ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

Gecədə məşhur misirli ud ifaçısı Mustafa Said özünün təsis etdiyi “Asil” adlı Müasir Ərəb Klassik Musiqi Ansamblı ilə çıxış edib.

 

Konsertdən əvvəl AzərTAC-a müsahibə verən Mustafa Said “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu vurğulayıb. Eyni zamanda, belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna öz minnətdarlığını bildirib. O deyib: “Belə zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən “Muğam aləmi” festivalında iştirak etmək böyük şərəfdir. Təsis etdiyim musiqi ansamblı 2003-cü ildə yaranıb. Əsas məqsəd müasir ərəb musiqisini klassik ənənələrə istinad edən yeni səviyyəyə çatdırmaqdır. Ansamblla birgə poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq bir sıra yeni kompozisiyalar yaratmışıq. Yeni perspektivlər qarşıya qoyaraq interpretasiya, vokal ənənəvilik dairəsini genişləndirir, musiqi konsepti daxilində akustik səslərin tətbiqi təcrübəsini təqdim edirik".

Qeyd edək ki, misirli Mustafa Said musiqiçi, bəstəkar, musiqişünas, virtuoz ud ifaçısı və müğənnidir. 2019-cu ildə "Aga Khan Music Awards"un qalibi olub. O, 2009-2022-ci illərdə "AMAR Foundation for Arabic Music Archiving and Research"ın direktoru vəzifəsində çalışıb. Bu fond ərəb dünyasında ərəb musiqisinin audio arxivləşdirilməsi ilə məşğul olan yeganə təşkilatdır. Hazırda Beyrutda yaşayan Mustafa Said karyerasını klassik ərəb repertuarının bərpasına həsr edən gənc istedadlı musiqiçidir. Onun musiqiyə yanaşması XIX əsrin ikinci yarısında Aralıq Dənizi ölkələrində mövcud olan musiqi ənənələrinə söykənir. Mustafa, həmçinin klassik ərəb musiqisinin təbliği ilə əlaqədar yaranan "Rawdat Al-Balabel"ə rəhbərlik edib. Onun 4 albomu var. İfaçı haqqında akademik nəşrlər və dövri mətbuatda çoxsaylı məqalələr çap olunub, musiqisi və esseləri bir çox mükafatlara layiq görülüb, tənqidçilər tərəfindən tanınıb. Onun yaratdığı "Asil" ansamblı bir neçə albom hazırlayıb.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 5-ci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında festival çərçivəsində UNESCO-nun xüsusi mükafatçısı, Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib.

Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır. 

Elə həmin axşam Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistanın məşhur vokalisti Varijashree Venugopal, violin ifaçısı Jyotsna Srikanth, Azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidovun çıxışları olub. 

Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Akif İslamzadənin ifa etdiyi bir mahnı var, on illərdir sevilir, dəbdən düşmür. On illərdir ruhumuzu oxşayır, duyğularımızı oyadır.

O mahnının sözlərini bizcə bu səhər xatırlatmağa dəyər:

 

Ala gözlüm səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızıl güllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur neyləyim?

 

Tez gələsən bəlkə əlac görəsən

Sünbüllərin saçın yığıb hörəsən

Çiçəkləri gəlib özün dərəsən

Yolda qalıb baxışları neyləyim?

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?

 

Bu gözəl misralar Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinindir və bu gün onun doğum günüdür. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri, incə ruha, zərif təbiətə malik Nigar Rəfibəyli keşməkeşli həyat keçirib, bəy nəslindən olduğu üçün sovet rejiminin təzyiqləri, Xalq şairi Rəsul Rzayla ailə həyatı qurmasına belə rejimin mane olması, yaradıcılığına olan basqılar, sonra amansız xəstəliklər, Rəsul Rza ilə ardıcıl dünyadan köçmələri…

Hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb. Bunu da gərək diqqətdə saxlayaq. Bir an belə yolundan sapmayıb bu məğrur xanım. 

 

Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.

N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.

Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.

Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.

Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş, yazımızı məhz  onu xatırlamaqla başladığımız “Alagözlüm” mahnısı isə qeyd etdiyimiz kimi, bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.

Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad oısun! 

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

"Açıq etiraf edim ki, verilişlərə antipatiyam var".

“Ədəbiyyat və incəsənət” bizim.media.az-a istinadən bildirir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

 

Sənətçi bildirib ki, əvvəllər onu verilişlərə qonaq çağırıb "vurmağa" çalışıblar:

"Verilişlərə antipatiyamın səbəbi vaxtı ikən üstümə çox basqıların olmasıdır. Bəlkə də ondan travma almışam. Məni efirlərə çağırıb o qədər hadisələrlə üz-üzə qoyurdular ki... İndi də o şeylərin təsiri altındayam. Vuruşdurmurdular, sözün əsl mənasında məni vururdular.

