
Super User
Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası
“Ədəbiyyat və incəsənt” Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında İrfan məqamları və Hz. Əli qüdrəti” məqaləsini təqdim edir.
Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai- mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş, özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər. Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın, nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki, Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür. O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda “buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq, İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. Kimi xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər “Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını ( buddizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb - şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı” şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
*
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib. Məlum olduğu kimi, Hz. Əlinin bütün mənəvi aləmi Həsən Bəsri və Həllac Mənsur qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası o qədər işıqlı və pak idi ki, bu bilikləri ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
*
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb- oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.
İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi. Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! –
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda. –
deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə, hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s. şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
…Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
…Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa, təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı, şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi “vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil, ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.”
Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi- Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir: “Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.” kəlamına rəst gəlirik.
Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır. “Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?
Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”
İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, - desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil, bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.
Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof” sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax. (Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir). İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı)Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını – şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53) 14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və “Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq, inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa (Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında). Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar. Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər (şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər. Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır. Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən, cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn, “Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
…Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
…Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər, beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli; Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn,
Həzrət Həsən; Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak) Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin, xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn, duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı – “vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur. Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
“Ədəbiyyat və İncəsənət”
(27.02.2023)
Hər gün bir Şuşa xəbəri
Azərbaycanın mədəniyyət paytaxtında beynəlxalq konfranslar keçiriləcək
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək.
Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Cari il ərzində qala-şəhərdə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”, “Əhməd bəy Ağaoğlu və Türk dünyası” və “Şuşa Türk dünyası tarixində” mövzularında beynəlxalq konfranslar təşkil olunacaq. Həmçinin “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Şuşada “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Beynəlxalq Türk Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikasının Astanadakı səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Bu barədə AMEA məlumat yayıb.
Məlumatda düyilir ki, Beynəlxalq Türk Akademiyasının ev sahibliyi etdiyi anım tədbirində Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbirdə ölkəmizin Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin və Akademiyanın üzvləri iştirak ediblər. Anım tədbiri qətliamda həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademik Şahin Mustafayev çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınları haqqında məlumat verib. Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirən akademik qeyd edib ki, günahsız insanların hansı ölkədə olmasından asılı olmayaraq həyatlarını itirməsi böyük fəlakətdir.
“Əminəm ki, beynəlxalq ictimaiyyət dünyanın heç bir ölkəsində günahsız insanlara qarşı bu kimi dəhşətli cinayətlərin törədilməməsi üçün Xocalıda baş verən qanlı hadisələrlə bağlı ədalətli qərar qəbul edəcək. Ümid edirəm ki, bəşəriyyət tarixində belə bir faciəvi hadisə bir daha təkrarlanmayacaq”, - deyə Şahin Mustafayev bildirib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
TikTok qadağası ABŞ və Avropadan Azərbaycana da adlayacaqmı?
Avropa Komissiyası öz əməkdaşlarına Çinin TikTok sosial şəbəkəsinin tətbiqini korporativ telefonlardan və qadcetlərdən, həmçinin iş proqramlarından istifadə edən şəxsi cihazlardan silməyi əmr edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Qərar Avropa Komissiyasının kibertəhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlıdır. AB icra hakimiyyəti məmurlarından və işçilərindən tətbiqin martın 15-dən gec olmayaraq iş cihazlarından silinməsini istəyib.
Daxili bazar məsələləri üzrə Avropa komissarı Thierry Breton bildirib:
"Avropa Komissiyasının diqqəti həmkarlarımızın və bizimlə əməkdaşlıq edən hər kəsin kibertəhlükəsizliyinin qorunmasına yönəlib. Bu kontekstdə kibertəhlükəsizlik ilə bağlı qərar qəbul edilib".
Avropa mediası tərəfindən ötürülən TikTok nümayəndəsinin bəyanatında isə deyilir ki, şirkət "səhv düşüncələrə əsaslanan" qərardan məyusdur.
