
Super User
“Fokus” jurnalının yeni nömrəsi işıq üzü görüb
Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) maliyyə dəstəyilə “Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb.
AKİ-nin yaydığı məlumata görə, bu, peşəkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik kino jurnalıdır.
Jurnalın daimi müəllifləri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var. Müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynov da daxil olub və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas məqsədlərdəndir. Kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması istiqamətində “Fokus” kino jurnalı uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytı bu məqsədlə yaradılmış layihələrdəndir.
Jurnalın bu nömrəsinin də məqalələri ana mövzu ətrafında formalaşıb. Jurnalda Georgi Ovaşvili, Dərviş Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlarla eksklüziv müsahibələr də yer alıb. Bundan başqa Şahanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tod Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oktay Mirqasımovun yaradıcılığını, Lamiyə Abbas Tengiz Abuladzenin yaradıcılığını təhlil edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun beynəlxalq kino festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” bədii filmini Aliyə Dadaşova analiz edib.
Qeyd edək ki, jurnal iyulun 10-dan “Libraff” kitab mağazaları şəbəkəsində satışa çıxacaq. Kinematoqrafçı tələbələr isə AKİ-nin ofisindən jurnalı pulsuz əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlanıb” – Dindən danışacağıq
“Ədəbiyyat və incəsənət” portalı Hafizul Əsrar təxəllüslü yazarın “Yaradılışın sirləri” adlı yazısını təqdim edir. Ola bilər ki, yazıda qaldırılan problemlərin çözümünə əks mövqelər də oldu. Amma bu sayaq mövzuları müzakirə etməyə borcluyuq. Din mövzusu bütün tarixlər boyu ən aktual mövzu olub, gəlin bunu yaddan çıxarmayaq.
HAFİZUL ƏSRAR
YARADILIŞIN SİRLƏRİ
Bismillahir Rahmanir Rahim!
Bağışlayan və mərhəmətli Rəbbimiz Qurani Kərimdə bizlərə yaradılış barəsində məlumatlar verib. Təəssüflər olsun ki, bu vaxta kimi bir çox alimlər, müctəhidlər, ilahiyyatçılar əsas vacib olan bir məsələni insanlara tam izah etməyiblər. Bəlkə də, insanların nə üçün yaradılmışıq sualına veriləcək cavab izah edəcəyim məsələnin kilid nöqtəsidir. Uca Rəbbimiz yaradılışdan qiyamət gününə kimi bir ssenari hazırlayıb. Ssenari və izah edəcəyim məsələni bir çox insanlar qəbul etməyə bilər. Deyə bilərlər ki, ssenari nədi, ALLAHın ssenariyə ehtiyacı yoxdur. Bəli, ehtiyacı yoxdur, amma planlı qurulan birşeyə hər hansısa ad verilir. Bunun da adı ssenaridi. Səbəb isə pis və ya yaxşı əməllərin mükafatı, cənnət və cəhənnəm və buna bənzər suallar ola bilər. Məsələn, əgər ssenaridirsə nə üçün Cənnət Cəhənnəm var və sairə. İzah edəcəyim məsələ isə tam fərqlidir. Həyat yolu, yaxşılıq və pislik onun mükafatı, və ya əzabı, bunlar tam başqa bir mövzudur.
İlk olaraq uca ALLAH Mələklərə “mən yer üzündə bir xəlifə yaradacam” deyir. Mələklər isə ALLAHa sual verir ki, qan tökən, fəsad törədən birinimi yaradacaqsan? ALLAH cavabında “mən sizin bilmədiklərinizi bilirəm” deyir. Rəbbimiz necə də elm və qüdrət sahibidir. O, qurduğu ssenarini belə, Mələklərinə tam izah etmir. İlk insanı yəni, Hz Adəmi yer üzündə yaradacağını desə də, Cənnətdə yaradır və ona öz ruhundan üfürür. Mələklərin ona səcdə etməsini əmr edir və oddan yaradılan İblis əmrə qarşı çıxır. Deməli, uca Rəbbimizin oddan yaratdığı bir varlıq səbəbsiz yaradılmamışdı və o müddətə kimi, ALLAHın əmrinə qarşı çıxmamışdı. Çünki ALLAH kimlərə hansı vəzifəni nə üçün verdiyini çox gözəl bilirdi. ALLAH İblisi cənnətdən qovur. İblis isə ALLAHdan vaxt istəyir. Güc və qüdrət sahibi olan ALLAH istəsəydi İblisi, yəni Şeytanı yaratmazdı və ya etiraz etməsinə mane olardı. Cənnətdən belə qovmazdı, canını alardı. O, isə bunları etmədi. ALLAH demişdi axı, mən yer üzündə xəlifə yaradacam. İblisə qiyamət gününə kimi vaxt verir. Yəni İblis vəzifəsini icra etməlidir. Hz Adəm ilə birlikdə Həvvanı da yaradır. Onlara isə Cənnətdə olacaqlarını və istədikləri Cənnət meyvələrindən yeyə biləcəklərini deyir. Orada olan bir ağacı isə onlara qadağan edir. Bu ağac bir səbəb idi. Əslində İblis, yəni Şeytan Adəmə həqiqəti dedi. Nə idi bu həqiqət. Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz Mələk olmayasınız və ya Cənnətdə əbədi qalanlardan olmayasınız. Yəni, Şeytan onlara məlumatın əsas hissəsini deyir. Qadağanın əsas səbəbini. Yəni, ALLA sizin Mələk olmamağınız üçün və ya cənnətdə əbədi qalmamağınız üçün, bu ağacı bura yerləşdirib. Uca Rəbbimiz bilirdi ki, onlar, o ağaca yaxınlaşacaqlar. Çünki ALLAH yaratdığı insanların əksəriyyətinin qadağalara qarşı çıxacağını bilirdi. O ağac, bir qapıdır, Cənnətdən çıxış, dünyaya giriş qapısı. ALLAH demişdi axı, o ağaca yaxınlaşmayın, yaxınlaşsanız, özünüzə zülm edənlərdən olacaqsınız. Yəni, fani olacaqsınız, hər şeyi əziyyətlə əldə edəcəksiniz və arzularınız belə yarım qalacaq, öləcəksiniz.
