Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
26 fevral 2026- ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu Rafiq Nəsrəddinov adına tam orta məktəbdə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Bayramova tərəfindən 5”B” sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbirdə məktəbin direktoru Tahirə Şükürova, Şəhid Arif Əliyevin bacısı Səbinə Hüseynova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvü, bəndəniz Ülviyyə Əbülfəzqızı, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Şagirdlər faciəyə həsr olunmuş şeirlər səsləndirdilər, mövzu ilə bağlı təqdimatlarla çıxış etdilər.
Məktəbin direktoru Tahirə Şükürova çıxış edərək Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz qoyduğunu, bu qanlı hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğuladı. O qeyd etdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsi hər birimizin mənəvi borcudur. Tahirə xanım bildirildi ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması ilə Xocalı adı artıq təkcə faciə ilə deyil, həm də qürur və zəfər hissi ilə anılır. Bu gün biz həm o dəhşətli hadisənin ağrısını yaşayır, həm də azad olunmuş torpaqlarımızın sevincini və qürurunu hiss edirik.
Xocalıda Şəhid olan Arif Əliyevin bacısı Səbinə Hüseynova qardaşının cəsarətindən-bir çox Xocalı sakinlərinin həyatını xilas etməsindən və sonda qəhrəmancasına Şəhid olmasından söz açdı.
Ülviyyə Əbülfəzqızı Xocalı faciəsinin dəhşətindən söz açdı, bu faciəni şahidlərin gözü ilə təsvir etdi.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə tariximizin ağrılı səhifələrindən biri olan Xocalı faciəsi haqqında məlumat vermək, onlarda vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək idi.
“Ədəbiyyat və incəsənət”
(27.02.2026)


