ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb. Bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 30 il ötür. 

 

İlk əvvəl kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin baş müəllimi, beynəlxalq və respublika müsabiqələrinin laureatı Leyla Aslanova Türkiyənin Antalya şəhərində keçirilən daha bir beynəlxalq müsabiqədə uğur qazanıb.

 

AzərTAC xəbər verir ki, o,"Showmir" Mədəniyyət Mərkəzinin "Filiz" Mədəniyyət, Təhsil, Yardım və Əməkdaşlıq Beynəlxalq İctimai Birliyi və Kəmər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "Günəşin evi Türkiyə" beynəlxalq yaradıcılıq müsabiqə-festivalının qalibi olub. 

Yeddinci dəfə keçirilən festivalda Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Yakutiya və Çeçen Respublikasından 100-ə yaxın ifaçı öz istedadını nümayiş etdirib. Leylanın çıxışı münsiflər heyətinin yekdil qərarı ilə festivalın ən ali mükafatı Qran-Priyə layiq görülüb. 

Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rektoru Ceyran Mahmudova, professor Validə Babayevaya və kafedra müdiri Camalə Nəsirovaya təşəkkürnamələr verilib.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 26 iyul 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, xaricdə və Azərbaycanda təşkil edilən fotosərgilərindən söhbət açılıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Reza Deqati 1990-cı ildə “20 Yanvar faciəsi” ərəfəsində çətinliklə Bakıya gəlmiş və burada baş vermiş böyük faciəni lentə almışdır. O, Azərbaycana “Xocalı soyqırımı” zamanı da səfər etmişdir. Reza Deqati 20 yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. O, 1992-1993-cü illərdə Ağdamda və digər rayonlarda olaraq xalqımızın başına gətirilmiş müsibətləri lentə alıb. Reza Deqati çəkdiyi fotolarda xalqımızın başına gətirilmiş müsibətlərlə yanaşı, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş Qarabağdakı evləri, abidələri və tarixi binaları da göstərib. O, həmin dövrlərdə çəkdiyi fotoları dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox sərgilər təşkil etmişdir.

44 günlük Vətən müharibəsi zamanı da Reza Deqati Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün şiddətli döyüşləri, igid əsgərlərimizin qəhrəmanlıqlarını və düşmənin vəhşiliklərini böyük məharətlə lentə almışdır.

“Bildiyiniz kimi, Reza Deqati bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə” görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə ilə bağlı mən Reza Deqatini təbrik edirəm”, - deyə nazir fikrini yekunlaşdırıb.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin müxbiri Elnar Məmmədli, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari çıxış ediblər. Həmçinin Fransız Sənət kuratoru və yazıçısı Pierre BonGiovanninin video müraciəti təqdim edilib.

Sonda çıxış edən Reza Deqati “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, yubiley tədbirini həyatının unudulmaz günü kimi dəyərləndirib və mərasimin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Bədii hissədə isə tədbir konsert proqramı ilə davam etdirilib.

 

Bir ümid göyərdirəm həsrətin  kölğəsində

Boyu boymdan uca. 

Gözləyirəm yaz gələ

  Mənim ümid ağacım

yarpağından su içə

   kötüyündə gül aça..

Mən ümid göyərdirəm ...

Sənsiz.. 

Sənsə…

Nə isə...

Yoxluğuna sığınıb xəyal qurmaq var hələ:

"Mənsiz nə çəkdiyini bilirəm", - dedin, bəlkə..

 

Bu qıvırcıq saçları

hər gün sübhdən axşama yüz kərə darayıram.

Güzgüyə boylanıram.

Gözlərimdə gözünün yerini arayıram.

Əl-üzümü yuyuram bir gündə neçə kərə..

Heç bilirsənmi niyə?

"Səni hər an, hər yerdə görürəm", - dedin, bəlkə ..

 

Hər gün evi, eşiyi silib təmizləyirəm.

Qapı - pəncərələr də əlimdən gəlib cana.

Süfrəni bəzəyirəm, 

təzə çay dəmləyirəm.

"Bir dadlı xörək bişir, gəlirəm", - dedin, bəlkə..

 

Bir ümid göyərdirəm-

   Göyərib, solan ümid.

Bir ümid göyərdirəm -

Adı SƏN olan ümid....

