
Super User
Prezident məşhur fotoqrafı təltif edib
Reza Deqatinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2022-ci il
Rəsm qalereyası: Kor rəssam Sarj Mannın “Qadınlar” tablosu
Günün fotosu: Anomal istilər Britaniyanı da ağuşuna aldı
Günün fotosu: Anomal istilər Britaniyanı da ağuşuna aldı
Budur, London şəhərinin ətrafında da 3 gündür ki, anomal istilər səbəbindən meşə yanğısı səngimir.
Artıq 40 hektar meşə yanıb, Venninqton şəhərində isə evlər yanıb kül olub.
Foto: Euronews
Türkiyədə ən çox baxılan “Çukur” Azərbaycanda yayımlayacaq
"Azad Azərbaycan" telekanalı yeni sezonda tamaşaçıların qarşısına türk serialı ilə çıxacaq. “Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, kanalda sentyabrdan etibarən dünyaca məşhur ekran işi "Çukur" yayımlanacaq.
Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Perihan Savaş, Ercan Kesal, Erkan Kolçak Köstendil, Kubilay Aka və başqalarının baş rolunda olduğu serial Azərbaycan dilində efirdə olacaq.
Layihəni səsləndirənlərdən biri də Əməkdar artist Hüsniyyə Mürvətovadır.
Sabah Gülben Ergen Bakıda konsert verəcək
Sabah - iyulun 27-də Mərdəkanda yerləşən Şazeli bahce restoranında məşhur türkiyəli ifaçı Gülben Ergen çıxış edəcək.
Karyerasına model olaraq başlayan özünü həm də aktrisa kimi sınayan G.Ergen Şazeli bahçe səhnəsində möhtəşəm şou göstərəcək. Gecə səhərə kimi davam edəcək. Biletlər sayılı qalıb, əlaqə üçün: +994 507777691, +994 507777692
Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən Şazeli Bahçedə 27 iyulda Gülben Ergen, 29 iyulda Namiq Qaraçuxurlu, 3 avqustda Çengiz Kurtoğlu, 5 avqustda Röya, 17 avqustda isə İrem Derici qonaq olacaq.
“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb
“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb. Bu sayın milli mətbuatımızın 147-ci ildönümünü qeyd etdiyimiz günlərdə işıq üzü görməsi sanki rəmzi bir məna daşıyır. Hər zaman mədəniyyətimizin flaqmanı missiyasını daşıyan dərgi bu dəfə də cəmiyyəti maraqlandıran mövzularla zəngindir.
Baş redaktorun oxuculara ünvanlandığı yazıda mətbuatın cəmiyyətlə sıx əlaqələrinin vacibliyinə toxunulur, mədəniyyət mövzularının tərbiyəvi və maarifçi xarakterindən söz açılır.
Daha sonra I Türk dünyası ədəbiyyatı və kitab festivalına həsr olunan “Türkün kitab körpüsü” icmalında bu günlərdə kitab dünyamızın yeni tendensiyaları, konkret kitab nəşrləri, Azərbaycan kitabının dünya, özəlliklə də türk dünyası kitabı ilə inteqrasiyasını əks etdirən kitab sərgisi işıqlandırılır.
“Ədəbiyyat” rubrikasında Prezident İlham Əliyevin Sərəncamı ilə 130 illik yubileyi qeyd olunan istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı Qurban Cəbrayılın görmə bucağından araşdırılır.
Görkəmli tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın böyük maraqla qarşılayacağınız təhlili yazısında Əmrə Yunis adı ilə Əbrəqunis toponimindən söhbət açılır.
“Musiqi” bölümündə “Tar sənətinin zirvəsində” qərar tutmuş 75 yaşlı tarzən, Xalq artisti, professor Ramiz Quliyev və “Ömrünün mənasını ifa etdiyi rəqslərdə görən sənətkar” bu gün artıq ömrünün 93-cü baharını yaşayan rəqqasə, Xalq artisti Roza Cəlilovanın sənət yollarına işıq tutulur.
Məşhur alim Cəfər Qiyasinin məhsuldar ömür yolu və Azərbaycan memarlığına bəxş etdiyi əvəzsiz töhfələr barədə jurnalist Şövkət Səlimovun qələmə aldığı “Vətəni sevmək sənəti” oçerkində məmnuniyyətlə geniş söhbət açılır.