Ağac və onun meyvəsi haqqında bir neçə rəvayətlər var. Rəvayətlərdə adları keçən meyvələrin, ayədə bəhs edilən ağac və onun meyvəsi ilə heç bir əlaqəsi yoxdur. O ağac xüsusi bir ağac idi. Hz Adəm ilə Həvvanı fani etmək və onlarda şəhvət hissini yaratmaq qüdrətinə malik idi. Bu ağacın meyvəsi Hz Adəm ilə Həvvanın bədənində ilk toxumu, yəni spermanı yaratdı. Meyvənin əsas mahiyyəti, mənsub olduğu ağacın kökü kimi qiyamətə qədər insan bədənində, var olduğu hissədə, sabit qalmasıdır. Şeytan sadəcə yol göstərdi və meyvəni daddıqca onlar, qəribə hislər keçirdilər. Şeytan ilk vəzifəsini tamamladı və onlardan uzaqlaşdı. Keçirdikləri hislərin qısa müddətli və aldadıcı olduğunu görüb cütlər peşman oldular. Uca Rəbbimiz onları da Cənnətdən çıxardı və vəzifələrini icra etmələri üçün, yer üzünə göndərdi. Çünki onlar artıq, bir birini şəxsiyyət və cinsiyyət olaraq tanımışdı. Cənnətdə yer üzündə olduğu kimi cinsi əlaqə yoxdur. Cənnət sadəcə sevgi məkanıdır. Ona görə də, insanlar yer üzündə cinsi əlaqə ilə çoxalır və yaşadıqları müddətdə etdikləri yaxşı və ya pis əməlin qarşılığını alır. Yəni, insanlar yer üzündə çoxalıb Cənnəti doldurmalıdır.
Rəbbimiz icazə versəydi, Hz Adəm ilə Həvvaya icazə verərdi və insanlar da, hazır Cənnətdə yaşayardı. ALLAHın yer kürəsi üçün qurduğu planlar var. Ona görə insan yaradılışının səbəbini və məqsədini bilməlidir. Məqsəd ALLAHa dua və ibadətdirsə, onu Mələklər bunu insanlardan daha yaxşı edir. İnsanlar – yəni bizlər, sizlər yaşadığınız dünyanı da gözəlləşdirməlisiniz. Çünki bu dünyada tək sizlər yaşamırsınız. Sizin dövrünüzdə və sizdən sonra da, dünyaya yeni insanlar gəlir. Bəzi müsəlmanların düşüncələri səhvdir. “Yaradılmışam, dua edim, ibadətlərimi yerinə yetirim və Cənnəti qazanım” deyə düşünürlər. Dua və ibadətlər vacibdir və lazımdır. Onlardan da, ən vacib olanı isə, göndərildiyin dünya üçün nə etmisən, bax əsas odur. Təəssüflər olsun ki, bir çox kəşfləri və ixtiraları ateistlər, deistlər, buddislər, xristianlar edib. Etiraf etməliyik ki, onlar insanların xeyri və rahatlığı üçün, çox ixtiralar ediblər. Bəli, yaradılışdan bu günə kimi, nələr kəşf edilibsə, Rəbbimizin yer kürəsi üçün hazırladığı plana uyğun davam edir. Onlar, müsəlman olmasa da onlara elmi verən ALLAHdır. Onları müsəlman edə bilməyən cəmiyyət günahkardır. Çünki müsəlmanlar da elmə üstünlük verməli və yeni kəşflər etməlidirlər. ALLAH hər insana bir istedad verib. Birinə alimlik, birinə şairlik, birinə rəssamlıq, digərinə memarlıq və sairə. Hər kəs öz sahəsində inkişaf etməlidir. Müsəlmanlar isə əksərən bunları etmir. Ən kiçik xırda bir məsələdə ilişib qalırlar. Məsələn, paltara bir zərrə su düşüb, xəbəri olmadan namaz qılır, sonra suyu görür, şübhəyə düşür. Suyun mənşəyini bilmir və yenidən paltarını dəyişib namazını qılır. Halbuki, insanlar böyük işlər görmək üçün yaradılıb.