 

Türk rejissor və ssenarist Ensar Altayın “Kodokushi” filmi İranda keçirilən 8-ci Şəhr Beynəlxalq Film Festivalında "Ən yaxşı beynəlxalq sənədli film" mükafatına layiq görülüb.

 

Yaponiyadakı tənha adamlardan bəhs edən bu ekran əsəri bir çox beynəlxalq festivallarda nümayiş olunub və müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb. 

Qeyd edək ki, “TRT World” istehsalı olan “Kodokushi”nin 8-ci Boğaziçi Film Festivalında milli premyerası olub və beynəlxalq münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Beynəlxalq premyerasını 24-cü Beynəlxalq Şanxay Film Festivalında edən film festivalın baş mükafatına -“Qızıl Qədəh”ə namizəd olub.

“Müasir həyat tərzi insanları tək qoyur” ideyasından ilhamlanan sənədli film, ölümündən həftələr sonra diqqət çəkən insanlardan bəhs edir.

Ekran əsərinin hekayəsi qısaca belədir: "Qarşılaşdığı tənha insanların ölümündən təsirlənən Norihito keçmişində etdiyi səhvləri düzəltməyə qərar verir. Amma bu səy onun həyatında gözlənilməz yeni problemlərə gətirib çıxarır. Ağsaqqal Muramatsu isə sosial təcrid vəziyyətində sakitcə həyatını yaşayır. Qarşıdan gələn Sakura Festivalı onun taleyini dəyişdirmək üçün ümid işığına çevrilir. O, dünyada mövcud olmaq üçün bir səbəb tapacaqmı?".

Günün fotosu: Pokrovskda 35 yaşlı Anna Protsenkonun dəfni

 

İşğalçı rus ordusu Ukraynanın Odessa və Nikolayev vilayətlərini bombalayaraq onlarca dinc sakini öldürüblər. Fotoda ölən sakinlərdən biri - 35 yaşlı Anna Protsenkonun dəfni kadra alınıb. 

Müharibə başlanandan 5237 ukraynalı dinc sakin həlak olub. Kədərli statistikadır. 

 

Foto: Euronews

 

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, TÜRKSOY, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Türkiyə Ədəbiyyat Vakfının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok çıxış ediblər.

Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran natiqlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mədəniyyət diplomatiyası sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Vurğulanıb ki, təqdim olunan kitab bir tərəfdən Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə sayəsində indi Qarabağla bağlı tədbirlərimizi ürək açıqlığı ilə keçiririk. Qarabağın hər qarışı bizim üçün dəyərli olduğu kimi tarixi şəxsiyyətləri də bir o qədər əzizdir. 

Çıxışlardan sonra “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva TÜRKSOY-a Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərindən hədiyyə edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev isə Qənirə Paşayevaya TÜRKSOY-un “Şərəf” medalını təqdim edib. 

Sonra Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar və başqaları təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələrini bölüşüblər. 

Qeyd edək ki, kitabı nəşrə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Faiq Ələkbərli hazırlayıblar.

“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.

Tədbir şairələrin poeziya yaradıcılığını əks etdirən bədii hissə ilə davam edib.

 

Avqustun 12-də Heydər Əliyev Sarayında Ukraynanın tanınmış rok qrupu "Okean Elzy" konsert proqramı ilə çıxış edəcək.

 

Konsertdə qrupun maraqlı repertuarla çıxış edəcəyi bildirilib.

Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəssini təşkil edir.

Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

 

Tədqiqatçı-jurnalist Vasif Quliyevin Xalq şairi Səməd Vurğunla Xalq artisti Xan Şuşinskinin dostluğundan bəhs edən məqaləsini oxucularımıza təqdim edirik.

 

Gəncədən başlanan tanışlıq 

 

Xalq şairi Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir. O, dahi Üzeyir bəy Hacıbəylinin də şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. Şair 1948-ci ildə qələmə aldığı “İnsan qəlbinin tərənnümçüsü” adlı məqaləsində yazırdı: “...Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz kaman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”.

... Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Şairin oğlu Vaqif Səmədoğlu xatirələrində xan Şuşinski ilə atasının dostluğundan söhbət açır: “...Xan əmi mənim yadımda həyatım boyu gördüyüm ən saf, ən təmiz və zahirən ən gözəl insan kimi qalıb. Sənətkarlığını bir yana qoysaq, həm də doğrudan da görkəmli bir insandı. Xan əmi hərdən bizə atamla dərdləşməyə, söhbətə gəlirdi. Məclislərimizdə iştirak edirdi. O, hər il dekabrın 25-də dəvət gözləmədən bir qohum, bir əmi, Səməd Vurğunun dostu kimi bizə, rəhmətlik Yusifin ad gününə gələrdi. Günümüz çox şən keçərdi, Xan əmi, atam, Mehdixan əmim bir-birilə zarafatlaşardılar. Axı zahirən onların oxşarlıqları da vardı. 