Milano Music Master School Musiqi Akademiyasının professoru, məşhur opera ifaçısı Çinarə Şirinlə sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin söhbəti “Uzaqdakı yaxınlar” rubrikasında yer alıb.
Tanınmış yazıçı-publisist İbrahim Nəbioğlu köhnə Bakının “Telefonnaya” küçəsinin unudulmuş keçmişindən, araşdırmaçı Vahid Şükürov isə Ramana kəndinin qayaüstü rəsmlərindən yazır.
“Elm” bölməsi yenə də gənc tədqiqatçı və müqtədir alimlərimizin ixtiyarındadır və onların elmi axtarışları ilə zəngindir.
Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr olunub
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi münasibətilə “Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr edilib.
Kitabxanadan AzərTAC-a bildirilib ki, biblioqrafiyada “Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Əzizə Cəfərzadənin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Əzizə Cəfərzadə haqqında” bölmələri, yazıçının elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, rəy verdiyi, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc olunmuş materiallar öz əksini tapıb.
Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında misilsiz xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində və ev arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunub.
Biblioqrafiyada yazıçının dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapıb.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/EzizeCeferzade.pdf linkindən istifadə edə bilərlər.
Qadın mövzusu gündəmdədir - III “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Qadınlar bundan artıq nə istəyə bilər? Onlar üçün məxsusi kino festivalı da keçirilir. Avqustun 13 –dən 20-dək III “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək. Festİval Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Festival proqramı çərçivəsində gender məsələlərinə toxunan filmlər nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq. Festival çərçivəsində, eyni zamanda, seçki komissiyası tərəfindən seçilən filmlər, “Ən yaxşı uzunmetrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq.
Qeyd edək ki, “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.
Xatırladaq ki, “Sevil” Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.
Şəkildə: “Sevil” pyesinə illüstrasiya
Şəkildən qoltuq ağaclarını silib atasına ayaq çəkən uşaq – qazi şair Emin Pirinin şeirləri
Emin Piri - Piriyev Emin Sabir oğlu 1986-cı ildə anadan olub. Sumqayıt şəhərində "Şərq" liseyində oxuyub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Həmin il Ehtiyat Zabit Hazırlığı Kursunu müvəffəqiyyətlə bitirərək leytenant rütbəsi alıb. 2008-10-cu illərdə Ağdamda - cəbhə bölgəsində tağım komandiri kimi xidmət edib.
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbinin" məsul katibi olub. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Həmin il Prezident təqaüdünə layiq görülüb.
2014-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatını alıb.
"Nəsimi", "Ən yaxşı şeir", "Ülvi Bünyadzadə" və. s mükafatlara layiq görülüb.
2014-cü ildə və 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "İlin gənc yazarı" seçilib.
2015-ci ildə "Tanrının kölgəsi", 2017-ci ildə "Sağ qalan varmı?!" şeirlər kitabı dərc olunub. Şeir, məqalə və hekayələri İran, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələrdə müntəzəm çap olunur. "Ədalət" qəzetinin əməkdaşıdır.
2020-ci ilin Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanıb. Müharibə dövründə tağım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın azad olunması uğrunda döyüşüb. "Vətən Müharibəsi iştirakçısı", Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medallarıyla təltif olunub.
Emin Piri 2022-ci ildə SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı olub.
Emin gözəl şairimiz Sabir Yusifoğlunun oğludur.
Sən azadsan!
(Savaş qazisinin dilindən)
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır;
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
Uzaq tut ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını,
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana,
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
(Xocalı, Siqnax. Noyabr 2020)
Tanrılar məbədi qadın
(səngərdən məktub)
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları-
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.
Indi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
Ata-anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.
Burda anlayırsan ki,
Sevmək - solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”
Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm,
bütün arzularımı ovcuna pıçıldayaram,
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi, qadın.
Şəhid oğlunun dedikləri
Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...
Yayın gözü açılan kimi
anam yorğan-döşək çırpır
həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...
Şəhid məzarlarını...
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
başdaşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Əhməd Cavadın 130 illiyi ilə əlaqədar sərgi də açılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar sərgi açılıb.
Baş İdarədən bildirilib ki, Mərkəzi Kitabxananın direktor əvəzi Jalə Əliyeva və İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verib.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilərək, onun 130 illiyi ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilib.