Üç şəhidin kəşfiyyatçı qardaşı - MÜSAHİBƏ Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu dəfəki müsahibəm üç şəhidin kəşfiyyatçı qardaşı, kəşfiyyatçı şəhid Xanı əminin silahdaşı mayor Zahid Əliyevdir. Düşünürəm ki, müsahibə oxucularımızın marağına səbəb olacaq.


- Zahid bəy, zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

 

-Üç şəhid qardaşı, ehtiyyatda olan, mayor rütbəsində xidmət etmiş, kəşfiyyatçı Əliyev Zahid İmran oğlu. Təxminən 1989-cu illərdən indiki alçaq qonşularımız olan ermənilər, hələ ordu formalaşmamış, silahlanma aparılmamışkən torpaqlarımızı işğal etməyə başladılar. Bu hazırlıqlar açıq-aydın görünürdü. Onların bizə qarşı plan qurduqlarını öz gözlərimizlə görürdük. Həmin dövrdə çox ağır və faciəli hadisələr baş verdi və bunların hamısı gözümüzün qarşısında yaşandı.

Biz də məcbur olduq ki, özümüzü və torpaqlarımızı qorumaq üçün özünümüdafiəyə qalxaq. İlk dəfə yerli özünümüdafiə dəstələri məhz o zaman formalaşdı. Aylar keçdikcə vəziyyət daha da gərginləşdi. Demək olar ki, silahımız yox idi, amma özümüzü qorumaqdan başqa yolumuz da qalmamışdı. Beləliklə, ilk mühafizə tədbirləri görüldü və özünümüdafiəyə başladıq.

 

O vaxtlar bizə tez-tez belə bir sual verilirdi: Nəyə görə bir ailədən beş qardaş müharibəyə getdi?

 

Bizim Tahir adlı bir qardaşımız var idi. Tahir çox cəsur, mərd və yüksək vətənpərvər bir insan idi. O, bu ölkədə özünümüdafiə hərəkatının yaranmasına ilk dəstək verənlərdən biri olmuşdu. Biz vətənə, torpağa olan sevgini məhz ondan öyrəndik. Bu duyğuları bizə Tahir aşılamışdı.

Tahirə hamı inanırdı. Hətta bölgədə böyük hörmət sahibi olan  Xudu Məmmədov da ona çox güvənirdi və onunla tez-tez əlaqə saxlayırdı. O zamanlar deyirdilər ki, “Bu kənddə Tahir varsa, erməni bu kəndə girə bilməz.” Tahirə olan inam o qədər böyük idi.

Biz də onun ətrafında birləşirdik və özünümüdafiə işlərində fəal iştirak edirdik. Silahımız demək olar ki, yox idi. Tahirin cəmi bir ov tüfəngi vardı. Sonradan məlum oldu ki, həmin tüfəng də işlək deyilmiş. Amma Tahir postlar qurur, o tüfəngi gətirib posta qoyur və deyirdi: “Qorxmayın, silahımız var”.

Bu davranışı ilə insanlara ruh verirdi, qorxunu aradan qaldırırdı. O, hər vəziyyətdə dik durmağı, cəsarətli olmağı öyrədirdi. Tahirin verdiyi bu mənəvi güc o dövrdə bizim üçün ən böyük silah idi.

 

-Döyüş yolunuz haqqında məlumat verin mümkünsə.

 

-1991-ci ilin noyabr ayında Milli Ordu yaradıldı. Milli Ordu yaranana qədər yalnız Drayon–Boryan–OMON batalyonu mövcud idi. Faktiki olaraq yalnız OMON batalyonu fəaliyyət göstərirdi, digər qüvvələr isə kəndlərdə yerləşirdi. Buna baxmayaraq, onlar müdafiə xəttini tərk etmirdilər və hər kəs öz yaşadığı ərazinin müdafiəsinə cavabdeh idi. Milli Ordu yaradıldıqdan sonra biz — könüllü batalyonlar — Milli Ordunun sıralarına qoşulduq və artıq rəsmi şəkildə orduya xidmət etməyə başladıq. İlk vaxtlar qardaşım Tahir ən böyük batalyonun komandiri idi və bu batalyona rəhbərlik edirdi.

