
Super User
Xalq artisti Azər Zeynalovun solo konserti olacaq
Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.
Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.
Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
Şəhidlərimizi tanıyaq: MƏHƏRRƏM SƏMƏDOV
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Tərcümeyi-hal:
Əsgər Səmədov Məhərrəm Elxan oğlu 27.03.2001-ci ildə Maştağa qəsəbəsində dünyaya göz açıb. Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbi bitirib, 2016-ci ildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində avtoelektrik ixtisasına yiyələnib.
Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanan Məhərrəm Goranboy rayonunun Ballıqaya kəndində hərbi xidmət keçmiş, daha sonra Tərtər rayonunda yerləşən “N” saylı hissədə hərbi xidmətini davam etmişdir. Ağdərədə gedən döyüşlərdə qərhəmancasına şəhidlik zirvəsinə ucalan Məhərrəm 24.10.2020-ci ildə Maştağa qəsəbəsində dəfn edilmişdir. Ölümündən sonra "Vətən uğrunda” və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Cəsur Məhərrəm
Səmədov Məhərrəm Elxan oğlu Maştağanın II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən şəhidlərindəndir. Müharibə başlayanda onun təxris olunmasına cəmi dörd gün qalıbmış. Ailə üzvlərinin dediyinə görə o, müharibə başlayanda "Mən şəhid olacağam" deyib.
Uşaqlıqda üzərinə qaynar çay dağıldığına görə bǝdənində izləri qalıbmış. O, hərbi komissiyaya gedəndə elə geyinir ki, ləkələr görünməsin və onu hərbi xidmətə aparsınlar. İlk hərbi xidmət yeri Goranboyda Ballıqaya olmuşdur. Atasının sözlərinə görə Məhərrəm əsgər gedəndən bir həftə sonra atası onun yanına gedir. Məhərrəm hər bir şeydən razılığını bildirir. 3 aydan sonra isə Tərtərə yollanır və buradan da razılıq edir. Axı onun ürəyində istəyi var idi. Bir şeyi ki ürəklə arzuladıqda hər zaman çətinliklərin öhdəsindən gələ bilirsən. Daha sonra cəsur oğul Tǝrtərin Tülkü dərəsi kəndinə yollanır və tez-tez ailəsi ilə əlaqə saxlayır, onları nigaran qoymur. Bir dəfə telefonla danışarkən deyir ki, bizi (2 nəfər) kursa göndərəcəklər, ola bilər bir neçə gün zəng etməyim. Məhərrəm sonrakı zəngində Manqa komandiri olması ilə bağlı xəbəri söyləyir ailəsinə. Noyabrın 10-u məzuniyyətə gəlir və bu onun son gəlişi olur.
Özü də, ailəsi də bunu bilməsə də Məhərrəm, "ata, iyun ayında 2 ci məzuniyyətə gələcəyəm deyir". Lakin karantinlə əlaqəli evə gələ bilmir. Cəsur şəhidimiz artıq günləri sayırdı. Ailəsi ilə görüşə "son aylar qalıb, gələcəyəm" deyirdi. O, hardan biləydi ki,...
Va o gün gəlir. 27 sentyabr və əbədiyyət. Məhərrəm yenə də ailəsi ilə əlaqə saxlayır, hər şeyin yaxşı olacağını deyir. Evə son zəngi oktyabrın 6-ı olur. Nənəsi ilə, atası ilə danışan Məhərrəm ondan sonra bir daha zəng eləmir. Əmisi oğlu və atası qaynar xəttə zəng edirlər, onlara Məhərrəmin sağ olduğu deyilir. Ürəyinə su səpilən ata nə bilsin ki, sonrakı zəng Məhərrəmin şəhid olması xəbərinin zəngi olacaq. Yevlaxdan vətən oğlunun cansız bədəni gətiriləndə onun başında qəlpə yarasının izi olduğu görünür.
Ölümündən əvvəl ona əmanət verilən telefon var imiş. O, yoldaşlarından ayrılıb Cəbrayıla yola düşən zaman bir də geri qayıdıb dostlarının əmanətini onlara qaytarır və onlarla halallaşır. Bütün hərbi hissə onun ürəkli, igid olmasından bəhs edir. Komandirinin sözlərinə görə o, Məhərrəmə getmə deyəndə, Məhərrəm "siz nə danışırsınız, mən Manqa komandiriyəm, necə dostlarımı tək qoyum" deyirmiş. Onun ilk şəhid olma xəbəri, təxmin edilir ki, müəllimi Natiq Quliyevə çatıb. Ondan evlərinin ünvanlarını göstərməsini istəyəndə isə "mən Elxana belə eləyə bilmərəm, deyə bilmərəm"-deyir. Natiq müəllim həm də deyir ki, Məhərrəmin şəhadətinə bütün məktəb həm çox kədərlənir, həm də eyni anda onun kimi bir igid vətən oğlu yetişdirə bildiklərinə görə qürurlanırlar.
Onunla həm bir sinfi bölüşən, həm də böyük qardaşı olan Şahin Səmədovun sözlərinə görə bir çox insan onları əkiz bilirmiş. Şahin qardaşı ilə son dəfə ayın 3-ü və 4-ü telefonla danışıb. Şahin deyir ki, Məhərrəm ona ayrıca zəng edərdi. Onlar həm qardaş həm də dost idilər.
Dostu Həsənağa Zeynalov Məhərrəmlə 5-6 ildir ki, dostluq etdiyini söyləyir. Məhərrəm ona böyük bir sirrini açır və Həsənağa sözünü tutur, dostuna qardaşlıq edir. O, hamıdan fərqli, ürəkli idi deyir. Əlbəttə ki elə də olmalıdı. "Mən şəhid olacam" deyib bunu belə qəbul edən oğullarımız əsil Azərbaycan qəhrəmanları idi. Şəhidlik zirvəsinə hamı layiq görülməz. Zirvən mübarək, şəhidim! Ömrü açılmamış solan şəhidim! Torpaq üçün cavan canını, özünü sipər edən şəhidim! Bakıda böyüyüb qəlbi Qarabağla döyünən şəhidim. Körpə qəlbində kişi qeyrətini ta uşaqlıqdan formalaşdıran ər oğlu, ruhun şad olsun Qanınız yerdə qalmadı. Sizlər zəfərə gedən yolun əbədi izlərisiz. Daima Azərbaycanın qəlbində döyünən qəlb, müqəddəs amalsınız. Siz 1918-ci ildə kəndinə düşmən girməyən mərd kişilərin mərd oğulları, cəsur davamçılarısız. İndisə sizin qoyduğunuz bu yol, aşıladığınız bu vətənpərvərlik hissi hamıya örnək olacaqdır.
Son olaraq məqaləmi bu sözlərlə sonlandırmaq istəyirəm. Hər bir peşə sahibinin borcudur ki, öz peşəsi üzrə şəhidlərinin xatirəsini əbədiləşdirəsi nələrsə etsin, daha çox kəsə tanıtdırsın.
Mən də bu yolda bir mənəvi vəzifəyə yüklənmişəm. Həm qürurla, həm də gözyaşı ilə yazdığım bu yazıları yazanda elə hiss edirəm ki, onlar bunu duyur və bizdən onları daha çox gələcək nəsillərə aşılamağımızı arzu edirlər.
Allah cənnət mələklərimizə rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
DEBÜT: Fatimə Sadıqova, “Melanxoliya”
“Ədəbiyyat və incəsənət” portalının DEBÜT rubrikasında tələbə Fatimə Sadıqovanın özü haqda təqdim etdiyi qısa məlumatı və “Melanxoliya” hekayəsini təqdim edirik.
Günümüzdə haqsızlıqlar az olmur. Bəs onlarla üzləşəndə nə etməli? Hekayənin qəhrəmanı məhz belə bir dilemma ilə qarşı-qarşıyadır.
MƏLUMAT
Mən Fatimə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisası, dördüncü kurs tələbəsiyəm. Yaradıcılığa uşaq vaxtlarından şeir yazmaqla başlamışam, sonradan esse , hekayə, povestlə davam etdirirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən “Meh” Ədəbi Dərnəyinin Nasirlər bölməsinin sədri olaraq çalışır, eyni zamanda bədii qiraətlə məşğul oluram .
