ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

ABŞ-ın populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri tanınmış Amerika şairi Tomas U. Keys və Mərkəzin Böyük Britaniya və İrlandiya ilə ədəbi əlaqələr üzrə koordinatoru Nərmin Həsənovadır.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Aleksandr Puşkin, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti namizədinin adını açıqlayıb.

 

İttifaqdan AZƏRTAC-a bildirilib ki, bu il həmin təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 3-cü kurs tələbəsi, Vətən müharibəsi qazisi Məmmədəli Əbilov layiq görülüb.

 

Məmmədəli Əbilov 2023-cü ildə “Cinemoff” Beynəlxalq Kino Festivalının qalibi olub. Onun smartfonla çəkdiyi sosial çarx festivalda birinci yeri tutub.

 

Xatırladaq ki, AKİ-nin İdarə Heyətinin qərarı ilə 2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü ADMİU-nun audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub. Ötən illərdə bir neçə tələbə bu mükafatı alıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Cəfər Cabbarlı mükafatının təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, tədbir C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində keçirilib.

 

Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı görkəmli ədibin 125 illiyi münasibətilə nəşr olunan yeni kitablar və layihələr haqqında məlumat verib. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli və dərin məzmunlu olduğunu bildirən Əməkdar mədəniyyət işçisi deyib: “Mükafat böyük dramaturq Cəfər Cabbarlı yaradıcılığının təbliği sahəsində aparılmış işlərə, tədqiq edilmiş əsərlərə, dramaturqun teatr yaradıcılığının təcəssümündə müstəsna xidmətləri olan sənətkarlar üçün nəzərdə tutulub. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq mükafat son zamanlar daha çox nominasiyanı əhatə edir”.

 

Tədbir zamanı görkəmli dramaturqun yaradıcılığının xronoloji ardıcıllıqla əks olunduğu videoçarx nümayiş edilib.

 

Sonra Cəfər Cabbarlı mükafatı ədəbiyyatşünaslıq, ədəbiyyat, teatr, rejissorluq nominasiyaları üzrə ziyalılara təqdim olunub.

 

Mükafata layiq görülən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Cəfər Cabbarlının Azərbaycan teatrı və ədəbiyyatında müstəsna xidmətləri olub. Görkəmli dramaturqun əsərləri bu gün də aktualdır və gənc nəslin inkişafına öz töhfəsini verir.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Hindistanın Mumbay şəhərində keçirilən “WeddingSutra” tədbirində toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanda bu istiqamətdə mövcud olan imkanlar tanıdılıb.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosu ilə yanaşı, tədbirdə ölkəmizi “Azərbaycan Hava Yolları” (AZAL), “Şahdağ” Turizm Mərkəzi, “Dreamland” Qolf Klubu, “Sea Breeze Resort” və Abşeron Hotel Qrupun nümayəndələri təmsil ediblər.

 

Azərbaycanın Hindistan bazarı üçün toy turizmi destinasiyası kimi tanıdılması və qlobal tərəfdaşlıq əlaqələrinin genişlənməsi məqsədilə tədbirdə ölkəmiz haqqında təqdimat nümayiş etdirilib və müxtəlif turizm məhsulları haqqında məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Cümə axşamı, 17 Oktyabr 2024 15:12

Komitə sədri akademikə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə məktub göndərib. 

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

“Akademikin 75 illik yubileyi ilə bağlı yazılan məktubda deyilir: 

“Hörmətli İsa müəllim,

Sizi – görkəmli ictimai, ədəbiyyat və elm xadimini 75 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, həyat və fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz XIX-XX yüzillər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şahtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi sahəsində sanballı elmi uğurlara imza atmısınız. Ümumən ədəbiyyat nəzəriyyəsi, o cümlədən XX yüzilin əvvəlləri Azərbaycan romantik lirikası, eləcə də, C.Məmmədquluzadənin mühiti, çağdaşları öndə olmaqla Azərbaycan ədəbiyyatı tarixi Sizin əsərlərinizdə çoxsaylı qaynaqlar əsasında geniş işıqlandırılıb, həmin əsərlər özləri ciddi qaynağa, nüfuzlu elmi istinadgaha çevrilib.

Siz 100-dən artıq kitabın, toplam 800-dən çox elmi əsərin müəllifi olaraq, məhsuldar elmi xidmətinizlə seçilirsiniz. Sizin çoxsaylı monoqrafiya, dərslik, dərs vəsaiti, tanıtma kitabı, albom-monoqrafiya, tərtib kitabı və b. nəşrlərin elmi redaktoru, rəyçisi, layihə rəhbəri olmağınız, 20-yə yaxın elmlər doktoru, 30-dan artıq fəlsəfə doktoru yetişdirməyiniz, ümumən xeyirxahlığınız, şöhrətinizə şöhrət qatıb.

AMEA-nın ən önəmli qurumlarından olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna, son illər, bütövlükdə AMEA-nın özünə rəhbərliyiniz Sizin xeyirxahlığınızın, xidmətlərinizin üfüqlərini daha da genişləndirib.

Uzun illər Milli Məclisin üzvü olaraq səmərəli fəaliyyətiniz unudulmazdır.

timiz  Sizin xidmətlərinizi yüksək qiymətləndirib; Siz Azərbaycan Prezidentinin sərəncamları əsasında Əməkdar elm xadimi fəxri adına, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülmüsünüz.

Sizi Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, elmi-ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımızı yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Cümə axşamı, 17 Oktyabr 2024 17:15

Əlincə boyda işıq

 

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

5 il bundan əvvəl, təxminən bu vaxtlar, bu çağlar idi. Bir payız günü, axşamçağı. 

İşdən yorğun gəlmişdim, yenicə çay içib, televizora baxa-baxa dincəlirdim. Mobil telefonuma zəng gəldi, baxdım, şəhər nömrəsi idi. Sevindim, bəlkə...

 

O vaxtlar çox həvəsli idim ki, mənə də bəlkə yaxşı bir yerdən iş, yüksək maaşlı vəzifə zad  verərlər. Həm də nəsə buna inanırdım.

Bu vaxt, şəhər nömrəsindən gələn zəng bəlkə...

Amma tez də sevinci qayğı əvəz etdi, bəlkə bankdı, gecikmiş ödənişi xatırladacaq... Nə vaxt ödəyəcəyim haqqında dilimdən söz tutmağa çalışacaqdı... 

Bu fikirlər, hisslər sürətlə beynimdən keçdi, telefonu açdım.

-- Sadıq Qarayevdir?

-- Bəli, buyurun.

-- AMEA reyasət heyətindədir, xarici pasportunuzun şəkilini təcili atın.

Sonra vatsap nömrəsi dedi.

-- Xeyirdir, neynlirsiz pasportu?

-- Dubna şəhərinə gedəcəksiniz.

Öz- özümə düşündüm ki, mənim Dubnada nə işim ola bilər. 

-- Ora nəyə gedirəm? 

-- Orada " Fizika- lirika" Beynəlxalq konfransı keçirələcək. İsa müəllim sizi də nümayəndə heyətinə yazıb.

Bir az düşünüb sual verdim:

-- Neçə nəfər, kimlər gedəcək?

Bu dəfə sualıma zəng edən şəxs duruxdu və soyuq, mənasız suala cavab verirmiş kimi ironiya ilə dedi:

-- Sizə bir aydiyyatı, ya fərqi var neçə nəfər, kimlər gedəcək?

O həm haqlı idi, həm də yox. Adi halda haqlı idi, bu nə sual idi vermişdim..

Amma mənim də bu sualı verməkdə məqsədim, səbəblərim var idi...

 

Akademik İsa Həbibbəylinin ideya və təşkilatçılığı ilə "Fizika və Lirika" konfransları artıq ənənə halını almışdır. Şamaxıda Astrofizika Elmi Tədqiqat Mərkəzində, Dendrologiya İnstitunda və Botanika İnstitutunda keçirilmişdir.

Alimləri, yazıçıları, elmlə ədəbiyyatı birləşdirən bu konfranslar çox möhtəşəm, maraqlı keçirdi.

Botanika İnstitunda keçirilən konfrnsda İsa müəllim dedi ki, gələn il bu konfransı Dubna şəhərində, Beynəlxalq Nüvə Tədqiqatları İnstitunda keçirəcəyik. 

Mən buna inanmadım. O cür nüfuzlu və xüsusi qorumada olan mərkəzdə icazə verərlər?