Biz əvvəlcə sıravi əsgər kimi mövqelərdə xidmət etdik, döyüşlərə qatıldıq. 1992-ci ilin may ayında isə böyük qardaşım Zakir müdafiə zamanı qəhrəmancasına şəhid oldu. Ondan üç ay sonra, Abdal-Gülablının müdafiəsi zamanı Tahir də döyüşlərdə iştirak edirdi. Ermənilər Abdal-Gülablını işğal etdilər. Tahirin bölüyünün əsgərləri isə Abdal dağının ən yüksək nöqtəsində, “Xaçadar” adlanan mövqedə müdafiə mövqeyi tutmuşdular. Həmin vaxt şiddətli döyüş gedirdi. Əsgərlər mühasirəyə düşmüşdü. Tahir ağır vəziyyətdə qalmışdı. Ermənilər öz mövqelərini keçərək irəliləmişdilər. Mövcud məlumatlara görə, Tahir yaralı halda mövqedə qalmışdı və sonrakı taleyi barədə dəqiq məlumat əldə olunmadı. Beləliklə, mənim də müharibə yolum məhz bu hadisələrlə başladı. Qardaşlarım şəhid olana qədər mən adi bir əsgər kimi, sıravi döyüşçü kimi xidmət edirdim. Lakin bu itkilərdən sonra bir neçə gün dərindən düşünərək özümə gəldim və qəti qərar verdim ki, ilk növbədə qardaşlarımın, eləcə də digər silahdaşlarımızın və vətəndaşlarımızın qisasını almaq üçün bu yolda hər şeyə hazıram. Həmin andan etibarən həyatımı hər an təhlükə altına atmağa, bütün risklərə hazır olmağa özümü mənən hazırladım. Xidmət etdiyim vaxtlarda taborda kəşfiyyat taqımı yox idi. Mən bu məsələni əvvəlcə tabor komandirinə bildirdim. O da öz növbəsində yuxarı komandanlığa məruzə etdi. Beləliklə, qərara alındı ki, mövcud ştatdan kənar ayrıca bir kəşfiyyat qrupu yaradılsın. Mən də bu qrupun formalaşdırılmasını öz üzərimə götürdüm.

Qeyd etməyi unutmayım ki, 1992-ci ilin may ayının 8-də qardaşımız Akif Abdal-Gülablı müdafiəsi zamanı şəhid oldu. Sentyabrın 4-də Tahiri itirdik, 5-də isə qardaşımız Sabir müdafiə zamanı şəhid oldu.

 

-Uzun illərdir ki, xidmət edirsiniz, yadda qalan, hərbi sirr sayılmayan əməliyyatlardan, mümkünsə, danışarsınız.

 

-Qarşıma aydın bir məqsəd qoymuşdum: əgər kəşfiyyatçı olmasam, qisasımı ala bilməyəcəyəm. Qisas yalnız kəşfiyyat yolu ilə mümkündür — düşmənin arxasına keçərək, onun içində hərəkət edərək. Ancaq bu yolla qardaşlarımın və digər silahdaşlarımızın qisasını az da olsa, ala bilərdim. Bu məqsədlə 22–23 nəfərlik bir taqım formalaşdırmağa başladım. Yalnız fədakar, cəsur, qorxmaz, ölümdən çəkinməyən insanları seçirdim. Günlərin birində seçim apararkən bir qardaşımızla tanış oldum. Bir gecə ona kəşfiyyat taqımına qoşulmağı təklif etdim. O da tərəddüd etmədən razılaşdı. Sonradan mənə danışdı ki, artıq xidmət etdiyi postda bir neçə dəfə gizli keçidlər edərək düşmən mövqelərinə gedib-gəlib. Onu dərhal taqıma götürdüm. Birgə ilk əməliyyatımız Ağdərə istiqamətində oldu. Həmin əməliyyatda onun hünərinə və cəsarətinə heyran qaldım. Doğrudan da son dərəcə qorxmaz bir insan idi. Elə ilk gündən, ilk əməliyyatdan sonra o, mənim üçün bir nömrəli kəşfiyyatçıya çevrildi — ən yaxın, ən etibarlı və ən cəsur silahdaşım oldu. Onun cəsarəti o qədər böyük idi ki, mən onu şəhid qardaşım Tahirə bənzədirdim. Bir neçə gün sonra ona dedim: “Sən artıq bu gündən mənim üçün qardaşsan. Çünki Tahirin hünəri və cəsarəti səndə var, mən bunu səndə görürəm”.