Əsas mövzuya geri dönək. Həvva Hz Adəmin nə qabırğasından, nə də artıq qalan torpağından yaradılmamışdı. Həvva Hz Adəm ilə eyni vaxtda, eyni torpaqdan yaradılmışdı. Haqq olan ALLAH insanı ilk olaraq Cənnətdə ona görə yaratdı ki, yer üzündə ağır olacaq imtahan və vəzifəsinin məqsədini və səbəbini bilsin. Çəkdiyi zəhmətin qarşılığında isə, şahidi olduğu əbədi rahatlıq yeri olan Cənnəti qazansın. Deməsin ki, hər şey yer üzündən başladı, cənnəti görmədim və dərk etmədim. Təəssüflər olsun ki, Hz Adəmin dövründən insanlar inanmadı və qəbul etmədi yaradılışı, Cənnəti, Cəhənnəmi. Cəhənnəmin olduğuna inanmayan insanlar cəhənnəm əzabının yüzdə əllisini yer üzündə yaşayır, ama yenə də, ALLAHa onun yaratdığı aləmlərə inanmır.
İnsan nəslinin çoxalma prosesini də çox qəlizləşdiriblər. Qurani Kərimin açıq aşkar ayələrini qəbul edə bilmirlər. Bir çox alimlər, ruhanilər ayədə verilən məlumatı, qardaş bacı evliliyi kimi başa düşür və bu iş haram olduğu üçün, hədislərdən sitat gətirirlər. Nə üçün alimlər dedim? Onların qeydlərini oxuyun, görəcəksiniz ki, bir neçə versiya qeyd ediblər. Adəmdən əvvəl Adəmlər, əkiz övladlar və ya əvvəl halal olub sonra haram edilmə məsələsi. Bir çoxları da belə bir sual verir. Hz Adəmi yaradan ALLAH bir neçə Adəm ilə Həvva yarada bilməzdimi? Bəli, yarada bilərdi, amma yaratmadı. Səbəbi isə, çox sadədir. Başqaları kimi hədis və ya kiminsə fikrini deməyə ehtiyac yoxdur. Qurana müraciət edək. Əgər bir çox alimlər ruhanilər kimi oxuduqlarından qardaş-bacı evliliyi düşünürsə, əlbəttə onlar hədislərə daha diqqətlə müraciət etməlidirlər. Yaşadığınız miladi təqvimin ilk ilinə gedin. Yəni, Hz İsanın yaradılışına baxın. Hz Məryəmə Mələk insan surətində görünüb. Hz Adəm ilə Həvvanın iki oğunun həyatı, Hz Məryəmin həyatı ilə eynidir. Onların hər ikisinə də Mələklər göndərilmişdi. Uca Rəbbimiz, səbəbsiz yerə Hz İsa ilə Hz Adəmi bir ayədə müqaisə etmir. Necə ki, uca Rəbbimiz Qurani Kərimdə bizlərə xatırladır. Həqiqətən ALLAH yanında İsanın məsəli Adəmin məsəli kimidir. ALLAH onu, yəni Adəmi torpaqdan yaratdı, sonra isə ona “ Ol ! ” dedi, o da oldu. Bir çoxları deyə bilər ki, burda torpaqdan yaradılış və nütfədən bəhs edilir. Xeyir, tək ondan deyil, bir kişi və bir qadından neçə çoxala bilərik deyənlərə də bir mesaj verir ALLAH. Yəni, ALLAH deyir ki, insanı həm torpaqdan yaradıram, həm də cinsi əlaqədə olmadan atasız yaradıram. Yəni qardaş-bacı evliliyinə ehtiyac olmadan.
Habil İlə Qabilə də Mələklər göndərilmişdi. Onlardan birinin digərini öldürmə səbəbi isə, qurbanının qəbul edilməməsi idi. Nə idi bu qurban. Onların hər ikisi ALLAHdan övlad istəmişdi. Diqqət edin, bu məsələni də, hədislərə uyğun insanlara çatdırırlar. Hər hansısa məhsulu ALLAHa təqdim ediblər, birinin qurbanı qəbul edilib, digərinin qurbanı qəbul edilməyib. Qurani Kərimdə Hz İbrahimin də, həyatından bəhs edilir. Hz İbrahim də, övlad ilə imtahan edildi. Qurbanlıq məsələsi Hz İbrahimin imtahanı idi. Hz Adəmin oğulları ALLAHdan övlad istədi ALLAH isə, imtahan üçün, birinə övlad verdi, digərinə isə, övlad vermədi. Övladı olan şəxs qurban kəsdi, digəri isə həsəd aparıb qatil oldu. Nəsil isə ilk qatilin deyil, qətlə yetirilənin və onların bacılarının övladları vasitəsi ilə artdı.