Yaxşı, bəs versələr kimlər gedəcək? Elə yaxşı olardı ki, mən də gedəm. Çoxdan görmək istəyirdim bu institutu. Axı mənim bütün əsərlərimdə məkan, zaman, kütlənin, kainatın yaranması haqqında söhbətlər, obrazların dili ilə verilmiş müzakirələr vardır. "Orbitlər və universal mövcudluq nəzəriyyələri" oradakı alimlərə maraqlı olardı, rəylərini soruşardım..

Amma mən o heyətə düşə bilərdim?

Çönüb zala baxdım. Akademiklər, professorlar, institut direktorları, bunları qoyub, məni aparmazdılar ki... mənə növbə çatmazdı.

-- Ora 6 nəfər gedəcək. Hələ bilmirəm kimlər olacaq, amma Hamlet İsaxanlı mütləq olacaq.

Düşündüm yaxşı, 6 nəfərin biri Hamlet müəllim, biri də İsa müəllim özü. Qaldı 4 nəfər. Mənim getmə ehtimalım O - nüvə institutunda alimlərin arxasınca düşdükləri protonlar boydadır...

İndi mən bunları nəzərə alıb pasportun surətini istəyən adama- kimlər, neçə nəfər gedəcək- sualı vermişdim.

16 oktyabrda akedimik İsa Həbibbəylinin ad günüydü, 75 illik yubileyiydi. Ürəyimdən gələnləri, təbii yazmaq istəyirəm. Ona görə də bu hadisəni xatırladım.

Və belə qərara gəldim ki, İsa müəllimin bir insan, bəndə kimi, mahiyyətində həqiqəti, haqqı yuxarıda tutmaq var. Axı reallıqda əsərlərundə elmi idrakla bədii təfəkkürün vəhdəti olan yazıçılardan biri də mən idim. O bu haqqı qiymətləndirmişdir. 

Deməli həqiqət adamıdır.

Bu yazını yazanda başlıq düşündüm. Adətən mən romanları da əvvəlcə başlıq qoyub, sonra yazıram.

"Arpaçayından Volqaya", "Azərbaycançılıq idealları yolunda əriyən ömür" başlıqları da düşündüm. Amma haradansa ağlıma "Əlincə boyda işıq" gəldi. Xoşum gəldi bu bənzətmədən. 

Yazıçılara kömək edən ən önəmli amillərdən biri də qəfil ağıllarına gələn, özünün də mənasını sonralar fikirləşib tapdığı, ya heç zaman tapmadığı fikirlər, ideyalardır. Demək ki, yazıçı fikir, təxəyyül baxımından özündən də yuxarıda olmalıdır, dərkedilməsi çətin olmalıdır, yoxsa bəsitləşib oxucunu diqqət əsarətinə ala bilməz.

Alimlərdə isə sürətli düşünmək, ümumiləşdirmək qabiliyyəti daha çoxdur. Və bunun üçü hansı sahə olursa olsun, riyazi təfəkkür olması zəruridir.

İsa müəllimin çıxışlarında sürətli ümumiləşdirmək, süjet xəttini, mahiyyəti dəqiq təsvir və ifadə etmək həmişə diqqətimi cəlb etmişdi.  Bunun təkcə ədəbiyyatla bağlı olmadığı qənaətinə gəlmişdim. Və yanılmamışdım soruşdum bu barədə . Məlum oldu ki, orta məktəbdə riyaziyyatı o qədər mükəmməl oxuyurmuş ki, onun filologiya fakültəsinə qəbul  olduğunu eşidən riyaziyyat müəllimi əlindəki çay dolu istəkanı yerə çırpmışdır.

İsa müəllimin Akademiyada işlədiyi müddətdə riyazi təfəkkürü, xarizması, xarakterik keyfiyyətləri, əsas da sözübütövlüyü və həqiqətin, haqqın yanında olması onu həmişə öz ranqında olan,  eyni pillədə durduğu insanlardan fərqləndirmişdir.