Beləliklə, bizim düşmən arxasında fəaliyyətlərimiz və əməliyyatlarımız başladı. Açığı, düşmən itkisinin sayını belə deməkdə çətinlik çəkirəm. Amma bir çox uğurlu əməliyyatlar keçirdik, düşmən arxasında ciddi nəticələr əldə etdik. Mən çox vaxt əməliyyat üçün özüm şəxsən müraciət edirdim. Sonralar, xüsusilə 1995-ci illərdə birbaşa Korpus Komandanından icazə istəyirdim. Təsəvvür edin ki, bunu, bəlkə də, heç kim etməzdi, ya da etmək istəməzdi. Amma mən hər zaman özüm gedib xahiş edirdim. Sizi inandırıram ki, bəzən az qalırdı yalvarım ki, icazə verin düşmən qarşısına, kəşfiyyata gedim. Elə olurdu ki, 3–5–6–7 sutka ərzində dəfələrlə qrupumla birlikdə 23–25 kilometr dərinliyə qədər düşmən arxasında kəşfiyyat əməliyyatlarında iştirak edirdik. Getdiyimiz yerlərin adlarını çəkmirəm, buna ehtiyac da görmürəm. Amma gördüyümüz bütün işlərin rəsmi sənədləri vardı: çəkilən fotolar, toplanan məlumatlar və əldə olunan materialların hamısı Müdafiə Nazirliyinə təqdim edilirdi. Buna görə də əlavə izaha ehtiyac yoxdur.

Məhz bundan sonra mənim üçün ən çətin, ən ağır günlər başladı. Şərait olduqca ağır idi, texniki təminat demək olar ki, yox idi. Bir fotoaparat əldə etmək üçün belə Korpus Komandanına dəfələrlə müraciət edirdik ki, bizə ən azı bir aparat versinlər ki, getdiyimiz ərazilərdə düşmənin texnikasını, bölmələrini və mövqelərini sənədləşdirə bilək. Amma nə video kamera, nə də fotoaparat bizə asanlıqla verilirdi. Bu səbəbdən də dəfələrlə düşmənlə üz-üzə qalırdıq. Səsboğucu silahlarımız olmadığı üçün istədiyimiz kimi hərəkət edə bilmirdik. Əslində, səssiz şəkildə qarşılaşdığımız düşmənləri zərərsizləşdirib əməliyyatı davam etdirmək olardı. Lakin səsboğucu olmadığına görə məcbur qalırdıq açıq atəş açaq. Bu isə ya geri çəkilməyə, ya da mövqeyimizi dəyişərək başqa dağlara çəkilib gizlənməyə məcbur edirdi. Çətinliklər o qədər çox idi ki, bunu yalnız o yolları gedən, o əməliyyatlarda olan, o saniyələri, dəqiqələri, günləri yaşayan insan başa düşə bilər. Yaşamayan biri bunu tam hiss edə bilməz. Bütün bu çətinliklərə baxmayaraq, mənim üçün bu yol eyni zamanda qürurverici idi. Hər zərərsizləşdirilən düşmən məndə qürur hissi yaradırdı. Düşünürdüm ki, heç olmasa az da olsa, düşmənə zərbə vururam, onu ruhdan salıram. Məhv edilən düşmən canlı qüvvəsi, ələ keçirilən texnika — bunların hamısı mənə güc verirdi, ruhlandırırdı, mübarizə əzmini artırırdı. Beləliklə, demək olar ki, ömrümün böyük bir hissəsi döyüşlərdə keçdi. 2020-ci ilə qədər, ondan sonrakı antiterror əməliyyatları da daxil olmaqla, Qarabağ tam azad olunana, torpaqlarımız işğaldan qurtulana qədər keçirilən bütün döyüş əməliyyatlarında iştirak etdim. Qeyd edim ki, 2020-ci ildə yuxarı komandanlıqdan rəsmi icazə alan azsaylı şəxslərdən biri də mən oldum. Təxminən 50 nəfərə yaxın könüllü — heç bir maddi qarşılıq gözləməyən, rəsmi qeydiyyatı olmayan, lakin müharibə təcrübəsi olan yaşlı və təcrübəli insanları bir araya topladım. Açığı, mən xüsusi olaraq çağırış etmədim. Sadəcə olaraq rayonun müdafiəsində əsgərlərə kömək etmək niyyətimi bildirdim və bu çağırış ətrafımda cəsur, fədakar insanların toplaşmasına səbəb oldu. Beləliklə, ətrafıma təxminən 50 nəfər könüllü yığışdı. Bu könüllülərə hər gecə silah verilirdi. Onlar əsasən gecə saatlarında mövqelərin, postların mühafizəsində iştirak edirdilər. Hər posta iki nəfərdən ibarət — yaşlı, təcrübəli könüllülər təyin edirdim və onları aparıb yerləşdirirdim. Beləliklə, hər gecə postların təhlükəsizliyi təmin olunurdu. 2020-ci ildə döyüşlərdə mənimlə yanaşı, bu istiqamətində olan igid və fədakar vətəndaşlarımız da qəhrəmancasına iştirak etdilər. Bu könüllülər arasından iki nəfər şəhid oldu. Onlardan biri mərhum Müşfiq idi — son dərəcə cəsur, fədakar, qəhrəman və igid bir qardaşımız. Mən həmişə düşünürdüm ki, onun qarşısına 30–40 nəfər silahlı erməni əsgəri də çıxsaydı, onu məğlub edə bilməzdilər. O qədər cəsarətli və hünərli bir insan idi. Təəssüf ki, şəhid oldu. Digər şəhidimiz Elmir Əliyev idi. Düşmən tərəfindən postlarımıza tez-tez gecə basqınları olurdu. Belə basqınlardan birində Elmir də şəhid oldu. Qeyd edim ki, həm Elmir, həm də Müşfiq eyni postda, lakin fərqli vaxtlarda şəhid olmuşdular. Sonradan anladıq ki, düşmən həmin postu ələ keçirmək üçün gecə-gündüz çalışırmış və onu xüsusi hədəf seçmişdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.Nəticə etibarilə, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə kəndlərimiz də bir-bir azad edildi. Qısa müddət ərzində — cəmi 44 gün ərzində  torpaqlarımız düşmən işğalından qurtarıldı.