MELANXOLİYA
Qapı bərkdən döyülən zaman Samirə təlaşla qapıya tərəf gedib açdı.
- Hansı cəhənnəmdəsən? Səhərdən döyürəm qapını gəl aç da.
- Açdım.
- Yumruğu qoyacam başına, çay süz.
- Hazırdı.
- Hardan bilirsən mən bu vaxt gələcəm? Güdürsən məni?
- Ramal, həmişə deyirsən axı hər şeyi hazır qoyum, çay həmişə də hazır olur, dəmə qoyuram
- Gətir day, az danış, qızılları da qoyarsan.
- Nə qızıl?
- Dedim gətir, deməli gətir, əsəblərimlə oynama !
- Bəsdir, mən sənin pisliklərin üçün heç nəyimi verməyəcəm, yetər müflis etdin hamımızı, bəsdir
- Azz sən mənə səsini qaldırırsan ? Əlimdə qalarsan, sən nə vaxtdan mənim bir sözünü iki etmisən? Mənə gələndə heç belə dil çıxarmırdın, indi biraz əlim aşağıdı, budur sənin yoldaşlığın?
- Evdə körpə vare, sən necə insafsızsan , guya mən bilmirəm o "patı”dı nədi, ondan alıb satırsan?
- Qışqırma, boğaram səni.
- Canımı boğazıma yığmısan, bəsdi, bəsdi.
- Gedib özüm götürərəm.
Ramal Samirənin otağından qızıl qolbaq və boyunbağısını götürüb evdən çıxdı .
2 yaşlı körpənin və Samirənin ağlamaq səsi bütün otağı bürümüşdü. Körpə ana qucağı istərkən, Samirə də ata ocağını istəyirdi. Bura onun üçün cəhənnəmdən betər idi . Daha bacarmırdı. Ailə qurduğu 3 il onun ömründən nə qədər vaxtı almışdı. Ramal Samirənin qardaşı Elşənin dostu idi, evlərinə gedib gəlir, evin içindəki ailə üzvünə çevrilmişdi. Samirənin anası Mədinə xanım Ramalı öz oğlundan ayırmaz, hörmət , etibar edərdi. Qızı peşə liseyindən məzun olandan sonra Ramalın da qıza olan münasibətini gördükdən sonra " tanıdıqları" Ramalla evləndirmək istəyirdilər.
Samirə isə ailəsi necə məsləhət görürsə elə fikirlə onlarla razılaşdı. Ramalın təkcə nənəsi vardı, onu o böyüdüb boya-başa çatdırmışdı. Anası xəstəlikdən ölmüş, atası isə tikintidə işləyərkən başına beton daş düşdüyündən altında qalıb dünyasını dəyişmişdi. Valideynlərlərinin olmaması , nənənin ona çox nəzarət etməməsi, onu "küçə uşağına" , "avaraya" çevirmişdi. Nənəsini və özünü dolandırmaq üçün birtəhər işə düzələn Ramal Elşənlə də maşınqayırma zavodunda işləyərkən tanış olmuşdular. Vaxt keçdikcə "adam" olan Ramalın yavaş - yavaş əlinə gəlir gəlməyə başladı. Nənəsi Samirəni nəvəsi Ramala nişanlayandan sonra onda bir az "məsuliyyət" , bir az da "mədəniyyət" formalaşdı. Özünü məsum kürəkən kimi aparan Ramal içindəki şeytanla hesablaşmalı olurdu. Evləndikdən sonra bəzən iş adı ilə evə gəlmir, ya da gec gəlir , Samirəyə diqqət ayırmaz, bir sözünü təkrar ikinci dəfə dedirdərdi . Gəlin isə ağzını açıb bir kəlmə belə etməzdi.
Samirə hamilə ikən Ramalın nənəsi Samirənin qolları üstə can verdi, səbəb olaraq Ramal bunu gəlində görürdü, lakin yaşına və xəstəliyinə görə nənə dünyasını dəyişmişdi. Samirənin qara günləri sonradan başladı. Ramal həftələrlə evə gəlməz, evə heç nə almaz, gələndə də qızın nəyinisə götürüb aparardı. Samirə isə hər şeyin nə olduğunu anlamışdı. Bir dəfə evə gələndə Ramalın telefonuna "Fexi" adlı adamdan mesaj gəldi, telefon kilidli olduğundan mesajı telefonun üstündən oxuyandan "brat , mal almaq üçün pul lazımdır, pul tap, sabaha çatdır" yazılmışdı . Əvvəlcə anasına demək istəsə də , fikrindən daşınıb, bəlkə başqa şey üçün pul lazımdır deyib heç nə demədi.
Vaxt keçdikcə evdən bahalı əşyalar yoxa çıxırdı, Samirənin cehizlərindən əsər qalmamışdı. Evi Elşən dolandırır, uşağın yeməyini hər şeyini dayısı edirdi. Günlərdən yenə də Elşən bazarlıq edib bacısının evinə gələndə Samirənin üzündəki ləkəni görüb ondan nə olduğunu soruşdu. Başından etməyə çalışsa da qardaşının təkidindən sonra Samirə deməyə məcbur oldu .
- Qaqaş, mən daha dözə bilmirəm, sənin dostundu, sirdaşındı deyib evdəkilər ona etibar etdilər, məni ona verdilər, hayqırmamaq üçün özümü güclə tutmuşam. Uşağın da yeməyini sən aldıqdan sonra, öz övladına atalıq etmədikdən sonra mən nə edirəm onu ?
- Narahat olma, bacı, hər şey yaxşı olacaq.
- Başıma o qədər yumruq vurub ki az qalır huşumu itirəm, mənim körpə balam var, o da atasız, anasız böyüməsin, bizim səhvimizi o çəkməsin
- Dedim də bacı, narahat olma, danışaram onunla.
- Artıq dözə bilmirəm, hər əşyamı satıb "patı”dı nədi, ondan alıb satır, yetər, yetər
- ... sən hardan bilirsən ?
- Bilirəm də bilirəm , bir dəfə mesaj gəldi , bir dəfə də dostu Asim bizə gəldi, ağ toz kimi vasitə verdi ona, qapının arasından gördüm, vallah mən qorxuram (ağlayır)
- Asimin burda nə işi var ?
- Tanıyırsan?
- Yox...hə ... Bizdə işləyib əvvəl.
- Bilmirəm, qaqaş, mən evə gəlmək istəyirəm.
- Bir az da döz, qardaşın həll edəcək.
- Yeganə məsələsi nə yerdə qaldı ?
- Atagil gələn həftə elçi gedəcəklər
- İnşəallah, xeyirli olar, xoşbəxt ol, qaqaş (qucaqlayır).
- Özündən muğayat ol, nəsə olsa zəng elə.
- Sən də, sağ ol, oldu edərəm.
Elşən qapıdan çıxanda dünya başına fırlandı, ola bilməzdi, Asim necə Ramalın evinə gələ bilərdi? Asim ən şərəfsiz, ən murdar adam idi, hər şeydən maddiyat güdər, gənclərin həyatını məhv etmək və bundan gəlir əldə etmək üçün əlindən gələni edər, heç kəsə aman verməz, əksinə bundan ləzzət alardı. Ailə dağıtmaq, başqalarının namusu ilə oynamaq sevimli işi idi. 4 il əvvəl Elşənlə Ramal onun qurduğu tələyə düşmüş, işin içində pul var deyib oğlanları yolundan etmişdi. Asim Ramalı uşaq vaxtından avara kimi tanıyırdı, Elşəni də o yanında gətirmişdi. Gənclərin ən çox toplandığı yerdə təbliğat aparır, mallarını satıb pullarını qazanırdılar. Elşən borca " patı " satdıqca borcları çoxalır, Ramaldan borca pul alırdı, Ramal da bunun əvəzində ailəsinin "doğma adamı" olmasını , "yeznə” olacağını demişdi. Planlaşdırılan kimi də oldu, Ramal Mədinə xalanın və Eldar əminin sevimli "kürəkəni" oldu. Ramalı daxilən tanıyan Elşən idi, göz görə-görə bacısını bədbəxt eləmişdi.