Hz Məryəmə insan surətində görünən Mələk, Hz Adəmin qızlarına da insan surətində göründü. Həqiqətən də, Rəbbimiz elm və qüdrət sahibidir. Çünki O, torpaqdan yaratdığı insanı ölümündən sonra özünə yəni, torpağa qarışdıracaq. Qiyamət gününə kimi. Vəzifəsini icra edib Rəbbinə qarşı çıxan insanları seçib, özü ilə, birlikdə Cəhənnəmə aparan Şeytanı isə, yaratdığı oda qarışdıracaq. Qeyd etmək istədiyim məsələ, odun odu yandırmamağıdır.
Vəs səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Uşaqlar üçün “4 mövsüm” kulinariya müsabiqəsi yekunlaşıb
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş “4 mövsüm” adlı müsabiqə sona çatıb.
AzərTAC xəbər verir ki, feysbukun məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda keçirilən bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayıblar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçirilərək 3 qalib dəyərli hədiyyələrlə təltif olunub.
Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqları əhatə edib. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə verilib. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənmək olub.
“Bu il də uşaqlarla inanılmaz maraqlı, faydalı və əyləncəli iyun ayı keçirdik. 12 uşaq dəyərli hədiyyələr qazandı. Onlar çox böyük həvəslə müsabiqəyə qatılırdılar. Bir ay ərzində balalarımızla əla nəticələr əldə etdik, birlikdə meyvə və tərəvəzlərdən dadlı yeməklər bişirdik, ən əsası isə həmin meyvə və tərəvəzlər haqqında çoxlu faydalı məlumat topladıq. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırladım”, - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.
Qeyd edək ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.
“Ədəbiyyat və incəsənət”
(04.06.2023)
“Kim deyir ki, susmaq qızıldır?” - Kubra Quliyevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portal Kubra Quliyevanın “Kim deyir ki, susmaq qızıldır?” adlı hekayəsini oxucularına təqdim edir.
Ana: Gülay, qızım, gəl qonaqlara çay süz.
Gülay: Yaxşı, anacan, gəlirəm.
Qonaq: Hə, ay bacı, sənin qızın da maşallah, böyüyüb deyirəm haa. Bu il inşallah axırıncı ilidir, hə?
Ana: Hə, ay Səmayə bacı, bu il İqtisadı qutarır.
Gülay içəri keçir.
Gülay: Xoş gəlmisiz, Səmayə xala.
Qonaq: Xalan boyuna qurban, xoş gününə gəlim, ay bala.
Gülay: Çox sağolun (təbəssüm edir).
Ana: Qızım, servantdakı stəkan dəstini götür, ona süz çayları (göz vurur).
Gülay: Yaxşı (başını bulayır).
Qonaq: Deyirəm, ay Nuranə, sənin qızın da maşallah, özünə çəkib, çox göyçək qızdır. Yəqin tez apararlar qızı.
Ana: O hələ uşaqdır e, bacı, oxusun qutarsın, istəsə ya işə başlayar, ya magistra imtahan verər.
Gülay çayları süzüb otağına keçmək istəyəndə Səmayə yenə dillənir.
Qonaq: Ay qızım, gəl otur sənə deyəcək sözlərim var.
Gah anasına, gah Səmayə xanıma mat-mat baxan Gülay bir söz deməyib anasının yanında əyləşir.
Qonaq: Qızım, sənin bu anana qalsa, sən ər tapa bilməyəcəksən.
Gülay: (narazı tərzdə) Ay xala, nə ər, mən hələ təhsilimə davam etmək istəyirəm, inşallah hazırlaşıb Polşaya magistraturaya qəbul olmaq, orada oxumaq istəyirəm.
Qonaq: Bax bala, ağlını başına yığ, sən xaricə gedib nə edəcəksən, düşəcəysən xaxol-maxol millətlərin əlinə, kimdi orda sənə xoş baxan. Gəl daşı ətəyindən tök, qutar bu il, səni alaq oğlum Rizvana.
Ana: Səmayə bacı, indiki cavanlara qarışmaq olmur, bir də ki, evlilik böyük bir yükdür, onun üçün gərək hər iki tərəf həm bir birini tanıyıb hörmət etsin, həm də ki, sevgi olmasa ailə olmaz.
Əllərini yelləyib çayı işarə edən qonaq yenə dilini dinc saxlamayıb dillənir.
