ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Rəsm qalereyası: Rövşən Nur, “Xocalı qətliamı”

 

Estoniyanın paytaxtı Tallində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi açılıb.

 

Bu barədə AzərTAC-a məlumat verən rəssam sərgi ilə yanaşı, Tallinin mərkəzi küçələrində 24 saat ərzində böyük ekranda Xocalı faciəsindən bəhs edən videomaterialların da göstərildiyini bildirib.

Qeyd edək ki, Tallin Rəssamlıq Akademiyasını bitirən Rövşən Quliyev artıq 17 ildir bu ölkədə Azərbaycanın mədəniyyətini və tarixi irsini çəkdiyi rəsmlərlə tanıtmağa çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Avropa qitəsinin ən nüfuzlu kinofestivallarından olan Berlin kinofestivalı dünən gecə saatlarında yekunlaşdı və qalibləfr elan edildi. Fransız rejissor Nikol Filiberin "Adamantda" adlı sənədli filmi Berlin Kinofestivalının əsas mükafatını — "Qızıl ayı"nı qazandı.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, film Parisin mərkəzində, Sena çayının sahilində qərarlaşmış üzən binada yerləşən bənzərsiz bir psixiatriya klinikasından bəhs edir. Filmin premyerası fevralın 24-də, məhz Berlin Kinofestivalı çərçivəsində baş tutub. 

Festivalın ikinci əsas mükafatı – “Ən yaxşı rejissorluq üçün” nəzərdə tutulan  “Gümüş Ayı” da Fransa kinematoqrafına qismət oldu. “Şum” dramına görə fransız rejissor Philip Garrel mükafata sahib oldu.

“Ən yaxşı baş rol ifaçısı” üçün  “Gümüş ayı” “20 min növ Arı” filmində rol alan ispan aktrisası Sofiya Oteronun qisməti oldu. 

Xatırladaq ki, 73-cü Berlin Film Festivalının əsas proqramına 19 ölkə  kinematoqrafçılarının təqdim etdiyi 19 film daxil edilmişdi.

 

Fotonun hüququ: M.Schreiber, AP

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

 

1. İnsan ömrü boyu oxuyub, sadə həqiqətləri başa düşməyə də bilir.

 

2. Kişi üçün qadın vərəqlərinin çoxu cırılmış kitab kimidir, oxuyub nəsə başa düşməyə çalışır.

 

3. Qadınlar başa düşməlidirlər ki, kişilər onları heç vaxt başa düşməyəcəklər.

 

4. Başa düşməyə çalışmasan, yaşamaq o qədər də çətin iş deyil.

 

5. Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.

 

6. Başqalarından fərqləndiyin qədər maraqlısan.

 

7. Həkim xəstəyə inam verir və xəstə həkimə olan inamı ilə özünü sağaldır.

 

8. İnsan hərdən öz içinə o qədər adam doldurur ki, özünə oturmağa yer qalmır.

 

9. Yalnız özü haqda danışan insana sakit bax, o, özündən başqa kimi tanıyır ki?!

 

10. Öz fikri olanların fikri heç kimə maraqlı deyil.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Cari ilin yanvarında 27,6 min ton meyvə-tərəvəz idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən meyvə-tərəvəzin dəyəri 19,8 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin yanvarında dəyəri 18,9 milyon dollar olmaqla 33,3 min ton meyvə-tərəvəz idxal edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Bazar ertəsi, 27 Fevral 2023 15:00

Telman Adıgözəlov və “Dırginən” mahnısı

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Telman Adıgözəlovdur.

 

 

TELMAN ADIGÖZƏLOV

(1953-2010)

***

Demək, bir dəfə toyda tamadalıq edirəm, bir nəfər, ayaq üstə güclə dayanır, yaxınlaşdı ki:

– Qardaşımsan, ordan mənim üçün bir dənə “dırginən” havası çalsınlar, oynamaq istəyirəm.

Musiqiçilərlə mən bir-birimizə baxıb qaldıq. Adamdan:

– Başa düşmədim, hansı havanı dediz? – bir də xəbər aldım.

– Alə, nə qanmaz adamlarsız, “dırginən” havası…

– Elə hava yoxdur axı, bəlkə səhv salırsız, – mədəni şəkildə bir daha soruşdum.

– Alə, necə yoxdur, o nədi bəs, bir hava çal-dırginən…

– Həəəə…Bax indi anladım.

Mahnı çalındı. Kişi qol açıb oynamağa başladı.

 

 “Ədəbiyyat və incəsənət”

(27.02.2022)

2022-ci ildə xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 41 milyard 672,2 milyon dollar, idxalın dəyəri 14 milyard 539,9 milyon dollar təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Statistikada Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınıb.  

