ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

İtaliyadan Ukraynaya, əslində isə Britaniyaya. “Avroviziya” beynəlxalq mahni müsabiqəsinin estafeti Turindən Kiyevi əvəz edəcək Liverpula təhvil verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” xarici KİV-ə istinad edən xəbər verir. 

 

Dünən Böyük Britaniyanın Liverpul şəhərindəki “Müqəddəs Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi keçirilib və bununla da, “Avroviziya” mahni müsabiqəsi rəsmi start götürüb. Səsvermənin yeni qaydalarına əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə əsasən müəyyən olunacaq. (Əvvəl isə yalnız Avropa əhalisi səs vermək hüququna malik idi). Bəs niyə Kiyev yox, Liverpul? Bir daha aydınlıq gətirək. 

2022-ci ildə “Kalush Orchestra” qrupunun qələbəsinə baxmayaraq, Ukrayna Rusiyanın hərbi təcavüzü və təhlükəsizlik səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.

Püşkatmaya əsasən, Azərbaycan yarımfinalda birinci qrupunda yarışacaq. Bu qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail, Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.

Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.

“Avroviziya” mahni müsabiqəsi 1956-cı ildən başlayaraq (pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) hər il keçirilir. O, dünyada 160 milyon tamaşaçı ilə ən çox izlənən əyləncə şousudur.

Şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin yarımfinalları və finalı may ayının 9, 11 və 13-də keçiriləcək. Azərbaycandan təmsilçini müəyyənləşdirən seçim turunun martda olacağı gözlənilir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Yerdə Marsda yaşayabiləcək bakteriyaların aşkarlanması

 

Kosta Rikada Poas vulkanını araşdıran tədqiqatçılar Laquna Kalyente krater gölündə "Acidiphilium" cinsinə aid canlı bakteriyalar tapıblar. Elm adamlarının fikrincə, tapılan mikroorqanizmlər Marsın səthində oxşar şəraitdə potensial həyatın necə mövcud ola biləcəyini göstərir.

Laquna Kalyente dəniz səviyyəsindən 2,3 km yüksəklikdə yerləşir. Onun ətraf mühiti Yer üzündəki ən sərt mühitlərdən biridir. Çox yüksək kükürd tərkibinə, həmçinin -0,87 və 1,5 arasında dəyişən turşuluğa malikdir. Gölün temperaturu 38-90 dərəcə arasındadır.

Ən inanılmaz olanı isə tədqiq olunan ərazidə mineralların tərkibinin Mars planetindəki Qusev kraterinin mühitinə bənzəməsidir.

 

Görkəmli alim, pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının yaradıcısı və direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib. 

Azərbaycan musiqi mədəniyyətində və təhsilində əvəzsiz yeri olan Tərlan Seyidov yaratdığı Məktəb-studiyaya 43 ildir rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

 

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Görkəmli ədəbiyyatşünas, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Azər Mustafazadə vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Çərşənbə, 01 Fevral 2023 17:30

Maksim Qalkin Bakıya gələcək

Fevral ayı gəldi. Bu ay Bakıda gurultulu estrada proqramları ilə yadda qalacaq. O cümlədən Türkiyə Rusiya ulduzu Maksim Qalkinin çıxışları ilə. 

 

Fevralın 21-də Bakı Konqres Mərkəzində yumorist, teleaparıcı, şoumen kimi tanıdığımız, habelə Alla Puqaçovanın həyat yoldaşı kimi tanıdığımız Maksim Qalkinin solo konserti təşkil olunacaq. Məşhur  şoumen öz duzlu-məzəli yumorları ilə pərəstişkarları qarşısında çıxış edəcək.

Maksim Qalkinin yumoru aktual, çevik və gülüş doğurucudur. Yumorist tamaşaçısını hiss edir və onunla səmimi münasibət yaradır. Miniatürlər, teatr eskizlərinin reprizləri, tamamilə yeni nömrələr, eləcə də tamaşaçılar tərəfindən çoxdan tanınan və sevilən tamaşalar M.Qalkinin ifasında bədii dəyərini itirmir, eyni zamanda onun yumoru nostalji təbəssüm yaradır. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Yaz ətirli bir xəbəri indidən sizinlə paylaşaq. Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb. 

Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək.

 

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib. 

