
Super User
5-6 il qabağı görən şəxsiyyət
Əlibala Məhərrəmzadə yazır
Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.
Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.
1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.
Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.
Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.
Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.
Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000 qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.
Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
Birinci xatirə
«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.
Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».
Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)
İkinci xatirə
«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.
Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».
Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)
Üçüncü xatirə
«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».
Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»
İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.
Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»
Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Bakıda Qazaxıstan Kino Günləri yekunlaşıb
Xəbər verdiyimiz kimi, Bakıda Qazaxıstan Kino Günləri keçirilir. Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirin ilk günündə Nizami Kino Mərkəzində “Kenje Kiz” cizgi filmi nümayiş olunub.
Rejissoru İvan Ardaşov olan bu cizgi filmində balaca qız böyük qardaşları tərəfindən görməzdən gəlindiyi üçün onların diqqətini çəkmək istəyir. Ancaq səhvən yatmış qədim şeytanı azad edir və yalnız Kenje onu dayandıraraq böyük fəlakətin qarşısını ala bilər.
Rejissor İvan Ardaşov çox həyəcanlı olduğunu söyləyib: “Filmi izləmək məndə qarışıq hisslər yaradır. Çünki böyük ekranda öz işimə baxıram. Zalda çoxlu uşaqların olması məni daha da həyəcanlandırır. Filmin çəkilişi 1 ilə başa gəldi. Amma ideya üzərində 4 ay işlədik. Başqa bir ölkədə öz işini təqdim etmək istənilən halda həyəcanvericidir”.
Daha sonra Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jandos Nurmaxambetov ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin xüsusi qeyd edildiyini bildirib: “Bu tədbir Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunub. Bu il artıq yubiley çərçivəsində bir neçə tədbir keçirmişik. Bu cizgi filminin nümayişi də çox xoş və qürurvericidir. Hamıya xoş seyrlər arzu edirəm.”
Qazaxıstan Kino Günləri çərçivəsində növbəti nümayiş olunan film “Alğa” filmi olub. Qeyd edək ki, hər iki film ingilis subtitrləri ilə rus dilində təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Liderləri Tanrı seçir...
Elman Eldaroğlu yazır
Bu gün ünvanına deyilən, - “Türk dünyasının böyük oğlu”- ifadəsini utanmadan qəbul edən tanınmışlar çoxdur. Əslində Türk dünyasının böyük oğullarından biri də, o, olub…
Məni qınamayın, bəlkə də liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir. Onları yetişdirir, hakimiyyətə gəlmələri üçün şərait yaradır, yol açır. Necə deyərlər, Allahın izni olmasa, bir kəs belə yerindən tərpənə bilməz...
1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərindəki 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatçılar qəsəbəsindəki "barak" evin bir otaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq...
Bir gün kirayə sözünün mənasını atamdan soruşub anlayanda, məyus oldum. Allahdan gəlibmiş kimi, ondan xahiş etdim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir uşaq şıltaqlığı sanıb, gülümsədi və:
- Ay oğul, sən hələ uşaqsan, sən nə bilirsən məktub nədir? Yaşayaq görək nə olur- deyə icazə vermədi.
Amma mən bir neçə gün sonra, anamdan on bir ildir kirayədə qaldığımızı, atamın iş yerinin dəqiq adını öyrənib, gizlində məktubu yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bildiyi kimi...
Xülasə, ev istədim. Zərfin üstünə "Azərbaycan SSR Mərkəzi Komitənin birinci katibi yoldaş Heydər Əliyevə" sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və mən Trest deyilən yerdə onun köməyi ilə zərfi poçt qutusuna atdım...
Bu hadisədən 20-25 gün keçmişdi ki, atam növbəti dəfə günorta fasiləsində evə qayıdıb, məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn rəsmi göstərişə əsasən bizə iki otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə özümü ilk dəfə dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan 46 il keçir. İndi həmin mənzil mənə məxsusdur. Hər il bu vaxtlar orada olur, bir neçə gün tək qalıram....