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. Komitədən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, İspaniya, Birləşmiş Krallıq, Çexiya, Xorvatiya, Gürcüstan, Portuqaliya, İndoneziya, Ukrayna, Qazaxıstan, Vyetnam, ABŞ, Türkmənistan, Rumıniya, İran, Tunis və İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,3 faizi Çinin, 4,6 faizi Almaniyanın, 3,5 faizi Türkmənistanın, 3,4 faizi Qazaxıstanın, hər biri 3,3 faiz olmaqla ABŞ və İranın, 2,3 faizi İtaliyanın, 2 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Belarus, Ukrayna və Birləşmiş Krallığın, hər biri 1,5 faiz olmaqla Fransa və Hindistanın, 1,3 faizi Braziliyanın, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Gürcüstan və Finlandiyanın, 0,8 faizi Polşanın, 13,7 faizi isə digər ölkələrin payına düşüb. 

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. 

İdxal olunan malların 61,7 faizini avtomobil, 18,7 faizini dəmir yolu, 10,3 faizini hava, 8,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,9 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. 

2021-ci illə müqayisədə 2022-ci ildə mühüm məhsul növlərindən buğda idxalı 12,6 faiz, bitki yağları 9,5 faiz, xam şəkər 6,1 faiz, təzə meyvə 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 23,5 faiz, unlu qənnadı məmulatları 9 faiz, çay 3,2 faiz, quş əti və onun əlavə məhsulları 12,4 faiz, dərman vasitələri 19,6 faiz, polad prokatı 45,3 faiz, sintetik yuyucu vasitələr 7,7 faiz, mebellər 12,7 faiz, polietilen 76,5 faiz, məişət kondisionerləri 35,5 faiz, qara metallardan çubuqlar 4,8 faiz, avtobuslar 56 faiz, polipropilen 12,7 faiz, sement 26,7 faiz artıb, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof 8 faiz, mal əti 15,8 faiz, təzə tərəvəz 31,7 faiz, siqaretlər 70,4 faiz, minik avtomobilləri 19,4 faiz, qara metallardan borular 9,8 faiz, hesablama maşınları, blok və qurğuları 19,4 faiz, yük avtomobilləri 7,7 faiz, rezin şinlər 0,2 faiz, mineral gübrələr 20,5 faiz, paltaryuyan maşınlar 18,8 faiz, qara metallardan künclüklər 12,3 faiz, məişət soyuducuları 39,2 faiz azalıb. 

2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub. 

İxracın 46,6 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, hər biri 4,4 faiz olmaqla İsrail və Hindistana, 3,6 faizini Yunanıstana, hər biri 2,6 faiz olmaqla İspaniya və Rusiyaya, 2,5 faizini Xorvatiyaya, 2,4 faizini Çexiyaya, 2 faizini Birləşmiş Krallığa, 1,9 faizini Portuqaliyaya, 1,7 faizini Gürcüstana, hər biri 1,6 faiz olmaqla İndoneziya və Almaniyaya, hər biri 1,3 faiz olmaqla Tunis və Vyetnama, 1,2 faizini Rumıniyaya, 1,1 faizini İsveçrəyə, 1 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8 faizini Bolqarıstana, 5,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ildə ixracın 90,9 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 4,6 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı üstünlük təşkil edib. 2022-ci ildə 2021-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 4,6 faiz, tütün 31 faiz, çay 59,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,1 faiz, mineral gübrələr 10 faiz, emal olunmamış alüminium 50,2 faiz, qara metallardan çubuqlar 41,9 faiz, sement klinkerləri 14,8 faiz, qara metallardan borular 24,5 faiz artıb, təzə tərəvəz ixracı isə 2,8 faiz, şəkər 7,1 faiz, kartof 15,2 faiz, bitki yağları 33,5 faiz, meyvə və tərəvəz şirələri 12,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 32,3 faiz, pambıq lifi 39 faiz, polietilen 13,7 faiz, polipropilen 7,7 faiz, pambıq ipliyi 53,2 faiz, qara metallardan yarımfabrikatlar 49,6 faiz, bentonit gili 1,5 faiz azalıb.

 

“Ədəbiyyat və insəsənət”

(27.02.2023)

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda iştirak etmək üçün artıq 280-dən çox uşaq qeydiyyatdan keçib. 

 

Bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir. 

21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəsi əhatə edəcək ən irimiqyaslı uşaq festivalına siz də qoşulun! fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən qeydiyyatdan keçərək festivalın iştirakçısına çevrilin! 

Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival haqqında əlavə məlumatları festivalın rəsmi internet saytından, (050) 2880147 mobil, 147 qısa nömrələrindən, həmçinin rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür:

Rəsmi sayt - https://uif.az 

E-poçt - Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

Facebook - https://www.facebook.com/uif.az 

Instagram - https://www.instagram.com/uif.az

Twitter - https://twitter.com/uif_az

Youtube - https://www.youtube.com/@uif_az 

Tiktok - https://www.tiktok.com/@uif.az

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Bazar ertəsi, 27 Fevral 2023 13:30

Gəlin dahilərimizi dəyərləndirək!

Professor Rafiq Əliyev:

“Mən Vidadi Babanlını “Vicdan susanda” kitabını oxuyandan sonra sevdim. Və bir gün Moskvada olarkən, böyük bir kitab mağazasına girib gördüm ki, 300-400 adam birinci mərtəbədən üçüncü mərtəbəyədək növbəyə durublar. Soruşdum ki, bu nə növbədir? Dedilər ki, “Kогда молчит совесть” kitabını almaq üçün dayanmışıq...

Ümumiyyətlə bu kitabın taleyi çox uğurlu olub. SSRİ vaxtında, təkcə Rusiyada iki dəfə çap olunaraq 100 min-100 min tirajla satışa buraxılıb.”

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Bazar ertəsi, 27 Fevral 2023 17:00

“Simurq”un nailiyyətləri diqqətçəkəndir

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 4-cü məqalə

 

 

“Simurq” AMA Azərbaycan elmində yeni bir istiqamətin – yüksək mədəniyyətli, layiqli insanların yetişdirilməsi, insanın həyat fəaliyyəti mədəniyyətinin inkişafı, insan kapitalının, mədəni elitaların, şəxsiyyətlərin və liderlərin, milli və beynəlxalq idarəetmənin təkmilləşməsi üçün strateji önəm daşıyan, “müdriklik haqqında elm” – kulturologiyanın banisidir.

Yüksək mədəniyyətli insanların “istehsalı” və çoxaldılmasına hədəflənmiş missiyasını həyata keçirmək məqsədilə 30 ildən çox elmi və elmi-maarifləndirmə fəaliyyəti dövründə “Simurq” AMA tərəfindən:

▪ Milli və dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsi, idarəetmə mədəniyyəti,

insanın həyat fəaliyyəti mədəniyyəti sahələrində respublikamızda və xaricdə universal kulturoloji biliklərin yayılmasını sürətləndirən yüzlərlə əsər dərc edilib (Azərbaycanda və xarici ölkələrdə). Dərc olunmuş 20-dən çox monoqrafiya, kitab, dərs vəsaiti və topluların arasında – “Mədəniyyət və cəmiyyət” (1993-cü il), “Kulturologiya. Nəzəriyyə və tarix məsələləri” (2002-ci il), “Norveçin mədəniyyəti dünya mədəniyyəti kontekstində” (2000-ci il), “Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşdırılmasına dəstək” (2001-ci il), “Dünya mədəniyyəti nədir?” (2002-ci il), “Keçid dövründə qlobal idarəetmə” (2003-cü il), “Kulturologiya səmərəli həyat fəaliyyətinə aparan yol kimi” (2006-cı il), “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (2009, 2013-cü illər), “Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının 1990-2015-ci illər tarixi” (2015-ci il), “Kulturologiya, mədəniyyət, sivilizasiya” (2015-ci il), “Kulturologiya və insan inkişafı” (2019-cu il), “Kulturologiya: XXI əsrin çağırışlarına cavab” (2019-cu il) və başqaları vardır. Assosiasiyanın dərc etdiyi monoqrafiyalardan bəziləri Rusiyanın ali məktəblərinin mühazirə kurslarında istifadə edilir.

▪ “Mədəniyyət və cəmiyyət” adlı, Azərbaycan, Almaniya, Rusiya, İraq, ABŞ, Yaponiya, Çin, Norveç, İtaliya, İran, Fransa, Macarıstan, Mərakeç, Misir və başqa ölkələrin mədəniyyətlərinə, habelə kulturologiya, idarəetmə mədəniyyəti, iqtisadi mədəniyyət, hüquqi mədəniyyət, vətəndaş cəmiyyəti mədəniyyəti, məsuliyyət mədəniyyəti, davamlı insan inkişafı, alternativ energetika, tibbi mədəniyyət, ekoloji mədəniyyət, insan münasibətləri və beynəlxalq münasibətlər

   həmkarlar ittifaqı işçiləri, ekoloqlar, ilahiyyatçılar,

 həmçinin yüksək əqli və mənəvi mədəniyyətin dəyərlərinə sadiq istedadlı gənclər mədəniyyətinə və s. həsr olunmuş, 300-dən artıq respublikadaxili və beynəlxalq konfranslar,

seminarlar, “dəyirmi masa”lar təşkil edilib və keçirilib.