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək. 

İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. 

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər. 

Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar. 

Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim olunacaq. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat veriləcək. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə edəcəklər. 

Sərginin daha bir bölməsində isə həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alacaq.

 

Biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Əlizadə Nurinin “Uzaq”

şeirini təqdim edir. 

 

Nə olsun, yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni evin içində.

 

Eyni kupelərdəyik,

Amma ayrı qatarda…

Aradakı bu boşluq

Min adama çatar da.

 

Sən çiçəyə əl açdın,

Mən də kəpənəklərə.

Qoy bahar sənin olsun

Payız qalsın təklərə.

 

Elə soyumuşuq ki-

Gec əriyən qarıq biz.

Bir dəryanın içində

Ayrı damlalarıq biz…

 

Özümlə savaşanda,

Özüm girdim araya.

Yanımdasan… özgəni

Çağırıram haraya…

 

Eşqimiz oğurlanıb-

Boş bir muzey kimiyik.

Günümüz də ayrıdı-

Güney, quzey kimiyik…

 

Təkcə yaradan bilir

Necə dostuq, yarıq biz.

Bir- birinə bitişik,

Uzaq adalarıq biz.

 

Dənizi sevmədin sən

Sevdin isti qumunu.

Nə olsun, yanımdasan,

Sənə məktub yazmışam

Gəl, götür məktubunu…

 

… Nə olsun, yanımdasan?/

Nə rumdasan, nə çində.

Ayrı dünyalardayıq

Eyni evin içində…

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Çərşənbə, 01 Fevral 2023 15:30

Bu gün aləm “Çiçəklər”ə bürünəcək

Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər. 

Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. 

“Sözügedən etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

                                  

Əziz oxucum. Elə bu yerdə bir qədər haşiyəyə çıxaraq sizinlə başqa mövzuda danışmaq istəyirəm. Mən kiməm, nəçiyəm? Həyat məramım nədir? Əlbəttə, kitab boyu bu sualların cavabına rast gələcəksiniz. Bunları bilməlisiniz, müəlliminizi tanımalısınız ki, sizə verilən ev tapşırığını da mənimsəyə biləsiniz

Hələlik isə, əziz oxucum, istəyirəm sizə ilk tanışlığımızda vətənim barədə məlumat verim. Mən azərbaycanlıyam, paytaxtı Bakı şəhəri olan Azərbaycan Respublikasında yaşayıram. Uzun illər, 1920-ci ildən ta ki 1991-ci ilə qədər Sovet İttifaqı adlı bir federasiyanın tərkibinə daxil olan Azərbaycan Respublikası 1991-ci ildən müstəqilliyini bərpa edə bilib. Bu müstəqilliyi itirənədək, 1920-ci ilədək isə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası dövlətçiliyinə malik olmuşuq. Onu da deyim ki, dünya tarixindəki ən böyük imperiyalardan biri – Səfəvilər imperiyası (XVI-XVIII əsrlər) da biz azərbaycanlıların olub. Bu tarixi Azərbaycan dövləti bugünkü Azərbaycan, İran, Ermənistan, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini, eləcə də ərəb ölkələri ərazilərini (İraq, Suriya, BƏƏ, Küveyt, Bəhreyn, Oman) əhatə edib, 3500000 kvadrat kilometrlik nəhəng əraziyə malik olub.

Hər bir xalqın taleyi qalibiyyətli və məğlubiyyətli müharibələrdən, eniş və yüksəlişlərdən keçir. 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay adlı iki müqavilə ilə Azərbaycan ərazisi Rusiya imperiyası və İran şahlığı arasında bölünüb, Rusiya imperiyasının tərkibindəki Şimali Azərbaycan hazırda, bax, mən yaşadığım müstəqil Azərbaycan Respublikasıdır, hal-hazırda burada 10 milyona yaxın azərbaycanlı yaşayır. İranda qalan Cənubi Azərbaycan (paytaxtı Təbriz) isə dövlət quruluşuna malik deyil, orada hazırda təqribən 25 milyon azərbaycanlı yaşayır.