Bütün bunları söyləməkdə məqsədim özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil, mən çox yaxşı bilirəm ki, Heydər Əliyevin dövründə milyonlarla adam ev-eşik sahibi olub. Amma, o vaxtdan məndə Heydər Əliyevə inam, saf bir etibar yarandı və mən onu həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim...
Onu ilk dəfə canlı 1984-cü ildə, Sumqayıt Politexnik texnikumundan Volqoqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyyat etdiyim üçün istəyim baş tutmadı. Yəqin qismət deyilmiş...
1988-ci ilin fevral ayında Sumqayıt təlatümlər şəhərinə bənzəyirdi. O vaxt mən Ç.İldırım adına AzPİ-nin axşam şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı, Sumqayıt Superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində çalışırdım və zavod komsomol komitəsinin büro üzvüydüm. Bir gənc kimi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi. Həmin vaxtlar hamı kimi mən də soydaşlarımızın başına gətirilən müsibətlərə etiraz mitinqlərində iştirak edir, ermənilərin şəhərdən çıxmasını tələb edənlərin arasında olurdum...
Fevralın 28-də növbəti mitinqi dağıtmaq əmri almış əsgərlər, mitinq iştirakşılarını döyə-döyə maşınlara mindirib, müvəqqəti təcridxanalara daşıyır, oradan da türmələrə aparırdılar. O vaxt məni on səkkiz gün Bayıl türməsində saxlayandan sonra, cinayət tərkibli əməlim olmadığı üçün, həbsdən azad etdilər və mitinqlərdə iştirakıma görə inzibati qaydada cəzalandırdılar...
Mitinqlərdə iştirak edəndə, Bayıl türməsində olanda da xalq bütün bu hadisələrin səbəbini mənfur Qarbaçovun Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində və ermənilərin bu fürsətdən istifadə edərək fəallaşmasında görürdü. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev Sov.İKP Siyasi Büronun üzvü olarkən azərbaycanlıların yeganə güvənc yeri olmuş, erməni təcavüzünün dəfələrlə qarşısını almışdı...
İllər keçdi. 1990-cı ilin yanvar günlərində biz, eyni binada yaşayan gənclər, hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar qayıdan kimi həyətimizdə təzə inşaa olunmuş xeyir-şər evində yaşlıları, cavanları başımıza yığıb, ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, qonşu uşaqlardan kimsə hardansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən Moskvadakı çıxışının video lentini əldə etmişdi. Və biz lazımi avadınlıqları tapıb, həmin video lenti dəfələrlə nümaiş etdirir, insanlara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü...
Bu belə də oldu, dahi rəhbər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, Heydər Əliyevin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu...
...Bəli, Heydər Əliyev Allahın seçdiyi LİDER idi. Və Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır...
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
“Ulduz” jurnalının dekabr sayı çıxıb
“Ulduz" jurnalının dekabr sayı işıq üzü görüb. Jurnal İlham Əzizin özü ilə söhbəti və "Priçuda" hekayəsi ilə açılır.
"Şeir saatı"nda Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov Natilin və Təranə Dəmirin şeirləri yer alıb. Şəfa Vəli “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda Rəhimova ilə həmsöhbət olub. Vaqif Yusiflinin "Əlli beş yaşlı "Ulduz"umuz" sərlövhəli yazısında jurnalın tarixinə nəzər yetirilir, dərginin 55 illik yubileyinə həsr edilmiş sentyabr-oktyabr nömrəsində yer alan nostalji yazıların təhlili aparılır.
"Ulduz" jurnalı və Türkiyənin "Genc yürekler" ədəbiyyat dərgisinin ortaq layihə-rubrikasında Yusif Alper Oyarın "Ağ kölgə" hekayəsi, eləcə də Muhterem Şahinin "Gəncliyə müraciət", Edip Aykut Çiçəklinin "Mübarək əbədiyyət" esseləri təqdim olunub.
