ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Bursadan daha bir xəbər. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya məxsus milli geyim kolleksiyası nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib. 

Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycan, eləcə də tarixi Qarabağımız və Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb. 

Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi. 

Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib. 

Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə qürur hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb. 

Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən modelyerə xüsusi hədiyyə təqdim edilib.

 

 “Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 98-ci ildönümü tamam olur.

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açıb. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat edib.

Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş” adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsamirədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir.

"Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.

1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958 -1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil, dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur. Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alanda, hər hansı bir xarici ölkədən yazanda da, orada Azərbaycanı görür, incə və zərif lirika, mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətəndaşlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur, bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz, bədii panoram yaradır.

Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Qeyd edək ki, Nəbi Xəzrinin 90 illik yubileyi 2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Azərbaycan ədəbiyyatında öz yeri olan Nəbi Xəzri bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Milli klassika” adlı teatr festivalı açılır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunur. 

Festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib. 

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, festival tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.

Festival dekabrın 16-da başa çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub. 

Növbəti təqdimat Daşkənddə Özbəkistan Yazıçılar Birliyində keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edilib. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa ediblər. 

Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçirilib. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisi açılıb. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdirilir.

Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi dünən  keçirilib. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər gecənin iştirakçıları olublar.

 

Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.

Bir gün əvvəl isə daha bir gecə təşkil olunmuşdu. 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “METAKOD” adlı sərgini sənətsevərlərin ixtiyarına verib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə müxtəlif nəsillərdən olan Azərbaycan rəssamları – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalovun və "043" (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərləri nümayiş olunur. 

Kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olan sərgi gələn ilin aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq. 

Bəşəriyyət, ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman ideyaları ötürmək üçün, müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini “verballaşdırıb”. İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərin “kodlaşdırmaq” üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.

“METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların "gizli dili" qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.

Ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, “yenidənqurma” (“perestroyka”) dövrünün rəssamlarının əsərləri də daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edir. 

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı ölkəmizi festivalda təmsil edir. 

 

Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub. 

Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər. Teatrının kollektivi İzmir Sənət Mərkəzinin səhnəsinə bu gün çıxacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu, Dövlət Xidmətinin mediaya açıqlamasıdır.

“Respublikanın müxtəlif rayonlarında yerləşən 154 tarix-mədəniyyət abidəsinin pasportu, mühafizə zonaları üzrə isə 107 layihənin hazırlanması yekunlaşdırılıb. Onlardan 42 abidənin pasportunun hazırlanması və 9 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

Bu sənədlər cari ildə aidiyyəti orqanlara (pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyasına, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) göndərilib və bütün sənədlərin aidiyyəti orqanlarla razılaşdırılması işi bitmək üzrədir”,- deyə məlumatda bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Şənbə, 10 Dekabr 2022 17:00

Mişel Yeo 2022-ci ilin ikonası seçilib

 

“Oturan pələng, gizlənən əjdaha" 

(“Crouching Tiger, Hidden Dragon") 

“Hər şey, hər yerdə, eyni anda" 

(“Everything Everywhere All at Once")”

Bu iki filmlərdəki rolları ilə daha çox məşhurlaşan malayziyalı aktrisa Mişel Yeo "Time" jurnalı tərəfindən 2022-ci "İlin ikonası" seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə nəşrin saytında xəbər verilib.

60 yaşlı aktrisa karyerası ərzində "Geyşanın memuarları" ("Memoirs of a Geisha"), "Eramızın Babili" ("Babylon A.D."), "Mumiya: Əjdaha İmperatorunun Qəbri" ("The Mummy: Tomb of the Dragon Emperor"), "Hədsiz zəngin asiyalılar" ("Crazy Rich Asians"), "Qalaktika mühafizəçiləri 2" ("Guardians of the Galaxy Vol. 2"), "Şanq-Çi və on halqa əfsanəsi" ("Shang-Chi and the Legend of the Ten Rings") və s. kimi filmlərdə rol alıb.

Onun iştirakı ilə son layihə isə rejissor Ceyms Kemeronun çəkdiyi "Avatar: Su yolu" ("Avatar: The Way of Water") filmi olub.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Xəbər verdiyimiz kimi, 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Türkiyənin Bursa şəhəri bu missiyanı Azərbaycanın Şuşa şəhərinə təhvil verdi. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un iştirakı ilə Bursada “Şuşa günləri” keçirildi. Tədbirdə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” estafeti Bursadan Şuşaya təhvil verildi.

 

Həmin günlər barədə təfərrüatı ilə yazmaq istəyirik. Açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat çıxış ediblər. Çıxışlarda “mədəniyyət paytaxtı” ili çərçivəsində Bursada ortaq mədəniyyətimizi əks etdirən festivalların, idman oyunlarının, digər tədbirlərin keçirildiyi, bununla əlaqədar Türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiyi qeyd olunub.

Çıxışçılar bu missiyanı Bursadan qəbul edəcək Şuşa haqqında da söz açıblar. Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib. İşğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi, eyni zamanda türk xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Şuşa günləri”nin təşkilində əməyi olanlara təşəkkürnamələr və plaketlər təqdim edilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

Bursa şəhərində “Şuşa günləri” çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filminin təqdimatı da olub. Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilib. Ekran əsərində Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında da məlumat verilir.

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, rejissoru Zəhra Quliyeva, ssenari müəllifi Ülviyyə Heydərovadır.

Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb.

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Natəvanın şeirləri səsləndirilib.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

“Şuşa günləri” çərçivəsində məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi də keçirilib. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər təqdim edilir. 1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşada fotolar çəkən R.Deqati 30 ildən sonra qayıdaraq şəhəri yenidən kameranın yaddaşına köçürüb.

Və daha nələr, daha nələr. Və ən nəhayət, yekun mərasimi. 

Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib. 

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar. 

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi vurğulayıblar.

Şuşanln tarixində daha bir yeni səhifə açılır.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.