İnsanlarla ünsiyyət şəxsiyyətin əsas mənəvi göstəricisidir. Özündən yuxarının önündə məstan, aşağının ( təbii ki, vəzifə və ya maddi imkan baxımından) yanında aslan olmaq dünyada geniş vüsət almış, ən mənfi insani göstəricilərdəndir. Müşahidə etdiklərim və şahidi olduğum hadisələrdən belə qənaətə gəldim ki, İsa müəllimə hörmət və nüfuz qazandıran əsas amillərdən biri də onun heç bir təsirə düşməməsi təbiilyini saxlaya bilməsi, mənəvi aləminin həyacanlanıb öz orbitindın aşağı və ya yuxarı stasionar hala sıçramamasıdır.

İnsan dəyişəndə ölür, yerinə başqa varlıq peyda olur.

75 il dəyişmədən, işığı azalmadan yaşamaq, hörmət itirmədən müxtəlif vəzifələrdə çalışıb qürurunu, insanlığını, bəndəliyini, vətəninə, dövlətinə sədaqətini qorumaq böyük hünərdir, bəxtəvərlikdir. Bəlkə də adi haldır, təbiiliyin real halıdır, çox sadə, asan bir şeydir. 

Qorumaq... Qalalar qorunmaq, müdafiə, alınmazlıq məkanıdır. Əlincə bu mənada Azərbaycanın, Şərqin rəmzidir. 

İsa  Həbibbəyli 75 ildə bəndəliyini, insanlığını, alimliyini, vətəndaşlığını qorumuşdur.

Bir insan üçün bundan böyük nailiyyət ola bilməz. 

İyun ayının 25-də AMEA - da  mənə 50 illik yubiley keçirildi. Elmi ictimaiyyət, ədəbi cəmaeə tərəfindən, ictimai- siyasi mühitdə çox böyük rəğbətlə qarşılandı bu hadisə. Tədbirin adını düşünəndə müxtəlif variantlar dedim, İsa müəllim bizə- dayanın bir dəqiqə düşünüm- deyib, belə bir ad söylədi:

"Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi". Yenə sürətlə düşünə bilmişdir.

Bu yubiley Sadıq Qarayevin şəxsinə keçirilmirdi. Azərbaycançılıq ideallarından, Vətən müharibəsindən, Qərbi Azərbaycandan bəhs edən,  böyük zəhmətin elmlə- ədəbiyyatın vəhdətindən yaranmış əsərlərə, həm də relikt bitkilər barədə apardığım tədqiqatlara keçirilirdi. 

Harada Azərbaycançılıq idealları, Heydər Əliyev yolu, milli dövlətçilik şüurunu təbliğ edən, bu istiqamətə xidmət edən elmi, ədəbi  fəaliyyət varsa İsa Həbibbəyli onu alqışlayar, müdafiə edər, inkişaf etdirməyə çalışar, bunun üçün yorulmaz, usanmaz. İşığın dalğa, zərrəcik xüsusiyyəti var, amma yorulmazdır.

İsa Həbibbəyli ömrü azərbaycançılıq məfkurəsinə, dövlətçilik ideallarının kerçəkləşməsinə sərf olunan, tüstüsüz yanan, əriyən, amma işığı həmişə elm, təhsil sahəsində qalacaq bir ömürdür.

İsa Həbibbəyli şəxsiyyəti bəndəliyin, vətəndaşlığın, ziyayılığın, alimliyin və dövlətçiliyə, azərbaycançılıq ideallarına sədaqətin vəhdətindən yaranmış Əlincə möhkəmliyində, işıq mahiyyətindədir.

75 illik yubleyiniz mübarək Əlincə boyda işıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.24)

Cümə axşamı, 17 Oktyabr 2024 16:36

Axı, bu payızda təzə nə var ki… -ESSE

AzəAllahverdiyev adlı oxucumuz Redaksiyamıza “Axı, bu payızda təzə nə var ki” adlı essesini göndərib. Onu diqqətinizə çatdırırıq.

 

 

Bu payız illərin payızıdır. Bu xəzanlar köhnə xəzan, köhnə yarpaqlardır, qoca çinarın əyilmiş budağının yarpaqlarıdır. Bu yarpaqlar ötən ilki budaqlardan tökülüb, elə ötənilki yarpaqlardır.

Aylar keçəcək, bu yarpaqlar yenə torpağa qarışacaq, itəcək, heç payızı xatırladan bir nişanəsi də qalmayacaq.

 

Axı, bu payızda təzə nə var ki?

