
Super User
Onun ən gözəl fotosu
Varis yazır
Mənimçün bu, onun ən gözəl fotosudur: Qüsursuz türk gözəli, içində xeyirxahlıq tonqalı qalamış Qənirə Paşayeva.
Yoxluğu hamımızın ürəyini dağladıqca dağlamayacaqmı?
O yandan türk qardaşlarımız deyir ki, zəlzələ vaxtı Qənirə xanım ayrıca bir yardım platforması yaradıb minlərlə insana kömək etdi, bu yandan Qori Müəllimlər Seminariyasından açıqlama gəlir ki, binanın təmiri üçün Qənirə xanım neçə rəsmi ünvana ağız açıb məsələni həll elədi, ordan oğlu Oksfordda oxuyan qadın deyir ki, ona bir ömür borcluyuq, uşağın təhsilhaqqını o təşkil etdi, burdan qazilər söyləyir ki, Qənirə xanım bizə səngərdə mənəvi dayaq oldu…
Yanında olanda telefonu bir dəqiqə susmurdu, dara düşən hər kəs ondan kömək umurdu, birini polisdən qurtarır, birinin müalicəsini təşkil edir, birinin kreditini ödəyir, birinə qaz çəkdirirdi… Vallah, küsənləri də o barışdırırdı.
Hər bir kəsə əsəb, güc, ürək hərarəti, maddiyyat və mənəviyyat xərcləyirdi, hər kəs üçün özünü tükəndirirdi.
İndi hamı və hər kəs var, təkcə o yoxdur.
Deyirdiniz, həyatda altruistlər - başqaları üçün yaşayanlar olmur. Etiraf edin ki, səhfsiniz.
P.S. Ən gözəl fotodakı bu xoş təbəssüm də boşuna deyil. Bu fotoyla bizlərə “Həmişə təbəssümə, xoş ovqata əmanət olun” ismarıcı göndərib.
Allah sənə rəhmət eləsin, qısa ömürlü BÖYÜK QADIN!
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
QƏNİRƏ PAŞAYEVANIN YADİGARLARI: “Təkcə həyat yoldaşı yox, həm də əqidə, mübarizə yoldaşı idi…”
“Ədəbiyyat və incəsənət” portalı xalqın sevimlisi, vaxtsız itirdiyimiz Qənirə Paşayevadan yadigar qalmış yazıları dərc edəcək. Bu gün sizlərə Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikovaya həsr olunmuş “Adı kimi: həqiqi, əsl, xalis, təmiz” məqaləsini təqdim edirik.
Hənifə Məlikova Azərbaycanın ilk maarifçi qadınlarından olan, xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə ehtiramla yad edilən xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olub.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşı idi. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”,- deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olub. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb.
Bu üfüqügeniş aydınlar ailəsi 1880-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstəriblər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməyib.
Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə bir-iki nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.
Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. O, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynayıb. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.
Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra onun adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar..
Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar veriblər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənib. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilib, onların təhsilinə və təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alıb.
XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edib. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökumət idarələrində tanıtmışdı.
Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməyib. O, özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyib. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Bakı şəhər qəbiristanlığında dəfn edilib, lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri xiyabana köçürülüb.
Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayıb ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olub.
Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə verilib – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət ediblər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalıb. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilib. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirib. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnib. Kiçik oğul Səffət bəy ixtisasca memar olub, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərib və ömrünün sonunadək də qardaş ölkədə yaşayıb.
Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilib. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmayıb. Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara verməyib. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Uşaqlar onun ümid və iftixarı idi”.
Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməyib. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.
Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olub. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxıb. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürüblər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilib. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olub. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşib.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilib. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırıb. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşayıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Günün fotosu: Ermənilərin Dağlıq Qarabağdan köçməsinə təəssüflənənlərin menyüsünə
Günün fotosu: Ermənilərin Dağlıq Qarabağdan köçməsinə təəssüflənənlərin menyüsünə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Euronews-un Rusiya müxbiri Andrey Pozdnyakovun bu fotosuna şərhdə yazılıb ki, Dağlıq Qarabağdan qaçqın düşən erməni əhalinin sayı 100 min nəfərə çatıb və humanitar təşkilatlar həyəcan təbili döyürlər.
Niyə? Nə üçün?
Ötən əsrin sonunda bir milyon azərbaycanlı silah gücünə öz ana torpaqlarından qovulanda susan həmin bu humanitar təşkilatlar indi niyə yüz min erməninin gül-çiçəklə qonaq gəldiyi torpaqlardan evlərinə qayıtmasına göz yaşı töksün ki?
Hanı sizin ədalətiniz, misterlər və müsyölər?
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Gəncədə Kukla Teatrının tamaşası maraqla qarşılanıb
“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri Gəncə şəhərində olublar.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kuklaçılar gəncəli teatrsevərlərə son premyeraları olan "Melisa" adlı uşaq tamaşasını təqdim ediblər.
Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırıblar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O, əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.
Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.
Səhnə işi balacalar tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
“Sevənlərindir dünya” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünən “Sevənlərindir dünya” tamaşası növbəti dəfə nümayiş olunub.
Əmir Pəhləvanın müəllifi olduğu tamaşada azərbaycanlı (Şərif) və özbək (Müyəssər) iki gəncin sevgi hekayəsindən bəhs olunur.
Quruluşçu rejissoru Elməddin Dadaşov olan bu səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Əliməmməd Novruzov, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Novruzqızı, Elçin İmanov, Hüseyn Əlili və digərləri iştirak edirlər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Sumqayıtda “Qəlblərdə yaşayan qəhrəmanlar” adlı tədbir keçirilib
Qapısı ən müxtəlif tədbirlərə açıq olan Sumqayıt şəhər Poeziya Evində 4 saylı Diyarşünaslıq Klubu və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar "Qəlblərdə yaşayan qəhrəmanlar" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Poeziya Evinin direktoru İbrahim İlyaslıdan aldığı məlumata görə, tədbir başlamazdan əvvəl 4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvlərinin sərgiyə qoyulmuş vətənpərvərlik motivli əl işləri tədbir iştirakçıları tərəfindən baxılıb və yüksək dəyərləndirilib.
Şəhidlərin ruhuna sayğı duruşuyla başlamış tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə davam edib.
İbrahim İlyaslı tədbiri açıq elan etdikdən sonra qonaq qismində dəvət olunmuş Birinci Qarabağ Müharibəsi iştirakçısı, şair Ədalət Nicat və İkinci Qarabağ Müharibəsi iştirakçısı, gənc şair Elvin İntiqamoğlu məktəblilərin sualları əsasında müharibə ilə bağlı xatirələrini bölüşüb, vətənpərvər şeirlərini səsləndiriblər.
Şair Vüsal Ağanın "Yaşa, Azərbaycanım" şeiri də dinləyicilərin marağına səbəb olub.
4 saylı Diyarşünaslıq Klubunun rəsm dərnəyinin üzvləri, Sumqayıt şəhər 27 saylı tam orta məktəbin şagird və müəllim kollektivi də tədbir iştirakçıları sırasında yer alıb.
Tədbirin sonunda İbrahim İlyaslı Ədalət Nicatı fəxri fərmanla təltif edib.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Bakı Caz Festivalı oktyabrın 6-da başlayacaq
Dörd gündən sonra - oktyabrın 6-da Bakı Caz Festivalının açılışı olacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də festival öz zəngin proqramı ilə bakılıları və şəhərin qonaqlarını sevindirəcək.
