Neftçalada kəlağayı günləri

 

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi,  Mirvarid Dilbazi Poeziya Məclisi İB və  Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə   

 11 dekabr 2025- ci il tarixində "Konstitusiya və  Suverenlik ili" çərçivəsində 

"Kəlağayı Günləri  2025" adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, tədbirdən öncə "Kəlağayı Ev Muzeyi" nin qədimi və müasir kəlağayılarından, milli papaqlardan, kəlağayı haqqında kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbirin mahiyyəti haqqında danışıb. Qeyd edib ki, qadınlarımızın simvolu olan kəlağayımızı  geniş təbliğ etməkdə məqsədimiz bu müqəddəs örpəyin əzəlki şan- şöhrətini özünə qaytarmaq, beynəlxalq səviyyədə tanıtmaqdır. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilub. Dövlət himnimiz səsləndirilib.

Söz Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayevaya verilib. O, qeyd edib ki, milli dəyərlərimizin təbliği çox vacibdir. Milli dəyərlərimizin bir parçası olun kəlağayımızın geniş təbliği onun istifadəsinə, istehsalına geniş yollar açır. Mirvarid Dilbazi Poeziya Məclisi və Kəlağayı Ev Muzeyinin gördüyü işlər nəticəsini verir. Bu gün də Neftçalada milli bayramdı sanki. Milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq milli borcumuzdu.

Tədbirdə şəhid Elşən Xankişiyevin anası Aidə Xankişiyeva, şəhid Mir Möhsün Əhmədovun anası Arzu Əliyeva, şəhid Rəfael Fətullayevin anası Fəxriyyə Fətullayeva, şəhid Məhəmməd Kərimlinin anası Gülşən Kərimova çıxış ediblər, milli dəyərlərimizdən, kəlağayı haqqında xatirələrini söyləyiblər.

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərindən ibarət olan "Vətən oğulsuz olmasın" kitabı şəhid analarına təqdim olunub.

 

"Sazın,sözün butası" təşkilatının sədri, Gürcüstanın "Şərəf" ordenli şairi, Aşıq Pəri Məclisinin qurucularından olan Səadət Buta  çıxışında söyləyib:

-Kəlağayı ulu nənələrimizin ismət örpəyi,  anaların sədaqət, məhəbbət örpəyi, qız-  gəlinlərin qismət örpəyi, qan- qada yetirən qeyrət örpəyidi. 26 noyabr "Kəlağayı Günü" nün bayram kimi qeyd edilməsinin təşəbbüs göstərən və hər il yüksək səviyyədə "Kəlağayı Bayramı" nı qeyd edən, geniş təbliğ edən, bu yolda fədakarlıq göstərən Güllü Eldar Tomarlıdl. Diyar- diyar gəzir, kəlağayı haqqında  festivallar, bayramlar, sərgilər keçirir, təşkilatın sayəsində 10 - a qədər kəlağayı haqqında kitab işıq üzü görüb, 300 -ə qədər. kəlağayı haqqında şeirlər yazılıb. Bu gün də Neftçalada qeyd olunması ürəyimcə oldu. Çünki, bura mənə doğmadı. Bu rayonda çox olmuşam, vəfalı dostum- Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucusu, şair, mədəniyyətimiz yolunda fədakarlıq göstərən  Narınc Xatunun yurdudu bu yurd. Məzarını ziyarət etdik bu gün, duyğulu anlar yaşadım. Ruhu şad olsun. Qürur duyuram ki, milli dəyərlərimiz bizi birləşdirir.

 

Sonra  İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, AYB- nin üzvü Etibar Əbilov, "Gündoğan" qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, şairlərdən- Brilyant Atəş, Fərhad Əzizbəyli, Hənifə Şəbnəm, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şokət Əliyeva kəlağayı haqqında maraqlı çıxışları ilə alqışlarla qarşılanıb.

Müğənni Yusifova şən nəğmələr ilə tamaşaçılara xoş ovqat bəxş edib. 

Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı", Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı", Brilyant Atəşin  "Keçmişdən sabaha yol kəlağayı" kitabları  təqdim olunub.

Sonda Güllü Eldar Tomarlı Neftçala Rayon İcra Hakimiyyətinə, aidiyyatı olan dövlət qurumlarına, tədbirə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonda xatirə şəkili çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.