 

Ötən payızda saçlarını tumarlayardım, bu gün yoxsan, payızın xəzanını, sarı yarpaqlarını, ağacların üstündəki mamırları tumarlayıram. Mamırlar da ağacların saçlarıdır. Hansı gözəlin saçlarından əskikdir ağacların saçları?

Ötənilki payızdır, köhnə meşə, qoca ağaclar, yenə saralmış yarpaqlar…

Yenə sakit-sakit axır bulaqlar, yenə sakit-sakit düşür axşamlar, yenə cəh-cəh vurur quşların səsi, yenə hiss edilir payızın nəfəsi.

 

Axı, bu payızda təzə nə var ki?

 

Zirvədəki dümağ qardır, dərədəki ətir çiçəkdir, qayadakı qartallardır, səmalarda qatar-qatar uçan durnalardır. Köç eyləyir yurdlarına.

 

Ötənlərə nəzər salaq, meşələri ağac-ağac, ağacları budaq-budaq, budaqları yarpaq-yarpaq, şəhərləri küçə-küçə, küçələri bina-bina dolaşdığımız payızdır.

 

Xatirələri təzələyək varaq-varaq, kitab-kitab, hissə-hissə, dolaşdığımız küçələri yenə gəzək qarış-qarış, addım-addım, cığır-cığır, təkcə qalan izimizdir.

 

Axı, bu payızda təzə nə var ki?

 

Yerə tökülüb sarı yarpaqlar, saralıb küçələr, saralıb bağlar, yenə sızıldayır ürəyim.

Bir payız axşamı, “payız adamı” ac qalmış ruhumu elə döyür ki, hönkür-hönkür ağlamaq istəyirəm. Meşədəki bozqurd sevdası, yuxularımı ərşə çəkir bozqurdların ulaşması, sırğa kimi qulağımda asılıbdır. Gözümün önündən bozqurdların orduları keçir. Yenə köhnə meşə, qoca çinarlar, bomboz ağaclar, saralmış yarpaqlardır.

 

Axı, bu payızda təzə nə var ki?

 

Yazılanlar yazılacaq, pozulanlar pozulacaq, ağlayanlar güləcək, gülənlər ağlayacaq, sarı yarpaqlar yer üzünə işıq saçacaq. O yarpaqlar zaman ötdükcə torpağa qarışacaq, yenə payız gələcək, tər-təzə sevgilər iz salacaq. Ağbirçək nənələr, ağsaqqal babalar, yenə əsasına söykənəcək, didərginlər çadırlara, quşlar yuvasına sığınacaq.

 

Bu, illərin payızdır.

 

Biz sevginin şərbətinə acı qatıb, bir kimsənin kədərinə gülməmişik. Dönə-dönə danmasaydıq sevgimizi, saralmazdı bu yarpaqlar, qocalmazdı bu çinarlar, ağarmazdı saçlarımız, əvəzində təzə-təzə şəhər salıb ev tikərdik, bulaqlardan su gətirib gül əkərdik, saçlarına yarpaqlardan çələng toxuyardım.

Bu, illərin payızıdır, köhnə payız, köhnə meşə, qoca çınarlardır.

 

Axı, bu payızda təzə nə var ki?

 

İzin qalan küçələrə yolun düşsə denən mənə, yolu- izi təmizləyim, sarı yarpaqlar düzüm.

Sən meşə, mən meşədəki tənha palıd, mən yağış, sən bulud, mən ağac, sən yarpaq ol.

Oturaq yarpaqların üstündə, quzu kimi, sakit axan çayların büllur sularında üzən yarpaqlara baxaq, cəh-cəh vuran turacların, kəkliklərin nəğməsinə qulaq asaq, ötənləri xatırlayaq.

 

Axı, bu payızda təzə nə var ki?

 

Xəzanlar harayıma çatır, intihar edən yarpaqlar yenə səpələnib yer üzünə,yenə ötən payız, yenə ötən yarpaqlar. Bir payız küləyi dolanır indi. Yenə xəyallara dalıb köksümü ötürüb saralmış yarpaqlara baxıram.

 

Payız yarpaqları alnımın qırışıdır, ağaclardan düşüb yerdə belə ölür, biz dünyada sevənlərə iz qoyuruq, iki qoca uşaq kimi.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Sözün qələbəsi” şeiri təqdim edilir.

