ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ötən il ərzində e-xidmətlərindən istifadə sayı 2.4 milyonu ötüb. Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. İl ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur.

 

Bu barədə yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, eyni zamanda, boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Metroda sərnişindaşıma tarifi 10 qəpik artırılmaqla 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Yeni tariflər Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında təsdiq edilib.

Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi konfiqurasiya artıq etibarlılığını itirib. Hazırda XXI əsrin siyasi konfiqurasiyasının formalaşma prosesinin getdiyini demək mümkündür. Belə ki, dövlətlər arasında siyasi, iqtisadi, hərbi kontekstə imzalanan müqavilələr XXI əsrin konfiqurasiyasını hazırlayır. 1994-cü ildə imzalanan atəşkəs və “Əsrin müqaviləsi” bu mənada müstəqil Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan varlığını təmin edən ilkin anlaşmalar olub. Lakin həm XXI əsrin prioritetləri dəyişib, həm də Azərbaycan Qarabağda qazandığı Zəfərlə fərqli bir mərhələyə daxil olub. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan dövlətinin beynəlxalq statusuna ciddi şəkildə müsbət təsir edib. 

Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərini enerji təminatında alternativləri düşünməyə vadar edir. Belə ki, bu gün enerji təhlükəsizliyi Avropa üçün prioritetə çevrilib. Bu mənada enerji məsələsi postmüharibə dövründə Azərbaycan-Avropa münasibətlərinin tənzimlənməsi, eyni zamanda, Brüssel nəzdində rəsmi Bakının ciddi, etibarlı tərəfdaş kimi əhəmiyyətini artırıb. 

 

Bu sözləri AzərTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev söyləyib.

Politoloq vurğulayıb ki, Macarıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər ciddi sınaqlardan çıxıb. Uzunmüddətli münasibətlər, həmçinin Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın xüsusilə Türk dünyası çərçivəsində sıx əlaqələri iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlərin üç gün kimi qısa müddətə razılaşdırılmasının əsas səbəblərindəndir. Prezident Əliyev çıxışında bunu belə ifadə etdi: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk” .

Orxan Vəliyev qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban öz növbəsində enerji marşrutlarının şaxələndirilməsində Azərbaycanı “gizli silah” kimi ifadə edib. İmzalanan sənədlər enerji başda olmaqla, 6 məsələni ehtiva edir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Belə ki, Macarıstan həm enerji təminatı, həmçinin Azərbaycandan gələcək qaz və elektrik enerjisinin ötürülməsində tranzit ölkə olmağa ümid edir.

“İki ölkə arasında imzalanan sənədlər arasında enerji məsələsi ilk sırada yer alıb. Bununla belə, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfəsini verə bilər. Digər tərəfdən Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının (TDT) xüsusilə iqtisadi bazasının inkişafına öz təsirini göstərəcək. Belə ki, Prezident Əliyevin Macarıstan səfərindən bir neçə gün əvvəl TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Macarıstana səfəri baş tutub. Beləliklə, postmüharibə dövründə xüsusilə enerji sahəsində imzalanan sazişlər Azərbaycanın Avropanın enerji təchizatında əsas və etibarlı tərəfdaşlardan biri olmağa davam edəcəyini göstərir. Regionda siyasi gərginliyə baxmayaraq, rəsmi Bakının rasional xarici siyasət xəttini davam etdirməsi bu məsələdə həlledici amildir”, - deyə Orxan Vəliyev vurğulayıb.

 

Şəkildə: Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Çərşənbə, 01 Fevral 2023 13:00

Xəyanəti bağışlamaq olar?

“Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə vermirsə, demək ki, nələrsə bilir və ona görə icazə vermir. Evdə böyük odur. Deməli, belə məsləhətdir".

 

“Ədəbiyyat və incəsənət”

axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "ATV səhər"ə müsahibəsində deyib. Sənətçi xəyanəti bağışlamağın mümkün olduğunu bildirib:

"Bizim sənət adından da bəllidir ki, incədir. Hər şeydən ləkə götürə bilərsən. Ailənin sirri qorunmalıdır. Yoxsa, ərim mənə onu-bunu dedi... İnsan hər cılız şeyin üstündə dalaşıb aildə qan-qaraçılıq salmaz. Hansısa bir mövzudan söhbət gedirsə, son sözü kişi deyib, möhür vurmalıdır. Kişi səhv edə bilər. Xəyanət olmasa yaxşı olar. Elə qadınlar var ki, deyir ərim xəyanət etdi və mən də öz bildiyimi edim. Səhvsiz insan olmur. Xəyanəti ailəyə, uşaqlara, qınaqlara görə bağışlamaq olar. Şəxsi fikrimdir, mən bağışlayardım".

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Bu gün “Nur Art House” qalereyasında “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gənc və həvəskar rəssamların iştirakı ilə rəsm sərgisi açılacaq. “START” layihəsi çərçivəsində reallaşacaq sərgi Gənclər Gününə həsr olunacaq. 