Aralarında Qarabağ- Qazax dialektlərində gülməli söhbətləri olardı. Mənimlə Aybənizin doğum günü yay aylarına düşdüyünə görə orda-burda keçirərdik. Yusifin ad günü isə qışa düşdüyündən şəhərdə evimizdə keçirilərdi. Xan əmi Yusifin ad gününə xanəndə kimi yox, dost kimi gələrdi.

Səməd Vurğunun ağır vaxtları idi. Atam 1952-ci ildə çox ağır vəziyyətdə idi. O vaxt bizim ailə sürgün olunmalı, Səməd Vurğun isə tutulmalıydı. Hətta order də imzalanmışdı. Bəzim sürgün yerimiz də artıq məlum idi. Qazaxıstanın hansısa vilayətinə. Bax, o dövrdə çoxları bizdən üz döndərmişdi. Belə bir vaxtda Xan əmi həftədə, on gündən bir gəlib, atama baş çəkərdi. Oturub, söhbət edirdi, fikrini dağıtmaq üçün zarafatlaşırdı. Onda mənim on üç yaşım vardı. Sonradan dərk elədim ki, bu kişidə xanəndəlikdən başqa, böyük ağsaqqallıq, müdriklik də var. Səməd Vurğunla Xan əmi həyatda bir-birlərini çox istəyiblər. İndi də Xan əminin duzlu, məzəli söhbətlərini unutmamışam”.

 

“İsa bulağı”nda çal-çağır məclisi

 

1955-ci il iyulun 18-də bu iki ayrılmaz dostun son görüşləri də elə Şuşada İsa bulağında oldu. Həmin görüşdə iştirak edən görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski Xan Şuşinski haqqında yazdığı məqalədə bu görüşü belə təsvir edir: “... Səməd məni Xanın dalınca Ağdama göndərdi. Mən onun 09-61 nömrəli “Pobeda” markalı maşını ilə Ağdama getdim. Mənə dedilər ki, Xan Əhmədavar kəndindədir. Kəndə gələndə gördüm ki, o, tut ağacının altında oturub, tut yeyir, qardaşı Allahyar isə çay içir. Xan məni görçək təəccüblə:

-Boy, o, Firi bala (Xan çox vaxt məni nəvazişlə belə çağırardı), sən hara, bura hara?!

-Yol azmışam, - dedim.

-Ay canım, sən bicin birisən, yol azmazsan. – Sonra yarıcıddi halda səsləndi:-Xeyir ola?!

-Dostun gəlib, səni İsa bulağında gözləyir.

Çox maraqlıdır, Xan soruşmadı ki, hansı dostum. Dərhal bildi ki, söhbət Səməd Vurğundan gedir. Sonra başını bulayıb, çiyinlərini çəkdi və gülümsəyərək dedi:

-Ay canım, Səməd ovcunun içini iyləmişdi? Nə bilib ki, mən burdayam?

-Xan, maşın gözləyir, vaxt da keçir, tərpənmək lazımdır, - deyib onun qolundan tutdum, kənddən çıxdıq...

“İsa bulağı”nda bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər. 

... Məclis qızışdı. Xan Səmədin ən çox sevdiyi “Mirzə Hüseyn segahı”nı oxudu. Özü də onun “Dünya” rədifli şeirini muğam üçün mətn seçmişdi... Şeir misra-misra səsləndikcə meşənin hər yanından “ay can, ay can, min yaşa, sənə nənəm qurban, şairə eşq olsun!” sədaları ucalırdı. O günü “İsa bulağı”nın başqa hüsnü vardı. Sərin meşə, soyuq bulaq, Xanın gözəl səsi, Səməd Vurğunun şair nəfəsi “İsa bulağı”na başqa gözəllik verirdi. Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin. Yaxşı yadımdadır, şair tarzənə dedi:

-Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!

Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü. Bulaq ətrafındakı səkilərdə dincələn yüzlərlə adam bizi dövrəyə aldı.

Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu. Səməd “Segah”ı pəsdən oxuyub qurtaranda meşəni alqış bürüdü. Xanın:

-Əmioğlu, axı sən Vaqifi çox sevirsən, bəs niyə Vaqifdən yox, Ələsgərdən oxudun?- sualını eşidən Səməd dərindən “ah” çəkib dedi:

-Ay xan, Vaqif də bizimdir, Ələsgər də. Hər iksi böyük sənətkardır. Amma nədənsə xəyalımı gəzdirən Qarabağ dağlarını seyr etdikcə istər-istəməz aşıq Ələsgərin “Dağlar” şeiri yadıma düşdü. Xüsusilə, böyük ustadın sözləri ürəyimi titrədir…

Səməd Aşıq Ələsgərin “Dağlar” qoşmasını əzbərdən deyəndə Allahyar tarı ondan alıb, “Kəsmə şikəstə” çalmağa başladı. Xan isə həmin sözləri şikəstə üstündə oxudu.

 

Havalansın Xanın səsi və ya dostların son görüşü

 

O günü Səməd Vurğunun “İsa bulağı”nda qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü. Meşənin bülbülləri yuxudan oyanmışdılar. Bunu görən Səməd üzünü Xana çevirdi:

-Ay Xan, ayə, eşidirsənmi? Səhər bülbülləri yuxudan oyanıblar.

Xan mehribancasına gülümsəyərək başını buladı:

-Əmioğlu, indi nə demək istəyirsən, nə qayıraq?

Səməd Vurğun yarıcıddi, yarızarafatla:

-Necə yəni, nə qayıraq? Niyə görmürsən bu səhər bülbülləri səni yarışa çağırır? Sonra daha ciddi halda:- Onları susdurmaq lazımdır,-dedi.

-Nə ilə?- Xan gülümsər halda dilləndi:

Səməd hökmranə səslə:

-“Qarabağ şikəstəsi” ilə! – Sonra vüqarla əlavə etdi:- Qoy bu sərin meşələr, əzəmətli dağlar, bizə həsrət-həsrət baxan o nurlu dan ulduzu belə, Qarabağ bülbüllərinin deyişməsini eşitsinlər.

Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər bir ağızdan “Qarabağ şikəstəsi” deyib, Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa əlacı yox idi. O, Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb, Allahyara dedi:

-Qardaş, başla görək.

Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zəngulələri meşəni yenidən rövnəqə gətirdi. Nədənsə bu dəfə Xan şikəstə üstündə çox dərdli-kədərli sözlər oxuyurdu. Elə bil hiss edirdi ki, bir də Səmədlə görüşməyəcək. Təsadüfi deyil ki, şikəstəni bu sözlərlə qurtardı:

İsa bulağının meşəsi,

Sındı qəlbimin şüşəsi.

Dostundan ayrı düşənin

Ağlamaq olur peşəsi.

Xan qavalı yerə qoyar-qoymaz yenə də meşəni alqış sədaları bürüdü. Səməd də son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:

-Əmioğlu, yenə nə olub? Niyə pərişansan?

Səməd Xana yaxınlaşıb, onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb, bir daha Xanı bağrına basaraq vaxtilə sevdiyi bir qıza yazdığı qəzəlin misralarını gözləri yaşarmış halda əzbərdən dedi.

Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə onun yadına məhz bu qəzəlin kədərli sözləri düşdü.

Dünyada nələr olmur? Doğrudan da, o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisidir. Bir də bu iki nəğməkar görüşməyəcək. Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan köçdü.

 

Daha bir qabaqcıl təcrübə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında müşahidə etmişik. Kitabxanada oxucuların asudə vaxtının səmərəli təşkili haqqında növbəti “İnformasiya saatı” keçirilib.

 

Kitabxananın əməkdaşı Aytən Məmmədova yay aylarında oxucuların kitabxanalara cəlb olunması, mütaliə marağının artırılması istiqamətində görülən işlər haqqında məlumat verib.

O bildirib ki, oxucuların asudə vaxtını zənginləşdirmək üçün kitabxanalarda onların müxtəlif bacarıq və əl qabiliyyətini, sevimli məşğuliyyətini, maraq dairəsinə uyğun olan əyləncələrini nəzərə almaq təqdirəlayiqdir. Bununla yanaşı, təşkil olunmuş asudə vaxt müddətində oxucu Ülkər Quluzadənin gitara ifaları maraq doğurub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.