın.
Polis rəisi dərindən ah çəkdi.
– Daha gecdir, Taclı xanım.
Taclı donub qaldı.
-Necə yəni, gecdir?
-Lalə bacı bu gecə kameradan özünü asıb, bu məktubu da sizə yazıb.
Taclı səntirlədi, divara söykəndi.
– Aman Allah, daha bir zərbə.
Hönkürdü, polis rəisi mətbəxdən ona su gətirib içizdirdi. Taclı havalılar kimi öz-özünə danışırdı:
-Bu nə həyatdır, ikinci dəfə tələskənliyim ucbatından sevdiyim insanı itirdim...
Taclının ürəyi getdi.
Bir azdan mətbəxi ələk-vələk edib ürək dərmanı tapan polis rəisi Taclını birtəhər ayılda bildi.
Həm polislərin, həm də Taclının əsassız şübhələnmələrinə heyfsiləndilər, Lalənin ölümündən çox pis təsirləndiklərini büruzə verdilər.
Polis rəisi ev sahibəsinə bir daha başsağlığı verib getdi.
Taclı pəncərənin qarşısında dayanıb göz yaşları içində Lalənin son məktubunu oxumağa başladı:
«Düz on il bundan əvəl, vaxtı ilə sevib evləndiyim həyat yoldaşım hər gün məni və oğlumu içib döydüyü üçün dolana bilmirdik. Bir dəfə içib məni döyəndə oğlum nə qədər çalışsa da, məni onun əlindən ala bilmədi. Keçib mətbəxdən bıçağı gətirib, atasını bıçaqlayıb öldürdü. Məhkəmə də cavanlığına, məni müdafiə etməyinə görə ona 10 il iş verdi. Sizin evdə işə düzələndə bütün bunları gizlətmişdim ki, heç bir ailə tanımadığı və başına bu cür hadisə gəlmiş insanı işə götürməz. Həmin gün – sizə yalan danışdığım gün oğlum həbsdən azad olacaqdı, o sürprizim isə övladımı sizin yanınıza gətirərək hər şeyi danışacağım olmalıydı. Bilirdim ki, məni qəbul edəcəksiniz. Lakin həmin axşam mən bəxti qarə oğlumun gəlişinə sevinmək əvəzinə onun qara xəbərinə göz yaşı axıdası oldum. Onu içəridə öldürmüşdülər. Artıq yaşamağın mənası yox idi. Gəlmişdim, sizinlə sağollaşıb ayrılım, gedib özümü öldürüm. Lakin gəlib sizin evdə gördüklərim məni fikrimi dəyişməyə məcbur etdi. Bu faciədən sonra sizə dəstək olmaq üçün yaşamağa məcbur idim. Axı siz mənə həyat vermişdiniz. Mən sizin ailənizi öldurməmişəm. Bilirəm, bəlkə fikirləşəcəksiniz ki, azadlığa çıxa bilməyəcəyini anlayıb özünü öldürdü, bu məktubla özünü quruya çıxardır. Lakin and olsun bizi yaradana, o on il dəmir barmaqlıqlarda qalıb öldürülən balamın goruna, mən sizin ailənizi öldürməmişəm. Haqqınızı halal edin. Sizi çox sevən Lalə».
Bu qədər acımasızmış həyat. Bu qədər qəddarmış.
Pəncərəyə düşən yağış damlaları şüşədə, göz yaşları isə Taclının solğun yanağında iz qoyurdu….