Bu gün dünyada çoxlarına Azərbaycan məhz elə Şimaldakı müstəqil dövlətinə görə tanışdır. Azərbaycanı bir neft ölkəsi kimi tanıyırlar çoxları, neft bumundan sonra sürətlə böyüyüb gözəlləşən Bakıya «İkinci Dubay» adını da qoyublar. İndi buranı Şərq ölkələrində gözəl turizm məkanı kimi də tanıyırlar, qərbdə isə bura, həm də, Formula 1 yarışmasına evsahibliyi eləyən idman ölkəsi kimi tanınır.

Hər bir ölkənin öz «ən»ləri  və «ilk»ləri var. Bizim Azərbaycanımızın da belə «ən»ləri və «ilk»ləri az deyil: Azərbaycanın Şərqin ilk Demokratik Respublikasına və dünyanın ən böyük imperiyalarından birinə müəllif olması barədə az öncə demişdim. Digər «ən»lərə baxaq: Bizim ölkənin sahillərini dünyanın ən böyük gölü (Xəzər dənizi) yuyur, Yer kürəsində ən çox palçıq vulkanı (300-dən çox) bizim ərazidədir. Qədim Şərqin ilk və ən mükəmməl Rəsədxanası 1259-cu ildə dünyaşöhrətli azərbaycanlı alim Nəsirəddin Tusi tərəfindən Azərbaycanın Marağa şəhərində yaradılıb. Dünya ədəbiyyatında ilk «Xəmsə» adlanan beş poemadan ibarət beşlik nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi (XII əsr) yaradıb. Dünyada dəniz dibindən ilk neft hasilatı (1846) Azərbaycanın hesabına düşür. Şərqdə ilk diplomat qadın XV əsrdə Ağqoyunlu adlı Azərbaycan dövlətində yaşamış Sara xatun olub. Şərqdə ilk opera 1908-ci ildə tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən yazılıb. 1920-ci ildə Şərqdə ilk Musiqi Akademiyası Azərbaycanda yaradılıb. Müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ 1918-ci ildə Azərbaycanda verilib. Şərqdə ilk elektrik qatarı da 1926-cı ildə məhz Azərbaycanda hərəkət eləyib.

Mən bu siyahını çox uzatmayaraq son nöqtəni qoyuram: Dünyaşöhrətli alim, bəşər tarixində köklü dəyişikliklərə, böyük sıçrayışlara səbəb olmuş süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də azərbaycanlıdır!

***

Məncə, bir ölkənin, özü də dünya xəritəsində çox kiçik görünən, üstəlik də yenicə müstəqillik qazanmış bir ölkənin vətəndaşı üçün dünyanın ən böyük kürsülərində onun ölkəsi barəsində danışılması, dünyanın ən nüfuzlu mediasının onun ölkəsi barəsində yazması çox qürurvericidir. Biz azərbaycanlılar tez-tez bu cür qürurlanırıq.

«Bakı heç bir başqa şəhərə bənzəmir. Burada cəlbedici sərgiləri və attraksionları olan, nəhəng bulvarı, rahat kafeləri və xalça dükanları olan labirintəbənzər İçərişəhər vardır. Füsunkar qızılı çimərliklər, Abşeronun sayrışan işıqları, dəbdəbəli restoran və klublar, bərq vuran «Kristall Hall» sarayı...

Ölkənin qalan hissəsi də az təəccübləndirmir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-nun burada olmasına adamın inanmağı gəlmir. Qədim qayaüstü rəsmlər, dağ-xizək kurortu, dünyada mövcud olan palçıq vulkanların yarısı, duz gölləri, yanardağlar böyük maraq doğurur».

                                                     The Telegraph (Böyük Britaniya)

«Hava limanından şəhərə gedən geniş və füsunkar yolda özünü çox rahat hiss eləyirsən. Diqqətəlayiq memarlıq elementləri ilə bol tikililər yol boyu diqqətini cəlb edir, xüsusən Heydər Əliyev Mərkəzinə heyran qalırsan. Axşam Bakısının gözəlliyi bir başqa aləmdir. Dənizkənarı Milli Park, mərkəz və ona yaxın yerləşən binalar, körpülər, yollar yüksək səviyyədə işıqlandırılır. Şəhərin ən müxtəlif yerlərində toplaşan şən və qayğısız gəncləri görürsən.

Bakıda yaddaşa yazılacaq bir şey də var: istəsən dənizkənarı parkda İkinci Dünya müharibəsi veteranı ilə şahmat da oynaya bilərsən».