Qonaq: Aaay-hay danışırsan e Nuranə, sizi də elə bu türk serialları kor qoyub, qızına eşq- məhəbbət dərsləri öyrədənə kimi bir az iş-güc öyrətsəydin çayı qonağa açıq süzməməli olduğunu başa düşərdi heç olmaya. Yoxsa sevgi belə gəldi, hörmət belə getdi, boş söhbətlərdi. Belə də ki, güya hansımız sevib evlənmişik? Gözümüz açılan kimi ər evinə düşməmişik? Hansımızın ixtiyarı var idi, mən oxumaq istəyirəm deməyə. Bəyəm indi pis dolanırığ ki? Maşallah, Rizvan işləyir, qəşəngcə qazanır, kişi maşın da aldı ona, qızı da ki, keçən ay 17 yaşı tamam olan kimi verdim getdi. Sevib bizdən artığına qismət olacaq ki, bəyəm? Seçdiyi sənət qız sənəti olsa dərd yarı, deyərdim müəllimə zad işləyəcək, səninki İqtisadı qurtarıb ekonomist olacaq elə bu dəqiqə. Sənə deyirəm tök ətəyinnən daşı, qız ayılmamış bağlayaq buların başını.Yoxsa bir də, görəcəysən ki, ordan-burdan xəbərlər çatır qulağına. Rizvanımın da xasiyyəti kişi xasiyyətidir haaa, görsə ki, qız bir az açıq geyindi, bir az dedi-güldü, qanı qaralar. Dostlar zad da boş söhbətdi, kişi gərəy arvadına yiyə dursun, bu gün dostu olanın sabah aşnası olar.
Yersiz qonağın sözlərindən bir qədər əsəbləşən Nuranə boğazını arıtlayıb söz demək istəyirdi ki, Gülay özünü saxlaya bilməyib içində ümumi cəmiyyətimizin bu düşüncələrinə qarşı yığılan bütün qıcığını Səmayənin üstünə tökdü.
Gülay: Əvvəla Səmayə xala, gəlmisiz, xoş gəlmisiz, amma ki, qonaq gərək ağzının danışığını bilə. Bilməyib artıq danışanda həddini bildirmədikcə adamın başına çıxırlar yoxsa. Mən bayaq da qeyd elədim ki, magistraturanı xaricdə oxumaq niyyətim var və Allahın izni ilə gerçəkləşəcək. İxtisasıma gələndə sənətin qızı oğlanı olmaz. Ən azı əlinizin altında telefon var, girin araşdırın, hal-hazırda milyonlarla qadın öz ayaqları üstündə dimdik işlərinin başındadır. Siyasət, iqtisadiyyat, sosiologiya, ümumiyyətlə, aşbazından polisinə, polisindən taksi sürücüsünə kimi istənilən iş kateqoriyalarında qadın əməyindən istifadə olunur və qadınların iş üçün mənfəəti kişilərə nisbətdə iyirmi faiz daha üstündür. Siz hər nə qədər anlamasanız da, qeyd edim ki, əksər uğurlu kariyeraya sahib qadınlar qəliblərə sığınmaq əvəzinə öz elminə və bacarığına güvənərək ümumiləşdirilmiş el sözünü çeynədikləri üçün bu dəqiqə sivilizasiyamızın inkişafına təkan verirlər. Sizin kimi qadın düşməni olan həmcinslərim isə heç vaxt mənə çatmayıb. Necə yəni, gözü açılmamış ver ərə getsin? Evlilik özü qızı qadın etmə yolunda atılan ən məsuliyyətli addımdır. Əvvəl gərək insan qarşındakını tanısın, onun xasiyyəti, zövqləri, düşüncəsi, həyata baxışı qarşı tərəfi tamamlasın. İndiki statistikalara baxsanız, görəcəksiniz ki, əksər boşanmalar 25 yaş altında ailə quran xanımlar tərəfindən həyata keçirilib və əsas səbəblər şiddət, xəyanət və ya münaqişəli münasibətlərdən dolayıdır. Lakin bir bu qədər də, xoşbəxt olmadığı halda evliliklərini bitirməyən minlərlə xanım fiziki və mənəvi şiddətə, təhdid və təhqirlərə dözüb oturublar. Səbəbi isə məhz sizin kimi qadın olub qadın xoşbəxtliyini heçə sayan, mentalitet dəyərlərini belə ali məqsədlər üçün yox, öz qıt düşüncələri üçün istifadə edənlərdir. Heç nə demirəm, sizin qızınız 17 yaşında ərə gedəndə ola bilsin ki, çox işgüzar qız olmuş olsun. Amma bu, o demək deyil ki, onun psixologiyası və bədəni ailə qurmaq və qadın olmaq üçün tam hazırdır. Oğlunuz Rizvana gəldikdə isə, sizin oğlunuz kimi qoruyucu qalxan funksiyalı ləyaqət və qeyrət simvolu olan ağız dolusu kişi balalarını da, məhz kor edən ailələrdir. Uşaq yaşlarından kişi ağlamaz ifadəsi ilə ilk öncə yıxılan uşağa ağlamağı, kişi gülməz deyib gülüşü ,kişi qorxmaz deyib qorxunu qadağan etdiniz. Kişisən arvadına yiyə dur, kişisən qadınını və namusunu qoru, kişisən yeri gəldi vur! Budur yəni? Kişilik bu deyil. Dörd hərfin altında əslində çox mənalar yatır. Məsələn, kişi ağlamaz, gülməz yerinə ağlamaq da, gülmək də insanların ən təbii haqqıdır deyilib, güclü və ya qorxusuz olmaq yerinə gücünü mərhəmətindən alan, qorxusu sevdiklərini incitmək olan insanlar yetişdirməklə, qadınının namusunu qorumaq üçün onun gözünü bağlayıb mühitdən təcrid etmək, təhsilinə, dostlarına, geyiminə qarışmaq əvəzinə daim onun arxasında olduğunu hiss etdirərək, ayaqları üstündə dimdik dursun deyə dəstək olaraq, pis gündə bir ağlayıb xoş gündə bir gülərək, yeri gəlsə münaqişələr qarşısında qucaqlamanın verdiyi inamı ona öyrədək qorumalı olduğunu dərk edən güclü kişilər həyatları boyunca həqiqi ləyaqət, xarakter və kişilik sahibi olacaqlar.