 

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədovun məlumatına görə, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Sərgidə müxtəlif mövzuda işlənən 50-dək sənət əsərlərinin nümayişi nəzərdə tutulur. 

Sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Akademik Opera və Balet Teatrı fevral ayının ilk tamaşasını bu gün təqdim edəcək. Özü də bu, adi tamaşa olmayacaq. Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və Ölüm” baleti onun ad günü münasibəti ilə nümayiş olunacaq. Teatrın kollektivi 2 pərdəli balet tamaşasını bəstəkarın doğum gününə hədiyyə edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Eşq və Ölüm” baleti məhəbbət və nifrət, dostluq və xəyanət, həyat və ölüm kimi əbədi mövzulardan bəhs edir. "Eşq və ölüm" baletinin süjeti YUNESKO-nun Dünyanın Mədəni İrsi siyahısına daxil olan "Kitabi-Dədə Qorqud" eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir. 

Balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada nümayiş etdirib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və Ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. Özü də Böyük Teatrının səhnəsində. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münxen Opera Sənəti Festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.

 

Bu yerdə baletin bıstəkarın 65 illik yibileyindəki təntənəli nümayişini də xatırlamaq yerinə düşər. Böyük Teatr premyerası unudularmı?  2010-cu il fevralın 5-də “Eşq və ölüm" Yekaterinburq Opera və Balet Teatrının quruluşunda təqdim olundu, premyera Moskvada, əzəmətli Böyük Teatrın səhnəsində anşlaqla keçdi. Tamaşanın Rusiya Mədəniyyət Nazirliyi, Moskva hökuməti tərəfindən "Qızıl maska" - "Rusiyanın ən yaxşı tamaşaları" festivalı çərçivəsində təşkil olunmuş nümayişi müəllifin 65 illik yubileyinə həsr edilmişdi.

Tamaşa başlamazdan əvvəl bildirildi ki, artıq ikinci ildir "Qızıl maska" festivalı çərçivəsində "Maska Plyus" müsabiqədənkənar tamaşalar proqramı təqdim olunur. Rusiya Mədəniyyət Nazirliyinin və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi olmadan bu proqramı həyata keçirmək mümkün olmazdı.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DBƏF) həmsədri Mixail Şvıdkoy "Eşq və ölüm" baletinin Böyük Teatrın səhnəsində premyerasını Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından çox vacib hadisə adlandırdı. Onun sözlərinə görə, Azərbaycan bəstəkarlarının Rusiyada və bütün postsovet məkanında səhnələşdirilən balet tamaşalarına musiqi yazmaları artıq yaxşı bir ənənəyə çevrilmişdir: "Bildiyiniz kimi, Polad Bülbüloğlu dahi Qara Qarayevin, Qara Qarayev isə dahi Şostakoviçin yetirməsidir. Bu baxımdan rus və Azərbaycan musiqi ənənələri arasında varislik və möhkəm tellər vardır. Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikov rus balet teatrı üçün musiqi bəstələmişlər. Polad Bülbüloğlu da hazırda bizim sahib olduğumuz həmin o ümumi mədəniyyətin böyük ənənələrini davam etdirir".

Tamaşanın quruluşçu xoreoqrafı Nadejda Malıgina, quruluşçu dirijoru Fabio Mastranjelo, quruluşçu rəssamı İqor İvanov idilər. 

Moskvalılar baleti heyranlıqla, gurultulu alqışlarla qarşılamışdılar. Sonra səhnəyə qalxan Polad Bülbüloğlu səmimi qəbula və alqışlara görə dərin minnətdarlığını bildirərək demişdi: "Əlbəttə, Böyük Teatrın səhnəsində tamaşa göstərmək hər bir kollektiv üçün şərəf və fəxrdir. Çox şadam ki, mənim musiqim, mənim baletim bu gün qocaman Yekaterinburq teatrının ifasında təqdim olunur".

Polad Bülbüloğlu jurnalistlərlə söhbətində bildirmişdi ki, bu, onun həyatında müstəsna bir gündür, çünki 65 illik yubileyi ərəfəsində Böyük Teatrda onun baletinin premyerası olmuşdur. Polad Bülbüloğlu bu gözəl hədiyyəyə görə Rusiya Mədəniyyət Nazirliyinə, DHƏF-ə, Böyük Teatrın rəhbərliyinə təşəkkürünü bildirərək demişdi ki, Rusiyanın bu qocaman səhnəsində tamaşa premyerası hər bir bəstəkarın yaradıcılığında çox əlamətdar bir hadisədir: "Sevinirəm ki, Azərbaycan musiqisi, Azərbaycan bəstəkarının musiqisi yenə də Moskvada səslənir və zənnimcə, bu, təkcə mənim deyil, bütün Azərbaycan mədəniyyətinin nailiyyətidir, ənənələrin davam etdirilməsidir, çünki bu səhnədə böyük Qara Qarayevin və digər bəstəkarlarımızın tamaşaları oynanılmışdır. Sevindirici haldır ki, italiyalı dirijorun, rusiyalı quruluşçu xoreoqrafın və Azərbaycan bəstəkarının birgə zəhməti ilə ərsəyə gəlmiş bu beynəlxalq layihə Rusiya paytaxtının mərkəzində həyata keçirilir və böyük hərarətlə qəbul edilir. Mən Azərbaycan mədəniyyətinin, Azərbaycanın adının həmişə yüksəkdə durmasını istəyirəm".