Oktyabrın 8-dək Dənizkənarı bulvarda konsertlər olacaq. Yerli ifaçılarla yanaşı, bu konsertlərdə Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər çıxış edəcəklər. Bütün bu günlər ərzində təşkil olunacaq yarmarkalara gələnlərə ləziz yeməklər, 360° foto, art-hissə, DJ GRAF musiqisinin sədaları altında rəqs təklif ediləcək. Bununla yanaşı, tanınmış JAZZANOVA frank-qrupu amerikalı DJ Amir ilə birlikdə çıxış edəcək.
Eyni zamanda, festivalın əsas meydançası Beynəlxalq Muğam Mərkəzi olacaq. Burada oktyabrın 9-dan 15-dək 15 ölkədən olan musiqiçilər xüsusi proqramla çıxış edəcəklər. Onların arasında məşhur “Qremmi” mükafatının namizədləri və laureatları amerikalı caz ifaçısı və reper Teo Kroker ilə kolumbiyalı arfaçı və bəstəkar Edmar Kastanyedanın dueti, habelə İsveçrədən olan ifaçı Qrequar Marenin ifası olacaq.
Oktyabrın 14-də - şənbə günü Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq.
Bakı Caz Festivalının proqramı olduqca zəngindir. Bu çərçivədə “I am Jazzman!” Beynəlxalq gənc caz ifaçılarının müsabiqəsi, Fuad Axundovun iştirakı ilə “Jazz & Vinyl” adlı tədbir, “Qremmi” mükafatı laureatları ilə görüşlər, rəssam Eldar Qurbanovun “Jazz Colors” sərgisi və “Abray Dyurso” şərabının dequstasiyası təşkil olunacaq.
Qeyd edək ki, Bakı Caz Festivalı ilk dəfə 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın Əməkdar artisti Rain Sultanovun təşəbbüsü ilə keçirilib və builki festival sayca 18-ci olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Polad Bülbüloğlunun oğlunun rəhbərliyi ilə Moskvada Qara Qarayevin musiqisi səslənib
Moskvada azərbaycanlı dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Dövlət Kreml orkestrinin ifasında “Müəllimlər və yetirmələri” adlı konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, Rusiya paytaxtının mərkəzində yerləşən “Zaryadye” salonunda baş tutan konsertdə dahi bəstəkarlar Qara Qarayev (Üçüncü simfoniya), Dmitri Şostakoviç (Kamera simfoniyası), Georgi Sviridovun (Kamera orkestri üçün musiqi) əsərləri səslənib.
Gənc Murtuza Bülbül müəllif konserti ilə Dmitri Şostakoviç bəstəkarlıq məktəbinin ardıcıllarından biri olan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin yaradıcılığına bir daha müraciət etməyi, Azərbaycan klassik musiqisinin dünyada tanıdılması işinə öz töhfəsini verməyi qarşısına məqsədi qoyub.
“Qara Qarayevin Üçüncü simfoniyası təkcə Azərbaycan musiqi sənətində deyil, bütöv Sovet İttifaqının musiqi tarixində əlamətdar hadisə idi. Bilirsiniz ki, Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Burada ən müxtəlif janrlarda musiqilər səslənir. Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli yer tutur. Ölkəmizin bir çox görkəmli bəstəkarları, o cümlədən Qara Qarayev, Cövdət Hacıyev Moskva klassik musiqi məktəbinin yetirmələridir. Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər birləşdirib. Azərbaycan musiqisinin bütün dünyada, eləcə də Moskvada səslənməsi mənim üçün qürurvericidir”, - deyə Murtuza Bülbül konsertdən əvvəl AZƏRTAC-a müsahibəsində bildirib.
Gənc azərbaycanlı dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Dövlət Kreml orkestrinin konserti böyük uğurla keçib. Tamaşaçılar dahi bəstəkarların sevilən əsərlərini yeni nəfis ifada sürəkli alqışlarla qarşılayıblar.
Murtuza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğludur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir. Gənc dirijor Azərbaycan, Rusiya, Almaniya, İtaliya, Qazaxıstan və bir çox digər ölkələrdə çıxışları ilə yadda qalıb. Gənc yaşlarına baxmayaraq, Murtuza Bülbül Rus Milli orkestri, Rusiya Kinematoqrafiya orkestri, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının orkestri, Moskva Gənclər Kamera Orkestri və bir çox digər adlı-sanlı kollektivlərlə, Anna Netrebko, Elçin Əzizov, Dinara Əliyeva kimi tanınmış müğənnilərlə bir səhnəni bölüşüb. Murtuza Bülbül yaradıcılığında Azərbaycan klassik musiqi nümunələrinin təbliğinə xüsusi yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Avropanın ən məşhur on turizm şəhərinin siyahısı açıqlanıb
“Statista” agentliyi Beynəlxalq Turizm Günü ilə əlaqədar turistlərin getməyə ən çox üstünlük verdiyi 10 Avropa şəhərinin reytinqini tərtib edib.
AzərTAC xəbər verir ki, bu il siyahıya Paris (19.4 milyon turist) başçılıq edir. Turistlərin bu şəhərdə ən çox baş çəkdikləri yerlər əlbəttə ki, Eyfel qülləsi, Notr-Dam kilsəsi və Luvr muzeyidir.
İkinci yerdə London şəhəridir (16.1 milyon turist). Şəhərin qonaqlarını cəlb edən təkcə Tauer və Biq Ben deyil, həm də meqapolisin gecə həyatıdır.
Qardaş ölkənin mədəniyyət şəhəri olan İstanbul siyahıda üçüncü yerdədir (16 milyon turist). Mədəniyyətlərin və adət-ənənələrin vəhdəti bu şəhərə xüsusi ecazkarlıq bəxş edir, ona görə də, buraya axın edən turistlərin sayı hər zaman çoxdur.
Reytinqin dördüncüsü Barselonadır (9.8 milyon turist). Valensiya şəhəri beşinci yerdə qərarlaşıb. Bu şəhəri 8,6 milyona yaxın turist ziyarət edib. TOP-10 siyahısının altıncısı Budapeştdir. Buraya 6,9 milyon turist səfər edib. Reytinqin yeddincisi 6 milyon turist sayı ilə Madrid, səkkizincisi isə Afinadır (5.5 milyon turist). Doqquzuncu şəhər 5.4 milyon turist sayı ilə Lissabondur. Siyahıya yekun vuran Amsterdam şəhəridir. Buranı 5 milyon qonaq ziyarət edib.
“HSBC Expat” şirkətinin ekspertləri isə Avropa İttifaqının ən az vergi tələb olunan və günəşli hava vəd edən TOP-5 siyahısını təqdim ediblər:
Kipr
Bu ada vaxtı əla keçirmək və pula qənaət etmək üçün ideal məkandır. Kipri seçən hər üç nəfərdən biri adada vergilərin az, havanın isə mükəmməl olduğu üçün bu addımı atır. Dəniz sahilində yerləşən bu ölkəni bənzərsiz edən ilahi təbii gözəlliyə isə söz ola bilməz.
Bolqarıstan
Ölkənin havası əla, çimərlikləri çox gözəl, əhalisi isə dostcanlıdır. Pul yığmaq və qayğısız yaşamaq üçün bu yer əsl cənnət məkanıdır.
Rumıniya
Rumıniya da qonşusu Bolqarıstan kimi möhtəşəm ölkədir, burada günəşli günlərdən zövq almağa dəyər. Ölkədə vergi rüsumları çox aşağıdır.
Malta
Aralıq dənizinin sahilindəki bu ada ecazkarlığı ilə seçilir, yayda isə xüsusilə gözəl olur. Malta insanları təkcə öz gözəlliyi ilə yox, həm də sərfəli vergi rüsumları ilə cəlb edir.
Andorra
Bu yer öz dağ-xizək turizmi, günəşli havası, termal bulaqları, gözəl təbiəti ilə məşhurdur. Ölkədə vergi rüsumları da aşağıdır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Mirzə Nəsrulla bəyin Qırmızı xalısından 105 il sonra...