Asimin işçiləri polis tərəfindən tutulmuş, Ramal isə onun izlərindən yaxa qurtara bilməmiş, ondan asılı qalmışdı.
Ramal Elşən gedəndən iki gün sonra evə gəldi . Nədənsə bu dəfə çox səmimi və şən görünürdü. Uşağı ilə oynayır, Samirəyə mehriban davranırdı. Gəlin də qardaşının ona qulaqburması verdiyini zənn edib istehza ilə ərinə baxırdı.
Səhər Ramal heç yerə getmədi, evdə oğlu ilə vaxtını keçirirdi. Oğlu Ruslanın 3 yaşının olmasına az qalmışdı. Bəlkə ilk dəfə idi ki , uşaq atası ilə bu qədər belə yaxın olurdu . Amma bu da sonuncu yaxınlıq, bağlılıq oldu .
Evin içində başlı-başına qalan Ruslan atasının yerdə olan ayaqqabısı ilə oynayırdı, anası mətbəxtdə yemək bişirməklə məşğul idi, atası televizora baxırdı. Samirə yeməyi hazır edib ərinin qabağına qoydu, Ruslanın yanına getdi. Birdən evin giriş qapınsının yanında uşağı uzanmış, ağzı köpüklü halda görüncə ananın halı özündən getdi . Ramal " patı " nı ayaqqabısının içində gizlətmişdi. Ruslan da ayaqqabının içindən onu çıxararaq ağzına aparıbmış. Neçə dəqiqə sonra təsirini göstərib uşağı bu günə qoydu patı. Tez təcili yardıma zəng edib körpəni xəstəxanaya apardılar. Xəstəxanaya Mədinə xala və Elşən də gəldi. Həkim otaqdan çıxarkən " Allah rəhmət eləsin , xilas edə bilmədik " deyib soyuqqanlı şəkildə ordan uzaqlaşdıqda Samirə aldığı xəbərdən huşunu itirdi. Və qızın anası var gücü ilə qışqırıb haray- həşir salmağa başlayanda Elşən onu sakitləşdirmək istəsə də günahsız körpənin bu yaşda zir-zibil ucbatından ölməsi onu incidirdi. Ani olaraq " biz nə elədik?”, "Balaca körpə" , "Bacımın oğlu”, "patı" - beynində bu sözlər səs-səsə verirdi. Elşən xəstəxananın həyətində fikirli halda dayanıb ordan keçən uşaqlara baxırdı, həyətdən çıxıb polis idarəsinin həyətinə daxil oldu. Özü polisə təslim oldu , vaxtilə Asimin işçisi olduğu, Ramalın evdə narkotik vasitə saxlaması , körpə uşağın ölümü - hər şeyi anlatdı. Beyni donmuş , gözləri dolmuş və bərələ qalmış şəkildə , sifəti qıpqırmızı olmuşdu. Vicdanı onu incidirdi. Ramalın, özünün etdiyi səhvin əvəzini Ruslanın ölümü ödədi.
Ramal qaçmağın bir mənası olmadığını görüb həbsxanaya düşməmək üçün özünü həyətdəki tut ağacından asıb intihar etdi . Asim polisin aylarla, çətinliklə axtarış əməliyyatı sayəsində ölkədən qaçmağa cəhd edərkən, Elşən gənclər arasında narkotik vasitələrin yayılması və satışı ilə məşğul olduğu üçün həbs olundu, təəsüf ki , Asimin əlatılarının bəzilərini tapmaq mümkün olmadı, bəd xassəli şiş hüceyrələri kimi ətrafda yayıldıqlarından, hər küncdə - bucaqda göbələk kimi yetişdiklərindən, yaramazların hamısını tapmaq olmadı , Samirə isə bədbəxtliyə tuş oldu , gənclik həyatını qardaşının səhvinə, hərisinə, nəfsinə acı çəkərək qurban verməli oldu . Övladını göz önündə basdıraraq hüznü , kədəri, qəmi qəlbinin ən dərin yerlərinə basdırıb orda dəfn etdi . Samirənin ömrünün bahar açan vaxtlarında hər şey boz , solmuş , hüznlü - melanxoniyaya çevrilib vaxtından tez açan həyat çiçəyini soldurdu.
Bu günümüzün ən aktual məsələlərindən biri də narkomaniyaya qarşı mübarizədir. Narkomaniya fərdin, ailənin, cəmiyyətin, dünyanın mənəvi fəlakətidir.
Narkomaniyanı "xoşbəxtlik" bilənlər, təbliğ edənlər, onu satanlar, istifadə edənlər cəmiyyət tərəfindən "murdar" , "yaramaz" , " iyrənc " hesab edilir və onların öz "cəmiyyətlərində” yeri olsa da, insani keyfiyyətlərə sahib olan şəxsiyyət cəmiyyəti tərəfindən rədd edilir və qəbul edilmirlər . Cəmiyyətdə şəxsiyyətin formalaşmasında əsas nüanslardan: valideynlər öz övladlarına nəzarət etməli , düzgün tərbiyə verməli, ( mənəvi , əxlaqi , əqli, əmək ) dostluq, tanışlıq etdiyi ətrafa diqqət etməlidir. Narkomaniya "insanın" insana etdiyi "topsuz" "tüfəngsiz" mənəvi müharibədir!
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
Qənirə xanımın əziz XATİRƏSİNƏ
Yunus Oğuz yazır
Millət vəkili Qənirə Paşayeva Tovuzun kitabsevərlərilə görüşə dəvət edəndə tərəddüd etmədən razılaşdım. Yayın istisi məni və xanımımı qorxutmadı. Getməyə bilməzdik, çünki yazıçının oxucularla görüşü hər dəfə yeni bir stimuldur. Özü də bu stimulu Tovuz rayonunun cəfakeşi, əhalinin hər dərdinə-sərinə, sevincinə və kədərinə şərik olan Qənirə xanımla bir yerdə alacaqdıq.
Əlimdə yazılar olmasına baxmayaraq, hamısını bir kənara qoyub avqustun 3-də xanımımla Tovuza yola düşdük. Qənirə xanım bizdən bir qədər gec Bakıdan yola düşdü, amma hər saat zəngləşirdik. Hər dəfə də: "Hardasız, aç deyilsiz ki?"- deyə ana kimi qayğımıza qalırdı. Hərdən mənə elə gəlirdi ki, sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan bu XANIM ƏFƏNDİ hər bir azərbaycanlının, hər bir türkün qayğısına qalmağa tələsir, düşünür ki, nə isə etməsə, kiməsə yardım (mənəvi və maddi) əlini uzatmasa fikirləri qarmaqarışıq olacaq, ürəyi təskinlik tapmayacaq, onsuz da az olan yuxusu lap ərşə çəkiləcək. Onu çoxdan tanımağıma baxmayaraq səfər yoldaşlığı insanın yeni keyfiyyətlərini aşkarlayır.
Növbəti zəngində cavab verdim ki, Gəncədə Şeyx Nizaminin məqbərəsini ziyarət edəcəm. Dedi ki, əhsən sizlərə! Gərəkdir ki, hər kəs Gəncəyə gələndə bu müqəddəs yeri ziyarət etsin. Məqbərədə gəzinti insanın aurasını dəyişir, düşüncələrə vadar edir, böyük ustadın əbədiliyini, bizimsə faniliyimizi bir daha düşüncələrimizdə bərqərar edir. Amma bizimlə birgə ziyarətə yetişə bilmədi...
Tovuza maşınla getdiyimizdən yol boyu müşahidə etdiklərimi yazmaya bilmərəm. Yollarımız çox abadlaşıb, ətraf torpaqlar becərilib, ilan mələyən çöllərə su kanalları çəkilib. Bir sözlə bəlkə on illərlə boş qalan torpaqlar canlandırılıb, vacib kənd təsərrüfatı obyektinə çevrilib. Bu vacibliyi ona görə vurğulayıram ki, qeyri-neft sektoru olan kənd təsərrüfatı dirçəlir. Bunu nazirə xoş gəlməsi üçün yazmıram, cənab nazirin hələ görəcək işləri var, axsaq işlərimiz düzələn işlərimizdən çoxdur, amma buz yerindən tərpənib və bu dirçəliş (görəsən köhnə nazir hardadır?) gözgörəsi hiss olunur.