Vuruşdurmaq iki tərəfli döyüşmək deməkdir. Efirə çağırıb əlimi-qolumu bağlayıb burada səni döyəcəklər. Belə verilişlər görən insanam. Verilişlərə gec-gec çıxmağımın bir növ səbəbi bunlardır".

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

SÖHBƏT KAŞQARLI MAHMUT HEKAYƏ MÜSABİQƏSİNDƏN GEDİR

 

Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" elan olunub.

 

Repor-un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Baş Katibi Sultan Rayev bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurumun nəzdində yaradılan Yazarlar Birliyi, UNESKO və Avropa Yazarlar Birliyinin dəstəyi ilə keçirilir. Baş katib müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib:

"Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır", deyə Sultan Rayev bildirib.

Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. Birinci yerin qalibi 35 min, ikinci yer 25, ücüncü 20, həvəskar iştirakçı isə 10 min Türk lirəsi ilə mükafatlandırılacaq. Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Cümə, 23 İyun 2023 13:15

Şuşada Bülbülün xatirəsi anılıb

Şuşada Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi anılıb.

 

Bu barədə "Report"a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

İdarənin İcraçı direktoru Tural Novruzov, Qoruğun əməkdaşları, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri Bülbülün doğum günü münasibəti ilə büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev muzeyini ziyarət ediblər, gül dəstələri qoyublar.

Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda uşaqlıq və gənclik illərindən danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Günün fotosu: Rayonlarımızda sel cövlan edir

 

Ötən gün Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. 

Leysan yağışlar nəticəsində hazırda Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Goranboy rayonu ərazisindən axan Gorançaydan və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

 

Foto və məlumat Milli Hidrometeorologiya Xidmətinə aiddir.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) ilə tanışlıq. Mina qurbanlarına dəstək” mövzusunda seminar təşkil olunub. 

Tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər, Bakı Dövlət Universitetinin tələbələri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.

 

Ombudsman Aparatının yaydığı məlumata görə, seminarın məqsədi minaların insan həyatına yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılan partlamamış minaların təmizlənməsi ilə bağlı həyata keçirilən fəaliyyətlə tanışlıq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin başçısının əməliyyatlar üzrə müavini İqnasiyo Kasares Qarsiya açılış nitqi ilə çıxış edərək seminarın işinə uğurlar arzulayıblar.

Çıxışı zamanı S.Əliyeva Azərbaycanın üzləşdiyi mina problemləri haqqında ətraflı məlumat verib. Ombudsman otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. Müvəkkil Ermənistanın dəqiq mina xəritələrini hələ də ölkəmizə təhvil vermədiyini, mina və hərbi sursatların partlaması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olduğunu bildirib.

Tədbirdə təqdimatlarla çıxış edən ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Seminarda, həmçinin mövzu üzrə tematik qrup müzakirələri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Və o möhtəşəm gün gəlib çatdı. Qısa müddətdə özünə xeyli auditoriya toplamağa müvəffəq olmuş “Azərbaycan Oxucuları" Kitab Klubunun 1 yaşı tamam oldu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə klubçular Sabunçu Gənclər Evində bayram törəni təşkil edəcəklər. Törən iyunun 27-də, saat 11-də başlayacaq. 

Tədbirin qonaq qismində: Sevilən yazıçılar; Əməkdaşlıq etdikləri nəşriyyatlar; Kitab bloggerləri; Kitab klubları klubçuların görüşünə gələcək.

Bəs tədbirdə qonaqları nə gözləyir?

Klubun 1 il ərzində həyata keçirdiyi fəaliyyətlə tanışlıq;

Qiraət saatı;

Uduşlu lotereyada iştirak edib nəşriyyat və sponsorlardan müxtəlif hədiyyələr qazanma imkanı;

Klubun 2 aylıq Üzvlük Kartını əldə etmə şansı.

Tədbirin sonunda baş tutacaq uduşlu lotereyada iştirak etmək üçün burada qeydiyyatdan keçmək olar:

https://forms.gle/ZKv3M4WJv6VzZZzf9

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək.

 

Konsertdə solistlər Rasimə Babayeva, Nigar Məmmədova (orqan), Nərgiz Əliyeva (piano), Rəna Rəhimova (viola), Fidan Dəmirova (vokal) Orxan Cumayev (cello) və Azadə Həbibovanın (violin) ifasında dünya bəstəkarlarının əsərləri səsləndiriləcək. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.