Bir ay boyunca bütün üzvlər silahlanaraq səngərlərə endi, düşmənin qarşısında dayanıb vətənimizi qorumağa çalışdıq. Mən dörd nəfərlik ailə ilə qalmışdım, yaxın ətrafımda isə cəmi beş nəfər var idi. Öz zəhmətimlə tikdiyim evim, içində olan hər şeylə birlikdə yandı, külə döndü. Amma bir həqiqət var: vətən hər kəs üçün öz evindən başlayır, sonra kəndimiz, rayonumuz və dövlətimiz gəlir. Bu yolu qorumaq üçün əziyyət və zərurət yaranırsa, insan canından keçməyə də hazır olmalıdır. Məhz bu zaman vətən doğrudan da vətən olur, dövlət də dövlət olur. Elə buna görə də biz — qardaşlar — bir ay ərzində hamımız silaha sarıldıq, səngərlərə endik və düşmənin qarşısında dayanaraq vətənimizi qorumağa çalışdıq. Bunu xüsusilə ona görə deyirəm ki, sonralar həm kəndimizdən, həm də yaxın çevrəmdən bəzi insanlar mənə təəccüblə sual verirdilər: “Niyə hamınız getdiniz? Axı qısa müddətdə üç qardaşınız şəhid oldu.”

Bəli, getməli idik. Bu, bizim üçün təbii və qaçılmaz idi. Mən elə bir ailədə böyümüşəm ki, atamız sadə zəhmətkeş insan olub. Əlinin qabarı, halal zəhməti ilə ailəsini dolandırıb. Demək olmaz ki, biz çox varlı yaşamışıq, amma kasıb da olmamışıq — hər şey öz zəhmətimizlə qazanılmışdı. Biz Milli Ordunun sıralarına qoşulanda nə babamız, nə də atamız bizə heç vaxt demədi ki, “niyə hamınız müharibəyə gedirsiniz, niyə hamınız döyüşürsünüz?”. Çünki onlar da anlayırdılar ki, bu, lazımdır. Onlar bilirdilər və bunu qəbul edirdilər. Biz elə bir tərbiyə almışdıq ki, vətənə sevgi bizim üçün hər şeydən üstün idi — həqiqətən də üstün idi. Məhz buna görə də hər birimiz bu yolda canımızı verməyə hazır idik və lazım gələndə canımızı əsirgəmədik. Bu gün deyirlər ki, Qarabağ azaddır. Artıq işğaldan azad olunub. Biz hərbi əməliyyatlarda iştirak etmirik. Xalqımız doğma torpaqlarına qayıdır, qayıdış prosesi başlayıb. Amma mən hələ də iştirak etdiyim əməliyyatlar, kəşfiyyat tapşırıqları və döyüşlər barədə danışmaq istəmirəm. Nə deyəcəyimi də bilmirəm. Hələ bu barədə danışmamışam və indi də danışmaq istəmirəm. Düşünürəm ki, buna bir az zaman lazımdır. Qarşıda hələ çox vaxtımız var, çox sınaqlarımız var. Ümid edirəm ki, dövlətimizin uzaqgörən siyasəti nəticəsində — müharibəsiz, qan tökülmədən — Zəngəzur dəhlizi də açılacaq. Vaxtı gələndə gördüyüm əməliyyatlardan danışacağam. Açığı, çox maraqlı, unudulmaz əməliyyatlarımız olub. Onların hər biri ayrıca bir mövzudur. Allah ömür versə, gələcəkdə onların hər biri haqqında danışacağam.