Şərəf Cəlilli, “Ədəbiyyat və incəsənət” üçün
“Ey Türk Oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölümsüz türk ulusu, kəndinə dön! Sən kəndinə dönəndə böyük olursan!”
Sentyabrın 25-də ulu, azman türkün, qolunun davamı Qılınc, ruhunun davamı Saz, batini əzəmətinin aynası Kəlam və Qələm olan Oğuz oğlunun Kəndinə döndüyü, “torpaq qalan, qalan hər şey yalan” nidası ilə dünyanı lərzəyə saldığı, Ərgənəqondan çıxdığı günlərdən biri idi.
Səngəri, sipəri Dərələyəz dağları, Böyük və Kiçik Ağrı dağları, İnandağ və Haçaqaya, Asəf-Kəhf müqəddəsliyi, Zəngəzur əzəməti olan Oğuz elində, Nuhun çıxdığı torpaqda - Naxçıvanda şölən qurulmuşdu. Atabəylərin, Səfəvilərin Ustaclı qoluna bağlı Kəngərlilərin, Naxçıvanlı künyəsi - imzası ilə qələm çalan dahilərin, Möminə Xatunun, Əcəmi Naxçıvanlının diyarında bir millətin, iki dövlətin hilallı, ulduzlu bayraqları İstiqlal mücahidi Əhməd Cavada qoşulub “Çırpınırdı Qara dəniz, Baxıb türkün bayrağına” deyir, TURAN ellərinə Salam söyləyirdi.
Bir millətin, iki dövlətin deyil, Altaylardan Anadoluya, Türküstandan İraq- türkmən ellərinə, Təbrizdən Dərbəndə, Borçalıdan İrəvana “Biz türklərik, çadırımız göy qübbəsi!” nidası ilə yol gələn, Doğudan Batıya Böyük Köçün xəzinəsini daşıyan, ruhunda TURAN, əlində Quran Oğuz oğlunun haqq səsinə dönən, haqq davasına qalxan ulu, azman türkün iki qüdrətli Lideri - prezindent cənab İlham Əliyev və prezident cənab Rəcəb Tayyib Ərdoğan “Ordum var, Yurdum var!” qüruru, vüqarı ilə Qırmızı xalı üzərindən yürüyürdü.
Yadıma 105 il öncə düşdü. Orada da bir Qüdrətli Xilaskar Ordu, bir də bir Qırmızı xalı vardı. Kazım Qarabəkr Paşa və cənab Mirzə Nəsrulla bəy Əmirovun Zəfər qüruru ilə yürüdüyü Qırmızı Xalı!
Şəkildə: Kazım Qarabəkr Paşa və Mirzə Nəsrulla bəy Əmirov
1918-ci ilin hər anı, hər günü bizim üçün Şanlı tarix, həm də babalarımızın - Mücahid və Şəhid babalarımızın al qanı ilə yazılan tarixdi.
Şərqin ilk Demokratik Cümhuriyyətini beşikdə boğmaq istəyən Çar Rusiyası da, Antanta dövlətləri də Türk dünyasının, Türküstanın, Osmanlının, Odlar Yurdu Azərbaycanın, türk və müsəlman mədəniyyətini çevrələyən Şərqin üzərinə yerimişdi. Bu sırada əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şimali Qafqaz xalqları da istisna deyildi. Özgürlüyünə qovuşmaq, I Pyotrun İstanbul sevdasının kökünü kəsmək üçün Dağlı Qafqaz xalqlarının Birliyi - Dağlılar Respublikası Şimali Qafqazın, Qarapapaq Türk Cümhuriyyəti Borçalının, İrəvan Müsəlman Milli Şurası Qərbi Azərbaycanın, Gəncə Milli Şurası Gəncəbasarın, Naxçıvan Milli Şurası Naxçıvanın, Araz-Türk Cümhuriyyəti Naxçıvanın, İrəvan Quberniyasının və Anadolunun istiqlal davasına qalxmış, özgürlük havasına köklənmişdi.
Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqına Əbədi İstiqlal şərbətini daddırmaq, Odlar Yurdunun ərazi bütövlüyünü qorumaq, milli dövlətçilik ənənələrini bərpa etməkdən ötrü dünya ilə üz-üzə idi. Səlib yürüşünə çıxan, min illər boyu türk-müsəlmanın soyunu kəsmək üçün kilsələrdə tədbirlər tökən, Xaçlı yürüşləri ilə yüz minlərlə insanın qanını su yerinə axıdan cəlladların Qafqazlara, ən ümdəsi Azərbaycan torpaqlarına sırıdığı erməni daşnakları soyqırım siyasətini gerçəkləşdirmək üçün bir alət idi. Kəsici alət!
Qafqaz Albaniyasının tarixinə, mədəniyyətinə, məbədlərinə, etnodil proseslərinə, multikultural dəyərlərinə Çar Rusiyasının xüsusi siyasəti ilə sahiblənən Tanrının üz çevirdiyi daşnak ermənilər 1905-1906-cı illərdə, 1918-ci ildə Osmanlıda, Azərbaycanın Güney və Quzeyində törətdikləri vəhşiliklərlə amansızlığın nə olduğunu bəşəriyyətə sübut etmişdilər.
Qafqaz Seyminin fəaliyyətə başladığı Xalq Cümhuriyyətinin qurulduğu aylarda Osmanlıda, İrəvanda, Zəngəzurda, Şərur-Dərələyəzdə, Naxçıvanda, Qarabağda, Borçalıda, Şirvanşahlığında, Qubada, Dərbənddə, Car-Balakəndə, Lənkəranda, Gəncəbasarda, Bakıda, Şəkidə, Tiflisdə, Xoyda, Mərənddə, Təbrizdə, Ərdəbildə, o taylı, bu taylı Azərbaycanda qan su yerinə axdı. Andranik Ozanyanın, Hamazaspın, Nijdenin, Dronun, Gibbonun, Doluxanovun qılıncına doğranan on minlərlə türk-müsəlman zalımın zülmünü görüb ölümün ağuşuna atıldı. Soyqırımlar, deportasiyalar insanın olduğu, insanlığın öldüyü dünyanın sərt üzü idi. Belə bir dəhşətli zamanda özünün durumu ağır olsa da xalqın ümidi Osmanlıya idi.
Milli hökumətin qurucuları, üzünə Bakının Qala divarlarının qapıları bağlanan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri xalqın da, Cümhuriyyətin də nicatını Osmanlıda gördüyündən Qazi Mustafa Kamal Paşaya müraciətdə bulundu. Ona qədər bu tarixi müraciətdə iki qüdrətli lider bulunmuşdu. Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu Emin Ağa Acalov, Naxçıvan Milli Şurasının sədri cənab Mirzə Nəsrulla bəy Əmirov öz vəsaiti hesabına Osmanlıya səkkiz nəfərdən ibarət heyət göndərmiş, onların ikisi yolda erməni daşnakları tərəfindən xaincəsinə arxadan vurulmuş, bir nəfəri qarın yatalağından - qızdırmadan həlak olmuş, beş nəfər isə cənab Əmirovun məktubunu Qazi Mustafa Kamal Paşa Atatürkün dəvtərxanasına yetirmişdi. Atatürkün Azərbaycan məsələləri ilə bağlı güvəndiyi tarixi şəxsiyyətdən ikisi - Xəlil Paşa, Bəkir Sadiq Əfəndi tərəfindən cavablandırılmışdı.