Yolda polisə rast gəlməzsən. Bircə Kürdəmir-Ucar arası məsafədən başqa. Zalım uşaqları iyirmi beş il öncəsi kimi elə yerdə gizlənirlər ki, bir də görürsən ki, Ələddinin cini kimi qarşında zühur etdilər. Ümumilikdə isə gözəldir. Hər dörd-beş kilometrdən bir radar və sürət nişanları qoyublar. Qaydanı pozdun, cərimə evinə gələcək, yaxud telefonunda SMS görünəcək. Hə, arada nömrəsiz maşınlar 150-160-la şütüyürlər. Deyilənlərə görə belə maşınlarla razılaşıblar. Düzünü mən bilmirəm. İstənilən halda yollarımız şüşə kimidir. Amma bu nə qədər çəkəcək bilmirəm. Çünki yükçəkən maşınların məntəqələrində bir dənə də olsun maşın görmədik, baxmayaraq ki, Şağman və KAMazlar yollarda kifayət qədər idi.
Ucardan sonra Yevlaxda "Kür" qəzetinin baş redaktoru Əminə xanımla danışmaq istəsəm də telefonu bağlı idi. Ona kitab söz vermişdim. Yaydı, görünür, məzuniyyətdə olduğundan dağlara çəkilib.
Gəncəyə çatanda maşını birbaşa məqbərəyə sürdük. Məqbərəni və muzeyi ziyarət etdik. Oranın işçiləri bizi tanıdılar. Hələ bir gileylərini də etdilər ki, bəs ziyalılarımız rəsmi tədbirlər olmasa sizin kimi fərdi qaydada ziyarətə gəlmirlər. Gileyi qəbul etdim. "Keşmişi gələcəyə öturməyin bir yolu da budur. İnsanlarımız qaloş pirinə gedirlər, amma Şeyxin - dahi söz ustasının ziyarətinə gəlmirlər. Sözü anlamayan əşyanı özünə büt edəcək. Bu da nəticədə milləti ruhundan uzaqlaşıb bizi meşşana (əşyalara aludə) çevirəcək. Ondan sonra bizi qapazaltı etmək heç də çətin olmayacaq". Bu fikirləri də özlüyümdə Şeyxin qəbri üstə söylədim.
"Şeyxin ərəblərlə qohumluğu varmı, uzaqdan-yaxından olan bir bilgi varmı?" Bələdçi bu sualıma gülümsündü və söylədi ki, yox. Söhbətin davamını mən etdim. Dedim: "Ona görə Şeyx Nizami deyirlər ki, o sözün və qəlblərin Şeyxidir". Bu fikirdən özümün də xoşum gəldi. Onlara da kitablar (əsasən də "Atabəy Eldəniz və "Nadir şah" romanlarımı - çünki birincidə Şeyx Nizami obrazı, hər ikisində isə Gəncə təsviri vardı) hədiyyə edib yolumuza davam etdik.
Qoşa yol bitdi. Gəncədən sonra, amma iş gedirdi və deyirdilər ki, ta Qırmızı Körpüyə qədər qoşa yol çəkiləcək və bunun da əyani şahidi olduq.
Şəmkirdə bizi başqa aləm gözləyirdi. Yol boyu istixanalar göz oxşayırdı, özü də sayı-hesabı yox idi. Şəmkirlilərə halal olsun! Çalışqandırlar. Nə deyirsən yetişdirib Rusiyaya göndərirlər. Burdakıları da, ordakıları da işlə təmin edirlər, dolandırırlar.
Gəlib Tovuza çatdıq. Şəhər təmizdi, insanları mehriban və səmimidirlər. Şəhərdə hamı bir-birini tanıyır deyə nabələd adam dərhal tanınır, xoş rəftarları ilə qonağı bir az da utandırırlar.
Qənirə xanım öncədən söyləmişdi ki, Tovuzda "Ayan" palasda qalacaqsınız. Gözəl, beş ulduzlu oteldir. Qədim arxitektura ilə tikilib. Möhtəşəmdir. Qiymətləri də Göy-Göl turist marşrutları üstündə olan otellərdən iki dəfə ucuzdur, xidmət keyfiyyəti də iki dəfə artıq. Burda hiss edirsən ki, sənə qonaq kimi yanaşırlar, cibi dolu olan pullu adam kimi yox. Hətta xanımım İstanbul və Tovuz otellərini müqayisə etdi. İkisi də eynidir. Biri dünyanın böyük meqapolisi, o birisi isə Azərbaycanda əyalət şəhəri, amma fərq yoxdur. Ölkəmiz beləcə göz görə-görə dəyişir. Otelin qarşısındakı Heydər Əliyev parkı göz oxşayır. Təmiz və səliqəli bir park. Axşam olan kimi bura adamla dolu olur. Parkın içində göl və süni bir ada salınıb. Bura tovuzluların istirahət etmək üçün sevimli yeridir. İnsanların üzlərinə tez-tez baxıram. Aqressivlik hiss etmirəm. Gündəlik qayğılarının biri də, bəlkə bura gəlməkdir ki, qayğı istirahətə çevrilsin.
Heç otelə yerləşməmiş Qənirə xanımdan zəng gəldi. Dabanbasma özünü yetirmişdi...
...Tovuzlu dostlarım bilirdilər ki, buralara gələcəm. Zəng zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə təşəkkürümü bildirib, Qənirə xanımın "sərəncamında" olduğumuzu dedim. Ta neyləyə bilərik? Başqa cürə mümkün deyildi axı, oxucularla görüşə gəlmişik, özü də Qənirə xanımın təşəbbüsü ilə.
...XANIM ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi: Tovuzun füsunkar gözəlliyi ilə seçilən Əsrik meşəsinə yollanırıq. Yolda Qənirə xanım Tovuz və insanları haqqında şövqlə və fəxrlə danışır, hiss edirəm ki, buralı olmağı ilə qürurlanır. Amma telefon hər üç dəqiqədən bir "qışqırır". Arada öz-özümə deyirəm ki, Allah eləməsin,telefon bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə xanım Tovuzdadır.
Bəhanə ilə yeməyə gəlib onunla görüşənlərin də şahidi olduq. Əvvəl şəkil çəkdirib, sonra da problemlərindən danışırlar. Onu gözaltı izləyirdim. İnsanları səbrlə, aramla dinləyir, hər kəsin dərdinə əlac etməyə calışırdı. Əsəbləşən görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə onun qəti barışmazlığını gördüm: biri övladının ön cəbhədən başqa yerə köçürülməsi xahiş ediləndə onun qəti cavabı sərt şillə kimi xahiş edənin üzünə çırpılırdı: "Nədi, sənin uşağın olmazsa, o biri ananın uşağı olmazsa, bəs bu sərhədləri kim qoruyacaq?" Düz də deyirdi. Halal olsun! İkincisi, təhsil, ali məktəbə qəbulla bağlı edilən xahişlərə qəti rədd cavabı verirdi... "Oxuyaydı, yüksək bal toplayaydı. Milləti cahillikdən yalnız oxumaq qurtara bilər!" Bu da onun sözləridir.
...Əsrik meşəsinin şırıltılı çay suyunun səsi altında özümüzü təbiətin içində əritmək, bir anlığa buranın gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də sayı-hesabı bilinməyən istirahət yerləridir. Tovuzdan və ətraf yerlərdən gələn qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi Ermənistan əraziləridir. Sevindirici haldir ki, tovuzlular bir qarış torpaq da ermənilərə verməyiblər. Eşq olsun tovuzlulara!
...Qənirə xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən, tarixdən, etnososial psixologiyadan, keçmişimizin və bunun gələcəyə daşıyacağı problemlərdən danışırıq. Çox hazırlıqlıdır. Hansı əngəldən söhbət edirsə, əvvəlcə onun skeletini qurur, sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini bildirir. Hiss edirəm ki, mənim və xanımımın belə söhbətlərə ehtiyacı olduğu kimi, onun da belə mənəvi mükamiləyə ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə çıxardırıq.