 

-Sizin ən yaxın silahdaşlarınızdan biri Xanı əmi bu yaxınlarda düşmənin basdırdığı minaya düşərək şəhid oldu. Bu barədə danışmaq istərdinizmi?


-Mənim üçün ən sədaqətli insanlardan biri, yaxın dostum, silahdaşım və son şəhidimiz Xan idi. Xan müharibədən sonra, mülki dövrdə şəhid olsa da, o da düşmən işğalının qurbanı idi. O, düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid oldu. Ondan əvvəl igid qardaşlarımız vardı. Qorxmaz qəhrəmanlar arasında belə bir deyim var — bəziləri yalnız mənim üçün yox, onu tanıyan hər kəs üçün qəhrəman idi. Sonra Raqif qardaşımız oldu. Ondan sonra isə Xan. Onlar bizim üçün adları çəkilən və ya çəkilməyən qəhrəmanlardır, keçmişimizin igidləridir.

 

-Bugünkü gəncliyə hansı məsləhətləri verərsiniz? Sizin üçün Vətən nədir?

 

-Vətən mənim yaşadığım torpaqdır. Bu yer, bu torpaq, aldığım hava, içdiyim su — bunların hamısı vətəndir. Bu vətəni qorumaq, bu torpaqda yaşayan hər bir vətəndaşı müdafiə etmək mənim borcumdur. Bu, ən ali vəzifədir. Bundan üstün düşünüləsi heç nə yoxdur.

Pul qazanmaq, yaxşı yaşamaq — bunların hamısı ikinci dərəcəlidir. Əgər torpağın, vətənin yoxdursa, bunların heç bir mənası yoxdur. Bəziləri deyir ki, “mən döyüşdüm, müharibədə iştirak etdim, vətənim üçün bunu etdim, onu etdim”. Sonra da soruşurlar: “Vətən mənim üçün nə etdi?”

Vətən bizim anamızdır. Biz anamızdan heç nə gözləmirik. Ana bizim üçün nə edibsə, onu geri qaytarmaq mümkün deyil. Elə buna görə də vətən deyirik. Biz hər zaman vətənə borcluyuq. Vətənin isə bizə heç bir borcu yoxdur. Ona görə də mən heç vaxt heç nə istəmirəm. Yetər ki, vətənimiz yaşasın, bayrağımız daim dalğalansın, dövlətimiz möhkəm olsun. Mənim üçün bundan artıq heç nə lazım deyil. Mən bir vətəndaşam ki, öz üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışıram, əlimdən gələn hər şeyi etməyə çalışıram. Bir çox işlərə imza atmışam. Dövlət tərəfindən azad vətəndaş olaraq təyin olunmuşam. Xidmətlərimə görə Prezident Mükafatına layiq görülmüşəm. 2008-ci ildə Tovuzda xidmət edərkən düşmən postunu ələ keçirdik. Bu xidmətlərimə görə Prezident Mükafatı ilə təltif olundum. Bundan əlavə, bir çox yüksək vəzifələrə təyin olundum. Bunlar mənim üçün çox əhəmiyyətlidir. Mən həqiqəti deyirəm. Mənim üçün bu gün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın geri qayıtması ən önəmli məsələdir. Hətta əgər mən siravi bir vətəndaş olmasaydım belə, bu, mənim üçün ən vacib məsələ olardı. Mən həmişə gənclərimizə vətənlərini sevməyi, vətənlərini qorumağı təlqin edərdim. Çünki biz 30 il ərzində evlərimizi, kəndlərimizi, bölgələrimizi itirdik. O itkini hiss etmək, yaşamaq çox ağır idi və biz çəkdiyimiz əzablar hələ də yaddaşımda qalır. Bizim düşmənimiz Xocalı soyqırımı, Qaradağlı soyqırımı… Bunlar hamısı mənim yaddaşımda, xalqımın yaddaşında əbədi qalacaq... Vətəni qorumaq üçün mütləq yaxşı təhsil və tərbiyə almaq lazımdır. Bu olmasa, işimiz çətin olacaq. Allah Vətənimizi və millətimizi qorusun.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.