Xəlil Paşanın məktubunda deyilirdi: “Milli Komitə sədri Mirzə Nəsrulla Əmirov cənablarına. Məktubunuzu aldım. Həm şad oldum, həm də yaslandım. Sizlərin millət yolunda nə cür çalışdığınızı hər kəs bildiyi gibi (Xəlil Paşa hər kəs deyəndə şübhəsiz ki, məktubun ünvanlandığı Qazi Mustafa Kamal Paşa Atatürkü, Müdafiə naziri Ənvər Paşanı və Kazım Qarabəkir paşanı nəzərdə tuturdu. Xəlil paşa Naxçıvan məsələsinə bu üç liderin - qüdrətli tarixi şəxsiyyətin istəyi ilə inanılmış, etibarlı kadr olaraq cəlb edilmişdi. Ş.C.) bən də pək əla biliyorum. Bu xüsusda heç mütəssir olmayınız. Yenə də millət yolunda çalışmağınızdan fariğ olmayasınız. Biz gələr kardeşlərimizi zülmün əlindən alırız...”
Qüdrətli Osmanlı türk sərkərdəsi Bəkir Sadiq Əfəndi isə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla bəyin adına göndərdiyi teleqramda yazırdı: “Naxçıvan, Mirzə Nəsrulla xan cənablarına. Erməni alçaqlarından gördüyünüz zülm və sıxıntınız haqda məktubunuzu aldım. Bu məni çox müəyəssər etdi. Ermənilərə qarşı apardığınız mübarizə məni məmnun etdi. Bəyazidə qədər gəlmişik. Bundan sonra erməniləri hər addımda təqib edəcəyik. Ermənilərin etdikləri cinayətlərin intiqamını alacağıq. Sizə düşən vəzifə daha bir müddət səbr etmək və bu alçaqlara qarşı müqavimət göstərməkdir. Ümid edirəm ki, buna da müvəffəq olacaqsınız. Naxçıvan əhlinə məndən salam. Bəkir Sadiq Əfəndi”.
Araz Türk Cümhuriyyətinin qurucularından biri, Naxçıvan Milli Şurasının sədri, ən çətin anlarda erməni daşnakları on minlərlə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, İrəvan, Vedi, Göyçə, Dərəçiçək türkünün başını kəsib qanını su yerinə axıdanda açıq savaşa atılan, Naxçıvan Milli Şurasına sədrliyini Cəfərqulu xan və Böyük xan Naxçıvanskilərə həvalə edib Müdafiə Komitəsinin sədri vəzifəsini baş komandan olaraq üzərinə alan, İstanbul Hərbi Rüşdiyyəsində təhsil alıb Vətənə dönən iki oğlunu - Cabbar və Cəlili erməni daşnakları ilə savaş üçün Şərur, Dərələyəz, Nehrəm səngərlərinə yollayan, xüsusi dəvətini qəbul edib Naxçıvanın müdafiəsinə gələn Şərq Cəbhəsi Orduları komutanı Kazım Qarabəkir Paşanın əsgərləri Naxçıvana varid olmamışdan öncə onların milli hərbi geyimlərini şəxsi tikiş fabrikində tikdirən, kazarmanı şəxsi vəsaiti ilə təchiz və təmin edən, silah-sursatın alınması üçün Osmanlı Ordusuna yenə də öz vəsaiti hesabına 100 min qızıl, 200 min gümüş sikkə (hansı ki, o dövrdə Naxçıvanın ən nüfuzlu və imkanlı adamları Naxçıvan Müdaiə Komitəsinə 10 min, 5 min, 3 min vəsait, 50 put buğda, atların qidalanması üçün 15-20 put arpa ayırırdılar Ş.C.) 200 put buğda, 100 put arpa, 100 put qarğıdalı, adambaşı hər bir əsgər üçün üç sabun ayırtdıran, övladları ilə “öldü var, döndü yoxdu” deyib, canı, malı ilə haqq davasına qalxan cənab Mirzə Nəsrulla bəy Əmirovla Naxçıvanın Xilaskarı - “Mənim gördüyüm Naxçıvan fədakardır, mərddir!” nidası ilə səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan Naxçıvanın dəyərinə, həm də əyarına dönən Kazım Qarabəkir Paşanın görüşü ilə bağlı əfsanələr dolaşır, rəsmi sənədlər, xatirə kitabları, gündəliklərsə sözdən ucaldılan abidələrdir. Gəlişi ilə erməni daşnaklarının belini qıran, tifaqını dağıdan, canına vəlvələ salan Kazım Qarabəkir Paşanın, Cəfərqulu xan Naxçıvanskinin mülkündə rəsmi qarşılanma mərasimi olur. Ona qədər Naxçıvan əhli öz böyük xilaskarının şəninə pişvaza çıxır. Ayaqları altında qurbanlar kəsir, məscidlərdə adına xütbələr oxudular. Əsgəri marşın sədaları altında törən yerinə gələn Kazım Qarabəkir paşanın ayaqları altına 250 metrlik Qırmızı ipək xalı sərilir. Xalını sərən də, sərdirən də Türkün Türkə, Naxçıvanın Osmanlıya sevdasını, sevgisini düşmənə görk edən də, bir, tək bir qüdrətli dövlət xadimi, millət, məmləkət fədaisi idi. Məhəmməd Əmin Rəsulzadə, Emin Ağa Acalov, Pənah xan Makinski, Əli xan Makinski, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov kimi tarixdə qalan, adını milli dövlətçilik tariximizə al qanı ilə yazan, milli məfkurədən milli dövlətçiliyə yol gələn, millətin, məmləkətin haqq səsinə dönən, Naxçıvan Milli Şurasının sədri, Naxçıvan Araz-Türk Cümhuriyyətinin qurucularından biri, Naxçıvan Müdafiə Komitəsinin sədri kimi 1918-1920-ci illərdə ümmətinin qanına susayan daşnaklara qan udduran, Naxçıvan polisinin və Milli Ordusunun qurulması üçün sərəncam verən, onun icrası üçün maddi vəsaitin böyük bir qismini üzərinə alan, Şahtaxtıda, Şərurda, Ordubadda, Naxçıvanda, Dərələyəzdə mövcud olan mülklərini, onlara iqamətgah olaraq bağışlayan, taxıl zəmilərini təlim köşəsinə, meydanına çevirən, Naxçıvanın ən çətin anlarında müqəddəratının həll olunduğu bir zamanda Xalq Cümhuriyyəti rəhbərliyinin Naxçıvana ezam etdiyi Mirbabayev missiyasının rəhbəri Mir Yusif Mirbabayevin Komitə üzvlərinin görüşü zamanı “Qafqaziyyədə Azərbaycan hökumətindən maəda digər bir hökumətin bulunması və olması mümkün deyil! Yaşasın Azərbaycan hökuməti!” nidası ilə Odlar Yurdu Azərbaycanın ərazi bütövlüyünün təminatçısına çevrilən, “Mudros” müqaviləsinin şərtləri və tələbləri çərçivəsində Osmanlı Qoşunları Azərbaycandan çəkilmək zorunda qaldığı, İngiltərə və Amerika hərbi birləşmələrinin Qafqazda at oynatdığı günlərdə “Erməni vilayəti” sindromu ilə Naxçıvanın üzərinə yeriyən general Haskelə, general qubernator Tomsona, onların himayəsində özünü Çar cəlladlarının kölgəsində hiss edirmiş kimi rahatlanan Andranik Ozanyana, Naxçıvana qubernator təyin olunan Varşamyana: “Biz deyirik, bu torpaqlar ta qədimdən türk-müsəlmanlara aid olub. Gəlmə ermənilər ona sahiblənə bilməz. Siz deyirsiz, ermənilərlə yola gedin, onların boyunduruğuna girin. İstədikləri kimi idarə olunun, yaşayın. Bunun üçün durub bu torpaqlara gəlməyə gərək yoxdu. Gərək qanımızla, gərək canımızla öz hesabımızı özümüz kəsərik. Naxçıvanın bir ovuc torpağını kimsələrə yem etmərik. Hələ ki, müsəlman qanına susamışlara.