Söhbəti yaslarımız və toylarımızın üzərinə gətirəndə bizi düşüncələrimizdən və söhbətimizdən dağlara səs salan qara zurnanın və davulun səsi ayırdı. Daha danışmayıb diqqətimizi qara zurnaya kəsdik. Allah, burada nələr yoxmuş?! Qara zurnanın səsi şəhərdə və tarixdə itmiş ruhunu özünə qaytarır. Sən musiqiyə qoşulub itmiş, çox zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa başlayırsan. Bu səs səni qəhrəmanlıq, müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz dünyaya aparır. Burada saflığının beşiyindəsən, törələr sənin başının üstündədir, heç kimin bu törələri pozmağa, ayaqlayıb keçməyə ixtiyarı yoxdur. Yazılmamış qanunların pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq edir ki, yolunu azmayasan, yatmayasan.
Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən ayrılaraq xanımların yanına qayıtdı. Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə xanım zarafatıma tovuzluların bir məsəli ilə cavab verdi. ...Xeyli güldük.
Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər də öz yerində. Öz-özümə sual verdim: "Niyə toylarımızı gəlib bu dağlarda etmirik? Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi kor etsin. Niyə hamımız şadlıq saraylarına qaçırıq?" Özüm də cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi istəmirik. Axı bunun üçün qonum-qonşu tökülürdü toy sahibinin evinə, bir ay öncədən hazırlıq gedirdi. İndi hər şeyi özün təkbaşına edirsən. Əvəzində isə doğmalıq, təmas, səmimiyyət, saflıq əlimizdən alınır". Heç bunu düşünmürük...
Musiqi sədası altında Tovuza otelə dönürük. Parkda gəzməyə imkan vermirlər. Yenə də fotosessiya.
...Yolda millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir, çox zaman da kimlərinsə problemini həll edir.
Gecə yarıdan keçib, başımız söhbətə necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv salırıq. İntellektual söhbətə çay süfrəsinin arxasında polis rəisi, səhəri gün isə tədbirdən sonra icra başçısı da qatılır...
Gecə yarısı bizdən sonra hara getdiyini səhər tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə dərd ovutmağa getmişdi. Bax belə.
Onu da deyim ki, tədbir möhtəşəm idi, həm insan axını, həm də Azərbaycanın ən qədim təhsil ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdə keçirilməsi məclisə xüsusi rəng qatırdı. Hiss edirsən ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək həvəsi var, oxumaq onlar üçün gələcək deməkdir. Kaş bütün Azərbaycanda belə olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız da möhtəşəm oldu. Xalqın başa düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar danışmaq xalqla ziyalılar arasında körpü və doğmalıq yaradır və hamını dövlətə, vətənə, millətə daha sıx bağlayır. Çıxışımda dediyim kimi: "Tarix sevgi ölçüsüdür!"
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
“Daha sağlam həyat tərzi üçün gənclər ən birincisi mütaliə ilə məşğul olmalıdırlar” - MÜSAHİBƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Salam, hər vaxtınız xeyir, dəyərli oxucular. Bugün Qonaq otağında Azərbaycan xalqı üçün müxtəlif sahələrdə olduqca böyük işlər görmüş biri ilə həmsöhbət olacağıq. Qonağımız Müqamət Əliyevdir.
-Xoş gördük, Müqamət bəy. Qısa bir söhbətdən öncə sizi tanıya bilərik?
-Salam, xoş gördük. Mən Müqamət Əliyev. 2018-ci ildən günümüzə kimi Azərbaycan Ciu-Citsu karate Fedrasiyasında Departament rəhbəriyəm. 2019-cu ildən hal hazıra kimi Azərbaycan Döyüş Fedrasiyaları Assosiyasında Mədəniyyət komitəsinin sədri, 2020-ci ildən hal hazıra kimi
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında, Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında qrup üzvüyəm. Eyni zamanda 1999-cu ildən günümüzə kimi də Gənc Vətənpərvərlər İctimai Birliyinin yaradıcısı və sədriyəm.
-Gənc Vətənpərvərlər İctimai Birliyinin əsas məqsədi nədir? Burada siz necə layihələr həyata keçirirsiniz və gənclərin marağı hansı dərəcədədir?
-Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhuna malikdir. Ölkə gəncliyinin Ermənistan tərəfindən işğal etdiyi torpaqların azad olması və Dağlıq Qarabağ istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərməsi onların milli ruhda tərbiyə aldıqlarını bir daha təsdiq etdi. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək mümkünsüzdür.
Gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksək olması ordunun gücünə birbaşa təsir edir. Gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir. Dövlətimizin bu istiqamətdə indiyə qədər gördüyü işlər olduqca müsbət nəticələr verib. Bu gün gənclərimizin vətənpərvəlik hissi arzuolunan səviyyədədir. İstər Aprel döyüşlərində, istərsə də vətən müharibəsində düşmənin bütün mövqelərini darmadağın edən biz cəmiyyətimizin, xüsusilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq. Biz də müxtəlif tədbirlər, fəaliyyətlər, məlumat xarakterli görüşlər keçirərək bu sahədə gəncləri maarifləndiririk. Bu məsələdə rəsmi qurumlar da olduqca dəstək göstərir.
-Eyni zamanda Narkomaniyanın qarşısının alınması ilə bağlı da müxtəlif işlər gördüyünüzü qeyd etdiniz. Bu haqda məlumat ala bilərik?
-Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən narkotik vasitələrin əzabını yaşamaqdadır. Hər bir dövlət öz əhalisi arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir. Bu isə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən faciədir. BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrasına dövlət qurumları ilə yanaşı geniş vətəndaş cəmiyyəti, o cümlədən Gənc Vətənpərvərlər İctimai Birliyi də qoşulub və narkomanlığa qarşı mübarizəyə dair QHT Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə uğurla layihələr icra edir.
-Bəhs etdiyiniz layihələrə nələr daxildir?
-Ölkənin müxtəlif bölgələrində, təhsil müəssisələrində: universitet və məktəblərdə və sair məlumatlandırıcı layihələr həyata keçiririk. Azərbaycan dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisadiyyat, Azərbaycan Dövlət Pedoqoji Universitetləri və başqa bir çox universitetlər bu mövzuda bizə olduqca böyük dəstək verirlər.
Bu tədbirlər sadəcə Narkomaniyanı mövzu götürmür. Eyni zamanda milli dəyərlərimiz, narkomaniyanın gətirdiyi nəticələrin fəsadları, ailə daxili problemlərə də toxunulur.
-Ümumiyyətlə daha sağlam bir həyat tərzi üçün gənclər nə ilə məşğul olmalıdır?
-Ən birincisi mütaliə ilə. Sağlam ruh sağlam bədənin təməlidir. İkincisi, mütləq şəkildə hər hansı bir idman növü ilə. İdman sağlamlıqla yanaşı özünümüdafiə sənətidir və hər bir şəxsiyyət üçün gərəklidir.
-Gənclər sizcə öz sağlamlıqlarına, eyni zamanda bəhs etdiyiniz layihələrə yetərincə maraq, dəstək göstərirmi?
-Əlbəttə! Hətta deyərdim ki, gənclər özləri də yaşıdlarına yardım etmək, bu məlumatları daha böyük kütlələrə çatdırmağa çalışır, can atır. Birliyimizin olduqca geniş gənc dəstəkçisi, kütləsi vardır.
-Bu olduqca sevindirici haldır. Məlumatlar üçün təşəkkür edirik, Müqamət bəy. Sizinlə həmsöhbət olmaq xoş oldu.
-Mən təşəkkür edirəm. Azərbaycan gəncliyinə və bütün gənclərimizə tərtəmiz bir gələcək arzu edirəm. Onlar bizim gələcəyimizdir.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
Xoşbəxtliyin Sirri
(“Hərbidən Qeydlər” kitabından)
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Görəsən, harda səhv etdim, nəyi səhv elədim, bu sualları hər zaman özümə verirəm. Bizə mane olan hansı problemlərdir? Bu problemlər bizi qabağa getməyə qoymur. Bəs bu probləmlər bizdən asılıdırmı?
