“Xocavənd əməliyyatı” zamanı şəhid olmuş kəşfiyyatçıların xatirəsi anılıb

 

 Aprelin 10-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, 1997-ci il aprelin 10-da “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri leytenant Elxan Ataxan oğlu Ağayevin, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədovun, çavuşlar Anar Üzeyir oğlu Rzayevin, Dinar İbrahim oğlu Mustafayevin, Aqşin Əli oğlu Həsənovun, Nizami Səfi oğlu Ələkbərovun və Fariz Şamil oğlu Cavadovun anım gününə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Hərbi Memorial Məzarlığı ziyarət edib, əməliyyatın iştirakçısı olmuş şəhid kəşfiyyatçıların məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova həmin əməliyyatın önəmindən danışıblar. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsinə diqqət çəkilib, həmin əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğu bildirilib. Həmçinin qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkilib. Qeyd edilib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və onun iştirakçılarının qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış “Xocavənd əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş “8 oğul istərəm” sənədli filmi nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”
(13.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.