“Mudros” sənədinə qol qoyan müttəfiqlər də gərək ki, bunu bilməmiş deyildirlər!” nidası ilə tarixi dərs verən cənab Mirzə Nəsrulla bəy Əmirov idi. O Mirzə Nəsrulla bəy Əmirov ki, ulu babaları beşinci yüz ildən Naxçıvanın tarixi sakinləri, sahibləri sırasında yer almış, ulu babası Əmir Əli Nəsrulla bəy oğlu Əmirli Sultan Süleyman Qanuninin qoşunları Səfəvilərlə savaşdan sonra 1554-cü ildə, Naxçıvan yürüşü zamanı Naxçıvan ölkəsinə gələrkən onlara rəğbət göstərməklə kifayətlənməmiş, Kəngərlilərin Yurdcu və Bilici qoluna məxsus, sarayda xüsusi nüfuz sahibi olan tarixi şəxsiyyət kimi Osmanlı Ordusunun ən qüdrətli qolu, Bəktaşiliyə bağlı Yeniçərilərə mülkündə yer vermiş, Bəktaşiliyin Naxçıvanda yayılması, bəktaşilərin məskunlaşması üçün bütün imkanlarını səfərbər etmiş, onlara mülk, bağ, zəmi və kəhriz-bulaq bağışlayaraq bu torpaqlarda himayədarına çevrilmişdi.
Onun bu xidmətləri Osmanlı dövləti tərəfindən yüksək qiymətləndirilmiş, Qanuni Süleymanın xüsusi göstərişinə, fərmanına əsasən tiul torpaqlarıyla mükafatlandırılmışdı. Səfəvi dövləti üzərinə Osmanlının bu 12-ci yürüşündən sonra da yürüşləri olmuş, hər bir yürüşün döyüş meydanın mərkəzi Naxçıvan olsa da, Naxçıvan bu dəhşətli qardaş qırğınlarından yerlə-yeksan olunub xarabalığa çevrilsə də, Qanuninin qanuna - fərmana münasibət dəyişməmişdir. Ayrı-ayrı sultanların dövründə Xıdır paşanın, Ömər ağanın, Əhməd paşa Ciqaloğlunun, Nadir Cəfər paşanın, hətta Səfəvi Osmanlı savaşlarında Səfəvilərin, Əfşarların əlinə keçən, Kəngərli tayfasına bağlı Rzaəddin xanın, Şəfi xanın, Məmmədrza xanın, Nadirqulu xanın (Nadir şahin Əfşar - Ş.C.) təyin etdiyi hakimlərin, öz əzazilliyi ilə seçilən bu torpaqların tarixi sakinləri və sahibləri kəngərilərin qənimi Mirzə Rzanın, Naxçıvanın nüfuzlu yörə hakimi, hətta Nadir şah Əfşarın tacqoyma ərəfəsində belə iştirakı şəninə sığışdıramayan, qəzəbləndiyi zaman göz çıxarıb insanları dünya işığından məhrum etdiyinə görə onun təyin etdiyi hakimlərin, vəkillərin əhali ilə davranışına etiraz edib, Mərkəzi hökumətə tabe olmayan Vəliqulu xan Kəngərlinin, Naxçıvan ölkəsinin müvəqqəti hakimi Ağa Həsənin, 1747-ci ildə Nadir şah Əfşarın dövləti süquta uğrayandan sonra yerli feodallara (o sıradan Yurdcu qoluna bağlı feodal-mülkədarlar üstünlük təşkil edir. Saray mühafizələri, xanın xüsusi müdafiə dəstəsinin əksər üzvləri Əmirli zadəgan-hərbiçilərdən təşkil edilirdi. Ş.C.) arxalanıb Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq özünü Naxçıvan xanlığının müstəqil xanı elan edən Heydərqulu xanın və övladları, Kəngərli və Naxçıvanski soyadını daşıyan əksər xanların dövründə də onun toxunulmazlığı qalmış, xüsusi imtiyaz sahibi olaraq sarayın nüfuzlu şəxsləri ilə eyni məqama sahib olmuşdur.
Mətləbdən uzaq düşmədən qeyd edim ki, həmin o tarixi görüşdə Xilaskarlıq Missiyasının rəhbərinin - komutanı Kazım Qarabəkr Paşanın Naxçıvanın, Zəngəzurun xilaskarının şərəfinə təşkil olan Bayram törənində - göz aydınlığı mərasimində Milli Şuranın sədri Cəfərqulu xan Naxçıvanski Paşaya Xoş gəldin nitqini, Müdafiə Komitəsinin sədri, nüfuzlu dövlət xadimi, qüdrətli Baş Komandan cənab Mirzə Nəsrulla bəy Əmirov isə göz aydınlığı – Bayram nitqini edir. Osmanlı dövlətinə, Qazi Mustafa Kamal Paşa həzrətlərinə, onun tarixi məktublarına Xəlil Paşa və Bəkir Sadiq Əfəndi vasitəsilə düz səkkiz dəfə cavab məktubları ünvanlayan Müdafiə naziri cənab Ənvər Paşaya, Kazım Qarabəkir Paşaya, Osmanlı Ordusuna və sinəsini düşmənə sipər edib Vətən torpağının bir qarışını erməni daşnaklarına verməyən Naxçıvan igidlərinə, hər halı ilə Ordunun arxasında duran, sonuncu tikəsini belə qəhrəman əsgərlərlə paylaşan Naxçıvan əhlinə minnətdarlıq edib. Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr, Qazilərə can sağlığı arzulayaraq Savaşlarda Şəhid düşən min əsgər ailəsinin himayəsini, Əsgər və Qazilərin dava-dərman xərcini öz üzərinə aldığını bəyan etməklə kifayətlənməyib. Üzünü qəhrəman Türk Ordusuna, Naxçıvanlı igidlərə, Xilaskar Komutana - bu gün bütün Naxçıvanın yerini gözünün üstündə, ürəyinin başında bildiyi, Qafqaz İslam Ordusunun Komutanı Nuru Paşa kimi səcdəsinə durduğu Kazım Qarabəkir Paşaya tutub, bir türk, Azərbaycan kişisinə, kəngərli paşasına layiq dağların qulağına sırğa olacaq əzəmətli səslə söyləyib: “Bundan sonrada tökülən hər bir müsəlman qanı üçün can almaq, qan almaq gərəkdir. Yoxsa, “Türk düşmanı olan xainlər özünü qəhrəman sanar. Namərdi gəldiyi yerə qədər qov ki, qarşısındakının kim olduğunu anlasın! Qoy bunu bütün dünya eşitsin: Türkün türkə qara sevdası bəndənin Allah, övladın ana, qardaşın qardaş istəyidir.”
Belə bir tarixi səhnə, Tanrıya, Millətə, Məmləkətə xoş gedən məqam bir də həmin qanlı ilin 16 sentyabrında, Təzə Pir Məscidinin minbərində yaşanmışdı. Sentyabrın 15-i Bakı işğaldan azad olunduğu gün Cümhuriyyətin Gəncədən Bakıya yolu açıldı. Gəncəli Cavad xanı iki oğlu ilə bir yerdə şəhid edən Sisyanovun başı Bakının qala divarlarının önündə leşi ilə bir yerdə yerə sərilib Qacarlar sarayına müjdə tabağında göndərildiyi kimi Andranik Ozanyanın, Çar cəlladlarının, Bakı neftinə əl qoyan Avropa, Amerika missionerlərinin, ordu birliklərinin muradı gözündə qaldı. Osmanlıların “Kamyonu yan gəldi, gəncəliyə can gəldi, Gəncənin oğlanları Bakı üçün can verdi”.