Hər şey bizdən asılı olmalıdır. Yoxsa qabağa gedə bilmərik. Biz heç kimdən və heç nədən asılı olmamalıyıq. Əgər kimdənsə asılı olacağıqsa qabağa getməyə yox, onun tapşırdığı yerlərə addımlamağa məcbur qalacağıq.
Hər zaman irəli addımlamalı deyilik. Bəzən lazım gəldikdə addımı geriyə, bəzən sağa, bəzən də sola atmalıyıq. Bildiyim bir şey var ki, nə olursa olsun, heç vaxt yerimizdə dayanmamalıyıq. Yenilik üçün dağa-daşa çırpılmalı, özümüzü hər vəziyyət üçün hazır saxlamalıyıq.
Düz deyiblər ki, həyat bizə limon verirsə, ondan limonad düzəltməyi bacarmalıyıq.
Nə vaxtsa varlı olmaq istəyirik. Ancaq bunun üçün şəraitimizin olmamasını bəhanə edirik. Günahlandırırıq ki, pulumuz yoxdu, mən həmin şəraitə uyğun deyiləm. Əslində, geriyə dönüb baxdıqda varlanmış bütün insanların əksəriyyətinin belə şəraitsizlikdən çıxdığına şahid olarıq. Bu insanların heç birinin başlamaq üçün maddi vəsaitləri olmamışdı. Çox şeydən məhrum qalmışdılar. Lakin yaranmış şəraiti dərk edərək həyatın onlara vermiş olduğu bütün fürsətləri düzgün qiymətləndirmişlər. İşə başlamaq üçün heç vaxt əllərində böyük pul olmasını gözləməmişlər. Boş oturmayıb, gedib o pulu qazanmaq üçün çalışmışlar.
Çalışmışlar...
İşləmək və çalışmaq arasında fərq var. Pul üçün işləmək və öz işini düzəltməkçün pul qazanmaq arasında da fərq var. Pul üçün işləmək dəyərsizdir. Bu sadə dolanışıq üçün aylıq maaş deməkdir. Hansı ki, bütün ayı işlədikdən sonra quru maaşa baxırsan. Əslində isə bu maaşa görə axmaq kimi ora-bura qaçdığının fərqinə belə varmırsan. Sənin üçün önəmli olan sadəcə həmin maaşı əlində tutmaqdır.
Öz işini düzəltmək üçün pul qazanmaq ətrafda baş verən hər bir şeyi düzgün qiymətləndirə bilmək deməkdir. Puldan baha və vacib şeylərin var olduğunu bilmək deməkdir. Zamanın puldan daha qiymətli olduğunu anlamaqdır. Və ən əsası o pulu əldə etmək üçün axmaq kimi ora-bura qaçıb işləmək yox, ağlını işlədərək o pulu qazanacağını bilməkdir.
Varlılar nəyə görə varlıdır? Çünki, onlar kasıblar kimi düşünmür. Onları varlı edən pulları yox, ağıllarıdır. Özləri də yaxşı bilir ki, bu pulu itirsələr belə yenidən daha da artığını qazana bilərlər.
Varlı insanlar pula yox, ağıla, zamana və yerə qiymət verirlər. Siz yatmış olduğunuz vaxtlarda onlar özlərini təkminləşdirmək üçün çalışırlar, öz istirahət vaxtlarında belə durmadan düşünüb, öz üzərlərində işləyirlər.
1- ci tip insanların əlinə pul düşən kimi o pulu kefə istirahətə xərcləməyi düşünürlər. Bu tip insanlar cahil və kasıb təbəqə adlanır.
2- ci tip isə varlı və ağıllı təbəqə adlanır. Onlar öz istirahətlərini gördükləri işə görə təyin edirlər, özlərinin işi onların istirahətinə çevrilir. Gördükləri hər bir işi istirahət və əyləncə kimi qiymətləndirə bilirlər. Bax bütün bunlara görə onlar varlanır və varlanmağa da davam edirlər.
Stiv Cobsun belə bir sözü var: bu dünyanı dəyişəcəyinə inanacaq qədər çılğın olanlar onu dəyişənlərdir. Onları söyə bilərsiniz, onları qəbul etməyib bir qırağa ata bilərsiniz, amma qəbul etməli olduğumuz bir şey də var ki, bu insanlar əsl dahilərdir. Çünki, onlar oluna biləcək bütün çılğınlıqları gözə ala bilənlərdir.
Bütün bunları düşünərək gəlib çatırıq başqa bir məsələyə.
Qınaqlar.
Bu çılğınları ilk başlarda heç kim qəbul edə bilmir. Onları əzir, başlarından vurmağa, sözlərini kəsməyə çalışırlar. Ancaq onlar nə edirlər? Xeyr, sözlərini dəyişmir, olduqları yeri dəyişməyə çalışırlar. Beləcə öz dünyalarını qurmağa başlayırlar. Onlar nə edirlər? Bu daşlardan özlərinə zirvəyə gedən yol üçün pilləkən düzəldirlər. Atılan daşları birləşdirib öz heykəllərini yaratmış olurlar. Sonra nə olur? İnsanlar bu zirvəyə baxıb onlara həsəd aparırlar. Yaratmış olduqları heykələ yəni şəxsiyyətə baxıb onlara oxşamağa çalışırlar.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
Xuastuanift abidəsi (Peşmanlıq duası) - Türk xalqları mədəniyyəti layihəsində
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizlərə adı qəliz səslənən Xuastuanift abidəsi barədə danışacağam. Söhbət türk xalqlarından olan uyğurlara aid çox zəngin bir nümunədən gedəcək. Yaxın oturun!
S.Y.Malov bu abidəni «Manixeylәrin peşmanlıq duası» adı ilə nəşr etmişdir. Əsərin yazılma, daha doğrusu qədim uyğur dilinə tərcümə edilmə tarixi mübahisəlidir. Abidənin ilk tədqiqatçısı V.V.Radlovun fikrincə, bu abidə V əsrdə tərtib edilmiş və ya qədim uyğur dilinə tərcümə edilmişdir.
O belə bir faktdan çıxış edir ki, «Xuastuanift» abidəsinin dili həm lüğət tərkibinə, həm də qrammatik quruluşuna görə göytürk abidələrini xatırladır. L.V.Dmitriyevanm fikrincə, bu abidə VII və ya VIII yüzillikdə fars dilindən uyğur dilinə tərcümə edilmişdir. Ə.Şükürlü V.V.Radlov və S.Y.Malovla razılaşaraq yazır ki, «Xuastuanift» abidəsinin doğrudan da tərcümə əsəri olduğunu təsdiq etmək olur, çünki abidənin dilində əski uyğur ədəbi dilinə yad olan cümlə növləri və eləcə də İran sözləri mövcuddur. Lakin bu əsərin islam dini yayılmayıncaya qədər meydana çıxması haqda yürüdülən fikir və mülahizələr daha çox ağlabatandır. «Xuastuanift» əsərinin üç nüsxəsi bizə qədər gəlib çatmışdır. Bunlardan ikisi mani əlifbası ilə yazılmışdır: biri Londonda, digəri Berlində saxlanılır. Qədim uyğur əlifbası ilə yazılmış nüsxə isə Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunun kitabxanasında mühafizə edilir. Hər üç nüsxə kəsirlidir. Mani əlifbası ilə yazılmış Berlin nüsxəsində söz sonunda qapalı saitlər (ı, i, u, ü) qoşa yazılır. Məsələn: terjrii, karaluu.kәnçüü, simpii. Saitlərin belə qoşa yazılması, görünür, onların uzun tələffüz olunduğunu göstərmək üçündür. saitlərin qoşa yazılması hadisəsinə «Irk bitig» («Falnamә») əsərində də (əsər göytürk əlifbası ilə yazılmışdır) rast gəlinir. Berlin nüsxəsində bir sıra hallarda a, e, i saitlərindən sonra söz sonunda h hərfi əlavə edilir: haçah, teıjriih, yekliişh və s. «Xuastuanift» abidəsinin dili bir sıra xüsusiyyətlərinə görə qədim uyğur abidələrinə bənzəyirsə, bir sıra xüsusiyyətlərinə görə hələ də göytürk yazısı abidələri ilə eynilik təşkil edir. «Xuastuanift» əsərində say sistemi də göytürk abidələri dilinin say sisteminə bənzəyir. «Xuastuanift» əsərində fars dilindən almma sözlәr (mәsәlәn: fәrzәnd, «oğul», dintar «dindar», monastr «monastr» vә s.) çox işlənir. Sadalanan xüsusiyyətlər aydın surətdə göstərir ki,
1)«Xuastuanift» əsərinin tərcüməçisi nümunə kimi göytürk əlifbası ilə yazılmış abidələrdən istifadə etmişdir;
2)abidə Göytürk xaqanlığı süquta uğradıqdan, yəni 745-ci ildən sonra meydana gəlmişdir.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
ƏN ÇOX DANIŞILAN: dünyanın ən bahalı ərzağının əsas idxalçısı qonşu İran imiş
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz İranı əsasən siyasi motivlərlə tanıyırıq. Azərbaycanın Güneyinə yiyələnməsi, soydaşlarımızın hüquqlarını pozması, Qarabağ müharibəsində erməniləri dəstəkləməsi, ABŞ kimi dünya nəhəngi ilə kəllə-kəlləyə gəlməsi, nüvə daşıyıcısı olaraq insanlığa təhlükə törətməsi, insan azadlıqlarını boğması və s. və i.