Əminik ki, tamaşa Bakı səhnəsində də uğurla keçəcəkdir. 

Adətən bu tamaşanı ailəsi ilə izləyən Polad Bülbüloğlunun bu dəfə də ailəsi ilə birgə zalda olacağı gözlənilir. 

Bəstəkarın mahnılarını sevirik, amma baleti də sevilməyə layiqdir. 

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

Şəkillərdə: Tamaşadan səhnə; Bəstəkar ailəsi ilə. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək. Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində olacaq.

 

3 fevral

 

Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Gecədə gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı və Tofiq Rzayevin əsərləri səslənəcək.

 

6 fevral

 

Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.

 

8 fevral

Fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Çərşənbə, 01 Fevral 2023 11:30

“Bəxtiyar niyə öldü, Həsən əmi?

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həsən Məmmədovdur.

 

HƏSƏN MƏMMƏDOV

(1938-2003)

 

***

“Arşın mal alan” filminin çəkilişləri gedirdi. Mən də cavan oğlan, həvəsli. Həmin gün çəkilişim olmadığı üçün otaqdan bayıra çıxmamışdım. Çəkilişdən sonra axsam Tofiq Tağızadə qaldığım otağa baş çəkəndə gördü ki, ssenari əlimdə rolumu hazırlayıram.

– Neynirsən? – soruşdu.

– Rolumu məşq edirəm, Tofiq müəllim, – cavab verdim.

– Halal olsun, – deyib, getdi. Bir-iki saatdan sonra bir də qapını döyüb otağa girdi. Yenə ssenari əlimdə məşq edirdim.

 – Neynirsən? – soruşdu.

– Məşq edirəm.

– Halal olsun!

Gecədən xeyli keçmiş yenə qapım döyüldü və Tofiq müəllim içəri girdi. Hələ də əlimdə ssenari, məşq edirdim.

– Neynirsən? – soruşdu.

– Məşq edirəm.

–Yaxşı, bəs sən sən vaxt dincələcəksən? Səhər tezdən mənim yuxusunu almış, yorğunluq hiss etməyən Həsənlə işim olacaq. Dincəl…

 

 

***

“Yeddi oğul istərəm” filmi ilə “Axırıncı aşırım” demək olar ki, ekranlara eyni vaxtda çıxdı. Arada çox da böyük fasilə olmadı. Bir gün kinostudiyanın girişindən zəng vurub dedilər ki, bir qadınla bir oğlan uşağı mənimlə görüşmək istəyir.

Görüşdük. Uşaq mənə heyrətlə baxır, içini çəkə-çəkə ağlayırdı. Qadın:

– Həsən müəllim, vaxtınızı da alırıq, bu uşaq mənim nəvəmdir, – dedi,  Abasqulu ağanın, Bəxtiyarın ölüm səhnəsinə baxandan sonra gözünün yaşı qurumur, deyir Abbasqulu ağanı, Bəxtiyar əmini öldürdülər.

Yaxınlaşıb uşağı qucağıma aldım. Kinostudiyanın dəhlizi ilə gəzişdik.

– Sən necə fikirləşirsən, Bəxtiyar əmi güclüdür?

– Hə! – uşaq cavab verdi.

– Hardan bilirsən?

– O bütün düşmənləri öldürdü, ona görə də güclüdür.

– Ay sağ ol, onda bəs niyə ağlayırsan? Bəxtiyar əmini heç kəs öldürə bilməz.

Uşaq gözlərinin yaşını silib, boynuma sarıldı…

 

 “Ədəbiyyat və incəsənət”

(01.02.2023)

 

 

Çərşənbə, 01 Fevral 2023 11:00

AzTV Cəfər Cabbarlı haqqında film çəkib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı haqda film çəkib. “Ədəbiyyat və incəsənət” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: azad bir ruh” adlanır. 

 

Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.

Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.

Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.

C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib. 

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.

Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Çərşənbə, 01 Fevral 2023 10:30

Mauqli Bakıya gəlir

Sovet dövrünün uşaqlarının əsas incəsənət qəhrəmanlarından biri idi Mauqli. Düzdür, indi Spaydermənlər, Betmənlər, Maşalar daha populyardır, amma nostalji sevənlər övladlarına Mauqli barədə xatırlatma edirlər. Elə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da nostalji hisslərlə Mauqliyə qayıdır. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, fevralın 4-də tetarın səhnəsində ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün hazırlanan “Mauqli” adlı tamaşanın premyerası keçiriləcək. 

Dedikcə maraqlıdır: Hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.

Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

“Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, “Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub. Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb. 

Yeni tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandıracaqlar. 

Xoş izləmələr. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.