Sərmayəsini milli məfkurədən milli dövlətçiliyə körpü edən Millət Qurucusu olaraq dövlət qurucularının Fikir Atasına çevrilən Hacı Zeynalabdin Tağıyevin xüsusi göstərişi, həm də istəyi ilə Təzə Pirin axundu Ağa Əlizadə ilə Nuru Paşa Bakı əhlinə gözaydınlığı vermək üçün minbərə qalxdı. Bu iki cüt tarixi şəxsiyyətin, əyilməz türkün Naxçıvanda Mirzə Nəsrulla bəy Əmirovla Kazım Qarabəkir Paşanın, Bakıda Ağa Əlizadə ilə Nuru Paşanın Tanrıdan və yolunda hər cür cəfaya tabladıqları Millətdən aldıqları mükafat idi. Bu həm də onların ana südü kimi halal haqları idi!
Çar cəlladları Bakı qırğınlarına Hacı Zeynalabdin Tağıyevlə, 1914-cü ildə Bakı qubernatorunun göstərişinə baxmayaraq Təzə Pirin minbərinə qalxıb Osmanlı əleyhinə fətva verməkdən imtina edib Osmanlıya ianə toplamaq üçün müraciət edən Axund Ağa Əmizadənin (O tarixi müraciətdən sonra bakılı qızlar belə nişan üzüyünü ianə etmişdi. Toplanan yardımlar Hacı Zeynalabdin Tağıyevin və Şəmsi Əsədullayevin gəmiləri ilə Osmanlıya - Sarıqamış hadisələrindən zərər çəkib zülüm görmüş binəva türklərə yetirilmişdi. Ş.C.) üstünə yeriməklə başlanmışdı. Lənkəran Hərbi Gəmi Qarnizonunda xidmət edən Məhəmməd Tağıyevin öldürülməsi isə Hacı Zeynalabdin Tağıyevi sındırmağa hesablanmışdı. Tağıyev şəxsi gəmisini göndərib oğlunun cənazəsini gətirtmiş, Təzə Pir məscidində yudurtmuş, kəfənlətdirmiş, son duasına Axund Ağa Əlizadəyə tutdurmuş, Çəmbərəkənddə dəfn etdirmək üçün cənazəsini çiyninə almışdı. Məhəmməd Mart soyqırımının Çəmbərəkənddə dəfn olunan ilk Şəhidi idi!
Çar və Antanta cəlladları, Tomson başda olmaqla erməni daşnakları Tağıyevdən sonrakı hədəf kimi Təzə Pirin Axundu Ağa Əlizadəni seçmişdi. Xəzər dənizindəki gəmidən açılan atəş Təzə Pirin minbərini dağıtmış, Ağa Əlizadəni göydə Allah, yerdə Millət, Məmləkət sevgisi qorumuşdu. Sonra qan su yerinə axmışdı. Gələcəkdə Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi tarix yaradan Axund Ağa Əlizadə tarixi missiyasını ləyaqətlə yerinə yetirmiş, on minlərlə Bakı Şəhidini, qırğınların günahsız qurbanlarını Tağıyevin ayırdığı kəfənlik parçalarla kəfənləmiş, su və torpaq müqəddəsliyinə qovuşdurmuşdu. Eyni missiyanı Naxçıvanda cənab Mirzə Nəsrulla bəy Əmirov yerinə yetirmiş, toxuculuq fabrikinin anbarlarının qapılarını din xadimlərinin üzünə açmış, kəhrizlərini, iki hamamını şəhidlərin yuyulub kəfənlənməsi üçün ayırmış, yaralı əsgərlərin sarğısı, şəhid ailələrinın əyin-başına sərf olunacaq toplarla parça bağışlamışdı.
Qafqaz İslam Ordusunun, Nuru Paşanı və silahdaşlarının şərəfinə ziyafət Hacı Zeynalabdin Tağıyevin mülkündə verilmiş, Paşanın sarayına daxil olduğu yola ipək xalı döşəmiş, Ordunun gələcəkdə görəcəyi işlər, Cümhuriyyətin Bakıya köçürülməsi kimi məsələlər də Tağıyevin mülkündə müzakirə olunmuşdu.
Naxçıvanda bu missiyanı iki tarixi şəxssiyyət yerinə yetirmişdi: Cəfərqulu xan Naxçıvanski və Mirzə Nəsrulla bəy Əmirov. Bu müzakirələrin nəticəsi olaraq Naxçıvanda Hərbi Rüşdiyyə qurulmuş, Milli Ordunun möhkəmlənməsi, Milli Müqavimət Hərəkatının güclənməsi, rabitə və səhiyyə sisteminin qurulması, hüquq-mühafizə və ədliyyə orqanların, polisin təşkili, milli təhsil siyasətinin yürüdülməsi, iqtisadi-sosial tərəqqinin təməllərinin atılması kimi məsələlər gündəmə gətirilmişdi.
Kazım Qarabəkir Paşa özü ilə birlikdə Naxçıvana qardaş sevgisini, Vətən sevdasını, ümidi, inamı, etibarı gətirmişdi. O, bu əzəmətli diyarda özünün da qeyd etdiyi kimi “fədakar, mərd” diyarda mərd, fədakar insanlarla - sonsuz torpaq, vətən sevgisi ilə Süngünün və Qələmin vəhdətində dövlətlər quran Mirzə Nəsrulla bəy Əmirov, Abbasqulu bəy Tahirov, Heydər Əkbərov, Cəfərqulu xan Kəngərlinski, Böyükxan Kəngərlinski, Hacı Abdulla Şeyxov, Tağı Nağdəliyev, Şeyx Kərim Axundzadə, Cabbar Kələntərov, Vəli ağa Kəngərlinski, Məhəmməd xanNaxçıvanski, Hacı Mehdi Bağırov, İsgəndər Nağıyev, Mirzə Bağır Əliyev, Mirzalı bəy Bektaşov, Hüseyn Cavid kimi mücahidləri, fikir və düşüncə sahibləri ilə tanış olmuşdu. Onların adını qəlbinə yazmışdı. Xatirələrini ürəyində daşımışdı. İki tarixi şəxsiyyəti isə heç zaman unutmamışdı. Onun biri və birincisi cəsarətin, ləyaqətin, hüdudları məlum olmayan millət, məmləkət sevgisinin ünvanı, “Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz. Bunu bilmərrə ingilislər, amerikalılar, hər gün Şəhid düşən binəva müsəlmanların harayına gecikənlər də anlasın!” “Mən qulluq edib hökumət yürütsəm gərək mən deyən ola: Məsələn, desəm filan kəndin əhalisi gərək toplanıb atəşə tutulsun, filvör əmələ gələ!” nidası ilə erməni daşnaklarına Şərur düzündə Laçınlı Sultan bəydən betər dərs verən, iclas apardığı yerdə: “Ermənilər mülkümüzə od vurub. Mülk alışıb yanır. Xanə əhli atəş içindədir” xəbərinə soyuqqanlılıqla “İndi bütün Naxçıvanı od tutub yanır!” deyən, həmin şikayət sözlərini təkrar eşidəndə qəzəbli səslə əlini masaya çırpıb: “Dedim, axı, bütün Naxçıvan od tutub yanır!” söyləyən, “Ermənilər gəmidə Məhəmmədə qıydılar” xəbəri veriləndə isə: “Məhəmməd də müsəlmandır!” cavabı ilə Övlad sevgisini Vətən, Torpaq sevgisinə fəda edən, milli teatrın, ilk Qız Məktəbinin, çoxsaylı mətbu orqanlarının qurucusu kimi tarix yaradan Hacı Zeynalabdin Tağıyevin taleyinin Naxçıvan üzünü yaşayan Mirzə Nəsrulla bəy Əmirov idi.