Təəccüblüdür ki, İran dünyanın ən bahalı ərzağının əsas ixracatçısıdır. Söhbətimiz bu barədə olacaq.
Euronews kanalından nümayiş etdirilən bir süjet hədsiz marağıma səbəb oldu. Sonradan bu xəbərin dünya saytlarında ən çox tirajlandığının da şahidi oldum.
Sizcə, ən bahalı qida hesab edilən qara kürü haqqında danışırıq və ixracatçı İranın Rusiya ilə müqayisə edərək üstünlüyü barədə mübahisə etməyə hazırlaşırıq? Sizi məyus etməyə hazıram. Bəli, qara kürü zəngin insanlar üçün bir ərzaq məhsuldur. Ancaq lap zəngin insanlar qara kürü deyil, ağ kürü yeyirlər.
Ağ kürü qaradan daha bahalıdır və daha dadlıdır. Qaradan daha eksklüzivdir. Və hətta bütün varlı insanlar onun qiymətini ödəyə bilməzlər, çünki bir kiloqramın dəyəri 25 min dollardan başlayır.
Bəli, İran dünyanın aparıcı ağ kürü istehsalçısıdır. Pilotsuz təyyarələrdən sonra İranın ən qiymətli ixracatı məhz ağ kürüdür.
Yəqin ağ kürü barədə çox az adam məlumatlıdır. Nədir o?
Məşhur Beluqa - nərə balığının bir növü qara kürü verir, bunu hamınız bilirsiniz. Ağ kürü, əslində, qara Beluqa kürüsünün bir dəyişikliyidir. Ancaq fərq ondadır ki, onu adi Beluqadan deyil, qeyri-adi ağ rəngdə olan albinos Beluqadan alırlar.
Və kürü də tünd boz deyil, ağ rəngdədir.
Birincisi, albinos Beluqa olduqca nadir balıqdır.
İkincisi, nisbətən gec (digər nərə balığı ilə müqayisədə) kürü verməyə başlayır.
İranın bəxti onda gətirib ki, albinos Beluqalara Xəzərin nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan sularında rast gəlməzsən. Yalnız İran ərazisi sayılan Xəzər sularında yaşayan bu nadir balıq İran dövlətinin rəsmən sərvətidir.
İran ixrac üçün satılan bu nadir kürünün miqdarını ciddi şəkildə kvotalayır, çünki ölkə daxilində qəşəng həyatın zəngin pərəstişkarları var. Hakim molla rejiminin yüksək eşalonu bəh-bəhlə ağ kürü yeyir, eləcə də dünyanın Forbes milyonçuları siyahısında qərarlaşan zəngin əcnənilər bu ləziz təama üstünlük verir.
Bütün bunlar dünya bazarında inanılmaz dərəcədə az miqdarda ağ kürünün çıxması ilə nəticələnir (mütəxəssislərin fikrincə, İrandan ildə yalnız 10 kiloqram ağ kürü ixrac olunur). Və buna görə, bu nadir ləzzət üçün yüz qaramlıq bankaya 2500 dollar ödəmək lazım gəlir.
Əgər Bakı zənginlərindən ağ kürü dadanlar varsa, lütfən onin dadını yazıb bizimlə bölüşsünlər. Adlarını açıqlamarıq, narahat olmasınlar.
Halva-halva deməklə ağız şirin olmaz deyirlər. Amma ağ kürü, ağ kürü deməklə ən azı təsəvvürümüzdə özümüzü ağ adamlar sırasında görə bilərik.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
Güney Azərbaycanın xanım şairi Məryəm Gözəlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri Məryəm Gözəlinin şeirləri ilə tanış edəcək.
Məryəm xanım Gözəli 1984-cü ildə Təbriz şəhərində doğulmuşdur. Onun şeirləri güneydə müxtəlif qəzetlərdə, jurnallarda, ədəbi saytlarda dərc edilmişdir.
SEVGİ NƏDİR?
Sevgi nədir, bilirsənmi?!
Quş qanadı, yaz səsidir.
İki ruhun bir ürəkdə,
Çırpınması, əsməsidir.
Sevgi nədir, bilirsənmi?!
Könüllərin coşmasıdır.
Bülbüllərin tər çiçəyə,
Həzin nəğmə qoşmasıdır.
Sevgi nədir, bilirsənmi?!
Odlu yoldur haqqa bağlı.
Sevilənin qəlbi daşdan,
Sevənlərin könlü dağlı.
Sevgi nədir, bilirsənmi?!
Qutsal inam, təməli düz.
Ağlar gözün damcısına,
Sinəsini sərəcək üz.
Sevgi nədir, bilirsənmi?!
Gizli-gizli yada düşmək.
Ya dəlicə bir insanı –
Sevib, yanar oda düşmək.
SƏNSİZ YAŞAMAĞI BACARMAQ
Nədən xatırlasın, nəyi ağlasın?!
Arzusu heç olan bəlalı könlüm.
Əlini üzəndən, ayağa düşdü,
Çılğınca vurğunun olalı könlüm.
Ürəyimdə sənsiz illər ötüşəm,
Yaradır, həsrətdir, bəlkə də nifrət.
Məndən uzaq, səndən yaxın bir dünya,
Titrədir qəlbimi, qopur qiyamət.
Bitsin bu həsrətin kabusu, yetər
Sənsiz yaşamağı bacaram gərək.
Artıq öz qaydıma qalmalıyam mən,
Mənsiz ürəyində qalsa da ürək.
Bu sevgim yadına düşər, ağlarsan,
Məzarda gözümə torpaq atanda.
Əlin əllərimi istər, yetişməz
Soyuq torpaqların altda yatanda.
QADIN
Ürəyi içinə uçan ay qadın,
Nə üçün həsrətə könlünü verdin?
Həyat öz qəmini daşısa bəsdir,
Köçəcək özünlə məzara dərdin.
Dərdini kim qanıb başa düşəcək?
Bütün hesabını həyatdan ayır.
Xalların gözünlə əkiz doğulub,
Hörüyünə qəmli gecə oxşayır.
Yanan ürəyini söndürmək üçün,
Yalnız gözlərindən pay ummalısan.
Haqsızlar qarşında halal haqqına,
Çarasız-çarasız göz yummalısan.
Yanıb-yaxılıbsan yanar odlara,
Gülməz dodaqların, açılmaz eynin.
Ümidsiz yaşayıb düşdün ayaqdan,
Dolubdur qaranlıq sabahla beynin.
HEÇ İŞİN GƏLMƏDİ XOŞUMA DÜNYA
Xəyalında sitəm, ürəyində kin,
Unutdun şərəfi, arını yedin,
Həyatın ağ günün, qəlbin sevincin,
Ömrümdən, günümdən daşıma dünya;
Heç işin gəlmədi xoşuma dünya.
Göz etdin gözünə yaman gözlünü,
Xalqa hakim etdin acı sözlünü,
Üzünə, üz tutdun hər min üzlünü,
Üzümdən arımı qaşıma dünya;
Heç işin gəlmədi xoşuma dünya.