Azacıq susduqdan sonra əlavə edir:
-Çaya gəldikdə isə özüm çayın dəmini az süzüb rəngini bir az açıq etmişdim ki, tünd çay ürəyə ziyan verir. Sizin kimi əqidəsi qıt, qeybətə meyilli insanların ürəklərini nəinki çayın isidəcəyini düşünmək, qəlblərinin daşlaşmadığına inanmaq da, mənim kimi "gözü açılmamışların"günahıdır, üzrlü sayın.
Eşitdikləri qarışısında şoka düşən Səmayə ayağa durur, başını aşağı salıb bir söz demədən çıxıb gedir.
Danlanacağından ehtiyat edən Gülay anası ilə göz-gözə gəldikdə narahatçılığın boşa olduğunu anlayıb, nəhayət ki, illərdi mentalitetə hopmuş sözlər qarşısında ilk dəfə səssiz qalmadığı və susan qadınların hamısının ürək sözləri olduğu üçün özü ilə qürur duymağa başlayır
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Poçt qutusundan – “Qazilərin Vətən nəğməsi”
“Ədəbiyyat və incəsənət” portalının Poçt qutusunda Mehriban Aslanqızının göndərdiyi bir esse var, “Qazilərin Vətən nəğməsi” adlanır. Buyurun, tanış olun.
Dil açarkən anam dedim, Danışanda Vətən dedim.
Doğmalaşdı ruhumda bu iki söz. Doğulduğum bu torpağın hər yanına Ana yurdum, anam Vətən dedim. Bir göz nədir? Ya ayaq, ya da ki qol itirərəmsə sənin yolunda, qüssələnmə mənim üçün. Məğrur dayan, anam Vətən! Bütün şüurumla söyləyirəm, Qurban olsun sənə canım! Halal olsun sənə qanım!
Qanımızla aldığımız torpaqları - xalı kimi min bir rəngli gen düzləri, zümrüd kimi ormanları, billur sulu o çayları, diş göynədən bulaqları, şiş qayalı zirvələri, dərələri öz gözümlə görə bilməsəm, qüssələnmə mənim üçün. Məğrur dayan, anam Vətən! Əsas odur, Sən mənimsən! Əsas odur, Sən AZADSAN!
O yerlərə daha sənin gözlərinlə baxacağam. Halal olsun Zəfər üçün itirdiyim gözüm sənə! Gözüm nədir? Qurban olum özüm sənə!
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Dövlət “Yuğ” Teatrı premyeraya hazırlaşır
İyulun 8-də Azərbaycan Dövlət “Yuğ” Teatrında “Asılqan” tamaşasının premyerası olacaq.
Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadın” hekayəsinin motivləri əsasında hazırlanan pyesdə Xəlil Cibran, Tomas Eliot, Nazim Hikmət kimi böyük mütəfəkkirlərin və eyni zamanda, müasir ədəbiyyatın ən parlaq imzalarından olan İlqar Kamilin, Bahar Zamanının esse və şeirlərindən istifadə edilib.
Tamaşanın rejissoru Abdulqəni Əliyev, rəssamı Əfşan Əsədovadır. “Asılqan”da onlarca geyim, obraz cəmi iki aktyorun ifası ilə canlanır. Bu mənada tamaşa gənc sənətçilər – Elşən Əsgərov və Ləman Mərrihin olduqca mürəkkəb quruluşda özəl və yüksək peşəkar performansı sayılmalıdır.
“Asılqan” bu mövsümdə “Yuğ” teatrının son premyerası olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başladı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başladı.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, regional mərhələ Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.
Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır.