Xatırladaq ki, ABŞ-da TikTok tətbiqinin federal hökumət cihazlarında istifadəsi qadağandır və bəzi Amerika millət vəkilləri TikTok-un bütün ölkədə işləməsini tamamilə qadağan etməyə çalışırlar.
Yeri gəlmişkən, Azərbaycanda da bu kontent barədə müəyyən ölçülər götürülsə yaxşı olar. Ən son brenddə olan TikTok paylaşmasında bir ağsaqqal azərbaycanlı kişi bir gənc azərbaycanlı xanımla süfrə arxasında əxlaqsızlıq edib və buna milyondan aşırı izləyici baxıb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Sadıq Qarayevin əsərlərində Heydər Əliyevin tərənnümü diqqət mərkəzində olacaq
Martın 3- də, saat 16.30- da Zığ qəsəbəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutda müəllim və kursant heyətinin yazıçı-alim Sadıq Qarayevlə görüşü keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadıq Qarayev məlumat verib.
"HEYDƏR ƏLİYEV-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: Yazıçı- alim Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda olacaq görüşdə yazıçı-alimin Ümummilli lider barədəki fikirləri diqqətə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
“Səninləyik, Türkiyə!” adlı solo konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti keçirilib.
Filarmoniyanın mətbuat xidmətinin məlumatına görə, öncə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralananlara Allahdan şəfa dilənib.
Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.
Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri konsertin iştirakçıları və təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli vətəndaşlarla görüşüb
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli fevralın 24-də Hökumət Evindəki Vətəndaş Qəbulu Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) vətəndaşları qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Bakı şəhəri üzrə 24 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər müxtəlif mövzuları əhatə edib, o cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.
Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Özümdən özümə məktub
“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan rubrikasında Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşovanın“Özümdən özümə məktub” essesini təqdim edir.
Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan illərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...
Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?! Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.
Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim.
Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.
Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu. O mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!
Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan. Məni yaşadan yalnız sənə olan sevgim oldu.
Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.
Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər. Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm! Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.
Bir nur üzlü pəhləvan peyda oldu, bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı. O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.
Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma, mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”
Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!
Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim.
“Ədəbiyyat və incəsənət”
(27.02. 2023)
“Azərbaycan” pavilyonunda “Xoca” filminin qapalı nümayişi keçirilib
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda azərbaycanlı rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Xoca” hərbi filminin qapalı nümayişi keçirilib.
AzərTAC xəbər verir ki, filmin nümayişindən əvvəl tədbir iştirakçıları Xocalıya həsr olunmuş xatirə guşəsinin önünə gül qoyublar.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova tarixin gənc nəslə ötürülməsinin vacibliyindən danışıb. O deyib: “Biz dəhşətli faciənin qurbanlarının xatirəsini anırıq. Bu, tariximizin ən kədərli və faciəli səhifəsidir. 1992-ci ildə yatmış dinc Xocalı şəhərinə erməni silahlı birləşmələrinin hücumu yadımızdadır. Bu faciə biz azərbaycanlılar üçün başlanğıc nöqtəsi oldu”.
S.Qədirova qeyd edib ki, bu gün filmin nümayişinə gənclər dəvət olunub, çünki məhz gənclər bizim gələcəyimizi quracaq. “Biz gənc nəslin öz tarixini bilmələrini çox mühüm hesab edirik. Bu ağrı-acı bizim ürəyimizdə həmişə yaşayacaq. İkinci Qarabağ müharibəsində düşmənə Qələbə ilə cavab verdik və bütün dünya birliyinə sübut etdik ki, biz özümüzü müdafiə etməyi və müqavimət göstərməyi bacaran xalqıq”, - deyə S.Qədirova sözünə yekun vurub.
Sonra Azərbaycan alimi və tarixçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO bölməsinin dosenti Rizvan Hüseynov tədbirdə onlayn rejimdə çıxış edib.
Pavilyonda, həmçinin Xocalı hadisələrinə həsr olunmuş fotosərgi də təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb
Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatına görə, sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.
Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu və torpaqlarımızı işğaldan azad etdi.
Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına paylanıb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)