Haq söz boyaxlanıb satıldı əldə,
Qananlar boğuldu gözündə seldə,
Elin ağır yükü yer saldı beldə,
Yığdın nə dərd varsa başıma dünya;
Heç işin gəlmədi xoşuma dünya.
Üzün min üz görüb, hər işin oyun,
Nə zatın bəllidir, nə də ki, soyun
Yasa qərq eyledin çox igid toyun,
Ağını caladın aşıma dünya;
Heç işin gəlmədi xoşuma dünya.
Dilim həsrət qaldı dadlı dadlara,
Varlığım alışdı, yandı odlara,
Vətən oğulların əydin yadlara,
Baxmadın gözümdə yaşıma dünya;
Heç işin gəlmədi xoşuma dünya.
QİSAS
Ürəyim dağ, gözüm bulud,
Güləm, şaxta kəsir məni.
Duy məni sən təbiətdən,
Dinlə, lalə əsir məni.
Hər insanın həyatının,
Bənzəri var təbiətə.
Sanki mənəm sarı yarpaq,
Pay olmuşam bu dəhşətə.
Dondurduqca buzu şaxta,
Daş ürəklər gözdən keçir.
Arı güldən şəhd əmən tək,
Qanımı bu yaşam içir.
Gülüşlərim yaz çiçəyi,
Göz yaşlarım gül üstə nəm.
Həyat gündür, ömrümsə qar,
Gün dəydikcə yanır sinəm.
Şimşəklərdir hönkürməyim,
Ağlayarkən için çalar.
Xəzan mənim yaşamımdır,
Qisasını yazdan alar.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)
“Cümə günü Əbülfətqızının 10 sualı”nda qonaq Habil Yaşardır
Bu dəfə " Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının qonağı gənclər tərəfindən çox sevilən yaradıcımız Habil Yaşardır.
Xoş gördük, Habil bəy. Əminəm ki, suallarımıza verdiyiniz cavablar maraqlı və mənalı kitab kimi xoş təəssürat yaradacaq. Beləliklə, birinci sualımız özünü çatdırdı.
1)Habil bəyin fikrincə, insan təbiətinin ən faciəvi məqamı nədir?
Nadanlıq...
2)Habil Yaşarın Xəzərə üz tutub:
" Bəlkə, mən özüm anlaşılmazam" - dediyi məqamlar çoxmu olur?
Şübhəsiz... Hər kəs kimi, mən də öz daxilimi daha yaxşı bildiyimdən ziddiyyətlərlə dolu olduğumu düşünürəm. Bir sıra ziddiyətli fikirlərim yaradıcılığımda da öz əksini tapmışdır. Məsələn:
Hər kəsin özünün öz düşüncəsi,
Heç kəsin qəlbini oxumaq olmur.
Mənim ürəyimdə hər kəsə yer var,
Bəlkə də, içində yaşamaq olmur.
Hətta həyatda nikbin insan olsam belə adımın mənası “kədər, qəm” mənasını ifadə edir. Amma bu uyğunsuzluqlar məndə heç bir mənfi aura yaratmır. Əksinə, daha çox öyrənməyə, daha dərindən araşdırmağa sövq edir. Burada da bir hikmət olduğu qənaətindəyəm. Unutmayaq ki, kainatın sirrini anlamağa çalışan insan hələ özünün kim olduğunu, nə üçün yaradıldığını dərk eləmək iqtidarında deyil. Ali məqsədlərdən danışırıq, ancaq bəşəriyyətin arzuolunan məqama çatmasına hələ çox var və bəlkə də, bu arzular hər zaman arzu olaraq da qalacaqdır...
3)Franklin söyləyib ki: " Ağıllı kimdir?
- Başqalarından öyrənə bilən.
- Güclü kimdir?
- Öz istəklərini idarə edən.
- Varlı kimdir?
-Malik olduqları ilə kifayətlənən.
- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?
-Heç kim."
Bəs Habil bəy bu fikrə nə deyər? Bu üç xarakteri daşıyan insan yoxdur?
Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.
4) " Yeddinci ayın yeddisi”nin Nihatı zamanı rənglərdə tutub saxlaya bildimi?
Zənnimcə, o bunu bacarmışdır…
5) Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insanlara aiddir. ( Habil Yaşar)
Habil bəy, qarşınızdakı insanın yalançı olub-olmadığını müəyyənləşdirməyə ehtiyac olsa, gözlərinə baxarsınız, yoxsa, sözlərinə?
Bəzən elə məqamlar olur ki, hətta deyərdim çox zaman, qarşımdakı şəxsin nə demək istədiyini sözlərə ehtiyac duymadan gözlərindən oxumağı bacarıram. İntuisiyamın çox güclü olduğunu söyləyə bilərəm.
6)" Uçub gedən hər bir şey geri dönər, amma tam da onlarsız yaşamağı öyrəndiyiniz zaman." ( Jose Saramago)
Habil bəy, vaxtsız qəlb evini tərk edənləri məyus halda geri dönərkən gördükdə diliniz nə söyləyir?
"Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı" yoxsa, " Sən heç getmədin ki"?
Öncə qeyd edim ki, Jose Saramaqo ən çox sevdiyim, ruhuma ən yaxın yazıçılardan biridir. O ki, qaldı, cavaba, hər nə qədər çətin olsa da, bütün iradəmi toplayaraq "Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı" söyləməyi üstün tutaram. Ürəyimdə yeri olmayan birini gözlərim görsə, nəyə yarar…
7)F. Dostoyevski " Karamazov Qardaşları" əsərində: " Bəzən insanların " vəhşi kimi" qəddar olduğundan danışılıt, ancaq bu, çox ədalətsizdir və heyvanları təhqir etməkdir."- söyləmişdir.
Habil bəy, bəzi insanların mərhəmətdən uzaq düşmələrinin səbəbi, sizcə, nədən qaynaqlanır?
İnsanların mərhəmətdən uzaq düşmələrinin bir çox səbəbləri vardır. Uşaqlıqdan bu hiss onlara gözəl tərbiyə, təhsil və ya elmlə mütləq aşılanmalıdır. Eyni zamanda ətraf mühitin də çox böyük təsiri olduğunu qeyd etməliyəm. Vaxtında müəyyən tədbirlər görülməsə, mərhəmət hissindən yoxsul insanların sayının xeyli artacağını düşünürəm və çox təəssüf ki, bu say getdikcə artmaqdadır.
8).Habil Yaşarın hansı şeirindən bir parça söyləyə bilərsiniz?
Səni itirirəm nur, işıq kimi,
Yerinə qaranlıq doğur içimdə.
Yuxular o qədər qarışıq düşüb,
Hər kəs bir-birini boğur içimdə.
9) Danışan çox ağız, amma düşünən çox az baş var.( Viktor Hüqo)
Siz çoxdanışan boşbaşlara məktub yazsaydınız, ən təsirli cümləniz nə olardı?
Beyinsizlikdən usanmadınızmı?
10) Şeirləriniz nəsrinizlə yola gedirmi, hansı daha çox, "mənəm-mənəm" deyir?
Hər biri mənim üçün əzizdir, doğmadır. Gözləriniz arasında ayrı-seçkilik edə bilməzsiniz. Amma bir şeyi etiraf etməliyəm ki, son zamanlar nəsrə daha çox mübtəla olmuşam. Bunun da bir çox səbəbləri vardır. O səbəblərdən ən mühümü tədqiqat işlərimlə bağlıdır. Tədqiqatların oxucuya nəsr diliylə çatdırılması daha məqsədəuyğundur. Şeirlərimsə daha çox ruhumun təzahürləridir…
Dəyərli Habil bəy, hansı sualımızı daha çox bəyəndiniz?
Hər bir sualınız odluqca dəyərli və düşündürücüdür, Ülviyyə xanım. Seçim etmək çox çətin olsa da, ikinci sualınızı daha çox bəyəndim deyə bilərəm.
Rubrikamızda iştirak etdiyiniz üçün Sizə minnətdarıq, yaradıcılığınızda bol-bol uğurlar diləyirik.
Mən də sizə, həmçinin bütün yaradıcı heyətə öz dərin təşəkkürümü bildirir, uğurlar arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)