Şəkildə: Mirzə Nəsrullla bəy Əmirov 1937-ci ildə güllələnməyə aparılarkən. O inanır ki, gec-tez müstəqil və azad Azərbaycanın üçrəng bayrağı qürurla dalğalanacaq.
İkinci tarixi şəxsiyyət isə: “Turanı qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” sevdası ilə qələm çalan, eynən onun kimi 37-ci ilin Qırmızı Terrorunun qurban olan Hüseyn Cavid idi. Cavid Əfəndi!
Bu tarixi görüşdən, Allaha xoş gedən iltifatdan və ülfətdən sonra da Naxçıvanda qan su yerinə axdı. “Fədakar, mərd Naxçıvan” dözdü, tabladı. O, hər dost əlini uzatdıqca erməni daşnaqları daşa döndü. Yaxşılığa yamanlığı əməl dəftərinə yazdı. Naxçıvan “Mudros” bəlasından qurtulmamış “Gümrü”, “Moskva” dəhşətlərini yaşadı. “Naxçıvan Şərqin qapısıdır!” kəlamı ilə tarixdə qalan, dəyərlərin əyarına çevrilən Kazım Qarabəkir Paşa Atatürkün xüsusi göstərişi ilə yenidən Naxçıvanda, Qafqazlarda göründü. Qazi Mustafa Kamal Paşa ona “Naxçıvan Türkün qapısıdır!” həqiqətini əmanət etmişdi. Qars müqaviləsi ilə Osmanlı Türkiyəsi səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan Naxçıvan üçün də, sərhədləri bağlı, qolları buxovlu Azərbaycan üçün də alınmaz qala oldu. Kim onun üstünə gəlsəydi üzərinə yeriyər, Xızırın atına minib Ağ atlı oğlana dönərdi!
1990-cı ilin 20 Yanvar dəhşətlərinin sorağı Moskvadan və Naxçıvandan gəldi. Bundan sonra Azərbaycanın ən ağır günlərində, dizində təpərə, düşmənə sipərə ehtiyacı olanda Ulu Öndər Heydər Əliyev tək və yeganə oğlu, mənəvi və siyasi varisi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. İllərlə sədaqətlə xidmət etdiyi Kommunist Partiyasından da, partiya biletindən də imtina etdi. İmtina qarışıq Mixail Qarbaçov rejiminin sifətinə sərt bir şillə vurdu. Bu şillədən çox “Osmanlı Tokatı!” idi. Onun acısını, ağrısını min illər boyu yörəsindən asılı olmayaraq Gündoğar ölkələrin -Şərqin üzərinə yeriyənlər dadmışdı. Şura hökumətinə ikinci şillə Naxçıvandan, Nuhun çıxdığı torpaqdan gəldi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, xanım Səkinə Əliyevanın imzası ilə tarixi Bəyanat yayıldı. “Qars bəyannaməsi”nə istinad edən Naxçıvan Ali Soveti SSR-dən çıxmaq haqqında qərar alır, bütün Naxçıvan SSRİ-dən imtinada bulunur, Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq üçün özgürlüyünü bəyan edirdi! Bu da bir “Osmanlı Tokatı!” idi. Amma ondan həm də Tomirisin, Möminə xatunun, Zahidə xatunun, Gözəl Cəlaliyənin iyi, ətri gəlirdi!
Çar cəlladlarına daha bir sərt cavabsa Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk aylarında, çətin günlərində Türkiyənin 8-ci prezidenti, unudulmaz Turqut Özaldan gəlir. Üçüncü bir dövlətin bu müharibəyə müdaxiləsinin dünya müharibəsinə çevriləcəyini dilə gətirən, açıq-açığına erməni daşnaklarını müdafiə edən marşal Yevgeni Şapoşnikovun “Əgər başqa bir tərəf (yəni Türkiyə) müharibəyə girərsə III dünya müharibəsi qaçılmaz olacaq”, deyərək Türkiyəyə sərt dillə Rusiyanın adından xəbərdarlıq edəndə Turqut Özal “Silahlar atəşlənərsə ermənilər nə edə bilərlər? Türkiyəyəmi girərlər?” cavabı ilə ona Fateh Mehmet dərsi vermişdi.
Bu acı gerçəkdən, Osmanlının sərt üzündən bir il sonra isə hər şey dəyişəcək, Ulu Öndər Moskvadan böyük dönüşü ilə Naxçıvanın Xilaskarlıq Missiyasını üzərinə alacaq, “Ümid körpüsü”nü quracaq, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəllə əl-ələ verib tarixi təkrarlayacaq. Cənab Mirzə Nəsirəddin bəy Əmirovun, Kazım Qarabəkir Paşanın iradəsini Qazi Mustafa Kamalın Naxçıvan istəyini gerçəyə çevirəcək. “Bir millət, iki dövlət!” nidası ilə “Müasir Azərbaycanın Memarı olaraq tarix yaradacaq!”, Ən yeni Azərbaycanın memarına, Qarabağın Xilaskarına, bütün zamanlarda inandığı, güvəndiyi, arxalandığı, arxasında dağ kimi dayandığı Xalqına düz olan, doğru olan yolu göstərəcəkdi!
“Atəşkəs”ə, “Əsrin müqaviləsi”nə, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft-qaz kəmərlərinin, Böyük İpək Yolu layihəsinin, Bakı Tbilisi Qars Dəmir yolu xəttinin gerçəkləşməsi üçün mümkün olmayanları da mümkünə çevirəcəkdi!
Vaxtı çatanda, Ömürə vəfa qalmayanda: “Mən İlham Əliyevə özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiklərimi o çatdıracaq!” nidası ilə Lider-Varis ənənəsinin milli dövlətçilik tariximizdə mühüm məqam olduğunu sübuta yetirəcəkdi!
Ulu Öndərin, dünyanın ən böyük Azərbaycanlısının görmək, gerçəyə çevirmək istədiyi tək və yeganə arzusu vardı: Azərbaycan bayrağını Şuşa qalasında, Xudafərin körpüsündə, Zəngəzur dəhlizində görmək! Tanrı Ata vəsiyyətinə əməl edən Varisinə bunları nəsib edib. Xaqan Atasını Fəxri Xiyabanda ziyarət edən, Ali Baş Komandan hesabatını verən Prezident cənab İlham Əliyev Nuhun çıxdığı torpaqda erməni daşnaklarının 18-ci ildəki soyqırımları zamanı Zəngəzurdan Naxçıvana deportasiya olunmaq, köçmək zorunda qalan, elə gözəl və özəl diyarda da torpaq müqəddəsliyinə qovuşan babası Əlirza Əliyevin ziyarətində bulundu. Onun nigaran ruhunu şad edəcəyini Lider-Varis əzəməti, Baba-nəvə müqəddəsliyi ilə pıçıldadı. Elə olmasaydı “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Naxçıvandan Zəngəzura, Zəngəzur dəhlizindən Osmanlıya, Osmanlıdan Turana, Turandan türk dünyasına, Doğudan Batıya yollar görünməz!
Səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan “Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz. Bunu bilmərrə ingilislər, amerikalılar, hər gün Şəhid düşən binəva müsəlmanların müdafiəsinə gecikənlər də anlasınlar” nidası ilə imperiyaların qabağında dik, dimdik dayanan, cənab Mirzə Nəsrulla bəy Əmirovun da mənsub olduğu Kəngərli ərənləri Dağlıq Qarabağ münaqişəsinin, daha doğrusu müharibəsinin ən çətin günlərində Liderinə, Ulu Öndərə “İgid sərkərdə olsa, gedərmi ordu bada?” inancı ilə tapınmazdı. Səngərlərə sipər, düşmənlərə çəpər övladlarını Şəhid verdikcə Daşa, Yaddaşa dönən, hər daşı, qayası, çınqıl, qum dənəsi belə cəngi-cidalar görən Naxçıvanı, Şəhid qanına boyanan, hər toxunduğun budağından bir Şəhid ruhu quş olub uçan Odlar Yurdu Azərbaycanın bir parçasını Şərqin, Türkün qapısı, TURANın pəncərəsi, nəfəsliyi kimi qorumazdı. Fədakar mərd Naxçıvan 105 il sonra Mirzə Nəsrulla bəyin, Kazım Qarabəkir Paşanın ayaqları altına döşədiyi Qırmızı Xalını yenidən sərdi. Xalıdan iki “Ağ Atlı, Atları qanadlı, dili bayatılı keçdi! “Vətən yaxşıdı, köynək kətan yaxşıdı. Dünya cənnət olsa da, yenə Vətən yaxşıdı!” nidası ilə taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycanın, Qarabağın Xilaskarları, Xızır əleyhissəlamdan badə alan Ərləri, Ərənləri keçdi! Deyilənlər gəldi başa!
Uzaqdan, lap, lap uzaqlardan Xəzərin qoynundan Nargin adasından bir Ər qopmuşdu. 37-ci ilin dəhşətlərini də, dağılan törəsinin kədərini də, tərki-vətən balalarının niskilini də, istintaq təcridxanasındakı işgəncələri də, alnına sıxılan güllənin ağrı-acısını da unudub üzünü canında can dediyi, Azərbaycan dediyi Millətinə, məmləkətinə tutub Orxon - Yeniseydəki daş kitabəni vərəqləyir, “Ey ölümsüz türk, türk ulusu! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Kəndinə dön! Sən kəndinə dönəndə böyük olursan!” deyirdi. Dünyanın ən böyük, ən əzəmətli Bayraq dirəyinə, Bayrağına baxıb: “Bayraqları bayraq üstə yapan qandır. Torpaq uğrunda ölən varsa Vətəndir!” deyir, Vətəni bizdən sonra gələcək nəsillərə, nəvə-nəticələrə, kötücələrə əmanət edirdi!
Bir də bilirsinizmi nə deyirdi: “Vətəni sevməyən insan olmaz, olsa da ol, şəxsdə vicdan olmaz! Milləti, Məmləkəti İlahi eşqlə sevin. Sevginizdən, istəyinizdən mükafat gözləməyin! O sizin haqqınızdırsa, gəlib sizi tapacaq, sizi tapmasa da, Varislərinizə qürur yaşadacaq!”
Qoyun onu da söyləyim: Ötən əsrin 18-ci ilində Naxçıvan, Naxçıvan qarışıq Azərbaycan darda, intizarda idi. Tanrı Azərbaycan Xalq Cümhuruyyətinin, Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin, Naxçıvan Araz-Türk Cümhuriyyətinin qurucularını, Məhəmməd Əmin Rəsulzadəni, Qazi Mustafa Kamal Paşanı, Ənvar Paşanı, Nuru Paşanı, Kazım Qarabəkir Paşanı, Xəlil Paşanı, Bəkir Sadiq Paşanı, Türkiyənin XI alay komandanı Sürəyyə Paşanı yolladı.
Ötən əsrin sonlarında Naxçıvan iqtisadi-siyasi blokadada, düşmənlə cəngi-cidada, ölüm-qalım savaşında idi. Tanrı Ümummilli lider Heydər Əlirza oğlu Əliyevi, Naxçıvanın “Ümid Körpüsü” - unudulmaz Süleyman Dəmirəli göndərdi. 30 illik intizardan sonra Qarabağın, Şərqi Zəngəzurun, Qərbi Azərbaycanın, İrəvanın, Naxçıvanın “Gözü yolda, könlü intizarda”, qolları buxovda idi. Əlləri yerdən, göydən üzülmüşdü. Bizim işimiz haqq işidir! Biz Zəfər çalaçağıq! Qarabağ Azərbaycandır! Kimsənin bir qarış torpağında gözümüz yoxdur, kimsəyə də bir qarış torpaq vermərik! nidası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan olan türkün, Odlar Yurdu Azərbaycanın haqq davasını Zəfərlə başa çatdıran Müzəffər Ali Baş Komandan, Prezindent İlham Əliyevi, Turanın, Türk dünyasının, Doğunun haqq səsi, ədalət carçısı, dünyanın beşdən böyük, haqqdan kiçik olduğunu sübut edən, təhdidlərə, təzyiqlərə, hücum və terror aktlarına baxmayaraq yer üzünü iradəsi ilə heyrətləndirən, könülləri cəsarəti, ləyaqəti, İlahi eşqi ilə fəth edən “Biz türklərik, bir ölər, min dirilərik”, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olan!”, “Səfər bizin, Zəfər Allahındır!” nidası ilə Fateh Mehmetdən sonra “Fətih Dastanı”nı yazan Rəcəb Tayyib Ərdoğanı yetirdi!
Üç yüz ildir Qafqazlarda qan tökən, türk-müsəlman qanına susayan erməni daşnaklarına da, onların havadarlarına da tarixi dərs 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqəyə başa çatan anti-terror əməliyyatları zamanı Dağlıq Qarabağda - Xankəndinin yaxasında verildi. Zəngəzur dəhlizində, Nuhun çıxdığı torpaqda, Səfəvi-Osmanlı, Rusiya-İran, Rusiya-Türkiyə Birinci və İkinci Dünya savaşında tarix yaradan Kəngərli süarilərinin diyarında da veriləcək! Düşməni gəldiyi yerə qədər qovan Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Qüdrətli Ordusu bir millətin, iki dövlətin Özgürlük, Birlik, Bütövlük rəmzinə dönən hilallı, ulduzlu bayraqlarının bir daha enməməsi üçün “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə Ağrı dağından, Haça dağdan, İnan dağdan asacaq! Naxçıvanın ən yeni tarixini yazacaq! Naxçıvandan İrəvana, Odlar Yurdu Azərbaycandan Osmanlıya, Osmanlıdan Turana, Türküstandan Çin Səddinə, Böyük İpək Yolundan - Gündoğandan Günbatana yollar görünəcək! Könüllərdə, qəlblərdə ilahi eşqin, insan sevgisinin, birliyin, bütövlüyün, dostluğun, qardaşlığın toxumları əkiləcək. İnsan insanı sevəcək! Şərqin, Zəngəzurun min incisindən biri, qüdrətli filosof-şairi Mir Həmzə Seyid Nigarinin səsi gələcək: İnsanın insanı sevməsi Allahı sevməsidir! Ulu Tanrı Yer üzünü bircə “Ol!” kəlamından, sonsuz, hüdudları məlum olmayan sevgisindən yaradıb!
Bineyi qədimdən Naxçıvan nicatım deyib gələnlərin diyarı olub. Nuhun çıxdığı torpaqdan Asəf-Kəhf müqəddəsliyi boy verib. “İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” kədərinə alışan Oğuz oğlu “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” həsrətinin qara donunu da buralarda çıxarıb. Sərhəd məftillərini söküb! Bu özəl və gözəl diyar “Gülüstan”dan, “Türkmənçay”dan üzü bu yana Savalanda yatan İgidin atına süvar olacağı günün təşnəsidi!
İsti, qora bişirən Naxçıvan həm də ilğımların diyarıdı. İlğım bineyi - qədimdən səhralara sultan olan Şərqli müsəlmanın, türkün ümidi olub! Ümid İnam, İnam Böyük Zəfərdi!
Şəkildə: O böyük kişilərin nəsil davamçıları: Mirzə Nəsrulla bəy Əmirovun nəticəsi Nigar Helmi Abbasbəyli (sağda) Kazım Qarabəkr Paşanın qızı ilə
Qapaq şəklində: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda qırmızı xalıdan keçirlər
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)