                                                   Frankfurter Allgemeine (Almaniya)

***

Ən nəhayət, vətən insanın doğulduğu yerdən başladığı üçün, əziz oxucularım, qısaca sizə doğulduğum Quba bölgəsi barədə də söz açmaq istəyirəm. Bu barlı-bağatlı, ecazkar təbiətə malik qədim diyarın o qədər özəllikləri var ki.

Bakıdan 168 km şimalda, Böyük Qafqazın Şahdağının yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən Quba dünyada öz alması ilə məşhurdur. Xüsusən, burada yetişən ağ alma çox unikaldır.

Dünyada, həm də Quba xalçaları məşhurdur. Dünyanın bir çox məşhur muzeylərində, bir çox şəxsi kolleksiyalarda orijinal naxışları ilə seçilən Quba xalçaçılıq məktəbinə məxsus Çiçi, Yerfi, Qımıl kimi xalçalara rast gəlmək olar.

Qubanın başqa bir unikallığı rayon ərazisindəki bənzərsiz kənd və qəsəbələrə malik olmasıdır. Burada dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Xınalıq kəndi mövcuddur ki, kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. 5000 illik tarixə malik Xınalıq fenomeni, təsadüfi deyil ki, bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən hesab olunur.

Eyni zamanda Qubada dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qafqazın Yerusəlimi adını almış bu qəsəbəyə qafqaz yəhudiləri 1797-ci ildə Quba xanı Fətəli xanın sayəsində gəlmişlər. O vaxt onlar daim yaşadıqları Dağıstan ərazisində yerli Surxay xanın əmri ilə soyqırıma məruz qaldıqlarından, sərhədi keçərək Azərbaycana adlamışdılar, Fətəli xan da onlara Qubanın ən səfalı yerində məskunlaşmağa izn vermiş, onları himayəsinə götürmüşdü.

Bir vaxtlar Qafqaz Albaniyasının tərkibində olan, bu qədim şəhərin yaranma tarixi, mənbələrə görə XIII əsrə gedib çıxır. Rayon ərazisində XI-XII əsrə aid müdafiə qüllələri, XVI-XIX əsrlərə aid Subaba və Ağbil türbələri, Tağlı körpü, Hacı Cəfər və Cümə məscidləri, Ələmu qalası, Atəşpərəstlər məbədi qiymətli memarlıq abidələrindən sayılır. XVII-XIX əsrlərə aid edilən Çuxur hamam isə xüsusilə məşhurdur. Şərq memarlığının incilərindən sayılan bu abidəni məşhur fransız yazıçı Aleksandr Düma da vəsf edib. Qafqaz səyahəti zamanı burada çimən Düma, göründüyü kimi hədsiz məmnunluq hissi keçiribmiş.

Mən bir neçə kəlmə Qubanın ecazkar təbiətindən də söz açmasam, günah işlətmiş olaram. Quba rayonu ölkəmizə təşrif buyuran turistlərin ən sevimli yerlərindən biridir.

Təbii bulaqları ilə, itburnu, alma, armud, əzgil, qoz, fındıq, zoğal, yemişan kimi yabanı bitkilərlə, müalicəvi əhəmiyyətli otlarla zəngin olan, dərinliklərində ceyran, tülkü, çöl donuzu, canavar, ayı kimi heyvanlar yaşayan Qəçrəş meşəsi, dadlı çapaq balığı ilə bol olan əzəmətli Qudiyalçay, kanyonvari dərənin yamacında Yura dövrü əhəngdaşı suxurlarının səthə çıxması ilə əlaqədar yaranmış 60 metr hündürlüyə malik Afurca şəlaləsi, dağ havası ilə yaşıllığın yaratdığı misilsiz oksigen mənbəyi sayılan Təngəaltı dərəsi turistlərin sevgi ilə üz tutduqları populyar turist marşrutlarıdır.

Təsadüfi deyil ki, belə bir el deyimi yaranıb: «Qubaya bir gələn, hökmən yenə də gələr». Böyük Azərbaycan şairi Məmməd Araz isə yazıb: «Qubanı görməmisənsə, demə ki, Azərbaycanı görmüşəm.

 

“Ədəbiyyat və incəsənət”

(01.02. 2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.