Ay Bəniz Əliyarın "Qayıdan torpaqlar, qayıtmayan oğullar" poeması Vətən Müharibəsi Qəhrəmanı, şəhid Xəyal Həsənova ithaf edilib.
"Tərcümə saatı"nda Afaq Şıxlının tərcüməsində vyetnamlı şair və nasir May Van Fanın şeirlərinə, Məlahət Qənbərovanın tərcüməsində isə Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin "Mənim qızıl balığım" hekayələrinə yer verilib. Gənc alim və şair Tural Adışirinin "Dörd gərək, dörd dörd gərək, bir dörd gərək" yazısı özündə sufi, hürufi təliminin say və hərf simvolikasını ehtiva edir.
"Nəsr" rubrikasının əsasını Aygün Yaşarın "Yurdçu", Zaur Ərmuğanın "Simic" hekayələri təşkil edir. Qərib Mehdi “İşıq”dan işığa” daxili monoloqunda "Ulduz" jurnalı ilə bağlı xatirələrini bölüşür, dərginin 55 illik yubileyi münasibətilə təbriklərini ünvanlayır.
"Debüt"də Seyfəddin Hüseynlinin təqdimatında gənc şairə Əfsanə Rəhimlinin şeirləri dərc edilib. Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin "Anarın hekayə sənəti" yazısında - adından da göründüyü kimi Xalq yazıçısı Anarın hekayələri təhlil edilir. Yazıçı, jurnalist Maya İmranın "Şəhid eşqi" reportaj-hekayəsində 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Səbuhi Əhmədovun dəfn mərasimində yaşananlar qələmə alınıb.
Oxucular filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi" rubrikasında Ceyms Coysun, Tomas Eliotun, Oldos Hakslinin, Elias Kanettinin, Jan Bodriyarın, Xorxe Luis Borxesin, Çarlz Bukovskinin və Tomas Cefersonun müdrik fikirləriylə tanış olmaq imkanı əldə edəcəklər.
Nəhayət, "Dərgidə kitab"da şair Faiq Hüseynbəylinin şeirləri, "Sərgi"də isə rəssam Nərmin Quluzadənin rəsmləri yer alıb.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
“Milli klassika” teatr festivalının açılışı olub
Dekabrın 11-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində “Milli klassika” teatr festivalının açılışı olub.
Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunan festivalın açılışını Ağdam Dövlət Teatrı Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbilli” tamaşası ilə edib.
Festivalda 11 teatr və 1 təhsil ocağı 13 tamaşa nümayiş etdirəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulub. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.
Festival çərçivəsində Fikrət Əmirovun “Min bir gecə” operası, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Sabit Rəhmanın “Hicran”, Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında “Xeyir və şər”, Azərbaycanın xalq nağılı “Məlikməmməd” və digər tamaşalar göstəriləcək.
Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrın aktyorları tərəfindən festival çərçivəsində müsabiqədənkənar oynanılacaq.
Qeyd edək ki, dekabrın 16-dək davam edəcək festivalın tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Nobel mükafatçıları coşğu ilə qarşılandılar
Norveçin paytaxtı Osloda Nobel Sülh mükafatı laureatlarının şərəfinə məşəllərlə yürüş keçirilib. Norveç Sülh Şurası tərəfindən təşkil edilən yürüş Oslo mərkəzi stansiyasından Grand Hotel-ə keçib. Laureatlar "Nobel Suite"nin eyvanından yürüş iştirakçılarını salamlayıblar.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir.
2022-ci il üçün Sülh Mükafatı Belarusun "Vesna" hüquq müdafiə mərkəzinin təsisçisi Aleksey Belyatskiyə, Ukraynanın " Vətəndaş
azadlıqları Mərkəzi"nə və Rusiyanın "Memorial"cəmiyyətinə verilib.
Nobel Komitəsi vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini qeyd edib. Və laureatların hər üçünün hazırkı müharibənin tərəfləri olması da diqqətdən yayınmamalıdır.