 

 

SÖZÜN QƏLƏBƏSİ

 

Vətən, təbrik edirəm, təbrik edirəm səni

Qəlbindəki duyğunun, hissin qələbəsidir.

Susmuş bulaqlarında hərarətin, hənirin

Sönmüş ocaqlarında közün qələbəsidir.

 

Yurdu bizə əmanət qoyub babalarımız,

Çox qanları su ilə yuyub babalarımız.

" Səbr Allahın adıdır" deyib babalarımız,

Otuz illik həsrətin dözüm qələbəsidir.

 

Nə yaxşı!- gördüklərim nə yuxudur, nə röya,

Günəş də gülümsəyir nurunu yaya- yaya.

Bu işıqlı dünyaya, yaraşıqlı dünyaya

Zülmətlərdən boylanan gözün qələbəsidir.

 

Billur kimı suları dərələrdə lillənən,

İstəkləri gül açan, arzuları dillənən,

Əngin səmalarında bayrağımız yellənən

Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.

 

"Heyratı"nın sədası öz dünyamdan qoparır,

Bu yaşımda məni də "cəngi"cəngə aparır.

Tarzənin sinəsində tar da tufan qoparır.

Aşığın köksündəki sazın qələbəsidir.

 

Biz Vətənə can demir,canı qurban deyirik,

Yüzillik düşmənini 44 günə əyirik!,,

Bu şanlı qələbəmiz şər üstündə xeyirin,

Sərt qışın üzərində yazın qələbəsidir.

 

Vurğunuyuq burdakı hər döngənin ,guşənin,

Başına dolanarıq bizi başa düşənin.

Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın,...

İntiqamın, qisasın, hirsin qələbəsidir.

 

Aynasından ay, ulduz asılan körpələrin,

Oyuncaq dünyaları pozulan körpələrin,

Taleyinə şəhidlik yazılan körpələrın,

Yellənçəkdə yellənən qızın qələbəsidir.

 

Hamı zəfər eşqində, qələbə həvəsində,

Od yağır komandirin " Atəş!, Atəş!" səsindən...

Qəhrəman əsgərlərin döyüş səlnaməsində

Qızıl hərflə yazılan qızıl qələbəsidir.

 

Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,

Möcüzəsi var imiş Şuşamızda dumanın.

Dilinə qurban olum Ali Baş Komandanın,

Cəsarət meydanında sözün qələbəsidir!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.

 

 

Əmin Əhəryar

Təbriz

 

Bəlkə bir gün

Dizləri ilə dünya yükünü daşıyan

Qızıl atları

Yaşıllıqlara dəvət etdilər

Və sarsılmış çiçəkləri

Evlərin qapısında

Pozulmuş boyalara boyadılar.

Çağırın yəhərçiləri

Çağırın dostları

Sibir buz adalarına günəşi çağırın

İsti dənizlərinə qocalar gəlsin

Dünyanın başa-başına

Çəkilsin həyatla həyat...

Bu gün bir ada,

Adamsız adamları gözləyir...

Birgə yaşamaq üçün;

Gəlin dostlar

Bura bir qızıl quş qonacaq...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                            

 

ÇİNGİZ ABDULLAYEV,

Xalq yazıçısı

 

KÖRPƏ VƏ KÜRƏN PİŞİK BALASI

(Hekayə)

 

Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər... Bəzən hətta həmişəkindən tez isladırdı.

Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini - pampersini dəyişsin.

O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə... Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan - anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.

Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: "Ata...". Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində  olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da... Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.

Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə - hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. "Ana"dan dərhal sonra öyrəndiyi ilk söz olan "ata" sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.

Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır...

Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.

Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi - başqasının malına kəm baxmamaq!

Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona "ana" deyir. Başa düşə bilmirdi ki, bir evdə iki "ana" necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə "Nənə gəldi!" deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı "ana" deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə "nənə" deməyə cəhd edirdi.

Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də - körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.

...Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki... Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi, buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.

O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.

Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.

- Oradakıların hamısı ölüb! - tanımadığı bir səs qışqırdı. - Qonşu otaqda heç kim yoxdur.

Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı "qədər" və "sonra" adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə "qədər"də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.