▪ Bakı, Gəncə, Qusar, Sabirabad və respublikanın digər şəhərlərində keçirilən xüsusi kulturoloji

treninqlərdə, master-klaslarda və “Kulturologiya və insan inkişafı”, “Kamilliyə aparan yol”, “Yüksək mədəniyyətli insan”, “Əmək və idarəetmə mədəniyyəti”, “Xidmət etikası” adlı səyyar mühazirələrdə, habelə kulturoloji televiziya verilişləri “İdrak”, “Mühazirə”, “Ovqat”, “Sovqat”, “Diskurs TV”, “Real TV”, “Gümüşü İrs” vasitəsilə nazirliklərin, dövlət komitələrinin, “ASAN xidmət”, “DOST” dövlət agentliklərinin, icra hakimiyyətlərinin, ali məktəblərin, məktəb, cəmiyyət, elmi müəssisələrin, həmkarlar təşkilatlarının, muzeylərin, vəkillər kollegiyalarının, respublikanın gənclər və qeyri-hökumət təşkilatlarının, respublika əhalisinin müxtəlif kateqoriyalarının, Azərbaycan diasporunun minlərlə nümayəndəsi, həmçinin tələbələr, gənc alimlər və xarici ölkələrdən, habelə YUNESKO Beynəlxalq məktəbindən dinləyicilər əlavə kulturoloji təhsil almış və kulturoloji biliklərə yiyələnmişlər.

▪ Müxtəlif dövlət fondları, səfirliklər və beynəlxalq təşkilatların dəstəyi ilə təhsil, maarifləndirmə, mədəni siyasət, yoxsulluğun azaldılması sahələrində layihələr icra olunub. Onların arasında “Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşmasına dəstək”, “Azərbaycanda yoxsulluğun azaldılmasına dəstək” (yoxsulluğun azaldılmasına dair Azərbaycanın dövlət proqramının çərçivəsində), “Gənclər təşkilatları və MEDİA-ya vətəndaş cəmiyyəti və demokratik idarəetmə mədəniyyətinin əsaslarının tədrisi” layihələrinin adlarını çəkmək olar.

▪ “Simurq” AMA-nın təşkil etdiyi kurslarda – “Şəfqət bacıları məktəbi”, “Menecment və biznes məktəbi” və “Gənclər üçün mədəniyyət məktəbi”ndə mütəxəssislər hazırlanıb.

▪ İlk dəfə “Simurq” Beynəlxalq kulturoloji jurnalı (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi məsələləri) yaradılıb və dərc edilir. Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib.

▪ Açıq mədəni dialoq və biliklərin mübadiləsi məqsədilə, Azərbaycanın xarici mədəni siyasəti çərçivəsində mədəni təşəbbüs olaraq 1991-ci ildə Assosiasiyanın nümayəndələri Kosta Rikaya səfər etmişlər ki, bu səfər Kosta Rika tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınmasına səbəb olub.

▪ Demokratiyanın ən vacib institutu kimi qeyri-hökumət təşkilatlarının formalaşdırılması prosesinə dəstək olmaq üçün 1996-cı ildə Assosiasiya tərəfindən respublikada ilk dəfə Azərbaycanda üçüncü sektorun formalaşmasının əsaslarını qoyan konsultasiya prosesi və seminar keçirilib. Sonrakı illərdə respublikanın Qeyri-hökumət Təşkilatlarının Milli Forumunun yaranmasına elmi-məsləhətçi və təşkilati kömək göstərilib, Azərbaycan QHT üçün maliyyə ehtiyatlarının cəlb edilməsi üzrə xüsusi treninqlər keçirilib.

▪ Kulturologiya elmi və maarifləndirməsinin, habelə milli mədəniyyətin demokratikləşdirilməsi və müasirləşdirilməsinin inkişafına dəstək məqsədilə Assosiasiya tərəfindən ilk dəfə Azərbaycan Kulturoloqlar Cəmiyyəti, “Simurq” beynəlxalq kulturoloji jurnal, vətəndaş cəmiyyəti mədəniyyətinin Beynəlxalq Forumu və s. təsis edilib.

▪ Yüksək mədəniyyətli insanı əsas məqsəd və milli inkişafın strateji bərpaolunan resursu kimi qiymətləndirən Assosiasiya 90-cı illərin sonunda ilk dəfə Azərbaycan Respublikası AAK qarşısında kulturoloq-ekspertlərin hazırlanması üçün namizədlik və doktorluq dissertasiyalarının müdafiəsinin təşkili üzrə Respublika şurasının yaradılması təşəbbüsünü irəli sürdü.

 

Ədəbiyyat və incəsənət”

(27.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.