Festival məkanına gələrkən iştirakçılardan şəxsiyyətlərini təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özləriylə gətirmələri xahiş olunur.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Əlizadə Nuridən “Payız notları”
“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Əlizadə Nuri bu dəfə fərqli ampluada çıxış edir. Şeirini deyil, şeirlərindəki müdrik kəlamları diqqətinizə yönəldir.
1.
Yuxusunda azadlığını görürdü
çərçivəyə salınmış şəkil.
2.
Gül əkmişəm əllərinin ətrinə…
3.
Bəlkə də bir qızın təbəssümüymüş
Sonradan böyüdüb günəş ediblər…
4.
Ölümdən qorunmaq üçün
hamı öz həyatında gizlənib.
5.
Asta- asta yeriyirdi-
qorxurdu ki, yer kürəsi qurtara.
6.
Tanrı bu dünyanı sənə həsr edib…
7.
Adını gülə qoydular-
Gülü bəxtəvər etdilər..
8.
Mən səni bu axan çaydan
bir damla sutək götürdüm…
9.
Sənə bir sirr açım, allah
Ancaq aramızda qalsın…
10.
Üzündə ay doğan qız
O ayın neçəsidi?
11.
Korun gözündə də açılır səhər…
12.
Dünyanın siyasi xəritəsində
Sizin evi küçə- küçə gəzirəm…
13.
Balası sularda batan ana
qəbir kimi qucaqlamışdı dənizi.
14.
Bir qədəh xatirədən
Sərxoş olmaq olurmuş…
15.
Bir ağ göl kimidi göy üzündə ay…
16.
Bir misra yağışda neçə heca var?..
17.
Payızı kim qorxudub-
Heyva-heyva saralıb?
18.
İçinə bir gül budağı düşmüşdü-
bahar gəlmişdi suya..
19.
Hərdən oxuyuram məktublarını-
Yolunu tapmışam diri qalmağın…
20.
Çox adam itirdim bu təklik üçün…
21.
Hər qönçə bir gülün uşaqlığıdı…
22.
Bənövşə boynunu elə büküb ki,
Elə bil onun da atası yoxdu…
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
“Four Daughters”in triumfu - Münhen Film Festivalının qalibləri müəyyənləşib
Münhen Beynəlxalq Film Festivalının qalibi müəyyən olunub. Tunis istehsalı “Four Daughters” sənədli filmi “Ən yaxşı beynəlxalq film” nominasiyasında baş mükafata layiq görülüb.
Oxu.az The Hollywood Reporter-a istinadən xəbər verir ki, Kauter Ben Haniyanın rejissoru olduğu ekran əsəri iki böyük qızı Liviyada İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edən tunisli ana Olfa Hamruninin hekayəsindən bəhs edir.
Qeyd edək ki, sənədli-dram hibridinin premyerası Kannda baş tutub və burada “Ən yaxşı sənədli film” nominasiyasında “Qızıl Göz” mükafatını qazanıb.
Digər hibrid filmin rejissorları Juan Salaviza və Rene Nader Messora “The Buriti Flower” filminə görə “Ən yaxşı inkişaf etməkdə olan beynəlxalq kinorejissor” kimi “CineVision Award” mükafatını alıblar.
Film Braziliyanın kraxo xalqı ilə sıx əməkdaşlıqda çəkilib.
Konqoəsilli belçikalı reper Balojinin uzunmetrajlı debütü olan “Omen” filmi isə “CineRebels Award” mükafatı alıb.
Henninq Bekxoffun qocalmış mədənçi və onun ekoloq qızı haqqında “Fosill” dram filmi “Fipresci” Beynəlxalq Kino Tənqidçiləri Mükafatını qazanıb.
Aki Kaurismakinin “Kuolleet lehdet” əsəri isə təxminən 58 000 ziyarətçinin səsi ilə “Festivalın Tamaşaçı Simpatiyası Mükafatı”na layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)
Könlümün səsinə cavab ver mənim…
Gənclik təravətini qoruyub saxlayan Şəfəq xanımın bu gün 74 yaşı tamam olur
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yəqin ki, indiki gənclər 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində işləyən, şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyli haqqında az məlumatlıdırlar. Onda bir anlıq gözlərinin qabağına retro filimlərimizdən “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qara daşlar” və eləcə də bir sıra digər filmləri gətirsələr, onu tanıyacaqlar. Axı həmin filmlərdə səslənən mahnılar Ənvər Əlibəylinin sözlərinə bəstələnib. İndi də bu nəğmələri sevə-sevə dinləyənlər var. Lap elə bu gündən deyim. Ənvər Əlibəylinin sözlərinə bəstələnən, çox müğənnilərin ifa etdikləri “Sevgilim” mahnısını yəqin ki, 7-dən 77-yə hamı dinləyib. Bu mahnı indinin özündə də toy şənliklərimizə xüsusi rəng qatır. Bax, bu dəfə sizə rəhmətlik Ənvər müəllimin yadigarı- qızı Şəfəq xanım haqqında söhbət açmaq istəyirəm...