“Memorial" ın sədri Yan Rachinsky təqdimetmə zamanı çıxışında insan hüquq və azadlıqlarının Milli sərhədlərlə əlaqəli olmadığını və Nobel komitəsinin seçiminin bunu təsdiqlədiyini söyləyib.
Şəkildə: İsveçin kraliçası Silviya və
Nobel Komitəsinin sədri Karl Henrix Heldin laureatların şərəfinə düzənlənın banketdə.
Fotonun müəllif hüquqları: Pontus
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Günün fotosu: Avroparlamentin vitse-prezidenti həbs olunub
Günün fotosu: Avroparlamentin vitse-prezidenti həbs olunub
Avroparlamentin vitse-prezidenti, milliyyətcə yunan olan Yeva Kayli üçün bazar günü qara gəldi. O və daha üç nəfər Belçikada həbs edildilər. Onlar Qətər şeyxlərindən külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Şevval Sam: “Azərbaycanın keçmiş müğənnilərini çox bəyənirəm"
“Yasak elma" serialının ulduzu, aktrisa və müğənni Şevval Sam Azərbaycana gəlib.
Daycest bölümündə onun olay-a müsahibəsinsən bəzi məqamları oxucularımızla bölüşürük.
"Bakıya birinci gəlişimdir. Gəzməyə çox vaxtım olmadı. Sabah da tezdən yola çıxacağam. Növbəti dəfə daha gözəl havada, uzun müddətlik gəlmək istəyirəm. Bu axşam da ürəkləri isidəcəyəm, hava pis olsa da, əhvalımız isti olsun.
Buradakı qızlar çox cəld idi. Məni 20 dəqiqədə hazırladılar. Əslində, həmişə səhnəyə özüm hazırlaşıram. Gördüm ki, buradakı qızlar çox peşəkardır, özümü onlara əmanət etdim".
Azərbaycanlı müğənnilərdən söz açan Şevval deyib ki, daha çox keçmişdəki ifaçılarımızı bəyənir:
"Mən Azərbaycanın keçmiş müğənnilərini çox bəyənirəm. Hətta "Toprak kokusu" albomumda "Haradasan" və "Getmə" mahnılarını oxumuşdum. Anam (müğənni Leman Sam - red.) illərdir Azərbaycan mahnıları oxuyur. Bəlkə bu gün də bir sürpriz edib, sizin mahnılarınızdan birini səsləndirərəm".
Ş. Sam "Yasak Elma"da canlandırdığı Ender obrazının izləyicilər tərəfindən sevilmə səbəbindən də danışıb:
"Ender bəlkə pis kimi görünür, amma yaxşı tərəfləri də var. Həyat kimidir, hər kəs mütləq yaxşı, ya da pis deyil. Onun da gülməli bəzi cəhətləri mövcuddur. Enderin həm də macəraları, bədən dili, danışıq tərzi, makiyajı, geyimi, insanlara qəribə gəlir. Sevilməsinə səbəb də budur. Ötən il çox yorulmuşduq, layihəni bitirmək istəyirdik. Belə bir qərar verib, davam etdik. Bu il isə sonuncu sezondur. Yorulduq, yeni işlər görmək lazımdır".
Aktyor oğlu Taro Emir Tekindən bəhs edən Şevval söyləyib ki, övladı ilə sevgilisinin evlilik planları haqda nəsə bilmir:
"Onlar nə vaxt istəsə, dəstək olacağam. Budəfəki "Altın Kelebek" mükafatlandırma mərasimi mənim üçün böyük gün idi. Aldığım ən böyük ödül oğluma layiq görülən mükafat idi. Sevgilisi Sofiya da çox şirindir, Sibirdəndir, rusdur. Onu qızımız olaraq qəbul etdik, çox sevirik".
Sənətçi son olaraq deyib ki, növbəti il istirahət etmək istəyir:
"2022 işlərimlə bağlı çox məşğul keçdi. Gələn ilin isə bir hissəsində dincəlmək istəyirəm".
