14 may tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “CareerLAB” Şəbəkəsi çərçivəsində “Təhsildə müasir çağırışlar və perspektivlər” mövzusunda panel müzakirə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyindən verilən xəbərə görə, tədbirin əsas məqsədi gənclərlə təhsil sahəsində mövcud yeniliklər, müasir dövrün çağırışları, gələcək perspektivlər və şəxsi inkişaf imkanları barədə fikir mübadiləsi aparmaq olub. Panel zamanı iştirakçılar təhsildə innovativ yanaşmalar, əmək bazarının tələbləri, gənclərin karyera planlaması və inkişaf istiqamətləri ilə bağlı məlumatlandırılıblar. Tədbirin açılışında ADPU-nun Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini Pərvanə Rzayeva çıxış edərək təhsil sahəsində müasir yanaşmaların əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb. Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatorudur Eyvaz Xeyrullayev çıxış edərək “CareerLAB Şəbəkəsinin yaratdığı imkanlar barədə iştirakçılara məlumat verib. Panel müzakirəsində spiker qismində Nübar Bayramova, Sevil Allahverdiyeva və Lətifə Camalova çıxış ediblər. Spikerlər təhsil sahəsində müasir çağırışlar, şəxsi inkişaf, karyera planlaması və gənclərin gələcək perspektivləri ilə bağlı öz təcrübə və fikirlərini iştirakçılarla bölüşüblər.
İnteraktiv formatda keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların gələcək karyera hədəflərinə motivasiya qazandırmaq məqsədi daşıyıb.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