Deyir ki:- “Mən xoşbəxt insanlardanam. Çünki elə bir ailədə doğulmuşam ki, orada mənə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar...”
Şəfəq xanım 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. Əvvəlcə 173 nömrəli məktəbdə oxusa da, üçüncü sinifdən təhsilini 190 nömrəli məktəbdə davam etdirib. Beşinci sinifdən fars dilini öyrənməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə qəbul olunub. Oranı “Lenin təqaüdü” ilə oxuyaraq, fərqlənmə diplomu ilə bitirib. Sonra 1973-cü ilədək Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işlələyib. 1973-cü ildə vətənə dönərək, AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlayıb. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində “Fars dilində antonimlərin struktur-semantik təsnifatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk alimlik dərəcəsinə yiyələnib. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil olub və bir ildən sonra həmin fakültəni fərqləmə diplomu ilə başa vurub.
1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı fənnini tədris edib. Eyni zamanda 2004-cü ildən indiyədək AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir.
2010-cu ildən filologiya elmləri doktorudur...
“Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var: “Elm bağçası cənnət bağçasıdır”. Necə də gözəl deyib, həqiqətən də bu bağçaya girənlər xoşbəxtdirlər. Elm şövqü bir Allah vergisidir. Bu yolu tutanlar daima kamilliyə doğru gedirlər...”- söyləyir.
Haqqında sevə-sevə danışdığım Şəfəq Əlibəyli bir başqa aləmdir. Sadə, təvazökar və mehriban. Həqiqəti dilə gətirməkdən çəkinmir. Daxili dünyası olduqca zəngindir. Yüksək müşahidə qabiliyyəti var. Elə ona görə də nə vaxt, nə etmək lazım gəldiyini yaxşı bilir. Kübar xanımdır, davranışı, yüksək mədəniyyəti ilə ürəklərdə yuva qurmağı bacarır. Görün Şeyx Nizami haqqında bir alim kimi nə deyir:
“Şairin yaratdığı hər bir söz qəsri gözəldir, bəs şair bu gözəlliyi necə yaradıb? Bu suala şairin əsərlərinin orijinalının dilinə, üslubuna müraciət etdikdə cavab tapa bilirik. Nizami əsərlərinin orijinalına, gözəl ahəngli farsca mətnə üz tutduqda, sanki şairə bir addım daha yaxın oluruq, onunla üz-üzə dururuq. Müsəlman Şərqinin poeziya dili olan fars dilində şairin seçdiyi sözləri, qurduğu qafiyələri, bəyəndiyi vəznləri eşidirik. Bir daha yada salırıq ki, Nizaminin hər bir əsərinin daxili məzmunundan əlavə, xarisi formasını təşkil edən gözəl bir dil qəlibi, üslub özəllikləri də vardır. Bu qəlib və üslub çalarları bizə Nizaminin şairlik dühası, nəzm istedadı, söz zövqü, poetik duyumu ilə bağlı çox məqamı açıqlaya bilər..."
Bir neçə elmi əsərin müəllifidir. “Антонимы в персидском языке”, “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” və “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət” kitabları ona məxsusdur…
Bəli, gənclik təravətini hələ də qoruyub saxlamağı bacaran bu nurlu xanımın bu gün - iyulun 4-də 74 yaşı tamam olur. Yəqin ki, bu tarixi doğmaları, əzizləri, sevənləri ilə birlikdə qeyd edəcək. Qoy, ürəyimdən qopub gələn bu kəlmələr Şəfəq xanımın ad gününə bir hədiyyə olsun! Axı dünyada insanları sevindirməkdən gözəl nə ola bilər?.
P.S. Şəfəq xanımın ad günü münasibətilə görkəmli müğənnimix Rəşid Behbudovun ifa etdiyi və haqqında bir az öncə bəhs etdiyimiz “Sevgilim” mahnısının sözlərini dərc edirik, əminik ki, oxucularımızın karaokesi başlayacaq.
Bəli, bu füsünkar mahnının ecazkar sözləri Şəfəq xanımın atası Ənvər Əlibəyliyə məxsusdur.
Sən mənə bir dəstə gül verdin, ay qız
Qalmadı nə qüssəm, nə də ki, dərdim.
O gülün yerinə mən sənə, ay qız
Sevgilərlə dolu qəlbimi verdim...
Sevgilim... sevgilim...
Könlümün səsinə cavab ver mənim
Sevgilim, sevgilim
Qəlbimin səsinə cavab ver mənim...
Bu gün sahilə çıxaq yenə gəzməyə,
Saçını darasın qoy sərin külək.
O gülü neylərəm, könlünü ver mənə,
Qoy yenə çırpınsın sinəmdə ürək...
Sevgilim... sevgilim...
Könlümün səsinə cavab ver mənim
Sevgilim, sevgilim
Qəlbimin səsinə cavab ver mənim...
“Ədəbiyyat və incəsənə”
(04.07.2023)