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
2023-cü ildə Şuşada keçiriləcək tədbirlər özünəməxsusluğu ilə seçiləcək
Bursada keçirilən təntənəli tədbirlə “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Türkiyənin qədim şəhəri olan Bursadan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya təhvil verildi. Həm bir azərbaycanlı olaraq, həm də Şuşanı təmsil edən rəsmi şəxs olaraq çox qürurluyam.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Gələcək il Azərbaycanın qədim şəhəri olan Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olacağını xatırladan Aydın Kərimov deyib: “Bu baxımdan gözlənilən tədbirlər hazırda dəyərləndirilir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu il Bursa çox möhtəşəm, maraqlı tədbirlərlə yadda qaldı. Bunlar bizim üçün dəyərli bir nümunə ola bilər. Bu baxımdan Bursa şəhərində 2022-ci ildə keçirilən tədbirlərin təcrübəsinin öyrənilməsi də mümkündür. Lakin, düşünürəm ki, Şuşada bu tədbirlər özünəməxsusluğu ilə seçiləcək. Çox maraqlı tədbirlərin keçirilməsi gözlənilir və biz buna var gücümüzlə hazırlaşacağıq. Bizim türk dünyasından olan bütün dost və qardaş ölkələrimizin nümayəndələrini Şuşada salamlamaqdan çox böyük qürur hissi keçirəcəyik. Onu da qeyd etmək istərdim ki, Bursada baş tutan bağlanış günlərində Şuşa Günlərinin keçirilməsi də çox simvolik bir hadisədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlərdə Şuşanın mədəni-mənəvi irsinin ilkin təbliğinin baş tutduğunu da düşünürəm”.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq
Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd abidələrin mühafizəsi, bu sahədə maarifləndirmənin təmin edilməsi, ha belə abidələrin təbliği yolu ilə müdaxilələrin qarşısının alınmasıdır. İlkin olaraq sosial iqtisadi fəaliyyətin daha dinamik olduğu, yerli və xarici ziyarətçilərin çoxluq təşkil etdiyi Səbail rayonunun prospekt və küçələrində yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq.
Artıq Azadlıq və Neftçilər prospektləri, Xəqani, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev, Əbdülkərim Əlizadə, Rəsul Rza və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələri quraşdırılıb. Lövhələrin vurulması işi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli mediaya açıqlamasında söyləyib: “Mühafizə lövhələrinin vurulması Dövlət Xidməti və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.
Mühafizə lövhələrində yer alan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Mühafizə lövhələrinin vurulması başa çatdıqdan sonra layihənin məqsəd və iş prinsiplərinə uyğun olaraq görülmüş işlər təftiş olunacaq, son təsdiqlənmələr aparılacaq və hesabat veriləcək”.
F. Hüseynli qeyd edib ki, bu genişmiqyaslı vacib layihənin nəticələri, keyfiyyətli icrası və səmərəlilik əmsalı layihə tam başa çatdıqdan sonra müəyyən ediləcək. Eləcə də layihənin yekunları haqqında məlumatların açıqlanması üçün KİV, ictimaiyyət və elm dairələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində qısa zamanda görülən irihəcmli işlər uzun illər ərzində yığılmış və yerinə yetirilməmiş vəzifələrdən irəli gələn boşluqların aradan qaldırılmasına xidmət edir.
“Bu layihənin icrası boyunca dəstək göstərən mətbuat və elm dairələrinin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Dövlət Xidməti bundan sonra da tarixi abidələrimizin daha layiqli səviyyədə mühafizəsini təmin edəcək, dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakının memarlıq irsinin nə qədər zəngin olduğunun nümayiş olunması istiqamətində davamlı tədbirlər həyata keçirəcək. Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrimizin mühafizəsinə dəstək göstərməyə səsləyir, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştirak etməyə çağırırıq”, - deyə mətbuat katibi söyləyib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)